YA SİN SURƏSİ

MƏKKƏ DÖVRÜ

Nəcm: 91

1Ya/10, Sin/60.[1]

2–6Ataları xəbərdar edilməmiş, buna görə də özləri laqeyd olan bir qövmü onunla xəbərdar edəsən deyə, içərisində ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olanın, əngin mərhəmət sahibinin endirdiyi qanunlar olan, pozulması əngəllənmiş Quran sübutdur ki, sən, o elçilərdənsən, heç şübhəsiz ki, sən ən doğru bir yoldasan.

7And olsun, atalarına xəbərdarlıq edilməmiş bu qövmün çoxunun üzərinə söz[2] haqq olmuşdur. Artıq onlar inanmazlar.

8Şübhəsiz ki, Biz onların boyunlarına dəmir halqalar keçirdik. Belə ki, bunlar çənələrinə qədərdir. Beləliklə, onlar burunları yuxarı qaldırılmış olanlardır.

9Və Biz onların önlərindən bir sədd, arxalarından da bir sədd əmələ gətirdik. Beləliklə, Biz özlərini sarmışıq. Artıq onlar görməzlər.

10Və onları xəbərdar etmisən, yaxud xəbərdar etməmisən onlara görə birdir, onlar inanmazlar.

11Şübhəsiz ki, sən o öyüd/xatırlatma olan Qurana uyan və görünməyən, eşidilməyən, sezilməyən yerlərdə belə Rəhmana hörmətlə, sevgi ilə, bilgi ilə titrəyən hər kəsi xəbərdar edərsən. Sən, dərhal, onu bir bağışlanma və çox şərəfli bir mükafatla müjdələ.

12Şübhəsiz ki, ölüləri ancaq Biz dirildirik, Biz! Onların əvvəldən edib göndərdiklərini və etdikləri əməllərini də yazırıq. Onsuz da Biz hər şeyi bir “açıq-aşkar öndərdə/Quranda” sayıb, təsbit etmişik.

13Sən laqeyd cəmiyyətə o şəhərin əhalisini nümunə göstər. O zaman ki, oraya elçilər gəlmişdilər.

14O zaman ki, Biz onlara iki elçi göndərmişdik və onlar ikisini də yalan saymışdılar. Biz də üçüncü ilə gücləndirmişdik və onlar: “Şübhəsiz ki, biz sizə göndərilmiş elçilərik” – dedilər.

15Onlar da: “Siz ancaq bizim kimi bir bəşər övladısınız. Rəhman heç bir şey endirmədi. Siz ancaq yalan söyləyirsiniz” – dedilər.

16,17Elçilər dedilər ki: “Rəbbimiz bilir ki, biz həqiqətən də sizə göndərilmiş elçilərik. Bizə düşən də, sadəcə, açıq-aşkar təbliğdir”.

18O şəhərin xalqı dedilər ki: “Şübhəsiz, biz sizin üzünüzdən uğursuzluğa düçar olduq. Əgər əl çəkməzsinizsə, and olsun ki, sizi daşlayaraq öldürərik və tam əmin olun ki, bizdən sizə çox acıqlı bir əzab toxunar”.

19Elçilər: “Sizin uğursuzluğunuz, sizin öz ucbatınızdandır. Sizə öyüd verildiyinə görəmi? Əslində siz, sərhəd tanımayan bir cəmiyyətsiniz” – dedilər.

20–25O zaman o şəhərin ən uzaq yerindən bir nəfər qaçaraq gəldi. Dedi ki: “Ey qövmüm! İnanın, elçilərə! İnanın sizdən heç bir əvəz/ödəniş istəməyən o adamlara ki, onlar “bələdçilənən doğru yol”u tapmışdılar. Mənə nə olub ki, O, məni yoxdan yaradana qulluq etməyim? Siz də ancaq Ona döndəriləcəksiniz. Mən, heç Onun yaratdıqlarından tanrılar qəbul edərəmmi? Əgər Rəhman Özündən mənə bir zərər diləyəcək olsa, tanrıların köməyi, tapşırığı mənə heç bir fayda verməz və o tanrılar məni qurtara bilməzlər. Şübhəsiz ki, mən, tanrılar qəbul etdiyim təqdirdə açıq-aşkar bir pozğunluq içində olaram. Şübhəsiz ki, mən Rəbbinizə iman etdim. Haydı, qulaq asın mənə!”

26,27Deyildi ki: “Haydı, gir cənnətə!” O da dedi ki: “Nə olardı! Qövmüm Rəbbimin məni bağışladığını və məni qürurlandırılanlardan biri etdiyini bilsəydilər”.

28,29Və Biz arxasından onun qövmünün üzərinə heç bir ordu endirmədik, endirəcək də deyildik. Sadəcə bir qışqırıq! Bir də baxmısan ki, onlar dərhal sönüb getmişdirlər.

30Yazıqlar olsun o qullara ki, özlərinə gələn hər bir elçiyə, əmin olun ki, lağ edərdilər.

31,32Özlərindən əvvəl necə nəsilləri dəyişikliyə/dağıntıya məruz qoyduğumuzu və bunların özlərinə dönməyəcəklərini görmədilərmi? Onların hamısı da toplanıb, ancaq Bizim hüzurumuzda hazır duracaqdılar.

33Və ölü torpaq laqeyd cəmiyyətə bir dəlildir. Biz ona həyat verdik və ondan dənələr çıxardıq ki, ondan yeyirlər.

34,35Və Biz onun məhsulundan və öz əlləri ilə etdiklərindən yesinlər deyə, orada xurmalıqlardan, üzüm bağlarından bağçalar yaratdıq. İçlərində bulaqlardan sular fışqırtdıq. Hələ də onlara verilən nemətlərin qarşılığını ödəməyəcəklərmi?

36Yerin bitkilərindən, öz nəfslərindən və daha bilə bilmədikləri şeylərdən cütləri, onun hamısını əmələ gətirən hər cür nöqsanlıqdan münəzzəhdir.

37Gecə də laqeyd cəmiyyətə bir dəlildir. Biz gecədən gündüzü sıyırırıq və onlar dərhal qaranlığa qərq olurlar.

38Öz yolunda, öz-özünə qərarlaşdırılmış olan üçün axıb gedən Günəş də laqeyd cəmiyyət üçün bir dəlildir. Bax budur, bu, hər şeyə qadir və hər şeyi bilən Allahın nizamlamasıdır.

39Bizim özü üçün köhnə, quru bir xurma budağına oxşar vəziyyətə qayıdana qədər mənzillər, yerlər nizamladığımız Ay da, o laqeydləşmiş cəmiyyət üçün bir dəlildir.

40Günəşin aya yetişib çatması uyğun olmaz. Gecə də gündüzdən önə keçən deyildir. Hamısı da bir orbitdə üzərlər.

41,42Bizim, şübhəsiz ki, onların nəslini ağzınadək dolu bir gəmidə daşımağımız və şübhəsiz, özləri üçün onun kimi minəcək şeyləri əmələ gətirməyimız də laqeyd cəmiyyət üçün bir dəlildir.

43,44Və Biz diləsək, Bizdən bir mərhəmət və bir zamana qədər faydalanma/möhlət verilməsi istisna olmaqla, onları suda boğarıq və o zaman onların qışqırığına heç yetişən də olmaz. Onlar xilas edilə bilməzlər də.

45,46Və onlara: “Mərhəmət olunmağınız üçün keçmişdə etdiyiniz və gələcəkdə edəcəyiniz işlərdə/keçmiş və gələcək qüsurlarınızdan/keçmiş cəmiyyətlərin başına gələnlərin sizin başınıza gəlməməsi üçün, axirətdə başınıza gələcək fəlakətlərə qarşı “Allahın qoruması altına girin” – deyildiyi zaman və özlərinə Rəblərinin ayələrindən hər hansı bir ayə gəldiyində, onlar, sadəcə, ondan üz çevirənlər oldular.

47Onlara: “Allahın sizə ruzi olaraq verdiyi şeylərdən xərcləyin… Başqalarının da dolanışıqlarını təmin edin” – deyildiyi zaman da kafirlər, bu iman edənlər üçün: “Allahın dilədiyi zaman doyura biləcəyi kəsi bizmi doyuracağıq? Siz, ancaq açıq-aşkar bir pozğunluq içindəsiniz” – dedilər.

48Bir də laqeyd cəmiyyət: “Əgər doğrulardansınızsa, bu söz verilən təhdid nə zaman olacaq?” – deyirlər.

49,50Ancaq onlar bir-biri ilə çəkişib durduqları zaman, özlərini yaxalayacaq bir tək qışqırıqla qarşı-qarşıya qalacaqlar. Bax budur, o zaman, bir vəsiyyət belə edə bilməzlər. Ailələrinə, yaxınlarına da dönə bilməzlər.

51Və Sur üflənmişdir[3]. Bir də baxarsan ki, onlar qəbirlərindən Rəblərinə doğru axın edirlər.

52Onlar: “Eyvah başımıza gələnlərə! Yatdığımız yerdən bizi kim qaldırdı/oyandırdı? Bu, Rəhmanın vəd etdiyi şeydir. Göndərilən elçilər də doğru söylədilər” –  deyərlər.

53Sadəcə, bir tək qışqırıq olmuşdur. Bir də baxarsan ki, hamısı hüzurumuzda “hazır ol!” əmrinə müntəzirdirlər. 54Artıq bu gün insan hər hansı bir şəkildə haqsızlığa uğramaz. Və sadəcə, etmiş olduqlarınızla qarşılıqlandırılarsınız.

(41/36, Ya Sin/1–54)

Nəcm: 92

55Həqiqətən cənnətin əhli bu gün bir könül şənliyi içindədirlər.

56Onlar və onlara təqdim olunan müşayiətçi yoldaşlar kölgələr altında, taxtlar üzərinə oturmuşlar.

57Yalnız və yalnız onlara orada meyvələr vardır. İstəyəcəkləri hər şey də onlarındır.

58Söz olaraq onlara əngin mərhəmət sahibi Rəbdən “salam” vardır.

59Və ey günahkarlar! Bu gün siz, haydı, ayrılın!

60–62Mən: “Ey Adəmoğulları! Şeytana qulluq etməyin, tam yəqin bilin ki, o sizə açıq-aşkar bir düşməndir və Mənə qulluq edin! Bax budur, bu ən doğru yoldur və and olsun ki, şeytan sizlərdən olan bir çox nəsilləri yolunuzdan azdırdı” – deyə sizə söz vermədimmi? Hələ də ağılla hərəkət edənlər deyildinizmi? 63Bax budur, bu sizə vəd olunmuş olan cəhənnəmdir.

64Bilərək rədd etdiyiniz/inanmadığınız şeylər ucbatından, haydı, bu gün ora girin! 65Bu gün Biz onların ağızlarının üstünə möhür vurarıq. Bizə əlləri danışar, ayaqları da qazandıqları şeylərə şahidlik edər.

(41/36, Ya Sin/55–65)

Nəcm: 93

66Əgər Biz diləsəydik, gözlərini büsbütün kor edərdik/nəsillərini də qurudardıq, yola tökülərdilər. Artıq necə görəcəklər ki?

67Və əgər diləsəydik, onları olduqları yerdə elə hala salardıq ki, nə irəli getməyə, nə də geri dönüb gəlməyə güc yetirə bilməzdilər.

68Və Biz kimə uzun ömür verəriksə, yaradılışda onu tərs çevirərik/təpəsi üstə dikərik. Buna baxmayaraq, hələ də ağılla hərəkət etməyəcəklərmi?

(41/36, Ya Sin/66–68)

Nəcm: 94

69,70Və Biz ona şeir öyrətmədik. Bu ona heç yaraşmaz da. O, ancaq diri olanları xəbərdar etmək və kafirlərin üzərinə Sözün[4] haqq olması üçün bir öyüd və açıq-aşkar bir Qurandır.

 

(41/36, Ya Sin/69–70)

Nəcm: 95

71Və onlar görmədilərmi ki, Biz şübhəsiz, onlar üçün qüdrətimizin meydana gətirdiklərindən bir sıra heyvanlar yaratdıq və onlar həmin heyvanlara sahib olurlar.

72Və onları özləri üçün aşağı tutulan varlıqlar etdik. Buna görə minikləri onlardandır. Onlardan yeyirlər də.

73Və onlarda daha bir çox mənfəətlər və içkilər də vardır. Hələ də özlərinə verilən nemətlərin qarşılığını ödəməyib, nankorluqmu edəcəklər?

74Bir də onlar özlərinə kömək etmələri üçün Allahın yaratdıqlarından tanrılar qəbul etdilər.

75Onlar onlara köməyə güc yetirə bilməzlər. Halbuki, tanrı qəbul edənlər sözdə tanrılar üçün hazır əsgərlərdir.

76O halda onların sözü səni kədərləndirməsin. Şübhəsiz ki, Biz onların gizlətdiklərini də, açığa vurduqlarını da bilirik.

77Və o insan özünü bir nütfədən, bir damla sudan yaratdığımızı görmədimi ki, indi o açıq-aşkar bir düşməndir?

78Və öz yaradılışını diqqətə almayaraq, Bizə bir məsəl də çəkdi. Dedi ki: “Kim dirildəcəkmiş o sümükləri? Onlar çürümüş ikən!”

79,80De ki: “Onları ilk dəfə yaradan onları dirildəcəkdir. Və O, hər yaratdığını çox yaxşı biləndir. O, sizə yamyaşıl ağacdan bir atəş/oksigen düzəldəndir. İndi də siz ondan/oksigendən yandırırsınız.

81Göyləri və yeri yaradanın onlar kimilərini də yaratmağa gücü yetməzmi? Bəli, əlbəttə, gücü yetər! Və O, çox mükəmməl yaradandır, çox yaxşı biləndir.

82Şübhəsiz ki, O, bir şeyi dilədiyində, Onun buyurduğu/işi o şeyə “Ol!” deməkdir. O da dərhal olur.

83O halda hər şeyin mülkiyyət və idarəsi Öz əlində olan Allah hər cür nöqsanlıqlardan münəzzəhdir. Siz də yalnız Ona döndəriləcəksiniz”.

(41/36, Ya Sin/71–83)

 

[1]Quranda bir çox surənin “kəsik, bağlantısız hərflər” ilə başladığı görünür. Müxtəlif araşdırmaçılar bu hərflərin mütəşabih, bir şifrə, bir sözün qısaldılmış şəkli, bəzi sözlərin ilk hərfi və ya son hərfi olduğu kimi görüşlər irəli sürmüşlər. Fikrimizcə, bu hərflər, “elan” [diqqət, gözünüzü açın] sözü kimi bir xəbərdarlıq işarəsidir və telefon danışmalarındakı “alo!” səslənməsi kimi diqqəti, oxunacaq ayələrə çəkməkdədir. Həmçinin, Quranın riyazi quruluşundakı vacib olan ünsürlərdən biridir. Həmçinin bu hərflər, ola bilər ki, rəqəmsal bir dəyər də ifadə edir. Çünki Quran endiyi dövrdə, ərəblər arasında rəqəmlər hələ icad edilməmişdi, rəqəm yerinə hərflər istifadə olunurdu. Rəqəm yerinə hərf istifadə olunmasına “Əbcəd” hesabı deyilir. Biz kəsik hərflərin yanında rəqəmsal dəyərlərini də göstərdik. Rəqəmsal dəyərlər ilə nəyin qəsd edilmiş ola biləcəyi nöqtəsində də hələ bir qənaətə gəlməmişik. “Əbcəd” hesabının, Quranın endiyi dövrlərdə rəqəm yerinə istifadə edilmiş olmasından başqa, hər hansı bir xüsusiyyət və özəlliyi yoxdur. Bu kəsik hərflərlə əlaqədar hələ qaneedici bir araşdırma meydana çıxarılmamış olub, mövcud əsərlərdə də keçmişlərin təqdim etdiklərindən başqa bir bilik mövcud deyil. Bu məsələnin tam aydınlığa qovuşması da, digər bir çox məsələ kimi, dürüst, səmimi və könüllü Quran araşdırmaçılarını gözləyir.

[2]Burada bəhs edilən “Söz”, Sad/84–85 və Səcdə/5–də bəhs edilən “cəhənnəmin ins və cin [hər kəs] tərəfindən doldurulması”–na yönəlik, Rəbbimiz tərəfindən alınmış bir prinsipial qərarıdır. Rəbbimizin bu qərarı Quranda bəzən “əl – kavl”, bəzən də “kəlimətü Rəbbik” şəklində keçir.

[3]“Borunun üflənməsi” ifadəsi, keçmiş dövrlərdə istifadə edilən, toplanmaq və ya təhlükəni xəbər vermək üçün istifadə edilən bir üsuldur. Bu boru, başlıca olaraq, iribuynuzlu heyvan buynuzundan düzəldilirdi. Borunun üflənməsi, bir içtimai borunun və ya sirenasının çalınacağını düşündürür, ya da bir hakimin oyunu başladan və bitirən tütəyinin üflənməsini və ya bir məktəbdə dərsin başladığını və bitdiyini bildirən zəngin çalınmasını xatırladır. Biz bunu “həyəcan siqnalı verilməsi” olaraq, anlaya bilərik. Bu ifadə, bu ayəndən başqa yerlərdə “Surun üflənməsi” olaraq, yer alacaqdır.

[4]Burada bəhs edilən “Söz”, Sad/84–85 və Səcdə/5–də bəhs edilən “cəhənnəmin ins və cin [hər kəs] tərəfindən doldurulması”–na yönəlik, Rəbbimiz tərəfindən alınmış bir prinsipial qərarıdır. Rəbbimizin bu qərarı Quranda bəzən “əl – kavl”, bəzən də “kəlimətü Rəbbik” şəklində keçir.