ƏHZAB SURƏSİ

MƏDİNƏ DÖVRÜ

Nəcm: 504

1Ey Peyğəmbər! Allahın qoruması altına gir, kafirlərə və münafiqlərə də itaət etmə. Şübhəsiz ki, Allah ən yaxşı biləndir, ən yaxşı qayda qoyandır.

2Və Rəbbindən sənə vəhy edilənlərə tabe ol. Şübhəsiz, Allah sizin nə etdiklərinizdən xəbərdardır/çoxlu bilik sahibidir.

3Və işin nəticəsini Allaha həvalə et, “bütün varlıqları müəyyən bir proqrama görə nizamlayan və bu proqramı qoruyaraq, dəstəkləyərək həyata keçirən” olaraq da, Allah yetər.

(90/33, Əhzab/1–3)

Nəcm: 505

 

4Allah bir insanın sinəsində iki qəlb yaratmadı. Və zıhar etdiyiniz[1]… Özlərini ana­la­rınıza bənzədərək and mövzusu etdiyiniz həyat yoldaşlarınızı da sizin anala­rı­nız ola­raq qəbul etmədi. Övladlıqlarınızı da sizin öz övladlarınız saymadı. Bu, sizin ağ­zı­nız­la söyləməyinizdir. Allah isə haqqı söyləyər. Və düz yola bələdçiləyər.

5Övladlıqları öz atalarına nisbət edərək çağırın – bu, Allah qatında daha haqqaniy­yət­li­dir. Əgər atalarını bilmirsinizsə, artıq onlar dində sizin qardaşlarınız və söz­ləş­mə ilə yaxınlıq qurduqlarınızdır. Qəlblərinizin qəsdən göstərərək etdikləri – şüurlu, plan­lı-proqramlı etdikləriniz başqa, xəta olaraq etdiklərinizdə isə sizin üçün bir və­bal yoxdur. Və Allah çox bağışlayandır, çox mərhəmət edəndir.

(90/33, Əhzab/4, 5)

Nəcm: 506

6Peyğəmbər möminlərə öz nəfslərindən daha yaxın, Peyğəmbərin zövcələri, möminlərin analarıdır. Və əqrəbalar, Allahın qatında hamısı eyni dərəcədədir, qorumaq məqsədi ilə, yaxınlarınıza hər kəs tərəfindən müsbət qəbul edilən davranışı etməyiniz istisna olmaqla, möminlərdən və mühacirlərdən daha yaxındırlar. Bu, Kitabda yazılmışdır.

(90/33, Əhzab/6)

Nəcm: 507

7,8Və həmçinin Biz doğru insanlardan doğru olmaları barədə xəbər almaq üçün peyğəmbərlərdən – Nuhdan, İbrahimdən, Musadan və Məryəm oğlu İsadan “qəti söz”lər almışdıq. Səndən də “qəti söz” aldıq. Biz onlardan ağır bir “qəti söz” aldıq. Və Allah kafirlər üçün acı verəcək bir əzab hazırladı.

(90/33, Əhzab/7, 8)

Nəcm: 508[2]

9Ey iman edənlər! Allahın üzərinizdəki nemətini xatırlayın. Həmçinin sizə ordular gəlmişdi və Biz onların üzərlərinə bir külək və sizin görmədiyiniz ordular göndərmişdik. Və Allah, etmiş olduqlarınızı çox yaxşı görəndir.

10Həmçinin onlar üst tərəfinizdən və sizdən daha aşağıdan sizə gəlmişdilər. Və həmçinin gözlər dönmüşdü, ürəklər qırtlaqlara çatmışdı. Və siz Allah haqqında zənn etdikcə, zənn edirdiniz.

11Bax budur, burada möminlərə əziyyət çəkdirilmiş, imtahan edilmiş və çox şiddətli bir sarsıntı ilə sarsılmışdılar.

12Və o vaxt münafıqlər və qəlblərində bir xəstəlik olanlar/təfəkkürü pozuq insanlar: “Allah və Elçisi bizə bir aldanışdan başqa, heç nə vəd etməmişdir” – deyirdilər.

13Və həmçinin bunlardan bir qrup: “Ey Yəsrib/Mədinə xalqı! Sizin üçün duracaq yer yoxdur, dərhal dönün” – deyirdilər. Onlardan bir qismi isə: “Evlərimiz həqiqətən qorunmasızdır” – deyərək, Peyğəmbərdən izin istəyirdilər. Halbuki, evləri qorunmasız deyildi. Onlar, sadəcə, qaçmaq istəyirdilər.

14Əgər onların üzərinə evlərinin hər bir bucağından girilsəydi, sonra da sosial yanğın çıxarmaları istənilsəydi, qətiliklə bunu yerinə yetirərdilər. Bunu artıq gözləməzdilər.

15Və heç şübhəsiz, onlar bundan öncə, arxalarına dönüb qaçmayacaqlarına Allaha andla “qəti söz” vermişdilər. Və Allahın əhdi/Allah haqqında verilən sözlər məsuliyyət gətirir.

16De ki: “Əgər ölməkdən və ya öldürməkdən qaçırsınızsa, qaçmağın heç bir zaman sizə faydası olmaz. Və o zaman, sadəcə, çox az bir şey qazandırılarsınız”.

17De ki: “Əgər Allah, sizə bir pislik diləyərsə və ya sizə bir mərhəmət diləyərsə, sizi Allahdan kim qoruya bilər?” Həm də onlar özlərinə Allahın yaratdıqlarından bir yol göstərici, qoruyucu, yaxın bir köməkçi tapa bilməzlər.

18,19Şübhəsiz, Allah sizdən o əngəlləyənləri, sarsaqlayanları və sizi qısqanaraq, qardaşlarına: “Bizə gəlin!” – deyənləri bilir. Və ancaq onlar sıxıntıya çox az gəlirlər. Sonra, o qorxu gəlincə, sən onları ölümdən huşunu itirmiş kimsə kimi, gözləri dönərək, sənə baxarkən gördün. Sonra isə o qorxu gedincə, yaxşılığa paxıllıq edərək, sizə kəskin-kəskin dillər uzatdılar. Bax budur, bunlar iman etmədilər və Allah onların əməllərini boşa çıxardı. Və bu, Allah üçün çox asandır.

20Onlar əlbir olan düşmən birliklərinin getmədiyini sanırdılar. Əgər düşmən birlikləri gələcək olarsa, çöldə bədəvi ərəblər içində yer alıb, sizinlə bağlı məlumat almaq istəyərlər. Və əgər onlar içinizdə olsaydılar, çox az döyüşərdilər.

21And olsun ki, Allah Elçisində sizin üçün Allahı və son günü uman və Allahı çoxlu anan kimsələr, gözəl bir nümunə vardır.

22Möminlər birləşmiş düşmən dəstələrini gördükləri zaman isə: “Bax budur, bu, Allahın və Elçisinin bizə vəd etdiyi şeydir. Allah və Elçisi doğru söylədi” – dedilər. Bu, onlara, sadəcə, iman və təhlükəsizlik təmin etməkdə üstünlük verdi.

23,24Möminlərdən elə insanlar vardır ki, Allaha, imanlarına uyğun olaraq, etməli olduqları şeylərə sədaqət göstərdilər. Bax budur, onlardan kimisi nəzirini verən/canını verəndir, kimi də gözləyəndir. Onlar, Allahın doğru insanları doğruluqlarına görə mükafatlandıracağı, diləyərsə, münafiqlərə də əzab edəcəyi və ya tövbə nəsib edəcəyi üçün, olduqları kimi davranıb, davranışlarında dəyişiklik etmədilər.  Şübhəsiz ki, Allah, çox bağışlayan və çox mərhəmət edəndir.

25Və Allah, kafirləri hər hansı bir xeyirə çatmadan, kinləri ilə geri çevirdi. Və Allah möminlərə döyüşdə kifayət etdi. Və Allah çox güclü, mütləq üstün olandır.

26,27Həm də Allah Kitab Əhlindən kafirlərlə əlbir olanları qalalarından endirdi. Və qəlblərinə qorxu saldı! Siz onların bir qismini qətl edir, bir qismini də əsir alırdınız. Və Allah, onların ərazilərinə, yurdlarına, mallarına və hələ ayaq basmadı­ğı­nız bir yerə sizi son sahib etdi. Və Allah hər şeyə ən yaxşı güc yetirəndir.

(90/33, Əhzab/9–27)

Nəcm: 509

28,29Ey Peyğəmbər! Zövcələrinə söylə: “Əgər siz adi dünya həyatını və onun bəzəkli cazibəsini istəyirsinizsə, gəlin sizə boşanmaq bədəli ödəyim və gözəl bir tərzdə sizi boşayım. Əgər siz Allahı, Elçisini və son yurdu istəyirsinizsə, artıq heç şübhəsiz, Allah sizdən yaxşılaşdıranlar/gözəlləşdirənlər üçün çox böyük bir mükafat hazırlamışdır”.

30,31Ey Peyğəmbərin zövcələri! Sizdən kim açıq və bir çirkin utanmazlıq edərsə, günahın cəzası ikiqat olaraq artırılar. Bu da Allaha görə çox asandır. Sizdən kim də Allaha və Elçisinə həmişəlik hörmətdə olarsa və saleh əməl işlərsə, ona da əcirini iki dəfə verərik. Və Biz ona üstün bir ruzi də hazırlamışıq.

32–34Ey Peyğəmbərin zövcələri! Siz qadınlardan hər hansı biri deyilsiniz, əgər Allahın qoruması altına girərsinizsə, artıq sözü nazlana-nazlana/əzilə-əzilə söyləməyin ki, sonra qəlbində xəstəlik olan/zehniyyəti pozuq birisi tamah edər. Sözü adət-ənənəyə uyğun/hər kəs tərəfindən müsbət qəbul edilən bir şəkildə söyləyin. Evlərinizdə qərarlı olun, ilk cahiliyyət dövründəki kimi açıq-saçıqlıq etməyin, salaatı iqamə edin, zəkat/vergi verin, Allaha və Elçisinə itaət edin. Ey Əhli beyt! Gerçəkdən Allah sizdən uzaqlaşdırmaq və sizi təmizləmək istər. Və evlərinizdə oxunmaqda olan Allahın ayələrini, haqsızlıq, pozğunçuluq və qarışıqlığı əngəlləmək üçün qoyulmuş qanun, düstur və qaydaları xatırlayın. Heç şübhəsiz, Allah çox lütf edən, gizlini bilən, hər şeyin iç üzünü və gizli tərəflərini yaxşı biləndir.

(90/33, Əhzab/28–34)

Nəcm: 510

35Şübhə yox ki, İslam dininə girən kişilər və qadınlar, mömin kişilər və mömin qadınlar, hörmətlə davranan kişilər və hörmətlə davranan qadınlar, doğru kişilər və doğru qadınlar, səbr edən kişilər və səbr edən qadınlar, dərrakəli kişilər və dərrakəli qadınlar, sədəqə verən kişilər və sədəqə verən qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, namuslarını mühafizə edən kişilər və namuslarını mühafizə edən qadınlar, Allahı çox anan kişilər və Allahı çox anan qadınlar… Allah, onlar üçün bir bağışlanma və çox böyük bir mükafat hazırlamışdır.

(90/33, Əhzab/35)

Nəcm: 511

36Və Allah və Elçisi bir işdə hökm verdiklərində heç bir mömin kişi və mömin qadın üçün öz işlərində sərbəstlik yoxdur. Və kim Allaha və Elçisinə üsyan edərsə, o, açıq bir pozğunluqla azmışdır.

37Həmçinin sən, Allahın özünə nemət verdiyi və sənin də özünə nemət verdiyin adama: “Zövcəni yanında tut və Allahın qoruması altına gir!” – deyirdinsə də, insan­lar­dan çəkinərək, Allahın açığa vuracağı şeyi öz içində gizli tuturdun. Halbuki Allah Özünə hörmətlə, sevgi ilə, bilik ilə ürpərti duymağına daha çox layiqdir. Artıq Zeyd[3] Zeynəbdən əlaqəsini kəsincə, Biz Zeynəbi səninlə evləndirdik ki, beləliklə öv­ladlıqlarının özlərindən əlaqələrini kəsdikləri zaman övladlıqlardan ayrılan qa­dın­la evlənmək barəsində möminlər üzərində bir çətinlik olmasın. Allahın əmri ye­ri­nə yetirilmişdir.

38,39Allahın özünə fərz etdiyi şeydə Peyğəmbər üzərində daha öncə gəlib keçən insanlarda Allahın verdiyi elçilik vəzifəsini təbliğ edən, Ona hörmətlə, sevgi ilə, bilik ilə ürpərti duyan və Allahdan başqa kimsəyə hörmətlə, sevgi ilə, bilik ilə ürpərti duymayan kimsələr üçün Allahın buyuruğu olaraq, bir çətinlik yoxdur. Allahın əmri nizamlanmış və müəyyən edilmiş bir qədərdir. Hesabgörücü olaraq Allah yetər.

40Muhəmməd, sizin igid/yetkin kişilərdən heç birinin atası deyildir. Ancaq O, Allahın Elçisi və peyğəmbərlərin sonuncusudur.[4] Və Allah hər şeyi ən yaxşı biləndir.

(90/33, Əhzab/36–40)

Nəcm: 512

41,42Ey iman edənlər! Allahı anmağınızı “daima anmaq” olaraq anın. Və Onu hər zaman nöqsan sifətlərdən arındırın.

43,44O, sizləri qaranlıqlardan aydınlığa çıxarmaq üçün dəstək verəndir. Onun təbiətdəki gücləri/endirdiyi xəbərçi ayələri sizlərə dəstək verirlər. Və O, möminlərə çox mərhəmətlidir. Ona qovuşacaqları gün onların salamlaşmaları, “Salam”dır. Allah da onlar üçün hörmətli bir mükafat hazırlamışdır.

(90/33, Əhzab/41–44)

Nəcm: 513

45–48Ey Peyğəmbər! Şübhəsiz ki, Biz səni bir şahid, bir müjdəçi, bir xəbərdaredici, Öz izni ilə/biliyi ilə Allaha bir dəvətçi və işıq saçan bir qəndil olaraq göndərdik/elçi etdik. Sən də inananlara, şübhəsiz, özləri üçün Allahdan böyük bir ərməğan olduğu­nu müjdələ. Kafirlərə və mü­nafiqlərə itaət etmə, onların verdiyi əziyyətləri tərk et, əhəmiyyət vermə. Və sən, işin nəticəsini Allaha həvalə et. Və “bütün varlıqları müəyyən bir proqrama görə ni­zam­­layan və bu proqramı qoruyaraq, dəstəkləyərək həyata keçirən” olaraq Allah ye­tər.

(90/33, Əhzab/45–48)

Nəcm: 514

49Ey iman edənlər! Mömin qadınları nikahlayıb, sonra onlara toxunmadan boşadığınız zaman, artıq sizin üçün üzərlərində sayacağınız bir gözləmə müddəti yoxdur. Dərhal onları qazanclandırın və onları gözəl bir şəkildə azad edin.

(90/33, Əhzab/49)

Nəcm: 515

50Ey Peyğəmbər! Şübhəsiz, Biz mehirlərini[5] verdiyin zövcələrini, Allahın qənimət olaraq sənə verdiklərindən, sözləşmə ilə malik olduğunu/döyüş əsirlərindən hima­yə­nə verilmiş qadınları, əminin, xalanın, dayının və bibinin qızlarından səninlə birlikdə hicrət etmiş olanları və özünü Peyğəmbərə hibə edən, Peyğəmbərin də nikah­la­maq istədiyi Mömin qadını, möminlərin səviyyəsindən aşağı olmaq üçün və sadəcə sənə xas olaraq, sənə halal qıldıq. Biz öz zövcələri və sözləşmələrinin malik olduq­la­rı şeylər[6] barəsində səndən başqa möminlərə nəyi fərz etdiyimizi qətiliklə bil­dik, daha öncə açıqladıq. Bu vəziyyət – sənə istisna olaraq gətirilən çoxarvadlılıq və di­gər xüsusi maddələr sənin üçün bir çətinlik olmasın deyədir. Və Allah qullarının gü­nahlarını çox örtən, onları cəzalandırmayan və bol-bol bağışlayan, əngin mər­hə­mət sahibidir.

51Onlardan dilədiyini təxirə salıb, dilədiyini də yanına ala bilərsən. Ayrıldıqla­rın­dan, istək duyduqlarına dönməyində artıq sənin üçün bir qadağa yoxdur. Onların göz­lə­rinin aydınlanıb, hüznə qapılmamalarına və özlərinə verdiyinlə hamısının məm­nun olmalarına ən yaxın olan budur. Allah qəlblərinizdə olanı bilməkdədir. Allah hər şeyi bilən və çox yumşaq davranandır.

52Bundan sonra qadınlar və bunları başqa qadınlarla dəyişdirmək, gözəllikləri xoşuna gəlsə belə, sənə halal olmaz. Ancaq andının malik olduğu/hərb əsiri olaraq sənin himayənə verilən başqa… Onu nikahlaya bilərsən. Allah hər şeyi müşahidə edib, sınaqdan keçirəndir.

(90/33, Əhzab/50–52)

Nəcm: 516

53Ey iman edənlər! Peyğəmbərin evlərinə sadəcə, vaxtına baxmadan, yeməyə izin verilincə girin. Amma çağırıldığınız vaxt dərhal, girin. Artıq yeməyi yediyinizdə də dərhal, dağılın. Söz üçün də gözləməyin. Şübhəsiz ki, bu halınız Peyğəmbərə əziy­yət verir, sonra da O, sizdən çəkinir. Allah isə haqqdan/gerçəkdən çəkinməz. Onun zöv­cə­lərindən bir qazanc istədiyiniz zaman isə pərdə arxasından/otaqlarına girmədən, istəyin. Belə etməyiniz sizin qəlbləriniz və onların qəlbləri üçün daha təmizdir. Və sizin Allahın Elçisinə əziyyət etməyiniz və özündən sonra zövcələrini də nikah etməyiniz sonsuzadək mümkün deyil. Bu, Allah qatında çox böyük günahdır.

54Siz bir şeyi açığa vursanız, yaxud onu gizlətsəniz bilin ki, şübhəsiz, Allah hər şeyi ən yaxşı biləndir.

55Peyğəmbər zövcələrinin üzərində ataları, oğulları, qardaşları, qardaşlarının oğulları, bacılarının oğulları, qadınlar və sözləşmələrinin sahib olduğu kimsələr[7] haqqında bir günah yoxdur. Və siz/Peyğəmbərin zövcələri, Allahın qoruması altına girin. Şübhəsiz ki, Allah hər şeyə ən yaxşı şahiddir.

56Şübhəsiz ki, Allah və təbiətdəki gücləri/endirdiyi Quran ayələri Peyğəmbəri dəstək­ləyir­lər/kömək edirlər/arxa çıxırlar. Ey iman edənlər! Siz də Peyğəmbərə dəs­tək olun/ona kömək edin/arxa çıxın və onun təhlükəsizliyini tam olaraq təmin edin!

57Şübhəsiz ki, Allaha və Elçisinə əziyyət verənləri Allah dünyada və axirətdə kənarlaşdırmışdır. Və onlara təhqiredici bir əzab hazırlamışdır.

58Mömin kişilərə və mömin qadınlara qazandırılmadıqları bir şey səbəbi ilə əziy­yət edənlərə də qətiliklə, artıq bir iftira və açıq-aşkar bir vəbal yüklənmiş­­lər.

(90/33, Əhzab/53–58)

Nəcm: 517

59Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin zövcələrinə söylə, üzərlərinə bayır geyimlərindən örtsünlər. Tanınaraq, əziyyət edilməmələri üçün bu daha uyğun­dur. Allah çox bağışlayan və çox mərhəmət edəndir.

(90/33, Əhzab/59)

Nəcm: 518

60–62And olsun ki, əgər o münafiqlər və qəlblərində bir xəstəlik olan/zehniyyəti pozuq olan bu insanlar və Mədinədə ortalığı qarışdıranlar bu etdiklərindən əl ç­əkməzlərsə, qətiliklə onları kənarlaşdıraraq səni onlara müsallat edərik. Sonra onlar səninlə orada az bir zamandan artıq qonşu qala bilməzlər – Allahın izni ilə səndən öncə yaşamış kimsələr barəsində olduğu kimi, onlar harda rast gələrsə, yaxalanarlar və amansız qəddarlıqla öldürülərlər. Və sən Allahın qanununda/buyuruğunda qətiyyən bir dəyişiklik tapmayacaqsan!

(90/33, Əhzab/60–62)

Nəcm: 519

63,73İnsanlar səndən qiyamətin qopma vaxtı haqqında soruşurlar. De ki: “Onun biliyi, Allahın münafiq kişilərə, münafiq qadınlara, ortaq qoşan kişilərə, ortaq qoşan qa­dınlara əzab etməsi və Allahın mömin kişilərin və mömin qadınların töv­bə­lə­ri­ni qəbul etməsi üçün, ancaq Allahın nəzdindədir. Nə bilirsən, bəlkə qiyamə­tin qop­ma vaxtı yaxında olar. Və Allah çox bağışlayan, çox mərhəmət edəndir”.[8]

(90/33, Əhzab/63, 73)

Nəcm: 520

64-66Qətiliklə Allah kafirləri kənarlaşdırıb, gözdən çıxarmış və içində sonsuz olaraq qalmaları üçün onlara çılğın bir atəş hazırlamışdır. Onlar orada bir qoruyucu yaxın və köməkçi tapa bilməzlər. Üzləri atəş içində döndərilib çevrildiyi gün: “Ah kaş ki, Allaha itaət etsə idik, elçiyə itaət etsə idik!” – deyəcəklər.

67,68Və dedilər ki: “Ey Rəbbimiz! Şübhəsiz ki, biz ağalarımıza və böyüklərimizə itaət etdik və onlar bizi düz yoldan azdırdılar. Ey Rəbbimiz! Onlara əzabdan iki qat ver və özlərini tam olaraq kənarlaşdır/mərhəmətindən məhrum et”.

(90/33, Əhzab/64–68)

Nəcm: 521

69Ey iman edənlər! Sizlər Musaya əziyyət edənlər kimi olmayın. Bax budur, Allah Musanı əziyyət edənlərin söylədiklərindən təmizə çıxardı. Və o, Allah qatında mövqe sahibi/dəyərli biri idi.

70,71Ey iman edənlər! Allahın qoruması altına girin və sağlam dəlili/sübutu olan söz söyləyin ki, Allah işlərinizi lehinizə düzəltsin, günahlarınızı da bağışlasın. Hər kim Allaha və Elçisinə itaət edərsə, artıq o, həqiqətən çox böyük bir zəfər ilə xilas edilmiş olur.

(90/33, Əhzab/69–71)

Nəcm: 522

72Şübhəsiz ki, Biz əmanəti [bütünlüyü, qüsursuzluğu, mükəmməlliyi] göylərin, yerin və dağların üzərinə yayıb yayğınlaşdırsaq da, onlar onu daşımağa/gizlətməyə, ta­nınmaz hala gətirməyə, gözdən salmağa çalışmadılar, bütünlüyün, qüsursuz­lu­ğun, mükəmməlliyin alınıb götürülməsindən, tanınmaz hala salınmasından qorx­dular. Və onu insan daşıdı/gizlətdi, tanınmaz hala gətirdi, gözdən saldı [ona xə­ya­nət etdi]. Şübhəsiz ki, insan çox səhv davranan/öz zərərlərinə iş edən və çox cahil­dir.

(90/33, Əhzab/72)

 

[1]Bu ayələrlə, ərəb cahiliyyə adətlərindəki bir tətbiqat [zıhar] ortadan qaldırılır. Ərəb ənənəsinə görə bir kişi, arvadının hər hansı bir davranışına hirsləndiyi zaman, ona: – “Sən mənə anamın arxası kimisən” – deyərdi. Buna görə aralarındakı ailə bağları qopmasa belə, halal qəbul edilməzdi. Ancaq tam mənasıyla boşanmış da sayılmadığı üçün qadın, başqa bir yol seçə bilməz, çilə çəkməyə məhkum olardı. Bu barədə Mücadilə/1–4–də (641–ci nəcm) deyilmişdir.

[2]Bu ayələr, Hicri 5–ci ildə meydana gələn Xəndək döyüşünə toxunur. Bədir döyüşündə olduğu kimi, bu döyüşdə də Allah, açıq möcüzələr yaratmışdır. Bu bölmədə, Xəndək və Beni Kurayza döyüşlərinin bəzı səhnələrinə toxunulmuşdur. Həm bölməni doğru anlamaq, həm də hadisənin təfərrüatını öyrənmək məqsədilə, Xəndək döyüşün ilə əlaqədar ensiklopedik bilik əldə olunması çox yaxşı olar.

Əhzab, “hiziblar” [qarşı qruplar, partiyalar] demək olub, bununla, müsəlmanlarla döyüşmək üçün birləşən Məkkə, Gatafan, Bəni Kurayza və digər ərəb qəbilələri (birləşmiş müşrik qrupları) nəzərdə tutulmuşdur.

[3]Zeyd, Kelb qəbiləsindəndir. Uşaq yaşda qəbilə döyüşlərində əsir alınıb, Ukaz bazarında kölə olaraq satıldı. Xədicənin qardaşı uşaqlarından Hakim b. Hizam Zeydi satın alıb, Məkkəyə gətirdi və bibisinə hədiyyə etdi. Rəsulullah Xədicə ilə evləndiyində, Zeydi həyat yoldaşının xidmətində gördü. Yaxşı davranışlarından və halından xoşlandığı üçün onu arvadından istədi. Beləliklə, bu şanslı uşaq bir neçə il sonra özünə peyğəmbərlik veriləcək olan bu mükəmməl insanın xidmətinə girdi. Zeyd o zaman 15 yaşında idı. Sonralar atası və əmisi onun Məkkədə olduğunu öyrəndiklərində, Muhəmmədin yanına gəldilər və fidyə müqabilində oğullarını geri almaq istədilər. Muhəmməd: – “Uşaqdan soruşaq görək, sizinləmi gedəcək, yoxsa mənimləmi qalacaq, buna özü qərar verəcək. Əgər mənimlə qalmağı tərcih edərsə, mən mənimlə qalmağı seçən birini geri göndərmərəm” – dedi. Onlar da, buna razı oldular. Zeyd Rəsulullahın yanında qalmağı tərcih etdi. Muhəmməd dərhal Zeydi azad etdi və Kəbədə bir qrup Qüreyşlinin önündə: – “Şahid olun, bu andan etibarən, Zeyd mənim oğlumdur. Mən ona varisəm, o da mənə varisdir” – deyə elan edib, Zeydi övladlığa qəbul etdi. Bundan sonra onu, Zeyd b. Muhəmməd deyə çağırmağa başladılar. Bütün bunlar Muhəmmədə peyğəmbərlik gəlmədən öncə olmuşdu. Daha sonra Muhəmməd elçilik ilə vəzifələndirilincə, ona inanan ilk dörd nəfərdən biri oldu. Zeyd o sıralarda 30 yaşındaydı və 15 il boyunca Rasulullaha xidmət etmişdi. Hicri 4–cü ildə Rəsulullah onu bibisinin qızı Zeynəblə evləndirdi.

[4]Quranı qoruyan olaraq, qorudaraq bundan sonra yeni bir kitab endirməyəcəkdir. Yeni bir kitab endirilməyəcəyinə görə, yeni bir elçi də göndərilməyəcəkdir, deməkdir.

Allah, Muhəmmədi (ə.s) son peyğəmbər etmiş və beləliklə də, elçi göndərmə tətbiqatına son vermişdir. Ancaq elçinin vəzifəsi olan xəbərdar etmək, müjdələmək, öyüd vermək, mərifəti əmr etmək, münkərdən (şərik qoşmaqdan) uzaqlaşdırmaq vəzifələrini, Bəqərə/143 (421–ci nəcm), Al–i İmran/104, 110 (494–cü nəcm) və Həcc/78–dən (638–ci nəcm ) açıq şəkildə anlaşılacağı kimi, bu ümmətə vermişdir.

[5]Qurana görə mehir–qadının “dolanışıq sigortası”dır. Bu qayda qadın zəif olduğuna görə deyil, onun sosial və mədəni yöndən əhəmiyyətli olduğuna görə qorunmalı olduğuna görədir. Dul qalması halında, “iddət” müddətində dolana biləcəyi bir mal, ya da pulun qadına verilməsi, onun dolanışığını təmin etmək üçün çalışmasına, yuvasından uzaqlaşıb, sıxıntılara qatlanmasına ehtiyac olmayacaqdır. Beləliklə, qadın taciz, təcavüz və düşkünlüyə uğramaq riskindən uzaq olacaqdır. Qısacası, Allah qadını qürurlandırmaq, qorumaq və ədalətsizliyə uğramağına mane olmaq üçün ona mehir verilməsini əmr etmişdir. Mövzunun təfərrüatları üçün Bxn. Təbyin.

[6]Ayələrdə keçən “ma mələkət eymanühüm [sözləşmələrinin sahib olduqları]” ifadəsi, başlıca olaraq “cariyələr” olaraq anlaşılaraq bu günümüzədək gəlmişdir. Cariyələrlə əlaqədar say həddi olmadığı kimi, onlarla nikah da lazım gəlmədiyi anlayışı hakim olmuşdur. O halda ma mələket eymanühüm [sözləşmələrinin sahib olduqları] ifadəsiylə kimlərin qəsd  edildiyinin təhlil edilməsi vacibdir. İslam gəldiyində, dünyanın hər tərəfində olduğu kimi, Ərəbistan coğrafyasında da köləlik müəssisəsi mövcud olub, satın alma, miras qalma, qaçırma, hərb əsirlərinin kölələşdirilməsi kimi yollarla davam edirdi. İslam, qaynar döyüşdən başqa yollarla əsir almağı və döyüşdə alınan əsirlərin kölələşdirilməsini qadağan etdi (Ənfal/62 və Muhəmməd/4) və beləliklə də, köləlik müəssisəsini tədricən, tamamilə qadağan etdi. XIX yüzildə İngiltərə başda olmaqla digər dövlətlər də köləliyi qadağan edərək bu müəssisəni ortadan qaldırdılar. Təəssüf ki, sözdə bir İslam dövləti olan Osmanlı Dövləti, zənci kölə ticarətini 1857–də, ağ kölə ticarətini isə ancaq 1909–da qadağan etmişdir. Geniş açıqlama üçün Bxn. Təbyinül–Quran; c. 2, s. 167.

Köləlik müəssisəsinin davam etdiyi müddətdə, yerli və beynəlxalq adətlərə uyğun olaraq, qadın və kişi kölələr müəyyən edilmiş şərtlər, sözləşmələr çərçivəsində qoruyucu ailələrin himayələrinə verilirdilər. Bu hami ailələr onların iş-gücündən yararlanır və onları himayə edərdilər. Kölələr din və vicdan müstəqilliyinə sahib olmalarına baxmayaraq, iqtisadi və siyasi baxımdan müstəqil deyildilər. Miras və qəsb yoluyla kölə etmə halı ortadan qalxdıqdan sonra hərb əsirlərindən dəyişməyə tabe tutulmayan, fidyə verilməyən və ailəsindən himayə edəcək kimsəsi tapılmayan xanımlar yenə müəyən edilmiş qaydalar daxilində, birilərinin himayəsinə verilirdi. Bəzən də köləliyin qalxmadığı qonşu bir ölkəyə hədiyyə olaraq, kölələr göndərilirdi.

Bölmədəki “ma mələkət eymanühüm [sözləşmələrinin sahib olduqları]” ilə, “bu şərtlər çərçivəsində himayə altında olan qadınlar” qəsd  edilmişdir. Bunlarla cinsi əlaqəyə girə bilmək üçün mütləq yaxınlarından izin alınması və adətə görə, mehirlərini verməklə  nikahlanmaları şərtdır (Nisa/24). İslam, nikahsız cinsi əlaqəni təşviq etməz, nikahsız könüllü əlaqəni zina, nikahsız və könülsüz əlaqəni isə təcavüz sayar.

Ayədə bu qadınlar ona görə “və ya” ifadəsiylə ikinci bir qrup sayılır ki, onların keçmişlərində yşadıqları həyatları bilinmir. Onlar, o günün adətində olan mehir nöqteyi-nəzərindən əsl həmşəhəriləriylə bərabər deyillər. Nikahın təməli eyni olmasına rəğmən, incəliklərdə fərqlilıkdən söhbət gedir. Bu cür xanımlara konkret nümunə olaraq bu adlar verilə bilir: Peyğəmbərimizin arvadlarından “Safiyə” bir döyüş əsiridir, Mariyə də ona hədiyyədir. Peyğəmbərimiz hər ikisi ilə də nikahlanmışdır. Həmçinin, bu iki qadın Quranda [Təhrim və Əhzab surələrində] Rəsulullahın “xanımları” olaraq xarakterizə edilmişdir.

Bu gün köləlik müəssisəsi qaldırılmış, adətlərin yerini yerli və beynəlxalq hüquq tutmuşdur. Bu gün bu qavramın, toplama kamplarındakı, sığınma evlərindəki və əsirgəmə qurumlarındakı qadınlar olaraq ələ alınması uyğundur.

[7]Bxn. 6-cı qeyd.

[8]Rəsmi Tərcümədəki 73–cü ayəni, texniki və məna uyğunluğuna görə, 63–cü ayə ilə birləşdirdik. Təfərrüat üçün Bxn. Təbyin.