S.S. Dünyamalıyeva 07.11.1955-ci ildə Naxçıvan MR, Şərur rayonu, Qarabağlar kəndində anadan olmuşdur (indiki Kəngərli rayonu).

S.S. Dünyamalıyeva 1974-cü ildə Naxçıvan şəhər 32 №-li TPM-də «Qadın və uşaq yüngül üst geyimlərinin konstruksiya və texnologiyası» ixtisası üzrə tam kursu fərqlənmə ilə bitirərək həmin ildə Azərbaycan Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsinə daxil olmuşdur.

S. Dünyamalıyeva 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsini bitirərək əmək fəaliyyətinə başlamışdır. 1983-cü ildən BDU-nun tətbiqi riyaziyyat fakültəsinin aspirantı olmuşdur. 1992-ci ildə namizədlik dissertasiyası müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır.

O, 1990-cı ildən Bakı Qızlar Kollecinin, 1993-cü ildən Azərbaycan Ali Tətbiqi Elmlər Kollecinin rektoru vəzifəsində işləmiş ( VİDEO ) və bununla yanaşı BDU-da saathesabı qaydada ixtisas kursları aparmışdır.

1994–cü ildə BDU-da səmərəli elmi və pedaqoji fəaliyyətinə görə yubiley medalı ilə təltif edilmişdir.

1995–ci ildən AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun doktorantı olmuşdur.

1997–2000–ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sənətşünaslıq kafedrasında saathesabı müəllim vəzifəsində çalışmışdır.

Sabirə Səfi qızı Dünyamalıyeva hal–hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professorudur. 2001–ci ildən başlayaraq Sənətşünaslıq kafedrası üzrə bakalavr və maqistr kurslarında “Geyim tarixi”, “Maddi mədəniyyət, geyim və məişət tarixi”, “Maddi mədəniyyət və geyim tarixi”, “İncəsənət əsərlərinin material və bərpa metodları”, “Təsviri sənət əsərlərinin material və texnologiyası”, “İxtisas üzrə incəsənət tarixi”, “Ornament tarixi” fənlərini, Memarlıq kafedrası üzrə “Memarlıq və incəsənət tarixi”, “Memarlıq və incəsənətin sintezi”, “Memarlıq abidələrinin tipologiyası”, “Kompüter modelləşməsi” “Ali riyaziyyat”, “İnformatika”, “Elmdə və təhsildə kompüter texnologiyası”, “Kompüter qrafikası” fənlərini, Azərbaycan Turizm İnstitutunda isə “Kulturologiya”, “Dinşünaslıq”, “İncəsənət tarixi”, “Azərbaycan təsviri sənəti”, “Azərbaycan incəsənət tarixi”, “Maddi mədəniyyət abidələrinin restitusiyasının hüquqi əsasları”, Bakı Xoreoqrafiya Akademiyasında “Geyim tarixi”, “Ornament tarixi”  və s. fənləri tədris etmişdir. “Geyim dizaynı” və “Teatr – kino rəssamı” ixtisasları üzrə “Geyim tarixi” fənni üçün xüsusi tədris metodikası və dərsliyi hazırlayaraq yeni texnologiyanın yardımı ilə tədris etmişdir.

Sabirə S. Dünyamalıyeva 1992–ci ildən fizika–riyaziyyat elmləri namizədi, 2011–ci ildən Sənətşünaslıq doktorudur.

1997–ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Respublikada və xaricdə nəşr olunmuş 70–dən çox elmi məqalə və metodik vəsaitin, o cümlədən dərslik və monoqrafiyanın, Azərbaycanın tarixi geyimlərinə həsr olunmuş 70-dən çox sərginin, Respublikadan kənarda – Amerika (Nyu–York şəhəri, Texas, Kanada), İngiltərə (London, Esseks), Ukrayna, Hindistan, Rusiya, Türkiyə, Qazaxstan, Gürcüstan və digər ölkələrdə həmin mövzuda təqdim olunmuş onlarla stendin və fərdi sərginin müəllifidir. «Azərbaycanın tarixi geyimlərindən istifadə etməklə hazırlanmış müasir geyimlər» silsiləsindən özünün və rəhbərlik etdiyi tələbələrin hazırladığı modellər festival və moda nümayişlərində uğurla nümayiş olunaraq fəxri mükafatlara layiq görülmüşlər. ( VİDEO )   Milli geyimlərdən ibarət olan kolleksiyanın ayrı-ayrı elementləri müxtəlif müəlliflər tərəfindən  müasir geyimlərdə uğurla istifadə olunmuşdur (Natella Osmanlı).

Dünyamalıyeva S. S. Akademiyanın elmi və ictimai həyatında, o cümlədən, laboratoriya və kitabxananın tərtibi və zənginləşməsində yaxından iştirak etmiş, ADRA elmi şurasının və ADRA bədii şurasının üzvü olmuşdur.

Ailəlidir, iki oğlu var – Quluzadə Məhəmməd Fəxrəddin oğlu, Quluzadə Fəxrim Fəxrəddin oğlu;