HİCR SURƏSİ

MƏKKƏ DÖVRÜ

 

Nəcm: 196

1Əlif/1, Lam/20, Ra/200[1]. Bunlar Kitabın və açıq-aşkar, açıqlayıcı bir Quranın ayələridir.

2Zaman-zaman kafirlər: “Kaş ki, Müsəlman olsaydıq!” – deyə təmənna edəcəklər.

12Beləliklə, Biz Quranı günahkarların qəlblərinə yerləşdirərik[2].

3Burax onları yesinlər, faydalansınlar və boş ümid onların başını qatsın. Amma onlar yaxında biləcəklər.

4Və Biz heç bir məmləkəti, bilinən bir kitabı olmadığı halda, dəyişikliyə/dağıntıya uğratmadıq.

5Heç bir ümmət müddət sonunun önünə keçə bilməz və onu gecikdirə də bilməz.

6,7Və onlar: “Ey özünə Öyüd – Quran endirilən insan! Şübhəsiz ki, sən gizli güclərlə dəstəklənən biri/dəlisən. Əgər doğrulardansansa, bizə mələklər ilə gəlməliydin” – dedilər.

8Biz o təbii gücləri, ancaq haqq ilə endirərik. O vaxt da onlar möhlət verilən­lər­dən olmazlar.

9Heç şübhəsiz ki, o Öyüdü – Quranı Biz endirdik, Biz! Və tam əmin olun ki, Biz onu qoruyanlarıq[3].

10Və and olsun ki, Biz səndən əvvəl keçmiş camaatlara da elçilər göndərdik.

11Və onlara hər hansı bir elçinin gəldiyini görən kimi, tam əmin olun ki, onu lağa qoyurdular.

13Onlar endirilən kitaba/göndərilən elçiyə inanmazlar, halbuki, əvvəlkilərlə əlaqədar qaydalarımız/tətbiqatımız keçmişdir, sizə bildirilmişdir.

14,15Və Biz onların üzərlərinə göydən bir qapı açsaq və onlar oradan yuxarı yüksəlsələr belə, tam yaqin bilin ki: “Gözlərimiz döndərildi/bulandırıldı. Əslində biz ovsunlanmış bir camaatıq” – deyəcəkdirlər.

(54/15, Hicr/1–15)

Nəcm: 197

16And olsun ki, Biz göydə bir sıra bürclər yaratdıq və baxanlar üçün onu bəzədik.

17,18Və kosmosu, az da olsa vəhyə qulaq asan, özlərini alov sütunu təqib edənlər/raketlərlə kosmosa gedənlər istisna olmaqla, bütün düşüncə güclərindən qoruduq[4].

19Yer üzünü də yaydıq və ora sabit dirəklər/dağlar yerləşdirdik. Və yer üzündə ölçülən hər şeydən bitkilər bitirdik.

20Və yer üzündə sizin üçün və sizin ruziləndirmədiyiniz kimsələr üçün dolanışıq yol­ları var etdik/Və yer üzündə sizin üçün bir sıra dolanışıq yolları və sizin ruziləndir­mə­di­yiniz kimsələr var etdik.

21Və hər şeyin xəzinələri yalnız Bizim yanımızdadır. Və Biz onu ancaq müəyyən bir ölçü ilə endirərik.

22Və Biz küləkləri aşılayıcılar olaraq göndərdik və göydən su endirib, sizi onunla suladıq. Suyu xəzinələrdə tutanlar/yığıb saxlayanlar da siz deyilsiniz.

23Və əlbəttə, yalnız və yalnız Biz dirildirik və Biz öldürürük! Və Biz son sahib olanlarıq.

24Və and olsun ki, Biz sizlərdən önə keçmək istəyənləri də, geri qalmaq istəyənləri də bilmişdik.

25Və şübhəsiz, sənin Rəbbin onları toplayacaq olanın məhz özüdür. Şübhəsiz ki, O ən yaxşı qayda qoyan, pozulmağa yaxşı mane olan/sağlam edəndir, ən yaxşı bilən­dir.

(54/15, Hicr/16–25)

Nəcm: 198

26,27Və and olsun ki, Biz insanı – görünən, bilinən varlıqları cingildəyən gildən, işlənə bilən palçıqdan/haldan hala girən bir maddədən yaratdıq. Və cannı/görünməz varlıqları[5] da daha əvvəl, ən incə dəlikdən belə keçə bilən yandırıcı bir əsintinin atəşindən/əngəl tanımayan enerjidən yaratmışdıq.

(54/15, Hicr/26–27)

Nəcm: 199

28,29Və bir zamanlar Rəbbin kainatdakı güclərə: “Mən quru palçıqdan, şəkil verilmiş/işlənə bilən bir palçıqdan bir bəşər yaradacağam. Mən, ona forma ver­diyimdə və onu bilikləndirdiyimdə[6], siz dərhal onun üçün təslimiyyət göstərən­lər olaraq yerə qapanın” – demişdi.

30,31Buna görə də İblis/düşüncə qabiliyyəti xaric, mələklər/kainatdakı güclərin ha­mısı birlikdə boyun əyib təslimiyyət göstərdilər. O, boyun əyib təslimiyyət göstə­rən­lərlə bərabər olmağa qarşı çıxdı, etmədi.

32Allah dedi ki: “Ey İblis! Nə olub sənə, boyun əyib təslimiyyət göstərənlərlə olmursan?”

33İblis cavab olaraq: “Quru palçıqdan, şəkil verilmiş/işlənə bilən bir palçıqdan yaratdığın bir bəşərə boyun əyib, təslimiyyət göstərməyim üçün yaradılmadım” – dedi.

34,35Allah: “Elə isə oradan çıx! Sən  artıq tam yəqin bil ki, qovulmuş, məhv olmuş birisən və tam yəqin bil ki, Din gününə qədər kənarlaşdırılma sadəcə, sənin üzərindədir” – dedi.

36İblis: “Rəbbim! Elə isə onların yenidən diriləcəkləri günə qədər məni qarşında tut/mənə müddət ver!” – dedi.

37,38Allah: “Elə isə sən, tam yəqin bil ki, bilinən vaxtın gününə qədər qarşıda tutulanlardansan/möhlət verilənlərdənsən” – dedi.

39,40İblis dedi ki: “Rəbbim! Sən məni insanları azdırmağım üçün yaratdığına görə, tam yəqinliklə bil ki, mən də yer üzündə, hər şeyi onlara bəzəyəcəyəm və arıdılmış qulların istisna olmaqla, onların hamısını tam əmin ol  ki, azdıracağam!”

41–44Allah dedi ki: “Bax budur, bu Mənim üzərimə aldığım ən doğru bir yoldur. Sənə uyan azğınlardan başqa, qullarımın üzərində heç bir məcburedici gücün yoxdur. Şübhəsiz ki, onların hamısına vəd edilən yer də cəhənnəmdir. Onun üçün yeddi qapı vardır. O qapıların hər biri üçün onlardan bir parça ayrılmışdır[7]”.

 

(54/15, Hicr/28–44)

Nəcm: 200

45,46Şübhəsiz ki, Allahın qoruması altına girənlər, cənnətlərdə və bulaqlar­dadır: “Salamatlıqla, əminlik içində, oraya girin!”

47Və Biz Allahın qoruması altına girənlərin qəlblərindəki kinləri çıxarıb atarıq. Onlar qardaşlar kimi üz-üzə yumşaq oturacaqlarda oturarlar.

48Cənnətdə onlara heç bir yorğunluq toxunmaz. Onlar oradan çıxarılmayacaqlar.

(54/15, Hicr/45–48)

Nəcm: 201

49,50Qullarıma, heç şübhəsiz, Mənim çox bağışlayan və çox mərhəmət edənin məhz özü olduğumu, Mənim əzabımın da, çox acıqlı bir əzabın məhz özü olduğunu mütləq xəbər ver!

51Və qullarıma İbrahimin qonaqlarından xəbər ver[8].

52O zaman ki, İbrahimin qonaqları, İbrahimin yanına girdilər və: “Salam!” dedilər. İbrahim: “Şübhəsiz, biz sizdən qorxanlarıq” – demişdi.

53İbrahimin qonaqları: “Qorxma! Şübhəsiz, biz  sənə bilikli bir oğul müjdələyirik” – dedilər.

54İbrahim dedi ki: “Mənə qocalıq gəlmişkənmi məni müjdələyirsiniz? Yaxşı, nəyə is­ti­nad edərək məni müjdələyirsiniz?”

55İbrahimin qonaqları: “Səni haqq ilə/doğru olanla müjdələyirik. Ümidini kəsənlərdən olma!” – de­di­lər.

56İbrahim dedi ki: “Rəbbimin mərhəmətindən, pozğunlardan başqa kim ümid kəsər?”

57İbrahim: “Ey göndərilmiş elçilər! İşiniz nədir?” – dedi.

58–60Elçilər: “Şübhəsiz, biz günahkar bir cəmiyyətə göndərildik. Ancaq Lut ailəsi istisnadır”. Şübhəsiz, Biz Lutun zövcəsi istisna olmaqla, onların hamısını tam yəqinliklə bilin ki, qurtaracağıq. Biz nizamladıq. Şübhəsiz o, tam yəqin bilin ki,  geridə qalanlardan/gözü arxada olanlardandır.

61,62Sonra elçilər, Lutun ailəsinə gəlincə, Lut: Doğrusu siz öyrəşmədiyimiz, kimliyi müəyyən olmayan bir cəmiyyətsiniz” – dedi.

63–65Elçilər dedilər ki: “Tam əksinə, biz sənə onların şübhəyə düşüb, durduğu şeyi gə­tirdik. Və sənə gerçəyi gətirdik və biz əlbəttə, doğru olanlarıq. Dərhal gecənin bir bölməsində ailəni yola çıxar, sən də arxalarından izlə. Və sizdən heç kimsə əylən­məsin/geridə buraxılanları düşünməsin, əmr olunduğunuz yerə doğru keçin gedin”.

66Və Biz Luta əmri gerçəkləşdirdik: “Şübhəsiz, sabaha çıxarkən bunların arxaları kə­silmiş olacaqdır”.

67Və şəhər xalqı sevinərək gəldilər.

68,69Lut: “Şübhəsiz, bunlar mənim qonaqlarımdır, ona görə də məni rüsvay etməyin və Allahın qoruması altına girin və məni alçaltamayın!” – dedi.

70Onlar: “Biz səni aləmlərdən/ətrafdakılarla münasibətdən ayırmamışdıqmı?” – dedilər.

71Lut: “Bax budur, bunlar, mənim qızlarım![9] Əgər düzəltmək yönündə iş görənsinizsə…” – dedi.

72Sən ömründə bunlar kimi şəhvət çılğınlığı içində çabalayan rüsvayçıları heç görmədin?

73Günəş doğarkən o qorxunc çığırtı onları yaxaladı.

74Beləliklə, Biz onların üstünü altına çevirdik və üzərlərinə palçıqdan bişirilmiş daşlar yağdırdıq.

75Şübhəsiz, bunda izdən, imzadan anlayanlar/düşünən kəskin anlayışlılar üçün mütləq  əlamətlər/nümunələr vardır.

76Və şübhəsiz, Lut qövmünün yerləşdiyi şəhər xarabalığı, tam yəqin bilin ki, bir yol üzərində durmaqdadır.

77Şübhəsiz ki, bunda iman edənlər üçün mütləq bir əlamət/nümunə vardır.

78,79Əykə tərəfdarları[10] da tam yəqin bilin ki, şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlər idi və Biz özlərindən intiqam aldıq/yaxalayıb cəzalandırmaqla ədaləti yerinə yetirdik. İkisi də – Əykə və Lut qövmü açıq bir yol üzərindədir.

80And olsun ki, Hicr əhli də elçiləri yalan saydılar.

81Və Biz onlara ayələrimizi/əlamətlərimizi/nümunələrimizi vermişdiksə də, onlar, onlardan üz çevirirdilər. 82Və onlar dağlardan təhlükəsiz evlər yonurdular.

83,84Sonra, onları da səhər erkən qorxunc bir çığırtı yaxaladı. Beləliklə, qazanmaqda olduqları şeylər özlərindən heç bir şeyi sovuşdurmadı.

(54/15, Hicr/49–84)

Nəcm: 202

85Və Biz göyləri, yer üzünü və aralarındakı şeyləri ancaq haqq/gerçək ilə yaratdıq və əlbəttə ki, o qiyamət, tam yəqin bilin ki, qopacaqdır. İndi sən bunu özünə dərd etmə və gözəl rəftar et.

86Şübhəsiz ki, Rəbbin haqq ilə yaradandır və ən yaxşı biləndir.

87And olsun ki, Biz sənə qatbaqat necə nemətləri və böyük Quranı verdik.

88,89Qətiyyən onlardan bəzi insanlara verərək, özlərini onunla faydalandırdığımız şeylərə/mal və sərvətə həvəslənib gözlərini dikmə. Onlara görə kədərlənmə də… Sən qanadlarını möminlər üçün gər. Və: “Şübhəsiz, mən, açıq-aşkar bir xəbərdar edənin məhz özüyəm” – de[11].

94–96İndi sənə əmr olunan şeyləri açıqca bildir və ortaq qoşanlardan uzaq dur. Şübhəsiz ki, Biz Allahla birlikdə başqasını tanrı edən bu məsxərəçi insanlara qarşı sənə yetərik. Artıq onlar yaxında biləcəklər.

97And olsun, Biz bilirik ki, tam yəqin bilin ki, onların söylədiklərinə görə sənin qəlbin daralır/ürəyin sıxılır.

98,99O halda sənə, “yəqin/qəti bilik” gəlməsi üçün Rəbbinin tərifi ilə birlikdə nöqsan sifətlərdən münəzzəh qıl, boyun əyib, təslimiyyət göstərənlərdən ol və Rəbbinə qulluq et![12]

(54/15, Hicr/85–89, 94–99)

 

[1]Quranda bir çox surənin “kəsik, bağlantısız hərflər” ilə başladığı görünür. Müxtəlif araşdırmaçılar bu hərflərin mütəşabih, bir şifrə, bir sözün qısaldılmış şəkli, bəzi sözlərin ilk hərfi və ya son hərfi olduğu kimi görüşlər irəli sürmüşlər. Fikrimizcə, bu hərflər, “elan” [diqqət, gözünüzü açın] sözü kimi bir xəbərdarlıq işarəsidir və telefon danışmalarındakı “alo!” səslənməsi kimi diqqəti, oxunacaq ayələrə çəkməkdədir. Həmçinin, Quranın riyazi quruluşundakı vacib olan ünsürlərdən biridir. Həmçinin bu hərflər, ola bilər ki, rəqəmsal bir dəyər də ifadə edir. Çünki Quran endiyi dövrdə, ərəblər arasında rəqəmlər hələ icad edilməmişdi, rəqəm yerinə hərflər istifadə olunurdu. Rəqəm yerinə hərf istifadə olunmasına “Əbcəd” hesabı deyilir. Biz kəsik hərflərin yanında rəqəmsal dəyərlərini də göstərdik. Rəqəmsal dəyərlər ilə nəyin qəsd edilmiş ola biləcəyi nöqtəsində də hələ bir qənaətə gəlməmişik. “Əbcəd” hesabının, Quranın endiyi dövrlərdə rəqəm yerinə istifadə edilmiş olmasından başqa, hər hansı bir xüsusiyyət və özəlliyi yoxdur. Bu kəsik hərflərlə əlaqədar hələ qaneedici bir araşdırma meydana çıxarılmamış olub, mövcud əsərlərdə də keçmişlərin təqdim etdiklərindən başqa bir bilik mövcud deyil. Bu məsələnin tam aydınlığa qovuşması da, digər bir çox məsələ kimi, dürüst, səmimi və könüllü Quran araşdırmaçılarını gözləyir.

[2]Rəsmi Düzülüşdəki 12–ci ayə burada tərtib edilmişdir.

[3]Ayədən açıq şəkildə anlaşıldığı kimi, Quranın qorunmasını Rəbbimiz  öz öhdəsinə götürmüşdür, qoruyacaqdır, pozdurtmayacaqdır. Belə ki, Rəbbimiz Quranı, müdaxilə etmək istəyənlərin əllərini, ayaqlarını qıraraq, gözlərini kor edərək, …. canlarını alaraq ya da Quranı şifrəli polad seyflərdə gizlədərək qorumaz. Rəbbimizin, Quranı qoruması, bu şəkildə gerçəkləşir:

Sözü, nəzmi və daxili quruluşu etibarilə bir möcüzə olan Quran, Ərəbiyyən [ən mükəmməl ifadələr və dilçilik qaydalarına uyğun] olaraq endirilmişdir. Buna görə də, hər hansı bir azaltma, artırma və ya dəyişdirmə olsa, dərhal, deyim yerində isə, dişlərini ağardaraq gülümsəyər: a) Müsəlmanlar, hələ başlanğıcda Quranın kitablaşdırılmasını həyata keçirmişlər. Belə ki, ən keçmiş yazələ nüsxələr ilə bu günkü çaplar eynidir. B) İlk gündən etibarən lap çox insan, sözlərindəki harmonik özəlliyə görə, Quranı asanlıqla əzbərləmiş, beləliklə də tarixin hər dövründə minlərlə hafiz mövcud olmuş, buna görə də Quranın təhrif edilmə və ya nüsxələrinin yox olma riski heç doğulmamışdır. c) Enməyə başlaması ilə birlikdə, Quranın təhsil və təlimi də başlamışdır. Digər dinlərdəkinin əksinə, rahiblik sinfinin olmadığı İslamda, təhsil və təlim, kəndli–şəhərli hər kəsə yönəlik olmuşdur. Çox sayda nüsxəsi ilə Quran hər Müsəlmanın evinə girmiş, hər kəs tərəfindən oxunub, öyrənilmişdir. Beləliklə də, yayğın bir təlim təşkil edilmiş, pis niyyətli insanların təhrif cəhd nəticəsiz qalmışdır. d) Quranın enməyə başladığı Miladi, 610–cu ili, digər dinlərin ortaya çıxma zamanlarına nisbətən, tarixin aydınlıq bir dövrü olub, hadisələr qeydə alınmağa başlanmışdır. Həqiqətən,  bəzi tarixçilər, Musa və İsanın (ə.s) yaşadığını qəbul etməzkən, Peyğəmbərimiz haqqında heç bir tərəddüd yoxdur. Beləliklə, Peyğəmbərimizin tək möcüzəsi olan Quran da, tərəddüdə yer verməyən qeydlərlə günümüzə qədər gəlib çatmışdır. e) İslam, Musa və İsa (ə.s) zamanındakı kimi yazıq, məzlum, zavallı, qərib azlıqlar arasında deyil, zəngin, hakim, müstəqil şəhərlərdə doğulmuş və idarə edən güclü cəmiyyətlərin dini olmuşdur.

[4]Ayədəki ifadələrin hərfi mənası, “Və göyü daşlanan bütün şeytanlardan qoruduq. Ancaq qulaq oğurluğu edən şeytan istisna, onu açıq-aşkar bir alov sütunu təqib edər” şəklindədir. Biz Tərcümədə ayələrin təvilli mənalarını göstərdik. Təfərrüatlı şərhlər üçün bxn. Təbyinul–Quran.

[5]Cin və ins sözləri Quranda ilk dəfə burada keçdiyindən bu sözlərlə əlaqədar qısaca bilik vermək istəyirik: Cin, xalq kültüründə “insan kimi yeyib içən, törəyən, inanan, bəzən qabiliyyətli insanlar tərəfindən işçi kimi işlədilən, qeyri-adi güc və biliklərə sahib, insanları çarpan, istədiklərinə zərər verən, əydirən, yüksək dəyərlər ilham edən gizli dəstəkçi güc, görünməyən yaradılış” olaraq bilinir. Buna görə də, Quran səhv anlaşılır. Cin sözü, əslində “örtülü varlıq – insanın beş duyğu üzvü ilə qavraya bilmədiyi, qavranmağa qapalı, mövcudiyyəti qəti olan varlıq və ya güc” – deməkdir. Bu sözün inkar mənası olan ins [insan] isə, “beş duyğu üzvü ilə hiss edilə bilən, bilinən, görünən, tanış, əlaqə qurula bilən, yox olmayan, daima ortada duran” – deməkdir. Bizə tanış olan bu sözlər də cin sözünün törəmələrindəndir: Cənnət [torpağı ağac yarpaqları ilə örtülmüş yer], cinnət [ağlı, fikri gizlənmək, dəli olmaq], cənin (rüşeym – ananın qarnında gizləndiyi üçün bu adı almışdır), cünnət [döyüşdə istifadə edilən qalxan ( adamı oxdan, nizədən gizlətdiyi üçün bu ad verilmişdir)].

Quranda cin sözünün “mikroorqanizmlər, elektrik, maqnit, şüa, radiasiya, agent/casus, əcnəbi, kimliyi bəlli olmayan insan” mənalarında istifadə edildiyini görəcəyik. Bir də Quranda ins və cin sözlərinin bərabər istifadə edildiyini görürük. Bu iki zidd mənalı söz birlikdə istifadə edildiyində, sözlərin mənası fərqliləşir, başqalaşır və zənginləşir.

Zidd mənalı iki sözdən, daha ətraflı bir məna çıxarmaq, hər dildə var olan bir tətbiq üsuludur. Məsələn: Gecə-gündüz, yaş-quru, canlı-cansız, it–pişik, səhər–axşam, yer–göy, yaxşı–pis, acı–şirin, sağ–sol, irəli–geri, aşağı–yuxarı, en–uzunluq, ağ–qara, irili–xırdalı, dünya–axirət kimi zidd mənalı sözlər bərabər deyim olaraq istifadə edildikdə, qəlibin mənası, sözlərin xüsusi mənalarından fərqliləşir və zənginləşir.

Mənalarının bir-birlərinə zidd olduğunu gördüyümüz ins və cin sözləri, birlikdə bir qəlib halında istifadə edildiklərində, “gördüyünüz–görmədiyiniz, bildiyiniz–bilmədiyiniz, tanıdığınız–tanımadığınız, yəni hər kəs və hər şey” mənasına gəlir. Bunun Quranda xeyli çox misalı mövcuddur.

[6]“Ruhun üfürülməsi/üflənməsi” ifadəsi, “Allahın insanı bilikləndirməsi, ona vəhy göndərməsi, az bir bilik verməsi, bilgi qoxlatması” mənasına gəlir. Burada, Hicr/29 və Səcdə/9–da yaradılmış insanın biliklənmə, ilk vəhyi alma, ilk elçi göndərmə mərhələsi izah edilir. Müfəssəl məlumat Təbyinul–Quranda verilmişdir.

[7]Eyni mövzu Sad/71–85–də (66–cı nəcmdə) də keçmişdir.

[8]Eyni mövzuya Hud/69–83–də (191–ci nəcmdə) də toxununlmuşdur.

[9]78–ci ayədə keçən “qızlarım” və 79-cu ayədə keçən “sənin qızların” ifadələri, Lutun (ə.s) öz qızları mənasında deyil, “cəmiyyətin qadınları” mənasında qəbul edilməlidir. Çünki birincisi Lutun öz belindən olan qızlarının sayı ilə qövmün bütün erkəklərinin sayının uyğun gəlməsi mümkün deyildir, ikincisi “İbn, bint” və “Əbb” ixtisas və söhbətdə davamlılığı (yaxın əlaqəni) ifadə edir. Daim səhrada gəzən kimsəyə İbn əl-fulat; Gecələr çox gəzən adama “ibnüssürə” deyilir. Birinin məsuliyyətini üzərinə götürən şəxs “təbənnəytü ibnən (oğul etdim)” deyilir. Bu halda, “ənnasü bənü adəm” deyilir. Çünki onlar Adəmə aiddirlər. Eyni şey “Bənü İsrail”ə də aiddir. “İbn” hər şeydə kiçikdir. Yaşlı birisi gəncə “ya büneyyə” deyir. Hökmdar öz təbəələrini “əbna” və “bənat” kimi səciyyələndirir. İsrail oğullarının peyğəmbərləri isə öz ümmətlərini “əbnas və bənats” adlandırmışlar. Müəllimlər şagirdlərinə “əbnai (oğullarım)” və “bənati (mənim qızlarım)” deyə müraciət edirlər. Gecələr çox gəzən adama; Oğruya “İbn ül-leyl (gecənin oğlu)” deyilir. Hud/78-də Lut peyğəmbərin “hâ ülâi bənati (Budur mənim qızlarım”) ifadəsi də bu qəbildəndir. Lut peyğəmbər öz ümmətinin qızlarını öz qızı kimi ifadə etmişdir. Belə bir uyğunluqdan isə, “qızlarım” ifadəsi ilə, qövmün bütün qadınlarının nəzərdə tutulması halında bəhs edilə bilər. Lut, qövmünün bütün qadınlarını, öz qızları olaraq görürmüş ki, ayədə bu şəkildə bir ifadə işlədilmişdir. Eyni şəkildə, qövmün erkəklərinin Luta verdikləri, “sən, sənin qızlarında bizim üçün hər hansı bir haqq olmadığını bildin” cavabının da, “sənin qızlarına, yəni qadınlara ehtiyacımız yoxdur, onlara cinsi istək duymur, meyl etmirik, onları istəmirik və sevmirik, onlarda gözümüz yoxdur” şəklində anlaşılmalıdır.

[10]Əykə əhli, “Qırmızı dəniz sahillərindəki Mədyən şəhərində yaşayan cəmiyyət”– dir. Əykə, “ağaclıq, ağacları bir–birinə sarmaşıb, dolaşmış olan bir meşə” deməkdir. Bu cəmiyyət, iqlimi son dərəcə gözəl, səmərəli bir ərazidə yaşayırdılar.

[11]Rəsmi Düzülüş: Hicr/90–93–cü ayələri, Şüəra/3–6–cı ayələri ilə bərabər tərtib edildiyindən burada yer verilməmişdir.

[12]İbadət sözü dilimizə fonetik olaraq, ərəbcə orijinalı ilə girməsinə rəğmən, kök mənası olan “qulluq, köləlik etmək” mövzusundakı insanın tərz və halı ilə əlaqədar əsl mənasını, xeyli dərəcədə itirmiş və sadəcə bir sıra ritual, ayin və davranışlar üçün istifadə edilən bir anlayış halına dönmüşdür. Kökü a–be–de olan felin məsdəri, “ibadət” sözü, “qulluq etmək, köləlik etmək” mənasına gəlir. Bu mənalar bir insanın qeydsiz şərtsiz təslim olmasını, itaət etməsini, boyun əyməsini ifadə edir. Dini termin olaraq ibadət isə, “qulun sahibinə/yaradanına qarşı, sahibi/yaradanı tərəfindən verilən vəzifələri qeydsiz, şərtsiz qəbul edib yerinə yetirməsi”dir. Hər şeyin yaradıcısı olan Allah, qulları üçün müəyyən etdiyi davranış və yaşayış tərzini qullarına müxtəlif şəkillərdə bildirmiş və ən son olaraq, bütün bu bildirişləri Quranda toplamışdır. Bu doğrular işığında ibadət, Allah tərəfindən bir təlimatnamə [Quran] ilə qullara bildirilən vəzifələrin, qullar tərəfindən qeydsiz, şərtsiz itaət edilərək və təslimiyyət göstərilərək [boyun əyilərək] yerinə yetirilməsidir. Elə isə ibadət, xalq arasında yayğınlaşdığı kimi, sadəcə üç-beş əməli etməkdən ibarət deyildir. İbadət, “Allahın  qulluq təlimatnaməsində vermiş olduğu vəzifələrin bütününü etmək, hamısını həyata keçirmək”dir.