Maun surəsi Məkkədə nazil olan 17–ci surədir. Surənin tam olaraq Mədinədə endiyini iddia edənlər olduğu kimi, 1–3–cü ayələrinin Məkkədə, 4–7–ci ayələrinin isə Mədinədə endiyini iddia edənlər də vardır. Ancaq həm surənin üslub və məzmunu, həm də İzzət Dərvəzə kimi tədqiqatçıların İbn–i Abbas və İbn Zübeyrə əsaslanan təsbitləri, surənin dəqiq olaraq Məkki olduğunu göstərir. 4–cü ayə “təqib” və ya “səbəb” “ف fa”sı ilə başladığına görə Surənin yarısının Mədinədə endiyi iddiası elə də ciddi səbəb sayıla bilməz. Çünki, surədəki mövzu bütünlüyü, ayələrin bir–birindən ayrılmasına maneçilik törədir. Surənin Məkki olduğunu göstərən bir başqa xüsus da, surədə xüsusiyyətləri göstərilən insan qrupunun Mədinəli münafiqlər olmayıb, adı–sanı bəlli olan bəzi Məkkəli azğınlardan meydana gəlməsidir. Surə, sözdə Məkkə müşriklərini aşkar etməklə birlikdə, onların şəxsində bütün dünyadakı və bütün zamanlardakı müşrik və din müxaliflərinin iç üzlərini açır, onlara qarşı necə münasibət göstərmək lazım olduğunu müəyyən edir.
Tərcümə:
Rəhman, Rəhim Allah adından
- 1Axirətdə hər kəsin yaxşı və ya pis, etdiyi işlərin qarşılığını almasını– Allahın, sosial nizamı müəyyən edən qanunlarını yalan sayan bu kəsi gördünmü– Heç düşündünmü? 2,3Bax, elə odur, yetimi itələyib, elədiyini başına qaxan və yoxsulun yeməyi barədə düşünüb–düşündürməyən kəs.
- 4–7Artıq, salaatlarında laqeyd, duyğusuz, göstəriş olsun deyə salaat edən və adi bir şeylərin (ev əşyalarının) belə, bir ehtiyacı olana çatmasına mane olan adamların vay halına!
(17/107, Maun/1–7)
Surənin enmə səbəbi
Maverdi, surənin Əbucəhl haqqında endiyini irəli sürmüş və iddiasında bu rəvayətə istinad etmişdir:
Əbucəhl, bir yetimin qəyyumu [vəlisi] imiş. Həmin yetim ehtiyacı olduğuna görə ondan, öz malından bir şey verməsini istəmişdir. Onda Əbucəhl onu itələyərək, istəyinə qulaq asmamışdır. Qüreyşin öndə gedənləri, əylənmək məqsədiylə həmin uşağı peyğəmbərimizin yanına göndərirlər. Uşaq da peyğəmbərimizdən kömək istəyir. Heç bir ehtiyac sahibini geri göndərmək adəti olmayan peyğəmbərimiz, uşağı dinlədikdən sonra onunla bərabər Əbucəhlin yanına gedir. Əbucəhl peyğəmbərimizin istəyinə tabe olaraq, uşağa malını verir. Buna görə də Qüreyşlilər Əbucəhlə “sən də yolunu azdın” deyə lağ edirlər. Əbucəhl isə onlara “Xeyr yolumu azmadım. Fəqət onun sözləri məndə elə bir dəhşət oyandırdı ki, verməzsəm həlak olacağımdan qorxdum” deyə cavab verir.
Ayənin enmə səbəbi haqqında, Əbucəhllə yanaşı, xəsislikləri ilə tanınan, yoxsullara və miskinlərə əziyyət verərək onları xor görən, itələyib qovan Vəlid b. Aiz, Əbusüfyan, As b. Vail əs–Səhmi, Vəlid b. Müğırə kimi adların yer aldığı başqa rəvayətlər də vardır.[1]
Əslində surənin kimin üçün endiyi mühüm deyildir. Çünki, Quranın hökmü sadəcə bu şəxslərlə məhdud olmayıb, hər zaman və hər yerdə, bu adamlara bənzəyən, eyni davranışları təkrarlayan bütün insanları əhatə edəcək bir dünyəviliyə sahibdir.
Təhlil
1Axirətdə hər kəsin yaxşı və ya pis, etdiyi işlərin qarşılığını görməsini– Allahın sosial nizamı müəyyən edən qanunlarını yalan sayan bu kəsi gördünmü– Heç düşündünmü?
“الدّين Əd–Diin” sözü üzərində həm Ərəb–İslam alimləri, həm də Mac Donald, A. Jeffery, L. Qadret kimi orientalistlər ciddi tədqiqatlar aparmışlar, ibranicədə və Qədim Farscada bu sözə yazı forması və oxunuş tərzinə görə bənzəyən sözlər müəyyən etmişlər. İbni Mənzurun “Lisanül–Arab” və Zəbidinin “Tacül–Arus” adlı əsərlərində, nümunələrlə izah etdiklərinə görə; “دين dəyn” sözü “د dal”, “ ى ye” və “ن nun” hərflərindən əmələ gəlmişdir. “دين Dəyn” sözünü əmələ gətirən hərflər də eyni hərflərdir. Üstəlik “Dəyn” sözündə “ ى y” hərfi, əsl görüntü olaraq bir məsdər vəznini qoruyarkən, “دين dəyn” sözündəki “ى y” hərfinin hərəkəsi düşür, hərf–i məəd [uzatma hərfi] halına dönmüş və beləliklə də “دين dəyn” sözü isimləşmişdir. Bu hal “din” sözünün “deyn” sözündən törədiyini göstərir.
“Dəyn” sözünün ilk mənası “borc” deməkdir. Əslində “din” sözü də ilk əvvəl “borc” mənasında istifadə edilirmiş. Lakin zaman keçdikcə insanlar arasındakı alış–veriş işlərinin əhatəsi genişləndikcə, bununla bağlı olaraq bu əlaqələri ifadə edən sözün də mənası genişlənmiş və cəza [hər şeyə bir qarşılıq verilməsi], haqq–hüquq, nizam–intizam, sosial nizam kimi anlayışlar da “din” sözüylə ifadə edilmişdir.
“Din” sözü, mövzumuz olan ayədə “cəza” mənasındadır. Qısaca “qarşılıq” demək olan “cəza” sözü, dilimizdə sadəcə pisliyin qarşılığı olaraq başa düşülür. Halbuki, “ جزاء cəza”, yaxşı, həm də pis, hər cür davranışın qarşılığıdır. Bu ayədə haqqında söhbət gedən və “cəza” mənasını verən “din” sözü, axirətdə hər kəsin etdiyi yaxşı və ya pis işlərin qarşılığını görəcəyi kimi ifadə edilir.
“Din” sözünün Quranda cəza/qarşılıq mənasında işlədildiyinə Nur/25, Zəriyyət/6, İnfitar/9 və Tin/7 kimi bir çox ayə nümunə olaraq göstərilə bilər. Saffat surəsinin 53–cü ayəsində isə söz yenə eyni mənada, amma “مدينون mədiinun” şəklində işlədilmişdir. Həmçinin, Quranda verilən bütün الدّين يوم yevmud–din [din günü] ifadələrinin mənası da, İnfitar surəsində geniş izah edildiyi kimi, “Qarşılıq günü”dür.
Eyni kökdən gələn və Uca Allahın sifəti, ya da ismi olaraq işlədilən “الدّيّان əd–Dəyyaan” da “Edilən işlərin qarşılığını verən, hesaba çəkən, heç bir əməli qarşılıqsız qoymayıb xeyrə də, şərə də qarşılıq verən” deməkdir.
“Din” sözü daha sonra da istiarə yoluyla və mütləq olaraq “ictimai alış–veriş, ictimai əlaqələr, şəriət [sosial nizamı müəyyən edən qaydalar]” mənasında işlədilmişdir. “Şəriət” mənasında işlədilən “din” termini, Kafirun surəsinin təhlilində açıqlanacaqdır.
Ayədəki “Sən gördünmü?” müraciəti, görünüşdə peyğəmbərimizədir. Ancaq Quran üslubuna uyğun olaraq, bu müraciət hər dövrdə və hər coğrafiyada keçərli olub, yaşayan hər ağıl sahibi olan insanadır. Həmçinin “duydunmu?” deyil, “gördünmü?” ifadəsinin işlədilməsinin səbəbi, dini yalan sayaraq, bu cür həyat tərzi keçirənlərin bu inkarçı tövrlərini fikir səviyyəsində deyil, cəmiyyət həyatına tətbiq etdiklərini müəyyən etmək üçündür. Ancaq bu sorğu, “əlbəttə gördüm”, ya da “xeyr görmədim” deyə cavabı gözlənən bir sual deyildir. Tam əksinə, ortaya çıxan bir vəziyyət qarşısında “təəccüb [heyrət etmək] hisslərini ifadə edən bir sual tipidir. Belə heyrət ifadə edən bir sualla başlanması, dini, yəni yaxşı–pis hər bir əməlin mütləq qarşılığının alınacağını yalan saymağın çaşqınlıq oyandıran, heyrət verən, əcayib və maraqlı bir hərəkət olduğunu ifadə edir. Bu üslub, müxatibini axirəti inkar edən insanda nə kimi bir xarakter formalaşdığını düşünməyə dəvət edir. Xatirlayaq ki, eyni sual tipi Ələq surəsində də işlədilmişdi:
- 11,12Heç düşündünmü, əgər o salaat edən qul, doğru yol üzərində idisə, ya da təqvanı [Allahın qoruması altında olmağı] əmr etdi isə!… 13Heç düşündünmü, əgər SALAAT edənə mane olan o adam, yalan saymış və üz çevirmişsə!… 14Salaata mane olan o adam Allahın tam əminliklə görməkdə olduğunu bilmədimi? (Ələq/11–14)
2,3Bax, elə odur, yetimi itələyib, elədiyini başına qaxan və yoxsulun yeməyi barədə düşünüb–düşündürməyən kəs.
Maun surəsinin bu ayələri bizə Fəcr surəsinin 17–20–ci ayələrini xatırladır.
17–20Əsla sizin düşündüyünüz kimi deyil! Doğrusu siz, yetimi, üstün–hörmətli bir şəkildə yetişdirmirsiniz. Yoxsulun yeyəcəyi mənasında bir–birinizi təşviq etmirsiniz. Halbuki, mirası talayarcasına elə bir iştahla yeyirsiniz ki! Malı elə bir sevgi ilə sevirsiniz ki, qarət edirmiş kimi! (Fəcr/ 17– 20)
Fəcr surəsindəki bu tənqidlərin müxatibi müəyyən deyildi, bir növü, ittiham və tənqidlər ortalığa edilmişdi. Maun surəsində isə strategiyanın dəyişdiyi, müraciətlərin sərtləşdiyi, səflərin müəyyənləşdiyi, şəxsiyyətlərin açıqlandığı görünür.
Ayədə verilən “اليتيم يدعّ yəduul əlyətiim” deyimi bir neçə mənaya gəlir:
–“Yəduul əlyətiim”–atasının yetimə buraxdığı mirasa əl qoymaqla, onun haqqını yemək və onu qovmaq deməkdir;
–“Yəduul yətiim”–kömək tələbiylə onun yanına gələn bir yetimə mərhəmət etməmək, yanından qovmaq, qovulduğu halda, çarəsiz olduğu üçün, yanından getməyən yetimi itələyərək uzaqlaşdırmaq deməkdir;
–“ Yəduul yətiim”–vəsayət ya da vilayət yoluyla yanında olan yetimə, ailə üzvlərinin xidmətini gördürmək və qəhrini çəkdirməklə ona zülm etmək deməkdir.
Ancaq “Yəduul yətiim”, yuxarıdakı davranışları hərdənbir deyil, daima etmək, bunları adət halına gətirmək deməkdir. Bu hərəkəti edənlər yetimin tənha olduğunu, kömək edəninin olmayacağını zənn edərək, onun haqqını yeməkdən çəkinməzlər. Ya da əlindən tuturmuş kimi görünər, amma zülm edər, kömək istədiyində qovar və ya itələyərlər. Bu etdiklərinin çox pis şeylər olduğunu düşünmədən, vicdanları sızlamadan, Allahın hər şeyi gördüyündən xəbərsiz bu davranışlarına davam edərlər. Başlarını oxşayacaq, sahib çıxacaq, maraqlanacaq bir vəliləri olmayan, beləliklə də haqları istismara açıq və qorunmağa möhtac olan yetimlər, insanların yumşaqlıq və həssasiyyətliyinə möhtacdırlar. Belə ki, bu çağırışı eşitməyən “yəduul yetim” vicdanı yetimi itələyər, təhqir edər, pərişan edər. Yuxarıdakı ayədə “dini yalan sayanlar” deyə xarakterizə edilənlər elə bu cür şəxslərdir.
Ayədə “المسكين طعام taamu’l–miskiin” ifadəsi işlədilmişdir. Bu ifadə, “miskinlərə yemək yedirtmək/yedirtməyə təşviq etmək” mənasına gələn “المسكين اطعام it’amu’l–miskiin”dən fərqli bir ifadədir. “Taamu’l–miskiin” ifadəsi, “miskinin öz haqqı olan yemək” deməkdir. Buna görə də, “yoxsulu doyurmağı təşviq etməmək”lə ittiham edilən məsuliyyətsiz və əxlaqsız insanlar özlərinə aid bir yeməyi verməməklə deyil, bilavasitə yoxsula aid olan yeməkləri verməməklə günah qazanırlar. Burada çox incə bir izah vardır. Verilməyən o yeməklər verməyən o kəslərin öz mülkiyyəti imiş kimi görünsə də, əslində birbaşa o yoxsullara aiddir. Deməli burada haqqında söhbət gedən yemək, verənlərin üzərinə borc olan, yoxsulun haqqı olan yeməkdir. Yeməyi verən, onu bir bəxşiş və ya lütf olaraq deyil, əksinə, yoxsulun haqqı olduğu üçün, məcburi olaraq verəcəkdir, verməlidir. Yoxsulun bu haqqı, Zəriyət surəsinin 19–cu ayəsində “Onların mallarında sail və məhrumların haqqı vardır” deyilərək, qeyd edilmişdir.
Daha əvvəl Fəcr surəsində də aydın olduğu kimi, “miskin” sözünün istər kasıblıq səbəbiylə, istərsə də fiziki–zehni çatışmazlıq, yaşlılıq, hegemon qüvvələrin təzyiqi altında olmaq kimi çox müxtəlif səbəblərlə hərəkətsiz qalmış, sərbəst hərəkət imkanını itirmiş, boynu bükülmüş şəxs mənasına gəldiyi təkrar xatırlanmalıdır.
Ayədəki “la yehuddu” ifadəsi, haqları olan yeməyi miskinlərə verməyən adamların, özləri etmədiyi kimi, başqalarını da bu işi etməyə təşviq etmədikləri mənasına gəlir. Belə adamlar, kasıb və möhtacların çalışaraq və ya iş yeri açaraq öz çörəklərini qazanmaları istiqamətində hər hansı bir cəhd etməzlər, onlara haqlarını verməzlər. Bu adamlar daima əfəndi/başçı olmaq istərlər, qulları olmasını istəyərlər, istəyərlər ki, hər kəsin çörəyini suyunu özləri versinlər, qulun nəslinin qul, fəhlənin nəslinin fəhlə, əkinçinin nəslinin isə əkinçi olmasını istəyərlər.
Allahın burada iki bariz misalla anlatdığı mövzu, axirəti inkar edənlərin necə pis xüsusiyyət sahibi olduqlarını göstərir. Təbii ki, “dini yalan sayan” kəslərə aid yeganə nümunə bununla məhdud deyildir. Hələlik “dini yalan sayanın” sadəcə bu xüsusiyyəti ortaya çıxarılmışdır.
Burada əsl vurğulanan xarakter, axirəti yalan sayanlarda var olan–yetimi itələyib–qovmaq, onları sayılıb–seçilən bir hala gətirməmək, ehtiyacı olanların yeməklərini verməmək kimi əxlaqi pozğunluqlar deyil, bu və ya buna bənzəyən saysız pisliyin, birbaşa, axirəti yalan saymağın bir nəticəsi olaraq ortaya çıxmasıdır.
İman qəlbə düşüncə orada riqqət, həssasiyyət və sevgi meydana gətirir. Amma “dini yalan sayan” kəslərdə vicdanın sərmayəsi olan bu xislətlər olmur.
4–7Artıq, salaatlarında laqeyd, duyğusuz, göstəriş olsun deyə salaat edən və adi bir şeylərin (ev əşyalarının) belə, bir ehtiyacı olana çatmasına mane olan adamların vay halına!
Ayənin başındakı “ona görə də/artıq” deyə tərcümə olunan “ ف fa” ədatından aydın olur ki, bu və bundan sonrakı ayələrdə sayılan pis xüsusiyyətlərin ortaya çıxma səbəbləri dini yalan saymaqla əlaqədardır.
Bu ayədəki “المصلّين əl–musallin” “Salaat edənlər” deməkdir. Salaat ilə əlaqədar geniş məlumat Ələq surəsində verilmişdir.
Salaatlarındakı qəflət/ əyləncə
Bu ayədə verilən “ساهون sahun” sözü, Abdullah b. Məsudun tərcüməsində “lahun” olaraq yer almışdır. Bu halda ayənin mənası “Onlar salaatı, əyləncə olaraq edirlər” olur ki, Ənfal surəsinin 35–ci ayəsi də “Və onların Beytin/Kəbənin yanındakı salaatları, sadəcə, fit çalmaq və əl çırpmaqdır, bir göstərişdir” deyərək müşriklərin Salaatı zövq, əyləncə, təmin edən vasitə olaraq etdiklərini təsdiqləyir.
Burada, müşriklərin Quranda konkret bir şəkildə izah edilən bu davranışları ilə günümüzdə dindar həyat tərzi keçirən bəzi adamların müxtəlif məclislərdə mənasını belə bilmədən, gözəl səsli “Quran bilicilərinə” Quran oxutmaları və ya bəzi qrupların dini ibadət [ritual/ayin] olaraq səma, zikr və ya nəğməli səmah etmələri arasındakı bənzərlik nəzərdən qaçırılmamalıdır.
Sözün həqiqi mənası əsas götürülərsə, ayənin məğzi də “Onlar dəstəklərindən qafildirlər, verdikləri dəstəyi əyləncə olaraq edirlər” şəklində olur.
Riya– Ayədə “göstəriş etmək” deyə tərcümə etdiyimiz “رياء riya” sözünün kökü, görmək mənasına gələn “رئية rüyət”dir. Söz “riya” qəlibinə girdiyində mənası da “göstəriş” olur. Göstəriş, bir kimsənin bir davranışı sırf “görsünlər” deyə etməsi mənasındadır. Göstərişin məqsədi, yaxşı görünərək insanların qəlbində yer etmək istəməkdir. Bu xüsusiyyət pozğun və alçaq bir davranışdır. Özlərini bu şəkildə göstərənlərə “riyakar” və ya “mürai” deyilir.
“Riya” səmimiyyətsizliyin və şəxsiyyətsizliyin bir nəticəsidir. Bu ikiüzlü şəxslər, ya bir dünya malı əldə etmək, ya bir məqama çıxmaq, ya da şöhrətə çatmaq üçün içdən gəlməyən, səmimi olmayan, saxta davranışlar edirlər. Olduqları şəraitə görə, mənfəət əldə etməyi düşündükləri insanların xoşuna gələcək və ya onlara şirin görünəcək hərəkətlər edərlər. Əslində isə onları görən, izləyən biriləri yoxdursa, bu hərəkətləri etməzlər. Çünki, məqsədləri doğru olanı etmək deyil, mənfəət əldə etməyi umduqları adamların gözünə girməkdir. Bu hərəkətləri ilə gözləmə mövqeyində olduqları insanları aldatmağa çalışırlar. Beləliklə, həm özlərini, həm də toplayıb yığdıqları sərvətlərini qorumuş olurlar.
Bu cür insanlar əslində inancsız kimsələrdir. Bunlar qonşularından ən kiçik bir köməyi belə əsirgədikləri halda, kömək edirmiş kimi görünmək istədiklərində də az qala, televiziya kameralarını və jurnalistləri çağırıb nə qədər köməksevər olduqlarını bütün dünyaya göstərməyə çalışırlar. Əslində bu göstərişləri, sözdə sosial dəstəkçiliklərini, satışlarını və prestijlərini artırmaq üçün ictimaiyyətlə əlaqələr üsulu olaraq istifadə edirlər. Aydındır ki, bu da kütlədə onlara qarşı formalaşmış müxalifliyi aradan qaldırmaq məqsədi güdür. Həmçinin bunun, onlar üçün bir əyləncə olduğu da məsələnin digər tərəfidir. Eynilə, xalqın vəsaitini öz vəsaitiləri kimi sərf edənlərin bir neçə məktəb, mədəniyyət mərkəzi, səhiyyə ocağı tikdirdikləri kimi… Eynilə bəzi elit təşkilat və birliklərin bayramlarda kimsəsiz uşaqların yaşadığı yerləri ziyarət etmələri kimi…
Eynilə bəzi təşkilatların reklam vərəqlərində, beynəlxalq, ya da millətlərarası kömək təşkilatlarına etdikləri köməkları elan etmələri kimi. Eynilə Xristiyan missionerlərin əsl işləri olan Xristiyanlıq təbliğatını pərdələmək üçün sərgilədikləri yoxsullara kömək və ya iş tapmaq hərəkatları kimi…
Riya, Quranda ən çox yer verilən qavramlardan biridir:
14Onlar, inanmış kimsələrlə rastlaşdıqları zaman da, “İnandıq” dedilər. Pis niyyətli başçılarıyla təklikdə qaldıqlarında isə, “Şübhəsiz biz, sizinlə bərabərik, biz sadəcə əylənirdik” dedilər. (Bəqərə/14)
264Ey iman etmiş kimsələr! Allaha və son günə inanmadığı halda, malını insanlara göstəriş üçün xərcləyən kimsə kimi, sədəqələrinizi başa qaxaraq və əziyyət edərək boşa çıxarmayın. Bax budur, onun vəziyyəti, üzərində bir az torpaq olan, üzərinə bir dolu yağdığı zaman, dolunun çırılçılpaq olaraq qoyduğu qayanın vəziyyəti kimidir. Onlar, qazandıqlarından heç bir şey əldə edə bilməzlər. Və Allah, kafirlər cəmiyyətinə–Özünün ilahlığını, rəbbliyini bilərək rədd edənlər cəmiyyətinə bələdçilik etməz. (Bəqərə/ 264)
36–38Və Allaha qulluq edin və Ona heç bir şeyi ortaq qoşmayın. Və həmçinin anaya–ataya, əqrəbaya, yetimlərə, yoxsullara, əqrəba olan qonşulara, uzaqdan qonşulara, yanında olan yoldaşa, yolda qalanlara, qanunlar çərçivəsində himayənizə verilmiş şəxslərə yaxşılıq edin. Şübhəsiz Allah, təkəbbürlənən və öyünən–xəsislik edən, insanlara xəsisliyi əmr edən və Allahın onlara ərməğanlarından verdiklərini gizlədən kimsələri və Allaha və axirət gününə iman etmədikləri halda mallarını, insanlara göstəriş etmək üçün xərcləyən kimsələri sevməz. Və Biz, kafirlərə–Allahın ilahlığını və rəbbliyini bilərək rədd edənlərə alçaldıcı bir əzabı hazırladıq. Və şeytan kimin üçün akran/yaxın yoldaş olarsa, o nə pis bir yoldaşdır! (Nisa/ 36–38)
142,143Şübhəsiz ki, münafiqlər, Allahı aldatmağa çalışırlar. Halbuki bu, onları aldadır. Və onlar, salaata qalxdıqları/cəmiyyət içinə çıxdıqları zaman, ikisi arasında gedib gələn qərarsızlar olaraq, tənbəl–tənbəl qalxarlar, möminlərlə və kafirlərlə birlikdə olmazlar, insanlara göstəriş edərlər. Və Allahı ancaq, çox az olaraq anarlar. Və Allah, kimi azdırarsa, sən artıq ona bir yol tapa bilməzsən. (Nisa/ 142)
Surədə diqqət edilməli məqamlardan biri də, ilk ayələrdə tək halda ifadə işlədilmişkən 4–cü ayədən etibarən “المصلّين əl musallin”, “الّذين əlləzinə”, “هم hum” kimi cəm halda ifadələr işlədilməsidir. Bu da bizə, Məkkə müşriklərinin və onların sonradan gələcək məsləkdaşlarının etdikləri salaatı, verdikləri maddi və mənəvi dəstəkləri evlərində, bağçalarında, kimsənin olmadığı, görmədiyi yerlərdə tək başlarına deyil, Ənfal surəsinin 35–ci ayəsində qeyd edildiyi kimi, Kəbənin yanında və camaat içində həyata keçirdiklərini, bol–bol nümayiş etdirdiklərini, özlərini ucaldaraq, məzlumları pərt etdiklərini göstərir.
Maun– “ماعون Maun”, insanlar üçün faydalı olan kiçik və az bir şeyə deyilir. “Bol” sözü ilə zidd mənadadır. Müfəssirlərin çoxunun fikrinə görə “Maun”, qonşuların bir–birlərinə müvəqqəti istifadə üçün verdikləri kiçik əşyalara deyilir. [2] Bunlar iynə–sap, qab–qacaq, rəndə–balta, bel–kürək, çəkic–mişar, su qabı kimi, “xırım–xırda” deyilən adi əşyalardır. Bu mənada, elə də çox qiymətli olmayan əşyalar üçün istifadə edilir. Son ayə, dini yalan sayanların, əslində çox adi əşyaları belə vermədiklərini, zavallıların bu adi şeylərlə belə öz çörəklərini qazanmalarına fürsət vermədiklərini, kütləvi yarar üçün əllərini ciblərinə atmadıqlarını, yaralı barmağa belə üfləmədiklərini, elə ancaq öz lütf və sədəqələrinə bağlı tutaraq qul, kölə halına saldıqlarını, amma iş reklama gələndə isə bundan heç də çəkinmədiklərini anladır.
“Maun” sözünün bəzi təfsirlərdə “zəkat” şəklində tərcümə edildiyinə də rast gəlmək olur. Bu izah, ayənin dəlalət mənasına dayanılaraq “kiçik, adi və adi bir şeyi belə verməyən bir insanın, zəkat kimi malının müəyyən bir hissəsini heç verə bilməyəcəyi” məntiqi ilə edilmişdir. İstər bu ayənin Məkki, zəkat əmrlərinin isə Mədəni olması və istərsə də Quranda açıqca “zəkat” qavramının olması kimi səbəblərlə Maun sözünə zəkat mənası vermək düzgün deyildir.
Maun surəsi, diqqət edilirsə, bundan əvvəlki surələrdə haqqında bəhs edilmiş olan sosial ədalət və sosial paylaşma qaydalarına aid öyrədilənləri xülasə edərək, yenə ön plana çıxarır.
İstər Maun surəsini yaxşı başa düşmək və istərsə də mömin ilə mükizzibin [yalan sayanın] bir qarşılaşdırılmasını edə bilmək üçün, yalan sayanların bu surədəki neqativ tövrlərinə qarşılıq möminlərin hansı pozitiv tövrlərə sahib olduqlarının anladıldığı Bəqərə surəsinin 3–5–ci ayələrinə baxmaq yerinə düşər.
Maun surəsi, peyğəmbərimizin missiyasını davam etdirən bu günkü möminlərə hələ də bu ismarıcı verməyə davam edir:
Bütün insanları xəbərdar edərək onlara öyrədəcəyiniz, təbliğ edəcəyiniz ilk qayda, onlara edilən yaxşılıq və pisliyin qarşılığının mütləq axirətdə görünəcəyinə inandırmaq olmalıdır. Axirətə inanmayanlar qətiyyən sosial paylaşmada iştirak etməzlər. Edirmiş kimi görünsələr də “insanlar alış–veriş əsnasında görsünlər” deyə edərlər. Onlar qətiyyən yaralı barmağa üfləməzlər, kimsəyə bir çöp belə verməzlər. Onlardan heç kimə və heç bir cəmiyyətə fayda gəlməz.
Ən düzünü bilən Allahdır.
İstifadə olunmuş ədəbiyyat:
[1] Vahıdî; Esbabünnüzul, RAZİ
[2] Lisanü’l Arab, “m a n” mad.