Qədr surəsi Məkkədə nazil olmuş 25–ci surədir. Surənin Mədinədə endiyini iddia edən rəvayətlər də vardır. Ancaq həm üslubu, həm də İslama və Qurana rəğbəti artırmağa dair ismarıcları Surənin Məkkədə endiyini göstərir. Surənin Əbəsə Surəsindən dərhal sonra endiyini göstərən bir başqa sübut da Surənin ilk ayəsinin təhlil edildiyi səhifələrdə izah edilmişdir.
Qədim kitablarda həm Qədr Surəsi, həm də Qədr gecəsi ilə əlaqədar olaraq Nəsəfî, Süfyan–ı Sevri, Mücahid, İbn–i Əbi Hatim, Amr b. Kays, əl–Məlai, Beyhaki, İmam Əhməd b. Hanbel, Əbu Davud, ət–Tayalisi, İbn Əbi Asım ən–Nəbil, İbn Kəsir kimi mütəxəssislər tərəfindən müxtəlif məlumatlar verilmişdir. İslam elmləriylə məşğul olan bu şəxslərin izahları o günün şərtlərinə görə cəsarətli bir cəhd olsa da, təəssüf ki, qane edici deyildirlər.
Surənin Enmə Səbəbi
Qədr Surəsinin enmə səbəbi haqqında bir çox rəvayət vardır. Hədis üsulu qaydalarına görə intiqali [əldən ələ gəlişi] sağlam görünən bu rəvayətlərlə hörmətli və məşhur olan şəxslər, bu rəvayətlərə istinad edərək, bir çox fikir irəli sürmüşlər. Məzmunları diqqətə alınmayan, ağla və zəkaya istinadən tənqidləri edilməyən və heç birinin də Quranla təhlili edilməyən bu fikirlər müxtəlif kitablarda dərc edilmişdir.
Rəvayətlərin çoxunda İsrailiyyata aid məlumatlar vardır, belə ki, rəvayətlərdəki əhvalatlar İsrail qaynaqlıdır. Halbuki, Quran bizə peyğəmbərimizin əhli kitab olmadığını bildirir.
Bildiyimiz kimi, Peyğəmbərimiz Tövrat, Zəbur və İncil kitablarını oxumamışdı və təbii ki, bu kitabların gətirdiyi hökmlər barəsində də bir inanca, əmələ və mədəniyyətə sahib deyildi:
- 48Və sən bundan əvvəl hər hansı bir kitabdan oxumurdun–sən Quranı özündən yazmırsan. Əgər belə olsa idi, batilə inananlar qətiliklə şübhə duyacaqdılar. (Ənkəbud/ 48)
- 52,53Bax budur, beləcə Biz, sənə də Öz əmrimizdən/Öz işimizdən olan ruhu/ Quranı vəhy etdik. Sən, kitab nədir, iman nədir bilməzdin. Lakin, Biz onu, qullarımızdan dilədiyimizi özü ilə bələdçilədiyimiz bir nur/işıq etdik. Heç şübhəsiz sən də dosdoğru bir yola, göylərdə və yerdə olanlar Özü üçün olan Allahın yoluna bələdçilik etməkdəsən. Gözünüzü açın, işlər yalnız Allaha dönər. (Şura/52, 53)
- 3Sənə bu Quranı vəhy etməklə Biz, sənə hekayətlərin ən gözəlini anladırıq. Halbuki sən, bundan əvvəl, tam yəqinliklə bilin ki, bu barədə eşitməmişdin– məlumatsızlardan idin. (Yusif/ 3)
Peyğəmbərimizin İsrailiyyata dair bildikləri Qurandan öyrəndikləri ilə məhdud olduğuna görə, rəvayətlərdəki kimi–yoldaşlarına İsrail əhvalatları nəql etməsi barədə söhbət belə gedə bilməz. Beləliklə də həqiqətə zidd olan digər minlərlə hədis kimi, bu rəvayətlər də bir yalan və iftiradır.
Əslində elə əd–Dürrül–Mənsur, İtkan, İbn–i Cərir, İbn–i Əsir, Kadı Cəmaləddin, Əbul–Fida, Kadı Abdülcabbar, Razi kimi Böyük nüfuz sahibləri də bu rəvayətlərə daha əvvəlki tarixlərdə oxşar şəkildə cavablar vermişdilər.
Tərcümə:
Rəhman, Rəhim Allah adından
- 1Şübhəsiz Biz, dəyərli səhifələr içindəki Quranı Qədr gecəsində endirdik.
- 2Qədr gecəsi nədir–sənə nə bildirdi/öyrətdi?
- 3Qədr gecəsi min aydan daha xeyirlidir.
- 4,5Xəbərçi ayələr, içlərindəki ruh–can qatan, canlı tutan qüvvələri ilə Rəbblərinin izni ilə – biliyinə uyğun olaraq, o şəfəq sökülənə qədər–aydınlığa qovuşana qədər enələr–hər bir işdən ötrü.
Salam!
(25/97, Qədr, 1–5)
Təhlil
1Şübhəsiz Biz, dəyərli səhifələr içindəki Quranı Qədr gecəsində endirdik.
Ayədə endirilən [hülul etdirilən] şey üçün “o” əvəzliyi işlədilmişdir. Maraqlıdır, Allahın endirdiyi/hülul etdirdiyi nədir? Ərəb dilində və bütün digər dillərdəki ümumi qayda budur: “Qeyb [üçüncü şəxs] əvəzliyinin mövqeyi, əvəzlikdən əvvəl sözün gəlişinə, mənəvi olaraq və ya hökm olaraq xatırladılmış olmalıdır”. Yəni cümlədə hər hansı bir qeyri–müəyyən əvəzlik işlədildiyi zaman, işlədilən əvəzliklə nəzərdə tutulan şey, obyekt və ya məna daha əvvəl söylənmiş olmalıdır. Əks halda, qurulan cümlədən heç kim heç nə anlaya bilməz. Buradakı “o” əvəzliyi Surənin ilk ayəsində işlədildiyinə görə, bu əvəzliyin mövqeyi, nədir? Yəni Allahın endirdiyi/ hülul etdirdiyi şey nədir?
Fikrimizcə, “ انزلناه ənzəlnahu” ifadəsindəki “hu [o]” əvəzliyinin mövqeyi, bu Surədən əvvəl 24–cü sırada enmiş olan Əbəsə Surəsinin 11–ci ayəsindəki “تذكرة öyüd [Quran]” və 23–cü sırada enmiş olan Nəcm Surəsinin 59–cu ayəsindəki “الحديث əl–hədis [Quran]” sözləri ilə nəzərdə tutulan Qurandır.
Yəni Surəni anlaya bilmək üçün əvvəlcə Əbəsə Surəsi oxunmalıdır. Əks halda “ənzəlnahu” ifadəsindəki “hu [o]” zamiri hər hansı bir yerə bağlana bilməz və “o” əvəzliyi ilə nəzərdə tutulanın nə olduğu bilinməz. Quranı başa düşmək və yaşamaq istəyənlər, onu mütləq enmə sırasına görə oxumalıdırlar. Əks halda ayələr və Surələr arasındakı əlaqəni təsbit edə bilməzlər, beləliklə də, Quranı da lazımi qədər başa düşə bilməzlər. Bir qisim insanlar Quranı, «Savabdır» deyə başa düşmədən oxumağı məqbul görürlər, bir qisim insanlarsa müxtəlif hesablama sistemləri ilə məşğul olaraq, hikmət axtarırlar. Bu insanlar, Quranı başa düşmək haqqında bir söz deyə bilməzlər.
Ayədəki “انّا inna [biz]” ifadəsi ilə “təzim [hörmət]” qəsd edilmışdır. Bu ifadədən “çoxluq” mənası çıxarmaq mümkün deyil. Belə ki, Rəbbimizin “bir tək”liyi, şərik [ortaq] və oxşarının olmadığı əqlən və nəqlən sabitdir. Bəzilərinin “Allah, işlərini köməkçiləri olan övliyaları, Üçlər, Yeddilər, Qırxlar ilə birlikdə həyata keçirir” şəklindəki inancları səhvdən başqa bir şey deyildir.
Uca Rəbbimizin Quranda tez–tez işlətdiyi “Biz” ifadəsi ilə əlaqədar izah, Surənin təhlilinin sonuna qoyulan “Allah və “Biz” əvəzliyi” başlığı altında oxucuların diqqətinə təqdim edilmişdir.
2Qədr gecəsi nədir–sənə nə bildirdi/öyrətdi?
“ليلة القدر Qədr gecəsi” ifadəsi, bir tamamlıq halında ərəb dilinə ilk dəfə bu Surə ilə girmişdir. Bu Surə enənə qədər heç kim belə xüsusi bir gecədən xəbərdar deyildi. Bu ayədən aydın olduğuna görə, Qədr gecəsinin nə olduğunu daha əvvəldən peyğəmbərimiz də bilmirdi. Əslində elə peyğəmbərlik gələnə qədər, ətrafında baş verən hadisələri qeyd edən birinin olmadığı bir şəxsin, belə xüsusi bir gecəni bilməməsi də son dərəcə təbiidir.
Buna görə də, istər peyğəmbərimizin özü və istərsə də digər möminlər, peyğəmbərimizin Məscid–i Haramdan Məscid–i Aksaya yeridildiyi və Cənnətül–Məva deyilən yerdə son sidr ağacının yanında Allahdan ilk vəhyləri aldığı o, Ramazan gecəsinin “Qədr gecəsi” olduğunu bu surə endikdən sonra öyrənmişdilər. Başqa ifadə ilə desək, Qədr gecəsi peyğəmbərimizin Quran ilə əlaqədar məsələlərlə ilk dəfə tanış olduğu gecədir.
Uca Allah bu barədə başqa məlumat verməmiş, bu qədərinin bizim üçün yetərli olacağını təqdir etmişdir. Demək ki, Quranın enməyə başladığı bu gecənin b.e. 611–ci ilinin Ramazan ayının hansı gecəsi olduğu əhəmiyyətli deyildir, bunu bilməyin kimsəyə faydası da yoxdur. Əsas əhəmiyyətli məsələ, Surənin ismarıcını doğru başa düşmək, beləliklə də kəramətin gecədə deyil, endiriləndə olduğunun fərqinə varmaqdır. Bu baxış bucağı ilə baxıldıqda, demək olar ki, Quranla 5 yanvar günü günorta üstü saatlarında tanış olan bir insan üçün həmin gün Qədr günü olur. Çünki, vacib olan Quranla tanış olmaqdır və dərhal sonrakı ayədən öyrənəcəyimiz kimi, Quranla qurulan əlaqə bir ömürdən daha dəyərlidir.
İşin əsli belədir və Quran da bu istiqamətdə ismarıc verir. Lakin buna baxmayaraq, qaranlığa daş atmağa adət etmiş qədim şəxslər Qədr gecəsinin hansı gecə olduğu barəsində bir xeyli zəhmət sərf etmiş və bir çox fikir istehsal etmişdilər. İbrət alınması baxımından bu fikirlərdən bəzisini rəvayət təfsirçilərinin təməl qaynağı olan Məfatihü’l–Ğaybdan nəql edirik:
“Qədr gecəsinin hansı gecə olduğu barəsində ixtilaf edilmişdir. Səkkiz müxtəlif fikir irəli sürülmüşdür. İbn–i Rəzin Qədr gecəsinin Ramazan ayının ilk gecəsi olduğunu söyləyir.
Həsən əl–Bəsri iyirmi yeddinci gecəsi olduğunu söyləmişdir. Enesdən də, bu gecənin iyirmi doqquzuncu gecə olduğu rəvayət edilmişdir. Məhəmməd b. İshak iyirmi birinci gecə olduğunu, İbn–i Abbas iyirmi üçüncü, İbn–i Məsud iyirmi dördüncü, Əbu Zər əl–Qifari iyirmi beşinci, Ubeyy b. Kab ilə bir qrup səhabə iyirmi yeddinci, digərləri isə iyirmi doqquzuncu gecə olduğunu söyləmişdilər.
Qədr gecəsinin Ramazan ayının ilk gecəsi olduğunu irəli sürənlər belə bir sübuta istinad edirlər: Vəhb rəvayət etmişdir ki, İbrahim peyğəmbərin Suhufu Ramazanın ilk gecəsində, Tövrat İbrahim peyğəmbərin Suhufundan yeddi yüz il sonra, Ramazanın altıncı gecəsində, Davuda enən Zəbur Tövratdan beş yüz il sonra, Ramazanın on ikinci gecəsində, İsaya endirilən İncil də Zəburdan altı yüz iyirmi il sonra, Ramazanın on səkkizində nazil olmuşdur. Uyğun olaraq da Quran Məhəmməd Peyğəmbərə bir ildən növbəti ilə qədər olan hər Qədr gecəsində enmiş, Cəbrayıl Quranı Beytül–İzzədən, göyün yeddinci qatından ən yaxın səmaya endirmiş, beləliklə, Uca Allah Quranı iyirmi il, iyirmi ayda endirmişdir.
Beləliklə də, Ramazan ayı, bu qədər uca mətləblər bu ayda meydana gəldiyinə görə, heç şübhəsiz ki, son dərəcə qiymətli, şərəfli və qüsursuz olmuş olur. Beləliklə də, bu ayın ilk gecəsi Qədr gecəsi olmuş olur.
Həsən el–Bəsriyə görə, Qədr gecəsi Ramazan ayının iyirmi yeddinci gecəsi hesab edilir. Buna sübut olaraq da Bədir Düyüşünün bu gecənin səhərində baş vermiş olduğunu göstərmişdir.
Enesdən də bu barədə bir hədis rəvayət edilir və ona görə də bu gecənin Ramazanın on doqquzuncu gecəsi olduğu iddia edilir.
Şafii isə “Adəmin hələ su ilə palçıq arasında bir şey olduğu vaxtda Peyğəmbərin Nəbi olması” hədisinə əsaslanaraq bu gecənin Ramazanın iyirmi yeddinci gecəsi olduğunu düşünmüşdür.
Qədim təfsirçilərin böyük bir qismi də bu gecənin Ramazanın iyirmi yeddinci gecəsi olduğuna inanmışlar. Bu qənaətin sahibləri bu barədə əl yeri olaraq aşağıdakı zəif verilənləri irəli sürmüşdülər:
Bir hədisdə İbn–i Abbas, “Bu Surə otuz kəlmədir. “ هى Hiyə” kəlməsi isə iyirmi yeddinci kəlməni təşkil edir” demişdir. Rəvayət olunduğuna görə, Ömər bu məsələni səhabədən sualşmuş, sonra da İbn–i Abbasa dönərək “Ey elmlər dalğıcı, bu mövzuya bir dal görək!” demişdir. Buna görə də səhabədən Zeyd b. Sabit “Muhacirlərin uşaqları burada saxlanıldı, amma bizim uşaqlarımız saxlanılmadı!” deyəndə Ömər də “Sən bu sözünlə İbn–i Abbasın bir uşaq olduğunu söyləmək istəyirsən… belə ki, onda olan elm sizdə yoxdur” demişdir. İbn–i Abbas, buna görə sözə qarışaraq: “Allaha ən sevimli say, tək olan saydır. Tək olan sayların ən sevimlisi isə yeddidir. Bax elə buna görə də O, yeddi qat göyü, yeddi qat yeri, yeddi gündən ibarət olan həftəni, yeddi təbəqəli cəhənnəmi, sayı yeddi olan təvafı, yeddi üzvü zikr etmişdir. Beləliklə bu, bu gecənin Ramazan ayının iyirmi yeddinci gecəsi olduğuna dəlalət edər” demişdir.
İbn–i Abbasın belə dediyi də nəql edilmişdir: “ليلة القدر leylətülqədr [Qədr gecəsi]” ərəb dilində doqquz hərfdir. Bu tamamlıq bu Surədə üç dəfə verilir. Buna görə də, [vurma əməliyyatı edildiyində nəticə 3 x 9= 27] iyirmi yeddi olur.”
Osman b. Əbil–Asın bir qulu vardı. Bu məsələ müzakirə olunarkən o qul, “Ey əfəndimiz, dənizin suyu bu ayın bir gecəsində şirinləşir” deyincə, Osman da “O gecə olduğunda məni xəbərdar et” deyərək, ona tapşırmışdır. Bir də nə görsələr yaxşıdır? Bu gecə Ramazanın iyirmi yeddinci gecəsiymiş.
Göründüyü kimi, gündəlik həyatın ən təbii təcrübələrinə belə əks olan belə bir iddianın kitablarda dərc edilməsi, həqiqətən də faciəvidir. Həm həqiqətlərə uyğun olmayan belə bir iddianın irəli sürülə bilməsi, həm də təfsirçilərin, qarşılarına çıxan bu cür verilənləri tənqidi gözlə dəyərləndirmədən, kitablarında dərc etməsi eyni dərəcədə təəssüf hissi doğurur.
Bu gecənin Ramazanın ən son gecəsi olduğunu söyləyənlər isə belə deyirlər: “Çünki, bu gecə, bu aya aid itaətlərin özündə tamamlandığı bir gecədir. Ramazanın belə olması, eynilə peyğəmbərlərin ilkinin Adəm, sonunun da Məhəmməd (əs) olması kimidir. Elə buna görə də, bir hədisdə, “Ramazanın sonunda, başından etibarən o günə qədər cəhənnəmdən azad edilən nəfslər sayı qədər, sadəcə bu gecədə azad edilir… ” deyilmişdir. Daha doğrusu Ramazanın ilk gecəsi, birinin bir oğlunun olması kimidir.
Buna görə də bu gecə şükür gecəsidir. Ən son gecəsi də birinin uşağını itirdiyi ayrılıq gecəsi kimidir. Buna görə də bu son gecə də səbr gecəsidir. İndi sən, hər halda səbrlə şükür arasındakı fərqi anlamış olursan.”[5]
Sadaladığımız fikirlərin peyğəmbərimizlə hər hansı bir əlaqələri yoxdur, bunlar sadəcə haqqında söhbət gedən şəxslərin öz görüşləridir. Qədr gecəsinin Ramazanın hansı gecəsi olması ancaq modern vasitələr ilə keçmişin müəyyən edilə bilməsi halında mümkün ola biləcəkdir. Hələlik, haqqında söhbət getməsə belə, gələcək zamanlarda bunun da reallaşa biləcəyi mümkün ola bilər.
Konkret olaraq bilinən odur ki, Qədr gecəsi Quranın enməyə başladığı ilk gecədir. Bu da tarixdə sadəcə bir dəfə yaşanmışdır. Hər il yeni bir Qədr gecəsi yaşanmaz. Yəni Quran hər il, yenidən enməz. Sadəcə Quranın endiyi vaxtın il dönümləri olur. Eynən doğum və evlilik günləri kimi… İnsan hər il doğulmaz və hər il evlənməz. Qeyd edilən günlər bu hadisələrin sadəcə ildönümləridir.
3Qədr gecəsi min aydan daha xeyirlidir.
“الف شهر min ay” ifadəsi, söylənənin vacibliyinə diqqət çəkmək üçün mübaliğə üslubuyla ifadə edilmiş bir sözdür. Dünyanın hər yerində və hər dildə bu cür mübaliğə ifadələri işlədilir. Mübaliğə sənəti, ərəb dilində və beləliklə də, Quranda da işlədilən bir anlatma vasitəsidir. Quranda mübaliğə üslubuyla işlədilən ifadələr ümumilikdə, tərif və ya hörmətə layiq dəyərliliyi bildirmək üçün işlədilmişdir. “Bu əsgər min əsgərə bədəldir (ekvivalentdir, bərabərdir)” nümunəsində olduğu kimi, bu ayədə də “Bu gecə min aydan daha xeyirlidir/faydalıdır” deyilmişdir. “Min ay” zaman olaraq, təxminən bir insanın ömrünə ekvivalentdir. Beləliklə də min aydan daha faydalı olan Qədr gecəsi, eyni zamanda bir insanın da ömrünə bədəl bir dəyərdədir. Bilinməlidir ki, bir ömrə bədəl (ekvivalent) dəyərdə olan bir şey, hər insan üçün mütləq bir önəmi ifadə edir.
4,5Xəbərçi ayələr, içlərindəki ruh–can qatan, canlı tutan gücləri ilə Rəbblərinin izni ilə/biliyinə uyğun olaraq, o şəfəq sökülənə qədər/aydınlığa qovuşana qədər enərlər–hər bir işdən ötrü.
Salam!
Ayədə verilən “تنزّل tənəzzəlu” kəlməsinin əsli “تتنزّل tətənəzzəlu”dür. Bu sözün işlədildiyi “Təfaul” qəlibi, qrammatika quruluşu etibariylə bir iş, hadisə və hərəkətin təkrarlanan bir müddət olduğunu, bir hadisədən sonra o hadisənin dəfələrlə təkrarlandığını izah edir. Təfaul qəlibinın bu məna xüsusiyyətinə görə “تنزّل tənəzzəlu” ifadəsinin “Mələklər enər [hülul edər], sonra yenə enər [hülul edər], sonra yenə enər [hülul edər]…” ya da “…enməyə [hülul etməyi] davam edər…” şəklində başa düşmək lazımdır.
Bu mənanın dilimizə “ardıcıl olaraq enirlər/ hülul edirlər” və ya “endikcə enər, hülul etdikcə, hülul edər” şəklində tərcümə edilməsi daha da uyğun olar.
“Nüzul” sözünün əsas mənası “hülul [girmək, içə işləmək, nüfuz etmək]” deməkdir. Bu mənadakı “girmək”, “daxil olmaq” sözüylə ifadə edilən “giriş”dən fərqlidir. Hülul etmək, gizlicə, xəbər etmədən, fiziki bir təsir etmədən girib, girdiyi əşyanın hər bir zərrəsinə homogen olaraq yerləşmək şəklində bir girişdir.[6] Belə ki, Mömin Surəsinin 15–ci ayəsində ruhun hülulu [içə yerləşdirilməsi] “تنزّل tənəzzül” sözüylə deyil “القائ ilqa [qoymaq, buraxmaq]” sözüylə ifadə edilmişdir.
Buna görə də, ayədə verilən “enmə” ifadələri “hülul etmə” mənasıyla izah ediləcəkdir. Bəzi batil inanclarda Allahın, bəzi adam və ya əşyaya girişi olaraq qəbul edilən “hülul inancı” mövzumuza aid deyildir.
Zamanla “yuxarıdan aşağı giriş”ə də “enmə” mənası verilmiş və daha sonralar “nüzul” sözü də “enmə” mənasında işlədilmişdir. Xüsusilə də xalq deyimlərində mələklər göy varlığı qəbul edildiyindən, mələklərin də göydən endikləri təsəvvür edilmişdir.
Surənin doğru başa düşülməsi, “mələk–məlaikə”, “mələklərin enişi [girişi]” və “ruh” anlayışlarının doğru bilinməsindən asılıdır. Bu anlayışlar Qurandan öyrənilməyib, adət–ənənə həcmində dəyərləndirilərsə, Surə ya başa düşülməz, ya da səhv başa düşülər. Xalqın inancına görə mələklər göy varlıqları qəbul edildiyindən, mələklərin göydən endikləri təsəvvür edilmişdir.
Nəcm Surəsində “mələk” sözünün iki müxtəlif kökdən də gələ biləcəyi qeyd edilmişdi. Buna görə, əgər “ئلوك üluk” kökündən gəlirsə “elçilər [xəbərçilər]”, “ملك məlk” kökündən gəlirsə “idarəçi güclər” mənalarına gəldiyi əvvəlki surələrdə qeyd edilmişdi. Həmçinin izah edilmişdi ki, hansı kökdən olduqda nə mənaya gəldiyi, ancaq sözün yer aldığı bölmənin kontekstindən [məzmunundan] aydın ola bilər.
Məsələn, mələklərin nüzulu [hülulu] barəsində söhbət açan aşağıdakı ayələrdən bəzilərində “mələk” sözü “elçilər [xəbərçilər]” mənasında, bəzilərində isə “idarəçi güclər” mənasında işlədilmişdir.
“ ملك Mələk” sözünün “elçilər [xəbərçilər]” mənasında işlədildiyi ayələr:
- 2Allah, qullarından dilədiyinə, xəbərçi ayələri/vəhyi, Özünə xas bir iş olaraq, ruh/can ilə birlikdə buyurar: “İnsanları xəbərdar edərək bildirin: «Şübhəsiz, Məndən başqa ilah yoxdur. O halda, Mənim qorumam altına girin!” (Nəhl/ 2)
- 30–32Şübhəsiz, “Rəbbimiz Allahdır” deyib sonra dosdoğru olanlar–onların üzərinə, xəbərçi ayələr həmişəlik enər: – “Qorxmayın, məyus olmayın. Sizə vəd edilən cənnətlə sevinin. Biz, dünya həyatında və axirətdə sizin yol göstərənləriniz, köməkçiləriniz, qoruyanlarınızıq. Cənnətdə, qullarının günahlarını çox örtən, onları cəzalandırmayan və bağışlaması bol olan, sonsuz mərhəmət sahibindən bir bəxşiş olaraq sizin üçün nəfslərinizin arzuladığı hər şey var. Orada istədiyiniz şeylər də sizin üçündür.” (Fussilət/ 30–32)
- 123–127Və and olsun, sizlər gücsüz ikən, Allah, sizə verilən nemətlərin qarşılığını ödəyərsiniz deyə, sizə Bədirdə kömək etdi: Həmçinin sən inananlara, “Rəbbinizin, endirilən/ hülul etdirilən üç min mələklə sizə kömək etməsi sizə yetməzmi?” deyirdi Əgər səbr edər və Allahın qoruması altına girərsinizsə, bəli, sizi Rəbbiniz dəstəkləyər. Və əgər onlar, qəflətən üzərinizə gəlsələr, Rəbbiniz sizə işarələnmiş/təlimləndirən/ göndərilmiş beş min mələklə kömək edər. Və Allah, bu köməyi sizə sırf bir müjdə olsun və qəlbləriniz bununla sakitləşsın deyə etdi. Və bu kömək, sırf Allah, kafirlərdən–Özünün ilahlığını, rəbbliyini bilərək rədd etmiş olan kimsələrdən bir qisminin kökünü kəssin, yaxud onları pərişan etsin və uduzanlar olaraq dönüb getsinlər deyə, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olan və ən yaxşı qayda qoyan, pozulmağa yaxşı mane olan/sağlamlaşdıran Allah qatındandır. Elə isə Allahın qoruması altına girin. (Al–i İmran/ 123– 127)
“Mələk” sözünün “idarəçilik gücləri” mənasında işlədildiyi ayələr:
- 8Biz o təbii gücləri, ancaq haqq ilə endirərik. O vaxt da onlar möhlət verilənlərdən olmazlar. (Hicr/ 8)
- 14Həmçinin onlara, “Allahdan başqasına qulluq etməyin!” deyə qarşılarından–arxalarından [hər yanlarından] elçilər gəlmişdi. Onlar: –“Əgər Rəbbimiz istəsəydi, qətiliklə mələklər endirərdi. Buna görə də biz, özüylə göndərilmiş olduğunuz şeyləri qətiliklə bilərək rədd edənlərik/ inanmayanlarıq” dedilər. (Fussilət/ 14)
- 8Və onlar, “Bu Peyğəmbərə bir mələk endirilsəydi də!” dedilər. Əgər Biz, bir mələk endirmiş olsaydıq, iş, tam yəqinliklə bil ki, bitirilmiş olardı. Sonra da onlara göz belə açdırılmazdı. (Ənam/ 8)
Gördüyümüz kimi, nümunə olaraq verilən ayələrin hamısı mələklərin nüzulü [hülulu] ilə əlaqədar ayələrdir. Bu ayələrdə “mələk” sözü ilə əlaqədar həmişə eyni şey nəzərdə tutulmasa da, hansı ayədə nə nəzərdə tutulduğu asanlıqla başa düşülür.
Bu məqamda çox vacib bir cəhətə daha diqqət edilməlidir. Bu vacib cəhət, “elçilər [xəbərçilər]” mənasındakı mələklərin nə iş gördükləridir. Yuxarıda nümunə göstərilən ayələrə baxdıqda, elçi mələklərin inzar [xəbərdarlıq] və təbşir [müjdələmə] kimi işlər etdikləri görünür. Halbuki mələklərin inzar və təbşir işləri etmələri mümkün deyildir. Çünki, Quran bu işlərin ya peyğəmbərlər, ya da vəhy edilmiş kitablar tərəfindən edildiyini qeyd edir. Xəbərdarlıq və müjdələmə ilə əlaqədar olan ayələrin hamısından aydın olan ismarıc da xəbərdarlıq və müjdələmə vəzifəsinin peyğəmbərlər və vəhy edilən kitablardan başqa hər hansı bir varlıq tərəfindən edilməməsidir. (Mömin/15, İbrahim/52, Əhkaf / 12, Furkan/1, Fussılət/3, 4, 14, Bəqərə/97, 119, 213, Nəhl/89, 102, Nəml/2, Ənam/48,92, Əraf/2, Səba/28, Fatir/24, İsra/105, Əhzab/45, Fəth/8, Nisa/165, Kəhf/56). Beləliklə də, “mələk” sözünün, “elçilər [xəbərçilər]” mənasında işlədildiyi ayələrdə bu sözlə nəzərdə tutulanlar “Quran Ayələri”dir.
Talaq Surəsinin 10 və 11–ci ayələrinə görə əslində elə Quranın bir adı da “rəsul”, yəni “elçi”dir. Bu elçi [xəbərçi] özündə, cəmiyyətin canı hesab edilə bilən, etibar edilən və müqəddəs məlumatlar ehtiva edir.
Buraya qədər 4–cü ayə əhatəsində “nüzul” sözü ilə əlaqədar ifadə edilən “enmə” qavramından və “mələk” sözünün Qurandakı işlədilməsindən bəhs edilmişdir. İndi də “mələklərin enişi”, “ruh” və “ruhun enişi” mövzularını təhlil edərək Surədə verilən ismarıcın daha yaxşı anlaşılmasına çalışacağıq.
Mələklərin enməsi
Bu günə qədər “mələk” anlayışı və onun Qurandakı istifadəsini nəzərə alsaq və həmçinin nəzərə alsaq ki, bu anlayış heç vaxt vəhy perspektivi içində ələ alınmamışdır. Buradan beləbir nəticə çıxmışdır ki, mələklər həmişə göydə yaşamışlar və göydən yer üzünə enmişlər.
Rəvayətçilər mələklərin daima ucsuz–bucaqsız yeddi qat göydən, Ərşdən, Kürsidən yer üzünə endiklərini iddia etmişlər, lakin onları bu kiçik dünyaya sığdırmağı da onlara sığışdırmamışlar. Maraqlıdır ki, yer üzünə endirilən, amma oraya sığdırılamayan mələklərin geri dönüb dönmədikləri barəsində isə hər hansı bir izah verməmişlər. Bunun əvəzində isə mələklərin yer üzünə nə üçün endikləri barəsində bir çox əsilsiz fikirlər irəli sürmüşlər:
–Bəzilərinə görə mələklər insanların itaətlərini, qulluqdakı ciddiyyət və səmimiyyətlərini görmək üçün [maraqdan] enərlərmiş;
–Bəzilərinə görə mələklər, cənnətlik insanları ziyarət edib, onlara salam vermək üçün enərlərmiş. Belə ki, kimi ziyarət edib salam verərlərsə, onların günahları əfv edilərmiş.
–Allah Qədr gecəsinin fəzilətini yer üzündəki itaətə, ibadətə bağlamışdır. Mələklər yer üzünə enib, göydəkindən daha çox savab qazanmaq istəyirmişlər. Yer üzünə də bunun üçün enirmişlər. Bu eynilə daha çox savab qazanmaq üçün Məkkəyə getməyə bənzərmiş.
– Bir şəxsin böyüklərinin yanında etdiyi ibadət və itaət, yalnız ikən etdiyindən daha dəyərli imiş. Beləliklə mələklərin yanında edilən ibadət və itaət, yanlarında mələklər olmadan ediləndən daha çox savab gətirirmiş. Allah da, qulları daha çox savab qazansınlar deyə, mələkləri yer üzünə endirərmiş.
– Bəzi rəvayətlər də İsrailiyyatın Müsəlmanlar arasında özünə yer etməsiylə meydana çıxmışdır. Məsələn, Yəhudi mədəniyyətini Müsəlmanlar arasında yaymaqla məşhur olan Kab əl–Ahbardan nəql edilən bu rəvayətlər ibrətamizdir:
“Sidrə–i Müntəha, cənnətin qonşusu olan yeddinci qat göyün sərhəddindədir. Buna görə də Sidrə, dünya havası ilə axirət havasının sərhəd xətti üzərindədir və kökü cənnətdə, budaqları Kürsinin altındadır. Sidrədə saylarını ancaq Allahın bilə biləcəyi qədər çox mələk vardır. Bunlar həmişə Allaha ibadətlə məşguldurlar. Cəbrayılın məqamı da Sidrənin tam ortasındadır. Buradakı hər mələyə, möminlər üçün mərhəmət etmə və anma duyğusu verilmişdir. Beləliklə də bu Sidrə mələkləri, Qədir gecəsində Cəbrayıl ilə birlikdə dünyaya enərlər. Buna görə də bu gecədə, yer üzünün hər tərəfində ya səcdəyə qapanmış, yaxud mömin və möminələrə dua etməklə məşgul olan mələklər vardır. Cəbrayıl isə istisnasız hər kəslə əl verib görüşər. Bu əl verib görüşməyin əlaməti, əl verib görüşdüyü insanın tüklərinin ürpərməsi, qəlbinin riqqətə gəlməsi və gözlərinin yaşla dolmasıdır. Bu hallar, Cəbralyılın o kimsəylə əl verib görüşməsindən qaynaqlanır.”[7]
– Mələklərin niyə enməsi ilə əlaqədar olaraq verilən maraqlı izahlardan biri də budur: Bildiyimiz kimi, Bəqərə/30–da deyilir ki, Uca Allah yer üzündə bir xəlifə qılacağını murad edib, bunu mələklərə bildirincə, mələklər “Sən yer üzündə fəsad çıxaracaq, qan tökəcək birilərinimi xəlifə edəcəksən? Halbuki biz səni təsbih və təqdis edirik” demişdilər. Allah da “Mən sizin bilmədiklərinizi bilirəm” deyə cavab vermişdi.
Bu ayə ilə əlaqə qurularaq edilən izah, Qurana qulaq verməməyin faciəvi nəticələrini göstərən xüsusiyyətdədir: Demə Allah, mələkləri özünə etdikləri nadancasına etirazlarını və tərbiyəsizliklərini üzlərinə vurmaq üçün yer üzünə endirirmiş. Onlara “Baxın görək, mənim qullarım sizin dediyiniz kimi yer üzündə pozğunçuluq edirmi, qan tökürmü, yoxsa hər biri oruc tutaraq, namaz qılaraq, səcdə edərək, rüku edərək mənə qulluqmu edir?” deyirmiş. Mələklər də Qədr gecəsində namaz qılanı, mövlud oxuyanı, təsbih çəkəni, zikr edəni görərək “Ya Rəbbi, biz böyük səhv etmişik, sənin xəlifə etdiyin qulların bizdən daha da mələk imiş, üzr istəyirik” deyirmişlər.
İstər bu boş sözləri uyduranlara və istərsə də buna inananlara, haqqında bəhs edilən mələklərin yer üzünə enmələrində insanlığın ümumi vəhşət və zillətini, nankorluğunu, xüsusilə də Müsəlmanlığı əldən buraxmayanların vəhşətini, bir–birlərini vəhşiliklə qətl etdiklərini, insanların bir–birlərinin qanlarını necə somurduqlarını, Rəbblərini buraxıb necə qula qul olduqlarını, fəsadlarını [yer üzündə ortaya qoyduqları dağıntı və qarışıqlığı], qısacası insanlığın və xüsusilə də Müsəlmanların ümumi vəziyyətini görüb görmədikləri də soruşulmalıdır. Belə ki, bu sual mələklərin yer üzünə səhvlərini başa düşməkləri üçün endirildiyini irəli sürən bu düşüncə sahiblərindən soruşulduğunda verəcəkləri cavab “Uca Allah ümumi mənzərəni mələklərdən gizlədər” ola bilər.
Bu cür həqiqətdən uzaq düşüncələrin tərk edilib, Qurandan meydana çıxan suallara yenə Qurandan cavablar axtarılmalıdır. Çünki, dinimiz ilə əlaqədar olaraq ağlımıza gələn “niyə, nə üçün, necə” şəklindəki bütün sualların cavabları yenə də Quranda yer alır.
“Mələk” sözünün “elçi [xəbərçi]” mənasında işlədilməsinə nümunə göstərdiyimiz ayələr “nüzul, mələk və mələk növləri” haqqında verilən məlumatlara istinad edərək, təkrar oxunduğunda, Nəhl Surəsinin 2–ci və Fussilət Surəsinin 30–32–ci ayələrində “Həqiqət budur ki, məndən başqa ilah yoxdur, o halda məndən çəkinin!” deyə inzar edən [xəbərdar edən] və “Qorxmayın, narahat olmayın! Sizə vəd edilən cənnətə sevinin!” deyə təbşir edən [müjdələyən] mələklərin əslində Quran ayələrindən başqa bir şey olmadığı aydın olur. Həmçinin, Al–i İmran Surəsinin 124–cü ayəsində Allahın inananlara üç min mələklə kömək etdiyi barəsindəki ifadə, o gün döyüş yerinə göy üzündən üç min mələyin endiyi mənasına gəlməz. Bizə görə bu ayədə sözü edilən üç min mələk, o günə qədər enmiş olan Quran ayələri, ya da o döyüş əsnasında hər kəsin bildiyi yağış və külək kimi təbiət hadisələrdir. Çünki, istər bu ayələrin hər birinin etdiyi xəbərdarlıq, verdiyi müjdələrin mənəvi nəticələri, istərsə də küləyin, yağışın səbəb olduğu palçıq kimi fiziki nəticələr, inananlara dəstək təmin edirdi və bu dəstək Müsəlmanlara kifayət edirdi.
Quran mələklərin enməsindən söz açdığı kimi, şeytanların da enməsindən [hülul etməsindən] söz açır. Ancaq ənənəvi din anlayışı içində haqqında heç söhbət açılmayan bu movzu, bəzi Müsəlmanlar tərəfindən sanki, unudulmuş kimidir:
- 221Şeytanların kimə endiyini–kimlərin başına bir şeylər daxil etdiyini sizə xəbər verimmi? 222Şeytanlar, bütün iftiraçı günahkarlara enərlər–onların başına bir şeylər daxil edərlər. 223Onlar, duyğu törədərlər, halbuki, onların çoxu yalançıdır. –Nəml 6Şübhəsiz, bu Quran isə sənə qaydalar qoyan və ən yaxşı bilən Allah tərəfındən sənin içinə işlədilir. (Şüəra/ 221–223)
Bu ayələr yuxarıda tərcüməsi verilən Fussilət Surəsinin 30–32–ci ayələri ilə qarşılaşdırıldığında, mələklərin və şeytanların bir–birlərinin tam əksi olduğu görünür.
Ruh. Ruh anlayışı bu günə qədər dinli və ya dinsiz, müsəlman və ya qeyri müsəlman bir çox insanları maraqlandıran mövzu olmuşdur. Cahil və ya elmli bir çox insanlar tərəfindən ruh haqqında yüzlərlə kitab qələmə alınmışdır. Bu əsərlərdə ümumilikdə aşağıdakı mövzular işlənmişdir: Ruh nədir? Ruh neçə dənədir? Ruhlar harada mövcud olur? Ruh və nəfs eyni şeydirmi? Ruh cisimdirmi, məxluqdurmu, enerjidirmi, kosmik şüurdurmu, mələkdirmi, varlıqların əslidirmi? Ruh şəffaf, büllur, cins–i lətifdirmi? Ruhmu, yoxsa cəsədmi əvvəl yaradılmışdır? Ruh ölürmü? Ruh qəbirdə cəsədə geri dönərmi? Dirilərin ruhları ölülərin ruhlarıyla görüşürmü? Hər şey ruhdanmı meydana gəlmişdir? Həyatı, hərəkəti, idrakı təmin edən güc ruhdurmu? Ruhun insani, heyvani, nəbati olmaqla növləri vardırmı? Kamil ruh ilə gələcəyi görə bilmək, gələcəkdən xəbər verə bilmək, zaman və məkan xaricinə çıxmaq mümkündürmü?
Bütün bunlardan başqa, ruh ilə əlaqədar bu əsərlərdə ruh çağırma, telepatiya, mediumluq, yoqa, çin olan yuxu, cadu, sehr və reinkarnasiya [ruh köçməsi] kimi mövzuların açıqlanmasına da çalışılmışdır.
İnsanlıq, çox qədim zamanlardan bəri, bu mövzularla maraqlanmış, psixologiya elminin inkişaf etmədiyi və sistemləşmədiyi bu uzun müddətdə vəhyin təsdiq etmədiyi, modern psixologiya elminin də dəstəkləmədiyi bir çox fikir və anlayış ortaya çıxmışdır. Vəhy anlayışına uyğun gəlməyən zehni fəaliyyətin ən məlum nümunələrindən biri olan Qədim Yunan Fəlsəfəsi öz dövründə çox təsirli olmuşdur. VIII Yüzilin ortalarında tərcümə hərəkatları başlamışdı. Bu dövrdə bəzi Müsəlman alimləri də vəhydən kənar Yunan Fəlsəfəsinin təsiri altına düşmüşdülər. Beləliklə də, dünyəvi maraq mövzularından biri olan ruh və ruhla əlaqədar mövzular İslam dünyasının da maraq dairəsinə daxil olmuşdur. Bəzi Müsəlman mütəfəkkirlər Qədim Yunan–Latın düşüncələrini, güya İslamiləşdirərək, kitablarında İslami məlumatlar olaraq təqdim etmişlər, ruhun mahiyyəti və müxtəliflikləriylə əlaqədar çox müxtəlif düşüncələrlə dolu olan yüzlərlə risalə və cildlərlə kitab yazmışdılar.
Bu barədə yazılan ən ciddi əsər, İbn Kayyim əl–Cəvziyyə [1299–1351, Hicri 691–751] tərəfindən qələmə alınan “Kitabur–Ruh”dur. Həmçinin İmam Qəzali də Qədim Yunan fəlsəfəsindən seçdiyi məlumatları müxtəlif əsərlərində qələmə almışdır. Lakin bunların hamısı Quranın ifadə etdiyi “ruh” anlayışından çox uzaqdır
Nəticədə, bu günə qədər bu barədə Quran qaynaqlı ciddi bir tədqiqat aparılmamışdır. Təəssüf ki, bu müəlliflərin kitablarındakı məlumatlar həm doğru, həm də İslami qəbul edilmişdir. Lakin əsl narahat olmalı məsələ, min dörd yüz ildən bəri yazılmış olan “təfsir” adlı kitabların heç birinin Qurana istinad edilməməsi və bu kitablarda həmişə “Rəvayət Təfsiri”nin ön plana çıxarılmış olmasıdır. Hər baxımdan açıq və müfəssəl olan Quranın bir sıra əsilsiz rəvayətlərə və İsrailiyyat qaynaqlarına qurban edilməsi Müsəlmanlar üçün çox acınacaqlı bir vəziyyətdir.
Belə ki, rəvayətlərin çoxluğu və müxtəlifliyi fikirləri yaxşıca qarışdırmış, istər təməl qavramlarımız və istərsə də inanc və əməl mövzularındakı məlumatlarımız çox vaxt bu rəvayətlər istiqamətində formalaşmışdır.
Təkrarən “ruh” mövzusuna dönsək, əvvəlcə onu qeyd etmək lazımdır ki, yuxarıda sadalanan mövzular arasındakı “ruh” qavramının araşdırılıb, təhlil edilməsi dinin deyil, psixologiyanın mövzusudur. Psixologiya elmi inkişaf etdikcə, Quranın bu sahədəki mütəşabih sözlərinin də möhkəmləşəcəyi labüddür. Qurani və elmi olmamasına baxmayaraq, sırf hörmətli şəxsiyyətlər mənalandırıb, kitablarında təqdim ediblər deyə, bu primitiv fikirlər, bu cür mütəşabih mövzuların təvilinə nəinki faydalı olmamış, əksinə, məsələlərin daha da problem halına düşməsinə səbəb olmuşdur. Buna görə də, o cür fikirlərin nəqli və təhlili əvəzinə, Qurandakı “ruh” qavramının, ancaq Qurana istinad edərək, açıqlanmasına cəhd edilməlidir. Beləliklə çalışacağıq ki, Quranı qeyri ciddi rəvayətlərlə deyil, Quranın öz daxili imkanlarıyla anlayaq və izah edək.
Ruh sözünün əsas mənası “can” deməkdir. Söz “vücuh” ifadə edən, yəni həqiqət və məcaz olaraq bir çox mənada işlədilə bilən bir sözdür. Ensiklopedık mənada ruh, “Ümumi olaraq varlığın maddi olmayan ölçüsü, ya da özü” olaraq tərif edilmişdir [Ana Britannica, cild 26, səh. 383]. Bununla yuxu anında keçici olaraq, ölüm anında isə davamlı olaraq bədəndən ayrılan “nəfəs”, yəni beyindəki əsas funksiya olan şüur nəzərdə tutulmuşdur.
“Ruh” sözü, yuxarıda verdiyimiz həm lüğəti, həm də ensiklopedik mənalara uyğun olaraq, “mənəvi mənlik” və “can” anlayışları ilə ekvivalent mənalı qəbul edilmişdir. Geniş mənada “canlılıq, duyğu” demək olan və həmçinin “xarakter” mənasına da gələn “ruh” sözü, məcazən bir şeyin özünü, ən vacib və ən əsas nöqtəsini ifadə edən bir məna daşıyır. Məsələn, sözün geniş mənasına misal olaraq, passiv adamlar haqqında işlədilən “ruhsuz” sifətini göstərmək olar. Sözün məcaz mənasına misal olaraq isə “məsələnin bütün ruhu buradadır” şəklində ifadə olunan cümləni göstərmək olar. Nəticədə, yuxarıdakı mənalar ətrafında “ruh” ilə əlaqədar yüzlərlə ifadə meydana çıxmışdır.
“Ruh” sözünün ənənəvi dini termin mənası, çox ümumi bir ifadəylə “Fiziki varlığı yaradıldıqdan sonra, Allah tərəfindən üflənmək surətiylə insana qazandırılan canlılıq” şəklində tərif edilir.
Ruh Sözünün Qurandakı istifadəsi
“Ruh” sözü Quranda “İlahi əsinti, vəhy/bilik” mənasında işlədilmişdir. Vəhy, biliksiz olduğu üçün, ölü sayılan qəlbə həyat verir, can bədəndə nə funksiya daşıyırsa, vəhy də insanlıq üçün eyni funksiyanı daşıyır. Bu halda bu funksiya fərdi və kütləni çürüməkdən qoruyur. Bu nəzərə alındığında, “ruh” sözünün lüğəti, ensiklopedik və dini termin mənasıyla Qurandakı mənası arasında bir paralellik varmış kimi görünə bilir. Ancaq sözün işlədildiyi ayələr təhlil edildiyində, aydın olur ki, bu paralellik “ruh”un nə olduğu barəsində məlumat vermir, sadəcə izah edir ki, ruh insan üzərində hansı təsirlərə malikdir.
Quranda bəhs edilən “ruh” [ilahi əsinti, vəhy] sadəcə, bilərək və istəyərək bu ruha sahib olan və onu həyatına tətbiq edən fərdlərə və kütlələrə mənalı bir canlılıq verən, onları çürüməkdən qoruyan bir şeydir. Lakin əsla ölümün xaricindəki canlılığı təmsil edən və hər cür rüsvayçılığı da özündə ehtiva edən sehirli bir nəfəs deyildir:
- 85Və sənə vəhydən sualşurlar. De ki: “Vəhy, Rəbbimin işindəndir. Sizə isə az bilikdən başqa bir şey verilməmişdir.” (İsra/85)
- 15O, dərəcələri yüksəldəndir, ən böyük taxtın/ən yüksək mövqenin sahibidir: O, görüşmə günü haqqında xəbərdar etmək üçün Öz əmrindən/ Öz işindən olan vəhyi qullarından dilədiyinə verir. (Mömin/15)
İkinci ayədə ruhun hülulu [enməsi] “القائ ilqa [buraxmaq, qoymaq]” sözüylə ifadə edilmişdir. Belə ki, Adəmə edilən vəhylər (Bəqərə/37) və Quranın enişi üçün “وحى vəhy” və ya “انزال inzal” yerinə “ilqa” feli işlədilmişdir (Nəml/6).
İsra Surəsinin 85–ci ayəsindən başlayıb, 93–cü ayəsinə qədər davam edən bölmə bir tam olaraq dəyərləndirilərsə, burada bəhs edilən ruhun, rəvayət təfsirlərində deyildiyi kimi insan, ya da hər hansı bir canlının ruhu olmayıb, açıqca “vəhy” olduğu görünür. Ancaq, İsra Surəsinin 85–ci ayəsində də qeyd edildiyi kimi, insana ruh barəsində verilən [vəhyin şəkli və mahiyyəti haqqındakı] məlumatlar həqiqətən də azdır. Beləliklə də, bu barədə verilən məlumatla kifayətlənmək lazımdır, təməlsiz və istinadsız fikirlərlə bu mövzularda məlumat istehsal etməyə cəhd etmək lazım deyil.
Ruhun endirildiyi bildirilən bir çox ayədə eyni zamanda ruhun Rəbbimizin əmrindən olduğu da qeyd edilir. Gündəlik danışığımızda, ümumi halda “buyuruq” mənasında işlədilən “امر əmr” sözü, Quranda “iş [olma]” mənasında da işlədilir. Söz tək olaraq Quranda 153 dəfə verilir. Sözün cəmi olan “ümur [işlər]” sözü isə, Hud Surəsinin 97–ci və Al–i İmran Surəsinin 128–ci ayəsi də daxil olmaqla,13 ayədə yer alır. Bu məlumatlara istinad edərək, “əmrimizdən bir ruh vəhy etdik” ifadəsindən, aydın olur ki, ruh vəhy etmə işi Allahın işlərindən biridir və ancaq Onun tərəfindən həyata keçirilir. Nəcm Surəsində də qeyd edildiyi kimi, “ruh” Allahın işlərindən biridir və ruh endirilməsi [hülul etdirilməsi] də sadəcə Ona aiddir.
Ruh/Vəhy Nə üçün və Kimə endirilir?
- 52,53Bax budur, beləcə Biz, sənə də Öz əmrimizdən/Öz işimizdən olan ruhu/ Quranı vəhy etdik. Sən, kitab nədir, iman nədir bilməzdin. Lakin, Biz onu, qullarımızdan dilədiyimizi özü ilə bələdçilədiyimiz bir nur/işıq etdik. Heç şübhəsiz sən də dosdoğru bir yola, göylərdə və yerdə olanlar Özü üçün olan Allahın yoluna bələdçilik edirsən. Gözünüzü açın, işlər yalnız Allaha dönər. (Şura/ 52,53)
- 22Allaha və axirət gününə inanan bir cəmiyyəti, Allaha və Elçisinə həddi aşmağa çalışanlarla qarşılıqlı sevgi bağı qurmuş halda görə bilməzsən. Bunlar, onların istər ataları olsun, istər övladları olsun, istər qardaşları olsun, istər əqrəbaları olsun. Onlar, Allahın, qəlblərinə imanı yazdığı və özlərini Özündən olan vəhy ilə dəstəklədiyi kəslərdir. Və Allah onları, həmişəlik qalanlar olaraq, altlarından çaylar axan cənnətlərə qoyacaqdır. Allah, onlardan məmnun olmuşdur, onlar da Ondan məmnun olmuşlar. Bax budur, bunlar Allahın tərəfdarlarıdır. Gözünüzü açın! Allahın tərəfdarları, uğur qazananların tam özləridir. (Mücadilə/ 22)
- 192Və şübhəsiz ki, bu açıq–aşkar kitab, tam yəqinliklə bilin ki, aləmlərin Rəbbinin endirdiyidir. 193–195O açıq–aşkar kitabla, xəbərdar edənlərdən olasan deyə, açıq–aşkar olaraq, ərəb dilində sənin qəlbinə etibarlı can [ilahi ismarıclar, etibarlı bilik] endi. 196Və şübhəsiz etibarlı can [etibarlı bilik], tam yəqinliklə bil ki, əvvəlkilərin kitablarında da vardı. (Şüəra/ 192–196)
Bu ayələr üzərində lazımi qədər təfəkkür ediləndə, “روح ruh” qavramının “orijinal [etibarlı] bilik” demək olduğu asanlıqla aydın olur. Çünki, Mücadilə Surəsinin 22–ci ayəsində Allahdan gələn etibarlı, sağlam bilik [ruh] ilə bütün inananların gücləndirildiyi, dəstəkləndiyi açıqca ifadə edilir. Şüəra Surəsinin 193–cü ayəsində isə, “ər–Ruhu’l–Əmin” tamamlığıyla işlədilərək, bu məlumatlarin [ruhun] “ən etibarlı, ən faydalı bilik” olduğu vurğulanır. Şüəra Surəsinin 193–cü ayəsində verilən “ər–Ruhü’l–Əmin” ifadəsini Cəbrayıl olaraq izah etmək və bir çox tərcümədə olduğu kimi ayəni “Onu Ruhü’l–Əmin [Cəbrayıl] endirdi” deyə tərcümə etmək səhv olur.
Belə ki, ayədəki “ نزل nəzələ” keçişsiz felinə, keçişli fel kimi məna vermək, hər şeydən əvvəl ayənin hərfi mənasına ziddir. Həmçinin, belə bir tərcümə, eyni surənin Quranı aləmlərin Rəbbi olan Allahın endirdiyini bildirən 192–ci ayəsi ilə də ziddiyyət təşkil edir. Ruhullah, Ruhü’l–Qudüs, ər–Ruhü’l–Əmin ifadələri ilə əlaqədar geniş izah, inşaallah, Məryəm Surəsində veriləcəkdir.
Ruhun Üfürülməsi
- 71,72O zaman ki, Rəbbin bir zaman kainatdakı güclərə “Şübhəsiz Mən palçıqdan bir bəşər əmələ gətirəcəyəm. Onu düzgünləşdirib, bilikli hala gətirdiyim zaman, dərhal ona boyun əyib təslim olun” demişdi. (Sad/71,72)
- 28,29Və bir zamanlar Rəbbin kainatdakı güclərə, “Mən, quru palçıqdan, şəkil verilmiş–işlənə bilən bir palçıqdan bir bəşər əmələ gətirəcəyəm. Mən, ona forma verdiyimdə və onu bilikləndirdiyimdə, siz dərhal onun üçün, təslimiyyət göstərənlər olaraq, yerə qapanın” demişdi. (Hicr/ 28, 29)
- 9Sonra onu düzəldib bir şəklə saldı və onu bilikləndirdi. Sizin üçün də qulaqlar, gözlər və könüllər var etdi. Sahib olduğunuz nemətlərin qarşılığını necə də az ödəyirsiniz? (Səcdə/9)
Allahın həqiqi mənada üfürməyəcəyi aydın olduğuna görə, “üfürmək” ifadəsinin məcaz olduğu dərhal başa düşülür. Məcazi mənada “üfürmək”, hər hansı bir şeydən başqalarına ən az miqdarda verməyi ifadə edir. Dilimizdə də bu məna, yenə məcazi məna daşıyan bir ifadə olan “iylətmək” sözü ilə qarşılanır. Bu halda “ruhun üfürülməsi” ifadəsi “çox az miqdarda bilik verilməsi, biliyin iylədilməsi” mənasına gəlir. Belə ki, İsra Surəsinin 85–ci ayəsində “De ki: Ruh Rəbbimin işindəndir. Və sizə bilikdən ancaq çox az verilmişdir” deyilərək bu cəhət açıqca ifadə edilmişdir.
Ruhun Adəmə üfürülməsindən nə qəsd edildiyinə gəlincə, Quranda bu da izah edilmişdir:
- 30Və bir zaman Rəbbin, təbiətdəki qüvvələrə, “Şübhəsiz Mən, yer üzündə bir xəlifə yaradan Zatam” demişdi. Təbiətdəki qüvvələr, “Orada pozğunçuluq edən, qan tökən birinimi yaradacaqsan? Halbuki biz, Sənin şəninnlə birlikdə bütün nöqsanlıqlardan münəzzəh qılırıq və Sənin tərtəmiz–hər cür pislik və əskiklikdən uzaq olduğunu elan edirik/hayqırırıq” demişdilər. Sənin Rəbbin, “Mən sizin bilmədiyiniz şeyləri çox yaxşı bilirəm” demişdi.
- 31Və sənin Rəbbin, Adəmə o adların hamısını öyrətdi. Sonra hamısını təbiətdəki qüvvələrə göstərdi və “Buyurun, xəbər verin Mənə bunların adlarını, əgər doğru kəslərsinizsə” dedi.
- 32Təbiətdəki qüvvələr dedilər ki: “Sən hər cür nöqsanlıqdan münəzzəhsən! Sənin, bizə öyrətmiş olduğundan başqa bizim üçün bilik deyə bir şey yoxdur. Şübhəsiz Sən, ən yaxşı bilənin, ən yaxşı qayda qoyanın məhz özüsən.” 33Sənin Rəbbin dedi ki: “Ey Adəm! Xəbər ver onlara, onların adlarını.” Sonra da Adəm onlara, onların adlarını xəbər verincə, sənin Rəbbin, “Deməmişdimmi Mən, sizə! Şübhəsiz Mən, göylərin və yerin görünməyənini, eşidilməyənini, seçilməyənini, keçmişi, gələcəyi bilirə Və Mən, sizin açıq–aşkar olanlarınızı və gizlətdiklərinizi bilirəm” dedi. (Bəqərə/ 30–33)
- 34Və o zaman Biz, təbiətdəki qüvvələrə, “Adəmə boyun əyib təslimiyyət göstərin” demişdiksə də, İblis/düşüncə qabiliyyəti xaricində təbiətdəki güclər dərhal boyun əyib təslimiyyət göstərmişdi. İblis saymadı, yekəxanalıq göstərdi. Və o, hər şeyi bilərək rədd edənlərdən idi. (Bəqərə/34)
Diqqət edilərsə, Sad Surəsinin 72–ci və Hicr Surəsinin 29–cu ayələrinə görə mələklərin səcdə etməsi, Adəmin müəyyən mərhələlərdən keçirilərək [planlaşdırılan düzgünlüyə çatdırılaraq] son şəklə gətirilib, özünə ruh üfürülməsindən sonradır. Bəqərə Surəsinin 30–34–cü ayələrində isə mələklərin Adəmə səcdə etməsindən əvvəlki mərhələ “Adəmin bilikləndirilməsi və biliyinin mələklərlə müqayisə edilməsi” olaraq izah edilmişdir. Sad və Hicr Surələrində işlədilən “ruh üfürmə” ifadəsi əvəzinə Bəqərə Surəsində “biliklə bilikləndirmək” ifadəsi işlədilmiş, beləliklə “ruh üfürmə” deyiminin “biliklə bilikləndirmək” mənasına gəldiyi izah edilmişdir.
İsra Surəsinin 85–ci ayəsi sübut edir ki, “ruh üfürülməsi” ifadəsiylə nəzərdə tutulan, Adəmə verilən biliyin, ancaq iylətmə səviyyəsində olmasıdır. Ancaq dərhal qeyd edilməlidir ki, Adəmə verilən biliyin iylətmə səviyyəsindəki azlığı, Rəbbimizin sonsuz biliyinə nisbətdədir. Uca Allahın sonsuz biliyi və müdrikliyi Quranda bir çox ayədə vurğulanır:
- 109De ki: “Rəbbimin sözləri üçün, dəniz mürəkkəb olsa, Rəbbimin sözləri bitmədən əvvəl dəniz işlənib bitərdi, hətta bir o qədərini daha gətirsək belə.” (Kəhf/ 109)
- 27Və əgər, şübhəsiz, yer üzündə olan bütün ağaclar qələm olsa, dəniz də arxasından yeddi dəniz qatılaraq onun mürəkkəbi olsa, Allahın sözləri tükənməzdi. Şübhə yox ki, Allah ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan, tam yəqinliklə bilin ki, qalib olandır, ən yaxşı qadağa qoyan, pozulmağa yaxşı mane olandır, sağlamlaşdırandır . (Loğman/ 27)
Allahın elmi belə sonsuz olduğuna görə, Onun bütün peyğəmbərlərinə göndərdiyi vəhy məlumatlarının cəmi də ancaq bir iylətmədən [üfürmədən] ibarət olar.
Nəticədə, mələklər adi insana deyil, özünə ruh üfürülən [Rəbbimizin sonsuz biliyinə nisbətdə az bir biliklə bilikləndirilmiş olan] Adəmə, bir başqa ifadəylə “adam” olmuş insana səcdə etmişdilər. Səcdə etməyin, eyni zamanda boyun əymək mənasına gəldiyi də unudulmamalıdır.
Quranda Məryəmə də ruh üfləndiyi bildirilmişdir:
- 91Və o, namusunu həssaslıqla qoruyan qadın–bax budur, Biz, onu etibarlı biliyimizlə biliklə Və özünü və oğlunu aləmlər üçün bir əlamət/nümunə etdik. (Ənbiya/91)
- 12Və Allah, namusunu bir qala kimi qoruyan İmran qızı Məryəmi də nümunə verdi. Bax budur, Biz onu vəhyimizlə az da olsa bilikləndirdik. O da Rəbbinin kəlmələrini və kitablarını doğrulayıb tətbiq etdi və həmişəlik hörmət edənlərdən oldu. (Təhrim/12)
- 171Ey Kitab Əhli! Dininizdə ifrata varmayın. Və Allah haqqında, həqiqətdən başqa bir şey söyləməyin. Məryəm oğlu İsa Məsih, sadəcə Allahın elçisi və Məryəmə ilqa etdiyi/çatdırdığı kəlməsi və Özündən bir ruhdur, vəhy vasitəçiliyi ilə doğulmuş biridir. Artıq Allaha və elçilərinə inanın. Və “Üçdür” deməyin. Son verin, belə sizin üçün daha yaxşı olar. Allah, ancaq bir tək ilahdır. O, Özü üçün bir övlad olmasından arınmışdır. Göylərdə olan şeylər və yer üzündə olan şeylər yalnızca Onundur. “Bütün varlıqları müəyyən bir proqrama görə nizamlayan və bu proqramı qoruyaraq, dəstəkləyərək həyata keçirən” olaraq Allah yetər. (Nisa/171)
Bu ayələrdən, Məryəm anaya bəzi xüsusi məlumatlarin lütf edildiyi aydın olur. Ancaq bu mövzunun təfərrüatı Al–i İmran, Məryəm və Ənbiya surələrindəki əlaqədar bölmələrdən alınmalı və bu hadisə Qurandakı bölmə tamlığı içərisində, Zəkəriyyə (əs)ın vəziyyətini izah edən ayələrlə birlikdə təhlil edilməlidir. Çünki, yaşlı bir adam olan Zəkəriyyə (əs)ın və qısır xanımının övlad sahibi olması ilə Məryəmin erkəksiz uşaq doğması, bir–biri ilə yaxın zaman aralığında meydana gəlmişdir.
Yuxarıdakı ilk iki ayədə verilən “ruh üfürmə” ifadəsi, Nisa 171–də “القائ ilqa [buraxma, çatdırma]” ifadəsi ilə açıqlanır. “Ruh üfürmə” təbirinin “az bir bilik ilə bilikləndirmək” mənasına gəldiyi artıq bilindiyinə görə, Məryəmə üfləndiyi bildirilən ruhun da onun hamilə qalması üçün bətninə [döl yatağına] edilən fiziki bir üfürmə deyil, məbəddə Zəkəriyyə (əs)ın himayəsində olduğu dövrdə, Məryəmə lütf edilən bilik olduğu aydın olur. Qurana görə eyni cür bilik, daha əvvəl Zəkəriyyə (əs)a verilmiş, onun həm yaşlı, həm də sonsuz olan xanımı da bu biliklə Yəhyanı doğmuşdur. Daha sonra bu müqəddəs biliyi/ismarıcı Məryəmə çatdırmaqla vəzifələndirilən Zəkəriyyə (ə.s), Allahın elçisi olaraq öhdəsinə düşəni etmiş və müqəddəs biliyin doğruluğuna sübut olaraq da, bu bilik sayəsində “sapsağlam” bir insan olaraq doğulan Yəhyanı göstərmişdir. Bu barədə daha geniş izah, inşaallah, Məryəm Surəsində ediləcəkdir.
Beləliklə, Qədr Surəsinin mələklər ilə ruhun endirilməsini də içinə alan bölmənin ismarıcı aşağıdakı kimi xülasə edilə bilər:
Kim ki, Allaha təslim olar, Onu özünə Rəbb qəbul edər, tərbiyəsini və həyat tərzini Allahın qaydalarına görə tənzimləyər və özünə bir Qədr gecəsi təyin edib, o andan etibarən həyatını Qurana görə tənzim etməyə başlayarsa, Allahdan gələn və içlərində müqəddəs məlumatlar [ruh] olan ayələr o insana enər, yəni insanın içinə [ağlına, mənliyinə] hülul edər, girər, gözəlcə yerləşər. Beləliklə o insan, özünə rəhbər, dəstək, müjdəçi olan ayələr sayəsində Allahdan başqa ilah qəbul edilməməsini, sadəcə Ona qulluq edib, Ondan çəkinmək lazım olduğunu şüurlu şəkildə dərk edər, xoşbəxt olar və həqiqi uğura çatar.
Elə mələklərin ruh ilə enməsi də [hülulu] budur.
Rəbblərinin izni ilə/ biliyinə uyğun olaraq, o şəfəq sökülənə qədər/aydınlığa qovuşana qədər ardıcıl şəkildə enərlər–hər bir işdən ötrü.
4–cü ayənin sonunda yer alan bu ifadə “Rəblərinin izni ilə hər bir iş üçün, hər bir barədə məlumat vermək və dəstək olmaq üçün” deməkdir. Mələklər ilə əlaqədar digər Quran ayələrindən aydın olur ki, Allahın iradə sahibi olmayan qulları olan mələklər öz–özlərinə heç bir şey edə bilməzlər, sadəcə Allahın onlara yüklədiyi müxtəlif öhdəlikləri yerinə yetirirlər. Quran, müxtəlif növləri olan bu varlıqlara bir çox öhdəliklər yükləndiyini bildirir. Belə ki, bu müxtəlif öhdəlikləri “Mövlud” yazanlar kimi “Uca Allahı daima təsbih, tahmid və təkbir etmək, heç durmadan Ona rüku və səcdə etmək” şəklində izah etmək doğru deyildir. Bu cür cahilcəsinə anlayışlar mələklərin heç dayanmadan “sübhanallah”, “əlhəmdülillah”, “Allahü Əkbər” deyə davamlı olaraq rüku etdiklərini, ya da başlarını heç səcdədən qaldırmadıqlarını ifadə edərək, öz fikirlərincə, mələklərin nə cür işlərlə məşğul olduqlarını göstərməyə çalışmışdılar.
Mələklər, Allahın varlığını, birliyini, böyüklüyünü, hər cür nöqsanlardan münəzzəh olduğunu sübut edən, onun qoyduğu qaydalardan kənara çıxmayan maddi və enerjidən ibarət olan varlıqlardır.
Quran tərəfindən “mələk” olaraq xarakterizə edilmiş olan Quran ayələri, Allahın verdiyi öhdəliyə/tapşırığa uyğun olaraq, hər bir barədə yol göstərmək, bilik vermək, dəstək olmaq, müjdələmək üçün Quranı özünə rəhbər qəbul etmiş adamların daxilinə enərlər/hülul edərlər. Bir tərəfdən baxdıqda, hər ayə o insana can olur, rəhbər olur, müəllim olur, maddi və mənəvi dəstək olur. O insanın hər bir dərdinə, probleminə əlac olur, məlhəm olur. Beləliklə o insan, Quranı rəhbər qəbul edərək, həyatında edəcəyi çevriliş sayəsində min ayını [Quransız keçə biləcək ömrünü] daha dəyərli bir hala gətirmiş olur.
Duhan Surəsinin 1–7–ci ayələrində də yenə bir başqa tərəfiylə Qədr gecəsindən bəhs edilir:
- 1Ha/8. Mim/40.
- 2–7Apaçıq/açıqlayan Kitaba and olsun ki, şübhəsiz Biz, Öz qatımızdan bir iş olaraq, onu, haqsızlıq və qarışıqlığa mane olmaq üçün qoyulmuş qanun, düstur və qaydalar ilə dolu/sağlam, hər işin/hadisənin özündə ayırd edildiyi, hər şeyin bol–bol verildiyi, qazancın bol olduğu bir gecədə endirdik. Şübhəsiz Biz, xəbərdar edicilərik. Şübhəsiz Biz, Rəbbindən, göylərin, yer üzünün və ikisi arasındakıların Rəbbindən, əgər qətiliklə inanan kimsələrsinizsə, bir mərhəmət olaraq elçi göndərənlərik. Şübhəsiz O, ən yaxşı duyanın, ən yaxşı bilənin məhz özüdür. (Duhan/1–7)
Bu ayələrdə Allahın, onun xəbərdarlığına ehtiyacı olan cəmiyyətə peyğəmbərlər yolladığı, buna görə də mübarək bir gecədə Kitab–i Mübini [özündə açıq və həqiqəti bütün açıqlığıyla ortaya qoyan Quranı] endirdiyi və beləliklə, qatından bir əmr/iş olaraq hər hikmətli işin o gecədə ayırd edildiyi izah olunur.
Ayədə “şəfəqin sökməsi” ilə nəzərdə tutulan, mələklərin və ruhun enməsiylə meydana gələn aydınlanmadır. Buna görə, mələklər [Quran ayələri] və ehtiva etdikləri ruh [məlumatlar], enmələrini [daxilə işləyərək kömək etmələri və dəstək vermələrini], zehni qaranlıqların aydınlığa çevrilməsinə qədər davam etdirirlər. Bu məlumatları öyrənmək istəyənlərin zehinlərində heç bir problem və qaranlıq nöqtə qalmaz, onlar əmin olarlar və sonda cənnətə girərlər. Bir başqa ifadə ilə, Quran ayələrindəki məlumatlar insanın düşüncələrində heç bir qaranlıq nöqtə buraxmayacaq şəkildə aydınladıcıdır, qane edicidir və cənnətə çatdırıcıdır. Quranı oxuyaraq, ondakı bilik işığını tapanlar, yaxşını–pisi, doğrunu–əyrini, faydalını–zərərlini ən uyğun şəkildə ayırd etməyi də öyrənirlər.
Nəticə
Quranla tanış olanlar, hər cür zehni qaranlıqlardan mütləq şəkildə qurtular, aydınlığa çıxarlar. Ruh [can] daşıyan mələklər, insanların içlərinə işlərlər və hər barədə onlara yol göstərər, kömək edərlər. Sonunda da onları səlamətə çatdırarlar [qaranlıqlardan qurtarıb, şəfəqlərini sökdürərlər]. Qədr gecəsiylə tanış olmaq [Quranı özünə rəhbər qəbul etmək], min aydan, ya da bir ömürdən daha xeyirlidir.
Hər insanın min aydan daha xeyirli olan Qədr gecəsi isə, o insanın Quran ilə tanış olduğu, onu həyat əlacı, rəhbəri, işığı, ruhu, şəfası, ibrət lövhəsi, həyat düsturu və həyat istiqamətləndiricisi qəbul etdiyi, buna görə də mələklərin ona köməyə qaçdığı, xoşbəxtliklərinin başladığı gecədir, ya da bunların həyata keçdiyi hər hansı bir gündür, saatdır, dəqiqədir, saniyədir.
O halda, biz də nə zaman Qurana sarılarsaq, sarıldığımız o an həyatımızın dönüş nöqtəsi olar. Belə ki, o an bizə min aydan, bir ömürdən, hətta milyonlarca aydan belə, daha faydalı olar.
Çünki, qurtuluşumuz Quranı tanımağımıza, ona inanmağımıza, mahiyyətini anlamağımıza, ehtiva etdiyi bütün dəyərləri mənimsəyərək yaşamağımıza bağlıdır. Dinimizdə fəzilətli zamanlar və məkanlar əsla yoxdur, fazilətli əməllər vardır. Onun dərəcələri də əməlin zəhməti və əməyi ilə düz mütənasibdir.
Kəramət gecədə deyil, Qurandadır.
Allah və “Biz” Zamiri
Qurana baxdığımız zaman, Uca Rəbbimizin, bir çox Ayədə özüylə əlaqədar olaraq “İnna, Nahnü/Biz” əvəzliyini işlətdiyi görünür.
Diqqət edilərsə, “Birinci şəxsin cəmi” əvəzliyinin müxtəlif istifadələri olan “Biz, Bizi, Bizə, Bizim, Bizdən” kimi ifadələrin Allah üçün işlədildiyi hər ayədə, Allahın sifətlərinin təcəllisinə dair vasitəli təsərrüflərin (Bir şeyi istədiyi kimi istifadə etmə səlahiyyəti) ifadə edildiyi görünür. Bunu yüzlərlə nümunə ilə izah etmək mümkündür. Ancaq burada hər kəsin bildiyi bir neçə nümunə verməklə kifayətlənirik:
Kövsər/1: “Şübhəsiz Biz sənə kövsəri verdik.”
İnşirah/1: “ Biz, sənin üçün, sənin köksünü açmadıqmı?”
Qədr/1: “Əlbəttə ki, Biz, onu Qədr gecəsində endirdik.”
Ya Sin Surəsinə nəzər salsaq, Allahın sifətlərinin təcəllisi olan təsərrüflərinin açıqlandığı 8, 9, 12, 14, 28, 31, 33, 34, 37, 39, 41, 42, 43, 44, 65, 66, 67, 68, 69, 71, 72, 76, 77, 78 – ci ayələrdə “Biz” ifadəsinin, zatına yönəlik izahların edildiyi 60, 61–ci ayələrdə isə “Mən” ifadəsinin işlədildiyi görünür.
Quranda Allah üçün işlədilən zamirlərin bu şablona uyduğu açıqca görünür:
1– Allahın mahiyyətinə və ululuğuna aid ifadələrdə “Ənə, İnni/Mən [Birinci şəxsin təki] ifadəsi işlədilir;
Məsələn, Bəqərə/30, 186, Əraf/173, Ta Ha/12–14, Səcdə/13, Ənbiya/25, 92, Ənkəbud/56.
2– Yenə Allahın mahiyyəti və ululuğu ilə əlaqədar olaraq, bəzi ayələrdə Rəbbimiz “Sən, Səni, Sənə, Sənin” kimi “İkinci şəxsin təki” əvəzliyi ilə, digər bəzi ayələrdə isə “O, Onu, Ona, Onun” kimi “Üçüncü şəxsin təki” əvəzliyi ilə ifadə edilir. İstər ikinci şəxsin təki, istərsə də üçüncü şəxsin təki olsun, hər iki qrup əvəzlik də təklik ifadə edir.
Allahın mahiyyətindən və ululuğundan bəhs edilən heç bir yerdə “Siz” və ya “Onlar” kimi cəm halda ifadələr işlədilməyib.
Fatihədə də “Yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək istəyirik” şəkliylə ifadə edilmişdir.
3– Əzəmətinin, güc və qüdrətinin vurğulandığı ayələrdə isə Uca Allah “Biz” əvəzliyi ilə ifadə edilir.
Rəbbimizin “Biz” ifadəsi Özünün əzəmət və şöhrətini, böyüklüyünü, ululuğunu vurğulamaq üçündür. Mütləq cəm halda deyildir. Cəmi inkar edən yüzlərlə ayə vardır.
Buna baxmayaraq, təəssüf ki, Allahın təsərrüflərində üçlər, yeddilər, qırxlar, qütblər, gavslar (təriqət qurucularının ünvanı) kimi ortaqlar qəbul edən uğursuzlar da mövcuddur.
Məsələyə vaqif olan elm sahibləri Rəbbimizin “Biz” ifadələrini, “Biz Azimüşşan” olaraq ifadə etməklə, müvafiq bir anlayış və xidmət ortaya qoymuşlar.
Ən düzünü bilən Allahdır.
İstifadə olunmuş ədəbiyyat:
[1] Qaynaq: Mücahid
[2] Qaynaq: Ali b. Urve
[3] Qaynaq: İmam Malik; Muvatta
[4] Qaynaq: Tirmizi, İbn–i Cerir. Bu mövzu bütün digər qaynaqlarda da yer alır.
[5] Razi; el Mefatihu’l Gayb
[6] İbn Menzur; Lisanü’l–Arab Cilt.8, S.523, Darülhədis Kahire–2003
[7] İBNİKESİR