MÜRSƏLAT SURƏSİ

MƏKKƏ DÖVRÜ

Nəcm: 55

1–7Qrup şəklində/nəcm-nəcm göndərilərək, önünə gələnləri alt-üst edən, cəmiyyətləri canlandırdıqca canlandıran, canlandırdıqca da haqqı və batili ayıran, üzrxahlıq və ya xəbərdarlıq olaraq öyüd verən Quran ayələri sübutdur ki, qətiyyətlə təhdid olunduğunuz, qorxudulduğunuz şey, mütləq baş verəcəkdir[1].

8Bax o ulduzların silindiyi/ləğv edildiyi/uzaqlaşdırıldığı zaman, 9göy aralandığı zaman, 10dağlar sovrulduğu zaman, 11–13şahidlik edəcək elçilər, şahidlik üçün gözlədildikləri “Ayırdetmə günü”/şahidlik vaxtı müəyyən olunduğu zaman, 14“Ayırdetmə günü”nün nə olduğunu sənə nə bildirdi? 15O gün, yalan sayanların vay halına!

16Biz öncəkiləri dəyişikliyə/dağıntıya məruz qoymadıqmı?

17Sonra geridə qalanları da onların arxasına qoşarıq. 18Biz günahkarlara, bax, belə edərik. 19O gün yalan sayanların vay halına!

20Biz sizi dəyərsiz bir sudan yaratmadıqmı?

21,22Sonra onu müəyyən bir ölçüyə/vaxta qədər sağlam bir yerin içində tutduq. 23Deməli, Bizim gücümüz çatdı. Nə gözəl güc çatdıranlarıq Biz. 24O gün, yalan sayanların vay halına!

25,26Yer üzünü dirilərə və ölülərə bir toplanma/saxlanma yeri etmədikmi?

27Orada əzəmətli, yüksək dağlar yaratdıq və sizə şirin sular içirdik. 28O gün, yalan sayanların vay halına!

29Özünü yalan saymaqda olduğunuz o şeyə doğru gedin! 30,31O üç qollu-budaqlı, kölgələndirməyən və alovdan qorumayan bir kölgəyə doğru gedin!

32Həqiqətən o, saray kimi qığılcımlar atar/yağdırar, 33sanki qığılcımlar sarı erkək dəvələr kimidir. 34O gün, yalan sayanların vay halına!

35Bu, onların danışmayacaqları gündür. 36Özlərinə izin də verilməz ki, üzr istəsinlər. 37O gün, yalan sayanların vay halına!

38Bu, sizi və öncəkiləri topladığımız Ayırma Günüdür. 39Haydı, bir məkrli planınız varsa, dərhal Mənə bu hiyləgər planı tətbiq edin! 40O gün, yalan sayanların vay halına!

41,42Şübhəsiz, Allahın qoruması altına girənlər kölgələr, bulaqlar və canlarının istədiyi meyvələr içindədirlər. 43“Etmiş olduğunuz işlərə qarşılıq nuşcanlıqla yeyin, için!” 44Bax budur, Biz gözəl davrananları belə qarşılıqlandırırıq. 45O gün, yalan sayanların vay halına!

46Yeyin, faydalanın bir az, şübhəsiz, siz günahkarlarsınız. 47O gün, yalan sayanların vay halına! 48Onlara: “Allaha ortaq qoşmaqdan uzaq durun” – deyildiyi zaman, ortaq qoşmaqdan uzaq durmazlar. 49O gün, yalan sayanların vay halına!

50Artıq Qurandan sonra hansı sözə inanacaqlar?

(33/77, Mürsəlat/1–50)

 

[1]Ayələrdəki sözlərin “doğru” mənaları, “Cəm halında [yığın-yığın, koma-koma, dəstə-dəstə] göndərilmişlərə, beləliklə də, büküb çevirənlərə – canlandırdıqca, canlandıranlara da, beləliklə, ayırdıqca ayıranlara və istər üzr, istərsə də xəbərdarlıq olmaqla, bir öyüd buraxanlara and olsun ki, qətiliklə təhdid olunduğunuz şey əlbəttə meydana gələcəkdir!” – şəklindədir. Biz tərcümədə məcazi mənaları ilə verdik.