BÜRCLƏR SURƏSİNİN TƏBYİNİ

Bürclər surəsi Məkkədə nazil olmuş 27–ci surədir. Surə adını birinci ayədəki “البروج əl–büruc  [ulduz dəstələri]” sözündən alır. Surə enən dövrdə Möminlər ən sıxıntılı dövrlərini yaşayırdılar. Məkkəli müşriklər dinlərindən dönmələri üçün Müsəlmanlara zülm edir, hər cür əziyyət verir, hətta onları şəhid edirdilər. Möminlər üçün böyük bir dəstək və təsəlli olan Bürclər surəsində Rəbbimiz, müşriklərə artıq dərəcədə təhdidlər yönəldir.

Bölmə 47

  • 1–3Quran ayələrini öyrənmiş yaxşı hesab bilənləri, ölüm anını, dəyişikliyə, yıxıma uğ­radılan cəmiyyətlərin qalıqlarını və bunları müşahidə edənləri sübut göstəri­rəm ki,
  • 12Rəbbinin qıs–qıvraq yaxalaması həqiqətən çox şiddətlidir. 13Tam yəqinliklə bi­lin ki, ilk yaradan, sonra öldürüb, yenidən yaradan yalnızca Odur. 14Və O, çox bağışlayandır, çox sevəndir, 15ən böyük taxtın sahibidir, ikramı çox olandır, 16Di­lə­di­yini ən üstün dərəcədə edəndir.

                                                                                                                (Bürclər/1–3, 12–16)

Bölmə 48

  • 17,18O orduların–Firon və Səmudun xəbəri sənə gəldimi? Əlbəttə ki, gəldi!
  • 4,5Uhdudun–şiddətli tutuşdurulmuş atəşin əshabı öldürüldü. 6O zaman ki, onlar, onun üzərində oturmuşdular. 7Və inananların başlarına gətirdiklərinə şahid idilər. 8,9Mö­minləri cəzalandırmaqlarının səbəbi də, onların yalnız çox güclü, tərifə layiq, göy­lərin və yerin hökmranlığı Özünün olan və hər şeyə şahid olan Allaha inanma­la­rın­dan başqa bir şey deyildi.

                                                                                                            (Bürclər/17–18, 4–9)

Bölmə 49

  • 10Şübhəsiz ki, inanan erkəklərə və qadınlara atəşlərdə işgəncə edib, sonra da tövbə et­mə­yən­lər üçün cəhənnəm əzabı vardır, yanğın əzabı da onlar üçündür. 11Tam yə­qinliklə bi­lin ki, inanan və düzəltmək yönündə işlər edənlər üçün altından bulaqlar axan cən­nətlər vardır. Bax elə bu, böyük qurtuluşdur.
  • 19Fəqət, o kafirlər–Allahın ilahlığını və rəbbliyini bilərək rədd edən o kimsələr hələ də bir ya­lan say­ma içindədirlər. 20Halbuki Allah onları arxalarından əhatə edəndir. 21,22Əksinə o, qorunmuş löv­hədə şərəfli bir Qurandır.                          (Bürclər/10–11, 19–22)

Surə ilə Əlaqədar Xüsusi Bir İzah

Ayələrin təhlilinə başlamazdan öncə, çox önəmli hesab etdiyimiz bir təsbiti açıqlamaq və bu təsbit barəsindəki görüşlərimizi bildirmək istəyirik.

Hər kəsin bildiyi və qəbul etdiyi kimi, surənin ilk üç ayəsi anddır.  Ancaq bu üç ayənin nəyin andı/sübutu olduğu 12–ci ayəyə qədər anlaşıla bilmir. Çünki anda cavab olan cümlə ancaq 12–ci ayədə qarşımıza çıxır. Bu hal Ərəb dilçilik qaydalarına zidd olduğu kimi, surənin doğru anlaşılmasını da çətinləşdirir. Buna görə də, fikrimizcə, ilk üç ayədəki andın cavab cümləsi surənin 12–ci ayəsi olmalıdır. Bu fikrə gəlməyimizin əsas qaynağı Ərəb dilinin dilçilik qaydalarıdır. Bu qaydalar Qələm surəsinin təhlilində “And Cümləsi” başlığı altında verilmişdir.

Surənin ilk üç ayəsində and içilən “bürclər sahibi səma, vəd edilmiş gün, şahid və şahidlik edilən” olmaqla üç şey, 12–ci ayədə irəli sürülən “Allahın qısqıvraq yaxalayacağı” şəklindəki ilahi təhdidin sübutları olmalıdır. Beləliklə, Rəbbimiz tərəfindən içilən andlarla, daha sonra yenə Onun tərəfindən xəbər verilən təhdid, iki tərəfdən tam bir and cümləsi əmələ gətirir. Belə ki, əlimizdəki klassik Rəsmi Düzülüşə baxdığımızda, and cümləsi 1–3–cü ayələrin əmələ gətirdiyi “and bölümü” ilə 12–ci ayədən ibarət olan “cavab bölümü”ndən ibarət olmalı idi. Lakin bu cümlənin içinə 4–11–ci ayələrin də girdiyi görünür. Bu o deməkdir ki, bir cümlənin içinə o cümlənin öz elementlərindən olmayan başqa sözlər də girmişdir. Bu isə ismarıcın doğru anlaşılmasını çətinləşdirən bir haldır. Belə ki, bir cümlənin içinə başqa bir cümləyə aid olan hər hansı bir sözün, paraqrafın və ya bölmənin girməsi halında, hər iki cümlə də cümlə olmaqdan çıxar, anlaşılmaz söz yığını olar.

Amma təəssüf ki, surələr düzülərkən, ya da Rəsmi Düzülüş tərtib edilərkən, bu qaydaya səhabə tərəfindən diqqət edilməmişdir. Bu cür örnəkləri, daha öncə, Fəcr surəsində görmüşdük, irəlidə də Kaf, Nəziət, Sad və bir çox surədə də görəcəyik. Bu cür tətbiqin Allah və peyğəmbərimiz tərəfindən edilmiş olması mümkün deyildir, ola bilsin ki, səhabə tərəfindən Rəsmi Düzülüşün tərtibi sırasında edilmiş bir diqqətsizliklə əlaqədardır.

Bürclər surəsinin əlimizdəki tərtibi üzərində çalışan və izahlar edən qədim təfsirçilər, 4–cü ayəni anda cavab edə bilmək üçün bir sıra yollara müraciət etmişlər. Bəziləri təqdir edərək, ayənin içinə “لقد ləqad” sözünü əlavə etmişlər, bəziləri də andın cavabını mahfuz [gizlənmiş] sayıb, anda “mütləq qiyamət qopacaqdır” mənasında bir cavab təqdir etmişlər. Günümüzdə də buna bənzər yaxınlaşmaları mənimsəyən bir çox tərcümə və təfsirə rast gəlmək olur.

Əslində isə 12–ci ayə, texniki quruluşunu yuxarıda qeyd etdiyimiz and cümləsinin “anda cavab” bölümünü əmələ gətirir və buna görə də surədə ilk üç ayədən ibarət olan “and bölümü”ndən dərhal sonra yerləşməlidir. İstər dilçilik qaydalarına, istərsə də surədəki söz axışına uyğun olan bu durumun Ərəb dilini və Quran elmlərini bilənlər tərəfindən rədd edilməsi mümkün deyildir.

Bizə görə, and cümləsinin texniki özəllikləri və surənin bütünündəki söz axışı diqqətə alınaraq, Bürclər surəsi yuxarıdakı tərtib üzərinə oxunub anlaşılmalıdır.

TƏHLİL

1–3Quran ayələrini öyrənmiş yaxşı hesab bilənləri, ölüm anını, dəyişikliyə, yıxıma uğ­radılan cəmiyyətlərin qalıqlarını və bunları müşahidə edənləri sübut göstərirəm ki,

Ayədəki sözlərlərin “həqiqi” mənalarına görə ayə qrupunun mənası, “Bürclər sahibi göy üzünə, söz verilmiş o günə, şahidlik edənə və şahidlik edilənə and olsun ki, Rəbbinin qısqıvraq yaxalaması gerçəkdən çox şiddətlidir” şəklindədir. Biz Tərcüməni, məcazi mənaya görə təqdim etdik.

And cümləsinin “and bölümü”nü əmələ gətirən bu ayələrdəki hər söz, istər həqiqi, istərsə də məcaz mənaları etibariylə mütəşabih olub, birdən artıq məna ifadə edirlər:

Səma

“السّماء   Səma” sözündən sadəcə dilimizdəki qarşılığı olan “göy üzü”nü anlarsaq, sözün işlədildiyi cümlələri anlamaqda olduqca çətinlik çəkərik. Çünki “səma” sözünün ifadə etdiyi daha bir çox məna mövcuddur.

Bu mənalar aşağıdakılardır:

“Səma” sözü, “yüksəklik, ucalıq” mənasındakı “السّموّ əs–sümüvv” sözünün törəmələrindəndir. Hər yüksək və uca şeyə “əs–səma” deyilir. Göy üzünə ona görə səma deyilir ki, o, yer üzündən yuxarıdadır. Hər bir şeyin üstünə və üstününə də səma deyilir. Məsələn, hesaba [riyaziyyata] da səma deyilir. Çünki riyaziyyat üstün bir elmdir. Hər hansı bir şeyin üst qisminə da səma deyilir. Ayaqqabının üstü də, evin tavanı da bir səmadır. Hətta buludlara və yağışa da səma deyilmişdir. “Əs–səma”nın feli olan “səma” feli, “حسيب   hasib [incə hesab bilən, muhasib]” və “شريف   şərif [qürurlu, ərdəmli]” kəslərin işləri üçün işlədilir. Bu o deməkdir ki, yaxşı hesab [riyaziyyat] bilən kimsələr də “səma ”dır.” [1]

Bürclər

“البروج   Bürclər” sözü, “البرج   bürc” sözünün cəmidir. “Bürc” sözü, “müəyyən  bir şəkil və surətə bənzəyən sabit ulduz dəstəsi, tək qəsrli qala, qala divarlarının üstündə düzəldilmiş çıxıntı, yüksək köşk, malikanə və Dünyanın Günəş ətrafındakı bir dövrünün on iki bölməsindən hər birini təmsil edən Qoç, Dolça, Əqrəb bürclərı kimi göy üzü dayanacaqları” mənasında işlədilir.

“Bürc” sözünün “ulduz dəstəsi” mənasına gəldiyini nəzərə alaraq, “nəcm” sözünə bənzər bir şəkildə “hər bir dəfədə enmiş Quran ayələri” olaraq da mənalandırıla bilər. Bu halda “البروج   bürclər [bürclər]” sözünü də məcazi olaraq “Quran nəcmlərindən təşkil olunmuş dəstələr”, ya da “Quran ayələrindən təşkil olunmuş yığınlar” şəklində anlamaq mümkündür.

“Bürclər” sözünün qarşılığı olaraq “ayə yığınları”, “səma” sözünün qarşılığı olaraq da “yaxşı hesab [riyaziyyat] bilənlər” mənası əsas götürüldüyündə 1–ci ayəni aşağıdakı kimi anlamaq olur:

Quran ayələrini öyrənmiş riyaziyyat alimləri şahiddir ki,

Bu şəkildəki bir ifadələndirməyə görə, 1–ci ayədə içilən andla, yaxşı hesab bilən elm adamlarının kainatın quruluşunu və fəaliyyətini təsbit edərək, kainatin sonunun [qiyamətin] mütləq gerçəkləşəcəyini elmi olaraq isbat edəcəkləri və bu məlumatı da açıqlayacaqları sübut göstərilmiş olur. Həqiqətən də, son dövrlərdə (01.08.2002 tarixində www.elmveteknoloji.com linkində) yayınlanmış aşağıdakı məlumatlar, ayənin yuxarıdakı şəkildə mənalandırılmasını təsdiq edir:

“Nəhəng ölçüdə və ağlasığmaz qarışıqlığa sahib olan bu möhtəşəm kainat hər şey kimi bir gün sona çatacaqdır. Bu sonun necə olacağı sualı, kainatın qapalımı, yoxsa açıqmı olduğu sualının cavabına bağlıdır. … Bu an nəzəriyyəçi fiziklər kainatın qapalı, ya da açıq olması ilə əlaqədar qəti bir mühakiməyə sahib deyillər. Kainat istər açıq olsun, istər qapalı, üzərindəki bu möhtəşəm nizam (tarazlıq) əvvəl–axır pozulacaq və maddə bir şəkildə yox olacaqdır.

Əgər kainat qapalıdırsa, genişlənməsi bir gün duracaq və Big Bangin tərsi bir şəkildə, kütlə cazibəsinin təsiri altında qalan kainat zamanla kiçiləcək, isinəcək və nəticədə sonsuz sıxlıq və sıfır həcmə çataraq yox olacaqdır. Qəti bir tapıntı olmamasına rəğmən, elm adamlarının çoxu kainatin sonunu bu şəkildə izah edir. Əgər kainat açıqdırsa, üzərinə çökmə olmayacaq, lakin keçən zamanla birlikdə genişlənən kainat soyuyacaq və üzərindəki maddəni əmələ gətirən bütün enerji sərf edilərək, yox olacaqdır. Bu ikinci yox olma ssenariyasına görə, il sonra kainatdakı bütün ulduzların yanacağı tükənəcək və bu enerji tükənməsi ilə soyuyan kainat təxminən il sonra tamamilə dəmirə çevrilərək, var olan bütün enerjisini tükədəcək. Hələlik kainatin sonu haqqında ancaq bu iki haldan birinin gerçəkləşə biləcəyi ehtimal edilir.…”

Vəd Edilən Gün

2–ci ayədə keçən “vəd edilmiş gün” ifadəsi, klassik qaynaqlarda və onların davamçılarının əsərlərində “axirət günü” olaraq dəyərləndirilmişdir. Biz bu dəyərləndirmənin yanlış olduğu qənaətindəyik. Çünki ayədə “vəd edilən gün”ə and içilmişdir. Əvvəlki bölmələrdə də ifadə etmişdik ki, and içmək, bir obyekti sübut göstərməkdir.

Bu halda, sübut göstərilən şey mütləq əllə tutulan, gözlə görülən, müxatib tərəfindən dərk edilə bilən konkret bir şey olmalıdır. Dolayısıyla konkret olmayan, gələcəyə, ya da qeybə aid, mücərrəd bir şeyin sübut göstərilməsi ağla uyğun deyildir.

Bizə görə “vəd edilmiş gün” ölüm günüdür, ölüm anıdır. Bu ölüm həm adamın fərdi ölümünü, həm də qiyamətin birinci mərhələsindəki kütləvi ölümü əhatə edir.

Çünki Quran vəd edilmiş gündə hər kəsin mütləq öldürüləcəyini və yenə o gün hər kəsin mütləq imana gələcəyini bildirir:

  • 90–92Və İsrailoğullarını bol sudan–çaydan keçirdik. Amma Firon və əsgərləri az­gın­lıq və düşmənliklə onları dərhal izlədi. Sonunda boğulma ona yetişincə, “Həqi­qə­tən, İsrailoğullarının inandığı Tanrıdan başqa tanrı olmadığına Mən də inan­dım, Mən də təslim olanlardanam” dedi. –İndimi? Halbuki daha əvvəl üsyan etmişdin və həm də pozğunçulardan olmuşdun. Artıq Biz səndən sonra gələcəklərə ibrət olasan de­yə, bu gün səni zirehinlə birlıkdə qurtaracağıq.– və şübhəsiz, insanlardan bir çoxu tam yəqinliklə bilin ki, Bizim ayələrimizə–əlamətlərimizə–nümunələrimizə qarşı laqeyd–etinasızdırlar.                                                                                    (Yunis/90–92)
  • 29Və onlar, “Əgər siz doğrulardansınızsa, bu vəd etdiyiniz nə zaman?” deyərlər.
  • 30De ki: “Sizə günün müəyyən edilmiş bir zamanı vardır ki, ondan nə bir saat geri qala bilərsiniz, nə də irəli keçə bilərsiniz.”                                                          (Səba/29, 30)
  • 9Əksinə onlar, yetərsiz bilik içində oynayıb dururlar.
  • 10,11İndi sən, göyün, açıq–aşkar bir qıtlıq gətirəcəyi günü gözlə. O qıtlıq insanları tamamilə bürüyər. Bu, əziyyət verən bir əzabdır.
  • 12Rəbbimiz! Bizdən əzabı qaldır. Şübhəsiz biz artıq qətiyyətlə inananlarıq.
  • 13,14Hardadır onlarda öyüd almaq? Halbuki, özlərinə açıqlayıcı bir elçi gəlmişdi. Sonra ondan üz çevirdilər və “Öyrədilmiş bir dəli/gizli güclərlə dəstəklənən biri!” dedilər.
  • 15Şübhəsiz Biz əzabı bir azacıq qaldırırıq, siz qətiliklə dönənlərsiniz.
  • 16Ən böyük bir yaxalayışla yaxalayacağımız gün, şübhəsiz Biz, günahkarı yaxalayıb cəza verərək ədaləti qoruyanlarıq. (Duhan/9–16)

Siyər və Məğazi kitablarına görə, Cənab-i peyğəmbərimizin peyğəmbərliyinin ilk illərində Məkkə ciddi bir qıtlıq dövrü keçirmişdir. Qıtlığın yüksək həddə çatdığı günlərdə Əbu Süfyan Rəsulullahın yanına gəlmiş və əqrabalıq xətrini ortaya qoyaraq Ondan, qıtlıq bəlasını qaldırması üçün, Allaha dua etməsini istəmiş və Allahın o bəlanı üzərlərindən qaldırması halında Peyğəmbərimizə iman edəcəklərini vəd etmişdir. Belə ki, Allah onlardan qıtlığı qaldırmış, lakin müşriklər sözlərində durmayaraq şirklərinə davam etmişlər.

  • 19Ölümün sərxoşluğu həqiqətən gerçək ilə gəlmişdir de: –“Ey insan! Bax budur, bu, sənin qaçıb çatdığın şeydir.”
  • 20Və Sur da üflənmişdir. –“Bax budur, bu, qorxudulan gündür.” 21Və hər kəs, özüylə bərabər bir sürüyəni və bir şahid olaraq gəldi.               (Qaf/19, 20)
  • 83Sən dərhal burax onları, özlərinə söz verilən günlərinə qovuşuncaya qədər boşa uğraşsınlar və oynayıb dursunlar.                                                           (Zühruf/83)
  • 7–10 Budur, göz şimşək kimi çaxdığı, ay tutulduğu, günəş və ay bir araya gətirildiyi za­man, Bax həmin o gün insan, “Qaçış haraya–qaçacaq yer haradır?” deyər.
  • 11Əsla onun düşündüyü kimi deyil! Sığınacaq deyə bir şey yoxdur. 12O gün çatıb da­yan­maq sadəcə Rəbbinədir– o gün dayanıb durulacaq yer, sadəcə Rəbbinin hü­zu­ru­dur.
  • 13O gün, o insan, öncədən yolladığı şeylər və geridə buraxdığı şeylər barədə xəbərdar edilir.                                                                                     (Qiyamət/7–13)
  • 26–30Əsla onların düşündüyü kimi deyil! Körpücük sümüklərinə dayandığı, “Çarə tapan kimdir!” deyildiyi və can çəkişən adam bunun o ayrılıq anı olduğunu anladığı və ayağı ayağına dolaşdığı zaman–bax budur, o gün sürüyüb aparılmaq sadəcə Rəbbinədir.

                                                                                                                         (Qiyamət/26–30)

Şahidlik Edən və Şahidlik Edilən

Bu ayə ilə əlaqədar olaraq, bir xeyli rəvayət uydurulmuşdur. Rəvayət təfsirçiləri də bu istinadsız fikirlərə istinad edərək, cümlənin and cümləsi olduğunu heç diqqətə almadan, “Şahidlik edən” və “Şahidlik edilən”in nə olduğu haqqında məntiqsiz fikirlər irəli sürmüşlər. Bu fikirlər alt–alta yazıldığında, qarşımıza aşağıdakı kimi bir görüntü çıxır:

Şahidlik edən : Şahidlik edilən :
Cümə günü, Ərəfə günüdür.
Bazar ertəsi günü, Cüma günüdür.
Həcər–ül əsvəd, Həcc edənlərdir.
Qurban bayramının 1–ci günü, Ərəfə günüdür
Tevriyə günü, Ərəfə günüdür
Allah, Qiyamətdir.
Peyğəmbər, Ümmətdir.
Peyğəmbərlər, Ümmətlərdir.
 Peyğəmbərlər, Peyğəmbərimizdir
Ümmət–i Muhamməd, Diğər ümmətlərdir
İsa peyğəmbər, [bildirilməmişdir]
İnsan, [bildirilməmişdir]
İnsanın orqanları, [bildirilməmişdir]
Hafizə mələkləri, [bildirilməmişdir]
 Mallar, İnsanlardır.
Yaradılmışlar, İnsanlardır.[2]

 

Əslində isə “Şahidlik edən və Şahidlik edilən” cümləsi tam qətiliklə and [sübut] olaraq açıqlanmalıdır. Yəni ayədəki Şahid və Şahidin şahid olduğu şeylər, Rəbbimizin qıs–qıvraq yaxalamasının sübutu və ya şahidi olmalıdır. Məsələn, Fil surəsində açıqlandığı kimi, bu surənin müxatibləri arasında Kəbəni yıxmaq istəyən Fil Əshabının Rəbbimiz tərəfindən necə qıs–qıvraq yaxalandığının və pərişan edildiyinin canlı Şahidlərinin mövcud olması, bu ayədəki şahidliyin bariz bir örnəyini təşkil edir.

Ayədəki “Şahidlik edən” və “Şahidlik edilən”i tapmaq işi Müsəlmanların öhdəsinədir.  Çünki Rəbbimiz bir çox ayədə əmr edir ki, yer üzündə gəzib dolaşın və qədim mədəniyyətlər haqqında məlumat əldə edin. Rəbbimiz belə bir əmr verməklə, istəyir ki, Onun inkarçıları necə qıs–qıvraq yaxaladığının sübutlarını tapaq və bu yaxalamadakı çətinliyə şahid olaraq, ağlımızı başımıza toplayaq.

Rəbbimizin keçmiş mədəniyyətləri araşdırmağımızı əmr edən bir çox ayəsindən bəziləri bunlardır:

  • 6Görmədilərmi ki, Biz, onlardan əvvəl yer üzündə sizə vermədiyimiz bütün im­kan­ları özlərinə verdiyimiz, göy üzünü üzərlərinə bərəkətlərlə göndərib altlarında bu­laqlar axıtdığımız necə nəsilləri dəyişikliyə–yıxıma uğratdıq. Biz onları, günah­la­rı səbəbi ilə dəyişikliyə–yıxıma uğratdıq və onların sonrasından başqa bir nəsil əmə­lə gətirdik.                             (Ənam/6)
  • 45Sonra necə şəhərlər də vardı ki, şərik qoşmaqla yanlış–öz zərərlərinə iş edərlərkən Biz, onları dəyişimə/yıxıma uğratdıq. Artıq damları çökmüş, divarları üzərinə yı­xıl­mış­dır–necə tərk edilmiş quyularla bomboş qalmış, kirəclə/betonla sağlamlaş­dı­rıl­mış saraylar!
  • 46Yaxşı, onlar, yer üzündə dolaşmadılarmı ki, özlərinin, ağıl edəcəkləri qəlbləri və eşidəcəkləri qulaqları olsun. Bax budur, şübhə yox ki, gözlər kor olmaz, fəqət, kökslərin içindəki qəlblər kor olur.                                               (Həcc/45, 46)
  • 9Onlar, yer üzündə gəzərək özlərindən öncəkilərin aqibətlərinin necə olduğuna baxmadılarmı? Onlar, özlərindən daha güclü idilər–yer üzünü qazıb alt–üst etmişdilər, onu bunların abad etdiklərindən daha çox abad etmişdilər. Elçiləri də onlara necə açıq dəlilləri gətirmişdilər. O halda Allah onlara haqsızlıq edəcək deyildi, fəqət, onlar şərik qoşaraq özlərinə haqsızlıq etməkdə idilər. (Rum/9)
  • 36Biz onlardan əvvəl özlərindən daha üstün gücə sahib necə nəsilləri dəyişikliyə, yıxıma uğratdıq. Elə ki, onlar dəlilləri dəlik–deşik edirdilər. Heç qaçıb qurtaracaq yer varmı?
  • 37Şübhəsiz ki, bunda ağlı, anlayışı, vicdanı olan və ya özü şahid olaraq qulaq verən kimsə üçün əlbəttə, öyüd vardır. (Qaf/36, 37)

Həmçinin Al–i İmran/137, Ənam/11, Yusif/109, Nəml/69, Ənkəbud/20, Rum/42, Fatir/44,   Muhəmməd/10, Nəhl/36, Zühruf/8, Mömin/21,82–ci ayələrə də baxmaq olar.

Bu ayələrdən anlaşılır ki, əgər yer üzündə gəzib dolaşar və bu günə qədər edilmiş arxeoloji qazıntılardan əldə edilən materiallar təhlil edilərsə, Rəbbimizin inkarçıları qıs–qıvraq yaxaladığına şahid və sübut olacaq neçə–neçə antik xarabalar görmək olar. Qədimdən yaşamış inkarçı toplumlara aid neçə qalıqlar, bu gün insanların gəzib, dolaşıb araşdırmaları və ilahi qaydanın necə işlədiyini görmələri üçün dünyanın hər bir guşəsində həvəskarlarını gözləyir.

4,5Uhdudun–şiddətli tutuşdurulmuş atəşin əshabı öldürüldü: 6O zaman ki, onlar, onun üzərində oturmuşdular. 7Və inananların başına gətirdiklərinə şahid idilər. 8,9Mö­minləri cəzalandırmalarının səbəbi də, onların yalnız çox güclü, tərifə layiq, göy­lərin və yerin hökmranlığı Özünün olan və hər şeyə şahid olan Allaha inanma­la­rın­dan başqa bir şey deyildi.

Əshab–i Uhdud

Quranın üslubundan anlaşılır ki, Məkkə xalqı Firon, Ad və Səmud qövmlərini bildikləri kimi, Uhdud xalqından da xəbərdar idilər. Əshab–i Uhdudun kimlər olduğu, nə zaman və harada yaşadıqları haqqında çox müxtəlif rəvayətlər vardır. Bu rəvayətlərin hər birinin də uzun bir hekayəsi vardır. Hansının doğru olmasının bəlli olmaması ilə yanaşı, bu rəvayətlərə görə əhvalat Yəmən, Nəcran, İraq, Şam, Həbəş, Məcusi və ya Yəhudi krallarından biri tərəfindən meydana gətirilmişdir. Əslində elə Quran da bu əhvalatı yer, zaman və faillərinin kim olduqlarını bildirmədən təqdim edir. Quranın anlatdığına görə, Allaha inanmayan kafir bir diyarın hökmdarı, Allaha inananları dinlərindən döndərmək və təkrar qədim azğın dinə yönəltmək üçün uzun və dərin xəndəklər, kanallar [uhdud] qazdıraraq içinə böyük atəşlər yandırmış və Allaha inanmaqda israr edənləri bu atəşin içinə atmışdır. Sadəcə Allaha inandıqları üçün cəzalandırılan insanların məruz qaldıqları bu vəhşət isə Allaha iman etməyən zalımlar tərəfindən seyr edilmişdir.

Orta Əsr qaynaqlarında Uhdud xalqı və yuxarıdakı ayələrdə açıqlanan əhvalatlar ilə əlaqədar çox müxtəlif məlumatlar yer alır. Bu məlumatlar arasında ən çox etibar edilənlər Razi, İbn–i Kəsir, İbn–i Cərir, İmam Əhməd, Müslim, Nəsai, Tirmizi, Abdürrəzzaq b. Əbi Şeybə, Təbərani, Abd b. Humeyd tərəfindən nəql edilənlərdir.

Maraqlananlar üçün bu nəqllərin özəti xüsusiyyətində olan bəzi bölmələri Mevdudinin Tefhimu’l–Quran adlı əsərindən eynilə təqdim edirik:

“1– Bir kral və bir sehirbaz vardı. Sehirbaz çox yaşlandığı üçün bir gün krala “Mənə bir gənc verin ki, onu yetişdirim” deyə ərz edib. Buna görə də kral da bir gəncə tapşırıq verərək onu sehirbazın yanına göndərib. Ancaq bu gənc, sehirbazın yanına gedərkən yolu üzərindəki bir rahibə [görünür Xristiyanlığa mənsub birinə] baş vurur.

Beləliklə gənc bu rahibdən feyz alaraq iman əhli oldu. Əlindən korlar və cüzamlılar şəfa tapmağa başladılar. Krala, bu gəncin dinindən döndüyü xəbər verilincə, kral çox öfkələndi. Öncə rahibi öldürdü, sonra da gənci öldürmək istədi.

Ancaq gəncə heç bir şey təsir etmirdi. Sonunda gənc adam krala belə söylədi:  “Əgər məni öldürmək istəyirsənsə, xalqı topla və mənə ox atarkən “Bu gəncin Rəbbinin adından” de. Mən ancaq o zaman ölərəm.” Kral da belə edərək, gənci öldürdü. Xalq bütün olanları gördükdən sonra, “Bu gəncin Rəbbinə iman etdik” dedilər.  Buna görə də kralın müşavirləri “Qorxduğumuz başımıza gəldi. Bu xalq bizim dinimizi buraxaraq o gəncin dinini qəbul etdi“ dedilər. Bu xəbəri eşidən kral olduqca əsəbləşdi və yolların kənarlarına xəndəklər qazdıraraq içində atəş yandırmalarını əmr etdi.

O gəncin Rəbbinə iman edənlərdən dönməyənləri atəşə atdırırdı. (İmam Əhməd, Müslim,  Nəsəi, Tirmizi, İbn Cərir, Abdurrəzzaq b. Əbi Şeybə, Təbərani, Abd b. Humeyd)

2– Hz. Əlidən [r.a] rəvayət olunduğuna görə, İran Kisrası, bir gün içkili olduğu üçün öz bacısı ilə zina etmiş və ikisi arasındakı əlaqə davam etmişdi. Bu xəbər xalq arasında yayılınca, Kisra “Tanrı bacılarla evlənməyi halal etdi” deyə elan etmiş, xalq da buna qarşı çıxınca əzab etməyə, hətta onları atəş dolu xəndəklərə ataraq, öldürməyə başladı. Hz. Əli, Məcusilərdə bacı ilə evlənmə adətinin o zamandan başladığını söylədi. (İbn Cərir)

3– İbn Abbas da buna bənzər bir əhvalatı [görünür İsrailiyyata istinad edərək] belə nəql etmişdir: “Babillilər İsrailoğullarını Hz. Musanın dinindən dönmələri üçün məcbur etdilər və dinlərindən dönməyənləri atəş dolu xəndəklərə atdılar.” (İbn Cərir, Abd b. Humeyd) [ 4]

Bu əhvalatlar içində ən məşhuru Nəcran Xristiyanlarının başına gələndir. Bunu İbn Hişam, Təbəri, İbn Haldun və Mucəmu’l–Buldanın sahibi ilə digər Müsəlman tarixçilər rəvayət etmişlər. Əhvalatın xülasəsi belədir:

Himyer [Yəmən] Kralı Tuban Əsəd Əbu Karib, bir dəfə Mədinəni ziyarət etdi. Orada Yəhudilərlə təmas quraraq dinini dəyişdirdi və Yəhudi oldu. Daha sonra [Yəhudilərin Mədinədəki qollarından biri olan] Bəni Kurayzadan iki Yəhudi alim alaraq Yəmənə gətirdi. Beləliklə orada Yəhudiliyi yaymaya başladılar. Daha sonra taxta oğlu Zunuvas keçdi. Zunuvas [Ərəbistanın cənubunda Xristiyanların ən qüvvətli mərkəzlərindən biri olan] Nəcranı ortadan qaldırmaq üçün hücum edərək, oranın xalqını Yəhudi olmaları üçün məcbur etməyə başladı. [İbn Hişam bunların Hz. İsanın gerçək dininə tabe olduqlarını söylər] Zunuvas Nəcranı ələ keçirdikdən sonra xalqı Yəhudiliyə dəvət edincə, xalq bu dəvəti rədd etdi.

O da bu səbəbdən bir çox adamı atəş dolu xəndəklərə ataraq, yandırdı və bir çoxunu da qətl etdi. Cəmi 20.000 adam öldürüldü. Nəcran əhalisindən bir şəxs, dost Zusalibana getməyi bacardı. Bir rəvayətə görə Rum Qeysərinə getdi, bir başqa rəvayətə görə isə Həbəşistan Kralı Nəcaşinin yanına gedərək bu zülmü ona anlatdı. Birinci rəvayətə görə Rum Qeysəri Həbəşistan kralına məktub yazdı.

İkinci rəvayətə görə isə Nəcaşi Rum Qeysərindən rica etdi ki, dəniz qüvvətləri göndərsin. Sonunda Həbəşistan, Uryat adlı bir komandirin əmri altında 20.000 əskəri Yəmənə göndərdi. Zunuvas öldürülərək Yəhudi hakimiyyəti ortadan qaldırıldı və Yəmən Həbəşistan sərhədlərinə daxil edildi.

İslam tarixçiləri bu əhvalatı sadəcə təsdiq etməklə qalmır, həmçinin geniş məlumat da verirlər. Yəmən ilkin Miladi tarixi ilə 340–cı ildə Xristiyanların əlinə keçdi və Miladi tarixi ilə 378–ci ilə qədər buradakı hakimiyyətləri davam etdi. O dövrdə Xristiyan missionerlər Yəmənə gəldilər. Bu dövrdə zahid, mücahid və iman sahibi bir Xristiyan səyyah olan Faymiyun Nəcrana gəldi və xalqa bütlərə tapınmaqdan vaz keçmələri üçün təbliğ etməyə başladı.

Bu təbliğ sayəsində Nəcran xalqı Xristiyanlığı qəbul etdi. Nəcranı üç adam idarə edirdi. Biri o qəbilənin başçılığını, xarici işlərini və hərbi işlərini idarə edən Seyyid, ikincisi daxili işlərini idarə edən Akib, üçüncüsü dini işləri idarə edən Papaz. Cənubi Ərəbistanda Nəcran önəmli bir strateji mövqeyə sahib idi. Eyni zamanda ticarət və sənaye mərkəzi idi. Süni ipək, dəri və silah sənətləri inkişaf etmişdi, həmçinin Yəmən cübbəsi də məşhur idi. Buradan da aydın olur ki, Zunuvas Nəcranı sadəcə dini narahatlıqlarla deyil, həmçinin siyasi və iqtisadi səbəblərlə də işğal etmək üçün yola çıxmışdı. Nəcranın Seyyidi Harisə haqqında bir Süryani tarixçisi olan Haritas belə yazır: – “Zunuvas onu qətl etdi və iki qızını da öldürdükdən sonra, qızlarının qanını içməsi üçün zövcəsi Romanı məcbur etdi.

Sonra onu da qətl etdi. Papaz Paulun məzarını qazdırdı və sümüklərini atəşə atdırdı. Atəş dolu xəndəklər içində qadınları, erkəkləri, uşaqları, papaz və rahibləri yandırdılar. 20.000–dən 40.000–ə qədər insan tələf oldu.

Bu əhvalat Miladi tarixi ilə 523–cü ilin Oktyabr ayında baş verdi. Nəhayət Miladi tarixi ilə 525–ci ildə Həbəşistan Yəmənə hücum edərək, Zunuvasın Himyer səltənətinə son verdi. Yəməndə bir bölgə olan Hüsni Gurapda edilən arxeoloji araşdırmalar zamanı bir sıra lövhələr tapılmış və bunların üzərindəki yazılardan bu əhvalatları aydınladan məlumatlar əldə edilmişdir.

Miladi tarixi ilə VI əsrdə Xristiyanların müxtəlif kitablarında Əshab–i Uhdud hadisəsi qeyd edilmiş və bilavasitə görənlər tərəfindən təfərrüatı ilə nəql edilmişdir. Şahidlərdən bəziləri şifahi olaraq nəql etmiş, bəziləri isə əhvalatı bilavasitə yazmışdılar. Bu üç kitabı yazanların hamısı da o dövrdə yaşamışdır.

Birincisi Prokopius, ikincisi Cosmos İndcopleustis [Həbəş Nəcaşisi Elesboanın əmriylə Batlamyusun Yunanca kitabını tərcümə edirdi. Həbəşistanın sahil şəhəri Andolisdə yaşayırdı], üçüncüsü də İohannes Maladır. Ondan sonra da bir çox tarixçi bu əhvalatı nəql etmişdir.

Daha sonralar İohannes of Efesus da [öl. 585] yazdığı Kanisa Tarixində Nəcran Xristiyanlarının atəşə atılmaları hadisəsi haqqında, Papaz Simeonun Dercilanın başçısı Abbot von Qabulaya yazdığı bir məktubu nəql edir. Papaz Simeon, bu hadisəni bilavasitə görən Yəmənlilərdən rəvayət etmişdir. Bu məktub həmçinin, miladi tarixi ilə 1881 və miladi tarixi ilə 1890–cı ildə “Xristiyan Şahidlərinin Həyatı” adlı bir kitabda dərc edilmişdir. Yaqubi Patriarx Dionusisus və Zacharia of Mitylene Süryani dilində nəşr edilən kitablardan nəql etmişdilər. Yaqub Suruci də Nəcran Xristiyanları haqqında məlumat vermişdir. Erreha [Edessa] Papazı Pulus, Nəcranlı Xristiyanların qətl edilmələri barəsində bir mərsiyə yazmış və bu mərsiyə günümüzə qədər gəlmişdir. Süryani lisanında yazılan kitabın İngiliscə tərcüməsi “Book of the Himyarites” adlı əsər də Müsəlman tarixçilərin açıqlamalarını təsdiq edir.

British Museumda bu dövrlə əlaqədar Həbəşistandan gələn bir sıra vəsiqələr var və bu vəsiqələr də hadisəni təsdiq edirlər. Filbi də “Arabian Highland” adlı öz səyahət kitabında Nəcranlıların Əshab–i Uhdud əhvalatının keçdiyi yeri hələ də bildiklərini yazır.

Ümmi Harkın yanında bir təpə üzərində bəzi rəsmlər də vardır. Həmçinin Nəcrandakı Kəbənin yeri də Nəcran xalqı tərəfindən bilinir. Həbəşistan Xristiyanları Nəcranı ələ keçirdikdən sonra buraya Kəbə şəklində bir məbəd inşa etmişlər və Məkkədəki Kəbə–i Müazzama əvəzinə bunu dini mərkəz etmək istəmişdilər. Buranın papazları başlarına sarıq sarardılar. Həmçinin bu məbədi “Haram” elan etmişdilər. Roma buraya maddi yardım edirdi. Məbədin papazları Rəsulullah [s.ə.] ilə məsləhətləşmək üçün Məkkəyə də gəlmişdilər.” [3]

Əshab–i Uhdud əhvalatı ilə Musa peyğəmbər və Firon arasında keçən əhvalat arasında, hökmdarların inananlara tətbiq etdiyi vəhşətin böyüklüyü nöqteyi nəzərindən bənzərlik vardır.

Təfərrüatları Əraf surəsinin 103–130–cu ayələrində anladılmış əhvalatda da  Firon, Musa peyğəmbərə uduzan sehirbazlara, Allaha iman etdiklərinə görə, Əshab–i Uhduda tətbiq edilən vəhşətin bir bənzərini nümayiş etdirmişdir:

  • 123–126Firon dedi ki: “Mən sizə izin verməzdən əvvəl ona imanmı etdiniz? Şübhəsiz bu, xalqını şəhərdən çıxarmaq için, şəhərdə qurduğunuz gizli bir tələdir. Yaxında biləcəksiniz. Tam yəqinliklə bilin ki, əllərinizi və ayaqlarınızı çarpazlama kəsəcəyəm, sonra da hamınızı tam yəqin bilin ki, asacağam.” çox bilikli, ovsunlayıcı, fəal bilik sərgiləyənlər də dedilər ki: “Heç şübhəsiz biz sadəcə Rəbbimizə dönənlərik. Sənin bizi, yaxalayıb cəzalandırmağın da sırf Rəbbimizin ayələri gəlincə onlara iman etməyimiz səbəbindəndir.” –“Ey Rəbbimiz! Bizə çox–çox səbr ver ki, əl-qolumuz boşalmasın, zəiflik etməyək, boyun əyməyək. Canımızı da müsəlmanlar olaraq al!”
  • 127Firon cəmiyyətindən irəli gələnlər də, “Səni və sənin ilahlarını– səni ilah qıl­ma­ğı tərk etsinlər və yer üzündə qarışıqlıq çıxarsınlar deyəmi Musanı və cəmiy­yə­tini sərbəst buraxacaqsan?” dedilər. Firon dedi ki: “Onların oğullarını öldürə­cə­yik– qızlarını sağ buraxacağıq və biz onlar üzərində əzici bir gücə sahib olanlarıq.”
  • 128Musa, Cəmiyyətinə dedi ki: “Allahın yardımını istəyin və səbr edin. Şübhəsiz ki, yer üzü Allahındır. Qullarından dilədiyini ona mirasçı edər. Xoşbəxt son da Allahın qoruması altına girənlər üçündür.”                                                       (Əraf /123–128)

“Giriş” bölməsində də ifadə etdiyimiz kimi, o dövrdə Məkkəli Müsəlmanlara əziyyətlər edildiyinə görə Əshab–i Uhduda edilən işgəncələr Bürclər surəsində anladılır.

Tarix kitablarında verilən məlumatlara görə Qüreyş öncə İslamı seçən kölələrə və kütlənin zəif, gücsüz və kimsəsizlərinə qarşı savaş açmışdır. Edilən işgəncələr, döymək, günlərlə ac–susuz saxlamaq, üzərlərinə böyük daş parçaları qoyaraq qızğın qumlarda uzatmaq və buna bənzər, ağıllara durğunluq verəcək qədər vəhşicə tətbiqatlardan ibarət idilər. Məsələn, Bilal kimi İslamı ilk seçənlərdən biri olan Yasiri ayaqlarından dəvələrə bağlamaqla parçalayaraq öldürmüşlər, bu mənzərə qarşısında üsyan edən Yasirin zövcəsi Sümeyyə də Əbucəhl tərəfindən qarnına mizraq saplanaraq qətl edilmişdir. Bu ikisinin oğulları olan Ammar isə işgəncəyə dayana bilməmiş, qəlbi imanlı olduğu halda diliylə inkar etmişdir. Yenə cəfakar Müsəlmanlardan biri olan Habbab b. Ərət, İslam düşməni bir qadın olan Ümmü Anmarın azad edilmiş köləsi olmasına baxmayaraq, Müsəlman olduğu üçün sabiq sahibi tərəfindən qızğın dəmirlərlə dağlanmışdır.

4–cü ayədəki “قتل   qutilə” sözünün mənası “öldürüldü” deməkdir. Ancaq İbn–i Abbas kimi elm adamlarına isnad edilən bəzi rəvayətlərə istinad edərək, sözlər “lənət olsun!” mənasında qarğış olaraq işlədilməyə başlanmış və hələ də bu mənada işlədilməyə davam edilir. Təbbət surəsinin təhlilində geniş şəkildə açıqlandığı kimi, Rəbbimizin qarğış etməsini məntiqli hesab etmir və bu tərz ifadələri uyğun hesab etmədiyimizi bir daha ifadə edirik.

9–cu ayənin sonundakı “və Allah hər şeyə Şahiddir” ifadəsi, belə demək mümkünsə, Allahın gözündən heç bir şeyin qaçmadığını vurğulayır. Bu ifadə möminlər üçün nə qədər böyük bir ümid qaynağıdırsa, zalım müşriklər üçün də bir o qədər təhdid və xəbərdarlıq qaynağıdır.

Bölmə 49

  • 10Şübhəsiz ki, inanan erkəklərə və qadınlara atəşlərdə işgəncə edib, sonra da tövbə et­mə­yən­lər üçün cəhənnəm əzabı vardır, yanğın əzabı da onlar üçündür. 11Tam yə­qinliklə bi­lin ki, inanan və düzəltmək yönündə işlər edənlər üçün altından bulaqlar axan cən­nətlər vardır. Bax elə bu, böyük qurtuluşdur.
  • 19Fəqət, o kafirlər–Allahın ilahlığını və rəbbliyini bilərək rədd edən o kimsələr hələ də bir ya­lan say­ma içindədirlər. 20Halbuki Allah onları arxalarından əhatə edəndir. 21,22Əksinə o, qorunmuş löv­hədə şərəfli bir Qurandır.                          (Bürclər/10–11, 19–22)

10Şübhəsiz ki, inanan erkəklərə və qadınlara atəşlərdə işgəncə edib, sonra da tövbə et­mə­yən­lər üçün cəhənnəm əzabı vardır, yanğın əzabı da onlar üçündür.

İbrət alınması gərəkən tarixi Uhdud əhvalatının anladılmasından sonra, bu ayədən başlayaraq bəzi ilkin ilahi qaydaların açıqlanmasına keçilmişdir.

10–cu ayə çox vacib bir mövzuya diqqət çəkir. Bu, möminləri atəşə ataraq tövbə etməyənlər üçün cəhənnəm əzabından başqa bir də “yanğın əzabı”nın var olması məsələsidir. “Yanğın əzabı” ifadəsini, “möminləri yandıranların özlərinin də yanacaqları” şəklində anlamaq tam mənanı vermir. Bizə görə “yanğın əzabı”, cəhənnəm əzabından ayrı və başqa bir əzabdır. Bu əzab, möminləri atəşə ataraq tövbə etməyənlərin bu dünyada çəkəcəkləri ruhi əzabdır, xüsusilə də vicdan əzabıdır. Beləliklə ayədəki “yanğın əzabı” sadəcə Əshab–i Uhdudu yandıranlara məxsus olmayıb ümumi bir ilahi qaydanı ifadə edir.

Ayənin bir başqa ismarıcı da kafirlər üçün, bir ümid işığı olaraq, tövbə qapısının açıq qoyulmasıdır. Belə ki, tarixə baxdığımız zaman, möminlərə bir çox zərərləri toxunmuş kimsələrin bu açıq qapıdan girərək [tövbə edərək] mömin olduqları, özlərini qurtardıqları kimi İslama da xidmət etdikləri görünmüşdür. Bu halın ən yaxşı örnəyi Xalid b. Vəliddir.

“Atəşlərə salıb” deyə çevirdiyimiz “fətənu” sözünün kökü “fətn” sözüdür. Mənası qızıl və gümüş kimi qiymətli mədənlərin cürufunu xasından ayırmaq üçün yüksək temperaturda əridilməsi deməkdir. Bu sözlər, “atəşdə yandırıb əritmək” mənasında “sınamaq, imtahan etmək, sıxıntıya–bəlaya salmaq, ayrılıq, daxili çəkişmə, qovğa, qarğaşa, qısqırtma, başdan çıxartma, bir–birinə salışdırma” mənalarında da işlədilir. Gördüyümüz kimi, bu mənaların hamısı da acı və iztırab ehtiva edən, məcazi mənada atəş kimi yandırıb, əridən bir məna daşıyır. Buna görə də ayənin ifadə etdiyi mənanı sadəcə “möminləri atəşə atmaq” olaraq deyil, “Müsəlmanları bir–birinə düşürmək, başdan çıxarmaq, başlarını bəlaya soxmaq” olaraq da anlamaq lazımdır. Bu mövzuyla əlaqədar geniş məlumat Sad surəsində veriləcəkdir.

Həmçinin tarix göstərir ki, Müsəlmanlar bu dünyada hər zaman İbrahim peyğəmbər, peyğəmbərimiz, Əshab–i Uhdudda bəhs edilən inananlar, Yasir, Sümeyyə, Bilal və digər bir çox mömin kimi əziyyət və cəfa çəkmişlər.

  • 186Heç şübhəsiz siz, mallarınız və canlarınızla əlaqədar sınanacaqsınız/imtahan oluna­caq­­sınız. Sizdən öncə özlərinə Kitab verilənlərdən və ortaq qoşanlardan bir çox əzab–can sıxan, əsəbləşdirən şeylər də eşidəcəksiniz. Əgər səbr edər və Allahın qoruması altına girərsinizsə, şübhəsiz bax budur, bu əzmi gərək­di­rən iş­lər­dən­dir. (Al–i İmran/186)
  • 39–41Özlərinə döyüş elan edilən kimsələrə, özləri haqsızlığa uğradıqları–onlar, başqa məsələyə görə deyil, sırf “Rəbbimiz Allahdır” dedikləri üçün, haqsız yerə yurdlarından çıxarıldıqları üçün döyüşmələrinə izin verildi.                               (Həcc/40)

11Tam yə­qinliklə bi­lin ki,  inanan və düzəltmək yolunda işlər edənlər üçün altından bulaqlar axan cən­nətlər vardır. Bax elə bu, böyük qurtuluşdur.

Ayədə keçən “الفوز   fəvz” sözü “qurtuluş” və “bacarmaq” deməkdir. Burada, inananlara və salihatı işləyənlərə Allahın ikram edəcəyi və onlardan razı olacağı, cənnət vədi ilə ifadə edilir. Əslində sırf axirətdəki əzabdan qurtulmaq belə, böyük bir bacarıqdır. Bundan başqa, bir də altlarından bulaqlar axan cənnətləri əldə etmək isə ən böyük zəfərdir.

12Rəbbinin qıs–qıvraq yaxalaması həqiqətən çox şiddətlidir.

Budur, surədə andlarla diqqət çəkilən, sübutlarla isbat edilmək istənilən mühakimə budur! And cümləsinin cavabı olan bu ayədə Rəbbimiz zalımların etdiklərinın yerdə qalmayacağını, ədalətin mütləq bərqərar ediləcəyini, günahkarların və zalımların qıs–qıvraq yaxalanacağını bildirərək andla diqqətləri çəkdiyi hökmünü bildirir.

Bu ayədə qısa bir açıqlama şəklində edilən xəbərdarlıq, Hud surəsinin 25–103–cü ayələrində Nuh peyğəmbər ilə qövmü arasındakı əlaqəylə başlayıb, Musa peyğəmbər ilə Firon arasındakı əlaqəyə qədər davam edən təfərrüatlı açıqlamalarla genişləndirilmiş və bölmə bu ayələrlə bağlanmışdır:

  • 100Bax budur, keçmişə yönəlik bu xatırlatma, şəhərlərin ciddi xəbərlərindən, önəmli biliklərindəndir. Biz, onu sənə anladırıq–onlardan sağ olanı da və biçilmiş əkin kimi olanı da vardır.
  • 101Və onlara Biz haqsızlıq etmədik–fəqət onlar özlərinə haqsızlıq etdilər, yanlış–öz zərərlərinə iş etdilər. Onun üçün Rəbbinin əmri gəldiyində, Allahın yaratdığı sərvət­lər­dən tapındıqları tanrıları, onlara heç bir şey edə bilmədi və onlara ziyandan başqa bir şey artırmadılar.
  • 102Və Rəbbin, xalqı şərik qoşaraq yanlış–öz zərərlərinə iş edən kimsələr olan şə­hər­ləri yaxaladığında, Onun yaxalayışı bax budur, belədir. Şübhəsiz, Onun yaxa­la­ma­sı çox acıqlıdır, çox çətindir!                                                                         (Hud/100–102)

13Tam yəqinliklə bi­lin ki, ilk yaradan, sonra öldürüb yenidən yaradan yalnızca Odur.

Bu ayə ilk baxışda bu kainatdakı yaradılışa və qiyamətdən sonrakı dirilişə uyğun gəlir. Ancaq kainata diqqətlə baxıldığında görünür ki, hər şey davamlı bir yenilənmə və davamlı bir çürümə içindədir. Bu o mənaya gəlir ki, kainatda hər an bir ilk yaradılış gerçəkləşməsi, bir ölüm və hər ölənin yerinə yeni bir diriliş gətirilməsi barədə söz açılır. “Başlatmaq və başlatdığını geriyə döndərmək” sözünün işarət etdiyi bu dönmənin ən uyğun örnəyi gecə ilə gündüzün davamlı meydana gəlməsidir.

Başlatdığı kainatda bütün bu fəaliyyəti həyata keçirən, beləliklə də həm başladan, həm də başlatdığını geriyə döndərən, nəticədə də qiyamətlə sona yetəcək olan kainatı axirət yaşamı ilə geriyə döndərəcək olan, bunları edən və edə biləcək olan sadəcə Allahdır.

14Və O, çox bağış­layandır, çox sevəndir,

Günahı nə qədər böyük olursa olsun, üsyanı nə qədər hədsiz olursa olsun, tövbə edib, dönən hər kəsə açıq bir qapı olan “bağışlanma”, Allahın heç bir əngəl tanımayan rəhmətindən, coşqun lütf və ehsanından qaynaqlanır. Sevgi isə, hər hal və şərtlər altında Rəbbini tərcih edən möminlərə Allahın lütfkar, səxavətli və yumşaq yanaşmasını ifadə edir.

15ən böyük taxtın sahibidir, ikramı çox olandır

“العرش   Ərş” sözü, iqtidar əlaməti olan “kral taxtı” deməkdir. “Ərşin sahibi” ifadəsi isə yer üzünün, göy üzünün, içindəki varlıqları ilə birlikdə bütün kainatin tək sahibi, tək yönləndirən, tək hökmranı mənasına gəlir. Hər şeyin və hər kəsin sahibi olan bu uca varlıq, kimsənin və heç bir şeyin özündən qaça bilməyəcəyi Allahdır.

Ayədə Allahın “المجيد   Məcid [Uca]” olduğu bildirilərək, insanoğluna aciz bir varlıq olduğu xatırladılır.

16Di­lə­di­yini ən üstün dərəcədə edəndir

Yəni “O, ən sonunda istədiyini edəndir, dilədiyini dilədiyi şəkildə edəndir. Ona etiraz edilə bilinməz, Onun iradəsinə qarşı çıxıla bilinməz və Ona əngəl oluna bilinməz. Çünki kainatda heç kimsə və heç bir şey Onun kimi güclü deyildir, heç bir güc Onu məğlub edə bilməz.”

Buna görə də O, dostlarını cənnətinə qoyar və buna kimsə mane ola bilməz. Düşmənlərini cəhənnəminə qoyar və onlara kimsə yardım edə bilməz. Günahkarların kimisini dərhal cəzalandırar, kimisinə cəzalandıracağı vaxta qədər dilədiyi qədər möhlət verər, kimisinə dünyada, kimisinə də axirətdə əzab verər. Bütün bunları və bunlardan kənarda qalan hər şeyi dilədiyi kimi edər.

17,18O orduların–Firon və Səmudun xəbəri sənə gəldimi? Əlbəttə ki, gəldi!

Xatirimizdədirsə, Quranda Firondan daha öncə də bəhs edilmişdi. Artıq müxatiblərin bu mövzuları yaxşı bildiyi qəbul edilir və xatırlatmaq üçün sadəcə bir işarətlə qane olunur. Firon mövzusu bundan sonrakı surələrdə də sıx–sıx xatırladılacaqdır.

Quranın Firon və tərəfdarlarına “ordular” adını verməsi, onların qüvvətlərinə və təşkilatlanmalarına işarət edir.

19Fəqət, o kafirlər–Allahın ilahlığını və rəbbliyini bilərək rədd edən o kəslər hələ də bir ya­lan­la­ma içindədirlər. 20Halbuki Allah onları arxalarından əhatə edəndir.

Yəni “Bu inkarçılar Mənim ovcumun içindədirlər. Mən bunları yox etməyə və yalan saymalarının cəzasını dərhal verməyə qadirəm. Belə isə yalan saymalarından ötrü səbirsizlik göstərmə, onlar Mənim əlimdən qurtula bilməzlər.”

Allahın “المحيط   Muhit [əhatə edən]” olması

Bu ifadə, Allahın inkarçıları arxalarından əhatə edərək, qaçacaqları bir yer buraxmayaraq, yollarını kəsdiyini, onlara hər zaman və hər yerdə güc yetirdiyini, onları ovcunun içinə aldığını bidirir.

Ancaq “arxadan əhatə etmə” sözü ilə Fəth surəsinin 21, İsra surəsinin 60 və Yunis surəsinin 22–ci ayələrindəki kimi “həlakın yaxınlığını ifadə edən bir əhatə etmə” və gözlənilməyən halda, zamanda, məkanda həlak ediləcəkləri qəsd edilmiş ola bilər. Bu təqdirdə, ola bilər ki, “Bunlar, yalan saymaqla özlərini bir həlakla qarşı qarşıya gətirirlər” deyilmək istənir və inkarçıların bir həlakla üz–üzə olduqları ifadə edilir.

Bu ifadə ilə, bir digər məna olaraq, “Allah onların bütün etdiklərinı bilir, Allah onların etdikləri şeyləri [elmiylə] bütünlüklə əhatə etmişdir, ona görə də, etdiklərinə qarşılıq olaraq, cəza vermə zamanını gözləyir” mənası da qəsd edilmiş ola bilər.

21,22Əksinə  o, qorunmuş löv­hədə şərəfli bir Qurandır.

Bu iki ayə mövzudan kənardır. Bu vəziyyət, bu iki ayənin ayrı bir nəcm olduğu mənasına gəlir. 21–ci ayənin başındakı “بل bəl [əksinə]” ədatından anlaşılır ki, bu iki ayə müşriklərin Qurana sataşmalarına qarşılıq olaraq enmişdir. Ancaq bu sataşmanın yeri, zamanı və necə olduğu haqqında hər hansı bir məlumat verilməmişdir.  Bununla yanaşı biz, bu ayələrin Əbəsə surəsinin 11–16–cı ayələrindən ibarət olan nəcmin davamı olduğu qənaətindəyik. Çünki Əbəsə surəsinin 11–ci ayəsinin başındakı “ كلاّ  kəlla [Xeyr… Xeyr …]” sözü ilə buradakı 21–ci ayənin başındakı “بل   bəl” ədatı bir bütünlük təşkil edir.

Bu təqdirə görə isə, aşağıdakı kimi bir bölmə ortaya çıxır:

11– Xeyr… Xeyr… Heç də elə deyil! O, bir düşündürücüdür.

12– Diləyən onu düşünüb öyüd alır;

13– dəyərli səhifələr içindədir,

14– ucaldılmış, tərtəmiz təmizlənmiş,

15– səfirlərin əllərində;

16– sayğın, güvənilən.

21– Əksinə o, Məcid/şərəfli bir Qurandır.

22– Qorunmuş lövhədə.

15–ci ayədə Allahın sifəti olaraq zikr edilən “ المجيد  Məcid [uca, şərəfli, köklü]” sözü, 21–ci ayədə Quran üçün zikr edilmişdir. Bu da, Allahın sözündən daha uca, daha üstün, daha köklü bir söz olmadığı, ola bilməyəcəyi mənasındadır.

22–ci ayədəki “Qorunmuş lövhədə” ifadəsindən anlaşılır ki, Quran qorunur və qorunacaq, əslində elə Rəbbimizin bu mənada başqa bəyanları da mövcuddur:

  • 77Heç şübhəsiz o, şərəfli Qurandır. 78Saxlanmış–qorunmuş bir kitabdadır. 79Ona zehni olaraq təmizlənmişlərdən başqası təmas edə bilməz. 80O, aləmlərin Rəbbindən endirilmədir.               (Vaqeə/77, 78)
  • 9Heç şübhəsiz, Biz, o Öyüdü–Quranı Biz endirdik, Biz. Və tam yəqinliklə bilin ki, Biz, onu qoruyanlarıq.                                                                                                                      (Hicr/9)

Göründüyü kimi, bu ayələrdə Quranın qorunduğu, dəyişmədiyi, ələ alınan hər mövzuda Allahın sözünün ən son hökm olduğu təlqin edilir.

22–ci ayədəki “لوح   lövh” sözünün əsas mənası “taxta, gəmi taxtası” deməkdir.[4]

Bu sözlər daha sonralar üzərinə yazı yazılan hər cür yastı əşya üçün də işlədilmişdir. Beləliklə ibtidai olanlarından başlayaraq papirus, perqament, kağız, lent, kompyüter diski və CD kimi daha inkişaf etmiş olanlarına qədər, üzərinə yazı yazıla bilən, qeyd edilə bilən bütün materiallar da “levh” mənasında anlaşılmalıdır.

“لوح   Lövh” sözüylə qurulmuş olan لوح محفوظ   levh–i məhfuz [qorunmuş lövhə]” tamamlığı isə məcazi bir deyim olub, Quranın qətiyyən qeyb olmayacaq şəkildə qorunduğu, qorunacağı həqiqətini ifadə edir. Klassik əsərlərdən göründüyü kimi bu isim haqqında, xüsusi isim halına gətirilərək uydurulmuş “Lövh–i Məhfuz qızıldandır, gümüşdəndir, yaqutdandır”, “Lövh–i Məhfuz ərşın sağ tərəfindədir, səmadadır, İsrafilin alnındadır, Matiryun deyilən mələyin qucağındadır” kimi fikirlər, ciddi qaynaq və istinadı olmayan fikirlərdir.

Quranın Allah tərəfindən qorunduğu və qorunacağı məsələsi, üzərində çox mübahisəyə səbəb olan bir xüsusdur. Özəlliklə digər dinlərə mənsub olan araşdırmaçılar Quranın təhrifə uğradığını isbat etməyə cəhd edirlər. Ola bilsin ki buna səbəb, bu günkü Tövrat və İncilin orijinallığının qorunamadığını həmin dinin mənsubları tərəfindən belə qəbul edilməsidir. Bu cür araşdırmaların ən sonuncusu İngiltərədə Prof. Minqana adında bir alim tərəfindən edilmişdır. Bu şəxs, Dr. Agnes Levis adında birinin III Xəlifə Osman dövrünə və ya bir az daha qədim bir dövrə aid olan bir Rəsmi Düzülüşün bir–neçə səhifəsini tapdığını və surətlərini də özünə verdiyini iddia edərək, mövcud Rəsmi Düzülüşlə bu surətlər arasında fərqlər olduğunu irəli sürmüşdür.

Ancaq edilən tədqiqlər nəticəsində, yanlışlığın mövcud müshafda deyil, araşdırmaçıya verilən nüsxələrdə olduğu anlaşılmışdır.

İslam və Quranın öndə gələn mənsublarından və Quran üzərində araşdırmalar aparan İngilis oreantalist Ser William Muir, etdiyi uzun araşdırmaların nəticəsində, alim sifətinin verdiyi məsuliyyətlə, “Mətninin bütün mahiyyətini on iki əsr mühafizə edən bir başqa kitab yoxdur” demək məcburiyyətində qalmışdır.

Digər ölkələrdə də bəziləri tərəfindən qiraət və fonetik işarətləri, ya da səsləndirmə fərqlilikləri önə sürülərək, təhrif edildiyi iddia edilmişsə də, bu iddialar qəbul edilməmişdir, çünki bu tip fərqliliklər cümlənin mənasına təsir etməyən ünsürlərdən ibarət olmuşdur.

Ancaq, ağlını işlədə bilən hər Müsəlmanın, Quranın Allah tərəfindən necə qorunduğuna məntiqli bir cavab axtarması təbiidir, hətta bir məsuliyyət borcudur. Çünki Quran, onu təhrif etməyə cəhd edən tövhid düşmənlərinin Tövrat və İncilə etdikləri hücumlara bənzər bir hücuma [Həcc /52, 53, Ənam/112, 113, 121]  qarşı sığortalanmamışdır və dəmir seyflərin içində mühafizə edilmir.

Buna görə də, Quranın orijinallığını mühafizə etməsi, bilavasitə Müsəlmanlar tərəfindən məntiqli bir şəkildə isbat edilməlidir. Beləliklə, Müddəssir surəsinin 31–ci ayəsində işarət edildiyi kimi, “iman etmiş olanların imanı artsın, özlərinə kitab verilmiş olanlar ilə iman sahibləri şübhəyə düşməsin.”

“Mənim imanım tamdır, imanımı gücləndirmək üçün belə bir şeyə ehtiyacım yoxdur” deyənlərə İbrahim peyğəmbəri misal göstərmək olar. İbrahim peyğəmbər, qəlbini [imanını] gücləndirmək məqsədilə, Allahdan ölüləri necə diriltdiyini özünə göstərməsini istəyir (Bəqərə/260).

Fikrimizcə, Quran aşağıdakı səbəblərə görə təhrifə uğramamışdır:

– Quran ləfzi, nəzm və mahiyyəti etibariylə bir möcüzədir. Buna görə də hər hansı bir azaltma, artırma və ya dəyişdirmə olsa, demək olar ki, dərhal özünü büruzə verər.

– Rəbbimiz sayəsində Müsəlmanlar, erkən dövrdə hərəkətə keçərək, Quranın kitablaşmasını həyata keçirmişdilər. Beləliklə çox qədim dövrlərdəki əl yazma nüsxələr ilə bu günkü nəşrlərin eyni olduğunu görmək mümkündür.

– İlk gündən etibarən bir çox insan böyük bir zövqlə, eşqlə, həzzlə Quranı əzbərləmək istəmişlər və Quranın tələffüzündəki harmonik özəlliyi səbəbiylə də bunu asanlıqla bacarmışlar. Beləliklə, tarixin hər dövründə Quranı əzbər bilən on minlərlə hafiz mövcud olmuş, buna görə də Quranın təhrif edilmə və ya nüsxələrinin qeyb olma riski heç olmamışdır.

– Digər dinlərdə dini təhsil ruhanilərin monopoliyasında olmuşdur. Lakin bunun əksinə olaraq, Quranın enməyə başlamasıyla yanaşı, Quranın təlimi və təhsili də başlamışdır. Ruhanilik təşkilatının olmadığı İslamda, təlim və təhsil, kəndli–şəhərli hər kəsə yönələn olmuşdur. Quran bir zümrənin və ya bir qurumun monopoliyasında olmadığı kimi, ilk illərdə belə, heç bir zaman bir neçə nüsxədən ibarət qalmamışdır. Çoxsaylı nüsxəsiylə hər Müsəlmanın evinə, iş yerinə, kitabxanalara, camilərə, məscidlərə, kitab evlərinə girmiş, hər kəs tərəfindən oxunmuş və öyrənilmişdir. Beləliklə geniş əhatəli bir öyrətmə işi təmin edilmiş, pis niyyətli adamların şəxsi səviyyədəki təhrif cəhdləri nəticəsiz qalmışdır.

– Quranın enməyə başladığı Miladi tarixi ilə 610–cu il, digər dinlərin ortaya çıxma zamanlarına görə insanlıq tarixinin aydınlıq bir dövrüdür. Bu dövrdə bir çox qədim mədəniyyətlər zirvə nöqtəsindədir və əhvalatlar artıq qeydə alınmağa başlanmışdır. Belə ki, Musa və İsa peyğəmbərlərin varlığını və yaşamını bəzi tarixçilər qəbul etməzkən, peyğəmbərimizin yaşadığı barəsində, həyatı və şəxsiyyəti haqqında heç bir tərəddüd yoxdur. Ona görə də peyğəmbərimizin tək möcüzəsi olan Quran da, tərəddüdə yer verməyəcək şəkildə zəmanəmizə qədər gəlib çatmışdır.

– İslamiyyət, Musa və İsa peyğəmbərlər zamanındakı kimi yönləndirilən, dəyişdirilə bilən, zülmə uğramış, məzlum, zavallı, qərib azılıqlar arasında deyil, zəngin, hakim, azad şəhərlərdə doğulmuş və böyümüş, yönəldən, dəyişdirə bilən, güclü kütlələrin dini olmuşdur. İslamiyyətin bu xüsusiyyəti ilə də Quranın təhrifə uğramış olması məntiqə uyğun deyildir.

Yuxarıda sadalanan maddələr, müxtəlif baxış bucaqları ilə hər kəs tərəfindən artırıla bilər.

İstifadə olunmuş ədəbiyyat:

[1] Lisanü’l–Arab, cild 4, s. 695–697; səma maddəsi.

[2]  Razi, Kurtubi, İbn–i Kesir.

[3] MEVDUDİ

[4] Lisanü’l Arab, “lvh” mad.