MƏKKƏ DÖVRÜ
Nəcm: 184
1–4Əlif/1, Lam/30, Ra/200[1]. Bu Quran Allahdan başqasına qulluq etməyin, sadəcə Allaha qulluq edin deyə, ayələri/şərik qoşaraq edilən səhvi/öz zərərlərinə işi və qarışıqlığı əngəlləmək üçün qoyulmuş qanun, düstur və qaydalar yerləşdirilmiş/pozulması əngəllənmiş, həmçinin ən yaxşı qanun qoyan, pozulmağa yaxşı mane olan/sağlam edən, hər şeyin iç üzünü, gizli tərəflərini də yaxşı bilən tərəfındən ətraflı olaraq açıqlanmış bir kitabdır! “Şübhəsiz, mən sizin üçün Onun tərəfindən bir xəbərdar edən və bir müjdəçiyəm. Və Rəbbinizdən bağışlanma istəyin, sonra Ona tövbə edin ki, sizi adı qoyulmuş bir müddət sonuna qədər gözəl faydalandırsın. Və hər fəzilət sahibinə ərməğanlarını versin. Və əgər üz çevirərsinizsə, mən sizin əleyhinizə olan böyük bir günün əzabından qorxuram. Dönüşünüz yalnız və yalnız Allahadır. Və O, hər şeyə gücü çatandır[2]”.
(52/11, Hud/1–4)
Nəcm: 185
5Xəbəriniz olsun! Şübhəsiz ki, onlar Elçidən/vəhydən gizlənmək üçün qəlblərini burub, bükərlər. Xəbəriniz olsun! Onlar örtüklərinə bürünərkən, gizlətdikləri şeyləri, açığa vurduqları şeyləri Allah bilir. Şübhəsiz ki, Allah qəlblərdəkiləri ən yaxşı biləndir.
6Və yer üzündə heç bir kiçik-böyük canlı yoxdur ki, ruzisi Allaha aid olmasın. Allah onun yerləşdiyi yerini də, müvəqqəti olduğu yeri[3] də bilir. Hamısı açıq-aşkar bir kitabdadır.
7Və Allah hansınızın daha gözəl əməl işləyəcəyini imtahan etmək üçün, göyləri və yeri altı mərhələdə yaradandır. Kainat əvvəl su halında idi. Onun taxtı[4] su üzərindəydi/Allah o mərhələdə də hegemon idi, planlayıb idarə edən idi[5]. Və əgər onlara: “Həqiqətən siz öldükdən sonra dirildiləcəksiniz” – deyərsən, o kafirlər də tam əmin olun ki, sənə: “Bu açıq-aşkar bir sehrdən/sehrbazdan başqa bir şey deyildir”– deyəcəklər.
8Və əgər Biz, müəyyən bir liderli cəmiyyət təşkil edilənə qədər, bunlardan əzabı təxirə salacaq olarsaq, o zaman da: “Ona mane olan nədir ki?” – deyəcəklər. Xəbəriniz olsun! O əzab onlara gəldiyi gün özlərindən geri çevriləcək deyildir. Və o lağ etdikləri/məsxərəyə qoyduqları şey özlərini əhatə etmişdir.
9–11Və əgər, səbr edən və düzəltmək yönündə işlər edənlərin, bax budur, bunlar özləri üçün bağışlanma və böyük mükafat olanlardır, onlardan başqa bütün insanlara, tərəfimizdən bir mərhəmət daddırıb, sonra da onu özündən çəkib alsaq, şübhəsiz ki, o, ümidsizliyə düşər, çox nankor olar. Və əgər, özünə toxunan bədbəxtlikdən sonra, ona xoşbəxtliyi daddırsaq, əlbəttə: “Pisliklər məndən getdi” – deyər. Və şübhəsiz ki, o, ərköyündür, lovğadır.
(52/11, Hud/5–11)
Nəcm: 186
12İndi sən: “Ona bir xəzinə endirilsə, ya da onunla bərabər bir mələk gəlsə idi!” – deyirlər deyə, sənə vəhy olunan vəhyin bir qismini tərk edərsən və buna görə də köksün daralar… Sən yalnız və yalnız bir xəbərdarlıq edənsən. Allah isə hər şeyi müəyyən olunmuş bir proqrama görə nizamlayan və bu proqramı qoruyaraq, dəstəkləyərək həyata keçirəndir.
13Əslində onlar: “Onu özü uydurdu”– deyirlər. De ki: “Elə isə, əgər doğrulardansınızsa, uydurma olaraq da olsa, buna bənzər on surə də siz gətirin, Allahın yaratdıqlarından gücünüzün çatdığı insanları da çağırın”.
14Yox, əgər bundan sonra onlar sizə cavab vermədilərsə, artıq bilin ki, Quran ancaq Allahın biliyi ilə endirilmişdir. Və Ondan başqa tanrı deyə bir şey yoxdur. Artıq siz müsəlman olursunuzmu?
35Ya da: “Onu uydurdu” – deyirlər. De ki: “Əgər onu mən uydurdumsa vəbalı mənim üzərimədir. Mənsə, sizin işlədiyiniz günahlardan uzağam[6]”.
(52/11, Hud/12–14, 35)
Nəcm: 187
15Hər kim fani dünya həyatını və bəzəyini istəyərsə, etdiklərinin qarşılığını, ona heç əskiltmədən, burada bütünlüklə verərik. Onlar orada heç bir zərərə uğradılmazlar.
16Bax budur, onlar, özləri üçün, axirətdə atəşdən başqa bir şey olmayanlardır. Etdikləri də orada boşa getmişdir. Etdikləri şeylər də yox olub, getməyə məhkumdur.
17Artıq dünyanı istəyənlər, heç Rəbbindən açıq bir dəlili olan və özünü Rəbbindən bir şahidin təqib etdiyi və həmçinin önündə bir başçı və mərhəmət olaraq, Musanın kitabı olan insan kimidirmi? Bax budur, belə olanlar, Qurana inanırlar. Hansı müxalif qrupdan olursa olsun, kim, Quranı ört-basdır edərsə, ona vəd edilən yer atəşdir. Bax budur, bütün bunlara görə, sən də, Qurandan şübhə içində olma. Tam yəqinliklə bilin ki, bu, Rəbbindən gələn bir haqdır/həqiqətdir. Lakin insanların çoxu iman etmirlər.
18,19Və bir yalanı Allaha iftira edəndən daha səhv/öz zərərlərinə iş edən kim ola bilər? Onlar öz Rəbbinin hüzuruna gətiriləcək və şahidlər deyəcəklər: “Bunlar Rəbbinə qarşı yalan danışanlardır”. Xəbəriniz olsun! Allahın kənarlaşdırması/mərhəmətindən məhrum etməsi, Allah yolundan döndərməyə çalışan və o yolu əyri-üyrü etmək istəyən və axirətə də inanmayanların məhz özləri olan bu səhv/öz zərərlərinə iş edən insanların üzərinədir.
20Bax budur, onlar yer üzündə aciz buraxanlar deyildirlər. Onların Allahın yaratdığı sərvətlərdən qoruyan, yol göstərən, kömək edən yaxınları da yoxdur. Onlar üçün əzab qat-qat artırılır. Onlar vəhyi eşitməyə dözə bilmirdilər və həm də görmürdülər. 21Bax budur, onlar özlərinə zərər vermiş olan insanlardır. O uydurduqları şeylər də özlərindən uzaqlaşıb yox olmuşdular. 22Şübhəsiz ki, bunlar axirətdə də, ən çox zərərə/itkiyə uğrayıb acı çəkəcək olanların məhz özləridir.
23Şübhəsiz ki, iman edənlər, düzəltməyə yönəlik işlər edənlər və Rəbbinə dərin hörmət və alçaqkönüllülüklə bağlananlar, bax budur, bunlar da cənnət əhlidirlər. Onlar orada sonsuz olaraq qalarlar.
24Bu iki qrupun örnəyi, kor və kar ilə görən və eşidən kimidir. Bunlar örnək olaraq heç eyni olarlarmı? Hələ də düşünməyəcəksinizmi/öyüd almayacaqsınızmı?
(52/11, Hud/15–24)
Nəcm: 188
25,26Və and olsun ki, Nuhu da qövmünə elçi olaraq göndərdik: “Həqiqətən mən, sizin üçün açıq-aşkar bir xəbərdar edənəm. Allahdan başqasına qulluq etməyin! Mən sizin haqqınızda acı bir günün əzabından qorxuram”.
27Bunun qarşısında qövmünün kafirlərinin öndə gedənləri: “Biz səni, sadəcə bizim kimi adi bir insan olaraq görürük. Sənə dayaz fikirli, aşağı təbəqələrimizdən/ayaq dəstəmizdən olanlardan başqasının uyduğunu görmürük. Sizin, bizim əleyhimizə bir üstünlüyünüzü də görmürük. Tam əksinə, biz sizi yalançılar hesab edirik” – dedilər.
28–31Nuh: “Ey qövmüm! Heç düşündünüzmü, mən Rəbbimdən açıq-aşkar bir dəlil üzərindəyəmsə və O mənə Öz tərəfindən bir mərhəmət bəxş etmiş və bu da sizdən gizlin tutulmuşsa?! Biz, siz ondan xoşlanmadığınız halda, sizi ona məcbur edərikmi?” 29Və: “Ey qövmüm! Mən sizdən hər hansı bir mal istəmirəm. Mənim ödənişim ancaq Allaha aiddir. Və mən iman edənləri qovacaq da deyiləm. Onlar əlbəttə, Rəbbinə qovuşacaqlar. Lakin, mən sizi, cahillik edən bir cəmiyyət olaraq görürəm”. 30Və: “Ey qövmüm! Mən onları qovsam, məni Allahdan kim qoruyacaq? Yaxşı, siz heç düşünməzsinizmi? 31Və mən sizə: “Allahın xəzinələri mənim yanımdadır” – demirəm. Və mən görünməyəni, eşidilməyəni, seçilməyəni, keçmişi, gələcəyi bilmirəm. Mən sizə: “Mən bir mələyəm” – də demirəm. O sizin özünüzə görə, xor gördükləriniz haqqında: “Allah onlara heç bir xeyir verməz də demirəm. Allah onların içlərindəkini ən yaxşı biləndir. Bax budur, əsil o zaman mən, tam yəqinliklə bilin ki, səhv/öz zərərinə iş edənlərdən olaram” – 28dedi.
32Onlar dedilər ki: “Ey Nuh! Bizimlə didişməyə davam etdin və mübarizəmizi artırdın. Haydı, artıq doğrulardansansa, bizi təhdid etdiyin bu əzabı bizə gətir!”
33,34Nuh: “Onu sizə ancaq diləyərsə, Allah gətirər. Və siz Onu aciz edənlər deyilsiniz. Mən sizə öyüd vermək istəmiş olsam da, əgər Allah sizi azdırmağı murad edirsə, mənim öyüdümün sizə bir faydası olmaz. O, sizin Rəbbinizdir və ancaq Ona döndəriləcəksiniz” – dedi.
36,37Və Nuha vəhy olundu: “Tam əmin olun ki, qövmündən iman edənlərdən başqa, artıq kimsə iman etməyəcəkdir. Onun üçün onların etdikləri şeylərə kədərlənmə. Və Bizim nəzarətimiz altında və vəhyimizə görə gəmilər düzəlt. Şərik qoşmaqla səhv/öz zərərlərinə iş edənlər haqqında da Mənə müraciət etmə. Tam yəqinliklə bilin ki, onlar suda mütləq boğulacaqlar”.
38,39Və o, gəmiləri düzəldirdi, qövmündən bəzi öndə gedənlər, onun yanına hər gəldiyində, onunla məsxərə edirdilər. Nuh dedi ki: “Bizə məsxərə edirsiniz, biz də sizin eyni ilə bizə etdiyiniz məsxərə kimi sizə məsxərə edəcəyik”. Artıq o alçaldıcı əzabın kimə gələcəyini və o daimi əzabın kimin üstünə enəcəyini qarşıda biləcəksiniz”.
40Sonunda əmrimiz gəldiyi və iş qızışdığı zaman[7] Biz dedik ki: “Hər cinsdən bir cütü və əleyhlərində hökm verilmiş olanlardan başqa, ailəni və iman edənləri onun içinə yığ”. Onsuz da, onunla birlikdə çox azından başqası iman etməmişdi.
41Və Nuh dedi ki: “İçərisinə minin, onların axışı da, duruşu da Allah adındandır. Tam yəqinliklə bilin ki, Rəbbim həqiqətən çox bağışlayan, çox mərhəmətlidir”.
42Və gəmilər də onlarla birlikdə dağlar kimi dalgalar şəklində axıb gedirdi. Və Nuh başqa bir yerə çəkilmiş olan oğluna səsləndi: “Övladım! Bizimlə bərabər min, kafirlərlə bərabər olma!”
43Nuhun oğlu dedi ki: “Mən özümü sudan qoruyacaq bir dağa sığınacağam”. Nuh: “Bu gün Allahın mərhəmət etdiyindən başqasını, Allahın bu əmrindən qoruyacaq kimsə yoxdur” – dedi. Və dalğa aralarına girdi. O da suda boğulanlardan oldu.
44Və: “Ey yer üzü, suyunu ud! Ey göy üzü sən də suyunu tut!” – deyildi. Sular da çəkildi. Əmr də yerinə yetmiş oldu. Gəmi də Cudi üzərində oturdu. Və o şərik qoşaraq səhv/öz zərərlərinə iş edən cəmiyyətə: “Uzaq olun [qəhr olun, tarixdən silinin]!” – deyildi.
45Və Nuh Rəbbinə səslənərək dedi ki: “Rəbbim! Oğlum mənim əhlimdəndir. Sənin vədin də, əlbəttə, haqdır. Və Sən, hakimlərin ən hakimisən”.
46Allah: “Ey Nuh! Şübhəsiz ki, o sənin əhlindən deyildir. Şübhəsiz ki, o, saleh olmayan bir işdir/o, saleh olmayan bir iş görmüşdür. Haqqında biliyin olmayan bir şeyi Məndən istəmə! Şübhəsiz ki, Mən səni cahillərdən olmaqdan çəkindirirəm” – dedi.
47Nuh: “Ey Rəbbim! Mən haqqında biliyim olmayan bir şeyi istəmiş olmaqdan sənə sığınıram. Və əgər Sən, məni bağışlamasan, mənə mərhəmət etməsən, mən zərərə/itkiyə uğrayıb acı çəkənlərdən olaram” – dedi.
48Deyildi ki: “Ey Nuh! Bizdən bir salam və səninlə birlikdə olanlardan gələcək ümmətlərə bir salam və bolluqlarla gəmidən en”. Və irəlidə özlərini bir çox nemətdən faydalandıracağımız, sonra da buna görə, özlərinə tərəfimizdən acıqlı bir əzab toxunacaq neçə ümmətlər vardır.
49Bax budur, Nuh ilə əlaqədar anladılanlar, sənə vəhy etdiyimiz görülməyənin, eşidilməyənin, seçilməyənin xəbərlərindəndir. Bunları sən və qövmün bundan əvvəl bilmirdiniz. Bu halda səbr et. Şübhəsiz ki, aqibət Allahın qoruması altına girənlərindir.
(52/11, Hud/25–34, 36–49)
Nəcm: 189
50–52Ada da qardaşları Hudu elçi göndərdik. O, dedi ki: “Ey qövmüm! Allaha qulluq edin. Sizin üçün Ondan başqa tanrı yoxdur. Siz uydurmaçılardan başqa bir şey deyilsiniz. Ey qövmüm! Buna qarşılıq mən sizdən bir ödəniş istəmirəm. Mənim əcrim ancaq məni yoxdan yaradandandır. Hələ də ağılla hərəkət etməyəcəksinizmi? Ey qövmüm! Rəbbinizdən bağışlanma istəyin, sonra Ona tövbə edin ki, üzərinizə göydən bol-bol göndərsin və gücünüzə güc qataraq sizi artırsın. Və günahkarlar olaraq arxa çevirməyin”.
53–57Onlar dedilər ki: “Ey Hud! Bizə bir açıq sübut ilə gəlmədin. Və biz sənin sözünlə tanrılarımızı tərk edən deyilik. Biz sənə inanan da deyilik. Ancaq: “Tanrılarımızdan bəzisi səni pis çarpmışdır” – deyə bilərik”. Hud dedi ki: “Şübhəsiz ki, mən Allahı şahid tuturam, siz də şahid olun ki, mən Allahın yaratdığı sərvətlərdən Ona ortaq qoşduğunuz şeylərdən uzağam. Haydı, elə isə hamınız mənə tələ qurun, sonra məni heç gözlətməyin. Şübhəsiz, mən həqiqətən, mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha işin sonunu həvalə etdim. Onun kəkilindən yaxalayıb sınamadığı heç bir irili-xırdalı hərəkət edən canlı yoxdur. Şübhəsiz ki, mənim Rəbbim ən doğru bir yol üzərindədir. Buna baxmayaraq, yenə də üz döndərərsinizsə, mən sizə nə ilə göndərilmişəmsə, bax budur, onu təbliğ etdim. Və mənim Rəbbim başqa bir qövmü sizin yerinizə gətirər. Və siz Ona heç bir şəkildə və heç bir yolla zərər verə bilməzsiniz. Heç şübhəsiz, Rəbbim hər şeyi qoruyub, nəzarət edəndir”.
58Və o zaman ki, əmrimiz gəldi, Hudu və onunla birlikdə iman edənləri tərəfimizdən bir mərhəmət ilə qurtardıq. Biz onları çox ağır bir əzabdan da qurtardıq.
59,60Və bax budur, bu, Rəblərinin ayələrinə baş qaldıran, Onun elçilərinə üsyan edən və hər inadkar zalımın əmrinə tabe olan Ad qövmüdür. Bu Dünyada və Qiyamət günü arxalarına kənarlaşdırılma taxıldı. Xəbəriniz olsun! Ad qövmü Rəbbinə inanmadılar. Xəbəriniz olsun! Hudun qövmü olan Ad qövmünə məhv olmaq – tarixdən silinmək verildi.
(52/11, Hud/50–60)
Nəcm: 190
61,62Səmuda da qardaşları Salehi elçi göndərdik. O, dedi ki: “Ey xalqım! Allaha qulluq edin. Sizin üçün Ondan başqa tanrı yoxdur. O, sizi yer üzündən yaradan və sizə orada ömür sürdürəndir. Artıq Ondan bağışlanma istəyin. Sonra Ona tövbə edin. Şübhəsiz ki, Rəbbim, çox yaxındır, yalvarışlara cavab verəndir”. Dedilər ki: “Ey Saleh! Sən bundan əvvəl aramızda axtarılan – ümid bəslənilən bir adam idin. İndi qalxıb atalarımızın qulluq etdiklərinə qulluq etməyimizimi qadağan edirsən? Və heç şübhəsiz, biz bizi çağırdığın şey haqqında çaşqın bir şəkk içindəyik”.
63,64Saleh dedi ki: “Ey qövmüm! Əgər mən Rəbbimdən açıq-aşkar bir dəlil üzərindəyəmsə və O mənə Özündən bir mərhəmət vermişsə? Bu halda Ona asi olaramsa, məni Allahdan kim qoruya bilər? O zaman sizin də mənə zərərdən başqa xeyriniz olmaz. Və ey qövmüm! Bax budur, sizə əlamət/nümunə olaraq salaat vəzifəsi! Artıq ona imkan verin ki, Allahın yer üzündə tətbiq olunsun. Və ona pislik toxundurmayın! Sonra sizi yaxın bir əzab yaxalayar.
65Sonra onlar həyat qaynaqlarını qurudaraq öldürdülər. Buna görə də Saleh dedi ki: “Yurdunuzda üç gün daha faydalanın. Bu, inkar edilə bilinməyəcək bir vəddir”.
66Artıq o zaman ki, əmrimiz gəldi, Salehi və onunla birlikdə iman edənləri tərəfimizdən bir mərhəmətlə qurtardıq. O günün bəlasından da qurtardıq. Heç şübhəsiz ki, sənin Rəbbin güclü, mütləq üstün olandır.
67Və şərik qoşaraq səhv/öz zərərlərinə iş edən o insanları qorxunc bir gurultu yaxaladı və yurdlarında diz üstə çöküb qaldılar.
68Sanki orada heç zəngin yaşamamışdılar. Xəbəriniz olsun! Heç şübhəsiz, Səmud qövmü həqiqətən Rəbbinə inanmadılar. Xəbəriniz olsun! Səmud üçün uzaqlıq verildi.
(52/11, Hud/61–68)
Nəcm: 191
69Və and olsun ki, İbrahimə də elçilərimiz müjdə ilə gəldilər: “Salam!” – dedilər. O: “Salam!” – dedi, sonra da qızıl verməyə[8] gecikmədi.
70Sonra da onların ona əl uzatmadığını görüncə, onlara təəccübləndi və içində onlara qarşı bir qorxu baş qaldırdı. Onlar: “Qorxma, şübhəsiz biz Lutun qövmünə göndərildik” – dedilər.
71Və İbrahimin zövcəsi ayağa qalxmışdı, güldü. Sonra Ona İshaqı, İshaqın da ardınca Yəqubu müjdələdik.
72İbrahimin xanımı dedi ki: “Vay-vay! Mənmi doğacağam? Mən əri işə yaramayan bir zavallıyam, bəxtsiz, bədbəxt bir qadınam. Bu ərim də yaşlı bir adam! Şübhəsiz, bu, çox qəribə bir şeydir!”
73Elçilər: “Sən Allahın işinə görəmi çaşırsan? Allahın mərhəməti və bolluqları üzərinizdədir. Ey ev xalqı! Şübhəsiz ki, O öyülməyə layiq olan, cömərdliyi/səxavəti bol olandır” – dedilər.
74Sonra İbrahimin qorxusu getdiyi və ona müjdə gəldiyi zaman o, Bizimlə Lut qövmü haqqında mübahisə etməyə başladı.
75Şübhəsiz ki, İbrahim, çox yumşaq xasiyyətli, çox ah-vah edən/zərif ürəkli, yönələn biri idi.
76Ey İbrahim! Bundan əl çək. Şübhəsiz ki, Rəbbinin əmri qəti olaraq gəldi və heç şübhəsiz ki, onlar… Onlara geri çevrilməsi mümkün olmayan bir əzab gələcəkdir.
77Və o zaman ki, elçilərimiz Lutun yanına gəldilər, bunlara görə o narahat oldu, bunlar haqqında əli-qolu bağlandı və: “Bu, dəhşətli bir gündür!” – dedi.
78Və onun qövmü tələm-tələsik onun yanına gəldilər. Onlar daha əvvəl də çirkinliklər edərdilər. Lut: “Ey qövmüm! Bax budur, bunlar qızlarım.[9] Onlar sizin üçün daha təmizdirlər. Gəlin, Allahın qoruması altına girin, məni qonaqlarımla əlaqədar rüsvay etməyin. Sizin içinizdə heç ağlı başında bir insan yoxdurmu?” – dedi.
79Onlar: “Heç şübhəsiz, sənin də, sənin qızlarının da bizim üçün hər hansı bir dəyəri olmadığını bildin. Və şübhəsiz ki, sən, bizim nə istədiyimizi mütləq bilirsən” – dedilər.
80Lut: “Kaş ki, sizə qarşı bir gücüm olsaydı, ya da əlçatmaz bir bölgəyə/güclü bir cəmiyyətə sığına bilsəydim!” – dedi.
81Müsafir elçilər: “Ey Lut! Şübhəsiz ki, biz Rəbbinin elçiləriyik. Onlar sənə qətiyyən toxuna bilməyəcəklər. Sən, gecənin bir vaxtında ailənlə birlikdə dərhal yola çıx. Və içinizdən heç kimsə geri baxmasın [burada olanları, köhnələri düşünməsin], zövcən başqa. Şübhəsiz, onlara isabət edən, ona da isabət edəcəkdir. Şübhəsiz, vəd edilənin zamanı, səhər vaxtıdır. Səhər vaxtı yaxın deyilmi?” – dedilər.
82,83Sonunda əmrimiz gəlincə, oranın üstünü altına çevirdik. Və üzərlərinə bərkidilmiş, bişmiş palçıqdan Rəbbinin qatında işarələnmiş daşlar yağdırdıq. Bunlar isə şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlərdən uzaq deyildir.
(52/11, Hud/69–83)
Nəcm: 192
84–86Mədyənə də qardaşları Şüeybi elçi göndərdik. Şüeyb: “Ey qövmüm! Allaha qulluq edin. Sizin ondan başqa tanrınız yoxdur. Ölçünü və tərəzini əskik tutmayın. Şübhəsiz, mən sizi xeyir ilə görürəm. Və mən bürüyəcək bir günün əzabından, sizə görə qorxuram. Və ey qövmüm! Ölçərkən və çəkərkən ədalətli olun. İnsanların mallarını əskiltməyin və yer üzündə qarışıqlıq salanlar olaraq pislik etməyin. Əgər möminsinizsə, Allahın verdiyi/halalındən sizə ehsan etdiyi gəlir, sizin üçün daha xeyirlidir. Və mən sizin üzərinizdə bir qoruyucu deyiləm” – dedi.
87Onlar dedilər ki: “Ey Şüeyb! Atalarımızın sitayiş etdiklərini və ya mallarımızda dilədiyimizi etməyi tərk etməyi sənə sənin salaatınmı əmr edir? Şübhəsiz, sən yumşaq xasiyyətlisən və ağlı başında bir insansan”.
88–90Şüeyb: “Ey qövmüm! Heç düşündünüzmü? Əgər mən Rəbbimdən bir dəlil üzərindəyəmsə və əgər O, Öz qatından mənə gözəl bir ruzi ehsan etmişsə!? Və mən, sizə qarşı çıxmaqla, sizi çəkindirdiyim şeylərə özüm düşmək istəmirəm. Mən, sadəcə, gücümün çatdığı qədər, islah etməyə çalışıram. Bacara bilməyim də ancaq Allah ilədir. Mən, yalnız və yalnız Ona işin sonunu həvalə etdim və ancaq Ona yönəlirəm. Və ey qövmüm! Mənə qarşı gəlməyiniz qətiyyən sizi, Nuh qövmünün və ya Hud qövmünün və ya Saleh qövmünün başlarına gələn müsibətlər kimi bir müsibətə uğratmasın. Və Lut qövmü sizdən çox uzaq deyildir. Və Rəbbinizdən bağışlanma diləyin, sonra Ona tövbə edin. Şübhəsiz ki, mənim Rəbbim çox mərhəmətlidir, çox sevəndir” – dedi.
91Şüeybın qövmü dedilər ki: “Ey Şüeyb! Biz sənin söylədiklərinin çoxunu yaxşı anlamırıq. Səni, içimizdə çox zəif olaraq görürük. Əgər sənin əqrəbaların/tərəfdarların olmasaydı, tam yəqinliklə bil ki, səni daşa basar, öldürərdik. Və sənin bizə qarşı heç bir üstün gücün/qalib gələ biləcək qüdrətin yoxdur”.
92,93Şüeyb: “Ey qövmüm! Mənim əqrəbalarım/tərəfdarlarım sizə qarşı Allahdan daha güclü/dəyərlidirlərmı? Və Allahı arxanızca atılmış bir şey hesab etdiniz. Şübhəsiz ki, Rəbbim bütün etdiklərinizi biləndir. Və ey qövmüm! Var gücünüzlə edəcəyiniz nə varsa edin! Şübhəsiz, mən də edənəm. Şiddətli əzabın kimə gələcəyini və yalançının kim olduğunu yaxında biləcəksiniz. Gözləyin, şübhəsiz ki, mən də sizinlə bərabər gözləyənlərdənəm” – dedi.
94Və o zaman ki, əmrimiz gəldi, Şüeybi və onunla birlikdə inanmış olanları, tərəfimizdən bir mərhəmət ilə qurtardıq. Və şərik qoşaraq səhv/öz zərərlərinə iş edən insanları elə qorxunc bir gurultu yaxaladı ki, yurdlarında çöküb qaldılar. 95Sanki onlar orada heç yaşamamışdılar. Xəbəriniz olsun! Səmud qövmü necə uzaqlaşdısa, Mədyənə də elə məhv olmaq/tarixdən silinmək nəsib oldu.
(52/11, Hud/84–95)
Nəcm: 193
96,97And olsun ki, Biz Musanı da ayələrimizlə və açıq-aşkar bir dəlil ilə Firon və öndə gedənlərinə elçi etdik. Amma onlar Fironun əmrinə uydular. Halbuki, Fironun əmri ağıllı hərəkət etməyə sövq edən, doğruya çatdıran deyildir.
98Firon qiyamət günü qövmünün önünə düşər. Artıq Firon qövmünü atəşə götürmüşdür. O, götürdüyü yer isə nə pis bir yerdir!
99Və həm bu dünyada, həm də qiyamət günündə kənarlaşdırılaraq izləndilər. Bu verilən nə pis bir veriləndir!
(52/11, Hud/96–99)
Nəcm: 194
100Bax budur, keçmişə yönəlik bu xatırlatma şəhərlərin ciddi xəbərlərindən, vacib biliklərindəndir. Biz onu sənə anladırıq – onlardan sağ olanı da vardır, biçilmiş əkin kimi olanı da.
101Və onlara Biz haqsızlıq etmədik, lakin onlar özlərinə haqsızlıq – səhv/öz zərərlərinə iş etdilər. Onun üçün Rəbbinin əmri gəldiyində, Allahın yaratdığı sərvətlərdən sitayiş etdikləri tanrıları, onlara heç bir şey edə bilmədi və onlara ziyandan başqa bir şey artırmadılar.
102Və Rəbbin xalqı şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər olan şəhərləri yaxaladığında, Onun yaxalaması bax budur, belədir. Şübhəsiz, Onun yaxalaması çox dəhşətlidir, çox çətindir!
103Şübhəsiz, Axirət əzabından qorxan insanlar üçün bunda tam yəqinliklə bilin ki, bir əlamət/nümunə vardır. O, insanların özü üçün toplandığı bir gündür və şübhəsiz ki, görünəcək bir gündür.
104Və Biz onu sadəcə, müəyyən bir müddətə qədər ertələyirik.
105O gün gəldiyində Allahın izni olmadan heç kimsə danışmaz. Bax budur, o gün insanlardan bir qismi bədbəxt və bir qismi da xoşbəxtdir.
106,107Bax budur, bu, bədbəxt olanlar cəhənnəm atəşi içindədirlər. Onlara orada içini çəkmək və hıçqırmaq nəsib olacaq. Göylər və yer durduqca[10] onlar da o atəşdə əbədi qalacaqlar. Ancaq Rəbbinin dilədiyi istisna olmaqla. Şübhəsiz, Rəbbin dilədiyini ən üst səviyyədə edəndir.
108Və bu, xoşbəxt olanlara gəlincə… Onlar da göylər və yer durduqca ardı-arası kəsilməyən bir ikram olaraq, cənnətin içində əbədi olaraq qalacaqlar. Ancaq Rəbbinin dilədiyi istisna olmaqla.
109O halda, qətiyyən bunların qulluq etdikləri şeylərdən şübhə içində olma! Onların ataları daha əvvəl necə qulluq edirdisə, bunlar da elə qulluq edirlər. Şübhəsiz ki, Biz də özlərinə nəsiblərini tam yəqinliklə bilin ki, əskiksiz ödəyərik.
110Və and olsun ki, Biz Musaya Kitabı verdik və onda ixtilafa düşdülər. Əgər Rəbbindən daha əvvəl verilmiş bir Söz[11] olmasa idi, əlbəttə bu dünyada dərhal cəzalandırılardılar. Və onlar şübhəsiz, Qurandan narahat/nigaran bir şübhə içindədirlər.
111Və şübhəsiz, hamısı elə insanlardır ki, onların etdiklərinin qarşılığını Rəbbin özlərinə tam ödəyəcəkdir. Şübhəsiz ki, O, onların etdikləri haqqında bilik sahibidir.
112Bax budur, buna görə də, əmr olunduğun kimi ən doğru ol! Səninlə birlikdə olan tövbə edənlər də doğru olsunlar və həddinizi aşmayın! Tam yəqin bilin ki, Allah bütün etdiklərinizi haqqıyla görəndir.
113Və Allahın ortağı olduğunu qəbul edərək səhv/öz zərərlərinə iş edənlərə meyl etməyin, sonra sizə atəş toxunar. Və sizin üçün Allahın yaratdığı sərvətlərdən kömək edən, yol göstərən, qoruyan yaxınlar yoxdur. Sonra kömək görə bilməzsiniz.
114Və gündüzün iki tərəfində və gecənin yaxın saatlarında salaatı təşkil et, fəaliyyətini təmin et, çünki yaxşılıqlar pislikləri yox edir. Bu, ibrət alanlara bir öyüddür.
115Və səbr et! Çünki, şübhəsiz, Allah yaxşılıq, gözəllik edənlərin əcirlərini itirməz.
116Bax budur, sizdən əvvəlki dövrlərdən “bakiyyə” [söz, əsər, ərdəm] sahibləri – ağıllı insanlar, Kitab Əhli, yer üzündə pozuculuqdan əl çəkməyə çalışsaydılar! Lakin onların içindən qurtardığımız çox az insan bunu etdi. Allahın ortağı olduğunu qəbul edərək, Allahın tanrılığını və rəbbliyini bilə-bilə rədd edərək səhv/öz zərərlərinə iş edənlər isə, lovğalandıqları rifahın ardına düşdülər və günahkar oldular.
117Və sənin Rəbbin, insanları islah etdiyi halda, o ölkələri haqsız yerə dəyişikliyə/dağıntıya uğradacaq deyildir.
118,119Əgər Rəbbin diləsəydi, insanları, əlbəttə, tək bir liderli camaat edərdi. Halbuki, Rəbbinin mərhəmət etdikləri istisna olmaqla, onlar anlaşılmazlığı davam etdirməkdədirlər. Onları bax budur, bunun üçün yaratdı. Və Rəbbinin: “And olsun, cəhənnəmi bildiyiniz-bilmədiyiniz, tanıdığınız-tanımadığınız insanlarla – onların hamısı ilə dolduracağam” – sözü tamamlanmışdır.
120Və elçilərin xəbərlərindən qəlbini sakitləşdirəcək olanlardan hamısını sənə qısaca olaraq anladırıq. Və bunda sənə bir həqiqət, möminlərə də bir öyüd və xatırlatma gəlmişdir.
121,122Və inanmayan o insanlara de ki: “Əlinizdən gələni edin! Şübhəsiz, biz edənlərik. Gözləyin! Şübhəsiz, biz gözləyənlərik”.
123Və göylərin və yerin görünməyəni, eşidilməyəni, seçilməyəni, keçmişi, gələcəyi, sadəcə, Allaha aiddir. Və bütün iş – yaradılış yalnız və yalnız Ona döndərilir. O halda Ona qulluq et, Ona sonunu həvalə et. Və Rəbbin, sizin etməkdə olduqlarınızdan xəbərsiz, bunlara laqeyd deyildir.
(52/11, Hud/100–123)
[1]Quranda bir çox surənin “kəsik, bağlantısız hərflər” ilə başladığı görünür. Müxtəlif araşdırmaçılar bu hərflərin mütəşabih, bir şifrə, bir sözün qısaldılmış şəkli, bəzi sözlərin ilk hərfi və ya son hərfi olduğu kimi görüşlər irəli sürmüşlər. Fikrimizcə, bu hərflər, “elan” [diqqət, gözünüzü açın] sözü kimi bir xəbərdarlıq işarəsidir və telefon danışmalarındakı “alo!” səslənməsi kimi diqqəti, oxunacaq ayələrə çəkməkdədir. Həmçinin, Quranın riyazi quruluşundakı vacib olan ünsürlərdən biridir. Həmçinin bu hərflər, ola bilər ki, rəqəmsal bir dəyər də ifadə edir. Çünki Quran endiyi dövrdə, ərəblər arasında rəqəmlər hələ icad edilməmişdi, rəqəm yerinə hərflər istifadə olunurdu. Rəqəm yerinə hərf istifadə olunmasına “Əbcəd” hesabı deyilir. Biz kəsik hərflərin yanında rəqəmsal dəyərlərini də göstərdik. Rəqəmsal dəyərlər ilə nəyin qəsd edilmiş ola biləcəyi nöqtəsində də hələ bir qənaətə gəlməmişik. “Əbcəd” hesabının, Quranın endiyi dövrlərdə rəqəm yerinə istifadə edilmiş olmasından başqa, hər hansı bir xüsusiyyət və özəlliyi yoxdur. Bu kəsik hərflərlə əlaqədar hələ qaneedici bir araşdırma meydana çıxarılmamış olub, mövcud əsərlərdə də keçmişlərin təqdim etdiklərindən başqa bir bilik mövcud deyil. Bu məsələnin tam aydınlığa qovuşması da, digər bir çox məsələ kimi, dürüst, səmimi və könüllü Quran araşdırmaçılarını gözləyir.
[2]Burada diqqət edilməli olan mühüm nöqtələrdən biri, 2–4–cü ayələrdəki, 2Şübhəsiz mən sizin üçün Onun tərəfindən bir xəbərdarlıq edən və bir müjdəçiyəm. Və Rəbbinizdən bağışlanma istəyin, sonra ona tövbə edin ki, sizi adı qoyulmuş bir müddətə qədər gözəl şəkildə yararlandırsın. Və hər fəzilət sahibinə lütfünü versin. Və əgər üz çevirərsinizsə, mən sizin əleyhinizə olan böyük bir günün əzabından qorxuram. Dönüşünüz yalnız və yalnız Allahadır. Və O hər şeyə gücü yetəndir” ifadəsinin Quran tərəfindən söylənilməsidir. Bəhs etdiyimiz ifadə, ədəbiyatda bir anlatma texnikası olaraq istifadə edilən “intak” [söyləməyə, danışmağa gücü olmayan bir şeyi danışdırmaq, dilə gətirmək] sənəti ilə Qurana söylətdirilmişdir. İfadə, bu xüsus nəzərə alınmadan anlaşılmağa çalışıldığı təqdirdə, o sözlərin Peyğəmbərimizə aid olduğu kimi, bir səhv anlamağa səbəb olur. Ədəbiyyatda sıx istifadə edilən bir sənət növü olan intak, Quranda başqa ayələrdə (Rəsmi Düzülüş: Məryəm/64, Zəriyət/50–51, Saffat/164–166) də edilmişdir.
[3]Ayədəki “əl-müstəkarr” “yerləşdiyi yer”, “əl-müstəvda” da “keçici yer” deməkdir. Allahın, hər canlının “yerləşdiyi” və “müvəqqəti olaraq olduğu” yerlərini bilməsi demək, canlıların əmanət edildikləri və sonradan məkan tutduqları yerlərin Allah tərəfindən bilinməsidir. Bu yerlər nə qədər dəyişirsə, dəyişsin, Allahın bilməsi baxımından hər hansı bir vəziyyət dəyişikliyi meydana çıxmaz. Məsələn, bir insan bəlli bir ünvanda iqamət edərkən, bəzi səbəblərlə başqa şəhərlərə, başqa ölkələrə gedə bilir. Haraya gedərsə getsin, Allah o insanın harada olduğunu bilir. Bir insanın hər gün yatdığı yer ilə öləcəyi yer eyni olmaya bilər, ancaq Allah hər ikisini də bilir. Bir sperma hüceyrəsi atanın vücudunda yaradılır, sonradan yeri dəyişilərək ananın yumurta hüceyrəsinə girər. Allah bu hüceyrənin də nə zaman, harada olduğunu tam olaraq bilir. Bir bakteriya müəyyən bir yerdə əmələ gəlir, sonra da müxtəlif yollarla başqa canlıların vücudlarına girər və orada fəaliyyət göstərər. Allah o bakteriyanın da harada və hansı fəaliyyətdə olduğunu bilir.
Mövzumuz olan ayə, yuxarıda saydıqlarımızdan başqa, bir digər məna da daşıyır. O da, “insanın özünə aid biliklərlə bərabər, diriliş gününə qədər əmanət olaraq, yox olmadan, durduğu yerin Allah tərəfindən bilinən olması”dır. Bu mövzu Təbyində izahlı olaraq təqdim edilmişdir.
[4]Ərş, “ən böyük, ən yüksək məqam yeri/taxt” deməkdir. Quranda 26 dəfə keçir. Bunlardan dördü Nəml surəsində Səba məlikəsinin taxtı, biri də Yusuf surəsində Yusuf peyğəmbərin taxtı olmaqla, qullar üçün keçərkən, 21 dənəsi məcazi olaraq, Allahın taxtı olaraq keçir.
Burada ərşın, məcazən Allaha sərf edilməsi, Allahın ən yüksək məqam sahibi olduğunun, Ondan üstün bir idarəçinin olmadığının bəyanıdır.
[5]Ayədəki ifadələrin hərfi qarşılığı, “Ərşi də su üstündə idi” şəklindədir. “Ərş” və “istiva” sözləri ilə əlaqədar 34 və 43–cü qeyddə məlumat verilmişdi.
[6]Rəsmi Düzülüşdəki 35–ci ayə, texniki və məna biliyinə uyğun olaraq burada tərtib edilmişdir.
[7]Bu ayədə keçən “fırın/təndir qaynadığı zaman” təbiri, əzabın yaxınlaşdığını bildirən təmsili bir ifadə olub, ərəblərın döyüşün qızışma anı üçün istifadə etdikləri, “Fırın/təndir isindi/qızdı” təbiri ilə böyük bənzərlik daşıyır.
[8]İbarənin hərfi mənası, “saf hala gətirilmiş buzovu gətirməyə” şəklindədir. İbrahimin (ə.s) müsafirlərinə təqdim etdiyi buzov, bu ayədə “həniz” sözü ilə, Zəriyət/26–da isə “səmin” sözü ilə xarakterizə edilmişdir. Ənənəçilər bu iki xarakterizə etməyi, sırasıyla, “qızardılmış” və “səmiz” olaraq təqdim etmişlər. Beləliklə də, çox böyük buzovun qızardılamayacağını və eyni buzovu xarakterizə edən “qızardılmış” ilə ancaq canlı bir heyvan üçün işlədilən səmiz kəlməsi arasındakı ziddiyyəti nəzərə almayaraq, ciddi bir xətaya düşmüşlər.
Buzovun sifəti olaraq zikr edilən bu sözlərin, yuxarıda bildirdiyimiz mənaları birləşdirildiyində, buradakı buzovun “saf halda olan” və “güc verən” bir buzov olduğu mənasına gəlir. Buna görə də, biz bu buzovun Əraf surəsindəki “aldadıcı səsi olan cəsəd buzovu” kimi, “qızıl” olduğu qənaətindəyik. Buna görə də, İbrahim, müjdəçi elçilərə muştuluq olaraq “qızıl” vermişdir. Burada hadisənin tamamı açıqlanmamışdır. Hadisənin bir az daha təfərrüatı Hicr/51–58–də anladılır. İbrahim muştuluğu, müjdəni aldıqdan sonra vermiş olmalıdır.
[9]78–ci ayədə keçən “qızlarım” və 79-cu ayədə keçən “sənin qızların” ifadələri, Lutun (ə.s) öz qızları mənasında deyil, “cəmiyyətin qadınları” mənasında qəbul edilməlidir. Çünki birincisi Lutun öz belindən olan qızlarının sayı ilə qövmün bütün erkəklərinin sayının uyğun gəlməsi mümkün deyildir, ikincisi “İbn, bint” və “Əbb” ixtisas və söhbətdə davamlılığı (yaxın əlaqəni) ifadə edir. Daim səhrada gəzən kimsəyə İbn əl-fulat; Gecələr çox gəzən adama “ibnüssürə” deyilir. Birinin məsuliyyətini üzərinə götürən şəxs “təbənnəytü ibnən (oğul etdim)” deyilir. Bu halda, “ənnasü bənü adəm” deyilir. Çünki onlar Adəmə aiddirlər. Eyni şey “Bənü İsrail”ə də aiddir. “İbn” hər şeydə kiçikdir. Yaşlı birisi gəncə “ya büneyyə” deyir. Hökmdar öz təbəələrini “əbna” və “bənat” kimi səciyyələndirir. İsrail oğullarının peyğəmbərləri isə öz ümmətlərini “əbnas və bənats” adlandırmışlar. Müəllimlər şagirdlərinə “əbnai (oğullarım)” və “bənati (mənim qızlarım)” deyə müraciət edirlər. Gecələr çox gəzən adama; Oğruya “İbn ül-leyl (gecənin oğlu)” deyilir. Hud/78-də Lut peyğəmbərin “hâ ülâi bənati (Budur mənim qızlarım”) ifadəsi də bu qəbildəndir. Lut peyğəmbər öz ümmətinin qızlarını öz qızı kimi ifadə etmişdir. Belə bir uyğunluqdan isə, “qızlarım” ifadəsi ilə, qövmün bütün qadınlarının nəzərdə tutulması halında bəhs edilə bilər. Lut, qövmünün bütün qadınlarını, öz qızları olaraq görürmüş ki, ayədə bu şəkildə bir ifadə işlədilmişdir. Eyni şəkildə, qövmün erkəklərinin Luta verdikləri, “sən, sənin qızlarında bizim üçün hər hansı bir haqq olmadığını bildin” cavabının da, “sənin qızlarına, yəni qadınlara ehtiyacımız yoxdur, onlara cinsi istək duymur, meyl etmirik, onları istəmirik və sevmirik, onlarda gözümüz yoxdur” şəklində anlaşılmalıdır.
[10]Ayələrdə keçən “göylər və yer durduqca” ifadəsi, cənnətdəki ikramların və cəhənnəmdəki əzabların daimiliyini müəyyən edir. Belə ki, klassik ərəbcədə, göylər və yer durduqca və gecə-gündüz ard-arda gəldikcə təbirləri, “sonu gəlməyən müddət [əbəd] mənasında işlədilir. Yoxsa axirətdə, aşağıdakı ayələrdən də anlaşılacağı kimi, nə göylər vardır, nə də yer. Dağlar dağılıb, yer dümdüz ediləcək, göy də başqa bir şəklə döndəriləcəkdir: Rəsmi Düzülüş: Kəhf/47, Nəbə/18–20, Ta–Ha/105–107, Nəml/88, Tur/9–10, Məaric/8–9, Qaria/5, Vaqiə/1–6, İbrahim/48.
Yenə ayələrdəki, “Ancaq Rəbbinin dilədiyi istisna” ifadəsi, birilərinin bu qaydadan kənar tutulacağını deyil, hər şeyin Allahın iradəsi ilə olacağına, bütün səlahiyyətlərin Allahda olduğuna dair bir vurğudur.
[11]Rəbbimizdən Keçən Söz: Ayədə bəhs edilən söz, Rəbbimizin cəzaları, “adı qoyulmuş vaxta qədər ertələmə” qaydasıdır. Uca Allah, bu qaydasından və bu qaydanı pozmayacağından Rəsmi Düzülüş: Şura/14, Hud/110, Fatir/45, Fussilət/45 və Ta–Ha/129–da da bəhs etmişdir.