Qüreyş surəsi Məkkədə enən 29–cu surədir.
Dahhak və Kelbi kimi Quran mütəxəssisləri bu surənin Mədinə dövründə endiyini irəli sürmüşdülər. Halbuki surənin üslubu və ifadələrində Qüreyş qəbiləsinin müxatib alınması, surənin Məkki olduğunu açıqca göstərir. Həmçinin, yaxında olan şeyləri göstərmək üçün işlədilən “هذا haza [bu]” işarə əvəzliyi, 3–cü ayədə “البيت هذا رب Rəbbə hazə’l–beyt [bu beytin Rəbbi]” ifadəsində “البيت beyt” üçün işlədilmişdir. “Beyt” sözü Kəbəni işarət etdiyinə görə, surənin müxatibləri Məkkəlilər, surə də Məkki olmalıdır.
Tin surəsində “dəlil/şahid” olaraq göstərilən “البلد الأمين əl–Bələdü’l–Əmin [Güvənli Şəhər]” xalqı, bu surədə güvənli şəhərin üstünlüklərindən istifadə edən “Qüreyş” ilə yenidən gündəmə gətirilmiş, bütün insanlığa yönələn xəbərdarlıq ismarıcı da Qüreyşin hüquqi vətəndaşı müxatib alınaraq verilmişdir.
Bəzi mütəxəssislər Qüreyş surəsini Fil surəsi ilə birlikdə tək bir surə olaraq qəbul etmişdilər. Bu qəbula istinad olaraq da:
– Hər iki surənin ayələrinin texniki quruluşları arasında bir–biriylə əlaqələndirilə bilən xüsusiyyətlərin mövcud olması;
– Ubey b. Kaabbın tərcüməsində bu iki surənin ard–arda, arası bismillahla ayrılmadan yer alması kimi xüsuslar göstərilmişdir.
Ancaq bunlar qəbul edilə bilən istinadlar deyildir. Birincisi, texniki istinadlar yetərli deyil. İkincisi, kim olursa olsun, bəzilərinin iki surəni bismillahla ayırmadan oxumaları bu barədə bir dəlil olaraq irəli sürülə bilməz.
Çünkü Quranın bütün surələri bismillahla ayrılmadan oxuna bilir, bunda heç bir problem yoxdur. Sonuncu olaraq da, əshabın çoxluğunun qənəati ilə Xəlifə Osmanın İslam dünyasının mərkəzlərinə göndərdiyi tərcümələrdə bu iki surə arasına bismillah qoyulması, bunların iki ayrı surə olduğuna yəqinlik qazandırmışdır.
Tin surəsində “dəlil/şahid” olaraq göstərilən “البلد الأمين əl–Bələdü’l–Əmin [Güvənli Şəhər]” xalqı, bu surədə güvənli şəhərin üstünlüklərindən istifadə edən “Qüreyş” ilə yenidən gündəmə gətirilmişdir. Bu surədə Qüreyşin hüquqi vətəndaşı müxatib alınaraq, bütün insanlığa yönəlik xəbərdarlıq ismarıcı verilmişdir.
Qüreyş surəsində Qüreyşin şəxsində bütün insanlığa bildirilmişdir ki, xüsusi bir zəhmət tələb etməyən gəlir mənbəyinə sahib olan kəslər, onlara bu gəlir mənbəyini təmin edənə qarşı həssas olmalı və əmək qarşılığı olmadan əldə etdikləri nemətlərin qarşılığını mütləq ödəməlidirlər.
TƏRCÜMƏ
RƏHMAN, RƏHİM ALLAH ADINDAN
Bölmə 51
- 1,2Qüreyşin təhlükəsizliyi və rifahı naminə–qış və yay–hər zamankı səfərlərində təhlükəsizlikləri və rifahları üçün …
- 3,4Elə isə özlərini aclıqdan qurtararaq bəsləmiş olan və hər qorxudan onları təhlükəsizliyə qovuşdurmuş olan, bu Beytin Rəbbinə qulluq etsinlər.
(29/106 Qüreyş/1–4)
TƏHLİL
1,2Qüreyşin təhlükəsizliyi və rifahı naminə–qış və yay–hər zamankı səfərlərində təhlükəsizlikləri və rifahları üçün …
Qüreyş Qəbiləsi
Tarix kitabları və ensiklopediyalarda, peyğəmbərimizin İslamiyyəti təbliğ etdiyi dövrdə Məkkədə yaşayan xalqın atası olaraq qəbul edilən və peyğəmbərimizin də mənsubu olduğu Qüreyşin əsl adının “Fihr” yaxud “Nadr” olduğu bildirilir. Bu məlumatlara görə, Kənanə qəbiləsinin bir qolu olan Qüreyş qəbiləsi Nevfəl, Zöhrə, Mahzum, Əsəd, Cumah, Səhm, Ümeyyə, Haşim, Teym və Adiy adlarındakı on qoldan əmələ gəlmişdir. Qəbiləyə adını verən adamdan başlayaraq peyğəmbərimizin soy kökü də bu şəkildə sıralanmışdır: Qüreyş [Fihr və ya Nadr] – Qalib – Lüey – Kaab – Mürrə – Kilab – Kusay [Zeyd] – Abdümənaf [Muğirə] – Haşim [Amr] – Abdülmuttalib [Şeybə] – Abdullah – Məhəmməd.
Qüreyş qəbiləsi, İslamın gəlişindən öncə, cahiliyyə dövründə Məkkənin idarəçilərindən idi. Qəbilə üzvləri Kəbənin ətrafındakı “harəm” içində olan bir quyunun yanında ucaldılmış Hübel adlı bir bütə tapınırdılar. Bu büt, hələ Hicaza bütə tapınmağın tanış olmadığı bir dövrdə, Kəbə və Hicazın rəhbərlik səlahiyyəti Huzaalılarda ikən, rəhbərləri olan Amr b. Luhay tərəfindən Suriyadan gətirilmişdir. Hübəl Suriya xalqının inanclarına görə yağış yağdırması və müxtəlif diləkləri yerinə yetirməsi üçün tapınılan bir çox bütdən biri idi. Qırmızı əqiqdən düzəldilmış, sağ əli qırıq bir insan şəklindəki bütə sonradan qızıldan bir əl taxılmışdır. Amrın Suriyadan gətirdiyi və Kəbə yaxınlığındakı Zəmzəm quyusunun üst tərəfinə yerləşdirilən büt, zaman keçdikcə Kəbə divarındakı məşhur qara daş [Həcər–i Əsvəd] qədər sayğı görmüş və Kəbənin içinə daşınmışdır.
Qüreyş qəbiləsi, Hübelin kənarında və yenə Zəmzəm quyusu yanında olan Asəf və Nailə adlı daha iki bütə tapınırlar və bunların önündə qurban kəsirdilər. Batil inanclar ehtiva edən rəvayətlərə görə, bu bütlər, Bağy oğlu Yusif [İsaf] adında bir kişi ilə Dik qızı Nailə adında bir qadın, Kəbə içində zina etmişlər və Allah tərəfindən daş halına salınmışlar.
Bu böyük bütlərdən başqa hər ailənin evində, məsələn, yola çıxarkən heyvanına minmədən öncə, yoldan döndüyündə ailəsini görmədən öncə əlini üzünü sürtdüyü bütlər də mövcud idi.
“القريش Qüreyş” sözü, lüğəti mənası “qazanmaq, toplamaq, toplanmaq, araşdırmaq” olan “qarş” və ya “qırş” sözlərinin ism–i təsgiridir. Bu qəlib Ərəbcədə bir sözün mənasını kiçiltmək üçün işlədilir.
Qüreyş qəbiləsinə bu adın verilmə səbəbləri haqqında müxtəlif görüşlər irəli sürülmüşdür:
- Daha öncələri dağınıq yaşayan qəbilə, sonradan bir araya toplanıb birlikdə yaşamağa başladığı üçün onlara bu ad verilmişdir.
- Mal toplayan, ticarətlə məşğul olan, qazanan kəslərdən ibarət olan qəbiləyə, fərdlərinin bu xüsusiyyətləri nəzərə alınaraq, “qazanmaq, toplamaq” mənasındakı bu ad verilmişdir.
- Qəbilə olaraq hacılar arasında olan ehtiyac sahiblərini araşdırıb, onların ehtiyaclarını qarşıladıqları üçün onlara bu ad verilmişdir.
- Lisanü’l–Arabın “قرش qırş” maddəsində yazdığına görə Müaviyə İbn–i Abbasa Qüreyş qəbiləsinə bu adın verilmə səbəbini soruşmuş, o da “Dənizlərdə ‘qırş’ adında bir canavar [köpək balığı] olduğunu demişdir. “Bu heyvan çox güclüdür, o başqalarını yeyər, kimsə onu yeyə bilməz, başqa heyvanların üstünə çıxar, kimsə onun üstünə çıxa bilməz” demiş və bu beyti nəql etmişdir:
“Qüreyş dənizdə yaşayandır
Elə onun adı ilə də Qüreyşə Qüreyş deyilmişdir.”[1].
İbn–i Mənzurun Lisanül–Arapda şairinin adını vermədən sadəcə bir beytini təqdim etdiyi şer, Kurtubinin verdiyi məlumata görə Tubbaya aiddir və davamı belədir:
“Arığı da, kökü də yeyər o və əsla tərk etməz
Orada iki qanadlıya heç bir tük buraxmaz.
Elə ölkələr arasında Qüreyş qəbiləsi də belədir
Onlar, ölkəni sürətli bir şəkildə yeyir, bitirirlər.”[2]
Bu izahlara görə Qüreyş, “Kiçik köpək balığı, kiçik dəniz canavarı” mənasındadır.
İlaf
Ayədə keçən “إيلاف ilaf” sözü, “min sayının adı” olan “elf” kökündən törəmiş bir sözdür. “İlaf” sözünün əsas mənası, “sevmək, bir şeyləri birləşdirmək, üst–üstə qoymaq” dəməkdir. Əslində elə o dövrdə işlədilən ən böyük say olan “min” sayı da bir sıra sayların toplanmasından başqa bir şey deyildir. İncə ipləri bir–birinə sarımaqla emal edilən burulmuş, bükülmüş ip mənasındakı “habl–i müəlləf [kəndir]” ilə kitab hazırlamaq mənasındakı “təlif” də eyni kökdən törədilmiş sözlərdir və hər ikisi də özlərində birləşdirməyi, toplamağı ifadə edir.
“İlaf” sözünün fərqli qiraətləri [oxunuşları] barədə mübahisə getmişsə də, qiraət fərqlilikləri sözün mənasında fərqlilik əmələ gətirmir. Dilçilər “ilaf” sözü üçün əslində bir–birindən çox fərqli olmayan üç məna qəbul etmişlər:
– Sevmək, yanından ayrılmamaq, ünsiyyət etmək;
– Alışmaq, ayrılmamaq;
– Hazırlanmaq, təchizatlanmaq.
Sözə bu mənalar verilməklə 1–ci ayə aşağıdakı şəkillərdə tərcümə edilə bilir:
– Qüreyşin sevməsi, yanından ayrılmaması [buraxmaması] və ünsiyyəti səbəbiylə…
– Qüreyşin alışması, buraxmaması səbəbiylə…
– Qüreyşin hazırlanması, təchizatlanması səbəbiylə …
Qış və yay – Hər zamankı səfərlərində güvənlik–salamatlıqları…
Yaşadıqları ərazilərin quraq və verimsiz olmasının əvəzinə Kəbənin toxunulmazlığı Qüreyşlilər üçün hədsiz, qiymətləndirilə bilinməyəcək dərəcədə bir nemət təşkil etmişdir.
“Fil Əhvalatı” Ərəb Yarımadasının hər tərəfində həm Kəbənin, həm də onun Qüreyşdən olan nəzarətçilərinin və qoruyucularının hörmətini xeyli artırmış, onların güvən içində gəzə bilmələrinə, getdikləri hər yerdə etibar görmələrinə və qorunmalarına səbəb olmuşdur. Dolayısıyla Qüreyşlilər, cənubda Yəməndən başlayıb, şimalda Şama qədər uzanan iki böyük ticarət yolu açmışlar, qışda Yəmənə, yayda Şama gedən iki böyük ticarət karvanı ilə, əmniyyət içində, bol qazanclar təmin etmişlər.
3,4Elə isə özlərini aclıqdan qurtararaq bəsləmiş olan və hər qorxudan onları təhlükəsizliyə qovuşdurmuş olan, bu Beytin Rəbbinə qulluq etsinlər.
Yəni, “Əgər Allaha başqa nemətlərinə görə qulluq etmirlərsə, heç olmazsa, alışmış olduqları, uzun illərdir etmiş olduqları güvənli və bol qazanclı ticarət səfərlərinin özlərinə təmin etdiyi xoşbəxtlik və salamatlıq üçün bu Evin Rəbbinə qulluq etsinlər.”
Bu ayədəki ismarıcı doğru anlaya bilmək üçün, əsas olaraq “bu Ev” və “bu Evin Rəbbi” ifadələri üzərində ciddi düşünmək lazımdır.
“هذا البيت Bu Ev”
“Bu Ev” ilə qəsd edilən, Beytüllah [Allahın evi], yəni Kəbədir. Aşağıdakı ayələrdə görəcəyimiz kimi, Allah Kəbə üçün “بيتى evim” ifadəsini işlətmişdir. “بيت اللّه Allahın evi” ifadəsi “Allahdan başqasına aid olmayan ev” deməkdir ki, bu da oranın ictimai mülkiyyət olduğu mənasına gəlir. Yəni orada, sosial məsələlər müzakirə edilməli, ictimai ehtiyaclara həll aranmalı, kütləyə aid [təhsil, yaşamaq, idarəçilik kimi] məsələlərdə qərarlar alınmalıdır.
“Bu Evin Rəbbi”
Rəbb “tərbiyə edib təlimləndirən, yaratdıqlarını müəyyən bir proqrama uyğun olaraq bir sıra hədəflərə götürən, proqramlayıb idarə edən” dəməkdir. “ربّ هذا البيت Bu Evin Rəbbi” deyilərək Rəbbin “Ev”ə izafə edilməsi, Kəbənin quruluşunun və fəaliyyətlərinin hamısının Allah tərəfindən proqramlanıb tətbiq edildiyini göstərir.
Həqiqətən də o ev, yer üzündə Allah adına qurulmuş ilk evdir, orası bərəkətlidir, orada bolluq vardır:
- 96,97Şübhəsiz, insanlar üçün bərəkətli və aləmlərə yol göstərən olaraq qurulan ilk ev, Məkkədəkidir. Onda açıq–aşkar əlamətlər/nümunələr–İbrahimin vəzifə icra etdiyi yer [təhsil alıb, yetişdirilib ortaq qoşmağa qarşı ayağa qalxdığı] vardır. Və oraya kim girərsə güvəndə olmuşdur. Və yoluna gücü yetən hər kəsin Beyti/ilahiyyat təhsil mərkəzini niyyət etməsi, ilahiyyat təhsili üçün oraya getməsi Allahın insanlar üzərində bir haqqıdır. Kim də gerçəyi ört–basdır edərsə, bilsin ki, şübhəsiz Allah aləmlərdən zəngindir. (Al–i İmran/96, 97)
- 125Və Biz, bir zaman bu Beyti/ilk düzələn məktəbi, insanlar üçün bir savab qazanma/dönüş yeri və bir güvən yeri etmişdik. Siz də İbrahimin vəzifə daşıdığı yerdən bir salaat yeri [maddi yöndən və zehinsəl sarıdan dəstəyin–cəmiyyətin aydınladılmasının gerçəkləşdiriləcəyi bir yer] edin. Və Biz, İbrahim ilə İsmayıla, “Beytimi, dolaşanlar, ibadətə qapananlar və boyun əyib təslimiyyət göstərənlər, Allahı birləyənlər üçün tərtəmiz tutun” deyə əhd almışdıq. (Bəqərə/125)
- 97Allah, Kəbəni–o Beyt–i Haramı, haram ayı, həcc edənlərə yemək olaraq heyvan hədiyyə etməyi və gərdənlikləri/həcc edənlərın yeməsi üçün göndərilən heyvanlara qoyulan işarələri insanlar üçün bir ayağa qalxma–silkinmə, özlərini qurtarma etdi. Bu, Allahın göylərdə və yerdə olan hər şeyi bildiyini və Allahın hər şeyi haqqı ilə bilən olduğunu sizin də bilməyiniz üçündür. (Maidə/97)
- 25Şübhəsiz küfr edən–Allahın ilahlığını və rəbbliyini bilərək rədd edən, Allahın yolundan, insanlar – orada ibadətə qapanan və ya bərabər olmaq üçün kənardan gələn–üçün qılınan Məscid–i Haramdan [toxunulmazlığı olan ilahiyyat məktəbindən] ayıran kimsələr və orada haqsızlıqla yanlış yola azmaq istəyən kimsə–Biz, ona çox acıqlı bir əzabdan daddırarıq. (Həcc/25)
- 26–29Və həmçinin Biz bir zamanlar, “Əsla Mənə heç bir şeyi ortaq qoşma–dolaşanlar, orada haqsızlığa baş qaldıranlar, Allahı birləyənlər, boyun əyib təslimiyyət göstərənlər üçün evimi tərtəmiz et, özlərinə aid bəzi mənfəətlərə şahid olmaları və Allahın özlərinə ruzi olaraq verdiyi heyvanlar üzərində, bəlli günlərdə Onun adını anmaları üçün insanlar arasında ilahiyyat təhsil–təlimi veriləcəyini duyur. Yeriyərək və ya yorğun düşmüş miniklər üstündə hər dərin vadini aşaraq sənə gəlsinlər! Sonra kirlərini aradan qaldırıb təmizlənsinlər. Niyazlarını yerinə gətirsinlər. Keçmiş evdə/özgür evdə/Kəbədə dolaşsınlar” deyə, o evin/Kəbənin yerini, İbrahim üçün hazırlamışdıq.
Siz də onlardan yeyin və çətinlik çəkən fəqiri doyurun.
- 30,31Bax budur, belə! Və kim, Allahın toxunulmaz qıldıqlarına hörmət göstərərsə, artıq bu, özü üçün Rəbbinin qatında xeyirdir. Sizə bildiriləndən başqa digər heyvanlar sizə halal qılınmışdır. O halda Allaha yönələnlər olaraq, Ona ortaq qəbul edənlər olmayaraq, o bütlərdən olan kirlilikdən qaçının, yalan sözdən də qaçının. Allaha kim ortaq qoşarsa artıq o kimsə, göydən düşərək quşların qapdığı və ya küləyin özünü kimsəsiz bir yerə sürüklədiyi şey kimidir. (Həcc/26–31)
- 35–41Və həmçinin bir zaman İbrahim: “Rəbbim! Bu şəhəri güvənli et! Məni və oğullarımı bütlərə tapınmağımızdan uzaq tut! Rəbbim! Şübhəsiz bütlər insanlardan bir çoxunu azdırdılar. İndi kim mənə uyarsa, artıq o, şübhəsiz məndəndir–kim mənə qarşı gələrsə… Artıq Sən şübhəsiz, çox bağışlayan və çox mərhəmət edənsən. Rəbbimiz! Şübhəsiz mən uşaqlarımdan bir bölümünü salaatı iqamə etmələri [maddi yöndən və zehni sarıdan dəstək olmaları–cəmiyyəti maarifləndirməyə çalışmaları] üçün, Sənin toxunulmazlaşmış Evinin yanında, əkinsiz bir vadidə yerləşdirdim. Rəbbimiz! Verdiyin nemətlərin qarşılığını ödəmələri üçün, artıq Sən də insanlardan bir qisminin könüllərini onlara meyl etdir. Və onları bəzi meyvələrdən ruziləndir. Rəbbimiz! Şübhəsiz Sən bizim gizlətdiyimiz şeyləri və açığa vurduğumuz şeyləri bilirsən. Və yerdə və göydə, heç bir şey Allaha gizli qalmaz. Bütün təriflər, ixtiyarlıq halımda mənə İsmayılı və İshakı lütf edən Allahadır–başqası öyülə bilməz. Şübhəsiz ki, Rəbbim duamı çox yaxşı eşidəndir. Rəbbim! Məni salaatı iqamə edən [maddi yöndən və zehinsəl sarıdan dəstək olan–cəmiyyəti maarifləndirməyə çalışan] biri et! Soyumdan da. Rəbbimiz! Duamı da qəbul et! Rəbbimiz! Hesabın qurulduğu gündə məni, anam–atamı və möminləri bağışla!” demişdi (İbrahim/35– 41)
- 91–93Sən, “Mən ancaq hər şeyin sahibi olan və buranı toxunulmaz qılan Məkkənin Rəbbinə qulluq etməklə əmr olundum. Və Mən müsəlman olmağımla və Quranı oxuyub izləməyimlə əmr olundum. Artıq kim bələdçilənən doğru yola düşərsə, yalnız özü üçün bələdçilənən doğru yola düşmüş olar, kim də azarsa dərhal “Mən sadəcə xəbərdar edənlərdənəm”. Və, bütün təriflər Allaha məxsusdur, başqası öyülə bilməz. O, ayələrini/əlamətlərini/nümunələrini sizə göstərəcək və siz onları tanıyacaqsınız” de.Və Rəbbin, etdiklərinizdən xəbərsiz deyildir. (Nəml/91–93)
Qüreyşlilər, Kəbəyə həcc və ümrə üçün gələn minlərlə insana verilən xidmətləri öz aralarında paylaşmışdılar. Hər sülalənin müəyyən bir vəzifəsi vardı. Kəbənin gözətçiliyi, nəzarəti, hacılara su paylanması, hacılara yardım, hacılara pul toplamaq, yemək yedirtmək, hacıların məhkəmə məsələləri kimi bir çox iş Qüreyş qəbiləsi tərəfindən həyata keçirilirdi. Bu müqəddəs turizm, Qüreyşlilərə tərif ediləməyəcək dərəcədə üstünlük və ehtiramla yanaşı, bol qazanc da təmin edirdi.
Aydındır ki, Qüreyşlilərin Məkkədə sürdükləri bu səfa onların öz qeyrətlərinin deyil, Allahın Kəbə ilə əlaqədar planlarının bir nəticəsi idi. Belə ki, Allahın Kəbə ilə əlaqədar bu planı günümüzdə də davam edir və müqəddəs turizm bu gün Səudiyyə Ərəbistanı dövlətini yaşadır.
Qüreyşin aclıqdan qurtarılması, bəslənməsi və hər qorxudan güvəndə olmaları
Bu ayədə, Evin Rəbbinin Qüreyşliləri aclıqdan qurtarıb doyurduğu və qorxudan əmin qıldığı bildirilir. Yəni Qüreyşlilər sırf əmniyyət içində nemətləndirildikləri üçün, yalnız və yalnız Allaha qulluq etməli olduqları anladılır. Qüreyşə verilən bu nemətlərə, başqa ayələrdə də diqqət çəkilmişdir:
- 67Yoxsa kənarlarında insanların zorla qapılıb, götürülməsinə rəğmən, Məkkəni, güvənli, toxunulmaz etdiyimizi də görmədilərmi? Hələ batiləmı inanırlar və Allahın nemətinə nankorluqmu edirlər? (Ənkəbud/67)
- 57Və onlar–“Biz səninlə bərabər doğru yol bələdçisinə uyarsaq, yurdumuzdan çıxarılarıq” dedilər. Biz onları, Öz qatımızdan bir ruzi olaraq, hər şeyin səmərələrinin toplanıb özünə gətirildiyi, güvənli, toxunulmaz bir yerə–Məkkəyə yerləşdirmədikmi? Fəqət onların çoxu bilməzlər.
(Qasas/57)
Qüreyşlilər bu Evə sığınmadan öncə dağınıq haldaydılar və heç bir hörmətləri yox idi. Məkkədə bir araya gəlib Kəbə xidmətini öhdələrinə götürdükdən sonra, bütün Ərabistanda hörmətli bir hala gəldilər. O dövrdə insanlar Ərəbistanın heç bir yerində öz qəbilə sərhədlərindən kənara çıxa bilmirdilər, hər an bir hücuma məruz qalmaq təhlükəsi altında yataqlarında belə narahat və nigaran olaraq yatardılar. Çünki hücumların nəticəsi ya ölüm, ya da köləlik olurdu. Karvanlar da ancaq yolları üzərindəki qəbilələrin irəli gələnlərinə rüşvət verərək sağ salamat irəliləyə bilirdilər.
Budur, cahiliyyə dövründə heç bir qəbilənin güvəndə olmadığı bir şəraitdə, Məkkədəki Qüreyşlilər bütün bu təhlükələrdən tamamilə əmindirlər…
Çünki Məkkəyə bir düşmən hücumu olması barədə söz ola bilməz. Qüreyşliler “Kəbənin xidmətçiləri” sifətiylə ölkənin hər tərəfində sərbəstcə dolaşır, böyük və ya kiçik qafilələrlə getdikləri hər hansı bir bölgədə heç bir təcavüzlə qarşılaşmazdılar. Hətta tək başına səyahət edən bir Qüreyşlinin “Mən Hərəmliyəm”, ya da “Mən Allahın hərəmindənəm” deməsi belə, hücumlardan qurtarması üçün ona yetərli bir güvəncə təmin edərdi.
Yuxarıda anladılan bütün bu vəziyyətdən Qüreyşin sadəcə maddi olaraq nemətləndirildiyi anlaşılmamalıdır. Surənin ismarıcından, onlara [hətta bütün insanlığa] maddi dəyərlərlə yanaşı, mənəvi dəyərlərin də təmin edildiyi anlaşılır. Çünki Allah onları vəhyin mənəvi qidası ilə cəhalət aclığından doyurmuş, hidayətin açıqlanması ilə də azğınlıqdan, küfrdən [beləlikə də cəhənnəmdən] uzaq tutmuşdur.
Nəticə olaraq demək olar ki, onların və bütün insanlığın əlinə keçən bütün bu nemətlər, bu Evin Rəbbi olan Allah sayəsindədir.
Beləliklə, Surənin ümumi ismarıcı aşağıdakı kimi olur:
– Allahın lütf etdikləri və artıqlıqlar verdikləri, özlərinə bu nemətləri bol–bol verən Rəbblərinə qulluq etməlidirlər. Nankor olmamalıdırlar. Bu cür nankorluqla əlaqədar olaraq Rəbbimiz bu açıqlamanı etmişdir:
- 112Və Allah bir şəhəri misal olaraq verdi: –Bu şəhər, güvənli, rahatlıqlı idi və oraya hər bir yerdən ruzi bol–bol gəlirdi. Belə ki, onlar Allahın nemətlərinə qarşı yaxşılıqbilməzlik etdilər. Allah da onlara, edib törətdikləri şeylər üzündən aclıq və qorxu əlbisəsini/fəlakətini daddırdı.
- 113Və and olsun ki, onlara içlərindən bir elçi gəlmişdi və onu yalan saydılar. Buna görə də, onlar şərik qoşaraq yanlış, öz zərərlərinə iş edərkən əzab onları yaxaladı. (Nəhl/112, 113)
İstifadə olunmuş ədəbiyyat:
[1] Lisanü’l Arab, “krş” mad.
[2] Kurtubi; el Camiu li Ahkami’l Quran.