MÜZZƏMMİL SURƏSİNİN TƏBYİNİ

Adını, birinci ayədə keçən “örtüyünə bürünən” mənasındakı  “المزّمّل  əl–Müzzəmmil” sözündən alan surə Məkki olub, Quranın enmə sırasına görə 3–cü surəsidir. Ancaq rəsmi düzülüşdə 73–cü sırada yer alır. Bunun səbəbi, rəsmi Mushafda 72–ci sırada yer alan Cin surəsinin 19–cu ayəsində keçən “لمّا قام  ləmma qamə [qalxdıqda]” ifadəsindəki “قام  qamə” sözü ilə bu surədə keçən “ قم  qum [qalx]” sözü arasında əlaqə qurulmasıdır. Bu yolla da Müzzəmmil surəsi Cinn surəsinin arxasına sıralanmışdır.

Bəzi rəvayətlərdə surənin 20–ci ayəsinin Mədinədə endiyi də iddia edilir. Həqiqətən də ayənin mahiyyətinə bakxıldığında, Mədinə dövründə qanunlaşan hökmlərdən bəhs etməsi səbəbiylə bu görüşün əqlən qəbul edilə bilən olduğu görünür. Ancaq Quranın irəlidə reallaşacağı qəti olan bəzi əhvalatları sanki həyata keçmiş kimi anladan üslubuna diqqət çəkən bəzi alimlər, bir ayənin sırf Mədəni hökmlər ehtiva etdiyi üçün Mədəni sayılamayacağını, bu hökmlərin irəlidə həyata keçməsi qəti olduğu üçün bu ayədə yer almış ola biləcyini irəli sürmüşdülər.

Surənin əsl enmə səbəbi, peyğəmbər seçilən Abdullah oğlu Məhəmmədin Allah tərəfindən təlim edilməsinə davam edilməsidir. Müzzəmmil surəsi, üçüncü gecədə verilən üçüncü dərsdir. Dərslər arasındakı zaman fasiləsi, təəssüf ki, bilinmir. Surənin doğru anlaşıla bilməsi üçün ondan öncə enmiş olan Ələq və Qələm surələriylə birlikdə təhlil etmək lazımdır. Bu surə endiyində Ələq və Qələm surələrindən başqa peyğəmbərimizə enmiş hər hansı başqa bir vəhy yox idi.

Tərcümə

Rəhman, Rəhim Allah adından

  • 1–4Ey evinə qapanan adam! Gecə vaxtı–qısa bir vaxt istisna olmaqla–bəzən gecənin yarısı, bəzən bundan bir az azalt, bəzən də buna bir az əlavə et– qalx, sənə verilmiş vəzifəni icra et. Sənə endirilən olan Quranı da təbliğ edərkən düzgün, nizamlı hərəkət et!
  • 5Şübhəsiz Biz, sənin üzərinə çox ağır bir söz–Quranı buraxacağıq.
  • 6Gecənin yeni meydana gəlmə zamanı, rahat–rahat çalışa bilmək baxımından daha güclü, söz baxımından daha təsirlidir.
  • 7Şübhəsiz, gündüzlərdə sənin üçün uzun bir ça­balamaq vardır.
  • 8Rəbbinin adını an və bütün mənliyinlə Ona yönəl!
  • 9O, şərqin və qərbin–bütün tərəflərin Rəbbidir. Ondan başqa, tanrı deyə bir şey yoxdur. Bu­na görə də Onu vəkil et – “bütün varlıqları müəyyən bir proqrama görə tənzim edən və bu proqramı qoruyaraq, dəstəkləyərək həyata keçirən” olaraq tanı!
  • 10Onların söy­lədiklərinə–söyləyəcəklərinə də səbr et. Və gözəl bir ayrılışla onlardan ayrıl,

11Mə­ni və o nemət sahibini yalan sayanları, təkbətək burax! Onlara bir azca za­man tanı.

  • 12Tam qətiliklə inan ki, Bizim yanımızda buxovlar–ayaqlarından bağlayacağımız də­mir halqalar və cəhənnəm var.
  • 13Boğazdan çətin keçən bir yemək, can yandıran bir əzab var.
  • 14O gündə ki, yer və dağlar sarsılaraq, əriyib axan qum yığıntısına dö­nür.
  • 15Şübhəsiz Biz, Firona bir elçi göndərdiyimiz kimi, sizə, sizin tanıdığınız və sizi tanıyan bir elçi göndərdik.
  • 16Amma Firon, elçiyə üsyan etdi və Biz də onu qorxunc bir tutuşla tutduq.
  • 17Buna baxmayaraq əgər küfr edərsinizsə–Allahın ilahlığını və Rəbbliyini bilərək rədd edərsinizsə, uşaqları ağ saçlı qocalara çevirən o gündən necə qorunacaqsınız?
  • 18Göy belə o günün şiddəti ilə parçalanır. Onun yerinə yetirmək üçün verdiyi söz gerçəkləşmişdir.
  • 19Şübhəsiz ki, yuxarıda anladılanlar–Quran bir nəsihətvericidir–düşündürücüdür. Onun üçün istəyən Rəbbinə doğru bir yol tutar.

Heç şübhən olmasın, Rəbbin sənin gecənin üçdə ikisindən daha azını, yarısını, üç­də birini ayaq üstdə keçirməkdə olduğunu bilir. Səninlə bərabər olanlardan bir qrup da elədir. Allah, gecəni də, gündüzü də ölçü ilə tutar/hərəkət etdirər. Sizin bu işi asan­lıqla icra edə bilməyəcəyinizi bildi və ona görə də sizin üçün bu işi yün­gül­ləş­dir­di. O halda Qurandan sizə asan gələni öyrənin–öyrədin! Sizin aranızda xəstələr olacağını bil­di. Bir qisminin yer üzündə dolaşıb Allahın fəzilətindən bir şeylər is­tə­yə­cəklərini, digər bir qisminin də Allah yolunda mübarizə aparacaqlarını bildi. O halda on­dan asan gələni öyrənin–öyrədin! Salaatı qurun–dim–dik tutun, fəaliyyətini tə­min edin, zəkatı verin! Gözəl bir borcla Allaha borc verin! Öz mən­lik­ləriniz üçün əvvəlcədən göndərdiyiniz yaxşılığın, Allah qatında xeyrini daha çox, mü­ka­fatını da­ha böyük olaraq tapacaqsınız. Allahdan əfv diləyin! Heç şübhəsiz, Allah çox əfv edən, çox mərhəmət edəndir.

(3/73, Müzzəmmil/20)

 

Təhlil.

  1. Ey evinə qapanan adam!

Ayədəki, “متزمّل    Mütəzəmmil” sözündəki “ ت Tə–nin “ ز  Ze–yə idğam edilməsi [çevrilməsi] ilə əmələ gələn “مزّمّل Müzzəmmil” sözünün mənası, geyimə və ya hər hansı bir şeyə bürünən deməkdir.

Deyim olaraq söz:

  1. Yuxuya hazırlıq, alt geyimini geyinib yatağa yatmaq, yorğanı üstünə örtmək;
  2. Öz halında yaşamaq, kimsənin dəninə–suyuna qarışmamaq deməkdir. [2]

Peyğəmbərimizin xüsusiyyətləri nəzərə alındıqda ayədə ikinci məna ön plana çıxır. Çünki, insanlar cəmiyyətdəki davranışlarına görə imic qazanırlar. Rəbbimizin təbiriylə desək, zehni baxımdan sağlam, maddi baxımdan varlığı minnətə bulaşmamış, uca bir əxlaqa sahib olan Abdullah oğlu Məhəmməd, Darün–Nədvə üzvləri ilə haqqında Ələq surəsinin 9–10–cu ayələrində söz açılan mübahisəni etdikdən sonra evinə qapanmış, kimsənin dəninə–suyuna qarışmaz olmuşdu. Allah da bu surədə ona “Ey örtüyünə bürünən!” deyə müraciət etmişdir. Yəni “Ey özünə qapanan, ictimai məsələlərə qarışmayan, salaatı/sosial aktivliyi, sosial yardımlaşmanı tərk edən Məhəmməd!”

2–4Gecə vaxtı–qısa bir vaxt istisna olmaqla–bəzən gecənin yarısı, bəzən bundan bir az azalt, bəzən də buna bir az əlavə et– qalx, sənə verilmiş vəzifəni icra et. Sənə endirilən olan Quranı da təbliğ edərkən düzgün, nizamlı hərəkət et!

Tərtil

“Tərtil” sözü; “Bir şeyin tərtibinin gözəlliyi” deməkdir. Bu söz bədəvinin dilində “Bir şeydən birinin digərinə qarışmaması, daraq dişi kimi bir–birinə qarışmamış, qarışmayan” mənasına gəlir. Bu hal, möhkəm, qüvvətli, iç–içə olmağın antonimidir. Məsələn dişlərin “tərtil”i, “dişlərin seyrək bir şəkildə sıralanması, düzülmüş olması” deməkdir və bu söz Ərəb dilində “gözəl düzülmüş dişlər” mənasında da işlədilir.[3]

Sosial mənada “tərtil” isə “nitq əsnasında kəlmələrin, yazarkən isə sözün, paraqraf və ya bölmələrin bir–birinin ardınca, tək–tək, yavaş–yavaş, ağır–ağır, dənə–dənə düzülməsi, bir–birinə qarışdırılmaması” deməkdir. Buna görə də Quranın tərtili, “Quranın endiyi şəkildə tərtibinin qorunması, bir bölmənin başqa bir bölməyə qarışdırılmaması” mənasına gəlir.

Quranın necə endirildiyi və necə oxunmalı olması Quranda belə açıqlanmışdır:

  • 106Və Quranı, Biz onu insanlara ağır–ağır öyrənib öyrədəsən deyə parça–parça ayırdıq və Biz onu endirdikcə endirdik!              (İsra/106)

Deməli Quran, mövzularına görə, nəcmlərə görə, enmə sırasına görə bir tərtib və təsnif edilərək oxunmalı və oxudulmalıdır.

Furkan surəsinin 32–ci ayəsində də Rəbbimiz Quranı tərtillədiyini, yəni hər şeyi yerli yerində, bir birinə qarışdırmadan, bir nizam içində endirdiyini bəyan edir.

  • 32kafirlər–Allahın ilahlığını və rəbbliyini bilərək rədd edən kimsələr: “Quran Ona bir dəfədə cəm halında endirilməli deyildimi?” də dedilər. Biz, onu sənin qəlbinə yaxşıca yerləşdirmək üçün belə parça–parça endirdik. Və Biz, onu dənə–dənə – bir–birinə qarışdırmadan vəhy etdik.

(Furkan/32)

Peyğəmbərimizə ilk gələn vəhylərdə də [Müzzəmmil/4], Quranın tərtillənməsi, yəni nəcmlərin kifayət qədər nizamlı tutulması, bir–birinə qarışdırılmaması əmr edilmişdir. Amma bütün bunlara rəğmən təəssüf ki, əlimizdəki düzülüş tərtilli deyildir. Biz, səmimiyyətlə və dürüstcə bir çox dəfə dilə gətirdiyimiz bu xüsusda, Qurana könül verənlərin Quran ilə dərin araşdırmalar edib, Quranı nəcm–nəcm düzmələri və onu bu günkü surə anlayışından daha artıq, həqiqi surələriylə düzmələri gərəkdiyinə inanır və bu cəhdi onlardan gözləyirik.

5Şübhəsiz Biz, sənin üzərinə çox ağır bir söz–Quranı buraxacağıq.

“Ağır söz” ilə Quran ayələri nəzərdə tutulur. Quran ayələrinin nəyə görə bu sözlərlə xarakterizə edildiyi bir neçə şəkildə açıqlana bilər:

  • çətin vəzifə;
  • enəcək ayələrlə əməl etməyin çətin olması;
  • gələcək hökmlərin ağır olması;
  • peyğəmbərimizə ağır gələcək olması;
  • yüngül və dəyərsiz olmayan;
  • inkarçılara və ikiüzlülərə çox ağır gələcək;
  • sabit;
  • qiyamətdə ölçüdə/çəkidə ağır gələn.

6Gecənin yeni meydana gəlmə zamanı, rahatlıqla işləyə bilmək baxımından daha güclü, söz baxımından daha təsirlidir.

Ayədə verilən “ وطئا vat’ən” kəlməsi, yeri çeynəmə mənasına gəldiyi kimi, dərin–dərin düşünmək üçün diqqəti cəlb etmək, ruhən gərilmək, diqqəti görülən iş üzərində cəmləmək kimi hərəkətlər üçün də işlədilir.[4]

Burada, diqqətini daha yaxşı cəlb edə bilməsi üçün, peyğəmbərimizə gecə vaxtı qalxması təklif edilir. Çünki, bir neçə saat yuxu ilə günün yorğunluğu aradan qaldırılmış, zehin yenilənmiş, ağıl durulmuşdur. Üstəlik, gecənin səssizliyi diqqətin bir nöqtəyə toplanmasında çox təsirli bir faktordur. Ayədə həmçinin işarə edilir ki, Quranın öyrənilməsi və öyrədilməsi müddətində sakit, dinc bir mühit və sabit ruh halının olması çox vacibdir.

Ərəb ölkələrində coğrafi və mədəni şərtlərdən asılı olaraq, sosial və mədəni xidmətlər gecə tətbiq olunduğundan, bu vəzifə gecə üçün məsləhət görülür. Ərəb coğrafyası xaricindəki möminlər, dini xidmət vazifələrini gecə–gündüz demədən, içində yaşadıqları coğrafiyaya uyğun olaraq cəmiyyətlərindəki ən uyğun zamanlarda etməlidirlər.

7Şübhəsiz, gündüzlərdə sənin üçün uzun bir ça­balama vardır.

Fikri bir yerə toplaya bilmək və konsentrasiya ola bilmək üçün gecələr gündüzlərdən daha uyğun zamanlardır. Gündüzləri insanın yorucu məşğələləri və sıx təlaşları vardır. Ətrafın görüntüsü və gurultusu ağlı və zehni qarışdırır, diqqətləri dağıdır. Gecənin dincliyi sayəsində ağıl və zehin aydın olur, diqqət dağılmaz, hər şey daha yaxşı anlaşılar. Tələbə həyatı yaşamış olanlar bu həqiqəti həyatlarında şəxsən, yaşayaraq təcrübədən keçirmişlər. Əzbərləyəcəklərini gecə əzbərləmiş, dərslərini gecə hazırlamışlar.

8Rəbbinin adını an və bütün mənliyinlə Ona yönəl!

“ تبتّل təbəttül” sözünün əsl mənası “kəsmək” deməkdir. Ərəblər   “ بتلت الشّىء bətəltü’ş–şeyə/o şeyi kəsdim” deyərlər. Həyat yoldaşından ayrılan, onunla əlaqəsini bütünlüklə kəsən adam üçün də “ طلّقها بتّة بتلة talləkaha bettətən bətlətən/onu qəti olaraq üç talaqla boşadı” ifadəsi işlədilir. Yenə Ərəblərin  “verilmiş sədəqə” üçün də “وهذه صدقة بتّة بتلة və hazihi sadaqatün bettətün betələtün/bu sahibi ilə əlaqəsi tamamilə kəsilmiş bir sədəqədır” şəklində bir təbirləri vardır. Bu təbirdə də əlaqəsi tamamilə kəsilmiş mənasında “betlət” sözü işlədilir.[5]

Hər şeylə əlaqəsini kəsib, sadəcə Allaha yönəldiyi üçün Məryəm Validəyə “ مريم البتول Məryəm əl–Bətül” deyilmişdir. İnsanlarla hər cür bəşəri əlaqəsini qoparıb, tək başına ibadətə yönələn rahibə də “ متبتّل mütəbətdil” deyilir. Yəni “təbəttül” bir baxıma ruhbanlıq mənasında da işlədilir. İslam dininin ibadət anlayışı pozulmuş dinlərdən fərqli olduğundan, başda Maidə surəsinin 87–ci ayəsi, Hədid surəsinin 27–ci ayəsi və digər bəzi ayələrlə ruhbanlıq və ruhbanlıq mənasındakı təbəttül qadağan edilmişdir. Bəzilərinin zahid kimi bir həyat sürmə arzusuyla dünya ilə əlaqəsini kəsmələri, bu istiqamətdə mal, mülk və həyat yoldaşı kimi nemətlərdən uzaqlaşmaları İslama tərs bir anlayışdır. Buradakı təbəttül yalnız və yalnız Allahı diqqətə almaq, ondan başqa nüfuz sahibi tanımamaq, Allahın müəyyən etdiyi yolda hərəkət edib, heç kimin ardınca getməməkdir.

Ayədə keçən “تبتّل  təbəttül”,  “yalnız və yalnız Allahı diqqətə almaq, sadəcə Ona qulaq asıb başqasına etibar etməmək” deməkdir. Bu məna Ənam surəsinin 91–ci ayəsində “  قل الّله ثمّ ذرهم فى خوضهم يلعبون Sən, Allah de! Və sonra onları burax, öz bataqlıqlarında oyalanıb dursunlar!” ifadəsiylə yer alır.

9O, şərqin və qərbin–bütün tərəflərin Rəbbidir. Ondan başqa, tanrı deyə bir şey yoxdur. Bu­na görə də Onu vəkil et – “bütün varlıqları müəyyən bir proqrama görə tənzim edən və bu proqramı qoruyaraq, dəstəkləyərək həyata keçirən” olaraq tanı!

Qəti bir yönəlmə, yönəlinəcək varlığı tanımaq, onu sevmək və ona heyranlıq duymaqla mümkündür. Allah bu ayədə məxsus olduğu xüsusiyyətlərindən daha bir neçəsini tanıtmaqla, mükəmməlmükəmməlləşdirici olduğunu ifadə edərək yönəlinəcək tək varlığın özü olduğuna diqqət çəkir.

10Onların söy­lədiklərinə–söyləyəcəklərinə də səbr et. Və gözəl bir ayrılışla onlardan ayrıl,

11Mə­ni və o nemət sahibini yalan sayanları, təkbətək burax! Onlara bir azca vaxt ver.

Peyğəmbərimiz vəzifəyə başlayanda, Məkkə cəmiyyətinin müşrik liderləri, daha əvvəldən duyduqları hörməti buraxıb, ona “məcnun, sehirbaz, şair, əbtər” kimi çirkin xüsusiyyətlər yaraşdırmağa başlayıblar. Bu ayədə ona bu cür çirkin ittiham edənlərdən nəzakətlə uzaqlaşması əmr edilir. Çünki, peyğəmbərimiz onlarla yenidən qarşılaşacaq, üz–üzə baxacaq və təbliğinə davam edəcəkdir. Əgər ayrılmaq nəzakətlə olmazsa, aralarındakı əlaqə qırıla bilər və sonrakı qarşılaşmalarda heç dinlənməmə təhlükəsi ortaya çıxa bilər. Bu əmr sonra enəcək surələrdə də (Qaf/39–40Ta Ha/130) təkrarlanacaq və yenə peyğəmbərimizdən onlara qarşı səbr etməsi istəniləcəkdir.

Ancaq bu əmr heç bir zaman dəvətdən bədbinləşərək mübarizədən əl çəkməsi istənildiyi mənasına gəlməz. Ondan istənilən, ittiham edənlərə sərt deyil, yumşaq cavab verməsi, kobud davrananlara fikir verməməsi, harınlaşmışları öz hallarında buraxıb dəvətini kütləyə nəzakətlə çatdırmasıdır.

Diqqət edilərsə, bu ayədə “nemət sahibi” olaraq xarakterizə edilən Məkkənin irəlidə gedənləri, ilk Vəhy olan Ələq surəsində “özünü zəngin görən”, ikinci Vəhy olan Qələm surəsində isə “mal və oğullar sahibi” olaraq xarakterizə edilmişdilər. Müzzəmmil surəsinin bu ayəsində də yenə eyni xüsusiyyətdəki azğınlara diqqət yönəldilir. Tağutlaşanlar, sərvətlə hədlərini aşmış, kasıbları əzən elit kadrlardır. Bu elit zümrələr kütlələri yönləndirir və onu istədikleri yönə sürükləyirlər. Mənfəətləri əldən gedər qorxusuyla mövcud quruluşda bir dəyişiklik istəməzlər, haqq və ədalətin yaşayan dəyərlər halına gəlməməsini təmin etməyə çalışarlar. Zəiflər də onlardan qorxduqları üçün onların istədikləri yönə gedərlər. Bu tağutlar üzündən haqqa çata bilməyən necə zavallı cəmiyyətlər vardır. Bu azğınlar qrupu özlərini varlı görərək hər şeyi maddəyə bağlar, axirəti də inkar edərlər. Axirətə inanmadıqları üçün dünyada nə edə bilirlərsə onları qazanc sayarlar.

Bu yalan sayanlardan bir qisminin imana gəlməsi mümkündür. Onlara müddət verilməlidir. Müddəti yaxşı istifadə etmədikləri halda Allah tərəfindən mütləq cəzalandırılacaqları unudulmamalı, bu mövzuda tələskən davranılmamalıdır.

Belə ki, başlangıcda bu yalanlayıcıların ən şərlisi olan Vəlid b. Müğirənin oğlu Halid daha sonra iman etmiş, İslamın bayraqdarı olmuşdur.

12Tam qətiliklə inan ki, Bizim yanımızda buxovlar–ayaqlarından bağlayacağımız də­mir halqalar və cəhənnəm var.

13Boğazdan çətin keçən bir yemək, can yandıran bir əzab var.

14O gündə ki, yer və dağlar sarsılaraq, əriyib axan qum yığıntısına dö­nür.

Bu ayələrdə sadalanan əzab vasitələri, tağutlar üçündür.

On dördüncü ayə axirət gününü anladan ilk ayə olub, o günün necə başlayacağını bildirir. O gün yer üzü və dağlar şiddətli bir zəlzələ ilə sarsılır, dağlar qum kimi sovrulur, un kimi olub dağılır. Yer üzü dümdüz olur, nə kiçik təpə qalır, nə də alçaq bir vadi…

15Şübhəsiz Biz, Firona bir elçi göndərdiyimiz kimi, sizə, sizin tanıdığınız və sizi tanıyan bir elçi göndərdik.

16Amma Firon, elçiyə üsyan etdi və Biz də onu qorxunc bir tutuşla tutduq.

17Buna baxmayaraq əgər küfr edərsinizsə–Allahın ilahlığını və Rəbbliyini bilərək rədd edərsinizsə, uşaqları ağ saçlı qocalara çevirən o gündən necə qorunacaqsınız?

18Göy belə o günün şiddəti ilə parçalanır. Onun yerinə yetirmək üçün verdiyi söz gerçəkləşmişdir.

19Şübhəsiz ki, yuxarıda anladılanlar–Quran bir nəsihətvericidir–düşündürücüdür. Onun üçün istəyən Rəbbinə doğru bir yol tutar.                                                  

Bu bölmədə, Misir ilə Musa peyğəmbər arasındakı əlaqəyə istinad edərək, Məkkənin liderlərinə xitab edilir və onlara öz içlərində yetişmiş olan Abdullah oğlu Məhəmmədin bir elçi olaraq vəzifələndirildiyini açıqlayır. Musa peyğəmbərin elçiliyinin misal göstərilməsi, Misirdə doğulub böyüyən və onların içindən biri olan Musa kimi, Məhəmmədin də Məkkədə doğulub böyüyən və Məkkəlilərin arasında yaşayan biri olduğunun xatırladılması üçündür.

Peyğəmbərimizin Məkkəlilərə şahidliyi iki mənaya gələ bilər:

  1. Peyğəmbərimiz, içlərindən biri olduğuna görə Məkkəliləri yaxından tanıyırdı və onlar haqqında şahidlik edə biləcək bir haldadır.
  2. Bəqərə surəsinin 143–cü ayəsi nəzərə alınaraq peyğəmbərimizin Məkkəlilərə şahidliyinin axirətdə reallaşacağı.

Biz, ayənin davamında verilən Musa və Firon nümunəsinin də dəlalət etdiyi kimi, qəsd edilən şahidliyin birinci bənddəki mənasıyla bir şahidlik olduğu qənaətindəyik. Çünki, peyğəmbərimiz ilə Məkkəlilər arasındaki əlaqə, Musa ilə Firon arasındakı əlaqəyə bənzədilmişdir. Musa necə Fironun yanında böyümüş və yetkinləşmişdisə, peyğəmbərimiz də Məkkəlilər arasında böyüyüb yetkinləşmişdir.

Bu ayələrdə Məkkə müşrikləri, Allahın göndərdiyi elçiyə qarşı çıxdığına görə cəzalandırılan Firon nümunə göstərilərək təhdid edilir. Həmçinin cəza gününün dəhşəti çox təsirli bir şəkildə təsvir edilir. Uşaqların belə qorxudan saçlarının ağarması və göylərin yarılıb çatlaması şəklindəki təsvirlər, daha sonra enəcək olan Haqqa surəsinin 14–cü, Ta Ha surəsinin 105–107–ci, Nəml surəsinin 87–ci, Nəbə surəsinin 20–ci və Qaria surəsinin 5–ci ayələrində geniş şəkildə verilmişdir. Qiyamətin qorxuncluğunun müxtəlif səhnələrlə anladılmasının məqsədi, insanları qorxu faktoru ilə doğruya yönəltməkdir.

Bu ayədə insanın doğrunu və səhvi seçməkdə sərbəst olduğu vurğulanır və oxunan ayələrin düşünənlər üçün xəbərdarlıq olduğu, diləyənin bu ayələrdən öyüd alaraq, Rəbbinə aparan doğru yolu tapacağı qeyd edilir.

20Heç şübhən olmasın, Rəbbin sənin gecənin üçdə ikisindən daha azını, yarısını, üç­də birini ayaq üstdə keçirməkdə olduğunu bilir. Səninlə bərabər olanlardan bir qrup da elədir. Allah, gecəni də, gündüzü də ölçü ilə tutar/hərəkət etdirər. Sizin bu işi asan­lıqla icra edə bilməyəcəyinizi bildi və ona görə d,ə sizin üçün bu işi yün­gül­ləş­dir­di. O halda Qurandan sizə asan gələni öyrənin–öyrədin! Sizin aranızda xəstələr olacağını bil­di. Bir qisminin yer üzündə dolaşıb Allahın fəzilətindən bir şeylər is­tə­yə­cəklərini, digər bir qisminin də Allah yolunda mübarizə aparacaqlarını bildi. O halda on­dan asan gələni öyrənin–öyrədin! Salaatı qurun–dim–dik tutun, fəaliyyətini tə­min edin, zəkatı verin! Gözəl bir borcla Allaha borc verin! Öz mən­lik­ləriniz üçün əvvəlcədən göndərdiyiniz yaxşılığın, Allah qatında xeyrini daha çox, mü­ka­fatını da­ha böyük olaraq tapacaqsınız. Allahdan əfv diləyin! Heç şübhəsiz, Allah çox əfv edən, çox mərhəmət edəndir.

O halda Qurandan sizə asan gələni öyrənin–öyrədin!

Surənin başında da deyildiyi kimi, bu ayənin Məkki olduğunu irəli sürən rəvayətlər olduğu kimi, Mədəni olduğunu irəli sürən rəvayətlər də vardır. Bu ayə, texnik və mövzu–Peyğəmbərimizlə birlikdə bir qrup möminin gecə təliminə qatılması, Quranın var olması, xarici ticarət, Allah yolunda döyüş, Allaha gözəl bir borc vermək, salaatı iqamə etmək və zəkat vermək kimi mövzulardan bəhs etdiyinə görə qəti olaraq Mədənidir. Bizim qənaətimizə görə də Tövbə surəsinin 106–cı ayəcindən sonra enmişdir.

Bu ayə, bəzilərinin irəli sürdüyü kimi, surənin 2–4–cü ayələrini nəsh edib, hökmlərini qaldırmır, əksinə o ayələri fərqli bir üslub ilə yola verilir. Peyğəmbərimizə 2–4–cü ayələrlə verilən təlimatların onun tərəfindən yerinə yetirildiyi bəyan edilir və cəmiyyətin quruluşuna diqqət çəkilir. Buna görə, Quranı öyrənmək və öyrətməklə məşgul olanlar eynilə peyğəmbərimiz kimi 2–4–cü ayələrlə əməl edəcəklər, bunlardan başqa [işçi, tacir, ovçu, əkinçi, əsgər, xəstə] olanlar isə gecələri dinlənəcəklər, gündüzlər işlərini görəcəklər, sadəcə Qurandan asan gələni öyrənib öyrədəcəklərdir.

Ümumilikdə “oxumaq” deyə tərcümə edilən “qiraət” sözünün sırf oxumaq mənasına gəlmədiyini, “toplayıb paylamaq, [öyrənib–öyrətmək]” mənasını da ehtiva etdiyini, Ələq surəsinin təhlilində izah etmişdik.

Ayədə bəhs edildiyinə görə Müsəlmanlar artıq təlim–öyrənmə mərhələsini bitirmişlər, öyrəndiklərini yaşar hala gəlmişdilər. Belə hallarda Qurandan asanlarına gələni, bilə bildiklərini, çata bildiklərini imkanları daxilində oxuyub, başqalarına da öyrətmələri istənir.

Ayədə iki dəfə keçən “O halda Qurandan asan gələni öyrənin öyrədin” ifadəsinin namazla bir əlaqəsi yoxdur. Ayədə ifadə edilən sırf Quran oxumaq və öyrətməkdir.  Qurandan asan gələnin oxunması barəsində fərqli fikirlər irəli sürülmüş və müxtəlif ayə sayları verilmişdir. Ayənin bəhs etdiyi asanlığın ölçüsünü say olaraq deyil, məntiqi olaraq dəyərləndirməyin daha doğru olduğu görüşündəyik.

Bu ayənin ibadətləri yüngülləşdirdiyi barəsində görüşlər də irəli sürülmüşdür. Ancaq bizə görə bu görüşlər müvafiq deyildir. Ayədə biliklənmiş olanların mübarizəyə çıxmaları, cəbhəyə qaçmaları, mübarizə əsnasında da əllərində Quran, ondan işlərinə mane olmayacaq qədərini və bilə bildikləri hissələri oxumaları və oxutmaları əmr edilir.

Həmçinin bu ayədə insanların nə qədər çabalayarlarsa, çabalasınlar, mükəmməlliyə çatmayacaqları və tövbə etmək yolunun açıq olduğu işarə edilir, “Allahdan əfv diləyin! Heç şübhəsiz, Allah çox əfvedici, çox əsirgəyicidir” deyilir. Tövbə ilə əlaqədar incəlik irəlidəki surələrdə veriləcəkdir.

Salaatı qurun–dim–dik tutun, fəaliyyət göstər­məsini tə­min edin, zəkatı verin! Gözəl bir borcla Allaha borc verin! …

Ələq surəsində “Salaat” anlayışını açıqlamışdıq. Burada Rəbbimiz salaatın iqaməsindən bəhs edir. Salaatın iqaməsi, enmə sırasına görə müqəddəs kitabda ilk olaraq burada yer aldığı üçün, bu mövzunun geniş izahını da burada verib, bundan sonra buraya istinad edəcəyik.

İQAAMİS–SALAAT, yəni SALAATIN İQAMƏSİ

Quranın bir çox ayəsində Salaatın “iqaməsindən” bəhs edilir.

“Salaatın iqaməsi” ilə əlaqədar əmr və xəbər cümləsi səviyyəsindəki ifadələr əsasən “namazı düzgün qılın, namazlarını dosdoğru qılarlar” şəklində tərcümə edilmişdir. Sözlərin mənaları üzərində aparılmış təhlillər isə bu tərcümələrin və bu anlayışların yanlışlığını göstərir.

“İqaamis Salaat” ifadəsi, [اقام iqaam] və [صّلوة əs–salaat] sözlərindən əmələ gəlir. «Salaat» sözünün nə mənaya gəldiyi Ələq surəsində verildiyi üçün, burada [إقام iqaam] sözünü təhlil edək.

[ق و م  q–v–m] hərflərindən əmələ gələn  [اقام iqaam] sözü, “oturmaq” felinin əksi olan “qıyam” sözünün ifal babından məsdəridir və lüğətlərdə bu qəlibin mənası “ayağa qaldırmaq, dik tutmaq, ayaqda tutmaq” olaraq müəyyən edilmişdir.

Buna görə də [اقام الصّلوة   iqaamis–salaat] ifadəsinin mənası da “zehni və maddi baxımdan edilən yardım və dəstəklə problemlərin öhdəyə götürülərək aradan qaldırılması işlərinin həyata keçirilməsi və bunun davam etdirilməsi, yəni fəaliyyətinin təmin olunması” deməkdir. Bunu mücərrəd şəkildə ifadə etmək lazım gələrsə “salaatın iqaməsi” dedikdə:

  • Zehni olaraq, “təhsil və təlimin həyata keçirilməsi üçün məktəblər, xalq evləri, xalq təhsil mərkəzləri açılması və bunların fəaliyyətinin təmin olunması”;
  • Maddi olaraq, “sosial təhlükəsizliyin, müdafiə və mühafizənin təşkil edilməsi, iş yerlərinin açılması, sığorta təşkilatları, qocalığa, əlilliyə və s. görə təqaüd sistemlərinin, dəstək verərək yoxsul və yetimlərin – subay və dulların evləndirilməsi də daxil olmaqla, problemlərinin həllinin öhdəyə götürülməsi, dərdlərinə çarə olunması üçün qurumlar yaradılması və bunların yaşadılaraq fəaliyyətinin təmin olunması” deməkdir.

Salaatın bu mənası işin əsas mahiyyətini ifadə etdiyinə görə, Salaatın nə səbəbə dinin dirəyi olduğu daha yaxşı anlaşılar və qəbul edilər.

ZƏKAT

İslam dininin təməl ünsürlərindən biri olan “ الزكوة Zəkat – ın söz olaraq kökü olan

“ ز ك و  zkv/”, “törəmə və artma, arıtma” deməkdir. Meyvə və taxıl növündən Allahın verdiyi, artıb çoxalan hər şeyə “ زكاء zəka” deyilir. Bu kökün törəmələrindən olan “ الزكوة Zəkat” sözü,

“ صلاح Salaah–bir şeyin ən yaxşı, ən təmiz, ən düzgün halı” deməkdir. “Malın zəkatı” demək, “malın təmizlənməsi, saf, dupduru hala gətirilməsi” deməkdir. (LİSAN və TAC)

Bu sözün məsdərlərindən olan “ التزكية ət–təzkiyə”, “Təmizləmək, inkişaf etdirmək, feyziyab etmək, böyütmək və təmizə çıxarmaq” deməkdir. Bir Quran termini olaraq “təzkiyə”, nəfsini təmizləmək, onu şirk, günah, nifaq [ikiüzlülük], rics [pislik], cəhalət, pis duyğular və bunun kimi şeylərdən təmizləmək, ona itaəti və təqvanı öyrətmək deməkdir.

Bu mənanı, Əla/14–17, Leyl/14–21 və Şəms/ 1–10–da da görürük.

  • 14–17Təmizlənən, Rəbbinin adını anaraq SALAAT edən; maddi baxımdan və zehinsəl sa­­rıdan dəstək olan; cəmiyyəti aydınlatmağa çalışan kimsə qətiliklə özünü qur­tar­mış­dır. Fəqət, siz bu adi dünya həyatını üstün tutursunuz. Lakin axirət daha xeyirli və əbədidir. (Əla/14–17)
  • 14–16Elə buna görə də Mən sizi, yalan sayan, üz çevirən, ən çox bədbin olacaq olan adamdan başqasının girmədiyi, alovlandıqca alovlanan bir atəşə qarşı xəbərdar etdim.17–21Kimsədən qarşılıq gözləmədən, sadəcə Uca Rəbbinin rızasını umaraq, təmizlənmək üçün malını verən, əsasən Allahın qoruması altına girmiş olan adam bu atəşdən uzaq tutulacaqdır. Və yaxında o adam, tam yəqinliklə bilin ki, razı olacaqdır.                                                    (Leyl/14–21)
  • 1–10Quranı və onun yaydığı ictimai aydınlığı, Quranı izləyən Elçi və möminləri, Qu­ran işığı ilə aydınlanan cəmiyyətləri, Quran işığından yoxsul qalan cəmiyyətləri, bi­li­kliləri və bilikliləri ucaldan bilikləri, qara cahilləri və qara cahilləri bu hala gə­ti­rən qa­nun və anlayışları, Mənliyini tapmış kimsələri və Mənliklərini göstərən amilləri –ki, O, ona daşqınlıq etmək/özündən çıxmaq və özünü qorumaq istəklərini–gü­nah işləmə və “Allahın qoruması altında olma qabiliyyətlərini ilham etdi– sübut gös­tərirəm ki, nəfsini təmizləyən həqiqətən nicat tapmışdır. Onu bilərək rədd edən isə, tam yəqinliklə bilin ki, zərərə düşmüşdür.                                                                 (Şəms/ 1–10)

İnsanın nəfsini təmizlənməsi ancaq iman etməsi və salihatı işləməsi ilə mümkündür. İnsanı kirlədən küfür və şirkdir. Çünki, Tövbə surəsinin 28–ci ayəsində şirkin nəcis [pislik], müşrikin də nəcəs [pis] olduğunu Quran bildirir.

  • 28Ey iman edənlər! Bu ortaq qoşanlar, sadəcə bir iyrənclikdirlər. Artıq bu zamandan sonra Məscid–i Harama yaxınlaşmasınlar. Əgər yoxsulluqdan/onların uzaqlaşması ilə qazanc itirməkdən qorxdunuzsa da, Allah sizi dilədiyində ərməğanlar ilə yaxında zənginləşdirəcəkdir. Şübhəsiz, Allah ən yaxşı bilən, ən yaxşı qayda qoyandır.                                                                        (Tövbə 28)

İman sahibi olan adamda imanın zahiri əlaməti olan «təqva» ortaya çıxar və hərtərəfli, tərtəmiz bir «nəfs»dən söhbət gedər. İnancsız bir kimsədə isə inancsızlığının zahiri əlaməti olan «fücur» ortaya çıxar və onda hər cür ictimai pisliyi ehtiva edən bir «nəfs»dən söhbət gedər.

” الزكوة Zəkat” sözü də bu kökdən (“ ز ك و zkv”) gəlir. Yuxarıda qeyd etdiyimiz kimi, zəkat,        “صلاح salah”;  bir şeyin ən yaxşı, ən təmiz, ən düzgün halı” mənasına gəlir. “Zəkat” sözünün termin olaraq mənası isə, «Möminlərin dövlətində, dövlətin var olması, ayaqda dayana bilməsi, Salaatın iqamə edilə bilməsi (maddi və mənəvi dəstəyin və təhlükəsizliyin təmin edilə bilməsi) möminlərin iman borcu, qulluq vəzifəsi olaraq verdiyi vergi»–dir.

Möminlərin müstəqil bir dövlət mühitində bütün ibadətlərini azad şəkildə icra etmələrini təmin edərək, mənəvi təmizliyini təmin etdiyi, onları qüsursuzlaşdırdığı və bu ibadəti edərkən, adamı mal, mülk övlad asılılığından təmizlədiyi, insanları günah, xəsislik çirkindən təmizləyib malda bərəkətə səbəb olduğu üçün bu vergi ibadətinə «zəkat» deyilmişdir.

Möminlərin, özlərini, yaxınlarını, bütün insanları, bütün heyvanları və təbiəti fitnə–fəsaddan, zülmdən və pozulmaqdan qorumaq kimi vəzifələri vardır. İnsanların ancaq özlərinə aid bir dövləti və sərhədləri müəyyən edilmiş yurdları olarsa, Allahın verdiyi bu vəzifələri yerinə yetirmək mümkün olar.

Hər dövlətdə olduğu kimi möminlərin qurduğu dövlətin də, dövlətdən gözlənilən təhsil, təlim, səhiyyə, daxili və xarici təhlükəsizlik, infrastruktur işlərinin aparılması, gələcəyin zəmanət altına alınması, dinin və müstəqil bir yurdun qoruna bilməsi üçün maddi dəstəyə – vergiyə ehtiyacı vardır.

Müasir vergi ilə İslam dinindəki Zəkat vergisi zahirən bəzi nöqtələrdə bir–birinə bənzəsə də təməldə [alınma məqsədi və səbəbi, xərcləmə yerləri, alınan hissənin qədəri, alınan dəyərlər, alınacaq zaman] bir–birindən fərqlidir.

Zəkatı yalnız möminlər verirlər. Möminlərin dövlətinin varlığına, dik durmasının təmin olunmasında hər hansı bir xarici ölkədən dəstək gələrsə, o dövlət korlanmağa məhkum olar. Zəkat dövlət tərəfindən istənilməz və zorla alınmaz. Möminlər, səmimi olaraq, istəyərək paylarına düşəni özləri verərlər. Onun üçün Quranda zəkat həmişə “vermək” feli ilə ( “verin!” və ya “verirlər”) ifadə edilir, zəkatın alınmasından qətiyyən bəhs edilmir.

Öz mənlikləriniz üçün əvvəlcədən göndərdiyiniz yaxşılığın, Allah qatında xeyrini daha çox, mükafatını daha böyük olaraq əldə edəcəksiniz. …

İnsanın ölməzdən əvvəl malıyla, mülküylə xeyirli işlər etməsi, onları ölənə qədər əlində saxlamağından və miras qoymağından Allah qatında daha dəyərlidir.

Allahdan əfv diləyin! Heç şübhəsiz Allah çox əfvedici, çox mərhəmət edicidir.

Ayənin sonunda da, İslamı yaşarkən xəta edənlərin Allahdan əfv diləmələri istənilir və Allahın əfvediciliyi bildirilir.

Ən düzünü bilən Allahdır.

 

İstifadə olunmuş ədəbiyyat:

[1] Razi; el Mefatihu’l Gayb , Kurtubi; el  Camiu li Ahkami’l Quran, İbni Kesir

[2] Lisanü’l Arab, “zml” mad.

[3] Lisanü’l Arab, “rtl” mad.

[4] Lisanü’l Arab, “vte” mad.

[5] Lisanü’l Arab, “btl” mad.