LEYL SURƏSİNİN TƏBYİNİ

Adını birinci ayədəki “əl–Leyl” (gecə) sözündən alan surə, Məkkədə nazil olan 9–cu surədir. Rəsmi düzülüşdə 92ci yerdədir.

Daha əvvəlcə enən səkkiz surədə əsasən axirət inancından bəhs edilmiş, bu inanca sahib olmayanlar cəhənnəm ilə təhdid edilmişdi. Rəbbimizin buna bənzər xəbərdarlıqları bu surədə də davam edir. Ancaq, bu xəbərdarlıqlar insanların axirətlə əlaqədar təsəvvürlərindən dünyadakı davranışlarına doğru yönəlməyə başlayır və geniş şəkildə işıqlandırılır.

Surənin Enmə Səbəbi

Surənin enmə səbəbi haqqında bir çox rəvayətlər meydana çıxmış və xüsusən də 17–20–ci ayələrdə təsvir edilən xarakterik xüsusiyyətləri, o günlərdə yaşamış olan  Əbu Bəkirin, Əlinin, Bilalın, Əbu Dahdahın, Ümeyyə b. Haləfin xüsusiyyətləri ilə eyniləşdirməyə cəhd edilmişdir. Belə ki, bu surədə də, Təbbət surəsindəki Əbu Ləhəb nümunəsində olduğu kimi, insan adları verilməyərək, onların başlıca xarakterik xüsusiyyətləri dilə gətirilmişdir.

Ədəbi sənətlərdən istifadə olunması bu surədə də yüksək səviyyədədir. Ortaya qoyulan bu ədəbi möcüzənin yüksək səviyyədəki təsiri ilə insanlar birbaşa imana və İslama gəlir. Bu ədəbi sənətlərin hansı sözlər və ifadə formalarıyla ortaya çıxdığını bizim dilimizdə olan tərcümələrdə göstərmək mümkün deyil. Ona görə də, surələrin lazımi şəkildə anlaşılmasını təmin etmək üçün Azərbaycanca mənaları ilə əlaqədar bəzi məqamları göstərməyə çalışacağıq.

Tərcümə:

Rəhman, Rəhim Allah adından

  • 1–4Qara cahilliyi, vəhyin aydınlığını–biliyi və genetik xüsusiyyətləri sübut göstərirəm ki, sizin əmək və səyləriniz, tam yəqinliklə bilin ki, dağınıq və parça–parçadır.
  • 5–7Bu səbəbdən də kim malını– qazancını verərsə, Allahın qoruması altına girər və ən gözəli doğrulayarsa, Biz ona, “o ən asan olan” üçün asanlıq təmin edəcəyik.
  • 8–11Kim də xəsislik edərsə və özünü bütün ehtiyaclardan üstün görərsə və ən gözəli ya­lan sayarsa, Biz ona “ən çətin olan” üçün asanlıq təmin edəcəyik. Aşağı yuvar­la­nıb dəyişikliyə, dağıntıya uğradığında–öldüyündə malı onu qurtara bilməyəcəkdır.
  • 12Doğruya və gözələ bələdçiləndirmək sadəcə, Bizim üzərimizə aldığımız vəzifədir.
  • 13Sonrası da, əvvəli də sadəcə Bizimdir.
  • 14–16Elə Buna görə də, Mən sizi, yalan sayan, üz çevirən, ən çox bədbin olacaq olan adamdan başqasının girmədiyi, alovlandıqca alovlanan bir atəşə qarşı xəbərdar etdim.
  • 17–21Heç kimdən qarşılıq gözləmədən, sadəcə Uca Rəbbinin rızasını umaraq, arınmaq üçün malını verən, əsasən Allahın qoruması altına girmiş olan adam ondan uzaq tutulacaqdır. Və yaxında o adam, tam yəqinliklə bilin ki, razı qalacaqdır.

                                                                  (9/92, Leyl/1–21)      

TƏHLİL

1–4Bürüyüb örtdüyü zaman gecəyə, parıldadığı zaman gündüzə və erkəyi, dişini yaradan şeyə and olsun ki, sizin əmək və səyləriniz qətiliklə dağınıq və parça–parçadır.

Qeyd: ayədəki sözlərin həqiqi mənası, “bürüyüb örtdüyü zaman gecəyə, parıldadığı zaman gündüzə və erkəyi, dişini yaradan şeyə and olsun ki, sizin əmək və səyləriniz, tam yəqinliklə bilin ki, dağınıq və parça–parçadır” şəklindədir. Biz məcazi mənalarını verdik.

Uca Rəbbimiz surəyə and ilə başlayır. Daha sonrakı surə olan Fəcr surəsinin 5–ci ayəsində Rəbbimizin andlarının biz insanlarınkından fərqli olduğu görünür. Biz insanlar müxatibimizi sözlərimizə inandırmaq üçün and içirik. Rəbbimiz isə ağıl sahiblərinin diqqətini çəkmək, onları araşdırmağa sövq etmək və sübut göstərmək üçün and içir [sübut, qaynaq göstərir].

And cümləsiylə əlaqədar geniş izah Qələm surəsinin girişində verilmişdi.

Rəbbimizin and içməklə diqqətimizi çəkdiyi, üzərində düşünməyimizi istədiyi məqamlar gecə və gündüzdür. Ancaq, görünür ki, gecə və gündüzün günün sadəcə bir hissəsi olmasından başqa xüsusiyyətləri üzərində də düşünməyimiz istənilir. Çünki, ayələrdə “bürüyüb örtdüyü zaman gecəyə” və “parıldadığı zaman gündüzə” deyilərək, gecənin bürüyüb örtdüyü, gündüzün də parıldadığı qeyd edilir və diqqətimiz bir başqa səmtə yenə yönəldilir.

Gecə, ədəbi mətnlərin demək olar ki, hamısında bilinməyənin, görünməyənin, matəmin və hüznün simvolu olaraq istifadə edilmişdir. “Bürüyüb örtən gecə” deyimi isə qaranlığı, qaranlıq isə inamsızlığı və qorxunu simvolizə edir. Çünki, qaranlıq, insanın ətrafdan ən çox məlumat topladığı duyğu orqanının, gözlərin işinə mane olur. Gözləri ilə ətrafdan kifayət qədər məlumat ala bilməyən insan, nə ilə qarşılaşacağını bilmədiyi üçün qorxur, hərəkətlərini məhdudlaşdırır,  hətta xətalı davranışlar da edə bilir.

Gündüz isə aydınlığı və parlaqlığı sayəsində hər şeyin bütün açıqlığıyla görünməsini təmin etdiyi üçün insanlar tərəfindən gecədən üstün tutulmuşdur. “Gündüzün şəri gecənin xeyirindən yaxşıdır” atalar sözü bu vəziyyəti ifadə edir.

Qaranlıq ilə biliksizlik arasındakı əlaqə əslində, tək tərəfli deyildir. Yəni, “Qaranlıq insanların biliklənməsinə mane olur” təsdiqi necə doğrudursa, “biliksizlik insanları qaranlığa sürükləyər” təsdiqi də o dərəcədə doğrudur. Bu nöqtədən baxıldığında, ayələrdə verilən “gecə” sözünün cəhaləti və kütləvi qaranlığı, “gündüz” sözünün isə vəhyin aydınlığını və təmin etdiyi daxili rahatlığı, səadəti, inamı, qısaca, Rəbbin rızasına işarət edən bir kinayə olduğunu söyləmək olar.

Bu halda ayələrin tərcüməsi belə verilə bilər:

  • “Cəhalətin hər şeyi bürüyüb örtdüyünü bir düşün, insanlıq necə olur? Bax elə bu cəhalətin qorxuncluğundandır ki, …”
  • “Vəhyin aydınlığının hər tərəfi bürüyüb sarıdığını, elmin, irfanın hər yerdə par–par parladığını bir düşün, insanlıq necə olur? Bax elə bu vəhyin işığının gözəlliyindəndir ki, …”

3–cü ayədəkierkəyi, dişini yaradanmələ gətirən) şey

Ayənin orijinalındakı “xaləka” (əmələ gətirdi) ifadəsi ilə əlaqədar Ələq surəsində məlumat verilmişdi.

Surədəki üçüncü and, erkəyi və dişini yaradan “ما  ma”ya edilmişdir. Bu vəziyyət bizi yaxşı düşünməyə məcbur edir. Təəssüf ki, təfsir və tərcümələrdə ayədəki bu incəlik diqqətdən qaçırılmışdır. Ayənin həqiqi mənası üzərində baş sındırılmamış, mövcud incəlik ümumi bir ifadə ilə səthi olaraq, yola verilmişdir.

İndi ayənin orijinalını Latin hərfləri ilə də araşdıraq, vurğulanan sözə diqqət edək və işin əslini başa düşmək üçün zehnimizi yoraq:

“ والانثى خلق الذكر وما və ma xaləqa’z–zəkəra və’l–ünsa”

Ayədə altından xətt çəkilmiş “ma” ifadəsinə ərəb dilində “İsm–i Məvsul” deyilir.

   ما Maمن  mən ədatlarının işlədilməsi

Ərəb dilçiliyi qaydalarına görə, ismi məvsul və sual ədatı olaraq, cansız varlıqlar, ağılsız heyvanlar və ağıllı varlıqların sifətləri üçün “şey” mənasında ما  – ma sözü işlədilır. Allah və ağıllı varlıq olan insan üçün də “adam” mənasında من – mən sözü işlədilır.

Rəbbimiz burada “ ما ma” ədatı gətirərək, burada özünün zatına deyil, sifətlərinə diqqət çəkmişdir.  Qısacası burada “ ما ma” ədatı ilə nəzərdə tutulan Allahın zatı deyil, Rəbbliyinin təcəllisi, qoyduğu qaydalar və sistemlər və bu sistemləri meydana gətirən elementlərdir.

“Ma” ilə Allahın nəzərdə tutulması halında Rəbbimiz sıfətlərinə diqqət çəkməklə, erkək və dişini yaratmağın özünün səlahiyyətində olduğunu bildirir. Eyni məsələ Şəms surəsində də görünəcəkdir.

Ayədəki “ma” ilə ağılsız varlıqların nəzərdə tutulması halında isə erkək və dişinin “şey” olaraq tanıdılan, ağıl sahibi olmayan bir maddə tərəfindən yaradıldığı anlaşılır. Bütün kainat içindəkilərlə bərabər, Rəbbimiz tərəfindən yaradıldığı üçün, təbii olaraq, o “şey” də Rəbbimizin yaratdıqlarındandır. Ancaq real həyatda görürük ki, Rəbbimiz bəzi “şey”lərin yaradılmasında, yenə özünün yaratdığı başqa “şey”ləri vəsilə qılır. Məsələn, adi bir “ot”un bitməsi, “su” olmadan mümkün deyildir.

Necə ki, Rəbbimiz əvvəlcə “su”yu yaradıb və “su”ya “ot”u yaratmaq vəzifəsini veribsə, burada da, erkəyi və dişini yaratmaq vəzifəsini yenə özünün yaratdığı bir başqa “şey”ə veribdir. Buna görə də, ayənin həqiqi mənası eynən “Və erkəyi, dişini yaradan şeyə and olsun ki…” şəklindədir.

Lakin Quranla əlaqədar tədqiqatlar aparan bir çox tərcüməçi və təfsirçilər, bu “ما  ma” ədatının xüsusiliyini nəzərdən qaçıraraq, ayəni anlaşılmaz olaraq “erkəyi və dişini yaradana…” deyə tərcümə etmiş, oxuyanlar da bu tərcümələrə uyğun olaraq, ayədəki yaradanın Allah olduğunu zənn etmişlər.

Bir çox qaynaqlarda bu ayə ilə əlaqədar olaraq, “ما  ma”ya məna qazandıra bilmək məqsədiylə maraqlı məqamlar irəli sürülmüşdür. Başlıca olaraq, “ma–i məvsul”ə “ma–i məsdəriyyə” mənası verilməklə, izahlar edilmişdir. Əslində bunlar ayəni daha aydın başa düşmək üçün edilən cəhdlər olmuşdur.

Nümunə olaraq: Sahih–i Buhari, Təfsir Kitabı, 342 və 343–cü baplarda yer alan 466 və 467 saylı rəvayətlərdə bu ayənin “Vəzzəkəri və’l–ünsa [erkəyə və qadına and olsun ki]” şəklində olduğu iddia edilmişdir.

İkinci nümunə: İbni Məsud qiraəti, “Vəlləzi xələqa’z–zəkərə və’l–ünsa [erkək və dişini yaradan şəxsə and olsun ki]” şəklindədir.

Üçüncü nümunə: Kissai qiraəti, “Və ma xaləqahü’z–zəkəra və’l–ünsa [onu erkək və dişi olaraq yaradan şeyə]” şəklindədir.

Bunlardan başqa fərqli qiraət və görüşlər də vardır.

İnsanı yaradan (meydana gətirən) ŞEY

İnsanın genetik şifrəsi, hər hüceyrədə mövcud olan 46 ədəd xromosomdadır. Bu xromosomlardan iki ədədi cinsiyyət xromosomudur. Erkəkdəki xromosomlar XY, qadınlardakı xromosomlar isə XX olaraq adlandırılır. Qadınlarda yumurtlama anında ikiyə ayrılan xromosomların hər biri X xromosomu daşıyır. Erkəkdə isə spermaların bəzisi X, bəzisi Y xromosomlarını daşıyır. Erkəkdəki X xromosomu qadınların yumurtalarındakı X xromosomuyla birləşərsə, uşaq qız, erkəklərdəki Y xromosomu qadınların yumurtalarındakı X xromosomuyla birləşərsə, uşaq oğlan olur. Beləliklə, uşağın oğlan və ya qız olması tamamilə spermadan gələn X və ya Y xromosomuna bağlıdır.

Buna görə də, Quranın, insanların cinsiyyətlərini, sadəcə erkəkdən gələn məninin bir sperması ilə əlqələndirən bu ayələrin işarəti möcüzəvi xüsusiyyətdədir. Çünki, Quranın əsrlər əvvəl qeyd etdiyi bu məlumat, çox yaxın bir zamanlara qədər bilinmirdi.

4sizin əmək və qeyrətiniz qətiliklə dağınıq və parçaparçadır.

Bundan əvvəlki ayələrdə Rəbbimiz and içərək üç mövzuya diqqətimizi cəlb etmişdi.  Bunlar “ليل  gecə/cəhalət”, “نهار  gündüz/vəhy işığı” və “erkək ilə dişini yaradan şey/gen” idi.

Andların cavabı olan bu ayə, insanın fərqli əmək və qeyrətlərinin, bir başqa ifadəylə, sosial və bioloji amillərin ortaya çıxardığı insan davranışlarının diqqət çəkən bu üç şeydən [cəhalət, iman, gen] qaynaqlandığını anladır.

Fikrimizcə, burada insanlar arasında birliyin olmadığına da işarə edilir, yəni tək əldən səs çıxmaz, birləşmək, problemləri həll etmək üçün birlikdə hərəkət etmək lazımdır.

5–7Bu səbəbdən kim malını– qazancını verərsə, Allahın qoruması altına girər və ən gözəli doğrulayarsa, Biz ona, “o ən asan olan” üçün asanlıq təmin edəcəyik.

Yəni, “Gündüzdən/vəhyin işığından faydalanaraq, kim qazancından verərsə, pisliklərdən çəkinərsə, ən gözəli doğrulayarsa, Biz ona asan olanı, yəni bəxtiyarlığı, səadəti asanlaşdıracağıq.”

Bu hal ancaq gündüzün parıldadığı, vəhyin işığının hər tərəfi sardığı, yəni vəhyə uyaraq, iman edildiyi zaman baş verə bilər.

Ayədə diqqətdən qaçırılmaması vacib olan bir xüsus da “qazancından verər” ifadəsiylə gəlirin bölünməsi mövzusunun gündəmə gətirilməsidir. Müasir sosial dövlət anlayışının ən mühüm qaydalarından biri də, gəlirin bölünməsində ədalətin təmin olunması mövzusudur. Ayədə verilən “qazancından verər” ifadəsi, gəlir bölünməsindəki uyğunsuzluqların aradan qaldırılması üçün, tövsiyə edilən çarələrin ən qısa və ən doğru yolunu göstərir. Rəbbimizin möminlərə yüklədiyi bu iqtisadi və əxlaqi məsuliyyət, müasir iqtisadi terminologiyada “yenidən gəlir bölünməsi” deməkdir.

Bu mövzuya, daha əvvəl öyrəndiyimiz Müddəssir surəsinin 43–cü və Əla surəsinin 15–ci ayələrində “salla [sosial dəstək təmin etmək]” sözü ilə işarət edilmişdi. Bu ayədə “qazancdan vermək” ifadəsi ilə sosial dəstək təmin etmək mövzusuna bir izah və təfərrüat gətirilir. Fəcr surəsində isə mövzunun daha geniş açıqlandığı və vacibliyi görünur.

Ayədəki “اليسرى əl yusra/o ən asan olan şey” ifadəsi Əla surəsinin 8–ci ayəsinin təhlilində izah edilmişdi.

8–11Kim də xəsislik edərsə, özünü bütün ehtiyaclardan üstün görərsə və ən gözəli ya­lan sayarsa, Biz ona “ən çətin olan” üçün asanlıq təmin edəcəyik. Aşağı yuvar­la­nıb dəyişikliyə, dağıntıya uğradığında–öldüyündə malı onu qurtara bilməyəcəkdır.

Gecənin qaranlığından [cəhalətləri səbəbiylə] zərər görərək vəhyə qulağını bağlayıb iman etməyənlər isə xəsislik edərlər, özlərini bütün ehtiyaclardan üstün tutarlar və heç kimə heç bir şey verməzlər. Əksinə, davamlı olaraq mal və zənginlik istəyərlər, yığdıqca yığarlar. Belələri, nəticədə, həm özlərinin, həm də cəmiyyətlərinin fəlakətini hazırlamış olarlar.

Ayədəki “العسرى  əl–usra [o ən çətin olan şey]” ifadəsi ilə əlaqədar olaraq “şər, bədbəxtlik, sıxıntı” olduğu şəklində izahlar edilmişdir. “Yüsra [o ən asan olan şey]” kimi, bu söz də quruluşu etibariylə “ondan daha çətini olmayan, ən çətin şey” mənasına gəlir. “Çətin” sifətinin “ən” deyilərək şiddətləndirilməsi, bu böyük çətinliyin ancaq cəhənnəm ola biləcəyini düşündürür.  Buna görə ayənin mənası “Biz ona cəhənnəm üçün hər asanlığı verəcəyik” deməkdir.

Cəhənnəm üçün “asanlıq verilməsi” ifadəsi, axirəti təkzib edənlərə lağ etmək üçündür. Bu üslubla ədəbi sənət istifadə edilir. Eyni ədəbi sənət Al–i İmran/21, Nisa/138, Tövbə/3, 34, Loğman/7, Casiyə/8 və İnşiqaq/24–cü ayələrində də mövcuddur.

On birinci ayədə “yuvarlanıb həlak olmaq” kimi tərcümə etdiyimiz “تردّى tərədda” sözünün üç hərfli kök məsdəri “ردى  rədy” sözüdür. Sözün təməl mənası “həlak olmaq”dır. Təfaül babına salındıqdan sonra “dağdan aşağıya düşərək həlak olmaq, quyuya, çuxura düşərək həlak olmaq” kimi mənalar qazanır.[1]

Ayədən o adamın “ölməsi, məzar çuxuruna yuvarlanması” anlaşıla biləcəyi kimi, “cəhənnəmə yuvarlanıb, birdəfəlik həlak olması” da anlaşıla bilər.

12Doğruya və gözələ bələdçiləndirmək sadəcə Bizim üzərimizə vəzifədir.

Ayədə “sonrası” ilə qəsd edilən şey axirət,  “əvvəli” ilə qəsd edilən şey də dünyadır. Bununla mülkün və hər cür istifadə səlahiyyətinin sadəcə Allaha aid olduğu, Onun heç kimsə qarşısında hesab verməyəcək olmasına baxmayaraq, insana hidayət etməyi, onu yaxşıya, doğruya və gözəlliyə yönəltməyi, qısacası, cənnətə yol göstərməyi Onun öz vəzifəsi olaraq götürdüyü nəzərdə tutulur.  “Hidayət” dedikdə, yaxşıya və gözələ başçılıq etmək, doğrunu və yanlışı ayırmağa yarayan bilik və sübutlar vermək, peyğəmbər göndərmək, kitab endirmək kimi məqamlar nəzərdə tutulduğundan, pis yolu göstərməyin hidayət olmadığını daha əvvəl Fatiha surəsində görmüşdük. Həmçinin, görmüşdük ki, peyğəmbərlər də daxil olmaqla, Allahdan başqa heç kimin hidayət etmək səlahiyyəti və gücü yoxdur.

14–16Elə Buna görə də  Mən sizi, yalan sayan, üz çevirən, ən çox bədbin olacaq olan adamdan başqasının girmədiyi, alovlandıqca alovlanan bir atəşə qarşı xəbərdar etdim.

17–21Kimsədən qarşılıq gözləmədən, sadəcə Uca Rəbbinin rızasını umaraq, arınmaq üçün malını verən, əsasən Allahın qoruması altına girmiş olan adam ondan uzaq tutulacaqdır. Və yaxında o adam, tam yəqinliklə bilin ki, məmnun olacaqdır.

Quranı Quranla başa düşmək qaydasına uyğun olaraq, fikrimizcə, bu ayələrin ən uyğun izahı İbrahim surəsinin 47–52–ci ayələrində edilmişdir:

  • 47O halda əsla Allahın, elçilərinə olan vədindən dönəcəyini düşünmə! Şübhəsiz Allah, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməz/mütləq qalib olandır, günahkarı yaxalayıb cəzalandıraraq ədaləti bərpa etmə qaydasının sahibidir.
  • 48–51O gün, Allahın, hər nəfsi qazandığı ilə qarşılığını verməsi üçün, yer üzü bir başqa yer üzünə çevriləcək, göylər də. Və onlar, tək və gücünə qarşı dayanılmaz olan Allah üçün ortaya çıxacaqlar. O gün, günahkarları zəncirə vurulmuş olaraq görərsən. Onların köynəkləri qətrandandır, üzlərini də atəş bürüyəcəkdir. Şübhəsiz Allah, çox tez hesab çəkəndir.                                                                                               (İbrahim 47–51)

İbrahim surəsi 47–ci ayə “Allah güclüdür, intiqam sahibidir” deyə tərcümə edilir. Lakin “İntiqam”sözü dilimizə, “kindən qaynaqlanan əvəz çıxma, qisas” şəklində yanlış bir məna ilə keçmişdir. Əslində isə “انتقام İntiqam”, günahkarı cəzalandırmaq yolu ilə, bərabərliyi və eyni zamanda ədaləti təmin etmək, altda qalmamaq” [2] deməkdir. Cəmiyyət həyatında “İntiqam sahibliyi” “mühakimə gücü” olaraq adlandırılmışdır və bu gücü təmsil edən məhkəmələr tərəfindən tətbiq edilir. İlahi nizamda intiqam sahibi olan sadəcə Allahdır. Rəbbimiz, dilədiyini əfv edərək, dilədiyini də işlədiyi günaha uyğun bir cəza ilə cəzalandıraraq, ilahi ədaləti tətbiq edir. Bütün biliklərə sahib, bütün nöqsanlıqlardan arınmış, həm bu dünyanın, həm də axirət həyatının tək hakimi olduğu üçün, həqiqi ədaləti təmin etməyə gücü yetə bilən sadəcə Odur. Yəni Allah, intiqam sahiblərinin [cəzalandırmaq yolu ilə ədaləti təmin edənlərin] ən güclüsüdür.

Və yaxında o adam, qətiliklə məmnun olacaqdır

Allahın ona bəxş etdiyi nemətləri, qarşılıq gözləmədən, sadəcə Allahın rızasını qazanmaq məqsədiylə, ehtiyacı olanlarla paylaşanlar məqsədlərinə çatacaqlar və belə gözəl bir davranışı edə bilmək imkanı verdiyi üçün, Allahdan razı olacaqlar. Bu mövzu barədə Fəcr surəsinin 27–30–cu ayələrində daha geniş bəhs ediləcəkdir.

 

Ən düzünü bilən Allahdır.