MÜLK SURƏSİNİN TƏBYİNİ

Mülk surəsi Məkkədə enən 77-ci surədir. Adını 1-ci ayədə yer alan “əl-Mülk” sözündən almışdır. Surəyə “الواقية əl-Vaqiə [Qoruyan]” “ المنجية əl-Münciyə [Qurtaran]” adını verənlər də olmuşdur. [1]

Surədə kainatdakı ayələrə [kainatın fəaliyyət qanunlarına] diqqət çəkilərək, Allahın kainatdakı mütləq hökmranlığı vurğulanır. Allahın verdiyi nemətlər xatırladılıb insanlardan ağıllarını işlətmələri, düşünmələri, öyüd almaları, Allahın böyüklüyünə, öldürmə və diriltməyə qadir olduğuna inanmaları istənilir.

Həmçinin Quranın didaktik bir vasitə olaraq işlətdiyi “əkslik metodu” ilə kafirlərin aqibətləri və axirətdəki peşmançılıqları canlı bir səhnə halında nəql edilərək müşriklər xəbərdar edilir.

TƏRCÜMƏ:

RƏHMAN, RƏHİM ALLAH ADINDAN

MƏKKƏ DÖVRÜ

Nəcm: 356

1Hökmranlıq əlində olan Allah  necə də səxavətlidir! Və O, hər şeyə güc yetirəndir.

2O, hansınızın əməlcə daha yaxşı/gözəl olduğunu sınamaq üçün ölümü və həyatı yaratdı. O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, qullarının günahlarını çox örtən, onları cəzalandırmayan və bol-bol bağışlayandır.

3,4O, yeddi qat göyü bir-biri üzərində uyğun şəkildə yaradandır. Rəhmanın yaratmasında bir çatlaq/uyğunsuzluq görməzsən. Buyur, gözünü döndər, bir pozuqluq görürsənmi? Sonra gözünü iki dəfə daha döndər. Gözün aciz və çox yorğun olaraq, sənə dönəcəkdir.

5Və and olsun ki, Biz ən yaxın göyü qəndillərlə bəzədik və onları kahinlərə boş söhbət materialı [meteorların yer üzünə düşməsi ilə, insanların kosmosdakı varlıqları tanımaları ilə şeytanların/kahinlərin, falçıların saxtakarlıqlarının ortaya çıxmasına vasitə] etdik. Və onlar üçün alovlu atəş əzabını hazırladıq.

(77/67, Mülk/1–5)

Nəcm: 357

6Kafirlər üçün də cəhənnəm əzabı vardır. Və o, nə pis dönüş yeridir!

7Oraya atıldıqlarında, o qaynayarkən, onun qorxunc səsini eşidərlər.

8O, az qala qəzəbindən çatlayacaq. Hər zaman ora bir camaat atılsa, onun gözətçiləri onlardan soruşar: “Sizə bir xəbərdar edən gəlmədimi?”

9Onlar deyərlər ki: “Bəli, bizə xəbərdar edən gəldi və biz yalan saydıq və: “Allah heç bir şey endirmədi, siz ancaq böyük bir pozğunluq içindəsiniz” – dedik”.

10Və onlar deyərlər ki: “Əgər biz dinləmiş olsaydıq, yaxud ağılla hərəkət etmiş olsaydıq, bu çılğın atəşin əhli içində olmazdıq”.

11Beləcə, günahlarını etiraf etdilər. Artıq, xırım-xırda, toz-duman olmaq çılğın atəş əhli üçündür.

(77/67, Mülk/6–11)

Nəcm: 358

12Şübhəsiz ki, görünməyən, eşidilməyən, seçilməyən kimsəsiz yerdə Rəbbinə hörmətlə, sevgi ilə biliklə ürpərti duyanlar… Bağışlanma və böyük bir mükafat onlar üçündür.

13Və sözünüzü istər gizləyin/təqib edin, istərsə də onu açığa vurun… Şübhəsiz ki, Allah qəlblərin özünü ən yaxşı biləndir.

14Yaradan bilməzmi/O, yaratdığını bilməzmi? Və O, çoxlu lütf edən, gizliləri biləndir, hər şeyin iç üzünü, gizli tərəflərini də yaxşı biləndir.

15Allah, sizə yer üzünü boyun əydirəndir. Haydı, onun çiyinlərində/təpələrində/işinizə yarayan yerlərində yeriyin və Allahın ruzisindən yeyin. Və dirilmə ancaq, Onadır.

(77/67, Mülk/12–15)

Nəcm: 359

16Ucalar ucası olan Allahın sizi yerə batırmayacağından arxayınsınızmı? Bir də baxarsan ki, çalxalamışdır.

17Ya da siz, ucalar ucası olan Allahın üzərinizə daş yağdıran bir qasırğa göndərməyəcəyindən arxayınsınızmı? Artıq xəbərdar etməyin necə olduğunu yaxında biləcəksiniz.

18Və and olsun ki, onlardan əvvəlkilər də yalan saydılar. Yaxşı, Məni tanımamaq/tanıtmamağa cəhd etmək necə oldu?

19Və onlar üstlərindəki sıra-sıra sıralanmış və burulmuş uçan şeylərə göz atmırlarmı? Onları Rəhmandan başqası tutmur. Şübhəsiz ki, O, hər şeyi ən yaxşı görəndir.

20Rəhmanın yaratdıq­lar­ın­dan sizə kömək edəcək bu əsgərləriniz kimlərdir? Kafirlər, sadəcə bir aldanış içərisindədirlər.

21Və ya Allah ruzisini kəsərsə, sizə ruzi verəcək o kəs kimdir? Əslində, onlar azğınlıq və nifrətdə dirənib, durmaqdadırlar.

22İndi üz üstə qapanaraq, yeriyənmi daha doğru gedər, yoxsa dosdoğru yolda dümdüz yeriyənmi?

23De ki: “O, sizi inşa edən, sizə qulaq, gözlər və könüllər əmələ gətirəndir. Sahib olduğunuz nemətlərin qarşılığını necə də az ödəyirsiniz?”

24De ki: “O, sizi yer üzündə törədib çoxaldandır və siz Ona toplanıb götürüləcəksiniz”.

25Bir də onlar: “Əgər doğru kəslərdənsinizsə, bu təhdid nə zaman?” – deyərlər.

26De ki: “Qətiliklə bu təhdid haqqında məlumat, Allahın yanındadır. Mən isə yalnız və yalnız açıq-aşkar bir xəbərdar edənəm”.

27Artıq onlar onu yaxınlaşmış görüncə, kafirlərin üzləri pisləşdi. Və: “Bax budur, bu, çağırıb durdu­ğu­nuz şeydir!” – deyildi.

28De ki: “Heç düşündünüzmü? Əgər Allah məni və mənimlə bərabər olanları dəyişikliyə/dağıntıya uğratsa, yaxud bizə mərhəmət etsə… Yaxşı, kafirləri acıqlı bir əzabdan kim qoruyacaq?”

29De ki: “O, yaratdığı canlılara dünyada çox-çox mərhəmət edəndir. Biz Ona inandıq və sadəcə,  nəticəsini ona həvalə etdik. Artıq kimin açıq-aşkar bir pozğunluq içində olduğunu yaxında biləcəksiniz”.

30De ki: “Heç düşündünüzmü? Əgər suyunuz yerin dibinə çəkdirilərsə, sizə kim bir bulaq suyu gətirə bilər?”

(77/67, Mülk/16–30)

TƏHLİL

1Hökmranlıq əlində olan Allah  necə də səxavətlidir! Və O, hər şeyə güc yetirəndir.

2O, hansınızın əməlcə daha yaxşı/gözəl olduğunu sınamaq üçün ölümü və həyatı yaratdı. O, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, qullarının günahlarını çox örtən, onları cəzalandırmayan və bol-bol bağışlayandır.

Rəbbimiz öz uca Zatını tanıtdığı bu ayələrdə əvvəlcə hədsiz cömərdliyini və hər şeyə gücünün yetdiyini vurğulayır, sonra isə bütün insanlığa ölümü və həyatı yaratmaqdakı məqsədini açıqlayır.

2-ci ayədən anlaşılır ki,  “ölüm” və “həyat” amilləri Allahın hədsiz cömərdliyindən qaynaqlanır və kimin daha əxlaqi hərəkətlər edəcəyinin sınaq vasitəsi olaraq yaradılmışdır. Çünki var edilmək və varlığının şüurunda olmaq insana verilən ən böyük nemətdir. İnsanın öz varlığının şüurunda olaraq yaşaması, iman etməyin və salihatı işləməyin zəminini təşkil edir. Bu zəmində mövcud olmaq üçün məsuliyyət şüuruyla hərəkət edilərsə, insana cənnət və sonsuz nemətlərə nail olacağı vəd edilir. Bu iki uclu zəmində [dünyada] olmayan bir varlığın sonsuz nemətlərə çatmasından isə əlbəttə ki, bəhs edilmir.

Rəbbimiz “ölümü və həyatı yaratdı” ifadəsində əvvəlcə “ölüm”ü zikr edir. Burada bəhs edilən “ölüm”, yaşanılan həyatdan sonrakı ölüm olmayıb, ondan əvvəlki “yoxluq, heçlik və cansız maddəlik” dövrüdür.

Bu mövzuya dair daha əvvəl Mömin surəsində aşağıdakı bölmə nəql edilmişdi:

  • 10Şübhəsiz kafirlərə səslənilir: “Əlbəttə, Allahın nifrəti, özünüzə nifrətinizdən daha böyükdür. Belə ki, siz imana dəvət olunduğunuzda küfr edirdiniz”.
  • 11Kafirlər dedilər ki: “Rəbbimiz! Sən bizi iki dəfə öldürdün, iki dəfə diriltdin. Artıq günahlarımızı etiraf etdik. İndi bir çıxış yolu varmı?”
  • 12Bax budur, bu, buna görədir! Siz, “bir və tək” olan Allaha dəvət edildiyiniz zaman küfr etdiniz/inanmadınız. Ona ortaq qoşulunca da, inandınız. Artıq hökm, o çox uca və çox böyük Allahındır. (Mömin/10-12)

Göründüyü kimi, Mömin/11-də də kafirlərin “Rəbbimiz! Sən bizi iki dəfə öldürdün, iki dəfə diriltdin” dedikləri nəql edilir. Bu ifadə keçmişdə müxtəlif şəkillərdə izah edilmişdir. Kimisi: “Bunlar əvvəlcə atalarının bellərində ölü idilər. Sonra Allah onları diriltdi, sonra dünyada qaçınılmaz olan ölüm ilə onları bir daha öldürdü. Sonra axirət həyatı üçün onları təkrar diriltdi. Budur, iki həyat və iki ölüm bunlardır”; kimisi isə: “onlar öldükdən sonra qəbirlərində dirildildilər, sonra öldürülüb məhşərdə təkrar dirildildilər” – demişdir. Bu görüşlərin ikisi də isabətli deyildir. İki dəfə öldürülüb, iki dəfə dirildilməyin nə olduğunu yaxşı anlamaq üçün həm mövzumuz olan Mülk/2-yə, həm də aşağıdakı ayəyə diqqət edilməlidir:

  • 28Siz necə küfr edərsiniz? Halbuki, siz ölülər idiniz və sizlərə O həyat verdi. Sonra O sizləri öldürəcək, sonra canlandıracaqdır. Sonra da Ona döndəriləcəksiniz. (Bəqərə/28)

Diqqət edilirsə, Mülk/2-də Allahın əvvəlcə ölümü, sonra həyatı yaratdığı bildirildiyi kimi, Bəqərə/28-də isə insanların əvvəlcə ölü olduqları, sonra insanlara həyat verildiyi bildirilir. İlk ölüm, insanın “torpaq [cansız maddə]” halı olub, ikinci ölüm isə bu dünyadakı ölümüdür. İlk dirilmə insanın dünyaya gəlməsi, ikinci dirilmə isə axirətdəki “baas” [yenidən dirilmə] halıdır. Bunlar, iki ölüm və iki həyatdır.

1-ci ayədə keçən “الملك  əl-mülk” kəlməsinin başındakı “ال əl”  ədatı “istiğraq” mənasına alınaraq “ بيده الملك biyedihi’l-mülk” ifadəsinin “bütün aləmlərin; göylərin yerin və arasındakıların mülkü [hökmranlığı]” olaraq anlaşılmalıdır. Bu mənanı aşağıdakı ayələr də təsdiq edir: Al-i İmran/26, 189, Bəqərə/107, Maidə/17, 18, 40, 120, Tövbə/116, Ənam/73, Əraf/158, İsra/111, Həcc/56, Furqan/2, 26, Mömin/16, Fatir/13, Zümər/44, Şura/49, Hədid/2, 5, Casiyə/27, Zühruf/85, Fəth/14, Bürclər/9.

Allahın  bəlalandırması. 2-ci ayədə keçən “yəbluvə” sözü “bəla” sözü ilə eyni kökdən gəlir. Bu kəlmənin lüğəti mənası “tükətmək, köhnəltmək”dir. Sınanmaq və ya sınaq, insanı tükədən/haldan salan, yorulmasına səbəb olan bir müddət olduğu üçün söz zamanla “bəla” sözünün yerinə işlədilməyə başlanmışdır.

Uca Allah fərdləri və cəmiyyətləri bəzən sıxıntı içində buraxa bilir, çətinliklərə və sıxıntılara sala bilir. Bunlar bir baxıma insana verilən bəla hökmündədir. Bu sınamağın/yoxlamağın məqsədi odur ki, insanları ağıllarını başlarına almağa, yanlış yolda olanları istiqamətlərini düzəltməyə, üsyan içərisində olanları Allaha itaətə dönməyə, beləliklə də, dünya həyatının bir imtahan olduğu şüuruna çatmağa yönəltsin. Dinin əmr və qadağaları da bir mənada bəladır. Çünki bəzi əmrlərin tətbiqatı, insan bədəninə çətinlik verir, bəzi qadağalar isə nəfsləri intizam altına alır. Belə hallarda insanların yaxşıları və pisləri açığa çıxır, şükr edənlərlə nankorlar bəlli olur.

Allahın bəlalandırmasının bir məqsədi də, daha əvvəl bir neçə dəfə açıqladığımız kimi, qulun halının müəyyən edilməsidir.  İnanan və inanmayan qullar hər kəs tərəfindən bilinir, görünür. Bu eynilə bir müəllimin sinifdəki şagirdlərini imtahan etməsinə bənzəyir. Müəllimin qayəsi şagirddən bir şey öyrənmək deyildir; şagirdin halını ortaya qoymaqdır. Beləliklə də, yaxşı qiymət, ya da pis qiymət alanlar müəyyən olar və müəllimin haqsızlıq etmədiyi ortaya çıxar. Allah da ehsan etdiyi nemətlər və verdiyi cəzalarda haqsızlıq etmədiyini göstərmək üçün bəlalandırır, imtahan edir. Beləliklə də, qullar da bir-birinin halına vaqif olarlar və Allahın kimsəyə haqsızlıq etdiyini irəli sürə bilməzlər.

  • 140,141Əgər sizə bir yara dəymişsə, o cəmiyyətə də bənzər bir yara toxunmuşdur. Və bax budur, o günlər Biz onları Allahın sizdən iman edən insanları bildirməsi/işa­rə­ləyib göstərməsi və sizdən şahidlər qəbul etməsi, Allahın iman edən insanları arın­­dırması, kafirləri isə məhv et­mə­si üçün insanlar arasında döndərib dururuq. Və Allah şərik qoşaraq səhv/öz zərərlərinə iş edənləri sevməz.      (Al-i İmran/140, 141)
  • 166–168İki topluluğun qarşılaşdığı gündə sizə toxunan şeylər də, Allahın izni ilədir/biliyi ilədir. Və möminləri bildirsin/işarələyib göstərsin və münafiqlik edən insanları, özləri oturub qalırkən qardaşları üçün: “Əgər bizə itaət etsəydilər, öldü­rül­məz­dilər” – deyən kəsləri bildirsin/işarələyib, göstərsin deyədir. Və onlara: “Gə­lin, Allah yolunda döyüşün və ya müdafiə edin” – deyilmişdi. Onlar: “Biz döyüş olduğunu bil­səy­dik, qətiliklə sizi xəbərdar edərdik” – dedilər. Onlar o gün, imandan çox Allahın tanrılığını, rəbbliyini ört-basdır etməyə yaxındılar. Onlar qəlblərində olmayan şeyləri ağız­la­rı ilə söyləyirlər. Allah gizlətdikləri şeyləri daha yaxşı biləndir. De ki: “Əgər doğru insanlarsınızsa, haydı, özünüzdən ölümü uzaqlaşdırın”. (Al-i İmran/166-168)
  • 94Ey iman edənlər! Qətiliklə Allah kimsəsiz yerlərdə kimin Ondan qorx­du­ğunu bildirmək üçün, sizi bir şeylə – əllərinizin və nizələrinizin çatacağı bir ov­la sınayar. Belə isə, kim bundan sonra həddi aşarsa, artıq acıqlı əzab onun üçün­dür. (Maidə/94)

Və Nəhl/39, Hədid/25, Ənkəbud/3.

Bəla sözü ilə əlaqədar aşağıdakı ayələr də təhlil edilə bilər: Bəqərə/49, 155-156, 249; Saffat/106; Duhan/33; Maidə/48, 94; Ənam/165; Al-i İmran/152, 154, 186; Əraf/141, 163, 168; Ənfal/17; Yunus/30; Hud/7; Muhəmməd/4, 31; Ənbiya/35; Kəhf/7; Nəml/40; Fəcr/15, 16; Nəhl/92; İnsan/2; Əhzab/11; İbrahim/6.

“Bəlalandırma” mövzusu daha əvvəl Qələm surəsinin təhlilində ələ alındığından, oradan oxunmasını məsləhət görürük.

1-ci və 2-ci ayələrdən ibarət olan bölmənin sonu “O, Əzizdir, Gafurdur” deyə bitir. Belə bir sonluqla ismarıcı verilir ki, Allahın cəzalandırmasına kimsə mane ola bilməz və yaşayışlarında Onu tanıyan və axirətə inananların qüsurları bağışlanacaq.

3,4O, yeddi qat göyü bir-biri üzərində uyğun şəkildə yaradandır. Rəhmanın yaratmasında bir çatlaq/uyğunsuzluq görməzsən. Buyur, gözünü döndər, bir pozuqluq görürsənmi? Sonra gözünü iki dəfə daha döndər. Gözün aciz və çox yorğun olaraq, sənə dönəcəkdir.

Bu ayələrdə Rəbbimiz Zatını tanıdır və bunu edərkən də insanların diqqətini kosmosa çevirib orada müşahidələr etmələrini və kainatdakı göy cisimlərinin hərəkətlərindəki nizam və intizamı görmələrini istəyir. Bu müşahidələr nəticəsində nə qədər axtararlarsa axtarsınlar, Allahın qurduğu nizamda bir qüsur, çatlaq, uyuşmazlıq, ahəngsizlik görə bilməyəcəklər. Yer üzündən göylərə qədər, kainatın hər yanı həqiqətən də uyumludurlar, ahəng içindədirlər, bir-biri ilə rabitəlidirlər və bir nizama bağlıdırlar. Beləliklə, bu araşdırma və müşahidələr nəticəsində insan Allahı tanıyaraq inanmaq halında qalacadır.

Ayədə keçən “yeddi göy” ifadəsi çoxluqdan kinayə olub, atmosferin təbəqələriylə əlaqədar deyildir. Hələ kosmos tamamilə kəşf edilməmiş də olsa, bu tamamlıq bütün kainati ifadə edir.

5Və and olsun ki, Biz ən yaxın göyü qəndillərlə bəzədik və onları kahinlərə boş söhbət materialı [meteorların yer üzünə düşməsi ilə, insanların kosmosdakı varlıqları tanımaları ilə şeytanların/kahinlərin, falçıların saxtakarlıqlarının ortaya çıxmasına vasitə] etdik. Və onlar üçün alovlu atəş əzabını hazırladıq.

Bir əvvəlki ayədə keçən “yeddi göy” ifadəsi bu ayədə daraldılaraq ulduzların, planetlərin, meteorların olduğu yerlər “yaxın göy” olaraq xarakterizə edilmişdir. İnsanoğlu daima üzünü göy üzünə çevirir və oranın sirrinə çatmağı arzulayır. Bunun necə olacağı, daha əvvəl Cinn, Hicr və Saffat surələrində “Qulaq oğurluğu Edən Şeytanlar” başlığı altında açıqlanmışdı.

Ayədə, göydəki qəndillər olan ulduzların, planetlərin və meteorların şeytanlar üçün “rücum” edildiyi ifadə edilir. Daha əvvəl bir çox yerdə açıqladığımız kimi, “rəcm, rücum” sözləri “öldürmək, daşlamaq, qovmaq, lənətləmək, zənnə dayalı söz söyləmək” mənalarında işlədilir.

Sözün bu mənaları nəzərə alındığında, bu ayədə müəyyən bir şeylərə eyham edildiyi anlaşılır. Bu eyhamdan:

  1. Şeytanların [kahinlərin, falçıların] ulduzlara baxaraq bir sıra zənnə əsaslanaraq söylədikləri sözlərin onların uydurduqları olduğunun bildirildiyini anlaya biləcəyimiz kimi,
  2. Meteorların yer üzünə düşməsiylə və ya insanların kosmosdakı varlıqları tanımalarıyla şeytanların [kahinlərin, falçıların] saxtakarlıqlarının ortaya çıxdığını da anlaya bilirik. Çünki kahinlər güya sahib olduqları, hökm etdikləri şeytanları/cinləri vasitəsi ilə bu ulduzlardan gələcəyə və qeybə aid bir sıra məlumatların özlərinə çatdığını iddia edirdilər. Halbuki göydəki bu qəndillər kəşf edilincə, artıq belə bir şeydən bəhs edilmədiyi və edilə bilməyəcəyi ortaya çıxır.

Xatırlanacağı kimi Cinn surəsində kahinlərin göydən məlumat almaq istəmələri mövzusunda belə bir paraqraf keçmişdi:

  • 8Və həqiqətən biz göyə toxunduq və onun qüvvətli gözətçilər və parlaq alovlarla dolu olduğunu gördük. 9Və heç şübhəsiz ki, biz göydən bir şey eşitmək üçün oturulan yerlərə otururduq. Yaxşı, indi hər kim bir şey eşitmək üçün çalışsa, özünə gözləyən parlaq bir alov tapar. 10Biz də, yer üzündəkilərə pislikmi istənildi, yoxsa Rəbləri onlara bir doğruluqmu dilədi bilmirik. (Cinn/8-10)

6Kafirlər üçün də cəhənnəm əzabı vardır. Və o, nə pis dönüş yeridir!

7Oraya atıldıqlarında, o qaynayarkən, onun qorxunc səsini eşidərlər.

8O, az qala qəzəbindən çatlayacaq. Hər zaman ora bir camaat atılsa, onun gözətçiləri onlardan soruşar: “Sizə bir xəbərdar edən gəlmədimi?”

9Onlar deyərlər ki: “Bəli, bizə xəbərdar edən gəldi və biz yalan saydıq və: “Allah heç bir şey endirmədi, siz ancaq böyük bir pozğunluq içindəsiniz” – dedik”.

10Və onlar deyərlər ki: “Əgər biz dinləmiş olsaydıq, yaxud ağılla hərəkət etmiş olsaydıq, bu çılğın atəşin əhli içində olmazdıq”.

11Beləcə, günahlarını etiraf etdilər. Artıq, xırım-xırda, toz-duman olmaq çılğın atəş əhli üçündür.

Bu ayə qrupunda Rəbbimiz, ətraflarındakı bu qədər ayəni görməzdən gələn nankorları təhdid edərək onları gözləyən nəticəni açıqlayır. Bu nankorlar çox pis bir dönüş yeri olan cəhənnəmdədirlər. Oranın sanki öfkədən çatlayacaqmış kimi qorxunc gurultusuyla əzab edilirlər. Cəhənnəmə gələnlərdən soruşulur: “Sizə bir xəbərdar edən gəlmədimi? Onlar da: “Bəli, bizə xəbərdar edən gəldi, amma biz yalan saydıq və “Allah heç bir şey endirmədi, siz ancaq böyük bir azğınlıq içindəsiniz” – dedik. Əgər biz dinləmiş olsaydıq, yaxud ağılla düşünmüş olsaydıq, bu çılğın atəşin əshabı içində olmazdıq” – deyərək günahlarını etiraf edirlər.

İnsanların ağıllarını işlətmədikləri və ya ayaqlarına göndərilmiş elçilərə qulaq asmadıqları üçün başlarını necə bəlaya salmış olduqları Quranda bir çox dəfə (Əraf/79; Furqan/44; Hud/106; Bəqərə/213; Nisa/39-42,165, Ənam/130, 131; İsra/15; Ta Ha/134; Qasas/47, 59; Fatir/37; Mömin/49, 50) dilə gətirilmişdir:

12Şübhəsiz ki, görünməyən, eşidilməyən, seçilməyən kimsəsiz yerdə Rəbbinə hörmətlə, sevgi ilə biliklə ürpərti duyanlar… Bağışlanma və böyük bir mükafat onlar üçündür.

Ətraflarındakı o qədər ayəni görməzdən gələnlərin aqibətləri bəyan edildikdən sonra bu ayədə də onların tam əksi olan və “Rəblərinin ayələri qarşısında qeybdə [kimsənin olmadığı tənha yerlərdə] haşyət [sayğı və heyranlıq] duyan möminlərin aqibəti bildirilir. Bu xüsusiyyətdəki möminlərə həm bağışlanacaqları, həm də mükafat alacaqları müjdə edilir.

“Qeybdə iman” və “qeybdə haşyət” doğru imanın əsasıdır.  Açıq meydanlarda inanmış görünərək, tənhalarda inancsız olmaq ikiüzlülükdür. Bu cür insanlar açıq kafirlərdən daha pis və təhlikəlidirlər.

  • 32–35Bax budur, bu, hər zaman Allaha yönələn və özünü/Allah ilə əlaqəni qoruyan, Rəhmandan görülmədiyi, eşidilmədiyi/seçilmədiyi yerlərdə belə, hörmətlə, sevgi ilə, biliklə ürpərən və könüldən bağlı olan hər kəs üçün verilən sözdür. “Salam ilə oraya daxil olun. Bax, budur, bu sonsuzluq günüdür”. Orada onlara nə istəyərlərsə, hamısı vardır. Qatımızda daha artığı da vardır. (Qaf/32-35)
  • 2–4Bax budur, bu kitab – özündə heç şübhə yoxdur, kimsəsiz yerlərdə iman edən, sa­la­atı iqamə edən, onları ruziləndirdiyimiz şey­lər­dən Allah yolunda xərcləyən/başda yaxınları olmaqla başqalarının dola­nı­şıq­la­rını təmin edən, sənə endirilənə və səndən öncə endirilənə iman edən, Allahın qo­ru­ması altına girənlər – ki, bunlar, axirətə də qətiliklə inanırlar – üçün bir bə­ləd­çidir.  (Bəqərə/2-4)
  • 94Ey iman edənlər! Qətiliklə Allah kimsəsiz yerlərdə kimin Ondan qorx­du­ğunu bildirmək üçün, sizi bir şeylə – əllərinizin və nizələrinizin çatacağı bir ov­la sınayar. Belə isə, kim bundan sonra həddi aşarsa, artıq acıqlı əzab onun üçün­dür. (Maidə/94)

Və Ənbiya/49, Fatir/18, Ya Sin/11.

13Və sözünüzü istər gizləyin/təqib edin, istərsə də onu açığa vurun… Şübhəsiz ki, Allah qəlblərin özünü ən yaxşı biləndir.

14Yaradan bilməzmi/O, yaratdığını bilməzmi? Və O, çoxlu lütf edən, gizliləri biləndir, hər şeyin iç üzünü, gizli tərəflərini də yaxşı biləndir.

15Allah, sizə yer üzünü boyun əydirəndir. Haydı, onun çiyinlərində/təpələrində/işinizə yarayan yerlərində yeriyin və Allahın ruzisindən yeyin. Və dirilmə ancaq, Onadır.

Bu ayələrdə Rəbbimiz həm öz Zatını tanıtmağa davam edir, həm də insanlara verdiyi nemətləri xatırladır.

Bölmənin ismarıcı açıqdır: “Etdikləriniz necə olursa olsun, Allah üçün fərqi yoxdur. Allah mütləq ondan xəbərdardır. Ona görə də günahları açıq şəkildə etməkdən çəkindiyiniz kimi, gizlicə etməkdən də çəkinin. O, açıq və gizli olan şeyləri bildiyi kimi, qəlblərdə olanı, düşüncələrinizi də bilir” .

15-ci ayədəki “onun [yer üzünün] çiyinləri” ifadəsiylə yer üzündəki dağlar və təpələr qəsd edilir. Buna görə insanlığa “Allah, sizə ən çətin yerlərdə belə gəzmək imkanı vermişdir” tərzində incə bir ismarıc verilir. Çünki istər insanın, istərsə də at və ya dəvə kimi heyvanların çiyinləri, üzərlərində durulması, oturulması imkansız, ya da çətin olan yerlərdir. Dünyanın çiyinlərindən istifadə etməyi isə Allah insanlara lütf etmişdir.

Bu nemətlər başqa ayələrdə belə təqdim edilmişdir:

  • 19,20Və Allah sizin üçün yer üzünü, yer üzündən geniş-geniş yollarda gedəsiniz deyə, bir döşənəcək etmişdir. (Nuh/19, 20)
  • 27Görmədinmi, heç düşünmədinmi, həqiqətən Allah göydən bir su endirdi? Biz onunla rəngləri başqa-başqa olan meyvələr/məhsullar çıxarırıq. Dağlardan da yol­lar var – ağlı, qırmızılı, müxtəlif rənglərdə, rənglərin müxtəlif tonlarında. Və qapqara tor­paqlar, yollar da var.          (Fatir/27)

Görünür ki, yer üzündəki hər şey insanın xidmətinə verilmişdir. Hər tərəfində gəzib dolaşsınlar, çalışıb çabalasınlar və Allahın verdiyi ruzilərdən yesinlər deyə, yer üzü insanlara boyun əydirilmiş, içindəki nemətlərdən istifadə etmələri asanlaşdırılmışdır. Bu ayələrdə Rəbbimiz bu nemətlərini xatırladaraq insanlardan məsuliyyətlərinin şüuruna varmalarını istəyir.

Bölmənin son ayəsindəki “Onun [Allahın] ruzisindən yeyin. Və diriliş, ancaq Onadır” ifadəsində, insanların yer üzündən əldə etdikləri ruzinin əslində Allahın verdiyi ruzi olduğuna diqqət çəkilərək, onlardan bu nemətlərin hesabının soruşulacağına işarə edilir. Həmçinin bu ifadə ilə insanlar yer üzünün hər tərəfində çalışıb, çabalamağa, başqasının deyil, özünün istehsal etdiklərinin qazancını yeməyə təşviq edilir.

  • 65Sən Allahın yer üzündəkiləri sizə boyun əydirdiyini [tam sizin yararlanacağınız ölçülərdə yaratdığını] və Özünün əmri ilə dənizlərdə axıb gedən gəmiləri görmədin­mi/heç düşünmədinmi? Göyü də Öz izni/biliyi olmadan yerə düşməkdən O saxlayır. Şübhəsiz ki, Allah insanlara çox şəfqətlidir, çox mərhəmətlidir. (Həcc/65)
  • 20Allahın, göylərdə və yer üzündə nə varsa hamısını sizin üçün boyun əydirdiyini, si­zin faydalanacağınız quruluş və sistemdə yaratdığını görmədinmi? Və Allah ba­tin­də və zahirdə olmaqla nemətlərini üzərinizə yaymışdır. İnsanlardan eləsi də var ki, biliksiz, bələdçisiz və aydınladıcı bir kitabı olmadan, Allah haqqında müba­hi­sə edir.(Loğman/20)
  • 12Allah öz işi olaraq, içində gəmilərin seyr etməsi, sizin də Onun ərməğanlarından ruzi axtarmağınız və özünüzə verilən nemətlərin qarşılığını ödəməyiniz üçün dənizi əmrinizə verən/yararlanacağınız quruluş və xüsusiyyətlərdə yaradandır. 13Və O, göylərdə və yer üzündə olan hər şeyi Özündən sizin xidmətinizə vermişdir. Şübhəsiz ki, bunda düşünən bir camaat üçün əlamətlər/nümunələr vardır. (Casiyə/12, 13)
  • 54Şübhəsiz ki, sizin Rəbbiniz, göyləri və yeri altı mərhələdə əmələ gətirən, sonra ən böyük taxt üzərində hegemonluq quran, gündüzü durmadan qovalayan gecə ilə bürüyən, günəş, ay və ulduzları əmrinə boyun əymiş olaraq yaradan Allahdır. Yaxşı bilin ki, yaratmaq və sistemlər qurub idarə etmək ancaq Ona aiddir. Aləmlərin Rəbbi olan Allah necə də səxavətlidir! (Əraf/54)
  • 12Və Allah gecəni, gündüzü, Günəşi və Ayı sizin əmrinizə verdi/sizin yararlana­ca­ğı­nız xüsusiyyətlərdə yaratdı. Ulduzlar da Onun əmrinə boyun əymişlər. Şübhəsiz ki, bunda ağlını işlədən bir cəmiyyət üçün əlamətlər/nümunələr vardır. (Nəhl/12)

16Ucalar ucası olan Allahın sizi yerə batırmayacağından arxayınsınızmı? Bir də baxarsan ki, çalxalamışdır.

17Ya da siz, ucalar ucası olan Allahın üzərinizə daş yağdıran bir qasırğa göndərməyəcəyindən arxayınsınızmı? Artıq xəbərdar etməyin necə olduğunu yaxında biləcəksiniz.

18Və and olsun ki, onlardan əvvəlkilər də yalan saydılar. Yaxşı, Məni tanımamaq/tanıtmamağa cəhd etmək necə oldu?

19Və onlar üstlərindəki sıra-sıra sıralanmış və burulmuş uçan şeylərə göz atmırlarmı? Onları Rəhmandan başqası tutmur. Şübhəsiz ki, O, hər şeyi ən yaxşı görəndir.

20Rəhmanın yaratdıq­lar­ın­dan sizə kömək edəcək bu əsgərləriniz kimlərdir? Kafirlər, sadəcə bir aldanış içərisindədirlər.

21Və ya Allah ruzisini kəsərsə, sizə ruzi verəcək o kəs kimdir? Əslində, onlar azğınlıq və nifrətdə dirənib, durmaqdadırlar.

22İndi üz üstə qapanaraq, yeriyənmi daha doğru gedər, yoxsa dosdoğru yolda dümdüz yeriyənmi?

Bu ayə qrupunda Rəbbimiz insanların diqqətini yaşadıqları şəraitlərdəki bəzi ayələrinə çəkib, onlara ağıllarını başlarına almağa yönəldəcək bir sıra təlimləndirici suallar soruşur. Bu suallarla insanların hər zaman Allahın nəzarəti altında olduqları, düz yollarından azarlarsa, Allahın onları cəzalandıracağı, ruzilərini kəsəcəyi, kimsənin azğınlara yardım edə bilməyəcəyi və ruzi verə bilməyəcəyi barədə xəbərdarlıq edilir.

Bu tərz xəbərdarlıqlar daha əvvəl də edilmişdi:

  • 96Və əgər o şəhərlərin xalqı inansaydılar və Allahın qoruması altına girsəydilər, əlbəttə üzərlərinə göydən və yerdən olan bolluqları açardıq. Lakin onlar yalan saydılar. Biz də onları etməkdə olduqlarına qarşılıq yaxaladıq.
  • 97–99Görəsən, o şəhərlərin xalqı gecə vaxtı yatmışkən özlərinə əzabımızın gəlməyəcəyindən arxayın idilərmi? Yoxsa, o şəhərlərin xalqı quşluq vaxtı mənasız işlərlə məşğul olarkən, onlara əzabımızın gəlməyəcəyindən arxayın oldular? Elə isə, Allahın incə planından arxayın oldularmı? Ziyana uğramış camaatdan başqası Allahın incə planından özünü arxayın görməz. (Əraf/96-99)
  • 45Sonra necə şəhərlər də vardı ki, şərik qoşmaqla səhv/öz zərərlərinə iş edərlərkən, Biz onları dəyişikliyə/dağıntıya uğratdıq. Artıq damları çökmüş, divarları üzərinə yı­xıl­mış­dır… Necə tərk edilmiş quyularla bomboş qalmış, betonla möhkəmləş­di­ril­miş saraylar! (Həcc/45)
  • 65De ki: “O, üstünüzdən və ayaqlarınızın altından əzab göndərməyə, yaxud separatçı/bölücü qruplar sizi ayırıb, kiminizin kiminizə qisasını daddırmağa gücü çatandır”. Bax, onlar yaxşı-yaxşı anlasınlar deyə, ayələrimizi necə hər tərəfinə çevirırik/təfərrüatı ilə açıqlayırıq. (Ənam/65)
  • 33Lutun qövmü xəbərdarlıqları yalan saydı. 34,35Biz onların üzərinə kiçik daşlar yağdıran bir fırtına göndərdik. Lutun ailəsi bundan ayrı tutuldu. Onları, qatımızdan bir nemət olaraq, səhər vaxtında qurtardıq. Biz özünə verilən nemətlərin qarşılığını ödəyəni belə mükafatlandırırıq. (Qəmər/33-35)

16, 17-ci ayələrdə keçən “göydə olan Adam” ifadəsi ilə əlaqədar olaraq keçmişdə “mələklər”, “Cəbrail” kimi izahlar edilmişdir. Kimiləri də bəhs edilən “zat”ı “Qüdrəti, səltənəti, Ərşi və hakimiyyəti göylərdə olan”, “göy üzünü yaradan” zat olaraq izah etmişdir. Ayədən anlaşılan, bu “zat”ın bilavasitə Allah olduğudur. Allahın məkandan münəzzəh olduğuna dair əqlən və nəqlən saysız sübut mövcud olduğuna görə, bu ifadənin mənasını aydınlaşdırmaq lazımdır.

Bu ayənin bənzərlərini Zühruf və Ənam surələrində də görmüşdük:

  • 3Və O, göylərdəki və yerdəki Allahdır. O, gizlininizi də, aşkarınızı da bilir. O, sizin nə qazandığınızı da bilir. (Ənam/3)

Bənzər ifadələr ehtiva edən aşağıdakı ayələri də əhatə edəcək şəkildə 16-cı və 17-ci ayələrdə keçən “göydə olan Adam” ifadəsinin iki şəkildə izahından bəhs etmək olar:

  1. Bu ifadə ərəb ənənəsinə görədir. Çünki ərəblər Allahın göydə olduğuna inanırdılar. Buna görə də onlara nankorluq etməmələri, əgər edərlərsə, inandıqları Allahın onları cəzalandıracağı xəbərdarlığı edilmişdir.
  2. Bu ifadədəki “səma” sözü ilə kainatin, yəni yaradılışlardan daha üstün, “ən üst nöqtə”  qəsd edilmişdir. Çünki insan, fitrətinə uyğun olaraq, Allahı düşünərkən göy üzünə baxar. Necə ki, dua edilərkən əllər havaya doğru qaldırılır. Adam sıxıntıya düşdüyündə üzünü səmaya çevirərək, Allaha yalvarır. Adətən də fövqəladə hadisələr üçün “göydən düşdü” təbiri işlədilir. Allahdan gələn kitablara da “Səmavi kitablar” deyilir. Demək olar ki, insan nə zaman Allahı düşünərsə, təbiətindən gələn bir reflekslə yerə deyil, göyə baxır.

Necə ki, Rəsulullahın dua etməsi ilə əlaqədar Bəqərə surəsində də aşağıdakı ayə yer alır:

  • 2–4Bax budur, bu kitab – özündə heç şübhə yoxdur, kimsəsiz yerlərdə iman edən, sa­la­atı iqamə edən, onları ruziləndirdiyimiz şey­lər­dən Allah yolunda xərcləyən/başda yaxınları olmaqla başqalarının dola­nı­şıq­la­rını təmin edən, sənə endirilənə və səndən öncə endirilənə iman edən, Allahın qo­ru­ması altına girənlər – ki, bunlar, axirətə də qətiliklə inanırlar – üçün bir bə­ləd­çidir.  (Bəqərə/144)
  • 15Kim Allahın özünə dünyada və axirətdə kömək etməyəcəyini sanırdısa, dərhal səmimiyyətlə Bizə yönəlsin, bir də Allahın yaratdıqlarından özünə zərər və mənfəət verə bilməyəcək o şeylərlə əlaqəsini kəssin. Sonra da baxsın/baxaq bu planı özünü qəzəbləndirən şeyi/başındakı xəstəlik dərəcəsində düşkünlüyü aradan qaldıracaqmı? (Həcc/15)

19-cu ayədə keçən “üstlərindəki sıra-sıra sıralanmış və bükülmüş uçan şeylər” ifadəsini birinci planda “quşlar” olaraq ələ alıb, Allahın onları uçan şəkildə yaratması və təbiət qanunlarını quşların havada dura biləcəkləri şəkildə nizamlaması” olaraq anlaya biləcəyimiz kimi, buludlar, ulduzlar, qalaktikalar və digər göy cisimləri olaraq da anlaya bilərik.

23De ki: “O, sizi inşa edən, sizə qulaq, gözlər və könüllər əmələ gətirəndir. Sahib olduğunuz nemətlərin qarşılığını necə də az ödəyirsiniz?”

24De ki: “O, sizi yer üzündə törədib çoxaldandır və siz Ona toplanıb götürüləcəksiniz”.

Rəbbimiz insanları təlimləndirib, düşünmələrini təmin edəcək bir sıra açıqlamalarından sonra bu ayələrdə də birbaşa elçisinə xitab edərək ona cəmiyyətlərə çatdırmasını istədiyi ismarıcını bildirir. Bir qınama və danlama ilə yanaşı verilən bu ismarıc onları həm düşünməyə, ibrət almağa, inanmağa sövq edəcək vasitə və qabiliyyətlərlə təchiz edildikləri reallığını, həm də bu vasitə və qabiliyyətlər üçün lazım olan məsuliyyətləri yerinə yetirib, yetirmədiklərinin hesabını vermək üçün Allahın hüzuruna çıxarılacaqları xəbərdarlığını ehtiva edir.

Ayədəki “sizi inşa edən [yaradan], sizə qulaq, gözlər və könüllər qılandır” ifadəsiylə, insanların heyvanlardan müxtəlif, üstün xüsusiyyətlərlə təchiz olunaraq yaradıldıqları, beləliklə də bu lütflərin haqqını vermələri, heyvanlar kimi hərəkət etməməli olduqları ismarıcı verilir.

  • 179Və and olsun ki, tanıdıqlarınızdan/tanımadıqlarınızdan bir çoxunu cəhənnəm üçün törədib çoxaltdıq; onların qəlbləri vardır, onlarla anlamazlar. Gözləri vardır, onlarla görməzlər. Qulaqları vardır, onlarla eşitməzlər. Bax budur, onlar dördayaqlı heyvanlar kimidirlər. Hətta, daha da pozğunlaşırlar. Bax budur, onlar laqeydlərin məhz özləridir. (Əraf/179)
  • 44Yoxsa sən, onların çoxunun həqiqətən vəhyə qulaq asacağını, yaxud ağılla hərəkət edəcəklərinimi sanırsan? Onlar heyvanlar kimidir. Əslində yol baxımından daha pozğundurlar/çaşqındırlar/aşağıdırlar. (Furqan/44)

25Bir də onlar: “Əgər doğru kəslərdənsinizsə, bu təhdid nə zaman?” – deyərlər.

26De ki: “Qətiliklə bu təhdid haqqında məlumat, Allahın yanındadır. Mən isə yalnız və yalnız açıq-aşkar bir xəbərdar edənəm”.

27Artıq onlar onu yaxınlaşmış görüncə, kafirlərin üzləri pisləşdi. Və: “Bax budur, bu, çağırıb durdu­ğu­nuz şeydir!” – deyildi.

Bu ayələrdə, inkarçıların möminlərə yönəltdikləri “Əgər doğru kimsələrdənsinizsə, bu söz verilən [təhdid] nə zaman?” sorğusu nəql edilərək Rəsulullaha bildirilir ki, onların bu məsxərəli suallarına necə cavab verməlidir.

İnkarçıların səmimiyyətsizcə soruşduqları bu sual daha əvvəl Yunus/48, Ya Sin/48, Nəml/71, Ənbiya/38 və Səba/29-da da nəql edilmiş və özlərinə verilən cavablar eyni surələrdə yer almışdır.

Burada da Rəbbimiz qiyamətin vaxtının müəyyən bir məqsəd üçün kimsəyə bildirilmədiyini açıqlamışdır:

  • 11Sonra onun yanına gəldiyində səslənildi: “Musa!
  • 12Mən sənin Rəbbinəm. Dərhal yaxınlarını və mallarını burada burax, şübhəsiz, sən təmizlənmiş vadidə, Tuvadasan – iki dəfə təmizlənmiş bir vadidəsən.
  • 13Və Mən səni seçdim – o halda, vəhy ediləcək olan şeyə…
  • 14“Heç şübhəsiz ki, Mən, Allahın məhz özüyəm. Məndən başqa Tanrı deyə bir şey yoxdur. O halda Mənə qulluq et və Məni anmaq üçün salaatı iqamə et. 15Şübhəsiz ki, o saat/Qiyamət gə­lə­cəkdir. Onu Mən, hər kəs əməyinin qarşılığını alsın deyə, az qalır ki, giz­lə­dim. (Ta Ha/11, 15)
  • 63,73İnsanlar səndən qiyamətin qopma vaxtı haqqında soruşurlar. De ki: “Onun biliyi, Allahın münafiq kişilərə, münafiq qadınlara, ortaq qoşan kişilərə, ortaq qoşan qa­dınlara əzab etməsi və Allahın mömin kişilərin və mömin qadınların töv­bə­lə­ri­ni qəbul etməsi üçün, ancaq Allahın nəzdindədir. Nə bilirsən, bəlkə qiyamə­tin qop­ma vaxtı yaxında olar. Və Allah çox bağışlayan, çox mərhəmət edəndir”. (Əhzab/63, 73)
  • 187Səndən Saat barədə – qiyamətin qopma anı barədə soruşurlar: “Nə zaman gəlib çatacaq?” De ki: “Onun bilgisi yalnız və yalnız Rəbbimin qatındadır. Onun vaxtını Özündən başqa heş kimsə açıqlaya bilməz. Onun vaxtını bilmək, göylərdə və yerdə ağır gəlmişdir/bilinməz olmuşdur. O sizə anidən gələr”.
  • Sanki sən onu çox yaxşı bilirmişsən kimi, onu səndən soruşurlar. De ki: “Onun bilgisi Allah qatındadır. Lakin insanların çoxu bilməzlər”. (Əraf/187)
  • 105–107Özlərinə açıq-aşkar dəlillər gəldikdən sonra parçalanan və ayrılığa düşən insanlar kimi də olmayın. Bax budur, bunlar bəzi üzlərin ağardığı, bəzi üzlərin də qa­ral­dı­ğı gündə özləri üçün böyük bir əzab olanlardır. Artıq üzləri qaralan insanlara: “Siz inandıqdan sonra, yenidən kafirmi oldunuz? Belə isə, küfr etdiyinizə görə dadın cəzanı!” Üzləri ağaran insanlar da bilin ki, Allahın mərhə­mə­ti içindədirlər. Onlar orada həmişəlik qalanlardır.                                                                                                   (Al-i İmran/105-107)
  • 32Bir vaxt da onlar: “Ey Allahım! Əgər bu, Sənin qatından gəlmiş bir haqqın/ger­çə­yin məhz özüdürsə, heç durma, üstümüzə göydən daşlar yağdır və ya bizə çox ağır bir əzab ver” – demişdilər. (Ənfal/32)

28De ki: “Heç düşündünüzmü? Əgər Allah məni və mənimlə bərabər olanları dəyişikliyə/dağıntıya uğratsa, yaxud bizə mərhəmət etsə… Yaxşı, kafirləri acıqlı bir əzabdan kim qoruyacaq?”

29De ki: “O, yaratdığı canlılara dünyada çox-çox mərhəmət edəndir. Biz Ona inandıq və sadəcə,  nəticəsini ona həvalə etdik. Artıq kimin açıq-aşkar bir pozğunluq içində olduğunu yaxında biləcəksiniz”.

30De ki: “Heç düşündünüzmü? Əgər suyunuz yerin dibinə çəkdirilərsə, sizə kim bir bulaq suyu gətirə bilər?”

Rəbbimiz bu ayələrdə elçisi vasitəsi ilə səslənərək inkarçıları düşünməyə dəvət edir. Bu dəvət bir az da təhdid ehtiva edir.

Xatırlayacağımız kimi, bundan əvvəlki surədə [Tur/30-da] nəql edilmişdi ki, müşriklər Rəsulullahın ölümünü dörd gözlə gözləyirdilər. (İrəlidə, Fəth/12, Tövbə/50 və Al-i İmran/120-də də Mədinədəki inkarçıların da eyni şeyi gözlədikləri ifadə ediləcəkdir.) Bölmənin 28-ci ayəsində inkarçıların bu gözləntisinə eyham edilib onlara özlərinin də öləcəkləri, inanmadan öldükləri halda acıqlı bir əzabdan xilas ola bilməyəcəkləri barədə xəbərdarlıq edilir. Dünyada ikən quraqlıq və susuz buraxılaraq, sıxıntıya boğulmaları da ehtimal daxilindədir.  Belə bir halda kimsənin özlərinə yardım edə bilməyəcəyini bilməli və ağıllarını başlarına toplamalıdırlar.

O dövrdə Məkkədəki su qaynaqları qıt idi. Məkkəlilər Zəmzəm və Meymun quyuları olmaqla sadəcə iki qaynaqdan yararlana bilirdilər. Rəbbimiz onlara bu qaynaqlardakı suların çəkilməsi halında hallarının necə olacağını xatırladır. Bu təhdidlər xəbərdarlıq məqsədi daşıyır; yəni sahib olduqları nemətlərin Allahdan olduğuna inanmalarını təmin etmək istəyir.

Rəbbimiz suyun böyük bir nemət olduğunu insanlara bir çox dəfə xatırlatmışdır:

  • 65–67Biz diləsəydik, tam yəqinliklə bilin ki, onu quru bir çöp edərdik və siz “Şübhəsiz, biz borc altına girmiş insanlarıq! Daha doğrusu, biz hər şeyi əlindən alınmış, yoxsul buraxılmış insanlar imişik!” – deyərək çaşıb qalardınız. 68Yaxşı, içdiyiniz suyu heç düşündünüzmü?
  • 69Sizmi buluddan endirdiniz onu, yoxsa Bizmi endirənlərik? (Vaqiə/65-69)

Surənin, son ayədəki “Əgər suyunuz yerin dibinə keçirilərsə, sizə kim bir bulaq suyu gətirə bilər?” sualının cavabı heç şübhəsiz ki, “Allah!” – şəklində olmalıdır.

Allah, doğrusunu ən yaxşı biləndir.

[1] Zemahşeri.