Nuh surəsi Məkkədə enmiş 71-ci surə olub, adını surənin mövzusunu təşkil edən Nuh Peyğəmbər əhvalatından almışdır.
Surədə sadəcə, Nuh Peyğəmbərin qövmü ilə olan tövhid mücadiləsi; Nuhun [əs] qövmünə etdiyi öyüdlər və qövmünün Nuha dirənmələri yer alır.
Nuh Peyğəmbər və onun öz qövmü ilə etdiyi mübarizə ilə əlaqədar məqamlar daha əvvəl Əraf/59-64, Yunus/71-73, Hud/25-29, Şüəra/105-122, Saffat/75-82 və Qəmər/9-16-da yer almışdı. Eyni mövzuya irəlidə Möminlər/23-31 və Ənkəbud/14-15-də də toxunulacaqdır.
TƏRCÜMƏ
RƏHMAN, RƏHİM ALLAH ADINDAN
MƏKKƏ DÖVRÜ
Nəcm: 317
1Şübhəsiz, Biz özlərinə çox acıqlı bir əzab gəlməzdən öncə, qövmünü xəbərdar etsin deyə, Nuhu qövmünə elçi göndərdik.
2–4Nuh dedi ki: “Ey qövmüm! Şübhəsiz ki, mən sizin üçün açıq-aşkar bir xəbərdar edənəm. Allaha qulluq edin, Onun qoruması altına girin və mənə itaət edin ki, sizin günahlarınızı bağışlasın və sizi adı qoyulmuş bir müddətin sonuna qədər ertələsin. Şübhəsiz ki, Allahın nizamladığı/müəyyən etdiyi müddətin sonu gəlincə, təxirə salınmaz. Əgər bilsəydiniz”.
5–12Nuh dedi ki: “Rəbbim! Şübhəsiz, mən qövmümü gecə-gündüz/daima dəvət etdim. Lakin, mənim çağırmağım onların, sadəcə, uzaqlaşmalarını artırdı. Və şübhəsiz, mən onları Sənin onları bağışlamağın üçün hər dəvət etdiyimdə, onlar barmaqlarını qulaqlarına tıxadılar, libaslarına büründülər, israr etdilər, təkəbbürləndikcə, təkəbbürləndilər. Sonra şübhəsiz ki, mən onları yüksək səslə çağırdım. Sonra, şübhəsiz ki, onlar üçün elan etdim. Onlar üçün gizli-gizli də söylədim. Sonra dedim ki: “Rəbbinizin sizi bağışlamasını istəyin. Qətiliklə O, çox bağışlayandır. Üzərinizə göydən bol yağış yağdırsın. Sizə mallar və oğullar ilə kömək etsin, sizin üçün bağçalar, çaylar yaratsın. 13Sizə nə olur ki, Allahın “ağır davranış”edə biləcəyinə ümid etmirsiniz?
14”Halbuki, O, sizi həqiqətən tavır-tavır/mərhələ-mərhələ yaratmışdır. 15,16Allahın yeddi göyü təbəqələr halında/uyğun bir şəkildə necə yaratdığını və ayı onların içində bir işıq etdiyini, Günəşi də bir çıraq etdiyinı görmədinizmi? 17Və Allah, sizi yer üzündən bir bitki olaraq bitirdi. 18Sonra sizi oraya geri çevirəcək və sizi bir çıxışla çıxaracaqdır. 19,20Və Allah sizin üçün yer üzünü, yer üzündən geniş-geniş yollarda gedəsiniz deyə, bir döşənəcək etmişdir”.
21–24Nuh: “Rəbbim! Şübhəsiz ki, qövmüm mənə üsyan etdi. Malı və övladı özünə zərərdən başqa bir şey verməyən kəsə uydular. Və onlar böyük tələlər qurdular. Və: “Qətiyyən tanrılarınızı buraxmayın. Və qətiyyən Vedd, Suva, Yagus, Yeuk və Nəsri buraxmayın” – dedilər. Qətiliklə bir çoxlarını da azdırdılar. Sən də o şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlərin sadəcə, azğınlığını artır” – dedi.
26–28Və Nuh dedi ki: “Bu yerdə dolaşan kafirlərdən bir tək insan buraxma. Şübhəsiz ki, sən onları buraxsan, qullarını yoldan çıxararlar və sadəcə, din-iman tanımayıb pisliyə batan və kafir övladlar doğub törədəcəklər. Rəbbim! Mənim üçün, anam-atam üçün, mömin olaraq evimə girən insanlar üçün, mömin kişilər və mömin qadınlar üçün mağfirət et/bağışla hamımızı! Şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlərə də yox olmağı artır”.
25Onlar xətalarına görə suda boğuldular, sonra da atəşə atıldular. Sonra da özləri üçün Allahın yaratdıqlarından köməkçilər tapa bilmədilər.
(71/71, Nuh/1–24, 26–28, 25)
TƏHLİL
1Şübhəsiz, Biz özlərinə çox acıqlı bir əzab gəlməzdən öncə, qövmünü xəbərdar etsin deyə, Nuhu qövmünə elçi göndərdik.
Bu ayədə, Nuh Peyğəmbərin əzab gəlmədən öncə xalqı xəbərdar etmək üçün öz qövmünə elçi olaraq göndərildiyi bildirilir. Surədə Nuh əhvalatının nəql edilməsinin başlıca səbəbi, Nuhun öz qövmü ilə olan mübarizəsinin Rəsulullahın Məkkəlilər ilə olan mübarizəsinə son dərəcə bənzər olmasıdır.
Ona görə də bu lakonik anlatmanın məqsədi Məkkə müşriklərini xəbərdar etmək və onları bu qövmün başına gələnlərdən ibrət almağa yönəltməkdir. Ərəb müşriklərinin öz bütlərinə Nuh qövmünün bütlərinin adlarını vermələri də onların bu qövm haqqında əvvəldən də bir çox məlumata sahib olduqlarını göstərir.
Surənin bu ilk ayəsində Rəbbimizin rəhməti ön plana çıxır O, azğın qövmə, azğınlıqdan əl çəkmələri üçün elçi göndərmişdir:
- 15Kim bələdçilənən doğru yolu taparsa, sırf öz yaxşılığı üçün bələdçilənən o doğru yolu tapmışdır. Kim də azarsa, ancaq öz əleyhinə azmış olar. Və heç bir yük daşıyan başqasının yükünü çəkməz. Və Biz bir peyğəmbər göndərmədikcə, əzab edənlər olmadıq.
- 16Və Biz bir ölkəni dəyişikliyə/dağıntıya uğratmaq istədiyimiz zaman onun varlı və güc sahibi liderlərinə, haqq yolda olmalarını, haqq yolda başçılıq etmələrini əmr edərik və onlar bunun əksinə, orada haqq yoldan çıxarlar. Artıq oranın üzərinə Söz haqq olar və Biz oranı kökündən darmadağın edərik. (İsra/15, 16)
- 44,45Və sən insanları əzabın gələcəyi gün ilə xəbərdar et. Artıq şərik qoşaraq, səhv/öz zərərlərinə iş edənlər: “Ey Rəbbimiz! Bizə yaxın bir müddətə qədər möhlət ver ki, sənin dəvətinə əməl edək və elçilərə tabe olaq” – deyərlər. Daha əvvəl siz sizin üçün bitməyin/tükənməyin/yox olmağın olmadığına dair and içməmişdinizmi? Həm də siz şərik qoşaraq, özlərinə haqsızlıq edənlərin yurdlarında otururdunuz. Onlara qarşı necə davrandığımız sizə açıq-aşkar bəlli olmuşdu. Və sizə nümunələr də vermişdik.(İbrahim/44, 45)
- 39Və sən onları, onlar biliksizlik, laqeydlik içindəykən və inanmırlarkən əmrin yerinə yetiriləcəyi o böyük peşmançılıq günü ilə xəbərdar et! (Məryəm/39)
- 18Yaxınlaşan gün haqqında da onları xəbərdar et. O zaman qəlblər udqunaraq/dəhşətdən ürpərərək qırtlaqlarına dayanmışdır. Şərik qoşmaqla səhv/öz zərərlərinə iş edənlər üçün nə yaxın bir dost vardır, nə də itaət ediləcək bir köməkçi, dəstəkçi, minnətçi… Mömin/18)
- 70Və dinlərini oyun və əyləncə etmiş/oyun və əyləncəni özlərinə din etmiş, dünya həyatı özlərini aldatmış olan insanları tərk et və Quran ilə xatırlat, öyüd ver: Bir insan, öz əlinin işləyib qazandığı ilə dəyişərək, dağıntıya düşərsə, onun üçün Allahın yaratdığı sərvətlərdən bir kömək edən, yol göstərən qoruyan bir yaxın və dəstəkçi, şəfaətverici barədə söz ola bilməz. Günahına qarşı hər cür əvəzi ödəməyi istəsə də ondan alınmaz. Bax budur, bunlar qazandıqları ilə dəyişikliyə/dağıntıya uğrayanlardır. Nankorluq etdiklərinə görə, onlar üçün qaynar sudan bir içki və can yandıran bir əzab vardır. (Ənam/70)
Allah, seçdiyi elçilərini ancaq tövhid inancını yerləşdirmək, yəni Allahdan başqa tanrı olmadığını insanlara öyrətmək üçün göndərir:
- 25Və Biz səndən öncə elə bir elçi göndərmədik ki, ona: “Doğrusu budur ki, Məndən başqa tanrı deyə bir şey yoxdur. Onun üçün Mənə qulluq edin” – deyə vəhy etmiş olmayaq. (Ənbiya/25)
- 36Və and olsun ki, Biz hər ümmətə: “Allaha qulluq edin və tağutdan qaçının” – deyə bir elçi göndərdik. Artıq Allah bu ümmətlərdən bir qisminə doğru yolu göstərdi, bir qisminə də pozğunluq haqq olmuşdur. İndi yer üzündə bir gəzib dolaşın və baxın yalan sayanların sonu necə olmuşdur? Nəhl/36)
Həmçinin Allahın elçi göndərmək barədəki hökmü üçün bu ayələrə də baxıla bilir: Bəqərə/133, Maidə/116, 117, Əraf/59, 73, 85, Möminlər/32.
Rəbbimizin elçi göndərərək kütlələri xəbərdar etməsi qullarına olan rəhmətinə görədir.
- 117Və sənin Rəbbin, insanları islah etdiyi halda, o ölkələri haqsız yerə dəyişikliyə/dağıntıya uğradacaq deyildir. (Hud/117)
Mövzumuz olan ilk ayədə “… çox acıqlı bir əzab gəlməzdən əvvəl” ifadəsiylə bəhs edilən əzab, 25-ci ayədə bildirilən “boğulma” və “cəhənnəmə atılma” olaraq anlaşılmalıdır.
Nuh əhvalatının xülasəsi Əraf surəsində də verilmişdi:
- 59And olsun ki, Biz Nuhu öz qövmünə elçi göndərdik və o: “Ey qövmüm! Allaha qulluq edin, sizin üçün Ondan başqa bir tanrı yoxdur. Mən zərərinizə olan, üstünüzə gələcək böyük bir günün əzabından çox ciddi şəkildə qorxuram” – dedi.
- 60Qövmünün öndə gedənləri: “Biz səni açıq-aşkar bir pozğunluq içində görürük” – dedilər.
- 61–63Nuh dedi ki: “Ey qövmüm! Məndə hər hansı bir pozğunluq yoxdur. Mən, aləmlərin Rəbbi tərəfındən göndərilmiş bir elçiyəm. Sizə, Rəbbimin göndərdiyi doğruları təbliğ edirəm, sizə öyüd verirəm və Allah tərəfındən, sizin bilmədiyiniz şeyləri bilirəm. Allahın qoruması altına girməyiniz və mərhəmətə çata bilməyiniz üçün, içinizdən sizi xəbərdar edəcək bir insana, Rəbbinizdən bir öyüd/kitab gəlməsinə təəccübmü etdiniz?”
- 64Buna görə də, onu yalan saydılar. Biz də Nuhu və onunla bərabər gəmidə olanları qurtardıq, ayələrimizi yalan sayanları da boğduq! Həqiqətən onlar, kor bir qövm idilər. (Əraf/59-64)
Nuhun (əs) kimliyi, nəsli-kökü ilə əlaqədar Quranda məlumat verilməmişdir. Kitab-i Müqəddəsdə [1] Nuhdan geniş şəkildə bəhs edilir. Bunların bir çoxunu bundan əvvəlki surələrin təhlilində nəql etmişdik.
2–4Nuh dedi ki: “Ey qövmüm! Şübhəsiz ki, mən sizin üçün açıq-aşkar bir xəbərdar edənəm. Allaha qulluq edin, Onun qoruması altına girin və mənə itaət edin ki, sizin günahlarınızı bağışlasın və sizi adı qoyulmuş bir müddətin sonuna qədər ertələsin. Şübhəsiz ki, Allahın nizamladığı/müəyyən etdiyi müddətin sonu gəlincə, təxirə salınmaz. Əgər bilsəydiniz”.
Bu ayələrdən, Nuhun (əs) ilk öncə özünü qövmünə konkret olaraq tanıtdığı anlaşılır. Özünü açıq-aşkar bir xəbərdaredici olaraq təqdim edən Nuh Peyğəmbər, bu ilahi vəzifəsinə uyğun olaraq qövmündən də Allaha qulluq etmələrini, təqvalı davranmalarını və özünə itaət etmələrini istəmişdir. Belə etdikləri təqdirdə Allahın onları bağışlayacağını, Onun qəhrinə uğramadan, rəzil-rüsvay olmadan özlərinə təqdir edilən ömürlərini yaşaya biləcəklərini, bu fürsəti qaçırmamalarını, çünki verilən müddət dolduğunda onda heç bir dəyişiklik edilməsinin mümkün olmayacağıını bildirmişdir.
Nuhun (əs) ayədə üç maddə halında xülasə edilən istəkləri dinin ana qaydalarıdır.
Diqqət edilirsə, Nuh Peyğəmbər bu öyüdlərini “… əgər bilsəydiniz” deyə bitirir. Onun bu ifadəsi qövmünün şüursuz davrandığına, şüursuzluqları üzündən inkara getdiklərinə işarət edir. Çünki həqiqətən də qövmü az bir dünya mənfəəti naminə əbədi həyatı gözdən çıxarırdı.
5–12Nuh dedi ki: “Rəbbim! Şübhəsiz, mən qövmümü gecə-gündüz/daima dəvət etdim. Lakin, mənim çağırmağım onların, sadəcə, uzaqlaşmalarını artırdı. Və şübhəsiz, mən onları Sənin onları bağışlamağın üçün hər dəvət etdiyimdə, onlar barmaqlarını qulaqlarına tıxadılar, libaslarına büründülər, israr etdilər, təkəbbürləndikcə, təkəbbürləndilər. Sonra şübhəsiz ki, mən onları yüksək səslə çağırdım. Sonra, şübhəsiz ki, onlar üçün elan etdim. Onlar üçün gizli-gizli də söylədim. Sonra dedim ki: “Rəbbinizin sizi bağışlamasını istəyin. Qətiliklə O, çox bağışlayandır. Üzərinizə göydən bol yağış yağdırsın. Sizə mallar və oğullar ilə kömək etsin, sizin üçün bağçalar, çaylar yaratsın. 13Sizə nə olur ki, Allahın “ağır davranış”edə biləcəyinə ümid etmirsiniz?
14”Halbuki, O, sizi həqiqətən tavır-tavır/mərhələ-mərhələ yaratmışdır. 15,16Allahın yeddi göyü təbəqələr halında/uyğun bir şəkildə necə yaratdığını və ayı onların içində bir işıq etdiyini, Günəşi də bir çıraq etdiyinı görmədinizmi? 17Və Allah, sizi yer üzündən bir bitki olaraq bitirdi. 18Sonra sizi oraya geri çevirəcək və sizi bir çıxışla çıxaracaqdır. 19,20Və Allah sizin üçün yer üzünü, yer üzündən geniş-geniş yollarda gedəsiniz deyə, bir döşənəcək etmişdir”.
Bu ayələrdə, Nuh Peyğəmbərin Allaha yalvararkən qövmünə etdiyi öyüdləri və onların özünə qarşı göstərdikləri münasibəti dilə gətirilir. O halını Rəbbinə uzun-uzun ərz edir. Onun “Rəbbim! Şübhəsiz, mən qövmümü gecə-gündüz/daima dəvət etdim. Lakin, mənim çağırmağım onların, sadəcə, uzaqlaşmalarını artırdı. Və şübhəsiz, mən onları Sənin onları bağışlamağın üçün hər dəvət etdiyimdə, onlar barmaqlarını qulaqlarına tıxadılar, libaslarına büründülər, israr etdilər, təkəbbürləndikcə, təkəbbürləndilər” şəklindəki şikayəti, Nuh (əs) ilə qövmü arasındaki mübarizənin xüsusiyyəti haqqında məlumat verdiyi kimi, möminlərlə inkarçılar arasındakı mübarizə müddətlərində qarşılaşıla biləcək psixoloji risklər haqqında da ipucları verir.
Ayədəki “onlar barmaqlarını qulaqlarına tıxadılar, libaslarına büründülər” ifadəsi, Nuhun (əs) inkarçılardan onun səsini eşitməmək üçün qulaqlarını tıxadıqları, üzünü görməmək üçün də libaslarını başlarına keçirdikləri yönündəki şikayətini ifadə edir.
Nuh qövmünün “təkəbbürlənmə, yekəxanalıq etmə” kimi münasibətlərindən bu ayələrdə də bəhs edilmişdir:
- 27Bunun qarşısında qövmünün kafirlərinin öndə gedənləri: “Biz səni, sadəcə bizim kimi adi bir insan olaraq görürük. Sənə dayaz fikirli, aşağı təbəqələrimizdən/ayaq dəstəmizdən olanlardan başqasının uyduğunu görmürük. Sizin, bizim əleyhimizə bir üstünlüyünüzü də görmürük. Tam əksinə, biz sizi yalançılar hesab edirik” – dedilər. (Hud/27)
- 105Nuh qövmü göndərilənləri [elçiləri və ismarıcları] yalan saydı.
- 106–110Bir zamanlar qardaşları Nuh onlara demişdi ki: “Siz Allahın qoruması altına girməzsinizmi? Şübhəsiz ki, mən sizin üçün etibar edilən bir elçiyəm. Artıq Allahın qoruması altına girin və mənə itaət edin. Və buna qarşılıq olaraq mən sizdən heç bir ödəniş istəmirəm. Mənim ödənişim ancaq aləmlərin Rəbbindəndir. Artıq Allahın qoruması altına girin və mənə itaət edin!”
- 111Onlar: “Sənə çox düşük insanlar uyarkən, biz sənə inanarıqmı?” – dedilər.
- 112–115Nuh dedi ki: “Onların etdiklərinə dair bir məlumatım yoxdur. Onların hesabı ancaq, Rəbbimə aiddir. Əgər düşünürsünüzsə! Və mən iman edənləri qovan deyiləm. Mən ancaq açıq-aşkar bir xəbərdar edənəm”.
- 116Onlar dedilər ki: “Ey Nuh! Əgər əl çəkməsən, yaxşı bil ki, mütləq sən daşlanaraq öldürülənlərdən olacaqsan!”
- 117,118Nuh: “Rəbbim! Qövmüm məni yalan saydı. Artıq mənimlə onların arasında sən hökm et. Və məni və möminlərdən mənimlə bərabər olan insanları qurtar!” – dedi.
- 119,120Buna görə də Biz onu və onunla birlikdə olanları o dolu gəminin içində qurtardıq. Sonra da ardından artıq qalanları suda boğduq.
- 121Şübhəsiz ki, bunda tam yəqinliklə bilin ki, bir əlamət/nümunə vardır. Amma onların çoxu iman edənlər deyildilər. 122Və şübhəsiz ki, Rəbbin, tam yəqinliklə bilin ki, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olanın, əngin mərhəmət sahibinin məhz özüdür. Şüəra/105-122)
Nuhun (əs) qövmünə etmiş olduğu təbliğin “gecə-gündüz”, “yüksək səslə” və “gizli-gizli” olduğu, Allaha yalvararkən işlətdiyi ifadə və deyimlərdən anlaşılır “Gecə-gündüz” deyimi “daima” mənasındadır. “Yüksək səslə” ifadəsi, təbliğin “açıq-açıq meydanlarda”, “gizli-gizli” ifadəsi isə “gizlicə, tənhalarda və evlərinə, ayaqlarına gedərək” – deməkdir. Nuh Peyğəmbər duasındakı bu deyimlərlə elçilik vəzifəsini yerinə yetirmə barəsində etmədiyi bir cəhdin qalmadığını, əlindən gələn hər şeyi etdiyini, hər üsulu sınadığını dilə gətirir.
Nuh Peyğəmbərin, qövmünə nəsihət edərkən: “Rəbbinizin sizi bağışlamasını istəyin. Qətiliklə O, çox bağışlayandır. Üzərinizə göydən bol yağış yağdırsın. Sizə mallar və oğullar ilə yardım etsin, sizin üçün bağçalar etsin, bulaqlar etsin” – dediyi diqqət çəkir. Bu sözlər onun qövmünü tövbə etməyə dəvət və təşviq etmək istədiyini göstərdiyi kimi, Allahdan mağfirət diləməyin bolluğa səbəb olacağı ismarıcını da ehtiva edir.
Mağfirət diləməyin bolluğa vəsilə olacağı bu ayələrdən də anlaşılır:
- 50–52Ada da qardaşları Hudu elçi göndərdik. O, dedi ki: “Ey qövmüm! Allaha qulluq edin. Sizin üçün Ondan başqa tanrı yoxdur. Siz uydurmaçılardan başqa bir şey deyilsiniz. Ey qövmüm! Buna qarşılıq mən sizdən bir ödəniş istəmirəm. Mənim əcrim ancaq məni yoxdan yaradandandır. Hələ də ağılla hərəkət etməyəcəksinizmi? Ey qövmüm! Rəbbinizdən bağışlanma istəyin, sonra Ona tövbə edin ki, üzərinizə göydən bol-bol göndərsin və gücünüzə güc qataraq sizi artırsın. Və günahkarlar olaraq arxa çevirməyin”. (Hud/50-52)
Buna qarşılıq, nankorluq edənlər, şirk qoşanlar da sadəcə axirətdə deyil, bu dünyada da sıxıntı içində olacaqlar:
- 124–126Kim Mənim anılmağımdan/Mənim öyüdümdən uzaq durarsa, heç şübhəsiz, onun üçün çətin, sıxıcı bir dolanışıq/yaşayış vardır. Qiyamət günü də onu kor olaraq qiyamət gününün toplantı yerinə toplayarıq. O deyər ki: “Rəbbim, mən görən biri olduğum halda məni niyə kor olaraq bu yerə çıxardın?” Allah deyər ki: “Bu belədir, ayələrimiz sənə gəldisə də, sən onları tərk etmişdin – bu gün də eyni şəkildə sən tərk edilirsən/cəzalandırılırsan”. (Ta Ha/124-126)
- 66Və heç şübhəsiz, əgər onlar Tövratın, İncilin və özlərinə Rəbbindən endirilən Quranın fəaliyyətini təmin etsəydilər, əlbəttə, üstlərindən və ayaqlarının altından [hər yöndən] bəslənəcəkdilər. Onlardan bir qismi orta yol tutan – bəzisinə inanıb, bəzisinə inanmayan, inanmadığı halda inanmış görünən başçılı bir cəmiyyətdir. Və onlardan çoxunun etməkdə olduqları nə pisdir! (Maidə/66)
- 1–4Əlif/1, Lam/30, Ra/200. Bu Quran Allahdan başqasına qulluq etməyin, sadəcə Allaha qulluq edin deyə, ayələri/şərik qoşaraq edilən səhvi/öz zərərlərinə işi və qarışıqlığı əngəlləmək üçün qoyulmuş qanun, düstur və qaydalar yerləşdirilmiş/pozulması əngəllənmiş, həmçinin ən yaxşı qanun qoyan, pozulmağa yaxşı mane olan/sağlam edən, hər şeyin iç üzünü, gizli tərəflərini də yaxşı bilən tərəfındən ətraflı olaraq açıqlanmış bir kitabdır! “Şübhəsiz, mən sizin üçün Onun tərəfindən bir xəbərdar edən və bir müjdəçiyəm. Və Rəbbinizdən bağışlanma istəyin, sonra Ona tövbə edin ki, sizi adı qoyulmuş bir müddət sonuna qədər gözəl faydalandırsın. Və hər fəzilət sahibinə ərməğanlarını versin. Və əgər üz çevirərsinizsə, mən sizin əleyhinizə olan böyük bir günün əzabından qorxuram. Dönüşünüz yalnız və yalnız Allahadır. Və O, hər şeyə gücü çatandır”. (Hud/1-4)
13-cü ayədən 24-cü ayəyə qədər olan paraqrafda nəql edildiyinə görə, Nuh Peyğəmbər, qövmünə “Halbuki, O, sizi həqiqətən tavır-tavır/mərhələ-mərhələ yaratmışdır. Allahın yeddi göyü təbəqələr halında/uyğun bir şəkildə necə yaratdığını və ayı onların içində bir işıq etdiyini, Günəşi də bir çıraq etdiyinı görmədinizmi? Və Allah, sizi yer üzündən bir bitki olaraq bitirdi. Sonra sizi oraya geri çevirəcək və sizi bir çıxışla çıxaracaqdır. Və Allah sizin üçün yer üzünü, yer üzündən geniş-geniş yollarda gedəsiniz deyə, bir döşənəcək etmişdir” – deyə öyüd vermişdir. Bu öyüdüylə qövmünə həqiqi Tanrının, həqiqi Rəbbin kim olduğunu anlatmaq istəmişdir. Diqqətlərin Rəbbimizin varlıq və qüdrətinə çəkildiyi bu ifadələr ayələrdə bəzən Rəbbimizin birbaşa qullarına xitabı olaraq, bəzən də insanlara elçilərin diliylə yönəldilən sözlər olaraq Quranda bir çox dəfə yer almışdır.
Bölmədə insanın “mərhələ-mərhələ” yaradılması, bir bitki olaraq bitirilməsi, göylərin, göydəki sistemlərin və yer üzünün yaradılması, yer üzünün insanlara əlverişli hala gətirilməsi kimi mövzular üzərində durulur.
İnsanın yaradılış müddəti ilə əlaqədar xülasə olaraq bu məlumatları xatırlatmaqda fayda görürük:
Dişinin yumurtası erkək sperması tərəfindən mayalandıqdan sonra bətnin çəpərinə yapışır. Bu mayalanmış yumurtacıq son dərəcə doyumsuzdur. Ətrafındakı çəpəri aşındıraraq orada əmməsinə və inkişafına əlverişli bir qan gölü əmələ gətirir. Cənini anasına bağlayan və doğuma qədər bəslənmə kanalı vəzifəsini yerinə yetirən göbək bağının boyu, həyata keçirdiyi məqsədin tələblərinə uyğun ölçüdə yaradılmışdır. Yəni bu bağ, daşıdığı qidanın nə yolda turşumasına yol açacaq qədər uzundur, nə də bu qidanın sürətini aşaraq, cənini rahatsız etməsinə səbəb ola biləcək qədər qısadır.
Hamiləliyin sonunda və doğumun başlanğıc mərhələsində ana məməsi sarıya çalan ağımsov bir maye ifraz edər. Uca Allahın heyranedici sənətinin bir əsəri olaraq, bu maye yeni doğulan körpəni xəstəliklərə qarşı qoruyan ərimiş kimyəvi maddələrdən əmələ gəlir. Doğumun ikinci günündə məmədə süd əmələ gəlməyə başlayar. Yenə Uca Allahın bənzərsiz planı xəbərdar edincə, ana məməsindən axan südün miqdarı gündən-günə çoxalaraq bir ilin sonunda iki litr yarıma çatır. Əslində doğumun ilk günlərində bu südün miqdarı bir neçə yüz qramı keçməz. Ana südündəki möcüzə sadəcə süd miqdarının çağanın böyüməsinə paralel ölçüdə artması ilə məhdud olmaz. Bundan əlavə, südün tərkibinə daxil olan maddələrin növü və nisbəti də zamanla dəyişir. Ana südü, doğuşdan sonrakı ilk günlərdə çox az nişasta və şəkər ehtiva edən su əsaslı maye olsa da, zamanla qatılaşır; Tərkibindəki nişasta, şəkər və yağ nisbəti artır. Bu inkişaf, uşağın toxuma və sistemlərinin davamlı inkişafı ilə ayaqlaşacaq bir tempdə gündən-günə baş verir.
Əgər insan orqanizmini təşkil edən müxtəlif sistemləri, onların funksiyalarını, iş üsullarını və orqanizmin sağ qalması və sağlamlığı ilə bağlı funksiyalarını araşdırsaq, onların nə qədər diqqətlə və nə qədər yaxşı planlaşdırılmış olduğunu görər və heyrətə gələrik. Uca Allahın hər canlı orqanizmi, hər orqanı, hətta hər hüceyrəni idarə etdiyini, müşahidəsi və nəzarəti altında tutduğunu aydın şəkildə təsdiq edərik.
15 və 16-ci ayələrdə isə Nuhun (əs) qövmünə təbliğ edərkən Allahın ətrafdakı ayələrinə diqqət çəkdiyi nəql edilir. Nuhun bu ifadələrində Ayı “işıq”, Günəşi “lampa” olaraq tərif etdiyi görünür. Bu xüsus başqa ayələrdə də yer almışdır:
- 5O, Günəşi bir aydınlıq, Ayı bir işıq edən və illərin sayını və hesabını biləsiniz deyə, aya mənzillər nizamlayandır. Allah bunu ancaq gerçək ilə yaratmışdır. O, anlaya biləcək bir cəmiyyət üçün ayələri ətraflı olaraq açıqlayar. (Yunus/5)
Günəş və Ayın fərqi, günəşin xidmətləri, günəşdəki çevrilmələrlə əlaqədar elm və texnika kitablarında geniş məlumatlar vardır.
21–24Nuh: “Rəbbim! Şübhəsiz ki, qövmüm mənə üsyan etdi. Malı və övladı özünə zərərdən başqa bir şey verməyən kəsə uydular. Və onlar böyük tələlər qurdular. Və: “Qətiyyən tanrılarınızı buraxmayın. Və qətiyyən Vedd, Suva, Yagus, Yeuk və Nəsri buraxmayın” – dedilər. Qətiliklə bir çoxlarını da azdırdılar. Sən də o şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlərin sadəcə, azğınlığını artır” – dedi.
Bu ayələrdə, Nuh Peyğəmbərin Allaha yalvarışları nəql edilir. Ona göstərilən sərt münasibət nəticəsində Nuh Peyğəmbər: “Rəbbim! Şübhəsiz ki, qövmüm mənə üsyan etdi. Malı və övladı özünə zərərdən başqa bir şey verməyən kəsə uydular. Və onlar böyük tələlər qurdular. Və: “Qətiyyən tanrılarınızı buraxmayın. Və qətiyyən Vedd, Suva, Yagus, Yeuk və Nəsri buraxmayın” – dedilər” – deyərək qövmündən Allaha şikayət etmiş, duasını “Qətiliklə bir çoxlarını da azdırdılar. Sən də o şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlərin sadəcə, azğınlığını artır” – sözləriylə davam etmişdir.
Nuhun (əs) yalvarışındakı “Malı və övladı özünə zərərdən başqa bir şey verməyən kimsəyə uydular” ifadəsində kimdən bəhs edildiyinə dair başqa bir məlumat verilməmişdir. Ancaq ayənin ifadəsindən, bu adamın Əbuləhəb kimi malı və çevrəsiylə dinin əleyhinə münasibət almış bir adam olduğu anlaşılır.
Nuh qövmünün öndə gedənlərinin hamılıqla və hər cür hiyləyə baş vuraraq digərlərinə: “Əsla ilahlarınızı buraxmayın. Və əsla Vedd, Suva, Yagus, Yeuk və Nəsri buraxmayın!” – demələri və xalqı şirklərində qalmağa təşviq etmələri, inkarçıların ümumi xarakterini göstərməsi baxımından, fövqəladə diqqət çəkicidir.
Sad surəsindəki bu bölmədə də bənzər bir münasibətdən bəhs edilir:
- 4,5Və içlərindən özlərinə bir xəbərdar edən gəldiyində çaşdılar. O kafirlər: “Bu bir sehrbazdır, çox-çox yalan söyləyən birisidir. O bu qədər tanrını, tək bir tanrımı etmiş? Bu həqiqətən çox təəccüblü bir şeydir!” – dedilər.
- 6–8Və içlərindən öndə gedənlər yürüdülər: “İlahlarınız üzərində dirənin və sözünüzdən, qərarınızdan dönməyin. Bu, həqiqətən, sizdən gözlənən bir şeydir! Biz bunu son/başqa bir dində eşitmədik, bu ancaq bir uydurmadır. Öyüd/Kitab aramızdan Onun üzərinəmi endirildi?” Əksinə, onlar, Mənim öyüdümdən/Qurandan yetərsiz bilik içindədirlər. Əksinə, onlar hələ əzabımı dadmayıblar.
- 9–11Yoxsa çox güclü və çox bağışlayan Rəbbinin mərhəmət xəzinələri onların yanındadırmı? Ya da bütün o göylərin, yerin və aralarında olanların mülkü onlarındırmı? Elə isə, burada, müxtəlif qruplardan əmələ gəlmiş, məğlubiyyətə uğramış bir ordu olan onlar, hər yolu sınaqdan keçirərək yüksəlsinlər, əllərindən gələn hər şeyi sınaqdan keçirsinlər!
- 12,13Onlardan əvvəl Nuhun qövmü, Ad, sütunlar sahibi, möhtəşəm orduları olan/görünməmiş işgəncələr edən Firon, Səmud, Lutun qövmü və Əykə Əhli də yalan saydılar. Bax budur, onlar, ayrı-ayrı üsyankarlıq edən qruplardır.
- 14Ancaq onların hamısı elçiləri yalan saydılar. Buna görə də əzabım haqq oldu. 15Və bunlar, göz açıb yumacaq qədər belə gecikməsi olmayan bir qışqırtıdan başqa bir şey gözləmırlər.
- 16Və dedilər ki: “Rəbbimiz! Hesab günündən əvvəl, bizim əzabdan payımızı bizə təcili ver!” (Sad/4-16)
Deməli, tarix təkrar olunur.
Mövzumuz olan ayələrdə adbaad bir sıra bütlərdən bəhs edilir. Bu büt adları ərəbcədə mənası olan sözlərdir. Bu adlarla əlaqədar olaraq klassik qaynaqlardan iki nəql təqdim edirik:
Suva, onların düşüncələrinə görə, dəniz sahilində Huzeylilərə aid bir büt idi.
Yeğus: Katadenin görüşünə görə, Səba diyarinin əl-Cevf deyilən yerində Muradlıların Gutayf qoluna aid idi.
Əl-Mehdevi: Əvvəl Muradlıların idi, sonra da Gatafanlıların oldu. Əs-Salebi dedi ki: Taylılardan olan Ala və Enum ilə Məzhiclilərdən olan Curaşlılar, Yeğusu alıb onu Muradlılara apardılar və orada bir müddət ona ibadət etdilər. Daha sonra Nadiyə oğulları o bütü Ala və Enumlulardan almaq istədilər. Bu dəfə onu Huzaalılardan el-Haris b. Kaab oğullarına mənsub el-Husayna apardılar.
Əbu Osman en-Nehdi dedi ki: Mən Yeğusu gördüm, qurğuşundandı. Bu bütü ayaqları xəstə olan bir dəvənin üstündə daşıyırdılar. Onunla birlikdə yeriyir, lakin özü çökmədikcə onu çökdürmürdülər. Dəvə çökdükdə, onlar da enər və: “Sizə buranı bəyənmiş olur” – deyərək onun üzərində bir bina inşa edir və ətrafında qalırdılar.
Yeuk, İkrimə, Katade və Atanın görüşünə görə (Yəməndəki bir yer olan) Belha deyilən yerdə Həmədanlılara aid idi. Bunu el-Maverdi zikr edir.
Əs-Salebi dedi ki: Yeuk, Səbalılardan Kehlan adındakı birinə aid idi. Sonra oğullarından biri digərindən miras aldı. Böyüklük sırasına görə miras alına-alına sonunda Həmədanlıların əlinə keçdi. Budur Malik b. Nemat əl-Həmədani bu beyti onun haqqında söyləmişdir:
“Dünyada tükləndirən [palazlandıran] da Allahdır, zəiflədən də Odur, Lakin Yeuk nə zəiflədə bilir, nə də palazlandıra bilir”.
Nesr: Katadenin görüşünə görə, Himyerlilərdən Zülkelaya aid idi. Mukatildən də bənzər bir görüş nəql edilmişdir.
Əl-Vakidi dedi ki: Vedd bir kişi surətində idi. Suva qadın surətində, Yeğus aslan, Yeuk at, Nesr isə uçan quşlardan qartal surətində idi. Doğrusunu ən yaxşı bilən Allahdır. [2]
Surədə adı keçən Nuh qövmünün tanrılarının adları, həm hərfi, həm də məna yönündən ərəbcədir. Hər nə qədər bu adlar Quranın endiyi açıq və düzgün ərəbcədən dövr olaraq çox qədim olsa da, aralarındakı əlaqə açıq şəkildə bəlli olur. Yeğus ilə Gavs [yar etmək], Gays [bərəkətli yağış] və İgase [yardım etmək] arasındakı əlaqə; Yeuk ilə İaka və Tavik [əngəlləmək, ayırmaq] arasındakı; Süva ilə Seah [genişlik, bolluq] arasındakı əlaqə; Vedd ilə Meveddə [sevgi] arasındakı əlaqə; Nesr ilə məşhur yırtıcı quşa verilən ad arasındakı əlaqə açıq şəkildə görünür. Peyğəmbərin dövründə bəzi ərəb qəbilələrinin bu adlarla anılan bütləri olduğunu nəql edən rəvayətlər var idi. Anladıldığına görə, Hüzeyl qəbiləsinin bütünün adı Suva idi, yerləşdiyi yerin adı isə Yenbuğ olaraq adlandırılırdı. Başqa bir rəvayətdə isə bu Həmədan qəbiləsinin bütünün adıydı. Digər bir rəvayətə görə isə Zilkila ailəsinin bütünün adıydı. Zənnimcə bunların hamısı mövcud idi və bir qadın surətindəydi.
Yəməndə Məzhac və Cürs əhlinin də Yegus adında bir bütləri vardı. Ona sitayiş edənlər arasında Murad qəbiləsindən Gatifoğulları da var idi. Rivayətə görə bu büt Suvanın oğlu olub aslan surətindəydi. Anladıldığına görə Həmədan, Havlan və onların müttəfiqləri olan qəbilələrin Erhab deyilən yerdə Yeuk adında bir bütləri var idi. Rəvayətə görə Hayvan qəbiləsi də bu bütə sitayiş edirdi. Bu büt eyni zamanda Zilkila ailəsinin də bütləri arasındaydı və at şəklindəydi. Anladıldığına görə, Humeyr qəbiləsi də Nəsr adında bir bütə sitayiş edirdi. Bir rivayətə görə, bu Humeyr qəbiləsindən Zilkia ailəsinin bütü idi. Hayəniyyə qəbiləsi kitabələrində isə Nəsr adı qeyd olunub, quş şəklində idi. Bəni Kelb qəbilələrinin də Vedd adında bir bütü olduğu və bunun kişi surətində olduğu anladılır. Bu adın qədim dövrdə Yəmən tanrılarından birisi olduğu və onlarda Ayı təmsil etdiyi də qeyd edilir. Cahilliyyə dövrü kişi adlarından bu adların bəzisinə nisbət edilən bir sıra rəvayətlər nəql edilmişdir; Məsələn: Abdü Vedd [Veddin qulu], Abdügays [Gaysın qulu] kimi.
Anladığımız qədəriylə ərəblər, Peyğəmbərin dövründə və ondan əvvəl bu adları Nuh qövmünün tanrıları olaraq istifadə edirdilər, sonra bu adları iqtibas etdilər; bəlkə də ərəbcələşdirilərək bütlərinə də bu adları verdilər. Bu, Quranın endiyi düzgün və aydın ərəbcə dövründən daha qədim dövrə uyğun gəlir. Bu şəkildə, bu adları olduğu kimi qorudular. Çünki bunlar, göz ardı edilməyəcək dərəcədə müqəddəslik qazanmışdılar. [3]
24-cü ayədə Nuh Peyğəmbər, hadisələri anladarkən “… onlar bir çox kimsəni azdırdılar” ifadəsiylə qövmünün öndə gedənlərini deyil, bütləri qəsd etmiş ola bilər. Təbii ki, cansız bütlərin kimsəni azdırmasından bəhs edilə bilməz. Ona görə də bu ifadə, “bunlara görə bir çox insan azdı” mənasındadır. Bunun bir nümunəsini də İbrahim surəsindəki bu bölmədə görürük:
- 35–41Və həmçinin bir zaman İbrahim: “Rəbbim! Bu şəhəri təhlükəsiz et! Məni və oğullarımı bütlərə sitayiş etməkdən uzaq tut! Rəbbim! Şübhəsiz ki, bütlər insanlardan bir çoxunu azdırdılar. İndi kim mənə uyarsa, artıq o, şübhəsiz, məndəndir. Kim mənə qarşı çıxarsa… Artıq Sən, şübhəsiz ki, çox bağışlayan və çox mərhəmət edənsən. Rəbbimiz! Şübhəsiz, mən uşaqlarımdan bir qismini salaatı iqamə etmələri üçün Sənin toxunulmaz qılınmış Evinin yanında, əkinsiz bir vadidə yerləşdirdim. Rəbbimiz! Verdiyin nemətlərin qarşılığını ödəmələri üçün artıq Sən də insanlardan bir qisminin könüllərini onlara meylləndir. Və onları bəzi meyvələrdən ruziləndir. Rəbbimiz! Şübhəsiz ki, Sən bizim gizlətdiyimiz şeyləri və açığa vurduğumuz şeyləri bilirsən. Həmçinin yerdə və göydə, heç bir şey Allahdan gizlin qalmaz. Bütün təriflər, ixtiyarlıq halımda mənə İsmayılı və İshaqı lütf edən Allahadır, başqası öyülə bilməz. Şübhəsiz ki, Rəbbim duamı çox yaxşı eşidəndir. Rəbbim! Məni salaatı iqamə edən biri et! Soyumdan da… Rəbbimiz! Duamı da qəbul et! Rəbbimiz! Hesabın qurulduğu gündə mənim üçün, anam-atam üçün və möminlər üçün bağışlayan ol!” – demişdi. (İbrahim/35-41)
26–28Və Nuh dedi ki: “Bu yerdə dolaşan kafirlərdən bir tək insan buraxma. Şübhəsiz ki, sən onları buraxsan, qullarını yoldan çıxararlar və sadəcə, din-iman tanımayıb pisliyə batan və kafir övladlar doğub törədəcəklər. Rəbbim! Mənim üçün, anam-atam üçün, mömin olaraq evimə girən insanlar üçün, mömin kişilər və mömin qadınlar üçün mağfirət et/bağışla hamımızı! Şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlərə də yox olmağı artır”.
Bu ayələrdə Nuhun (əs) yalvarışlarının davamı verilir. Onun duasında dilə gətirdiyi “Bu yerdə dolaşan kafirlərdən bir tək insan buraxma. Şübhəsiz ki, sən onları buraxsan, qullarını yoldan çıxararlar və sadəcə, din-iman tanımayıb pisliyə batan və kafir övladlar doğub törədəcəklər” şəklindəki sərt ifadələrin səbəbi, onlarla əlaqədar daha əvvəl Allahın ona məlumat vermiş olmasıdır. Əks halda belə bir duadan bəhs edilə bilməz.
- 36,37Və Nuha vəhy olundu: “Tam əmin olun ki, qövmündən iman edənlərdən başqa, artıq kimsə iman etməyəcəkdir. Onun üçün onların etdikləri şeylərə kədərlənmə. Və Bizim nəzarətimiz altında və vəhyimizə görə gəmilər düzəlt. Şərik qoşmaqla səhv/öz zərərlərinə iş edənlər haqqında da Mənə müraciət etmə. Tam yəqinliklə bilin ki, onlar suda mütləq boğulacaqlar”. (Hud/36, 37)
Ayənin orijinalında yer alan “الأرض əl-Ərd” sözündəki “ال əl” artiklının “əhd” mənasına aldığımız təqdirdə, Nuhun “əl-Ərz” sözüylə qəsd etdiyi yerin özünün yaşadığı bölgə olduğu mənası əldə edilir. Əslində elə Nuhun yer üzündəki bütün kafirlər üçün belə bir qarğışından bəhs edilə bilməz. Belə ki, uzaqdakı kafirlərlə əlaqədar olaraq onların inanmayacaq kimsələr olmasına dair Nuha bir məlumat verilməmişdir.
25Onlar xətalarına görə suda boğuldular, sonra da atəşə atıldular. Sonra da özləri üçün Allahın yaratdıqlarından köməkçilər tapa bilmədilər.
Bu ayə Nuhun (əs) Allaha yalvarış ifadələrinə aid deyildir. Buna görə də Nuhun (əs) yalvarışlarının nəql edildiyi 26-28-ci ayələrdən sonra tərcümə edilmişdir.
Ayənin açıq ifadəsindən Nuhun (əs) dualarının qəbul olunduğu anlaşılır. Bu qəbulun nəticəsi olaraq, o inadçı müşrik qövm həm dünyada cəzalandırılmış, həm də axirətdə cəzalandırılacağına dair qəti hökm verilmişdir. Əzab gəldiyində arxalandıqları bütlərdən heç birinin yardımını görə bilməmişdilər.
- 76Və Nuhu… O zaman ki, o daha öncə nida etmişdi və Biz də Ona cavab vermişdik. Sonra da Biz onu və ailəsini – yaxınlarını, inananlarını böyük sıxıntıdan qurtardıq.
- 77Və ayələrimizi yalan sayan qövmünə qarşı Ona kömək etdik. Şübhəsiz ki, onlar pis bir cəmiyyət idilər və Biz onların hamısını suda boğduq. (Ənbiya/76, 77)
Bu faciəvi mənzərədən, başda Məkkəli müşriklər olmaqla bütün insanlığın ibrət alması və sonlarının Nuh qövmü kimi olmamasına çalışmalıdırlar. Surənin ümumi ismarıcı budur.
Allah doğrusunu ən yaxşı biləndir.
[1] Tekvin; 5-10. Bölümler.
[2] Kurtubi; el Camiu li Ahkami’l Kuran.
[3] Derveze; et Tefsirü’l Hadis.