HƏDİD SURƏSİ

MƏDİNƏ DÖVRÜ

Nəcm: 573

1Göylərdə və yer üzündə olan şeylər, Allahı hər cür nöqsanlıqdan münəzzəh qıldılar. Və O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olan, ən yaxşı qayda qoyan, pozulmağı yaxşı əngəlləyən/sağlamlaşdırandır.

2Göylərin və yer üzünün idarəçiliyi, sadəcə, Onundur. O, dirildir və öldürür. O, hər şeyə ən yaxşı güc yetirəndir.

3O, İlkdir, Sondur, Açıqdadır, İçdədir və O, hər şeyi ən yaxşı biləndir.

4O, göyləri və yeri altı mərhələdə yaradan, sonra ən böyük taxt üzərində hegemonluq quran, yer üzünə girəni, ondan çıxanı, göydən enəni, ona çıxanı biləndir. Və harada olursunuzsa olun, O, sizinlə birlikdədir. Və Allah etdiklərinizi ən yaxşı görəndir.

5Göylərin və yer üzünün idarəçiliyi yalnız və yalnız Onundur. Və işlər yalnız və yalnız Allaha döndərilir.

6O, gecəni gündüzün, gündüzü də gecənin içinə qatır. O, qəlblərin özünü ən yaxşı biləndir.

(94/57, Hədid/1–6)

Nəcm: 574

7Allaha və Elçisinə inanın. Sizi özünə sonradan sahib etdiyi şeylərdən Allah yolunda xərcləyin/başda öz yaxınlarınız olmaqla, başqalarının dolanışıqlarını təmin edin. Artıq sizlərdən  inanan və xərcləyən kimsələr… Onlara çox böyük qarşılıq vardır.

8Sizə nə oldu ki, Elçi sizi Rəbbinizə inanmağa dəvət etdiyi halda, Allaha inanmırsınız? Halbuki, O, əgər siz inananlarsınızsa, sizdən inanacağınıza dair “qəti söz” almışdı.

9Allah, sizi qaranlıqlardan aydınlığa çıxarmaq üçün quluna açıq-aşkar ayələri endirəndir. Və şübhəsiz ki, Allah sizə çox şəfqətli, çox mərhəmətlidir.

(94/57, Hədid/7–9)

Nəcm: 575

10Göylərin və yerin son sahibliyi Allahın olmasına baxmayaraq, niyə siz Allah yolunda xərcləmirsiniz? Sizlərlə fəthdən öncə xərcləyən və döyüşən kimsələr eyni olmaz. Onlar dərəcə baxımından sonradan Allah yolunda xərcləyən və döyüşən insanlardan daha üstündür. Bununla yanaşı, Allah hamısına “ən gözəl”i vəd etmişdir. Və Allah etdiklərinizdən xəbərdardır.

11O, Allaha gözəl bir borc verəcək olan kimdir ki, Allah da onun üçün qat-qat artırsın! Onun üçün şərəfli bir mükafat da vardır.

(94/57, Hədid/10–11)

Nəcm: 576

12O gün inanan kişiləri və inanan qadınları əllərinin arasında və sağlarında işıqları olduğu halda, qaçan görəcəksən. Bu gün müjdəniz altlarından çaylar axan, içlərində sonsuzadək qalacağınız cənnətlərdir. Bax budur, bu, çox böyük qurtuluşun məhz özüdür!

13O gün münafiq kişilər və münafiq qadınlar o iman edən insanlara: “Bizə baxın ki, sizin işığınızdan alaq?” – deyərlər. Deyildi ki: “Arxanıza dönün və işıq arayın!” Sonra da aralarına içində mərhəmət, kənarında isə öz tərəfindən əzab olan qapılı bir divar çəkilir.

14,15Onlara: “Biz sizinlə bərabər deyildikmi?” – deyə səslənirlər. Möminlər: “Bəli, amma siz öz canlarınızı atəşə atdınız, gözlədiniz, şübhəyə düşdünüz və sayıqlamalar si­zi aldatdı. Sonunda Allahın əmri gəlib çatdı. O, çox aldadan isə sizi Allah ilə al­dat­dı. Bu gün artıq sizdən qurtarmaq üçün fidyə alınmaz, kafirlərdən də. Sizin çatacağınız yer atəşdir. O, sizə ya­ra­şan­dır. O, nə pis bir dönüş yeridir!”

(94/57, Hədid/12–15)

Nəcm: 577

16İnananlar üçün hələ vaxtı gəlmədimi ki, qəlbləri Allahı anmaq və haqqdan gələn üçün ürpərsin və daha öncə özlərinə Kitab verilmiş, sonra üzərlərindən uzun zaman keçmiş, beləliklə də qəlbləri qatılaşmış insanlar kimi olmasınlar. Onların çoxu yoldan çıxmışdır.

17Yer üzünü ölümündən sonra Allahın diriltdiyini bilin! Bəlkə ağlınızı işlədərsiniz deyə, Biz sizin üçün ayələri açıq şəkildə ortaya qoyduq.

18Şübhəsiz, sədəqə verən kişilərin, sədəqə verən qadınların və Allaha gözəl bir borc verənlərin haqqı qat-qat artırılacaqdır. Onlar üçün çox şərəfli bir mükafat da vardır.

19Allaha və Elçisinə inanan kimsələr… Bax budur, onlar Rəbbi nəzdində ən doğru kimsələrin və şəhidlərin məhz özləridir. Onlar üçün etdiklərinin qarşılıqları və işıqları vardır. İnkar edən və ayələrimizi yalan sayan kimsələr isə… Onlar cəhənnəmin əhlidirlər.

20Bilin ki, keçici dünya həyatı, ancaq bir oyun, ehtiraslı bir əyləndirmə, bir bəzək, öz aranızda bir öyünmə vasitəsi, mal və uşaqlar barəsində bir çoxaltma yarışıdır. Bir yağış örnəyi kimi  – onun bitirdiyi əkin əkinçilərin xoşuna gedər, sonra quruyar, bir də baxarsan ki, sapsarı kəsilmiş, sonra o, bir çör-çöp olmuşdur. Axirətdə isə şiddətli bir əzab və Allahdan bir bağışlama və bir məmnunluq vardır. Dünyadakı dünya həyatı aldanış vasitəsindən və vəsaitindən başqa bir şey deyildir.

21Rəbbinizdən bir bağışlanma, Allaha və elçilərinə inananlar üçün hazırlanmış genişliyi göylə yerin genişliyi kimi olan cənnət uğrunda yarışın. Bax budur, bu, Allahın dilədiyinə verdiyi ərməğandır. Onu dilədiyinə verir. Və Allah, böyük ərməğan sahibidir.

22–24Yer üzündə və özlərinin içində müsibətdən isabət edən şeylər –  əlinizdən çıxana kədərlənməyəsiniz və Allahın sizə verdiyi şeylərlə öyünməyəsiniz deyə, Bizim onu yarat­ma­ğımızdan öncə, qətiliklə bir kitabdadır. Şübhəsiz ki, bu, Allaha görə çox asandır. Və Allah xəsislik edən və insanlara da xəsisliyi əmr edən, özünü bəyənib, təkəb­bür­lə­nən insanları sevməz. Kim üz çevirərsə də, bilin ki, şübhəsiz, Allah çox zəngin, heç bir şeyə möhtac olmayanın, öyülən, öyülməyə layiq olanın məhz özüdür.

(94/57, Hədid/16–24)

Nəcm: 578

25And olsun ki, Biz elçilərimizi açıq dəlillərlə göndərdik və insanların haqqaniy­yət­li fəaliyyətini təmin etmələri və Allahın dininə və elçilərinə, kimsə özlərini gör­mə­di­yi və tanımadığı yerlərdə belə kömək edənləri müəyyən etməsi/işarələyib göstərməsi üçün onlarla birlikdə kitabı və ölçünü endirdik. Biz özündə böyük bir qüvvət və in­san­lar üçün yararlar olan dəmiri də endirdik. Şübhəsiz ki, Allah çox qüvvətlidir, mütləq üs­tündür.

26Və and olsun Nuhu və İbrahimi elçi göndərdik, peyğəmbərliyi və kitabı bu ikisinin soyları içində davam etdirdik. Sonra da onlardan bir qismi doğru yolu tapan, onlardan bir çoxu da haqq yoldan çıxmış kimsələr oldular.

27Sonra bunların izindən ard-arda elçilərimizi göndərdik. Məryəm oğlu İsanı da ardından göndərdik, özünə İncili verdik və ona tabe olan insanların qəlblərinə bir şəfqət və mərhəmət qoyduq. Uydurduqları ruhbanlıq… Onu onların üzərinə Biz yazmadıq. Sadəcə Allah rızasını qazanmaq üçün ortaya çıxardılar. Sonra da buna lazım olduğu kimi, riayət etmədilər. Sonra da Biz onlardan iman edən insanlara qarşılıqlarını verdik. Onlardan bir çoxu da haqq yoldan çıxmış olanlardır.

(94/57, Hədid/25–27)

Nəcm: 579

28,29Ey iman edənlər! Allahın qoruması altına girin, Onun Elçisinə inanın ki, Kitab Əhli, Allahın ərməğanlarından heç bir şey əldə edə bilməyəcəklərini və şübhəsiz, ərməğanların Allahın əlində olduğunu, onu dilədiyinə verdiyini bilsinlər deyə, Allah sizə mərhəmətindən iki pay versin, sizin üçün işığında yeriyəcəyiniz bir işıq etsin və sizi bağışlasın. Allah çox bağışlayan, çox mərhəmət edəndir. Və Allah böyük ərməğan sahibidir.

(94/57, Hədid/28–29)