NƏBƏ SURƏSİNİN TƏBYİNİ

Nəbə surəsi Məkkədə enmiş 80-ci surədir. Adını ikinci ayədəki “ النّبإ Nəbə [mühüm xəbər]” sözündən almışdır. Nəbə sözü, surədə Qiyamət və Həşr haqqında verilən mühüm xəbər mənasındadır.

Surədəki ana xətt, Qiyamət və öldük­dən sonra dirilmə inancını isbat edir. Qurandakı anlatma üsullarından biri olan “əkslik” üsulu ilə öncə Allahın kafirlər üçün hazırlamış olduğu cəhənnəm və oradakı alçaldıcı əzab növləri, sonra da təqva sahibi möminlər və Allahın onlar üçün hazırlamış olduğu müxtəlif nemətlər anladılır.

Surədə yer alan mühüm mövzulardan biri də xəbərdarlıq və təhrik etmək məqsədiylə verilən axirətə aid məhkəmə səhnəsidir. Bu səhnədə vəhyin şahidliyi və inkarçıların peşmançılığı sərgilənir.

Surədə həmçinin Allahın kainatdakı axirətə inam yaratmağa yönəlik bir sıra ayələrinə diqqət çəkilir. 

TƏRCÜMƏ:

RƏHMAN, RƏHİM ALLAH ADINDAN

MƏKKƏ DÖVRÜ

Nəcm: 366

1–3Nə barədə – onların haqqında ayrı-ayrı inanca sahib olduqları böyük, əhəmiyyətli o xəbər haqqındamı soruşurlar?

4Qətiyyən onların düşündüyü kimi deyil! Onlar yaxında biləcəklər.

5Yenə, qətiyyən onların düşündüyü kimi deyil! Onlar yaxında biləcəklər.

6,7Biz yer üzünü bir beşik, dağları da bir dirək etmədikmi?

8Və Biz sizi cüt-cüt əmələ gətirdik.

9Və Biz sizin yuxunuzu bir istirahət etdik.

10Və Biz gecəni bir libas etdik.

11Və Biz gündüzü bir dolanışıq vaxtı etdik.

12Və sizin üstünüzə yeddi sağlamı/yeddi göy qatını qurduq.

13Və işıq saçan bir qəndil etdik.

(80/78, Nəbə/1–13)

Nəcm: 367

14–16Və Biz sıxışdırılmış buludlardan özü ilə dənələr, otlar, bir-birinə sarmaşmış bağlar və bağçalar çıxaraq deyə, şırıl-şırıl bir su endirdik.

17Şübhəsiz ki, Ayırma Günü qərarlaşdırılmış bir görüşmə vaxtı olmuşdur.

18O gün Sura üflənər… Siz də dərhal, dəstələr halında gələrsiniz.

19Göy üzü də açılıb, qapı-qapı/deşik-deşik olmuşdur.

20Dağlar da yeridilib, ilğıma dönmüşdür.

21,22Şübhəsiz ki, cəhənnəm azğınlar üçün son çatacaqları yer – gözləmə/pusqu yeri olmuşdur.

23Orada darlıq/qıtlıq içində qalacaqlar.

24Orada bir sərinlik və içməli bir şey də dada bilməzlər.

25,26Ancaq etdiklərinə uyğun bir cəza olaraq, bir qaynar su və irin dadarlar.

27Şübhəsiz ki, onlar hesabın belə olacağını ummazdılar.

28Və ayələrimizi/əlamətlərimizi/nümunələrimizi yalan saydıqca, yalan saydılar.

29Baxmayaraq ki, Biz hər şeyi yazaraq saydıq, yazdıq.

30Haydı, dadın! Bundan belə sizə, əzabdan başqa bir şey artdırmayacağıq.

31–37Qətiliklə, Allahın qoruması altına girənlər üçün Rəbbindən – göylərin, yerin və bu ikisi arasındakıların Rəbbindən, Rəhmandan bir qarşılıq və yetərli bir ianə olaraq sığınacaqlar/qurtuluş məkanları – sulanan bağlar/bağçalar, üzümlər, hamısı bir səviyyədə tumurcuqlar – çiçək bağçaları, dolu-dolu su qabları vardır. Onlar orada boş bir söz və yalan eşitməzlər. Onlar Onun hüzurunda söz söyləməyə güc yetirə bilməzlər.

(80/78, Nəbə /14–37)

Nəcm: 368

38–40Endirilmiş ayələr və vəhy şahid olaraq səf-səf dikildikləri gün, Rəhmanın izin verdikləri istisna olmaqla heç kimsə danışa bilməz. Və o izin verilən doğrunu söyləyər: “Bax budur, bu, Haqq gündür. Artıq diləyən Rəbbinə sığınar. Şübhəsiz, Biz sizi yaxın bir əzab ilə xəbərdar etdik”. O gün insan iki gücünün/mal və ətrafının nə təqdim etdiyinə baxar/etdikləri ilə üz-üzə gələr və kafir: “Ah nə olaydı, kaş mən bir torpaq olaydım” – deyər.

(80/78, Nəbə/38–40)

TƏHLİL:

1–3Nə barədə – onların haqqında ayrı-ayrı inanca sahib olduqları böyük, əhəmiyyətli o xəbər haqqındamı soruşurlar?

Surə Məkkə müşriklərinin öz aralarında çox danışdıqları və razılığa gələ bilmədikləri “böyük mühüm xəbər”ə diqqət çəkməklə başlayır. Rəsulullah dövründə kafirlər dünya həyatının sona çatacağı barəsində inanc birliyinə sahib deyildilər. Ona görə də öz aralarında belə daima mübahisə edib çəkişirdilər. Surənin bu ilk ayələrində dilə gətirilən ixtilaf da onların Quran və xüsusilə qiyamət və axirət haqqındakı bu ixtilaflarıdır. Rəbbimiz Quranı və ondakı qiyamət və axirətə dair məlumatləri “böyük, mühüm xəbər” olaraq xarakterizə edərək, onların bu məsələdəki fikir ayrılıqlarının əbəs olduğu ismarıcını verir.

  • 67De ki: “O/Quran, çox böyük, vacib bir xəbərdir. 68Siz ondan üz çevirirsiniz. 69Onlar bir-birləri ilə müzakirə edərkən, mənim “ən üstün şeylərin doldurulduğu/Qurana dair bir məlumatım yox idi. 70Ancaq mən, bəli mən, açıq-aşkar bir xəbərdarlıq edən olduğum üçün, mənə vəhy edilir”. (Sad/67, 70)
  • 4–6Onlar böyük bir gün üçün – insanların aləmlərin Rəbbi hüzurunda ayaq üstdə duracaqları gün üçün təkrar dirildiləcəklərini bilmirlərmi? (Mutaffifin/4-6)

Kafirlərin qiyamət və axirətə dair düşüncə və inancları Quranda bir çox dəfə (Fussilət/50, Casiyə/24, Casiyə/24, 32, Ənam/29, , Zəriyət/7- 14, Ya Sin/78, Qaf/1-11) nəql edilmişdir.

Məkkəli müşriklərin bu əsassız, ziddiyyətli inanclara sahib olması, məlumatsız olmalarına və mövzuya olan laqeydliklərinə görədir. Əgər bu mövzu haqqında müşahidə və araşdırmalar etsəydilər, əsassız inanc və düşüncələr yerinə sağlam bir inanca nail olardılar.

4Qətiyyən onların düşündüyü kimi deyil! Onlar yaxında biləcəklər.

5Yenə, qətiyyən onların düşündüyü kimi deyil! Onlar yaxında biləcəklər.

Açıq bir təhdid ehtiva edən bu ayələrdə, kafirlərin “Saatın [qiyamətin] gələcəyini sanmıram. Və əgər Rəbbimə döndərilərəmsə, Onun qatında heç şübhəsiz, mənim üçün ən gözəli vardır”, “Həyat, ancaq bu dünya həyatımızdan ibarətdir. Ölürük və yaşayırıq. Bizi ancaq dəhr [keçən uzun zaman] həlak edər”, “Saatın nə olduğunu bilmirik, yalnız biz, sadəcə zənn edirik, qəti bir məlumat əldə etmiş deyilik” “Kim dirildəcəkmiş o sümükləri? Onlar çürümüş ikən!” “Bu çaşılacaq bir şeydir! Öldüyümüz və bir torpaq olduğumuz vaxtmi? Bu uzaq bir dönüşdür” şəklindəki düşüncələri rədd edilərək, yaxında bütün həqiqətləri anlayacaqları, bilavasitə yaşayaraq öyrənəcəkləri bildirilir.

Ayələrdəki “كلّا kəlla [Xeyr… Xeyr …] ədatından anlaşıldığına görə, kafirlər “mühüm, böyük xəbər” barəsində bir-birləriylə mübahisə etsələr belə, sonunda inkar etməyə yönələrək Qiyaməti də, Axirəti də yalan saymışdılar.

6,7Biz yer üzünü bir beşik, dağları da bir dirək etmədikmi?

8Və Biz sizi cüt-cüt əmələ gətirdik.

9Və Biz sizin yuxunuzu bir istirahət etdik.

10Və Biz gecəni bir libas etdik.

11Və Biz gündüzü bir dolanışıq vaxtı etdik.

12Və sizin üstünüzə yeddi sağlamı/yeddi göy qatını qurduq.

13Və işıq saçan bir qəndil etdik.

14–16Və Biz sıxışdırılmış buludlardan özü ilə dənələr, otlar, bir-birinə sarmaşmış bağlar və bağçalar çıxaraq deyə, şırıl-şırıl bir su endirdik.

Rəbbimiz bu ayələrdə “mühüm, böyük xəbər” haqqında ixtilaf edib, heç cür inana bilməyənlərə, öldükdən sonra dirildiləcəklərinə inanmalarına vəsilə olacaq bəzi nemətlərini və yaratmasındakı incəlikləri xatırladır. Beləliklə, təbiət qanunlarının fəaliyyəti haqqında məlumat verərək, ismarıc verir ki, kafirlər içində yaşadıqları təbiəti və hətta bilavasitə öz həyatlarını yaxşı təhlil etməlidirlər.

Rəbbimiz etdiyi işləri sadalayarkən, müxatiblərə “etmədikmı?”, “qılmadıqmı?” şəklində xitab edir. Bundan anlaşılan, bu mövzuda araşdırma və müşahidə edən hər kəsin, kainatdakı heç bir şeyin kor təsadüf əsəri olmayıb, ağıllı bir tərtibin nəticəsi olduğunu anlayacağı, kainatdakı hər meydana gəlmənin canlıların yararına olduğunu fərq edəcəyi, sonunda isə bütün bunların Allah tərəfindən yaradıldığını qəbul etmək məcburiyyətində qalacağı reallığıdır.

Bölmədə diqqət çəkilən ayələrin [əlamət, dəlil və işarələrin] hər biri, daha əvvəl bir çox surədə geniş şəkildə yer almışdı. Hamısında da “bunları edən, bunları etməyə güc yetirən [Allah], yenidən diriltməyə qadir olmazmı” – deyilmək istənmişdir.

  • 78Və öz yaradılışını diqqətə almayaraq, Bizə bir məsəl də çəkdi. Dedi ki: “Kim dirildəcəkmiş o sümükləri? Onlar çürümüş ikən!”
  • 79,80De ki: “Onları ilk dəfə yaradan onları dirildəcəkdir. Və O, hər yaratdığını çox yaxşı biləndir. O, sizə yamyaşıl ağacdan bir atəş/oksigen düzəldəndir. İndi də siz ondan/oksigendən yandırırsınız.
  • 81Göyləri və yeri yaradanın onlar kimilərini də yaratmağa gücü yetməzmi? Bəli, əlbəttə, gücü yetər! Və O, çox mükəmməl yaradandır, çox yaxşı biləndir.
  • 82Şübhəsiz ki, O, bir şeyi dilədiyində, Onun buyurduğu/işi o şeyə “Ol!” deməkdir. O da dərhal olur. (Ya Sin/78-82)
  • 3O insan özünün sümüklərini qətiyyən bir yerə toplaya bilməyəcəyimizimi sanır? 4Bəli, Bizim onun barmaq uclarını/bütün orqanlarını/qoxularını nizamlamağa gücümüz yetər!
  • 5Əslində o insan, önünü/qalan ömrünü din-iman tanımayıb, pisliyə batmaqla keçirmək istəyir. 6Soruşur: “Qiyamət günü nə zamanmış ki?” (Qiyamət/3-6)
  • 36Yoxsa o insan özbaşına buraxılacağınımı sanır? 37O, nizamlanmış/diqqətlə ölçülüb biçilmiş spermadan bir nütfə deyildimi?
  • 38Sonra da bir embriyon idi ki, sonra onu əmələ gətirmiş, sonra da nizama salmışdır 39ki, ondan da iki həmtayı – erkək və dişini var etmişdir.
  • 40Yaxşı, bütün bunları edən, ölüləri diriltməyə gücü yetən deyilmidir? (Qiyamət/36-40)

9-cu ayədəki “Və Biz, sizin yuxunuzu bir dincəlmə qıldıq” ifadəsi ilə yuxumuzun yaşamağımızdakı əhəmiyyətinə toxunulmuşdur. Yuxu, həyatımızı sağlam olaraq keçirə bilməyimizin ən təməl şərtlərindən biridir. Müasir elm bu gün yuxunun vücudu dincəltdiyini, kiçik yaşdakıların sağlam böyüməsini təmin etdiyini, böyümə hormonlarını inkişaf etdirdiyini, immun sistemi üçün lazımlı olan kimyəvi birləşmələrin yuxu halında ikən ifraz olunduğunu; insana əzələlərini və digər toxumalarını bərpa etmə, yaşlanan və ya ölən hüceyrələrini yeniləmə, hafizədəki məlumatları tənzimləmə, lazımsız olanları unutma və arxivləşdirmə imkanı verdiyini; bütün gün çalışan beynin bir yüklənmə müddəti olduğunu, digər orqanlardakı enerji sərfini qısaraq beyin hüceyrələrinin fəaliyyətləri üçün lazım olan enerjini artırdığını və daha bir çox yararının mövcud olduğunu artıq kəşf etmişdir.

Belə ki, Al-i İmran surəsində də möminlərə yuxu ilə bir çox fayda təmin olunduğu bildirilmişdir:

  • 154Sonra Allah o kədərin ardından üzərinizə bir arxayınlıq, sizdən bir qrupu örtüb, bü­rü­yən bir yuxu endirdi. Bir qrup da, nəfslərinin sevdasına düşdü – Allah haqqında hə­qi­qət­dən kənar, cahiliyyət zənni olaraq, zənn artırırdılar. Onlar: “Bu işdən bizə bir şey var­mı?” – deyirdilər. De ki: “iş Allaha aiddir. Onlar, sənə açıqlaya bilmədikləri şey­ləri içlərində saxlayırdılar. Onlar: “Bizə bu işdən bir şey olsaydı, burada öldürül­məz­­dik” – deyirdilər. De ki: “Əgər siz, evlərinizdə olsaydınız belə, üzərlərinə öl­dü­rül­mə yazılmış olanlar, qətiliklə yan verib yatacaqları [öldürüləcəkləri] yerlərə çıxıb ge­də­cəkdi”. Və o, Allahın qəlblərinizdəkini sınaması və qəlblərinizdəkini təmizləməsi üçündür. Və Allah qəlblərinizdəkini çox yaxşı biləndir.   (Al-i İmran/154)

10-cu ayədəki “Və Biz, gecəni bir libas etdik” ifadəsiylə də gecənin nemət olması məsələsinə toxunulmuşdur. Belə ki: Gecə, düşməndən gizlənmək, bəzi şeyləri gizləmək üçün uyğun bir şəraitdir. Həmçinin yuxarıda yararlarını saydığımız yuxu üçün də ən uyğun zaman kəsiyidir.

Rəbbimiz, insanlara verdiyi nemətlərini bir çox ayəsində açıqlamışdır. Bu açıqlamalardakı məqsəd, bunların hamısının Allah tərəfındən tənzimlənmiş olduğunu vurğulamaqdır:

  • 21Yenə Onun əlamətlərindən/nümunələrindəndir ki, sizin üçün nəfslərinizdən özlə­ri­nə isinəsiniz deyə, həmtaylar yaratmış, aranıza bir sevgi və mərhəmət qoymuşdur. Şübhəsiz ki, bunda, yaxşı-yaxşı düşünə bilən bir cəmiyyət üçün necə əlamətlər/nü­mu­nələr vardır. (Rum/21)
  • 47Və O, sizin üçün gecəni libaslar, yuxunu da rahatlıq üçün yaradandır. Və O, gündüzü yayandır. (Furqan/47)
  • 1–4Qara cahilliyi, vəhyin aydınlığını/elmi biliyi və genetik xüsusiyyətləri sübut göstərirəm ki, sizin əmək və səyləriniz, tam əmin olun ki, dağınıq və parça-parçadır. (Leyl/1-4)
  • 48Allah küləkləri göndərəndir. Sonra küləklər bir buludu sovurarlar. Sonra Allah onu göy üzündə necə diləyərsə, elə yayar və onu parça-parça edər. Sonra da sən onun dərinliklərindən yağış çıxdığını görərsən. Bax budur, Allah onu qulla­rın­dan dilədiyi kimsələrə isabət etdirdiyi vaxt, onlar müjdələnir, xoşbəxt olarlar. (Rum/48)
  • 2–4Allah göyləri gördüyünüz şəkildə, dirəklər olmadan yüksəldən, sonra ən böyük taxt üzərində hegemonluq quran, Günəşə və Aya boyun əydirən/varlıqların yararlanacağı xüsusiyyətlərdə yaradan Zatdır. Hamısı adı qoyulmuş bir müddət sonuna axıb gedir. O, işi istiqamətləndirir, Rəbbinizə qovuşacağınız günə qane olasınız deyə, ayələri ətraflı şəkildə izah edir. Və O, yer üzünü genişləndirən, orada sabit dağlar və çaylar yaradandır. Və O, orada meyvələrdən iki cüt etdi. O, gecəni gündüzün üzərinə örtür. Şübhəsiz ki, bunda yaxşı-yaxşı düşünən bir cəmiyyət üçün əlamətlər/nümunələr vardır. Və O, yer üzündə bir tək su ilə sulanan bir-birinə qonşu qitələr, üzümlərdən bağçalar, əkinlər, şaxəli və şaxəsiz xurmalıqlar yaradandır. Və Biz meyvələrin də, qoxuların da, dadların da birini digərindən üstün edirik. Şübhəsiz ki, ağlını işlədən bir cəmiyyət üçün bunda bəzi əlamətlər/nümunələr vardır. (Rad/2-4)

17Şübhəsiz ki, Ayırma Günü qərarlaşdırılmış bir görüşmə vaxtı olmuşdur.

18O gün Sura üflənər… Siz də dərhal, dəstələr halında gələrsiniz.

19Göy üzü də açılıb, qapı-qapı/deşik-deşik olmuşdur.

20Dağlar da yeridilib, ilğıma dönmüşdür.

Bu ayələrdə, “Ayırma Günü”nün [Məhşərin] qətiliyi bildirilərək, o günə qədərki müddətdə dünyanın yox olmasıyla bağlı əsas hadisələr təsvir edilir. Axirətin müxtəlif mərhələlərini ehtiva edən o gün, “Yevmül-Fasl [Ayırma günü]” olaraq xarakterizə edilmişdir. Məhşərin “Ayırma Günü” olaraq xarakterizə edildiyi başqa ayələr də vardır:

  • 8Bax o ulduzların silindiyi/ləğv edildiyi/uzaqlaşdırıldığı zaman, 9göy aralandığı zaman, 10dağlar sovrulduğu zaman, 11–13şahidlik edəcək elçilər, şahidlik üçün gözlədildikləri “Ayırdetmə günü”/şahidlik vaxtı müəyyən olunduğu zaman, 14“Ayırdetmə günü”nün nə olduğunu sənə nə bildirdi? 15O gün, yalan sayanların vay halına! (Mürsəlat/8-15)

Qiyamət günündə kainatın vəziyyətini anladan bu və buna bənzər səhnələr Quranın müxtəlif surələrində dilə gətirilmişdir. Bütün bu səhnələrdəki ortaq görüntü budur: O gün kainatın nizamı pozulacaq və bu nizamsızlığı qorxunc gurultular, partlayışlar və sarsıntılar müşayiət edəcəkdir. Ancaq dəhşət verən bu hadisələr, insanların keçmişdən bəri bildiyi ildırım, zəlzələ, vulkan püskürməsi kimi kiçik ölçülü təbiət hadisələrinə heç bənzəməyəcək, dünyadakı heç bir hadisə ilə müqayisə oluna bilməz şiddətdə və böyüklükdə olacaqdır. Beləliklə, insanın o günkü dəhşəti dərk etməsi mümkün deyildir. Bu reallığa baxmayaraq, Qiyamət anlatmalarının müxtəlif səhnələrlə təkrarlanması, bu hadisənin reallaşacağını insanların ağılla dərk etməsi məqsədi daşıyır.

Yevmül-Fasl: “Ayırd etmə günü” mənasına gələn bu ifadə bir isim tamamlığıdır. Əl-Yevm ərəbcədə “gün” deməkdir. Əl-Fasl sözü isə isim olaraq “iki şey arasındakı məsafə”, fel olaraq isə “iki şey arasına məsafə qoymaq, bitişik hala gəlmiş iki ayrı şeyi bir-birindən ayırmaq” mənalarına gəlir. Əl-Fasl sözünün fel mənası “bir bütünü yarmaq, ikiyə ayırmaq” demək olan şaqq sözü ilə qarışdırılmamalıdır. Çünki Qiyamət günündə bir bütün ikiyə ayrılmayacaq, onsuz da bir-birindən ayrı olan şeylərin ayrılması həyata keçəcəkdir. Yəni o gün haqq ilə batil, mömin ilə kafir bir-birindən ayrılacaqdır. Qiyamət gününə “Yevmül-Fasl [Ayırd etmə günü]” deyilməsinin səbəbi budur. Bəzilərinin “qərar günü”, “hökm günü” olaraq tərcümə etdikləri bu ifadənin izahsız olaraq, lüğəti mənasıyla tərcümə edilməsi, bizə görə ən uyğun olanıdır.

  • 19,20Artıq o çətin bir qışqırıqdan ibarətdir. Bir də baxarsan ki, onlar qarşıda dururlar. Və: “Eyvah bizlərə! Bax budur, bu, Din Günüdür!” – deyərlər.
  • 21Bax budur, bu sizin yalan saydığınız Ayırdetmə Günüdür!
  • 22,23Toplayın, o şərik qoşaraq, səhv/öz zərərlərinə iş edənləri, həmtaylarını və Allahın yaratdığı sərvətlərdən sitayiş etmiş olduqları şeyləri. Sonra da onları cəhənnəmin yoluna bələdçiləyin. 24,25Və durdurun onları, şübhəsiz, onlar sorğu-suala çəkiləcəklər: “Nə oldu sizlərə ki, niyə bir-birinizə kömək etmirsiniz?”
  • 26Əksinə, bu gün onlar təslim olanlardır. (Saffat/19-26)
  • 40Şübhəsiz ki, Ayırma Günü onların hamısının görüşmə yeridir/qərarlaşdırılmış görüşmə vaxtıdır.
  • 41,42O gün Allahın mərhəmət etdiyi insanlar istisna olmaqla, heç bir yaxının yaxınına heç bir şəkildə faydası olmaz. Onlara kömək də edilməz. Şübhəsiz ki, Allah ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olanın, əngin mərhəmət sahibinin məhz özüdür. (Duhan/40-42)

17Şübhəsiz ki, Ayırma Günü qərarlaşdırılmış bir görüşmə vaxtı olmuşdur.

18O gün Sura üflənər… Siz də dərhal, dəstələr halında gələrsiniz.  (Nəbə/17-18)

“Fasl günü [Ayırma günü]” ilə əlaqədar olaraq Mürsəlat surəsinin təhlilində geniş açıqlama etdiyimizdən, oradan oxunmasını məsləhət görürük.

O gün qətiyyən haqsızlıq barədə söhbət belə ola bilməz:

  • 71O gün Biz bütün insanları başçılarıyla çağıracağıq ki, o gün, kimin kitabı sağ əlinə verilərsə, bax budur, onlar öz kitablarını oxuyacaqlar və onlar qəndil fitili/çəkirdəyin ipliyi qədər bir haqsızlığa uğradılmayacaqlar. (İsra/71)

Ayədə göyün açılaraq qapı-qapı, yəni bir mənada dəlik-deşik olduğu bəyan edilmişdir. Bilindiyi kimi, Rəbbimiz bir çox ayədə göyün bir tavan olduğundan bəhs etmişdir. Göy həqiqətən də bir tavan fəaliyyətindədir. Bu xüsusiyyəti ilə göy üzü, kosmosdan bizə gələ biləcək hər cür fəlakətə mane olur.

  • 32Və Biz göy üzünü qorunmuş bir tavan etdik. Onlar isə göy üzünün ayələrindən üz çevirənlərdir. (Ənbiya/32)

Qiyamət əsnasında göy üzünün bu xüsusiyyəti ortadan qaldırılacaq, göy üzü dəlik-deşik olacaq, göydən meteorlar, zərərli şüalar yer üzünə enəcəkdir. Bu mövzuyla əlaqədar elm texnika kitablarında geniş məlumat vardır.

Göründüyü kimi, yuxarıda anladılan xüsusiyyətlərdəki göy üzü o gün dəlik-deşik olub, yer üzündəki həyatı yox edəcəkdir:

  • 6,7Şübhəsiz ki, Biz olacaq əzabı çox yaxın görərkən, onlar onu çox uzaq görürlər.
  • 8–10O gün göy ərimiş bir mədən kimi olar. Dağlar da didilmiş rəngli yun kimi olar. Və bir isti/yaxın dost özünün bir isti/yaxın dostundan əhvalını soruşmaz. (Məaric/6-10)
  • 13–17Sura bir tək üfləmə üfləndiyi, yer üzü və dağlar yerlərindən qaldırılıb, bir çırpılışla bir-birinə çırpılaraq, darmadağın edildiyi zaman, bax budur, o gün, “o hadisə” baş vermişdir. Və göy yarılmışdır, artıq o, o gün dayanaqsızdır. Bütün güclər, səmanın ətrafındadırlar. O gün Rəbbinin böyük taxtını/varlığını, birliyini, ucalığını, ən yüksək məqamın sahibi olduğunu yox edilən keçmiş varlıqların yerinə yaradılan, daha yaxşı, daha mükəmməl yeni varlıqlar əks etdirirlər. (Haqqa/13-17)

21,22Şübhəsiz ki, cəhənnəm azğınlar üçün son çatacaqları yer – gözləmə/pusqu yeri olmuşdur.

23Orada darlıq/qıtlıq içində qalacaqlar.

24Orada bir sərinlik və içməli bir şey də dada bilməzlər.

25,26Ancaq etdiklərinə uyğun bir cəza olaraq, bir qaynar su və irin dadarlar.

27Şübhəsiz ki, onlar hesabın belə olacağını ummazdılar.

28Və ayələrimizi/əlamətlərimizi/nümunələrimizi yalan saydıqca, yalan saydılar.

29Baxmayaraq ki, Biz hər şeyi yazaraq saydıq, yazdıq.

30Haydı, dadın! Bundan belə sizə, əzabdan başqa bir şey artdırmayacağıq.

Bu ayələrdə, dünya dəyişdirildikdən sonra əmələ gətirilən cəhənnəmin dəhşətli bir yer olduğu açıqlanır. Belə ki, qiyamət qopmuş, hesablar görülmüş, kafirlər cəhənnəmə sürülürlər.

İyirmi üçüncü ayədəki “احقاباً ahqabən” sözü “dövrlər” mənasına alınaraq, cəhənnəmin müddətli olduğu irəli sürülmüşdür. Biz bu mövzuya dair daha əvvəl etdiyimiz bir araşdırmadan bir bölməsini burada da nəql edirik.

Cənnət və cəhənnəm əbədidirmi?

Quran, dünya həyatının keçici, axirət həyatının isə əbədi olduğunu dəfələrlə təkrarlamış və axirət yurdunu “beka [daima qalıcılıq] yurdu” olaraq xarakterizə etmişdir. Beləliklə, axirət həyatında möminlərin mükafatlandırılacağı cənnət ilə üsyan əhlinin cəzalandırılacağı cəhənnəm bir əbədilik yurdu olmalıdırlar. Onsuz da Quranın bir çox ayəsində möminlərin cənnətdə, kafirlərin isə cəhənnəmdə əbədi olaraq qalacaqları bildirilərək bu xüsus açıq şəkildə qeyd edilmişdir.

Bir an üçün bunun əksi düşünüləcək olarsa, yəni Allahın insanlara malları və canları qarşılığında satdığı cənnət yurdu keçici bir məkan olarsa, bu təqdirdə Allahın qullarına “sonsuz neməti verməyi vəd etdiyi əbədi “Darul-Əman”ın hara olduğu sualı ortaya çıxacaqdır. Quranda cənnətdən başqa belə bir yerin varlığı haqqında hər hansı bir məlumat yoxdur. Digər tərəfdən Quranda daimilik ərz edən bir cəza ərazisi olaraq tanıdılan cəhənnəmə girənlərin oradan çıxacağına, çıxa biləcəyinə, çıxarılacağına dair ən xırda bir işarə yoxdur. Tam əksinə, ayələr cəhənnəmə salınanların orada əbədi olaraq qalacaqlarını bildirir:

  • 37–39Sonra da Adəmə, Rəbbindən bəzi kəlmələr gəldi/özünə vəhy edildi. Biz dedik ki: “Hamınız oradan enin. Artıq sizə mənim tərəfimdən bir bələdçi gəldiyində, kim bələdçimə uyarsa, onlar üçün heç bir qorxu yoxdur, onlar məyus olmayacaqlar. Və küfr etmiş və ayələrimizi yalan saymış kimsələr… Bax budur, onlar atəşin əhlidirlər. Onlar orada təməlli qalacaqlar”. Sonra da Allah onun tövbəsini qəbul etdi. Qəti olaraq O, tövbələri çox-çox qəbul edənin, çox tövbə fürsəti verənin, çox mərhəmətli olanın məhz özüdür. (Bəqərə/37-39)
  • 116Kafirlərin malları və övladları Allahın qatında onlara qətiyyən bir fayda verməyəcəkd Və bax budur, onlar atəş əhlidirlər. Onlar orada həmişəlik qalanlardır. (Al-i İmran/116)  
  • 161,162Küfr edən və bu halda ölənlər… Bax budur, onlar… Allahın, təbii güclərin/vəhylərin, insanların hamısının kənarlaşdırması onlaradır. Onlar kənarlaşdırmada təməlli qalanlardır. Onlardan əzab yüngülləşdirilməz və onlara baxılmayacaqdır da.(Bəqərə/161, 162) 
  • 68Allah münafiq kişi və münafiq qadınlara və kafirlərə/inanmayanlara, içində təməlli qalacaqları cə­hənnəm atəşini vəd etmişdir. O, onlara yetər. Və Allah onları kənarlaşdırıb mər­hə­mətindən məhrum buraxmışdır! Və onlara qalıcı bir əzab vardır. (Tövbə/68)
  • 71Və kafirlər qətiliklə, bölük-bölük cəhənnəmə sövq olunacaq. Sonunda oraya çatdıqlarında qapıları açılacaq. Və onun gözətçiləri onlara: “İçinizdən sizə Rəbbinizin ayələrini oxuyan, bu gününüzlə qarşılaşacağınıza dair sizi xəbərdar edən elçilər gəlmədimi?” – deyəcək­lər. Onlar: “Bəli gəldi” – deyəcəklər. Və lakin kafirlər üzərinə əzab kəlməsi haqq oldu.
  • 72Həmişəlik olaraq, içində qalmaq üçün girin cəhənnəmin qapılarından” – deyildi. Yekəxanalıq edənlərin yeri nə pisdir! (Zümər/71, 72)
  • 69–76Allahın ayələri barəsində mübahisə edənləri görmədinmi/heç düşünmədinmi? Necə də döndərilirlər? Kitabı və elçilərimizə göndərdiklərimizi yalan sayanlar əlbəttə, irəlidə boyun­ların­da halqalar və zəncirlər olaraq qaynar suya salınıb, sonra atəşdə yandırılarkən, biləcəklər. Sonra onlara: “Allahın yaratdıqlarından ortaq qoşduğunuz şeylər haradadır?” – deyilər. Onlar: “Bizdən yox olub, getdilər. Əslində biz, onsuz da əvvəldən heç bir şeyə yalvarmırdıq” – deyərlər. Bax budur, Allah kafirləri belə azdırır: “Bax budur, bu, yer üzündə haqsız yerə lovğalandığınıza və təkəbbürləndiyinizə görədir. Orada həmişəlik qalmaq üçün cəhənnəm qapılarına girin!” Bax budur, yekəxanalıq edənlərin dayanacağı necə də pisdir! (Mömin/69-76)
  • 22,23De ki: “Doğrusu budur ki, Allahdan məni, Allahdan olan təbliğlər və Onun elçilik vəzifələri xaricində, heç bir kimsə, heç bir zaman qurtara bilməz. Mən Onun yaratdıqlarından bir sığınacaq da, heç bir zaman, tapa bilmərəm. Artıq kim Allaha və Onun Elçisinə qarşı çıxarsa, onun üçün cəhənnəm atəşi vardır. Onlar orada sonsuz olaraq qalacaqlar. (Cinn/22, 23)
  • 93Və kim bir mömini qəsdən [bilə-bilə, istəyərək] öldürərsə, bax budur, onun cəzası içində həmişəlik qalmaq üçün cəhənnəmdir. Və Allah ona qəzəb etmiş, onu kənarlaşdırmış, mərhəmətindən məhrum buraxmış və onun üçün çox böyük bir əzab hazırlamışdır. (Nisa/93)
  • 14Və kim Allaha və Onun Elçisinə qarşı çıxar və Onun hədlərini aşarsa, Allah onu içində həmişəlik qalmaq üçün cəhənnəmə daxil edər. Və alçaldıcı əzab onun üçündür. (Nisa/14)
  • 68–71Və budur, Rəhmanın qulları Allah ilə bərabər başqa bir tanrıya yalvarmazlar. Allahın haram etdiyi canı öldürməzlər. Ancaq haqq ilə öldürərlər. Zina da et­məzlər. Və kim bunları edərsə, günahla qarşılaşar. Qiyamət günü əzabı qat-qat olar və orada alçaldılaraq əbədi olaraq qalar. Ancaq tövbə edən, iman edən və sa­leh əməl edənlər istisnadır. Bax budur, Allah, onların pisliklərini yaxşılıqlara çe­vi­rir. Və Allah çox bağışlayandır, çox mərhəmətlidir. Və hər kim tövbə edər və saleh əməl işləyərsə, əmin olun ki, o, tövbəsi qəbul edilmiş olaraq Allaha dönər. (Furqan/68-71)  

Bu mövzuda həmçinin bu ayələrə də baxıla bilər: Bəqərə/162, 257, Maidə/37, 80, Tövbə/68, Yunis/52, Hud/106, 107, Furqan/11, 69, Səcdə/14, 20, Fatir/36, 37, Zümər/40, 72, Fussilət/28, Şura/44, 45, Həşr/17.

Bəziləri əzab ayələrində keçən “hulud” sözünün “uzun müddətli qalma”nı ifadə edib, əbədiliyi [sonsuzluğu] ifadə etmədiyini iddia edərək cəhənnəmin və cəhənnəm əzabının əbədi olmayacağını irəli sürmüşdülər. Əslində isə Quranda həm cənnətin, həm də cəhənnəmin daimiliyi eyni sözlərlə [“xulud” və “əbəd”] ifadə edilmiş, hər iki məkan üçün də eyni qəliblər və eyni ifadə şəkli işlədilmişdir. Bir sözün bir yer üçün sonsuz, bir başqa yer üçün isə sonlu mənasına gəlməsi mümkün olmayacağına görə, bu sözlərdən cənnətin “daimi” olduğu kimi, cəhənnəmin də “daimi” olduğu nəticəsi çıxır. Amma biz bu xüsusun daha da konkretlik qazanması üçün, “xulud” və “əbəd” sözlərinin lüğəti mənalarının və Quranda işlədildikləri yerlər etibarıyla qazandıqları mənaların üzərində durmağın yararlı olacağını düşünürük:

Nöqtəli “ha” hərfiylə yazılan “xalədə” feli ilə bu felden törəyən “yaxludu”, “xuldən”, “xuludən” şəklindəki törəmələri “davam etmək, qalmaq, uzun zaman qalmaq” mənasına gəlir. Eyni şəkildə, “halədə” sözünün içində yer aldığı bitişik ifadələr də davamlılığı, əbədiliyi ifadə edirlər. Məsələn, “xalədə ileyhi [meyl etmək]”, “xalədə bihi [davam etmək, bağlı qalmaq]”, “xalədəhu [əbədi, daimi qalmaq, əbədiləşdirmək]” mənalarına gəlir. [1]

Sözlər bəzən yerləşdikləri cümlənin və ya bölmənin ümumi mənası istiqamətində lüğəti mənalarından başqa mənalar da qazana bildiklərindən, “xalədə” sözünün Quranda haralarda işlədildiyinə də baxmaq lazımdır:

  • 7Və Biz səndən öncə də, ancaq özlərinə vəhy etdiyimiz yetkin insanları göndərdik/elçi etdik. Haydı, siz bilmirsinizsə, Öyüd/Kitab Əhli olanlardan/vəhy biliyi olanlardan soruşun.
  • 8Və Biz o elçiləri yemək yeməz bir cəsəd etmədik. Onlar əbədi qalanlar/ölümsüz də deyildilər. (Ənbiya/7, 8)

Yuxarıdakı 8-ci ayədə “Və onlar ölümsüz/əbədi də deyildilər” şəklində çevirdiyimiz “və ma kanu xalidiin” ifadəsindəki “xalidiin” sözü, başına inkar ədatı gətirilərək “dünyada əbədi qalmamaq” mənasında işlədilmişdir.

  • 105O gün gəldiyində Allahın izni olmadan heç kimsə danışmaz. Bax budur, o gün insanlardan bir qismi bədbəxt və bir qismi da xoşbəxtdir.
  • 106,107Bax budur, bu, bədbəxt olanlar cəhənnəm atəşi içindədirlər. Onlara orada içini çəkmək və hıçqırmaq nəsib olacaq. Göylər və yer durduqca onlar da o atəşdə əbədi qalacaqlar. Ancaq Rəbbinin dilədiyi istisna olmaqla. Şübhəsiz, Rəbbin dilədiyini ən üst səviyyədə edəndir.
  • 108Və bu, xoşbəxt olanlara gəlincə… Onlar da göylər və yer durduqca ardı-arası kəsilməyən bir ikram olaraq, cənnətin içində əbədi olaraq qalacaqlar. Ancaq Rəbbinin dilədiyi istisna olmaqla. (Hud/105-108)

Bu ayələrdə keçən və yuxarıda söylədiyimiz kimi daimilik ifadə edən “xalidiinə fiha” ifadəsi həm cənnət və cəhənnəm üçün eyni qəlibdə işlədilmış, həm də “damə [daima, əbədi]” sözüylə dəstəklənmişdir. 108-ci ayənin sonundakı “Bu bitməyən/ardı-arası kəsilməyən daimi bir ikramdır” ifadəsi isə bu mənanı gücləndirir. Həmçinin hər hansı bir yanlış anlaşılmaya imkan verməmək məqsədiylə, yuxarıdakı ayələrlə əlaqədar olaraq iki xüsusun daha açıqlanmasında yarar görürük:

   Ayələrdə keçən “yer və göy durduqca” təbiri sadəcə ərəbcədə deyil, başqa bir çox dildə də sonsuzluğu bildirən bir deyimdir.

   “Allahın diləməsi istisna” ifadəsi, Allahın dilədiyini etməyə qadir olduğu, hər şeyin son qərarını ancaq Allahın verəcəyi, Allahın kimsədən izin almayacağı və kimsəyə hesab verməyəcəyi mənasına gələn qısa və qəlibləşmiş bir ifadədir. Yoxsa bu ifadə Allahın vədindən dönə biləcəyi mənasına gəlməz. Çünki O, vəd etdiyini mütləq yerinə yetirir və vədindən əsla dönməz.

Lüğətlərdə yer alan “Əl-əbədu [əbəd]” sözünün mənası “sonsuzluq, qeyri məhdud zaman, qədim, əzəli, daim” [2] deməkdir. Cəm halı “abad” və “ubud” şəklindədir. “xulud” sözü kimi “əbəd” sözünün də törəmələri eyni məna istiqamətindədir. Məsələn: “Əbədiyu”, əbədi, sonsuz, daim; “əbədiyyətu”, sonsuzluq, axirət; “ilə’l-əbədi”, əbədiyyən, daima; “əbədən” isə daima, hər zaman, heç mənalarına gəlir.

“Əbəd” sözünün “uzun zaman” mənasını ifadə etməsi, ancaq dünyada hər hansı bir şey üçün işlədildikdə mümkündür. Məsələn, “Bu dövlət əbədiyyən yaşayacaqdır” ifadəsindəki əbədiyyət, dünyanın ömrü ilə məhduddur. Çünki dünya əbədi deyilsə, onun üzərindəki bir şeyin əbədi olması məntiqsizdir. Beləliklə, bu cür işlədilmələrdə söz “uzun zaman” mənasına gəlir. Söz Allah və Axirət üçün işlədildiyində isə mənası qətiliklə “sonsuzluq” ifadə edər.

“Əbəd” sözünün Quranda necə işlədildiyi barəsində Nisa surəsinin aşağıdakı ayələri də tamamilə açıq bir nümunədir. Cəhənnəmin daimi və əbədi olduğu, bu ayələrdə də “xalidiinə fiha əbəda” ifadəsiylə bəyan edilir:

  • 168,169Şübhəsiz, bu küfr edən, şərik qoşmaqla səhv/öz zərərlərinə iş edən …. Allah onları bağışlayacaq deyildir. Onları içində təməlli və sonsuzadək qalacaqları cəhənnəm yolundan başqa bir yola da bələdçiləyəcək deyildir. Və bu, Allaha çox asandır. (Nisa/168, 169)  

Bu ayələr, əzabın və cəhənnəmin daimi olmadığını söyləyənlərin çox yaxşı təhlil etməli olduqları ayələrdir. Çünki Uca Allah bu ayələrdə kafir və zalımları əsla bağışlamayacağını, onların daima cəhənnəmdə qalacaqlarını və cəzalarının daimi olacağını bildirir. Ayələrin sonunda yer alan “Bu Allaha asandır” ifadəsi isə, cəzaların və cəhənnəmin əbədi olduğuna ağlı yetməyənlərə və kimilərinin qanını donduran belə bir cəzanı Allahın ədaləti ilə uyuşduramayıb, Allaha ədalət dərsi verməyə qalxanlara yönəlikdir. Bu ifadə ilə Uca Allah sanki onlara: “Siz qəbul etməsəniz də bu belədir!” – deyir.

  • 74–76Şübhəsiz ki, günahkarlar cəhənnəm əzabında həmişəlikdirlər. Onlardan əzab azaldılmaya­caq­dır. Onlar orada da ümidsizdirlər. Və Biz onlara haqsızlıq etmədik, lakin onlar şərik qoşaraq səhv/öz zərərlərinə iş edən insanların məhz özləri idilər.
  • 77Və onlar səslənirlər: “Ey Malik! Rəbbin bizim işimizi bitirsin”. Malik: “Şübhəsiz, siz, belə qalacaqsınız” – dedi. (Zühruf/74-77)    

Cəhənnəm əzabının əbədi olduğunu bildirən bu ayələrdəki “muqs, maqis” sözü “iqamət etmək, bir yerdə durub gözləmək” [3] mənasına gəlir. Yəni Malikin ifadəsiylə, kafirlərə: “Sizin iqamətgahınız buradır, siz artıq buralısınız, başqa yeriniz yoxdur!” – deyilir. “Muqs” sözündən başqa, Quranda işlədilan “seva” və “lübs” sözləri də “iqamət edilən yer” mənasındadır.

Bu sözlərlə ifadə edilən “iqamət etmə” qavramı Quranda həm Zühruf surəsinin 77-ci ayəsində olduğu kimi cəhənnəm üçün, həm də Kəhf surəsində olduğu kimi cənnət üçün işlədilmişdir:

  • 1–4Bütün təriflər, qatından şiddətli əzaba qarşı xəbərdar etmək, düzəltmək yönündə işlər edən möminlərə, şübhəsiz ki, onlar üçün, içində həmişəlik qalanlar olaraq gözəl bir mükafat olduğunu müjdələmək və “Allah uşaq qəbul etdi” – deyənləri xəbərdar etmək üçün quluna, qoruyucu olaraq, özü ilə heç bir ziddiyyət təşkil etməyən Kitabı endirən Allah üçündür, başqası öyülə bilməz. (Kəhf/1-4) 

Kəhf surəsinin 3-cü ayəsində keçən “maqis” sözü “iqamət edilən, qalınan yer” mənasındadır. Həmçinin, “pəltək sə, vav, ya” ilə yazılan “səva” sözü də “maqis” sözü ilə eyni mənalı olub, yenə “iqamət etmək, sabit olmaq” [4] mənasına gəlir. Rəbbimiz “muqs” sözünü Rad surəsinin 13-cü ayəsində, yağış suyunun köpüyünün gedib, faydalı olan hissəsinin yerdə qalmasını qeyd etmək üçün işlətmişdir.

Nəticə olaraq bu söylənə bilər: Ayələr mənalandırılarkən, ayədə yer alan sözlərin Quran bütünlüyü içində qazandığı mənalara diqqət edilməli, sözlərin lüğəti mənaları arasından ayədəki vaqiəyə uyğun olanı seçilməlidir. Bunu mövzumuzla əlaqədar bir örnəklə açıqlaya bilərik: Allah Quranda əbədiyyət aləmində sonu gəlməyən nemətlər ikram edəcəyi müjdəsini verərək, inanan qullarının üzlərini güldürür, zalım və kafir qullarının içlərini qaraltmaq üçün də onları sonsuz əzabla təhdid edir. Hal belə ikən, yuxarıdakı ayələrdə keçən “əbədilik cənnəti” və “daima qalınacaq yer” mənaları yerinə, “keçici cənnət” və “bir müddət qalınacaq yer” mənaları qoyularsa, Allahın qullarına olan vədinin keçici məkanlar üçün bəhs edildiyi kimi yanlış bir düşüncə tərzi ortaya çıxar. Bu yanlış düşüncə tərzi isə vədin [mükafatın] cazibəsini, vaidin [cəzanın] isə qorxusunu sual altına sala bilir. Belə yanlışlara düşməmək və doğru mənalara çatmaq üçün sözlər Quran bütünlüyü içində dəyərləndirilməlidir. Bəhs edilən sözlər Quranda bir hörgü kimi bir-birini tamamlayacaq şəkildə və həmişə daimiliyi, sonsuzluğu ifadə edəcək mənalarda işlədilmişdir. Onsuz da Quranın bütün ismarıcı da bu mənaları dəstəkləyir.

Həmçinin bu sözlər Quranda mücərrəd bir qavram olaraq deyil, mənalarının qavranmasını asanlaşdıracaq şəkildə müəyyən bir inanışa, anlayışa dayanan və təmsili anlatmalarla konkretləşdirilmiş bir aləmin xüsusiyyətini qeyd etmək üçün işlədilmişdir.

13Və bağlanmış kimsələr olaraq cəhənnəmdən də dar bir yerə atıldıqları zaman, oradaca ölümlərini istəyərlər.

14Bu gün bir ölüm deyil, bir çox ölüm istəyin!

15De ki: “Qarşılıq və gediləcək bir yer olaraq, buramı daha yaxşıdır, yoxsa Allahın qoruması altına girmiş insanlara söz verilən sonsuz cənnətimi?” 16Onlar üçün orada təməlli olmaqla, dilədikləri hər şey vardır. Bu, Rəbbinin yerinə yetirilməsini öz öhdəsinə götürdüyü bir vəddir.  (Furqan/13-16)

Cəhənnəm əbədi, amma əzab daimidirmi?

Bu sual istiqamətində irəli sürülən iddialarda cənnət əhlinin əbədi olaraq cənnətdə qalmasında heç bir problem görülməmişdir. Bunlara görə problem, cəhənnəm əhlinin cəhənnəmdə əbədi olaraq cəzalandırılmasındadır.

Cəhənnəm əzabının əbədiliyi mövzusu tarix boyunca mübahisə edilmiş və müxtəlif səbəblər göstərilərək müxtəlif qisimlər tərəfindən əzabın əbədi olmadığı müdafiə edilmişdir. Məsələn, Yəhudilər əllərindəki kitabda olmamasına rəğmən, təhrif nəticəsində Allah adından bir yalan uydurmuşlar və nə qədər müddət ilə günah işlənirsə, cəhənnəmdə də o qədər müddət qalınacağına inanmışlar. Musa peyğəmbərin aralarından ayrıldığı qırx gün zərfində Allaha inanmağı buraxıb “qızıl”a sitayiş etmələri haqqında da: “Biz qırx gün günah işlədik, qırx gün yanacağıq. Başqa günlərdə bizə atəş toxunmaz” – demişdilər. Ancaq “Yəhudi məntiqi” deyiminin tipik örnəyi olan “cəhənnəmdə sayılı gün qalma” şəklindəki icad Uca Allah tərəfından Al-i İmran surəsinin 24-cü ayəsində “uydurulmuş bir yalan” olaraq xarakterizə edilmiş, Bəqərə surəsinin 80-ci ayəsində də “bilmədikləri bir şeyin Allaha isnad edilməsi” olaraq tərif edilmişdir:

  • 24,25Bu, onların: “Atəş bizə sayı bəlli olan bir neçə gündən başqa, qətiyyən toxunmaya­caq­dır” – dediklərinə görədir. Onların uydurmuş olduqları şeylər də, dinlərində öz­lərini aldatmaqdadır. Yaxşı, özündə heç şübhə olmayan o gündə, onları bir araya top­ladığımız və heç kimsəyə haqsızlıq edilmədən, hər kəsə qazandıqları şeylər ta­ma­mi­lə ödəndiyi zaman necə olacaqdır?             (Al-i İmran/24, 25) 
  • 80Və onlar dedilər ki: “Sayılı bir neçə gündən başqa, atəş bizə qətiyyən toxunmaya­caq­dır”. De ki: “Allahdan zəmanət verən bir sözmü aldınız? Allah heç vaxt verdiyi sözə/vədinə xilaf çıxmaz. Yoxsa, siz Allah haqqında bilmədiyiniz şeylərimi söyləyirsiniz?”  (Bəqərə/80) 

Özlərinə verilən kitabı təhrif etdikləri Quran ilə sabit olan Yəhudilərin bu uydurmaları sadəcə cəhənnəm əzabının müddətli olduğu inancından ibarət deyildir. Onların Yəhudi və Xristiyanlardan başqasının cənnətə girə bilməyəcəyi (Bəqərə/111), yalnız özlərinin Allahın dostları olduqları (Cümə/6) kimi başqa yanlış və yersiz düşüncələri də vardır. Ancaq dünyada işlədikləri üzündən ölümü istəməmələri də (Cümə/7) göstərir ki, söylədikləri bütün bu yalanlara özləri də inanmırlar. Bu yalanları uydurmaqla işlədikləri günah, adi bir günah deyildir. Necə ki, Quranın bir çox ayəsində Yəhudilərin bir çox səbəblə kafirləşdikləri bildirilmişdir. Küfr isə müddətli deyil, daimi olan bir günahdır. Bir kafirin: “On gün kafirlik edim, sonra imana gələrəm” – deyə düşünməsi barədə söhbət gedə bilməz. Kafirin ömrü əbədi olsa, küfrü də əbədi olur:

  • 36Və bu kafirlər, özləri üçün cəhənnəm atəşi olanlardır. Onlar haqqında hökm verilməz ki, ölsünlər. Özlə­rin­dən, cəhənnəm atəşinin bir azı da yüngülləşdirilməz. Bax budur, Biz kafiri, həddini aşan hər insanı belə cə­za­landırırıq.
  • 37Və onlar orada fəryad edərlər: “Rəbbimiz! Bizləri çıxar, etmiş olduqlarımızdan başqa, düzgün əməl edək”. Sizə düşünməli olanın düşünəcəyi qədər ömür vermədikmi? Sizə xəbərdar edən də gəlmişdi. O halda dadın! Artıq şərik qo­şa­raq səhv/öz zərərlərinə iş edənlər üçün bir köməkçi də yoxdur.
  • 38Tam yəqinliklə bilin ki, Allah göylərin və yerin görünməyənini, eşidilməyənini, seçilməyənini biləndir. Şübhəsiz ki, O, qəlblərin içindəkini çox yaxşı biləndir. (Fatir/36-38)
  • 27Və onların atəşin üzərində durdurulduqları zaman: “Ah, nə olardı, dünyaya dön­dərilsəydik, Rəbbimizin ayələrini yalan saymasaydıq və möminlərdən olsay­dıq!” – dediklərini bir görsəydin!
  • 28Əksinə, işin əslində, daha əvvəl gizlədikləri aşkar oldu. Geri döndərilsəydilər, yenə qadağan olunduqları şeyə tam əmin olun ki, dönərdilər. Bəli onlar həqiqətən yalançılardır. (Ənam/27, 28)

Küfrün əbədi olması kimi, iman da müddətli [üç günlük, beş illik] deyildir. Buna görə də, necə imanın mükafatı əbədi isə, küfrün cəzası da əbədi olmalıdır.

Müsəlmanlar arasında cəhənnəm əzabının əbədiliyinin Allahın ədalət və sonsuz rəhmətiylə, Onun Rəhman və Rəhim sifətləriylə uyğun gəlmədiyini düşünərək, cəhənnəm əhlinin cəhənnəmdə əbədi olaraq qalmayacağını, ya da əbədi olaraq ağrı çəkməyəcəklərini müdafiə edənlər də olmuşdur. Öz ağıllarınca, Allaha din öyrətməyə çalışan bu adamların başında Muhyiddin-i Ərəbi gəlir.

Cəhənnəm əzabının keçici olduğunu müdafiə edən Müsəlmanlar, irəli sürdükləri görüşlərinə, zəif rəvayətlərlə yanaşı, bəzi ayələrdə keçən sözlərin “yan mənalarını” da dəlil olaraq göstərmişdilər. Bunlardan biri Nəbə surəsindədir:

  • 21,22Şübhəsiz ki, cəhənnəm azğınlar üçün son çatacaqları yer – gözləmə/pusqu yeri olmuşdur.
  • 23Orada darlıq/qıtlıq içində qalacaqlar.
  • 24Orada bir sərinlik və içməli bir şey də dada bilməzlər.
  • 25,26Ancaq etdiklərinə uyğun bir cəza olaraq, bir qaynar su və irin dadarlar. (Nəbə/21-26) 

Yuxarıdakı 23-cü ayədə keçən “ احقابا əhqabən” sözünə lüğətlərdə “bir ildən artıq bir zaman”, “uzun zaman”, “səksən il” kimi mənalar verilmişdir. [5] Axirət yurdunun müddətli olduğunu iddia edənlər, lüğətlərdəki bu müddətləri axirət yurdu üçün yetərli görməmiş olacaqlar ki, sözü “əsrlərlə, çağlar boyu” deyə tərcümə etmişdilər. Cəhənnəm əzabının əbədi olmadığını irəli sürənlər, bu iddialarını axirət yurdunda qalınacaq müddəti ifadə edən “ahkaben” sözünün bir zaman dilimini qeyd edir olmasına dayandırırlar.

“Ahkaben” sözünə eyni zamanda hal və vəziyyət bildirən bir məna vermək də mümkündür. Belə ki, diqqət edilirsə, sözün keçdiyi ayədən sonrakı ayələrdə, cəhənnəmdə olanların sərinlik və içəcək bir şey dadamayacaqları, əksinə qaynar su və irin içəcəkləri və onlar üçün əzabdan başqa bir şeyin artırılmayacağı bildirilir. Bu şərtlərdəki bir insanın qısa müddətdə “dəvə səmərini bağlayan qayış”a və ya “səmərin yükünü bağlayan ip”ə dönməsi qaçınılmazdır. Budur, “ الحقب  el-haqabu” sözünün cəmi olan “əhqab” sözü də bu mənaya gəlir. Həqiqətən də cəhənnəmdəki onca əzabın içində qaynar su və irin içən kimsələrin zəifləmə nəticəsində qayışa və ya ipə bənzədilmələri, içində yerləşdikləri vəziyyəti anlatmaq üçün son dərəcə uyğun bir bənzətmədir. Bizə görə bu sözlə əlaqədar ən isabətli görüşü Zəmahşəri dilə gətirmişdir: [6]

Ayədəki “əhqabən” kəlməsi yağışı, xeyir və bərəkəti az olduğunda işlədilən “hakıbə amüna” deyimiylə, bol ruzi əldə edə bilməyən kimsə haqqında işlədilən “Haqıbə fülanün fə huvə haqıb” ifadəsinə əsaslanır ki, bunun cəmi də “əhqab” olur. Beləliklə, ayədəki bu söz “onlar orada, bir darlıq və qıtlıq içində olduqları halda gözləyərlər …” təqdirində, “əhqabən” kəlməsi hal olaraq mənsub olmuş olur. “Orada nə bir sərinlik, nə də içiləcək bir şey dadarlar” ifadəsi də bunun təfsiridir.

Cəhənnəm əzabının keçici olduğunu müdafiə edənlərin dəlil olaraq irəli sürdükləri bir digər xüsus da Ənam və Hud surələrindəki ayələrdə keçən “Allahın dilədiyi xaric” ifadəsidir:

  • 128Və Allah, onların hamısını topladığı gün: “Ey gizli düşmən topluluğu! Tam yəqinliklə bilin ki, bu insanlardan çoxaltdınız!..” İnsanlardan onların yaxınları da: “Rəbbimiz! Biz bir-birimizdən qazanc əldə etdik. So­nunda biz bizim üçün müəyyən etdiyin müddətimizin sonuna çatdıq” – deyərlər. Allah: “Atəş sizin dayanacağınızdır. Orada, Allahın diləməsi xaricində son­suz olaraq qalacaqsanız” – deyər. Şübhəsiz ki, Rəbbin ən yaxşı qanun qoyan, po­zul­ma­ğa yaxşı mane olan/sağlam edən, ən yaxşı biləndir. (Ənam/128)

Daha öncə də söylədiyimiz kimi, “Allahın dilədiyi xaric” ifadəsi, hər zaman və hər şəraitdə güc və qüdrətin Allaha aid olduğunu, Onun dilədiyini edəcəyini vurğulayan bir ifadədir. Bu ifadənin cümlədə bildirilən hökmün bir istisnası olduğuna işarə etdiyini düşünmək yanlışdır. Çünki ayədə Rəbbimizin “Ən-naru məsvaküm halidinə fiha [Sizin əbədi qalacağınız iqamətgahınız atəşdir].” sözlərinə müxatib olanlar, “cinn” və “ins”dən şeytanlara tabe olan kafirlərdir. Rəbbimiz isə, kafirlər üçün cəhənnəmin əbədi olduğunu və onların bağışlanmayacağını, Nisa surəsinin 168, 169-cu ayələrində açıq şəkildə bildirmişdir. Beləliklə, bu hökmdə bir istisna olduğunu düşünmək, Nisa surəsinin ayələriylə zidd olur.

  • 106,107Bax budur, bu, bədbəxt olanlar cəhənnəm atəşi içindədirlər. Onlara orada içini çəkmək və hıçqırmaq nəsib olacaq. Göylər və yer durduqca onlar da o atəşdə əbədi qalacaqlar. Ancaq Rəbbinin dilədiyi istisna olmaqla. Şübhəsiz, Rəbbin dilədiyini ən üst səviyyədə edəndir. (Hud/106, 107) 

Burada da, Hud surəsinin 107-ci ayəsində keçən “Allahın dilədiyi xaric” ifadəsinin, bir istisnaya eyham işarə etdiyini düşünmək üçün, eyni ayədə keçən “xalidinə fiha” ifadəsini “keçici bir müddət” olaraq qəbul etmək lazımdır. Əslində isə 108-ci ayəyə baxıldığında, cənnət və cənnətliklərin vəziyyətinin də eyni sözlərlə ifadə edildiyi görünür:

  • 108Və bu, xoşbəxt olanlara gəlincə… Onlar da göylər və yer durduqca ardı-arası kəsilməyən bir ikram olaraq, cənnətin içində əbədi olaraq qalacaqlar. Ancaq Rəbbinin dilədiyi istisna olmaqla. (Hud/108)   

Bu vəziyyətdə hər ağıllı insan bu sualı soruşacaqdır: “Xalidinə fiha” ifadəsi cənnət üçün işlədildiyində “sonsuzluq” mənasına gəlirsə, nə üçün cəhənnəm üçün işlədildiyində oranın “müddətli” olduğu mənasına gəlsin?

Cəhənnəm əzabının əbədi olması mövzusuna məntiqi nöqteyi nəzərdən baxıb sırf bu yöndən etiraz edənlər də olmuşdur. Məsələn, bəziləri: “Əzab, doğuşdan təmiz və günahsız olan insanın sonradan törətdiyi pisliklərlə kirlənməsinə görə məsləhət görülən bir təmizlənmə sistemidir. Əzabın özü bilavasitə məqsəd deyildir. Belə olduqda, günah işləmiş və bu yolla kirlənmiş olanlar bu kirliliklərindən arındığında əzabları da sona çatacaqdır. Bunun əksini düşünmək Allahın əzab etməkdən zövq aldığını iddia etmək olur. Belə bir zövq, Onun uluhiyyətinin şəninə yaraşmaz, Quranın parametrləriylə də uyğun olmaz” – deyərək cəhənnəm və cəhənnəm əzabının əbədi olmadığını irəli sürmüşdilər.

Diqqət edilirsə, bu görüş cəhənnəm əzabının günahları təmizləyəcəyi ehtimalına və Allahın əzab etməkdən zövq almadığı reallığına əsaslandırılmışdır. Beləliklə, bu görüşün təhlili də bu iki baxımdan edilməlidir.

Birinci olaraq, bu görüş sahiblərinin gözdən qaçırdıqları bir xüsus vardır: “Təmizlənmə” qavramı kirlənənlər üçün işlədilə bilər, amma bilavasitə özləri kir olanlar üçün bəhs edilə bilməz. Rəbbimiz Tövbə surəsinin 28-ci ayəsində: “Müşriklər ancaq nəcisdir” – deyərək, cəhənnəmlik olan müşriklərin birbaşa “pislik” olduğunu çox açıq bir şəkildə ifadə etmişdir. Özü “nəcis” olanın təmizlənməsi isə ancaq tövbə və iman ilə mümkündür; üstəlik bunun yeri də axirət deyil, dünyadır. Çünki hər insana bu fürsət dünyada verilmiş, tövbə etməyə tənəzzül etməyənlərin yerinin cəhənnəm olacağı onlara dünyada ikən bildirilmişdir. Bu bildiriş Allahın vədidir və Allah əsla vədindən dönməz.

İkinci olaraq, bu görüş sahiblərinin unutduqları bir başqa xüsus daha vardır: “Zövq almaq”, “hissiyyatları ilə davranmaq”, “hisslərinə qapılmaq” kimi davranışlar, yaradılmışların xüsusiyyətləridir. Yaradıcı isə bunlardan üstündür. O, insanlara tərcihlərinin nəticəsi olan şeyləri hələ onlar dünyada ikən vəd etmişdir. Axirətdə bu vədlərini yerinə yetirərək, çaşmaz ədalətini təcəlli etdirəcəkdir. Cəhənnəmdəki əzab Allahın günahlılara, haşa, əsəbləşdiyinə görə deyil, öncədən bildirilmiş vədin yerinə yetirilməsi, ədalətin təmin olunduğuna görədir.

Uca Allah, günahlılara öncədən elan etdiyi cəzaları verərək, ədaləti təmin edəcəyini “intiqam” sözünü işlədərək  bir çox ayədə bildirmişdir:

  • 95Ey iman edənlər! Siz toxunulmaz ikən/həcc vəzifəsini yerinə yetirərkən ov heyvanı öldürməyin. İçinizdən kim qəsdən onu öldürərsə, etdiyi işin vəbalını dadması üçün Kəbəyə çatacaq bir hədy/yemək olaraq hədiyyə edilən heyvan ol­maq­la, öldürdüyü heyvanın bənzəri ona cəza olacaq, buna içinizdən iki ədalətli adam hökm edər, yaxud kəffarə olaraq, acizləri doyurmaq, yaxud onun əvəzinə oruc tutmaqdır. Allah keçmişi əfv etmişdir. Lakin, kim də təkrarlayarsa, Allah yaxa­la­yıb, cəzalandıraraq, ədaləti təmin edər. Və Allah ən üstün, ən güclü, ən şərəfli, məğ­lub edilməsi mümkün olmayan/mütləq qalib olandır, günahkarı yaxalayıb, cəza­lan­dı­ra­­raq ədaləti təmin edəndir. (Maidə/95) 
  • 3,4Allah sənə, sadəcə içindəki mövzuları doğrulayan olaraq, bu kitabı haqq ilə endirdi. O, daha öncə insanlara doğru yol bələdçisi olaraq Tövratı və İncili də endirmişdi. Furqanı da, O endirdi. Şübhəsiz, kafirlər… Onlar üçün çətin bir əzab vardır. Allah ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olan, günahkarları yaxalayıb cəzalandırmaqla, ədaləti təmin edəndir.  (Al-i İmran/3, 4) 
  • 47O halda, qətiyyən Allahın elçilərinə olan vədindən dönəcəyini sanma! Şübhəsiz, Allah ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, günahkarı yaxalayıb, cəzalandıraraq ədaləti bərpa edəndir. (İbrahim/47)
  • 32Belə isə Allah haqqında yalan söyləyən və doğru özünə gəldiyi zaman onu yalan sayandan daha səhv/öz zərərlərinə iş edən kim ola bilər? O kafirlər üçün cəhənnəmdə bir sığınacaq yoxdurmu!? (Zümər/32) 
  • 37Kimə də Allah bələdçi olarsa, artıq onu da çaşdıran biri yoxdur. Allah çox güclü, günahkarı yaxalayıb, cəzalandıraraq ədaləti bərqərar edən deyilmi? (Zümər/37) 

Digər tərəfdən, axirətdəki cəzalar insanların dünyada işlədiklərinin təbii nəticələridir. Bu cəzalar, dünyada ikən xəbərdar olduqları, amma inanmadıqları şeylərdir:

  • 33Və işlədikləri şeylərin pislikləri özlərinə bəlli oldu və onları onların lağa qoyduqları şeylər bürüdü. (Casiyə/33)  

Bir insanın dünyada həyatı boyunca etdiyi işlərin nəticələriylə bərabər yaşaması necə tamamilə mümkündürsə, axirətdəki əbədi həyatında da eyni işlərinin nəticələri ilə bərabər yaşaması o qədər təbiidır. Beləliklə, bu vəziyyətin ədalət və rəhmətlə heç bir ziddiyyəti yoxdur.

Bəziləri də axirət həyatının, xüsusilə də cənnət və cəhənnəmin əbədi olması ilə “taaddüdü qudəma” meydana çıxacağını, yəni əbədiliyin cənnət və cəhənnəmə də şamil edilməsi ilə sadəcə Allaha aid olan bu xüsusiyyətin çoxalmış olacağını irəli sürmüşlər və buna görə də cəhənnəmin əbədi olması halının Quranın uluhiyyət anlayışına zidd olacağını iddia etmişdilər.

Bu görüş sahibləri iddialarına Qasas surəsinin 88-ci ayəsindəki “Allahın zatından başqa hər şey həlak olacaqdır” ifadəsi ilə Rəhman surəsinin aşağıdakı ayələrini sübut olaraq göstərmişdilər:

  • 26,27Yer üzünün üzərindəki hər kəs gəlib keçicidir. Və o cəlal və ikram sahibi Rəbbinin yalnız və yalnız Özü baqi qalır.(Rəhman/26, 27)

Öncəliklə qeyd etmək lazımdır ki, cənnət və cəhənnəmin əbədi olması qətiyyən bir “taaddüdü qudəma” deyildir. Çünki axirət aləmi, cənnət və cəhənnəm iradə və qüdrət sahibi bir varlıq deyil, bilavasitə Allah tərəfindən qulları üçün yaradılmış şeylərdir. Beləliklə, bunların tanrılıq iddiasında olmalarından bəhs edilə bilinməyəcəyi kimi, bu vəziyyətin Quranın uluhiyyət anlayışına zidd olmasından da bəhs edilə bilməz.

Mövzuya dəlil gətirilən Qasas surəsinin 88-ci ayəsinin tamamı isə belədir:

  • 88Və Allah ilə bərabər başqa bir tanrıya yalvarma. Ondan başqa heç bir tanrı yox­dur. Onun Zatından başqa hər şey yox olacaqdır. Qanun-qayda, yalnız və yalnız Onun­dur. Siz də ancaq Ona döndəriləcəksiniz. İsra/1Qulunu bir gecə ayələrimizdən/əlamət­lə­ri­mizdən/nümunələrimizdən göstərək deyə, Məscidülhəramdan bir kənarı­nı mü­barək qıldığımız Məscidüləqsaya yeridən Zat, hər cür nöqsan sifətlərdən mü­nəz­zəhdir. Şübhəsiz ki, O, ən yaxşı eşidənin, ən yaxşı görənin məhz özüdür. (Qasas/ 88)

Göründüyü kimi, ayədə Allahdan başqa ilahlara, ölümlü olduqlarına görə, inanılmaması gərəkdiyi, Allahın isə baqi olduğu bildirilir. Yəni, ayədəki o ifadənin, gətirilmək istənən məna ilə bir əlaqəsi yoxdur.

Rəhman surəsinin 26, 27-ci ayələrində isə tamamilə dünya ilə əlaqədar həqiqətlər dilə gətirilir və dünyada var olan hər şeyin qiyamət ilə yox olacağı vurğulanır. Bu ifadələrin axirətlə, cənnət və cəhənnəmlə bir əlaqəsi yoxdur.

Biz, dünyaya və içindəkilərə keçici olma xüsusiyyəti verən Uca Allahın axirətə də daimi olma xüsusiyyəti verdiyinə inanır və düşünürük ki, əgər vəziyyət bunun əksi olsaydı, insanların bu müşkülünü əsla qeyri müəyyənliyə buraxmayıb, Quranda açıq şəkildə bəyan etmiş olardı. Bu mövzu əsri səadətdə də belə anlaşılmış və qəbul edilmiş olmalı ki, cənnət və cəhənnəmdən sonra nə olacağı haqqında peyğəmbərimizdən tək bir sual belə soruşulmamış, ədəbiyyatda bununla əlaqədar heç bir rəvayət yer almamışdır.

Nəticə olaraq, cəhənnəm də, cəhənnəmdəki əzab da daimidir.

26-cı ayədəki “etdiklərinə uyğun bir cəza olaraq” ifadəsiylə, cəhənnəmliklərə verilən cəzanın əskik və ya artıq olmayıb, işlədikləri əməllərə tamamilə uyğun bir cəza olduğu qəsd edilmişdir.

Cəhənnəmdəki cəzanın pis əməllərin qarşılığı qədər olacağı xüsusundan bir çox ayədə bəhs edilmişdir:

  • 26Gözəllik edənlər üçün daha gözəli və artığı vardır. Üzlərinə qara bulaşmaz, alçaqlıq, alçalma da. Bax budur bunlar, cənnət əhlidirlər. Onlar orada sonsuz olaraq qalıcıdırlar. (Yunus/26)
  • 90Və kim pisliklə gələrsə, artıq üzləri atəşdə sürtülər. Siz, etdiyiniz əməllərdən baş­qa­sı iləmi qarşılıq görəcəksiniz? (Nəml/90)
  • 84Kim bir yaxşılıq gətirirsə, ona ondan daha xeyirlisi/ona onun müqabilində bir xeyir vardır. Və kim bir pislik gətirirsə, bax budur, o pislikləri işləyənlər ancaq etdikləri şeylər ilə qarşılıqlandırılırlar. (Qasas/84)

Və Səbə/33; Mömin/40; Şura/40.

Bu hallar həyata keçəcəyini ummayan, daima olaraq axirəti yalan sayan kimsələrin etdikləri bir-bir ortaya qoyulub hesabı soruşulduqdan sonra onlara: “Buyurun dadın! Bundan belə sizə əzabdan başqa bir şey artırmayacağıq” – deyilir.

29-cu ayədə Rəbbimiz: “Əslində isə Biz hər şeyi yazaraq sadaladıq” – buyurur. Rəbbimizin bu sözü, dünya həyatında ikən insanın hər danışdığı sözün, ortaya qoyduğu hər davranışın qeydə alındığı reallığını ifadə edir:

  • 16Və and olsun insanı Biz yaratdıq/əmələ gətirdik. Nəfsinin özünə nələr pıçıldadığını da bilirik. Və Biz ona şah damarından daha yaxınıq.
  • 17,18Onun sağında və solunda (hər yanında) yerləşmiş iki təsbitedici onun hər işini təsbit edib durarkən, insan elə bir söz söyləməz ki, yanında hazır nəzarət edən olmasın. (Qaf/16-18)
  • 6Artıq hamısını dirildəcəyi gün etdikləri şeyləri özlərinə xəbər verə­cək­dir. Allah onların etdikləri şeyləri bir-bir saymışdır, onlar isə unutmuşlar. Və Allah hər şeyə ən yaxşı şahiddir.    (Mücadilə/6)
  • 49Və kitab/əməl dəftəri qoyulmuşdur. Günahkarların ondan qorxduğunu görəcəksən. Və: “Vay bizim halımıza! Bu necə kitab imiş ki, böyük-kiçik heç bir şey buraxmadan hamısını saymışdır/yazmışdır” – deyərlər. Və onlar etdiklərini hazır görərlər. Və sənin Rəbbin heç kimsəyə haqsızlıq etməz.  (Kəhf/49)

Və Ya Sin/12; İsra/13, 14; Əhqaf/20; Əraf/50; Vaqiə/42-48; Muhəmməd/15.

31–37Qətiliklə, Allahın qoruması altına girənlər üçün Rəbbindən – göylərin, yerin və bu ikisi arasındakıların Rəbbindən, Rəhmandan bir qarşılıq və yetərli bir ianə olaraq sığınacaqlar/qurtuluş məkanları – sulanan bağlar/bağçalar, üzümlər, hamısı bir səviyyədə tumurcuqlar – çiçək bağçaları, dolu-dolu su qabları vardır. Onlar orada boş bir söz və yalan eşitməzlər. Onlar Onun hüzurunda söz söyləməyə güc yetirə bilməzlər.

Cəhənnəmliklərin axirətdə nə ilə qarşılaşacaqları bildirildikdən sonra bu ayələrdə də müttəqilərin gözəl və xoşbəxt mövqeləri xəbər verilir.

Bənzər məlumatlar başqa ayələrdə də verilir:

  • 49–52Bax budur, bu, bir öyüddür/şərəfdir/xatırlatmadır. Şübhəsiz ki, Allahın qoruması altına girənlər üçün gözəl bir dönüş yeri/içlərində söykənərək, bir çox meyvə və içkilər istədikləri və yanlarında da hamısı eyni yaşda, gözləri qarşılarındakından başqasını görməyən xidmətçilərin olduğu, qapıları özlərinə açılmış olan Ədn cənnətləri vardır. (Sad/49-52)
  • 10De ki: “Ey iman etmiş olan qullar! Rəbbinizin qoruması altına girin. Bu dünyada yaxşılıq/gözəllik edənlərə bir gözəllik vardır. Şübhəsiz ki, Allahın yer üzü genişdir. Ancaq səbr edənlər, mükafatlarını hesabsız və tam olaraq alacaqlar”.  (Zümər/10)

38–40Endirilmiş ayələr və vəhy şahid olaraq səf-səf dikildikləri gün, Rəhmanın izin verdikləri istisna olmaqla heç kimsə danışa bilməz. Və o izin verilən doğrunu söyləyər: “Bax budur, bu, Haqq gündür. Artıq diləyən Rəbbinə sığınar. Şübhəsiz, Biz sizi yaxın bir əzab ilə xəbərdar etdik”. O gün insan iki gücünün/mal və ətrafının nə təqdim etdiyinə baxar/etdikləri ilə üz-üzə gələr və kafir: “Ah nə olaydı, kaş mən bir torpaq olaydım” – deyər.

İnkarçıları gözləyən aqibətin xəbər verildiyi bu ayələrdə, xəbərdarlıq məqsədilə qiyamət gününün dəhşəti və insanın çarəsizliyi dilə gətirilir. O gün ən böyük şahid Allahın göndərdiyi vəhylər olacaqdır. İlahi kitablar o gün səf-səf düzüləcək, insan haqqında şahidlik edəcəkdir: “Budur bu, haqq gündür. Artıq diləyən Rəbbinə sığınar. Şübhəsiz, Biz sizi yaxın bir əzab ilə xəbərdar etdik.

Səf-səf düzülüb insana xəbərdarlıq edən mələklər və ruh, Allahın insanlığa göndərdiyi kitablar, yəni vəhylərdir.

  • 21–23Qətiyyən sizin düşündüyünüz kimi deyil! Yer üst-üstə sarsıntılarla dümdüz edildiyi zaman, Rəbbinin hesaba çəkdiyi, göndərdiyi vəhylər şahid olaraq səf-səf düzüldüyü zaman, o gün cəhənnəm də gətirilmişdir; o insanın, o gün ağlı başına gələcəkdir, artıq ağlının başına gəlməsinin ona nə xeyri var ki?! (Fəcr/21- 23)
  • 1–5O səflər halında düzülən/düzən, sonra da qışqırıb sürükləyən, qışqırıb sürüklədikdən sonra da öyüd verən Quran ayələri sübutdur ki, sizin Tanrınız qəti olaraq, Bir Təkdir. O, göylərin, yerin və onlar arasındakıların Rəbbidir. Şərqlərin də Rəbbidir. (Saffat/1-5)
  • 164–166Və: “Bizdən hər birimizin, tam əmin olun ki, müəyyən bir məqamı vardır. Və Biz tam yəqinliklə bilin ki, səf-səf düzülənlərin/düzənlərin məhz özüyük. Biz Allahı nöqsanlıqlardan arındıranların da məhz özüyük”. (Saffat/164-166)

Və Məryəm/64, 65; Hud/1-4; Zəriyət/50, 51; Hud/105.

Rəbbimizin insanları sınaması onların necə olmasını öyrənmək məqsədilə deyil, dünya və axirətə şahid əmələ gətirmək üçündür ki, kimsə öz haqqındakı qərara etiraz edə bilməsin. Eynilə məktəblərdəki müəllimlərin şagirdlərini imtahan etmə məqsədinin, şagirdlərdən öyrənmək olmayıb, imtahana girən şagirdlərin vəziyyətinin müəyyən edilməsi, şahidləndirilməsində olduğu kimi.

Qiyamət günündə insanlar üçün öz nəfsi, yaxınları, cəmiyyəti, elçilər və vəhylər şahidlik edəcəkdir.

Bu mövzuyla əlaqədar bu ayələrə də baxıla bilir.

Bəqərə/143; Həcc/78; Fəcr/21-23; Nisa/41, 159; Nəhl /84, 89; Qaf/21; Mömin/51; Hud/18, 19; Qasas/ 75; Fussilət /20-22; Nur/24; Ya Sin/65; Furqan/30; Maidə/116-118.

Surənin son ayəsində “… və kafir deyir ki: ‘Ah nə olaydı, mən bir torpaq olsaydım! ” ifadəsi yer alır. Bu ifadəni “Kaş ki, mən hesab üçün yenidən dirildilməsəydim və torpaq halında buraxılsaydım”, “dünyaya heç gəlməmiş olsaydım”, “məsuliyyət verilən bir varlıq olmasaydım”  şəklində anlamağımız mümkündür.

  • 25–29Və kitabı solundan verilən adama gəlincə, bax budur, o: “Kaş ki, kitabım mənə verilməsəydi, hesabımın nə olduğunu isə bilməsəydim. Nə olardı, o iş bitmiş olsaydı. Malımın mənə heç bir faydası olmadı. Gücüm/nüfuzum da məndən yox olub getdi” – deyər. (Haqqa/25-29)
  • 42İnkar edən və Elçiyə üsyan edən insanlar, o gün torpağa qarışıb yox olmağı istəyərlər. Allahdan heç bir sözü isə gizlədə bilməzlər. (Nisa/42)

Allah, doğrusunu ən yaxşı biləndir.

[1] əl-Müfrədat; hld mad

[2] Tacül Arus; c.4 S.327, ebd mad.

[3] Lisanül Arab; c.8, s.337 mks mad.

[4] El-Müfredat; svy mad.

[5] Müfredat; hkb mad.

[6] Əl-Keşşaf.