ADİYAT SURƏSİNİN TƏBYİNİ

Adiyat surəsi Məkkədə enmişdir. Enmə sırasına görə 14–cü surədir.

Adiyat surəsini doğru anlamaq üçün, surəni meydana gətirən ayələrin cümlə quruluşları və onların ifadə etdiyi mənaları arasındakı uyğunluğu nəzərə almaq lazımdır.

Surənin ilk səkkiz ayəsi bir and cümləsi əmələ gətirir. 1–5–ci ayələr bu cümlənin and hissəsini, 6–8–ci ayələr andın cavab hissəsini təşkil edir. 9–11–ci ayələrdə isə xəbərdarlıqlar yer alır.

Bu quruluş nəzərə alınaraq oxunduğunda surənin ismarıcı daha yaxşı anlaşılır:

Gözü dönmüş inancsız mənfəətpərəstlərin haram–halal demədən, hesaba çəkiləcəklərini düşünmədən necə mal əldə etdikləri anladılır. Bundan başqa, bu inancsızların Rəbblərinə qarşı nankor olduqları vurğulanaraq, etdiklərinin Allah tərəfindən məhşər günündə üzlərinə vurulacağı və cəzalandırılacaqları bildirilir.

Tərcümə:

Rəhman, Rəhim Allah adından

  • 1–5Nəfəsnəfəsə qaçanlar, sonra atəş saçanlar, sonra səhərdən basqın edənlər, bu zaman orada tozu dumana qatanlar, sonra bir cəmiyyətin ən dəyərli qaynaqlarına, var­lıqlarına qədər dalanlar sübutdur ki,
  • 6tam yəqinliklə bilin ki, insan, Rəbbinə qar­şı çox nankordur, 7özü də buna tam yəqinliklə bilin ki, şahiddir. 8Şübhəsiz o, mal sevgisindən dolayı da tam yəqinliklə bilin ki,  çox qatıdır.
  • 9–11Yaxşı, o möhtəkir insanlar, qəbirlərdə olanların dirildilib çölə atıldığı, kökslərdə olan­ların yığılıb toplandığı zaman, heç şübhəsiz o gün, Rəblərinin özlərinə gerçək­dən xəbər verici olduğunu bilməzlərmi?             (14/100, Adiyat/1–11)

Təhlil

1–5Nəfəsnəfəsə qaçanlar, sonra atəş saçanlar, sonra səhərdən basqın edənlər, bu zaman orada tozu dumana qatanlar, sonra bir cəmiyyətin ən dəyərli qaynaqlarına, var­lıqlarına qədər dalanlar sübutdur ki,

Klassik tərcümə və təfsirlərdə ayələrə mötərizə içində əlavələr edilmiş və surə giriş bölməsində açıqlanan uyğunluq gözlənilmədən, daha çox İbn–i Abbasdan edilən nəqllər nəzərə alınaraq, izah edilmişdir. Bu izahlara aşağıdakı kimi nümunələri göstərmək olar:

  • Nəfəsnəfəsə qaçanlar” ayəsi ilə dəvələrin qaçmaları nəzərdə tutulubmuş;
  • bu qaçanlar Allah yolunda basqın edənlərin atları imiş;
  • İslamın ilk döyüşü olan Bədir döyüşündə Müsəlmanların sadəcə iki atı var imiş, deməli burada söhbət atdan gedə bilməzmiş. Onda yəqin ki, Nəfəsnəfəsə qaçanlar” deyərək, həcc günlərində Ərəfatdan Müzdəlifəyə, oradan da Minaya qaçan hacılar nəzərdə tutulubmuş;
  • Eynilə, “tozu dumana qatanlar” ifadəsini həcc və ya döyüş əsnasında minik heyvanlarının ayaq basdığı yerdən çıxan toz və duman olaraq anlayanlar;
  • Həmçinin, Allah yolunda savaşanların etdikləri basqınlar sırasında tozu dumana qataraq inkarçıların aralarına dalmaları şəklində anlayanlar da olmuşdur.
  • Nağıllara əsaslanan bu izahlarda dərhal gözə çarpan bəzi məlumat yanlışlıqları və məntiqsizliklər vardır. Məsələn, bu surənin endiyi dövrdə həcc vəzifəsi hələ əmr edilməmişdi, ortada nə Ərafat vəkfəsi, nə Müzdəlifə, nə də Mina vardı. Mədinə dövrünə aid bu hökmlərin əlaqədar ayələrə izah olaraq gətirilməsi tarixilik mənasında yanlışdır.
  • “ضبح Dabh” sözü sadəcə və sadəcə “qaçan atın çıxardığı nəfəs səsi” deməkdir. Onda, “ضبحا  والعاديات Və’l–adiyati dabhan” ifadəsindən “dəvə”nin anlaşılması da dərhal gözə çarpan dil biliyi yanlışıdır. Bu yanlışlarla yanaşı “فالموريات قدحا  fə’l–muriyati qadhan [qığılcım saçan]” ifadəsi “nallarını daşlara vurması nəticəsində çıxan qığılcım” mənasına gəlir, qaçanların “dəvə”lər olduğunu söyləyənlər, yəni “dəvə”nin “nal”landığını düşünərək məntiqsizlik nümayiş etdirmişdir.

Fikrimizcə, təhlilə keçməzdən əvvəl, aşağıdakı təsbitlərin aydınlaşdırılmasına ehtiyac vardır:

Birincisi, 1–ci ayədə keçən “ضبح  dabh” sözü, qaçanların qətiliklə “at” olduğunu göstərir.

2 ilə 5–ci ayələrdə anladılanlar da 1–ci ayədə nəfəs–nəfəsə qaçdıqları ifadə edilən atların səbəb olduğu nəticələrdir. Belə ki, 2 ilə 5–ci ayələrdə “ف  fe” bağlayıcısı işlədilmişdir ki, bu bağlayıcı həm cümlənin davam etdiyini, həm də ifadələr arasında səbəb–nəticə əlaqəsi olduğunu göstərir.

İkincisi, and cümləsinin cavab bölməsi olan 6–8–ci ayələr ilə and bölməsi olan 1–5–ci ayələr arasında məna baxımından hər hansı bir ziddiyyət olmamalıdır. Cümlənin cavab bölməsi olan 6–8–ci ayələrdə “Qətiliklə insan Rəbbinə qarşı çox nankordur” deyildiyinə görə, 1–5–ci ayələrdə haqqında söhət gedən “qaçan atlar”ın “Allah yolundakı savaşlarda qaçan atlar” olması mümkün deyildir. Çünki bu təqdirdə, 1–5–ci ayələrdə Allah yolundakı savaşlarda qaçan atlara və bu savaşlarda ortaya çıxan görüntülərə diqqət çəkildikdən sonra, 6–8–ci ayələrdə insanın nankorluğuna diqqət çəkilir, bu da cümlənin and bölməsi ilə cavab bölməsi arasında bir məna uyuşmazlığı, bir məntiqsizlik ortaya çıxarır. Bu hal eynilə “sənin dindarlığına, dürüstlüyünə, çalışqanlığına baxılırsa, sən çox pis bir insansan” ifadəsindəki məntiqsizliyə bənzəyir.

Əslində isə doğru məntiq tələb edir ki, bu cümlənin sonu “sən yaxşı bir insansan” şəklində olsun. Surəyə dönsək, 6–8–ci ayələrdə insanın rəbbinə qarşı nankorluğu vurğulandığına görə, 1–5–ci ayələr pis insanların davranışlarını izah etməlidir. Başqa sözlə, cümlənin cavab bölməsində Rəblərinə qarşı nankor olduqları açıqlanan insanların nankorluqlarının sübutu, cümlənin and bölməsində göstərilir və sübut olaraq bu insanların mənfəət əldə etmək öfkəsiylə, gözləri dönmüşcəsinə etdikləri talan, qəsbkarlıq, işğal, soyğun kimi pis davranışları sadalanır.

Bu təsbitlərə istinad edərək 1–5–ci ayələrdə bizə görə, çıxar əldə etmək, işğalçılıq, talan etmək, qarət etmək, yağmalamaq üçün gözü dönmüş insanların, hələ günün başlangıcında, yaxşı qaçan və nallarının daşlara dəyməsiylə qığılcım çıxardan atlarla basqınlar etmələri və basqın etdikləri kütlələrin ortasına/ən xeyirli, ən dəyərli yerlərinə tozu dumana qataraq dalmaları anladılır. İman etməmiş insanların başlıca xarakterləri olan bu davranışlar, hər zaman və hər yerdə eyni özəllikləri göstərir. Bu davranışlar qədim dövrlərdə ayədə canlandırıldığı şəkildə, atlarla və əsasən də azsaylı cəmiyyətlərə yönəlik olmuşdur. Günümüzdə isə atəş və ölüm saçan hərbi təyyərələrlə, raketlərlə, tanklarla, hava qüvvələriylə və bir ölkənin işgal və talan edilməsi, bir millətin müxtəlif qarışıqlıqlar [toz–duman] içinə itələnməsi şəklində təzahür edir.

Budur, insanlar tərəfindən yaradılan bu görüntülərə 1–5–ci ayələrdə diqqət çəkilir və bu həqiqətlər and cümləsinin cavab bölməsində söylənənlərə sübut göstərilir: “İnsanların ortaya qoyduğu bu görüntülər sübutdur ki …”

  6tam yəqinliklə bilin ki, insan, Rəbbinə qar­şı çox nankordur, 7özü də buna tam yəqinliklə bilin ki, şahiddir. 8Şübhəsiz o, mal sevgisi üzündən də, tam yəqinliklə bilin ki, çox sərtdir.

Surədəki əsas ifadə axışı insan xarakterini anladır və bu ayələrdə də yenə insanoğlunun əsas xüsusiyyətləri gözlər önünə sərilir.

İnsanın əsas xarakterik xüsusiyyətlərini tanıtmağa Fəcr surəsinin 15–20–ci ayələrində də yer verilmişdi:

  • 15–16İnsana gəlincə, Rəbbi onu hər nə vaxt sınayaraq üstün qılar və nemətlər verirsə: “Rəbbim Məni üstün qıldı” deyər. Amma hər nə zaman da sınayaraq ruzisini azaldırsa: “Rəbbim Məni alçaltdı” deyər.
  • 17–20Əsla sizin düşündüyünüz kimi deyil! Doğrusu siz, yetimi, üstün–hörmətli bir şə­kildə yetişdirmirsiniz. Yoxsulun yeyəcəyi mənasında bir–birinizi təşviq etmir­si­niz. Halbuki, mirası talayarcasına, elə bir yeyişlə yeyirsiniz ki! Malı elə bir sevgi ilə se­virsiniz ki, qarət edirmiş kimi!                                                                                                                      (Fəcr /15–20)

Adiyat surəsi bu ifadələri həm gücləndirmiş, həm çəkinmədən yığılıb toplanılan və çəkinmədən yeyilən malların hansı yollarla əldə edildiyini açıqlamış, həm də bu yollarda sərgilənən gözü dönmüş insan davranışlarını insanın nankorluğunun sübutu olaraq elan etmişdir.

“كنود  kənud” sözünün lüğəti mənası, “haqdan və xeyirdən əngəlləmək, başqalarını uzaqlaşdırmaq” olan “كنود  kunud” sözü ilə eyni kökdən törəmişdir və dilimizə “nankor” olaraq tərcümə edilir. Bu söz, “üzərində olduğu şeyi əngəlləyən” deməkdir. Bu söz “xəsis, başqalarıyla paylaşmayan, tək başına yeyən, başına gələn sıxıntıları durmadan sadalayan, Rəbbinə hörmətsizlik edən və Rəbbinin verdiyi nemətləri və rahatlığı unudan” kəslər üçün işlədilir. Eyni sözlə qurulan “ارض كنود  arz–ı kənud” şəklindəki tamamlıq da “üstündə heç bir şey bitməyən torpaq” mənasına gəlir.[1]

Ancaq sözün 6–cı ayədəki istifadəsi, yuxarıdakı mənaslara əlavə olaraq, 9–11–ci ayələrdən anladığımıza görə, gerçəklərin üzərini örtmək mənasına gələn “küfr” xüsusiyyətini də ehtiva edir. Çünki 7–ci ayədə bildirilir ki, insan, nankorlğunun dəlili olan bu davranışlarını bilir. Lakin 8–ci ayədə bildirildiyi kimi, mal sevgisi üstün gəlir və 11–ci ayədə söylənildiyi kimi, düşünmür ki, bunları Allahdan gizləyə bilməyəcək. Bu düşüncə tam bir “küfr” örnəyidir.

9–11Yaxşı, o möhtəkir insanlar, qəbirlərdə olanların dirildilib çölə atıldığı, kökslərdə olan­ların yığılıb toplandığı zaman, heç şübhəsiz o gün, Rəblərinin özlərinə gerçək­dən xəbər verici olduğunu bilməzlərmi?

Bu ayələrdə, insanların Allaha dönəcəyi və məhşərdə hesab verəcəyi mövzusuna yenidən dönülmüş və insanlara xəbərdarlıq edilmişdir. Bu ayələr insanlara xəbərdarlıq olmalı, onların tüğyandan, haqsız yolla mal qazanmaqdan və bu malı qazanarkən başqalarını istismar etməkdən uzaq qalmalarına səbəb olmalıdır. Bu səbəbdən də hər bir insana öyrədilməlidir ki, Yaradan, eyni zamanda həm də onun Rəbbidir, yəni onun hər anını görür və nəzarət edir və insan mütləq Ona dönüb, hesab verəcəkdir.

İnsanlığı hüsrandan [itkidən–zərərdən] qurtaracaq yeganə yol və xəbərdarlıq budur.

 

 

Ən düzünü bilən Allahdır.