Təbbət və ya digər adıyla Məsəd surəsinin, Məkkədə altıncı sırada endiyi qəbul edilir. Beş ayədir. Adını surədə verilən “تبّت Təbbət” və “مسد Məsəd” sözlərindən almışdır. Bu surə, peyğəmbərimiz üçün bir təsəlli, Əbu Ləhəb və bütün din düşmənləri üçün isə bir xəbərdarlıq mahiyyətindədir. Bu surədə peyğəmbərimizə və insanlığa verilən ismarıclar ədəbi sənətlər ilə ifadə edilmişdir. Surənin Azərbaycan dilində tərcümələrini oxumaqla bu ədəbi sənətləri hiss etmək mümkün deyil. Əslində isə Quran, möcüzə xüsusiyyətindəki ədəbi sənət nümunləri olan quruluşuyla o günün bütün ziyalıları [ədibləri, şairləri] tərəfindən bəyənilmiş və qəbul edilmişdir.
Birinci Xəbərdarlıq
Müddəssir surəsini yaxşı başa düşmədən Təbbət surəsi oxunmamalıdır. Oxunduğu təqdirdə kifayət qədər başa düşməmək ehtimalı yüksəkdir. Mövcud tərcümə və təfsirlər, Quranın təməl daşlarından biri olan bu surəni lazımi qədər mənalandırma baxımından çox uğurlu deyildir.
Birinci olaraq onu qeyd edək ki, surəni öyrənməyə başlamazdan əvvəl həm surədə adı çəkilən Əbu Ləhəbi və onun zövcəsini tanımaq, həm də surənin endiyi günlərdə yaşananlarla əlaqədar bəzi ilkin məlumatlara malik olmaq lazımdır. Bu səbəbdən, surənin daha yaxşı anlaşılmasını təmin edəcək bu iki mövzu haqqında bir qədər məlumat vermək faydalı olacaqdır.
Əbu Ləhəb
Surədə Əbu Ləhəb olaraq tanıdılan şəxsin Qüreyş tayfasından Abdül Üzza b. Abdülmuttalib b. Haşim, zövcəsi isə Hərbin qızı Ümmü Cəmildir. Digər adı Avradır. Ümmü Cəmil eyni zamanda Əbu Süfyan b. Hərbin bacısı, Müaviyənin də bibisidir.
Əbu Ləhəb peyğəmbərimizin həm öz əmisi, həm də qonşusu və qudasıdır. Peyğəmbərimizin Ümmü Gülsüm və Ruqiyyə adlı qızları, Əbu Ləhəbin Üteybə və Ütbə adlı oğullarıyla evli idilər. Belə ki, Təbbət surəsinin enməsi səbəbindən Əbu Ləhəbin təzyiqi ilə iki oğlu da həyat yoldaşlarını boşamışdır.
Tarixi məlumatlara görə Əbu Ləhəb son dərəcə zəngin, iri cüssəli, qırmızı sifətli, tez hirslənən bir adam imiş. Həyatının sonuna qədər həmişə İslama qarşı mübarizə aparmış, hər zaman müşriklərin başında və ya yanında yer almışdır. Bədir savaşında şəxsən iştirak etməsə də, öz yerinə muzdlu bir əsgər göndərməkdən də çəkinməmişdir. Bütün tarixçilər qeyd etmişlər ki, müşrik ordusunun məğlubiyyətini öyrəndiyində o, son dərəcədə kədərlənmişdi.
Əbu Ləhəb, 624–cü ildə Məkkədə “Qara Qızıl” deyilən, vəbaya bənzər bir xəstəliyə tutulmuş və yeddi gün içində ölmüşdür. Xəstəlik yoluxucu olduğuna görə cəsədinə, oğulları da daxil olmaqla, heç kim yaxınlaşmamış, meyidi üç gün ortalıqda qalmışdır. Cəsədi qoxumağa başladığı üçün, dəyənəkdən uzun və qalın ağaclarla bir çuxura itələnib, üstü örtülmüş, ona hər hansı bir dəfn mərasimi keçirilməmişdir.
Surənin Enmə Səbəbi
Peyğəmbərimiz, “Qalx, dərhal, Rəhman və Rəhim Allah adına xəbərdar et! Və Rəbbinin ən böyük olduğunu elan et!” əmrini aldıqdan sonra bir səhər Səfa təpəsinə çıxaraq Məkkəlilərə müraciət etmişdi. Peyğəmbərimiz etdiyi müraciəti dinləyərək ətrafına toplaşan kütləyə Fatihə surəsi deyə adlandırılmış olan yeddi ayəni öyrətmişdi.
Səfa təpəsindəki yığıncağa gəlib, peyğəmbərimizi dinləyənlər arasında Əbu Ləhəb də vardı. Ancaq, peyğəmbərimizin təbliğini duyunca, siyər və digər rəvayət qaynaqlarının bildirdiyinə görə, peyğəmbərimizə “Həlak olası, lənət olsun, bizi buraya bunun üçünmü topladın?” deyə bağıraraq onu daşlamış və ayağından yaralamışdır.
Onun bu kobud və düşməncə davranışı, Əbu Ləhəb kimi azğın, təkəbbürlü və heç bir ehtiyacı olmayan adamların peyğəmbərimizin etdiyi təbliğdən heç razı qalmadıqlarını göstərir. Çünki xalq bu təbliğə etibar edərsə, bundan sonra yalnızca Allahdan yardım istəyəcək, Rəhman və Rəhim sifətləri olan Allaha sığınacaq və Din Gününün sahibi olan Allaha qulluq edəcəkdi. Bu hal isə təkəbbürlü müşrik başçıların qullarını və mallarını itirməsinə səbəb olacaqdı.
Peyğəmbərimiz, vəzifə borcu olaraq, bazar–bazar, meydan–meydan dolaşıb Haqqı təbliğ edərkən, Əbu Ləhəb onu bir kölgə kimi təqib edirdi. Onu təsirsiz hala gətirə bilmək üçün hər yoldan istifadə edirdi. Yığıncaqlarında təxribat edir, “Bu, mənim qardaşım oğlu dəlidir, ona qulaq asmayın” deyərək hər kəsə təsir etməyə çalışırdı. Bu, sözlə olan təcavüzlərini, bəzən hərəkətə keçirir, birbaşa hücumlara qədər genişlədirirdi. Etdikləri bunlarla da bitmirdi. Bəzi yerlərdə hətta “Əgər qardaşımın oğlunun dedikləri doğru isə, oğul–uşağımı və malımı fidyə (girov pulu) olaraq verib özümü əzabdan qurtararam” deyə peyğəmbərimizi lağa qoyurdu.
Ebuləhəbin peyğəmbərimizə qarşı duyduğu kinin bir başqa səbəbi də, gəncliyində, öz qardaşı Əbu Talib ilə etdiyi bir dava əsnasında, onun özünə deyil, digər əmisinə kömək etmiş olmasıdır. Keçmişə dayanan fərdi düşmənçiliyi illər sonra mənfəətlərini itirmək qorxusuyla böyümüş, mahiyyəti etibariylə din düşmənliyinə çevrilmişdir.
Əbu Ləhəb peyğəmbərimizə olan düşmənçiliyini hər tərəfli ifadə edərkən zövcəsi da dinc durmur, peyğəmbərimizin əleyhinə dedi–qodular yayaraq ərinə dəstək verirdi. Bu dəstəyi o qədər ürəkdən verirdi ki, çox sevdiyi və həmişə boynunda daşıdığı gərdənliyini belə bu yolda, peyğəmbərimizə ediləcək pisliklərin mükafatı olaraq xərclədi. Bir çox müfəssir, 6–cı. Ayədə verilən “boynunda lifdən bir ip” ifadəsinin bu məşhur gərdənliyi təmsil etdiyini düşünür.
Belə bir maneçiliyin ən yaxın qohumları tərəfindən edilməsi peyğəmbərimizi çox narahat edirdi. Çünki onların maneçiliyi və mənfi təbliğatları nəticəsində istədiyi uğuru əldə edə bilmirdi.
Əmisinin verdiyi zərər başqalarının verdiyindən qatbaqat artıq idi. Məsələn, bəziləri “Öz əmisinin belə inanmadığına biz niyə inanaq?” deyirdi.
Ləhəb surəsi, belə bir mühitdə peyğəmbərimizi təsəlli etmək, dəstəkləmək, ona yaxşı əhval –ruhiyyə və güc vermək üçün nazil edilmişdir.
Daha əvvəl nazil olan Ələq, Qələm, Müzzəmmil və Müddəssir surələrində, hər hansı bir ad çəkilmədən, mal, mülk, ətraf və güc sahibi olduqları üçün harınlayıb yolunu azan kimsələrdən bəhs edilmiş, axirət gününü də yalanlayan bu adamların Allaha həvalə edilməsi lazım olduğu, onların cəzalarının Allah tərəfindən veriləcəyi bildirilmişdi. O surələrdə sifətləri və xarakterləri ilə haqqında söhbət gedənlər, bu Surədə Əbu Ləhəbin şəxsində konkretləşdirilmişdir.
Quranda yalnız Əbu Ləhəb və onun zövcəsinin adları açıq şəkildə çəkilir, onların həlakları və əbədi lənətə düçar olmaları xəbər verilir. Bu onların düşməncəsinə davranışlarının peyğəmbərimizin təbliğinə nə qədər ziyan vurduğunu göstərir.
İkinci xəbərdarlıq
Quran, zaman və məkandan asılı olmadan, dünyadakı bütün insanlara xitab edən bir ismarıcdır. Bu ismarıcın sadəcə müəyyən bir tarix aralığına və müəyyən bir coğrafiyaya aid olduğunu düşünmək düz deyildir. Quran, bir mövzu haqqında misal çəkərkən tarix, yer və ad verməz. Haqqında söhbət açılan adamları, o adamların davranışları, sifətləri və xarakterləri nöqteyi–nəzərindən tanıdır. Beləliklə də, verdiyi nümunənin hər zaman və hər yerdə keçərli olmasını təmin edir.
Fikrimizcə, nə qədər konkret tarixi faktlar deyilsə də, bu surədə Əbu Ləhəb öz adı ilə deyil, ləqəbi ilə, zövcəsi də xarakteri ilə təqdim edilir. Bu da “onlar və onlar kimilər” deməkdir. Bu surədə də, bu günə qədər zərrələri belə gəlib çatmayan Abdül Üzza [Əbu Ləhəb] və zövcəsi Ümmü Cəmil simvolizə edilir, onlar kimi olanların da eyni aqibətə uğrayacaqları vurğulanır. Onlar kimi olmaq isə
- Onların etdikləri yaraşmayan və düşüncəsiz davranışlarını olduğu kimi təqlid etmək;
- zənginlikləri və cəmiyyətdə olan etibarları ilə harınlayıb yolundan azmaq;
- Quranın dəvətinə həqarətlə cavab vermək;
- Quran dəvətçilərini xor görməyə və saymamağa cəhd etməkdir.
Zəmanəmizdə də, Quranın göstərdiyi dosdoğru yolu görmək istəməyən, Quran əmrlərinin həyata keçməsinə mane olan müasir Abdül Üzzalar, müasir Ümmü Cəmillər yox deyildir. O halda onları gözləyən pis aqibət də, prototipləri olan Əbu Ləhəb və Ümmü Cəmilin aqibəti kimi olacaqdır. Əbu Ləhəb ölmüşdür, amma Əbu Ləhəblik hər yerdə və hər zaman var və olacaqdır.
Surənin bir başqa ismarıcı da var. Göründüyü kimi, peyğəmbərimizin öz əmisi üçün belə Allahdan hər hansı bir xahiş etməyi mümkün deyilmiş. O halda, nə krallıq, köləlik, zənginlik və kasıblıq kimi ictimai mövqelərin, nə də hər hansı nəsil xüsusiyyətlərinin insana axirətdə heç bir imtiyaz qazandırmayacağı aydın olur.
Ləhəb surəsi, gələcəyə aid verdiyi bir xəbərlə də ayrı bir möcüzə nümayiş etdirir. Surədə Əbu Ləhəb və zövcəsinin heç vaxt iman etməyəcəkləri və cəhənnəmlik olduqları bildirilmişdir. Surənin enişindən sonra on beş il daha yaşayan Əbu Ləhəb, həqiqətən də ölənə qədər iman etməmişdir. Quranın enməyə davam etdiyi illərdə hər kəs tərəfindən görünən bu möcüzə, Məhəmmədin peyğəmbərliyinin də açıq–aşkar dəlillərindən biridir.
Tərcümə:
Rəhman, Rəhim Allah adından
1Əbu Ləhəbin iki gücü yox oldu.
- 2Özü də yox oldu. Malı və qazandığı şeylərin özünə faydası olmadı.
- 3–5Yaxında o, və boynunda lifdən bir ip, odun daşıyıcısı olaraq zövcəsi, alovlu atəşə atılacaqlar. (6/111, Təbbət/1–5)
Təhlil:
Bir çox təfsir və tərcümələrdə birinci ayəyə qarğış mənası verilərək “Əbu Ləhəb’in iki əli qurusun!” deyə açıqlanmışdır. Klassik ərəb dilində xəbər cümləsi, həm də arzu ifadəsi olaraq da anlamaq olar və beləliklə də, xəbər cümləsi, əsl mənası ilə yanaşı dua, ya da qarğış kimi ola bilir. Məsələn, “ رضى اللّه عنه Radiyallahü anhu” ifadəsinin əsl mənası “Allah ondan razı oldu” demək olsa da, Ərəb dilinin yuxarıda açıqlanan xüsusiyyətinə uyğun olaraq, “Allah ondan razı olsun” şəklində anlaşılır. Yenə “رحمه اللّه Rəhiməhullahu” ifadəsi də “Allah ona rəhmət etdi” demək olmasına baxmayaraq, “Allah ona rəhmət etsin” şəklində başa düşülür və hətta, bu məna nəzərdə tutularaq deyilir. Qarğışa isə “لعنه اللّه Ləanəhullahu” ifadəsini nümunə olaraq göstərə bilərik. Əslində mənası “Allah ona lənət etdi” demək olan bu ifadə də, “Allah ona lənət etsin” mənasıyla söylənir və başa düşülür.
“تبّت Təbbət” kəlməsinin qəlib mənası “qurudu, yox oldu, həlak oldu” deməkdir. Bu kəlmə də, həmçinin xəbər cümləsi üçün istifadə edildiyində, yuxarıdakı nümunələrdə olduğu kimi, “Qurusun, yox olsun, həlak olsun” mənasında qarğış olaraq işlədilə bilər. Lakin biz, insanlar aciz olduğumuz məqamlarda qarğış edirik, birisinə veriləcək cəzanı bizdən daha güclü olandan–Allahdan istəyirik. Burada “təbbət” sözünü qarğış mənasında anlasaq, belə çıxır ki, Allah, onlara layiq olduqları cəzanı verməkdən acizmiş kimi, “Əbu Ləhəbin iki əli qurusun” deyə qarğış edir. Lütfü də, cəbri də özünə aid olan Allah, bunları kimdən istəyəcəkdir? Allahın dua, ya da qarğış etməsi, yaxşı, ya da pis bir şey istəməsi haqqında söhbət gedə bilməz. O, hər şeyi özü edər. Beləliklə, istər dua, istər qarğış mənasında olsun, bu cür sözlərin Allah üçün işlədilməsi ağla və məntıqə sığmaz.
Quranın bir çox ayəsində olduğu kimi bu ayədə də, anladılan hadisənin gələcəkdə mütləq həyata keçəcəyini vurğulamaq məqsədiylə, felin gələcək zaman forması əvəzinə, keçmiş zaman forması ilə ifadə edildiyini düşünmək daha məntiqə uyğundur. Buna görə də, Əbu Ləhəbin güclərinin gələcəkdə qətiliklə yox olacağı, özünün də eyni qətiliklə həlak olacağı nəzərdə tutularaq ayə, “Əbu Ləhəbin iki gücü yox oldu, özü də həlak oldu” şəklində keçmiş zaman formasında endirilmişdir.
Bu anlatma tərzinin Quranda yüzlərlə nümunəsi vardır. Bunlardan biri də Qəmər surəsinin 1–ci ayəsindəki “ نشقّ inşəqqa” [yarıldı] felidir. Bu fel “Gələcəkdə mütləq yarılacaq” mənasında qəbul edilmədiyi üçün, daha sonrakı dövrlərdə bir sıra rəvayətlər ortaya çıxmış və İslam tarixinə “Şaqq–ı Qəmər [Ayın yarılması] möcüzəsi” deyə bir möcüzə daxil edilmişdir.
Bu mövzuya misal olaraq Rəhman/37, Haqqa/14–16, İnşikak/1–5, İnfitar/1–4, Nəhl/1, Əraf/38,39,44,50, Duha/3, Nəml/87 və Zümər/68–74–cü ayələri də göstərilə bilər.
Əsasən də, Zümər surəsinin 68–74–cü ayələrinə diqqət edilərsə, vurğulu fellərin hamısının keçmiş zaman şəklində olduğu görünür:
- 68Və sura üflənmişdir və Allahın dilədiyi istisna olmaqla, göylərdə kim varsa, yerdə kim varsa çırpılıb yıxılmışdır. Sonra ona yenə bir daha üflənmişdir və onlar qalxmışlar, qarşıda baxıb dururlar.
- 69Və yer üzü Rəbbinin nuru ilə aydınlanmış, kitab qoyulmuş, peyğəmbərlər və şahidlər gətirilmiş və aralarında haqq ilə qərar verilmişdir. Və onlara haqsızlıq edilməz.
- 70Və Allah, nə əməl etdisə, hər kəsə qarşılığını mütləq tam olaraq ödəyəcək. Və Allah, onların etdiklərini ən yaxşı şəkildə biləndir.
- 71Və kafirlər, qətiliklə bölük–bölük cəhənnəmə sövq olunacaq. Sonunda oraya çatdıqlarında qapıları açılacaq. Və onun gözətçiləri onlara: “İçinizdən sizə Rəbbinizin ayələrini oxuyan, bu gününüzlə qarşılaşacağınıza dair sizi xəbərdar edən elçilər gəlmədimi?” deyəcəklər. Onlar: “Bəli, gəldi” deyəcəklər. –Və lakin kafirlər üzərinə əzab kəlməsi haqq oldu.–
- “72Həmişəlik olaraq içində qalmaq üçün girin cəhənnəmin qapılarından” deyildi. –Təkəbbürlülük göstərənlərin yeri nə pisdir!–
- 73Rəbblərinin qoruması altına girmiş olan adamlar da qətiliklə cənnətə bölük–bölük sövq ediləcək. Sonunda oraya çatdıqları, qapıları açıldığı və gözətçiləri onlara: “Salam sizlərə, tərtəmiz gəldiniz!” dediyi zaman: “Sonsuz olaraq içində qalmaq üçün haydı, girin oraya!” deyiləcək.
- 74Onlar da: “Bütün təriflər, bizə vədini doğru çıxaran və bizi bu yer üzünə varis edən və cənnətdə bizi istədiyimiz yerdə qoyan–köçürdən o Allahdır” dedilər. –Bax budur, çalışanların mükafatı nə gözəldir! (Zümər 68–74)
Yuxarıdakı ayələrdə orijinalları da verilən fellər, “Üflənəcək, yıxılacaq, parlayacaq, qonacaq, sövq ediləcək, deyəcəklər…” şəklində gələcək zaman formasında başa düşülməlidir. Bu anlatma üsulu, təmbih [xəbərdarlıq etmək] məqsədiylə tətbiq edilir.
Gələcəkdəki bir hadisəni belə ifadə etməyin səbəbi, anladılan hadisənin mütləq və mütləq gerçək olacağını bəyan etmək üçündür. Bildiyimiz kimi, Azərbaycan dilində işlədilən bəzi ifadələrdə də, gələcək zaman forması yerinə, keçmiş zaman forması işlədilir. Məsələn: Həyata keçirilməsinə qəti qərar verilmiş şeylər üçün bəzən, hələ o işə başlamamışdan belə “etdim, bitdi” deyilir. Əslində isə adam o işi, hələ irəlidə edəcəkdir. Ya da xəta etmiş, günah etmiş birisi üçün “indi bəlasını aldı” deyilir. Məsələn, bir sürücü digər sürücünün qaydanı pozduğunu görür və qarşıda yol polisi və ya radarın olduğunu bilir. Həmin sürücünün bu qayda pozuntusuna görə mütləq cəza alacağına əmindir. Ona görə də həmin sürücü üçün “sən artıq cəzanı aldın” deyir. Halbuki o şəxs hələ etdiyi xətanın, işlədiyi günahın cəzasını dadmamışdır, sonra dadacaqdır.
Bu ifadə üsulu Ləhəb surəsinin müvafiq ayəsi üçün də keçərlidir. Oradakı keçmiş zaman formasındakı fel də, gələcək zaman formasında anlaşılmalıdır. Bu halda ayənin mənası belə olur:–“Əbu Ləhəbin iki gücü və özü qətiliklə yox olacaq, quruyub gedəcək. Malı və qazancının [topladığı gücün, qurduğu təşkilatın] ona faydası olmayacaq.”
İbn–i Məsudun “ وتبّ və təbbə” kəlməsini “ وقد تبّ və qad təbbə” olaraq oxuması da bu mənanın doğru olduğunu sübut edir.
Ayədə verilən “və təbbə” ifadəsi əslində “özü də qurudu” mənasındadır. Yəni “Əbu Ləhəbin iki əli quruyacaq, özü də quruyacaq, yox olacaq” deməkdir.
Ayədə verilən “يدا iki əl” ifadəsinin “Cüziyyət Məcaz–i Mürsəl”i olaraq anlaşılması, yəni iki əlin zikri (xatırlanması) ilə bilavasitə əllərin sahibinin nəzərdə tutulması ikinci plandadır.
“ يدا İki əl” ifadəsi Əbu Ləhəbin iki gücünü təmsil edir. Surənin 2–ci ayəsi bu gücləri “ماله وما كسب onun malı və qazandığı şeylər” olaraq açıqlayır. Əbu Ləhəbin varlı bir adam olduğu nəzərə alındığında, “qazandığı şeylər” ilə qəsd edilənin də çevrəsi, qurduğu təşkilat, oğulları, uşaqları və yetişdirdiyi əsgərlər olduğu düşünülə bilər. Quranda “يد əl” sözünün məcazi olaraq istifadəsi ilə “قدرة güc”ün nəzərdə tutulduğuna aid bir çox misal göstərmək olar: Fəth/10, Al–i İmran/73, Hədid/29, Ya Sin/83, Mülk/1 və Sad/75–ci ayələr.
Bizim dilimizdə də bir şəxsin digər şəxsin gücü olduğunu ifadə etmək üçün “filankəs filankəsin sağ əlidir” ifadəsini işlədirik.
Bu ifadə tərzi və deyim gələcək mövzuların araşdırılması zamanı bizə yenə də lazım olacaq.
3–5 Yaxında o və boynunda lifdən bir ip odun daşıyıcısı olaraq zövcəsi, alovlu atəşə atılacaqlar.
Lüğəti mənası ilə “alov atası” demək olan لهب ابو Əbu Ləhəb, şəxs üçün istifadə olunan bir ləqəb xüsusiyyətindədir. Ləqəblər əslində xüsusi isim olmaqla bərabər, yerinə görə sifət yerinə də işlədilə bilirlər. Bu səbəbdən də “atəş atası” mənasına gələn Əbu Ləhəb sözü, kinayə yolu ilə “cəhənnəmlik” sifətini qazanmış hər kəs üçün işlədilə bilən məşhur bir nümunə halına gəlmişdir.
Əbu Ləhəb ləqəbi Əbdül Üzzaya ilk əvvəllər onu tərifləmək məqsədilə, üzünün canlılığı, yanaqlarının qırmızılığı, ya da hiddət və şiddəti səbəbindən verilmişdi. Elə ayədəki Cinas sənətindən də bu anlaşılır. Bu surə isə bizə Əbdül Üzzanın peyğəmbərimizə və dəvət etdiyi İslama qarşı, sanki bir atəş püskürür və bununla da, cəhənnəmdəki yerini hazırladığı bildirilir. Beləliklə “atəş qaynağı olmaq”, “atəşi sevmək” mənalarına da gələn Əbu Ləhəb adı “cəhənnəmlik” deyimi ilə eyniləşdirilmişdir. Özlərinin iş və davranışları ilə bu ləqəbə layiq olanlar üçün də “cəhənnəmin atası” mənasında bir xüsusi söz olaraq istifadə edilmişdir.
odun daşıyıcısı
Bir çox cəmiyyətlərdə olduğu kimi, Ərəblərdə də odun hamballığı kasıb və səfil insanların məşğul olduğu bir iş idi. Bu səbəbdən də Ümmü Cəmil kimi izzət və sərvət içində böyümüş bir qadının odun hamballığı etməsi, acınacaqlı bir səfaləti simvolizə edir.
“الحطب حمّالة odun daşıyıcısı” təbiri həmçinin qiybətcil, söz gəzdirən, ara qarışdıranların xüsusiyyətlərini dilə gətirərkən, məcazən də işlədilir. Bunun səbəbi, ara qarışdıranların “insanlar arasında atəş yandırmaq, şərə səbəb olmaq” kimi fellərlə xarakterizə edilməsidir. Belə ki, Zəmaxşəri, “Kəşşaf” adlı əsərində bu xüsusiyyətdəki insanlar üçün “Aralarında odun daşıyır” ifadəsini işlətmişdir.
Ayə, Ümmü Cəmilin cəhənnəmdə odun daşıyacağını söyləyir. Cəhənnəmin odunu və çırağı kafirlər olduğu üçün, küfrə və kafirin arzusuna xidmət etmək də, bir növ cəhənnəmə odun daşımaq deməkdir. Buna görə Ümmü Cəmilin cəhənnəmdə odun daşıyıcısı olması, həm dünyadakı küfrü səbəbiylə cəhənnəm odunu olan ərini yanlış yönləndirərək, cəhənnəmə düşməsinə kömək edir, həm də ərinin cəhənnəmdəki əzabına həm xidmət, həm də iştirak edəcəyi mənalarına gəlir.
Əbu Ləhəb və zövcəsi üçün verilən nümunələr Quranda Mömin surəsinin 41,45,46–cı ayələrində Firon və onunla bərabər olanlar üçün də dilə gətirilir.
Ən düzünü bilən Allahdır.