Adını birinci ayədəki زلزال [zilzəl] sözündən alan bu surə, enmə sırasına görə 93-cu surə olaraq qəbul edilir. İbn Məsud, Ata və Cabirin görüşünə görə Məkkədə enmişdir. [1] Üslub baxımından Məkkədə enən surələrə çox bənzəməklə birlikdə, bizim fikrimizcə, Mədinədə enmişdir, lakin müstəqil bir surə olmayıb Nisa/172-nin zaman zərfidir. Biz də tərcümədə ayrı bir surə olaraq göstərməyib, Nisa/172-nin içində yer veririk.
Surədə, qiyamət günü, qiyamət gününün dəhşəti və qiyamətdə həyata keçəcək olan hesablaşma anının anladılması ilə müxatiblər xəbərdar edilir, axirətə və etdiklərinin qarşılığını əskiksiz alacaqlarına inanan möminlər həvəsləndirilir.
RƏHMAN, RƏHİM ALLAH ADINDAN
TƏRCÜMƏ:
1–3yer üzü öz sarsıntısıyla sarsıldığı, yer üzü ağırlıqlarını çıxardığı və insanın: “Bu yer üzünə nə olur?” – dediyi zaman,
4–6Bax budur, o gün yer üzü, şübhəsiz ki, Rəbbinin özünə vəhy etdiyinə görə, bütün xəbərlərini bir-bir söyləyər. O gün insanlar, əməlləri göstərilsin/əməllərini görsünlər deyə dəstə-dəstə ortaya çıxacaqlar.
7,8Artıq hər kim zərrə qədər bir xeyir işləyərsə, onu görəcək, hər kim də zərrə qədər bir şər işləyərsə, onu görəcəkdir.
TƏHLİL:
1–3yer üzü öz sarsıntısıyla sarsıldığı, yer üzü ağırlıqlarını çıxardığı və insanın: “Bu yer üzünə nə olur?” – dediyi zaman,
Göründüyü kimi bu ayələr, tam bir cümlə mahiyyətində olmayıb, bir cümlənin hal şəklidir [zaman zərfidir]. Belə ki, klassik əsərlərdə də bu xüsus müşkül olaraq görülüb. Bu müşkülü həll etmək üçün isə bir sıra məcburi çarələr törədilmişdir:
Alimlər bu surənin başı ilə öncəki surənin sonu arasındakı əlaqə və münasibət xüsusunda aşağıdakı izahları etmişdilər:
1) Allah Təala Onların Rəbbləri nəzdindəki mükafat… Ədn cənnətləridir (Beyyinə/8) buyurunca, insan sanki: “Bu nə zaman olacaq, ya Rəbbi?” – deyibmiş ki, buna cavab olaraq da Cənab-i Haqq: Yer, özünə aid şiddətli bir zəlzələ ilə zəlzələyə uğradıldığı zaman… – buyurmuşdur. Bu halda bütün aləm bir qorxu və narahatlıq içindəykən, sən mükafatını alacaq və Onlar o gün o müdhiş qorxudan əmindirlər (Nəml/89) ayəsində bildirildiyi kimi, o gündə təhlükəsizlik içində olacaqsan.
2) Allah Təala öncəki surədə həm kafirlərlə əlaqədar təhdiddən, həm də möminlərlə əlaqədar mükafatdan bəhs edincə, kafirlə əlaqədar təhdidi gücləndirərək, sanki o haqqında bəhs edilən kafir: “Yer üzünə nə olur ki, belə zəlzələyə uğradılı” – dediyi zaman, cəzasını alacaq” demək istəmişdir. Bunun bir bənzəri də Haqq Təalanın, məsələn, öncə: O gün bir qisim üzlər ağarır; bir qisim üzlər isə qaralır – buyurub, ardınca da: Üzləri qaralanlara gəlincə… Amma üzləri ağaranlara gəlincə… (Al-i İmran/106-107) – buyurmuş olmasıdır. Haqq Təala, daha sonra Zilzal surəsinin sonunda, hər iki xüsusu birlikdə gətirərək, zərrə qədər xeyir və zərrə qədər şərdən bəhs etmişdir.
إذا [İza] Ədatı. Ayədəki إذا [iza/… zaman] ifadəsiylə əlaqədar iki məqam var:
Birinci məqam: Birisi belə deyə bilir: إذا [iza] ədatı zaman zərfi olaraq işlədilir. Buna görə də bu surəyə bu ədatla başlanılmış olması necə izah edilə bilər? Buna bir neçə nöqteyi-nəzərdən cavab vermək olar:
Onlar Cənab-i Haqqdan: “Qiyamət nə zaman qopacaq?” – deyə soruşmuşlar ki, Cənabı Haqq da: “Yer… zəlzələyə uğradıldığı zaman…” – cavabını vermişdir ki, bu da “onu vaxtı nöqteyi-nəzərindən sizin üçün təyin etməyim mümkün deyil. Lakin onu, əlamətləri nöqteyi-nəzərindən bildirirəm” – deməkdir. Bu anda cansız və durğun olmasına baxmayaraq, yer üzünün danışacağı və şəhadət verəcəyi insana xəbər verilincə, sanki: “Bu nə zaman olacaq?” – deyilmiş ki, زلزالها الارض زلزلت إذا [iza zülzilət…] cavabı verilmişdir. [2]
Bizim Təhlilimiz.
Yuxarıda bəhs etdiyimiz ayələrin [Zilzal/1-8 ayələrinin], başlı başına bir cümlə olmadığını, ola bilməyəcəyini ifadə edib, bir cümlənin hal forması [zaman zərfi] olduğunu bildirmişdik.
Hansı cümlənin zaman zərfi olduğunu təsbit etmək üçün, Zilzal surəsindən əvvəl enən Nisa surəsi təhlil edildyində, Nisa/172-dəki فسيحشرهم [fəsəyahşuruhum/yaxında onları toplar] ifadəsinin, “yaxında” zaman zərfinin açılışı/bədəli olduğu anlaşılır. Bu halda, Nisa surəsinin son paraqrafı ilə Zilzal surəsinin ayələri [Zilzal/1-8] belə bir bölmə əmələ gətirir:
Ey Kitab Əhli! Dininizdə ifrata varmayın. Və Allah haqqında doğrudan başqa bir şey söyləməyin. Məryəm oğlu İsa Məsih, sadəcə Allahın elçisi və Məryəmə “ilka” etdiyi/çatdırdığı kəlməsi və Özündən bir ruhdur, vəhy vasitəçiliyi ilə doğulmuş biridir. Artıq Allaha və elçilərinə inanın. Və: “Üçdür” – deməyin! Son verin! Belə sizin üçün daha yaxşı olar. Allah ancaq bir tək ilahdır. O, Özü üçün bir övlad olmasından arınmışdır. Göylərdə və yer üzündə olan hər şey yalnız və yalnız Onundur. “Bütün varlıqları müəyyən bir proqrama görə nizamlayan və bu proqramı qoruyaraq, dəstəkləyərək həyata keçirən” olaraq Allah yetər. Məsih və yaxınlaşdırılmış mələklər [İsaya inananların İsaya kömək etdiyinə inandıqları güclər] Allahın bir qulu olmaqdan qətiyyən çəkinməzlər. Və kim Ona qulluq etməkdən çəkinər və yekəxanalıq edərsə, bilsin ki, O, onların hamısını yaxında yer üzü öz sarsıntısıyla sarsıldığı, yer üzü ağırlıqlarını çıxardığı və insanın: “Bu yer üzünə nə olur?” – dediyi zaman, Özünə toplayar. Bax budur, o gün yer üzü, şübhəsiz ki, Rəbbinin özünə vəhy etdiyinə görə, bütün xəbərlərini bir-bir söyləyər. O gün insanlar, əməlləri göstərilsin/əməllərini görsünlər deyə dəstə-dəstə ortaya çıxacaqlar. Artıq hər kim zərrə qədər bir xeyir işləyərsə, onu görəcək, hər kim də zərrə qədər bir şər işləyərsə, onu görəcəkdir. Artıq inanan və düzəltmək yönündə işlər edənlər… Allah onların mükafatlarını tam verəcək və ərməğanlarından onlara artıqlıqlar da bağışlayacaqdır. Qulluqdan çəkinib yekəxanalıq edənlərə isə… Onlara çox acıqlı bir əzabla əzab edəcəkdir. Onlar özləri üçün Allahın yaratdıqlarından bir qoruyucu, yol göstərici yaxın və bir yaxşı köməkçi tapa bilməzlər.
Bəhs etdiyimiz ayələrdə qiyamət günündən və qiyamət gününün dəhşət verici mənzərəsindən bəhs edilir.
Buna görə, qiyamət günü yer üzünün hər nöqtəsi qorxunc bir sarsıntı keçirir, parçalara ayrılır, içindəki hər şeyi kənara tullayır. İnsanlar olub-bitəni anlamaq üçün bir-birlərindən suallar soruşurlar.
Ayədəki Öz sarsıntısıyla sarsıldığı zaman ifadəsi, “yer kürəsinin tamamının kökündən hərəkət etdirildiyi zaman” deməkdir. Burada bəhs edilən zəlzələ, bu günkü zəlzələlər kimi məhdud olmayıb, yer kürəsinin tamamını bürüyəcək, yer üzünün hər nöqtəsində baş verəcəkdir.
Ayədəki Yer üzü, ağırlıqlarını çıxardığı zaman ifadəsində zikri keçən ağırlıq, yer kürəsinin içindəki mədənlər və maqmalar ola biləcəyi kimi, torpaq altındakı ölülər də ola bilir ki, ayənin davamındakı ifadələrdən bu anlaşılır. Necə ki, insanlar üçün də اثقال [əsqal/ağırlıqlar] ifadəsi işlədilmişdir:
- 33Ey cin və ins camaatları! Əgər göylərin və yerin kənarlarından aşıb keçməyə güc yetirə bilirsinizsə, dərhal aşın, ancaq üstün bir güc olmadan aşa bilməzsiniz. (Rəhman/33)
Bu ayədə cin və ins tamamlığıyla, bilinən-bilinməyən; o gün yaşayan, keçmişdə yaşamış olan və gələcəkdə yaşayacaq olan bütün insanlara, الثقلانايّها [eyyühə’s-səqalan] deyə xitab edilmişdir.
Ayədəki Və insan(lar)ın: “Buna [yer üzünə] nə olur!” – dediyi zaman… ifadəsində yer alan insan sözü, tək olaraq və başında ال [əl] lam-i tarif [müəyyənlik lamı] ilə gəlmişdir. Buna görə də bir çox alim, məsələn, İbn Abbas, burada tək bir insanın qəsd edildiyini və onun da “əl-Əsvəd b. Abdul-Əsəd” olduğunu söyləmişdir. [3]
Halbuki bu şəxs ölmüşdür və kainatın qiyamətinə, yəni burada bəhs edilən zəlzələyə şahid olmayacaqdır. Bu zəlzələyə şahid olacaq olanlar, o zəlzələ anında həyatda var olan insanlardır. Ona görə də, الإنسان[əl–insan] sözünün başındakı müəyyənlik ədatı (eynilə Əsr surəsindəki الإنسان [əl–insan] ifadəsində olduğu kimi), “istiğrak” mənasına alınaraq “insanlar” olaraq anlaşılmalıdır. Bəli, o anda insanlar gözlənilməz bir hadisəylə qarşılaşmışlar və çaşqınlıqlarını dilə gətirirlər: Buna [yer üzünə] nə olur!
4–6Bax budur, o gün yer üzü, şübhəsiz ki, Rəbbinin özünə vəhy etdiyinə görə, bütün xəbərlərini bir–bir söyləyər. O gün insanlar, əməlləri göstərilsin/əməllərini görsünlər deyə dəstə-dəstə ortaya çıxacaqlar.
Bu ayədə qiyamətdəki məhşərə/toplanmağa dair məlumatlar verilir. O gün yer kürəsi, Rəbbinin özünə vəhy etdiyinə görə, bütün xəbərlərini bir-bir söyləyəcəkdir. Qiyamətin qopmasına, ilk qalxma və hesab vermə kimi mərhələlərə aid indiyə qədər yüzlərlə ayə keçdi. Burada isə, yer üzünün başlanğıcından bəri olub-bitən her şeyi qeyd etdiyi və o gün bunları ortaya tökəcəyi bildirilir. O gün yer üzünə yeni bir vəhy və istedad verilməyəcək, çünki mövcud kütləsindən molekuluna və atomuna qədər yer üzündəki hər bir şeyin qeyd etmə özəlliyi vardır. Belə ki, suyun hafızəsi olduğu, zəmanəmizdə elmi olaraq da təsbit edilmişdir.
Ərzə aid şeylərin şahidliyi, hər ediləni bir-bir söylədiyi bu ayələrdə də görülə bilir: Nur/24, Ya-Sin/65, İsra/13-14, Fussilət/19-23.
Altıncı ayədə ölüb dəfn edilən insanların əməllərini görmələri üçün bölük-bölük ortaya çıxacaqları bildirilir ki, bu xüsus daha əvvəl də dilə gətirilmişdi:
- 6–8O halda onlardan uzaq dur. O gündə Çağırıcının, bilinməyən/unudulan bir şeyə çağırdığı o gündə maraq dolu gözlərlə, o dəvətçinin yanına sürətlə qaçaraq qəbirlərindən çıxarlar. Sanki onlar darmadağın olmuş çəyirtkələr kimidirlər. O, kafirlər: “Bu, çətin bir gündür” – deyərlər. (Qəmər/6-8)
Ayədəki bölük-bölük ifadəsi, aşağıdakı ayələr işığında dəyərləndirilə bilər:
- 68Və Sura üflənmişdir və Allahın dilədiyi istisna olmaqla, göylərdə kim varsa, yerdə kim varsa çırpılıb, yıxılmışdır. Sonra ona, yenə bir daha üflənmişdir və onlar qalxmışlar, qarşıda baxıb dururlar.
- 69Və yer üzü Rəbbinin nuru ilə aydınlanmış, kitab qoyulmuş, peyğəmbərlər və şahidlər gətirilmiş və aralarında haqq ilə qərar verilmişdir. Və onlara haqsızlıq edilməz.
- 70Və Allah edilən əməlin qarşılığını hər kəsə, qətiliklə, tam olaraq ödəyəcəkdir. Və Allah onların etdiklərini ən yaxşı şəkildə biləndir.
- 71Və kafirlər qətiliklə, bölük-bölük cəhənnəmə sövq olunacaq. Sonunda oraya çatdıqlarında qapıları açılacaq. Və onun gözətçiləri onlara: “İçinizdən sizə Rəbbinizin ayələrini oxuyan, bu gününüzlə qarşılaşacağınıza dair sizi xəbərdar edən elçilər gəlmədimi?” – deyəcəklər. Onlar: “Bəli gəldi” – deyəcəklər. Və lakin kafirlər üzərinə əzab kəlməsi haqq oldu. (Zümər/68-71)
- 71O gün Biz bütün insanları başçılarıyla çağıracağıq ki, o gün, kimin kitabı sağ əlinə verilərsə, bax budur, onlar öz kitablarını oxuyacaqlar və onlar qəndil fitili/çəkirdəyin ipliyi qədər bir haqsızlığa uğradılmayacaqlar.
- 72Hər kim də bu dünyada kordursa, bax budur, o, axirətdə də kordur. Və getdiyi yol etibarılə daha çaşqındır. (İsra/71, 72)
- 13Onlar üçün ortaq qoşduqlarından, şəfaət – kömək edən, ara düzəldənlər də olmaz. Və onlar ortaqlarını rədd etdilər/qəbul etməyənlər oldular. 14Və Saatın dikildiyi gündə də, bax budur, o gün onlar ayrılırlar.
- 15İndi iman etmiş və düzəltmək yönündə işlər edənlərə gəlincə, artıq onlar bir bağça içində nəşələndirilirlər.
- 16Kafirlərə, ayələrimizi və Axirət görüşməsini yalan sayanlara da gəlincə, bax budur, onlar əzab içində hazır tutdurularlar. (Rum/13-16)
- 43–45Belə isə, Allahdan geri çevrilməsi mümkün olmayan bir gün gəlmədən öncə, üzünü ən doğru/qoruyan dinə döndər. O gün onlar Allahın iman edən və düzəltmək yönündə işlər edən insanlara ərməğanlarından qarşılıq verməsi üçün dəstə-dəstə ayrılırlar. Şübhəsiz ki, O, kafirləri sevməz. Kim küfr edərsə, artıq bu rədd etməyi/inanmamağı öz əleyhinədir. Kim də saleh əməl işləyərsə, artıq onlar da özləri üçün döşək/rahat bir yer hazırlamış olarlar. (Rum/43-45)
- 25Göyün və yer üzünün Öz əmri ilə durması yenə Onun əlamətlərindən/nümunələrindəndir. Sonra sizi yer üzündən bir tək çağırışla çağırdığı zaman bir də baxarsınız ki, siz çıxarılırsınız. (Rum/25)
Bəli, insanlar, dünyada etdikləri göstərilmək və etdiklərinin qarşılıqları verilmək üçün çıxarılacaqlardır:
- 44Bax budur, burada hegemonluq/köməkçilik, qoruyuculuq, yol göstəricilik ancaq haqq olan Allaha aiddir. O, mükafatlandırma baxımından ən yaxşı və qovuşdurma sarıdan da ən yaxşı olandır. (Kəhf/44)
- 23Və Biz, Bizə qovuşmağı ummayanların etdikləri hər əməlin qarşısını aldıq və onu dağılmış toz zərrələri halına gətirdik. (Furqan/23)
- 52Və onların işlədikləri hər şey, yazılarda qeyd altındadır. 53Kiçiyin, böyüyün hamısı sətir-sətir yazılmışdır.
- 54Heç şübhəsiz, Allahın qoruması altına girənlər cənnətlərdədir, bulaqlardadır/aydınlıqlardadır. 55Çox güclü sahibin, idarəedicinin hüzurundakı “doğru kəslərin oturma yerləri”ndə/doğrulara məxsus olan, yalan söylənməsi mümkün olmayan, yox olma ehtimalı olmayan sabit mövqeləri tutmaqdadırlar. (Qəmər/52-55)
7,8Artıq hər kim zərrə qədər bir xeyir işləyərsə, onu görəcək, hər kim də zərrə qədər bir şər işləyərsə, onu görəcəkdir.
Hər kəsin, yaxşı-pis nə etdisə, hamısıyla üzləşəcəyi yüzlərlə ayədə bildirilmişdir:
- 40Şübhəsiz ki, Allah zərrə qədər haqsızlıq etməz. Və əgər yaxşılıqdırsa, onu qat-qat artırar. Və Öz qatından böyük bir mükafat verər. (Nisa/40)
- 30O gün hər insan xeyirdən işlədiyi şeyləri, pislikdən işlədiyi şeyləri hazırlanmış olaraq görər. Özü ilə etdiyi pisliklər arasında, şübhəsiz ki, çox uzaq bir məsafə olmasını istəyər. Allah, sizi Özündən çəkindirir. Şübhəsiz ki, Allah qullarına çox şəfqətlidir. (Al-i İmran/30)
Həmçinin, Bəqərə/281; Al-i İmran/25, 195; Nisa/40, 85, 123; Ənam/160; Əraf/9; Yunus/27, 54; Nəhl/97; İsra/71; Kəhf/49; Məryəm/60; Ta Ha/112; Ənbiya/47; Möminlər/62, 102-103; Nəml/89; Qasas/84; Loğman/16; Ya-Sin/54; Saffat/38-39; Mömin/17, 40; Casiyə/22; Əhqaf/19; Qaf/28; Tur/21 və Qariə/6-9-a da baxılmalıdır.
Mövzumuz olan ayələrdə qısaca zikr edilən məlumatlar, Həcc surəsinin girişində geniş bir şəkildə verilmişdir:
- 1,2Ey insanlar! Rəbbinizin qoruması altına girin! Şübhəsiz ki, qiyamətin qopma anının sarsıntısı çox böyük bir şeydir. Onu görəcəyiniz gün, hər əmzikli qadın əmizdirdiyindən əl çəkər. Və hər hamilə qadın daşıdığını buraxar. Və sən insanları sərxoş olmadıqları halda, sərxoş kimi görərsən. Hələ Allahın əzabı çox şiddətlidir.
- 3,4İnsanlardan bəzilərı də Allah haqqında şüursuzca mübahisə edir və hər azmış şeytanı izləyir. Azmış şeytan haqqında: “Şübhəsiz, kim şeytanı yol göstərən, qoruyan bir yaxın edərsə, artıq o, qətiliklə, şeytanı özünə vəliləşdirəni azdırar və onu cəhənnəmin əzabına bələdçiləyər” – deyə yazıldı.
- 5Ey insanlar! Əgər öldükdən sonra dirilməkdən şübhədəsinizsə, bilin ki, nə olduğunuzu sizə ortaya qoymaq üçün, şübhəsiz ki, Biz sizi torpaqdan, sonra nütfədən, sonra bir embriyondan, sonra quruluşu müəyyən – qeyri-müəyyən bir ət parçasından yaratmışıq. Və Biz dilədiyimizi bəlli bir müddətə qədər bətnlərdə tuturuq. Sonra sizi bir uşaq olaraq, sonra da yetkinlik çağına yetişməyiniz üçün çıxardırıq. Bununla yanaşı, kiminiz keçmişdə etdikləri və etməli olduğu halda etmədikləri bir-bir xatırlatdırılır/öldürülür, kiminiz də öncəki biliyindən sonra heç bir şey bilməyərək, ömrünün ən rəzil zamanına çatdırılır. Bir də yer üzünü görərsən ki, sönmüşdür. Sonra Biz onun üzərinə su endirdiyimiz zaman hərəkətə keçər, qabarar və hər gözəl cütdən bitkilər bitirə
- 6Bax budur, bu, şübhəsiz ki, Allahın haqq olduğu, şübhəsiz, sadəcə Onun ölüləri diriltdiyi və şübhəsiz, sadəcə Onun hər şeyə qadir olduğuna görədir.
- 7Qiyamət isə şübhəsiz ki, qopacaqdır. Qətiyyən onda şübhə yoxdur. Və şübhəsiz ki, Allah qəbirlərdə olan kimsələri dirildəcəkdir.
- 8İnsanlardan bəziləri də Allah haqqında şüursuzca, bələdçi olmadan, aydınladıcı bir kitab olmadan mübahisə edirlər.
- 9Onun belini əyib bükməsi/fənd işlətməsi, Allah yolundan azdırmaq üçündür. Bu dünyada ona bir rüsvayçılıq vardır. Və Biz qiyamət günündə ona yandırıcı cəhənnəmin əzabını daddıracağıq.
- 10Bax budur, bu, öz iki əlinin önə çıxardığı şeylər və şübhəsiz, Allahın yaxşı qulluq edənlərə haqsızlıq edən biri olmadığına görədir.
- 11–13İnsanlardan kimi də Allaha qeyri-müəyyən bir tərəf üzərində/qərarsız, konkret cizgisiz bir şəkildə qulluq edər. Ona görə də əgər özünə bir yaxşılıq gələrsə, onunla zehnindəki bütün sorğu-sual işarələrini aradan qaldıraraq, rahatlığa qovuşmuş olur. Və əgər özünə bir sosial yanğın/sıxıntı gələrsə, üzüüstə dönür. O, dünyanı da, axirəti də məhv etdi. Bax budur, bu, açıq-aşkar itkinin məhz, özüdür. O, Allahın yaratdıqlarından özünə zərər və mənfəət verə bilməyəcək şeylərə yalvarır. Bax budur, bu, çox uzaq azğınlığın məhz özüdür. O, zərəri faydasından daha yaxın olana yalvarır. Yalvardığı o şey nə pis köməkçi, nə pis qoruyucu və nə pis yoldaşdır.
- 14Şübhəsiz, Allah iman edən və düzəltmək yönündə işlər edənləri altından çaylar axan cənnətlərə girdirər. Şübhəsiz ki, Allah dilədiyini edər. (Həcc/1-14)
Doğrusunu ən yaxşı bilən Allahdır.
İstifadə edilmiş ədəbiyyat:
[1] Kurtubi, el–Camiu li Ahkamil–Kur’an.
[2] Razi, Mefatihu’l-Ğayb.
[3] Kurtubi, el–Camiu li Ahkamil–Kur’an.