MÜMTƏHİNƏ SURƏSİNİN TƏBYİNİ

Mədəni olan və 91-ci surə olaraq endiyi qəbul edilən bu surə adını 10-cu ayədə keçən فامتحنوهنّ [fəmtəhınuhunnə/onları imtahan edin] sözündən alır. Surəyə ad olan kəlmə, ممتحِنة [mümtəhinə] ya da ممتحَنة [mümtəhanə] şəklində tələffüz edilir. Əgər ح [ha] hərfi “kəsrə” [“ı” səsli] oxunursa, “imtahan edən” mənasına, “fətha” [“a” səsli] oxunarsa, “imtahan olunan qadın” mənasına gəlir. Mümtəhanə [imtahan olunan qadın] olduğunu qəbul edənlər bunu surənin, haqqında nazil olduğu qadına şamil edərlər. Tarixi qeydlərə görə bu qadın Ukbe b. Ebi Muaytın qızı Umm Gülsümdür. Bu xanım Abdurrahman b. Avfın xanımı idi. Abdurrahmanın oğlu İbrahim bu qadından doğulmuşdur.

Surədə ümumi olaraq iman əsasları çərçivəsində döyüş hüququ və beynəlxalq əlaqələrdən bəhs edilir.

Surədə toxunulan hadisələr və əmr edilən prinsiplər diqqətə alındığında, surənin Məkkənin fəthindən qısa müddət əvvəl və Məkkəyə edilən səfər əsnasında endiyi anlaşılır.

RƏHMAN, RƏHİM ALLAH ADINDAN

TƏRCÜMƏ

MƏDİNƏ DÖVRÜ

Nəcm: 523

1Ey iman edənlər! Əgər mənim yolumda cəfa çəkmək və mənim rızamı qazanmaq üçün çıxdınızsa, sizə haqqdan gələn şeyləri bilərək rədd etdikləri/inan­ma­dıq­ları halda, onlara sevgi çatdıraraq/onlara sevgini gizlədərək Mənə düşmən olan­ları və özünüzün düşmənini mütəvəlli/köməkçi, yol göstərici, qoruyucu yaxınlar etmə­yin/on­la­rı idarəçi etməyin. Onlar Rəbbiniz olan Allaha inandığınıza görə, Elçini və sizi yur­du­nuzdan çıxarırlar. Halbuki Mən, sizin gizlətdiyiniz şeyləri və açıqladığınız şeyləri ən yaxşı bilənəm. Və sizdən kim bunu edərsə, artıq o, qətiliklə yolun tam ortasından azmışdır.

2Əgər onlar sizi ələ keçirərlərsə, sizin üçün düşmən olacaqlar, əllərini və dillərini pisliklə sizə uzadacaqlar. Və onlar: “Kaş ki, küfr edəsiniz/inanmayasınız” – deyə arzu edirlər.

3Qiyamət günü əqrəbalarınızın və uşaqlarınızın sizə qətiyyən yararı olmaz. Allah aranızı ayırar. Və Allah etdiklərinizi ən yaxşı görəndir.

(91/60, Mümtəhinə/1–3)

Nəcm: 524

4,5İbrahimdə və onunla bərabər olanlarda, İbrahimin atası üçün: “Sənin üçün qətiliklə bağışlanma diləyəcəyəm. Və Allahdan olan heç bir şeyə gücüm yetməz” – deməsi istisna olmaqla, qətiliklə sizin üçün gözəl bir nümunə vardır. Həmçinin İbrahim və İbrahimlə bərabər olanlar cəmiyyətlərinə: “Biz sizdən və sizin Allahın yaratdıqlarından sitayiş etdiklərinizdən uzağıq. Biz sizi silib atdıq. Və siz, bir tək olaraq Allaha inanana qədər sizinlə bizim aramızda sonsuzadək bir düşmənçilik və nifrət bəlli edilmişdir. Rəbbimiz! Yalnız sənə inandıq, sənə yönəldik. Və dönüş an­caq sənədir. Rəbbimiz! Bizi kafirlər üçün bir atəşə atılma/imtahan vasitəsi etmə! Bizi bağışla! Rəbbimiz! Şübhəsiz ki, Sən ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olma­yan/müt­ləq qalib olanın, ən yaxşı qayda qoyanın, ən sağlam edənin məhz özüsən!” – demişdilər.

6And olsun, onlarda sizin üçün Allahı və axirət gününü uman insanlar üçün gözəl bir nümunə vardır. Kim üz çevirirsə, bilsin ki, şübhəsiz, Allah zənginin, öyülməyə layiq olanın məhz özüdür.

(91/60, Mümtəhinə/4–6)

Nəcm: 525

7Bəlkə Allah sizlərlə onlardan özlərinə qarşı düşmənçilik bəsləməkdə olduğunuz insanlar arasında bir sevgi əmələ gətirər. Allah ən yaxşı güc yetirəndir. Və Allah çox bağışlayan, çox mərhəmət edəndir.

8Allah sizi din haqqında sizinlə döyüşməyən və sizi yurdlarınızdan çıxarmayan insanlara yaxşılıq etməkdən, onlara haqqaniyyətlə davranmaqdan çəkindirməz. Şübhəsiz ki, Allah haqqaniyyətlə davrananları sevər.

9Allah ancaq sizi sizinlə din haqqında döyüşən, sizi yurdlarınızdan çıxaran və çıxarılmağınız üçün əlbir olan insanları vəliləşdirməyinizi [qoruyucu, nəzarətedici, idarəedici etməyinizi] qadağan edər. Kim onları vəliləşdirirsə, bax budur, onlar səhv/öz zərərlərinə iş edənlərin məhz özləridir.

(91/60, Mümtəhinə/7–9)

Nəcm: 526

10Ey iman edənlər! Mömin qadınlar köçkünlər olaraq sizin yanınıza gəldiyi zaman dərhal onları sorğu-suala çəkin. Allah onların imanlarını daha yaxşı bilir. Artıq, əgər siz də onların inanmış qadınlar olduğunu öyrənərsinizsə, artıq onları kafirlərə geri döndərməyin. Köç edən mö­min qadınlar, onlara halal deyildir. Onlar da bunlara halal olmazlar. İnanmamış əv­vəlki ərlərinə sərf etdiklərini verin. Mehirlərini özlərinə verdiyiniz zaman on­lar­la evlənməyinizdə sizə bir günah yoxdur. Kafir qadınları nikahınızda tutmayın, sərf etdiyinizi/ödədiyiniz mehiri ge­ri istəyin. Onlar da sərf etdiklərini/sizə xərclədiklərini geri istəsinlər. Bax budur, bu, Allahın hökmüdür ki, aranızda O, hökm edər! Allah çox bilən, çox yaxşı qay­da qoyandır.

11Əgər zövcələrinizdən biri sizdən kafirlərin yanına qaçar və siz də bu pis davranışa eynilə qarşılıq verərsinizsə, zövcələri getmiş olanlara xərclədiklərı qədər verin. Və siz, özünə inandığınız Allahın qoruması altına girin.

(91/60, Mümtəhinə/10–11)

Nəcm: 527

12Ey Peyğəmbər! İnanmış qadınlar sənə Allaha heç bir şeyi ortaq qoşmamaları, oğurluq etməmələri, zina etməmələri, uşaqlarını öldürməmələri, əlləri ilə ayaqları arasında bir iftira uydurmamaları hər kəs tərəfindən müsbət qəbul edilən/vəhyə uyğun xüsuslarda sənə üsyan etməmələrinə dair bağlılıq andı içərək gəlirlərsə, dərhal onların bağlılıq andlarını qəbul et və onlar üçün Allahdan bağışlanma dilə. Şübhəsiz ki, Allah çox bağışlayan, çox mərhəmət edəndir.

(91/60, Mümtəhinə/12)

Nəcm: 528

13Ey iman edənlər! Allahın qəzəb etdiyi qövmü vəliləşdirməyin [idarəçi, qoruyucu etməyin]. Kafirlərin məzarlıq xalqından ümid kəsdiyi kimi, qətiliklə onlar axirətdən ümid kəsənlərdir.

(91/60, Mümtəhinə/13)

 TƏHLİL:

1Ey iman edənlər! Əgər mənim yolumda cəfa çəkmək və mənim rızamı qazanmaq üçün çıxdınızsa, sizə haqqdan gələn şeyləri bilərək rədd etdikləri/inan­ma­dıq­ları halda, onlara sevgi çatdıraraq/onlara sevgini gizlədərək Mənə düşmən olan­ları və özünüzün düşmənini mütəvəlli/köməkçi, yol göstərici, qoruyucu yaxınlar etmə­yin/on­la­rı idarəçi etməyin. Onlar Rəbbiniz olan Allaha inandığınıza görə, Elçini və sizi yur­du­nuzdan çıxarırlar. Halbuki Mən, sizin gizlətdiyiniz şeyləri və açıqladığınız şeyləri ən yaxşı bilənəm. Və sizdən kim bunu edərsə, artıq o, qətiliklə yolun tam ortasından azmışdır.

2Əgər onlar sizi ələ keçirərlərsə, sizin üçün düşmən olacaqlar, əllərini və dillərini pisliklə sizə uzadacaqlar. Və onlar: “Kaş ki, küfr edəsiniz/inanmayasınız” – deyə arzu edirlər.

3Qiyamət günü əqrəbalarınızın və uşaqlarınızın sizə qətiyyən yararı olmaz. Allah aranızı ayırar. Və Allah etdiklərinizi ən yaxşı görəndir.

Bu ayələrdə möminlərin ana-ata, qardaş, əqrəba olsa belə, kafirlərlə olan əlaqələrində diqqət etməli olduqları məqamlar bildirilir.

Ayələrdə verilən direktivləri müəyyən etmədən əvvəl, bu ayələrin enməsinə səbəb olan hadisələri Mevdudi mərhumun Kurtubi, Razi, İbn-i Kesir kimi qaynaqlardan xülasə edərək eynilə təqdim edirik:

Mövzunun anlaşılması baxımından, əsasən bu ayənin nazil olmasına səbəb olan hadisə haqqında geniş məlumat vermək lazımdır. İbn Abbas, Mücahid, Katade, Urve b. Zübeyr də daxil olmaqla bütün müfəssirlər bu ayələrin, Hatıb b. Əbu Beltanın göndərdiyi məktub yaxalandığına görə nazil olduğu xüsusunda həmfikirdirlər. Hadisə bu şəkildə cərəyan etmişdir: Qüreyşlilər Hudeybiyə Andlaşmasına saymamazlıq etdikləri zaman, Hz. Peyğəmbər (s.ə.s) Məkkəyə hücum üçün hazırlıqlar etməyə başladı. Ancaq Məkkəyə hücum ediləcəyi xüsusu bir neçə səhabədən başqa heç kimə bildirilməmişdi. Bu sıralarda Bəni Abdul-Muttalibin azad etdiyi bir cariyə Məkkədən Mədinəyə gəlir. Daha əvvəllər müğənnilik edən bu cariyə, maddi yöndən sıxıntıya düşmüş və buna görə də Hz. Peyğəmbərə (s.ə.s) ona yardım etməsi üçün müraciət etmişdi. Hz. Peyğəmbər də (s.ə.s) Abdulmuttaliboğullarına onun ehtiyaclarını qarşılamalarını söyləmişdir. Bu qadın Məkkəyə geri dönəcəyi zaman, Hatıb b. Əbu Belta onunla görüşür və Məkkənin öndə gedənlərinə çatdırması üçün ona gizli bir məktub verir. Qadın Mədinədən ayrıldıqdan sonra, Cənab-i Allah bu hadisəni Rəsuluna bildirir. Hz. Peyğəmbər də (s.ə.s) dərhal Əli, Zübeyr və Mikdat b. Esvedi qadını təqib etmələri üçün göndərərək, onlara belə əmr edər:

– Dərhal yola çıxın. Mədinədən 22 mil uzaqlıqda Məkkə yolunda bir qadın görəcəksiniz. Onda Hatıbın müşriklərə yazdığı bir məktub vardır. Məktubu verərsə, qadını sərbəst buraxın, verməzsə, öldürün!

Hz. Peyğəmbərin (s.ə.) əmri ilə yola çıxıb qadını söylənilən mövqedə tapır və ondan məktubu istəyirlər. Özündə məktub olmadığını söylədiyinə görə qadının üstünü axtararlar, amma məktubu tapmazlar. Ancaq qadını, məktubu vermədiyi təqdirdə soyunduraraq axtarmaq məcburiyyətində qalacaqlarını söyləyərək təhdid edincə, qadın xilas ola bilməyəcəyini anlar və məktubu saçlarının arasından çıxararaq onlara verir. Onlar da məktubu alaraq Hz. Peyğəmbərə (s.ə.) aparırlar. Hz. Peyğəmbər (s.ə.s) məktubu açıb oxuduğunda, Məkkəyə ediləcək olan hücum hazırlıqlarının Qüreyşlilərə bildirildiyini görür. (Müxtəlif rəvayətlərdə müxtəlif sözlər işlədilməsinə rəğmən məzmun eynidir.) Hz. Peyğəmbər Hatıbdan bu davranışının səbəbini soruşduğunda o belə cavab vermişdir:

– Ey Rəsulallah! Haqqımda dərhal qərar vermə. Mən kafir, ya da mürtəd olduğumdan və ya İslamdan sonra küfrə rəğbət bəslədiyim üçün belə davranmış deyiləm. Əsl səbəb ailəmin hələ Məkkədə iqamət etməsidir. Bildiyiniz kimi mən, Qüreyş qəbilələrindən birinə də mənsub deyiləm. Bəzi Qüreyşlilərlə dostluq etdiyimə görə Məkkədə yaşayırdım. Digər mühacir qardaşlarımın ailələri də Məkkədədir, amma ailələrinə sahib çıxacaq əqrəbaları da vardır. Mənim isə ailəmə sahib çıxacaq bir qəbiləm yoxdur orada. Beləliklə, mən bu məktubu, onlara bir yaxşılıq edərəmsə, onlar da özlərini mənə borclu hiss edərək ailəmə toxunmazlar düşüncəsiylə yazdım.

(Hatıbın oğlu Abdurrahmanın rəvayət etdiyinə görə, Məkkədə Hatıbın qardaşı və uşaqları, Hatıbın öz rəvayətinə görə anası da vardı.) Hz. Peyğəmbər (s.ə.s) Hatıbın sözlərini dinlədikdən sonra belə demişdir:

– Hatıb sizlərə doğru söyləyir.

Yəni o, İslamdan azdığı üçün və ya küfrə yardımçı olmaq məqsədiylə belə davranmamışdır. Hz. Ömər isə dərhal ayağa qalxaraq belə deyər:

– Ey Rəsulallah! İzin ver ki, Allaha, Rəsula və Müsəlmanlara xəyanət edən bu münafiqin kəlləsini uçurum.

Lakin Hz. Peyğəmbər (s.ə.s) belə qarşılıq verir:

– Bu şəxs Bədir döyüşünə qatılanlardandır. Allahın Bədir savaşına qatılanlara, o vəziyyəti görüb “Mən sizi əfv etdim” demədiyini kim bilir?

Son cümlənin kəlmələri bəzi rəvayətlərdə müxtəlif sözlərlə ifadə edilmişdir. Bəzilərində “Mən sizləri bağışladım”, başqa bir rəvayətdə “Mən sizləri əfv edənəm”, başqa bir rəvayətdə isə “Mən sizləri əfv edəcəyəm” şəklindədir. Bu sözləri eşidən Hz. Ömər ağlayaraq demişdir ki:

– Allah və Rəsulu daha yaxşı bilir.

Bu xülasəni mötəbər sənədlərlə edilən bir çox rəvayətdən (Buxari, Müslim, İmam Əhməd, Əbu Davud, Tirmizi, Nesai, Tabəri, İbn Hişam, İbn Hibban və İbn Əbu Hakim) almışıq. Bu rəvayətlər arasında ən etibarlı olanı Hz. Əlidən, onun katibi Ubeydullah b. Muhəmməd b. Əbu Rafinin, ondan da Hz. Əlinin nəvəsi Həsən b. Muhəmməd b. Hanəfiyyənin eşidərək rəvayət etdiyi və başqa ravilərin də bizə çatdırdığı hədisdir. Bütün bu rəvayətlərdə açıq şəkildə, Hatıbın bəhanəsinin qəbul edilərək, əfv edildiyi bildirilir. Belə ki, heç bir qaynaq ona cəza verildiyini nəql etmir. Bu baxımdan ümmətin alimləri, bəhanənin qəbul edilərək, Hatıba bir cəza verilmədiyi xüsusunda həmfikirdirlər. [1]

Möminlərin sirlərini başqalarına verməyə təşəbbüs göstərənlərə xəbərdarlıq etmək üçün enən bu ayələrdə aşağıdakı prinsiplər yer almışdır:

  • Möminlər Allah düşmənlərinə və öz düşmənlərinə sevgi bəsləyib, onlar adından casusluq edə bilməzlə Çünki onlar Elçi və Möminləri Allaha inandıqları üçün yurdlarından çıxarmışdılar.
  • Kafirlər/müşriklər fürsət tapdıqları təqdirdə Möminlərə əllərindən gələn hər cür pisliyi edərlər.
  • Kafirlər/müşriklər Möminlərin də küfr etmələrini təmənni edirlər.
  • Nə qədər yaxın əqrəba olsalar da, kafirlərdən/müşriklərdən Möminlərə xeyir gəlməz.
  • Allah inananlarla inanmayanları mütləq ayıracaqdır.
  • Buna qarşı çıxan/bu prinsipə uymayan yoldan azmışdır.

Ayədə Qiyamət günü əqrəbalarınız və uşaqlarınız sizə əsla fayda verməzlər. O [Allah], aranızı ayırar. Və Allah etdiklərinizi ən yaxşı görəndir ifadəsiylə Qiyamət günündə Allahın sizinlə əqrəbalarınızın və övladlarınızın arasını ayıracağı, iman əhlinin cənnətə, küfr əhlinin isə cəhənnəmə girəcəyi, əqrəbanın əqrəbaya xeyrinin toxunmayacağı bəyan edilmişdir.

Bu ayə yuxarıda geniş şəkildə verdiyimiz hadisəyə görə enmiş olsa da, burada Möminlərə əbədi bir dərs də verilmiş, Qiyamətə qədər uymalı olduqları prinsiplər vəz edilmişdir. Kafirlərin heç birinin vəliləşdirilməməsinə dair bir çox ayə vardır ki, bunları surənin son ayəsinin təhlilində təqdim edəcəyik.

Ayədə Mənim düşmənimi və sizin düşməninizi vəliləşdirməyin buyurulmasının səbəbi budur: Allaha düşmən olanlardan Möminlərə düşmən olmayanlar, Möminlərə düşmən olanlardan da Allaha düşmən olmayanlar ola bilir.

Belə ki, Təğabün surəsində belə buyurulmuşdu:

  • 14Ey iman edənlər! Şübhəsiz, həyat yoldaşlarınızdan və uşaqlarınızdan sizə düşmən olanlar da vardır. Ona görə də, onlardan çəkinin. Və əgər əfv edər, qüsurlarını başlarına qaxmaz, xoş görər və bağışlayarsınızsa, bilin ki, şübhəsiz, Allah çox bağışlayan çox mərhəmət edəndir. (Təğabün/14)

4,5İbrahimdə və onunla bərabər olanlarda, İbrahimin atası üçün: “Sənin üçün qətiliklə bağışlanma diləyəcəyəm. Və Allahdan olan heç bir şeyə gücüm yetməz” – deməsi istisna olmaqla, qətiliklə sizin üçün gözəl bir nümunə vardır. Həmçinin İbrahim və İbrahimlə bərabər olanlar cəmiyyətlərinə: “Biz sizdən və sizin Allahın yaratdıqlarından sitayiş etdiklərinizdən uzağıq. Biz sizi silib atdıq. Və siz, bir tək olaraq Allaha inanana qədər sizinlə bizim aramızda sonsuzadək bir düşmənçilik və nifrət bəlli edilmişdir. Rəbbimiz! Yalnız sənə inandıq, sənə yönəldik. Və dönüş an­caq sənədir. Rəbbimiz! Bizi kafirlər üçün bir atəşə atılma/imtahan vasitəsi etmə! Bizi bağışla! Rəbbimiz! Şübhəsiz ki, Sən ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olma­yan/müt­ləq qalib olanın, ən yaxşı qayda qoyanın, ən sağlam edənin məhz özüsən!” – demişdilər.

6And olsun, onlarda sizin üçün Allahı və axirət gününü uman insanlar üçün gözəl bir nümunə vardır. Kim üz çevirirsə, bilsin ki, şübhəsiz, Allah zənginin, öyülməyə layiq olanın məhz özüdür.

Kafir olan əqrəbalarla vəlayə əlaqəsinin qadağan olunmasının ardından bu ayələrdə Möminlərə bunun konkret bir nümunəsi verilərək, İbrahim və ona inananların yaxın ətraflarındakı inkarçılara qarşı davranışlarının; müşrik əqrəbalarına (başda atasına) qarşı çıxmasının çox gözəl bir nümunə olduğu bəyan edilir. Bu arada bir mötərizə açılaraq, İbrahimin atası haqqındakı istiğfarının Möminlər üçün nümunə təşkil etməyəcəyinə diqqət çəkilir. Beləliklə də, kafir ana-ata və əqrəbalar üçün istiğfar edilməsi qadağan olunur.

Bu xüsus Tövbə surəsində belə dilə gətirilmişdi:

  • 113,114Onların özlərinə cəhənnəm əhli olduqları yaxşıca bəlli olduqdan sonra, Peyğəmbərə və iman edənlərə, əqrəba belə olsalar, ortaq qoşanlar üçün bağışlanma dilə­mək olmaz. İbrahimin atası üçün bağışlanma diləməsi isə ancaq ona söz verdiyinə görə idi. Sonra onun Allah üçün bir düşmən olduğu özünə açıqca bəlli olan kimi, ondan uzaqlaşdı. Şübhəsiz ki, İbrahim çox səmimi, çox həlim birisi idi. (Tövbə/113, 114)
  • 23Ey iman edənlər! Əgər atalarınız və qardaşlarınız imana qarşılıq küfrü sevirlərsə, onları köməkçi, yol göstərici, qoruyucu yaxınlar etməyin. Sizdən hər kim də onları köməkçi, yol göstərici, qoruyucu yaxınlar qəbul edərsə, artıq bax budur, onlar səhv davrananların/öz zərərlərinə iş edənlərin məhz özləridir.
  • 24De ki: Əgər atalarınız, oğullarınız, qardaşlarınız, həyat yoldaşlarınız, əqrəbala­rı­nız, qəbiləniz, əldə etdiyiniz mallar, durğunluğa uğramasından ürpərdiyiniz ticarət, xoş­landığınız məskənlər, sizə Allahdan, Onun Elçisindən və Onun yolunda çalışmaqdan daha sevimlidirsə, artıq Allah əmrini gətirənə qədər gözləyin. Və Allah haqq yoldan çıxmışlar qövmünə bələdçilik etməz. (Tövbə/23, 24)

7Bəlkə Allah sizlərlə onlardan özlərinə qarşı düşmənçilik bəsləməkdə olduğunuz insanlar arasında bir sevgi əmələ gətirər. Allah ən yaxşı güc yetirəndir. Və Allah çox bağışlayan, çox mərhəmət edəndir.

8Allah sizi din haqqında sizinlə döyüşməyən və sizi yurdlarınızdan çıxarmayan insanlara yaxşılıq etməkdən, onlara haqqaniyyətlə davranmaqdan çəkindirməz. Şübhəsiz ki, Allah haqqaniyyətlə davrananları sevər.

9Allah ancaq sizi sizinlə din haqqında döyüşən, sizi yurdlarınızdan çıxaran və çıxarılmağınız üçün əlbir olan insanları vəliləşdirməyinizi [qoruyucu, nəzarətedici, idarəedici etməyinizi] qadağan edər. Kim onları vəliləşdirirsə, bax budur, onlar səhv/öz zərərlərinə iş edənlərin məhz özləridir.

Bu ayə qrupunda Möminlərin fövqəladə şəraitlərdə etməli olduqları davranışlar ortaya qoyulur. Həmçinin bu ayələr birinci ayənin açılışıdır ki, burada Möminlərə, vəlayə ilə əqrəbalıq hüququnu qarışdırmamaları, əqrəbalıq hüququnun davam etməli olduğunu, özləriylə mübarizə aparmayan əqrəbalara düşmən gözüylə baxmamaları, onlarla əlaqələrini kəsməmələri bildirilmişdir.

7-ci ayədəki Bəlkə Allah sizlərlə onlardan özlərinə qarşı düşmənçilik bəsləməkdə olduğunuz insanlar arasında bir sevgi əmələ gətirər ifadəsi, Allahdan gələcək gözlənilməz yardımlara işarə edir və beləliklə, Möminlərə ümid təlqin edir. Bu gözlənilməz yardımın ilk örnəklərindən biri Rəsulullahın müşriklərin lideri və İslamın baş düşməni Əbu Süfyanın qızı Umm Həbibə ilə evliliyindən sonra Əbu Süfyanın yumşalmasıdır.

Bu vəziyyət mənbələrdə belə əks olunmuşdur:

Bu ayə-ti kərimə nazil olduqda Müsəlmanlar müşrik əqrəbalarına düşmənçilik etdilər. Uca Allah bu xüsusda Müsəlmanların sahib olduqları duyğuların nə qədər irəli dərəcədə olduğunu bildiyinə görə də Ola bilər ki, Allah onlardan düşmənçilik etdiklərinizlə sizin aranızda yaxın bir dostluq meydana gətirər buyuruğunu endirdi. Bu isə kafirin Müsəlman olması ilə reallaşır. Məkkənin fəthindən bir müddət sonra əhəmiyyətli bir camaat İslama girdi və Müsəlmanlar onlarla iç-içə oldu. Əbu Süfyan b. Harb, Haris b. Hişam, Süheyl b. Amr və Hakim b. Hizam kimi…

Bəhs edilən sevginin Peyğəmbərin (s.ə.s) Əbu Süfyanın qızı Umm Həbibə ilə evliliyi olduğu da söylənmişdir. Həmin o vaxt Əbu Süfyanın sərtliyi yumşaldı, düşmənçilik duyğuları yüngülləşdi.

İbn Abbas dedi ki: Bu sevgi Məkkənin fəthindən sonra Peyğəmbərin (s.ə.s) Əbu Süfyanın qızı Umm Həbibə ilə evliliyidir. Daha əvvəl Abdullah b. Cahşın nikahı altında idi. O və əri Həbəşistana hicrət edənlərdəndir. Əri Xristiyan oldu və onun da Xristiyan olmasını istədi. Umm Həbibə qəbul etməyib, dinində səbat göstərdi. Əri Xristiyan olaraq öldü. Peyğəmbər (s.ə.s) Nəcaşiyə xəbər göndərərək, ona talib olduğunu bildirdi. Nəcaşi Peyğəmbərin yoldaşlarından: “Aranızda bu xanıma ən yaxın olan kimdir?” – deyə soruşdu. Onlar: “Halid b. Said b. əl-Asdır” – dedilər. Ona: “Bu xanımı Peyğəmbəriniz ilə evləndir” – dedi, o da bunu etdi. Nəcaşi öz kisəsindən ona 400 dinar mehir verdi.

Bir görüşə görə də Peyğəmbər (s.ə.s) onu Osman b. Affan vasitəsi ilə istəmişdi. Osman (r.a) Umm Həbibəni Hz. Peyğəmbərə nikahlayınca bu xüsusda Nəcaşiyə xəbər göndərdi, o da onun adından mehirini ödəyib Umm Həbibəni Ona göndərdi. Müşrik olan Əbu Süfyan, Peyğəmbərin (s.ə.s) onun qızıyla evləndiyi xəbərini alınca: “Bu burnuna vurulamayacaq qədər üstün və şərəfli bir erkək (dəvə)dir” – dedi. [2]

8-ci ayədəki Sizinlə döyüşməyən və sizi yurdlarınızdan çıxarmayan kimsələrə yaxşılıq etməkdən, onlara haqqaniyyətlə davranmaqdan çəkindirməz ifadəsiylə kafir ana-ata, inanmış olmasına rəğmən hicrət etməmiş Möminlər, döyüşə qatılmayan qadınlar və uşaqlar qəsd edilmişdir.

Bu ayənin enmə səbəbi haqqında aşağıdakı nəqllər vardır:

Amir b. Abdullah b. əz-Zübeyrin atasından rəvayət etdiyinə görə, Əbu Bəkr əs-Sıddıq cahiliyə dövründə Kuleylə adındakı xanımını boşamışdı. Bu, Əbu Bəkrin qızı Esmanın anasıdır. Rəsulullah (s.ə.s) ilə Qüreyş kafirləri arasındakl barış Andlaşması dövründə Kuleylə yanlarına gəldi. Əbu Bəkr əs-Sıddıqın qızı Esmaya bir sırğa və bəzi şeylər hədiyyə etdi. Esma bu hədiyyələri qəbul etmək istəmədiyindən Rəsulullahın (s.ə.s) yanına gedərək, vəziyyəti ona anlatdı. Uca Allah da Sizinlə din xüsusunda döyüşməmiş… olanlara yaxşılıq etməyinizi Allah sizə qadağan etməbuyuruğunu endirdi. Bu xəbəri əl-Maverdi və başqaları zikr etmiş olub, Əbu Davud ət-Tayalisi də bunu Müsnədində rəvayət etmişdir. [3]

Abdullah b. Zübeyrdən bu ayənin Hz. Əbu Bəkrin (r.a) qızı Esma haqqında nazil olduğu rəvayət edilmişdir. Buna görə, Esmanın müşrik olan anası Kuteylə, bir sıra hədiyyələr gətirdi, amma o anasını qəbul etmədi və girməsinə icazə vermədi. Bundan sonra Hz. Peyğəmbər (s.ə.s) Esmaya (r.a) əmr etdi ki, anasını içəri alsın və onu qəbul edib, yaxşı davransın, ehsan etsin.

İbn Abbasdan (r.a), ayədə bəhs edilənlərin, atası Abbasın da aralarında olduğu Haşimoğullarından Bədir günü müşriklər tərəfindən zorla döyüşə çıxarılmış kimsələr olduğu rəvayət edilmişdir. [4]

10Ey iman edənlər! Mömin qadınlar köçkünlər olaraq sizin yanınıza gəldiyi zaman dərhal onları sorğu-suala çəkin. Allah onların imanlarını daha yaxşı bilir. Artıq, əgər siz də onların inanmış qadınlar olduğunu öyrənərsinizsə, artıq onları kafirlərə geri döndərməyin. Köç edən mö­min qadınlar, onlara halal deyildir. Onlar da bunlara halal olmazlar. İnanmamış əv­vəlki ərlərinə sərf etdiklərini verin. Mehirlərini özlərinə verdiyiniz zaman on­lar­la evlənməyinizdə sizə bir günah yoxdur. Kafir qadınları nikahınızda tutmayın, sərf etdiyinizi/ödədiyiniz mehiri ge­ri istəyin. Onlar da sərf etdiklərini/sizə xərclədiklərini geri istəsinlər. Bax budur, bu, Allahın hökmüdür ki, aranızda O, hökm edər! Allah çox bilən, çox yaxşı qay­da qoyandır.

11Əgər zövcələrinizdən biri sizdən kafirlərin yanına qaçar və siz də bu pis davranışa eynilə qarşılıq verərsinizsə, zövcələri getmiş olanlara xərclədiklərı qədər verin. Və siz, özünə inandığınız Allahın qoruması altına girin.

Allahın Müsəlmanlara müşrikləri vəliləşdirməyi qadağan etməsi, Müsəlmanların müşriklərin yurdunu bıraxıb, Müsəlmanların yurduna hicrət etmələrini vacib edirdi; bu da bir sıra problemlərə yol açdı. Bu ayələrdə, mültəci qadınlarla əlaqədar hökmlər və yurdlarından çıxarılanlara edilməli olan ictimai yardımlar yer alır.

Bu ayələrin yaxşı anlaşılması üçün enmə səbəblərinin nəzərə alınması lazımdır:

İbn Abbas dedi ki, Hudeybiyyədə Qüreyş müşrikləri ilə (Peyğəmbər), özünə gələn Məkkəliləri onlara geri qaytararaq andlaşmışdı. Andlaşmanın yazılışından sonra və Peyğəmbər (s.ə.s) hələ Hudeybiyədə olduqda əl-Haris qızı Esləmli Saidə gəldi. Kafir olan əri Sayfi b. ər-Rahib (adının Musafir əl-Mahzumi olduğu da söylənmişdir) gəlib: “Ey Muhəmməd!” – dedi, “Mənə xanımımı geri ver, çünki sən bu şərtlə andlaşma etmisən. Budur hələ kitabımızın [yazışmamızın] çamuru [möhürü] qurumadı.” Bundan sonra uca Allah, bu ayə-i kəriməni endirdi.

Bir digər görüşə görə, Ukbə b. Əbu Muaytın qızı Umm Gülsüm gəldi. Yaxınları gəlib Rəsulullahdan (s.ə.s) onu özlərinə geri verməsini istədi.

Bir başqa açıqlamaya görə, (Umm Gülsüm) əri Amr b. əl-Asdan, yanında iki qardaşı İmarə və əl-Vəlid ilə birlikdə qaçmışdı. Rəsulullah (s.ə.s) qardaşlarını geri Verdi, lakin Umm Gülsümü saxladı. Peyğəmbərə (s.ə.s): “Andlaşma şərtinə uyğun olaraq, onu da bizə geri ver” – dedilər. Peyğəmbər (s.ə.s) belə buyurdu: “Andlaşmada qoşulan şərt, kişilər haqqında idi. Qadınlar haqqında deyildi”. Bundan sonra Uca Allah bu ayə-ti kəriməni endirdi.

Urveden belə dediyi rəvayət edilmişdir: Süheyl b. Amrın Hudeybiyyə günü Peyğəmbərə (s.ə.s) qoşduğu şərtlər arasında bu da vardı: “Bizdən hər hansı bir kimsə yanına gələrsə, sənin dinini qəbul etmiş olsa belə onu mütləq bizə geri verəcəksən”. Nəhayət uca Allah Möminlər haqqında bilinən buyuruğunu endirdi.

Yenə deyildiyinə görə gələn qadın Bişrin qızı Umeymədir. O Sabit b. əş-Şimrahın xanımı idi. O sırada hələ kafir ikən ondan qaçmışdı. Onunla Sehr b. Hunəyf evləndi, ondan Abdullah adındakı oğlu dünyaya gəldi. Bu açıqlamanı da Zeyd b. Həbib etmişdir. Əl-Mavərdi də eyni şəkildə Sabit b. əş-Şimrahın xanımı olan Bişr qızı Umeymə… demişdir.

Məhdəvi dedi ki: “İbn Vehbin Haliddən rəvayətinə görə bu ayə-ti kərimə Amr b. Avfoğullarından Bişr qızı Umeymə haqqında enmişdir. Bu Hassan b. ed-Dahdahın xanımı idi. Hicrət etdikdən sonra onunla Səhl b. Hunəyf evlənmişdi”.

Muqatıl dedi ki: “Bu qadın Məkkəli müşriklərdən Sayfi b. er-Rahibin xanımı olub, adı Saidə idi”.

Ancaq elm əhlinin çoxunun qəbul etdiyinə görə, bu qadın, Ukbə qızı Umm Gülsüm idi. [5]

Kəhf surəsinin təhlilində Hudeybiyə Andlaşmasına da toxunmuş və bu anlaşmanın 2-ci maddəsinin, “Məkkəyə iltica edən heç bir Mədinəli Müsəlman geri verilməyəcək, lakin Muhəmməd, özünə sığınan hər Məkkəlini, bu Məkkəlinin vəlisinin (kölələr üçün sahibi, ya da ailə rəisi) istəyi ilə geri göndərmək məcburiyyətindədir” şəklində olduğunu ifadə etmişdik. [6] Buna görə, Müsəlmanlara sığınmaqla birlikdə, şirkini davam edən qadın (Andlaşmaya uyğun olaraq) onlara geri verilməli idi.

İmtahanın Mövzusu. Ayədən açıq şəkildə anlaşıldığına görə, öyrənilmək istənən, qadının həqiqi Mömin olub-olmamasıdır. Bəziləri məqsədin mənfəətçi olub-olmadığının, yəni mənfəət əldə etmək üçün qaçıb qaçmadığının təsbit edilməsi olduğunu qəbul etsələr də, ayənin məğzi, məqsədin, imanlı olub olmadığının təsbiti olduğuna açıq şəkildə dəlalət edir.

İbn Abbas dedi ki, İmtahan ondan ibarət idi ki, o qadının ərinə nifrət etdiyi, hər hansı bir yeri digərinə daha çox tərcih etdiyi, dünyalıq istədiyi, yaxud da bizdən bir adama aşiq olduğu üçün hicrət etmədiyini; əksinə, sadəcə Allah və Rəsulunu sevdiyi üçün hicrət etdiyini Allahın adına and içdirilərək təsdiq edilsin. Əgər belə olduğuna dair özündən başqa tanrı olmayan Allaha and içərsə, Peyğəmbər (s.ə.s) onun əvvəlki ərinə mehrini və (evlilik zamanı) etmiş olduğu xərcləri geri verir, qadını ona geri verməzdi. Budur uca Allahın Əgər onların Mömin qadınlar olduğunu görərsinizsə, onları kafirlərə geri göndərməyin. Həm bu qadınlar o kişilərə halal deyildir, həm də o kişilər bu qadınlara halal olmaz buyuruğu bunu anladır. [7]

Nüzul Səbəbi. Bu belədir, çünki, Hudeybiyyə ilindəki anlaşma bu şəkildə edilmişdi: “Müsəlmanlardan Məkkəlilərə gələn [iltica edən], Məkkəlilərə geri verilir; lakin Məkkəlilərdən Müsəlmanlara gələn Məkkəlilərə geri verilməyəcək”. Anlaşmanı eynilə belə yazıb möhürləmişdilər. Sonra Subeya bintıl-Haris əl-Esləmiyyə Müsəlman olaraq gəldi. Hz. Peyğəmbər (s.ə.s) o zaman Hudeybiyyədə idi. Əri Musafir əl-Mahzumi da ardınca çıxıb gəldi. Gələnin Sayf b. ər-Rahib olduğu da söylənmişdir. Sonra: “Ey Muhəmməd! Xanımımı geri ver. Çünki sən bizdən sizə gələnləri bizə geri vermək şərtini qəbul etdin. Bu anlaşmanın mürəkkəbi hələ qurumadı” – dedi. Budur, bundan sonra bu ayə, bir izah olaraq endi. Çünki geri vermə şərti, qadınlar deyil, kişilərdən bəhs edirdi. [8]

Bu ayələrdə aşağıdakı hökmlər yer alır:

  • İltica edən qadınlar imtahan ediləcəkdir.
  • Mömin olduqlarına qənaət gətirilərsə, kafirlərə geri verilməyəcəkdilər.
  • Hicrət/iltica edən Mömin qadınlar kafir olan keçmiş ərlərinə halal olmazlar.
  • Kafir ərlərinə onların keçmiş xanımlarına verdikləri mehir və etdikləri məsrəf Mömin cəmiyyət tərəfindən ödəniləcəkdir.
  • İltica edən Mömin qadınlarla mehirlərini verərək evlənmək olar, keçmiş kafir ərinin varlığı nəzərə alınmaz. Aralarındakı nikah əqdi bitmişdir.
  • Müsəlmanlar kafir qadınları nikahlarında tutmamalıdır, onlara verilən mehiri və edilən məsrəfi istəməlidirlər. Onlara da sərf etdikləri verilməlidir.
  • Xanımı kafirlərə qaçan Möminə cəmiyyət dəstək olmalı, qaçan xanımına ödədiyi mehir və məsrəfi Möminə ödəməlidir.

12Ey Peyğəmbər! İnanmış qadınlar sənə Allaha heç bir şeyi ortaq qoşmamaları, oğurluq etməmələri, zina etməmələri, uşaqlarını öldürməmələri, əlləri ilə ayaqları arasında bir iftira uydurmamaları hər kəs tərəfindən müsbət qəbul edilən/vəhyə uyğun xüsuslarda sənə üsyan etməmələrinə dair bağlılıq andı içərək gəlirlərsə, dərhal onların bağlılıq andlarını qəbul et və onlar üçün Allahdan bağışlanma dilə. Şübhəsiz ki, Allah çox bağışlayan, çox mərhəmət edəndir.

 Məkkənin fəthindən qısa bir müddət əvvəl enən bu ayədə fəthdən sonra Rəsulullaha beyət edən qadınlarla əlaqədar hökmlər ilə din və dövlətin əsas hökmləri yer alır. Belə ki:

  • Allaha heç bir şey ortaq qoşulmayacaqdır [din qorunacaqdır];
  • Oğurluq edilməyəcəkdir [mal qorunacaqdır];
  • Zina edilməyəcəkdir [izzət və ailə quruluşu qorunacaqdır];
  • Uşaqlar öldürülməyəcək, nəsəb mövzusunda yalan uydurulmayacaqdır [can və nəsil qorunacaqdır];
  • Marufda Peyğəmbərə üsyan edilməyəcəkdir [özündə doğruluq, yaxşılıq olan hər şeydə; dinə, insan haqqlarına zidd olmayan tətbiqatlarda dövlətə qarşı çıxılmayacaqdır].

Bu ayənin ilk tətbiqinə dair bu hadisə nəql edilmişdir:

Rəvayət olunduğuna görə Hz. Peyğəmbər (s.ə.s) Məkkənin fəth edildiyi gün kişilər beyətləşməni bitirincə, qadınlarla beyətə başladı. Özü Səfa təpəsində, Hz. Ömər (r.a) də oranın aşağısında Hz. Peyğəmbərin (s.ə.s) əmriylə qadınlarla beyətləşib, Peyğəmbərin (s.ə.s) təbligatını onlara bildirirdi. Əbu Süfyanın xanımı, Utbənin qızı Hind Peyğəmbərin (s.ə.s) onu tanıyacağından nigaran idi. Ona görə də üzünü örtüb qiyafətini dəyişdirmiş olaraq beyət edən qadınlar arasında idi. Bundan sonra Hz. Peyğəmbər (s.ə.s): “Sizin Allaha hər hansı bir şeyi şirk qoşmamağınız şərtiylə, sizinlə beyətləşərəm” – buyurunca, Hind başını qaldırdı və: “Allaha and olsun ki, biz bütlərə sitayiş etdik. Şübhəsiz ki, sən kişilərdən olmadığın və onlara beyət etmədiyin bir şeyə görə bizi məsul tutursan. Çünki siz kişilərlə ancaq müsəlman olduqları və cihad etdikləri üçün beyət etdiniz…”

Hz. Peyğəmbər (s.ə.s): “Oğurluq etməməyiniz … şərti ilə beyətləşirəm…” – deyincə, yenə Hind: “Əbu Süfyan xəsis bir adamdır. Mən onun malında bir pislik etdim [onun malından oğurladım]. Buna görə də, bilmirəm, o aldığım mal mənə halaldırmı, deyilmi?” – dedi. Bundan sonra Əbu Süfyan da: “Keçmişdə aldığın, gələcəkdə alacağın hər şey, sənə halal olsun…” – deyincə, Hz. Peyğəmbər (s.ə.s) gülümsədi, onu tanıdı və ona: “Mütləq ki, Utbənin qızı Hindsən” – deyincə Hind: “Bəli” – dedi, “Əksinə, ey Allahın Nəbisi, Allah sənə afiyət versin… Keçmişdə olanı bağışla…”

Hz. Peyğəmbər (sözünə davam edərək): “Zina etməməyiniz şərti ilə…” – deyincə, Hind: “Azad qadın heç zina edərmi?” (başqa bir rəvayətdə isə, “Heç bir azad qadın zina etməmişdir”) – dedi. Hz. Peyğəmbər (s.ə.s): “Uşaqlarınızı öldürməməyiniz şərti ilə…” – deyincə də, Hind: “Biz onları böyütdük, sən isə onları öldürdün. Bunu sən də, onlar da çox yaxşı bilirsiniz!” – dedi. Çünki Əbu Süfyanın oğlu Hanzalə Bədir döyüşündə öldürülmüşdü…

Bundan sonra Hz. Ömər (r.a) o qədər güldü ki, arxası üstə yerə düşdü. Hz. Peyğəmbər (s.ə.s) də təbəssüm etdi. Yenə Hz. Peyğəmbər (s.ə.s): “İftira da (ki, bu iftira qadının ərindən olmayan uşağını ərinə nisbət etməsidir) etməməyiniz şərti ilə…” – deyincə də, Hind: “Allaha and içirəm ki, böhtan pis bir işdir. Halbuki sən bizə, doğruluğu və gözəl xüsusiyyətləri əmr edirsən” – dedi. Hz. Peyğəmbər (s.ə.s): “Marufda, yaxşı şeylərdə mənə üsyan etməməyiniz şərti ilə…” – deyincə də, Hind: “Allaha and içirəm ki, içimizdə hər hansı bir şey xüsusunda sənə üsyan etmək düşüncəsi var olsa idi, burada olmazdıq” – dedi. [9]

13Ey iman edənlər! Allahın qəzəb etdiyi qövmü vəliləşdirməyin [idarəçi, qoruyucu etməyin]. Kafirlərin məzarlıq xalqından ümid kəsdiyi kimi, qətiliklə onlar axirətdən ümid kəsənlərdir.

Bu ayə Mədinə dövründə tez-tez üzərində durulan və surənin başında da bəhs edilən vəlayə mövzusuna son nöqtəni qoyur. Ənfal/72-73-cü ayələr kafirlərlə Möminlər arasındakı vəlayə mövzusunu sistemləşdirir. Möminlər Möminlərin, kafirlər də kafirlərin vəlisi olub, bir-birlərini qoruyur, nəzarət edir və yardım edirlər. Möminlər qətiyyən vəlayələrini [qorunmalarını, nəzarət etmələrini, idarəçiliklərini], müşriklərə/kafirlərə təslim edə bilməzlər.

Bu mövzu ilə əlaqədar Nisa/119; Kəhf/102; Rad/16; Nəhl/63; Ənam/121; Mücadilə/14; Maidə/80-82, 57, 51, Al-i İmran/28; Tövbə/23; Nisa/144, 89-a baxıla bilər.

Qeyd. Bu ayələrdə yer alan vəli, övliya sözü, ümumiliklə “dost, dostlar” olaraq tərcümə edilir ki, bu, ayələri əxlaqi bir davranışı məsləhət görməsi mənasına endirməkdir. Halbuki burada bəhs edilən vəlayə; idari, siyasi və hüquqi vəlayədir [qorunma, nəzarət etmə və idarəetmədir].

Ənfal/73-cü ayədəki Əgər siz də onu etməzsinizsə, yer üzündə böyük bir qarışıqlıq və fitnə çıxar ifadəsi, “əgər siz, sizə Allahın A-dan Z-yə qədər ortaya qoyduğu prinsipləri, sizə əmr etdiyi şeyləri etməzsinizsə, yer üzündə bir fitnə və böyük bir fəsad meydana gələr”, yəni “kimliyinizi, dininizi və vətəninizi itirərsiniz” deməkdir. Əslində elə dinin məqsədi də, insanlara kimlik qazandırmaq və dünya üzərindəki zülm və qarışıqlığı aradan qaldırıb, ədaləti təsis etmək deyildirmi? Qeyri müsəlmanların vəliləşdirilməsi halında nələr olacağına dair Quranın bildirdiyi bu möcüzə günümüzdə tamamilə açıq olaraq yaşanır və hər tərəfdə görünür. Xüsusilə də, təhsil çağında vəlayəti qeyr-i müslimlərə verilən uşaqlar İslam dinindən uzaqlaşmış; Xristiyan, hətta papaz olmuşdular. Bunun yüzlərlə konkret nümunəsi görünür. Həmçinin, vəlayələrini qeyr-i müslimlərə verən Müsəlman ölkələrinin də əxlaqi, siyasi, iqtisadi və hərbi nöqteyi nəzərdən acınacaqlı bir halda olması, budur bu ayələrin işarə etdiyi nəticədən başqa bir şey deyildir.

Ayədəki Kafirlərin, məzarlıq xalqından ümid kəsdiyi kimi, qətiliklə onlar, axirətdən ümid kəsənlərdir ifadəsiylə, kafirlərin-münafiqlərin axirətə, ölümlərindən sonra dirildiləcəklərinə, hesaba çəkilib, yaxşılıq və pisliklərinin qarşılıqlarını görəcəklərinə inanmadıqları, beləliklə də, etdikləri pisliklərin yanlarına qazanc qalacağı inancıyla hər cür naqisliyi edə biləcəkləri bildirilmişdir.

Enən ilk surələrdə də bildirilmişdi ki, cəmiyyətdəki hər pisliyin qaynağı axirətə inanmamaqdan qaynaqlanır:

  • 1Axirətdə hər kəsin yaxşı və ya pis, etdiklərinin qarşılığını görməsini/Allahın sosial nizamı müəyyən edən qanunlarını inkar edən bu insanı gördünmü/heç düşündünmü? 2,3Bax, elə odur, yetimi itələyib, elədiyini başına qaxan və yoxsulu doyuzdurmaq barədə düşünüb – düşündürməyən. (Maun/1-3)

Axirət inancı rahatlığını sevən və dünya nemətlərini arzu edən bir quruluşda yaradılmış olan insan üçün, edəcəyi günahlar mövzusunda çaşdırıcı bir ünsürdür. Çünki mənfəəti üçün hər cür məsuliyyətsiz davranışda ola biləcək quruluşdakı insan, ancaq bir “mükafat və cəza yurdu”nun varlığı sayəsində özünü sınaya bilər, beləliklə, dünyadakı pisliklərin artma sürəti əyləclənər.

Doğrusunu ən yaxşı bilən Allahdır.

 

İstifadə edilmiş ədəbiyyat:

 

[1] Mevdudi, Tefhimül-Kuran.

[2] Kurtubi, el-Camiu li Ahkamıl-Kuran.

[3] Kurtubi, el-Camiu li Ahkamıl-Kuran.

[4] Razi, Mefatihu’l-Ğayb.

[5] Kurtubi, el-Camiu li Ahkamıl-Kuran.

[6] Quranın Təbyini, VI cild, Kəhf surəsi.

[7] Kurtubi, el-Camiu li Ahkamıl-Kuran.

[8] Razi, Mefatihu’l-Ğayb.

[9] Kurtubi, el-Camiu li Ahkamıl-Kuran.