Təkasür surəsi Məkkədə enən 16–cı surədir. Cəmi səkkiz ayədən ibarət olmasına baxmayaraq mahiyyətinə görə, bəzi İslam alimlərinin də dediyi kimi, Qurandakı mövzuların təxminən altıda birini, xülasə halında, əhatə edir.
Xatırlayacağımız kimi, Adiyat surəsi insan övladının nankorluğundan, mənfəəti uğrunda etdiklərindən və daha başqa xarakterik xüsusiyyətlərindən bəhs edirdi. Təkasür surəsi həmin surənin davamı mahiyyətindədir. Adiyat və Təkasür surələrinin arasında yerləşən Kövsər surəsi isə, peyğəmbərimizin mənəvi cəhətdən gücləndirilməsi üçün açılmış bir mötərizə səviyyəsindədir.
Təkasür surəsində, izah edilir ki, insanların dünyadakı zövq və əyləncə məqsədiylə maddi varlıq və sərvətlərini, yəni mal, mülk, övlad, məqam, mövqe və şöhrətini artırmaq üçün etdikləri cəhdlər dünyanı cəhənnəmə çevirəcək. Burada insana bildirilir ki, ona verilən bütün nemətlərin, həmçinin mənfəətləri naminə etdikləri yanlış hərəkətlərin hesabı, ondan mütləq soruşulacaqdır.
Kövsər surəsi ilə açılan mötərizədən sonra yenidən insanlığa müraciətinə davam edən dünyəvi ismarıc, Təkasür [çoxaltma yarışı] üzündən insanın Allaha qulluqdan çəkinmə tərzini qınayır, bu tərzi göstərənlərin qarşılaşacağı mütləq aqibəti xəbər verməklə bütün insanlığı hesabat günü barəsində xəbərdar edir.
Tərcümə:
Rəhman, Rəhim Allah adından
Bölmə 30
- 1,2Çoxaltma yarışı, məzarlarınıza girincəyə qədər sizi əyləndirib başınızı qatdı.
- 3,4Əsla sizin düşündüyünüz kimi deyil! Yaxında biləcəksiniz. Yenə, əsla sizin düşündüyünüz kimi deyil! Yaxında biləcəksiniz.
- 5,6Əsla sizin düşündüyünüz kimi deyil! Əgər ki, qəti bilik ilə bilirsinizsə, gur yanan atəşi tam əminliklə bilin ki, görəcəksiniz.
- 7Bir müddət sonra, onu, gözlə görürmüş kimi, real olaraq tam əminliklə bilin ki, görəcəksiniz.
- 8Sonra, o gün siz, nemətlərə görə də, tam əminliklə bilin ki, sorğu–sual olunacaqsanız.
(16/102, Təkasür/1–8)
Təhlil:
1,2Çoxaltma yarışı, məzarlarınıza girincəyə qədər sizi əyləndirib başınızı qatdı.
“تكاثر Təkasür” sözü “çoxaltma yarışı, çox göstərmək cəhdi” mənasına gəlməklə yanaşı, bu yarışa və buna cəhd edən insanların eyni zamanda acgözlü, şöhrətpərəst, ehtiraslı, rahat və meşşan həyata maraqlı olduqları mənalarını da əhatə edir. Başqa bir ifadə ilə “Təkasür”, insanların “Mən ondan daha varlı, dövlətli olacağam”, “Mən ondan daha güclü olacağam”, “Mən ondan daha üstün olacağam”, “Bu mənə bəs etməz, daha çoxunu istəyirəm” düşüncəsiylə ortaya çıxardıqları davranışların psixoloji formatıdır. Bu mənfi psixoloji format, lovğalıq və üstünlük əldə etmək kimi nəfsani duyğulardan qaynaqlanan lazımsız, faydasız və nalayiq bütün yarış və rəqabətlərin həyata keçməsinə səbəb olur.
Ayədə verilən “الهى ilhaa” feli, “əyləndirərək baş qatmaqla qəflətə düşürmək, əsl edilməsi lazım olan şeylərdən uzaqlaşdırmaq”[1] mənasına gəlir. Diqqət edilirsə, insanı qəflətə salan bu cəhət, zövqə və həzzə söykənən bir duyğudur. Bu zaman insan elə zövq alar ki, zövqdən az qala dörd guşə olar, qəflətə düşdüyünü belə hiss etməz, əsl edəcəyi işlərdən uzaqlaşdığını belə dərk etməz. Hətta bu zövq naminə digər insanları belə təzyiq altına almağa cəhd edər.
“Elhaa” felinin müxtəlif törəmələri başda Nur/37, Münafiqlər/9 və Hicr/3–cü ayələri olmaqla Quranın daha bir çox ayəsində görünür. (Əbəsə/10, Ənam/32,70, Ənkəbud/64, Loğman/6, Muhamməd/36, Hədid/20, Cuma/11, Əraf/51, Ənbiya/3, 17)
“Təkasür” və “elhaa” sözlərinin yuxarıda izah olunan mənaları nəzərə alındığında ayə bu şəkildə açıqlana bilər: “Çoxaltma yarışı, çox göstərmək cəhdi, olanlarını sərgiləmək, şöhrətpərəstlik sizə elə bir zövq verdi ki, əsas etməli olduğumuz yaxşı şeylərdən [Allaha qulluqdan] sizi uzaqlaşdırdı.”
Bu nöqtədə, bir yanlış başa düşülmə ehtimalını ortadan qaldırmaq üçün, dərhal qeyd etmək lazımdır ki, burada çox mal sahibi olmaq, çox qazanmaq, yüksək məqam, mövqe sahibi olmaq, qanuni rəqabət və ya xidmət yarışı qınanmır. Əlbəttə təbiidir ki, Allaha qulluq etmək üçün çox çalışmaq, çox qazanmaq, ixtisaslı mütəxəssis olub yüksək məqam və mövqelərə çatmaq, o məqamlardan insanlara xidmət etmək, bol nemət qazanıb şükr etmək, o nemətlərdən Allah yolunda xərcləmək kimi fəaliyyətlər Allahın əmr etdiyi və insanların mənimsəməsi lazım gələn vəzifə borclarıdır. Burada qınanan davranış, bu məqsədlərə çatmaq üçün hər yola əl atmağı düzgün hesab etmək və bu nəticələri əldə etmək naminə dünyanın cəhənnəmə çevrilməsidir.
Qəbirləri ziyarət– Bu ayədə verilən “qəbir ziyarəti” ifadəsi, bəziləri tərəfindən hərfi mənasıyla izah edilmiş və ayənin nüzul edilməsi ilə əlaqədar bir sıra səbəblər meydana çıxarılmışdır. Guya iki ailə fərdlərinin sayı barədə «bizim sayımız sizdən daha çoxdur» deyərək mübahisə edirmiş, və bu zaman dirilərin sayları ilə qane olmayıb, qəbirlərdəki ölülərin sayını da nüfuz sayına daxil edirmişlər. Bunlar, Məkkə üçün Səhmoğulları ilə Abd–i Manafoğullarını, Mədinə üçün də Ənsardan Harisəoğulları ilə Harisoğullarının haqqında söylənilir. Amma Mədinə üçün olan bu rəvayəti uyduranlar, bu surənin Məkkə dövründə, üstəlik də bu dövrün lap əvvəllərində endiyini heç nəzərə almamışlar.
Ayədə verilən “qəbirləri ziyarət” deyimi “ölüb, qəbrə girmək”dən kinayə olduğu üçün bu mənaya gəlməyən rəvayətləri nəzərə almasaq, daha doğru olar.
Ayədə bəhs edilən şey, çoxaltma yarışının bir növü həzzlə, zövqlə məqsəd halına gətirilməsi və bu məqsədin həyata keçirilməsi yolunda bir çox şeyin məhv edilməsi, ortalığın cəhənnəmə döndərilməsidir, yoxsa adamların say çoxluğu deyildir.
Fikrimizcə, ayənin mənası budur: “Bu vəziyyətiniz [Təkasür ilə baş qatmağınız], qəbirləri ziyarətə qədər, qəbir evinə qədər, yəni ölümünüzə qədər davam edir.”
3,4Əsla sizin düşündüyünüz kimi deyil! Yaxında biləcəksiniz. Yenə, əsla sizin düşündüyünüz kimi deyil! Yaxında biləcəksiniz.
1–ci ayədə bəhs edilən çoxaltma yarışı, yanlış və qəbul edilməsi mümkün olmayan bir inanış və davranış olduğu üçün “kella” ədatı işlədilməklə, qəti bir ifadə ilə rədd edilmiş və bu yanlışın qısa bir zamanda ortaya çıxacağı, doğrunun anlaşılacağı vurğulanmışdır.
4–cü Ayədə “kella” və “səvfə” ədatlarının birlikdə işlədilməsi, yanlışın ortaya çıxması və doğrunun üzə çıxması müddətinin bəziləri üçün daha uzun ola biləcəyini, amma mütləq onların da həqiqəti öyrənəcəklərini göstərir.
5,6Əsla sizin düşündüyünüz kimi deyil! Əgər ki, qəti bilik ilə bilirsinizsə, gur yanan atəşi, tam əminliklə bilin ki, görəcəksiniz.
Dilçilik qaydalarına görə bu iki ayə bir şərt cümləsi əmələ gətirir, lakin qədim müfəssirlərin bir çoxu, “جحيم cahiim” sözünü axirətdəki cəhənnəm olaraq anladıqlarından, bu dünyada cəhənnəmin görünə biılməyəcəyini irəli sürmüş, beləliklə də 5–ci və 6–cı ayələri bir–birindən ayırmışlar. Bunun nəticəsi olaraq da, cümlənin şərt və cəza bölmələrini bir–birindən ayıraraq, 5–ci ayənin [şərt bölməsinin] cəzasını məhzuf [gizli] saymışlar və 6–cı ayəni də sərbəst bir ayə olaraq qəbul etmişlər.
6–cı ayənin məzmunu ilə “جحيم cahiim”in, axirətdəki cəhənnəm olduğu və axirətdəki cəhənnəmin bu dünyada görünə bilməyəcəyi məntiqi uyuşmur. Belə ki:
Birincisi: 6–cı ayədə, cəhənnəmin görünməsi “qəti biliklə bilmək” şərtinə bağlanmışdır. Əslində isə məhşərdə cənnətin və ya cəhənnəmin görünməsi üçün hər hansı bir şərt yoxdur, hər kəs, məcburi olaraq, ikisini də görəcəkdir. Beləliklə, məhşərdə hər kəs tərəfindən məcburi olaraq görünəcək olan cəhənnəm ilə ayədə bəhs edilən [görünməsi qəti bilik şərtinə bağlı olan] cəhənnəm eyni şey deyildir.
İkincisi: 6–cı ayədəki cəhənnəmin axirətdəki cəhənnəm olduğu qəbul edələrsə, ortaya belə bir sıralama problemi çıxır: 8–ci ayədə “Sonra o gün siz nemət barədə sorğu–sual olunacaqsınız” deyildiyinə görə, surədə əvvəlcə cəhənnəmin görünəcəyi, sonra da sorğu–sual işlərinin ediləcəyi bildirilir. Bu isə əvvəlcə sorğu–sual işlərinin ediləcəyi, sonra isə cənnət və cəhənnəmin müəyyən edilərək, görünəcəyi barəsindəki Quran ayələri ilə ziddiyyət təşkil edir. Quranda hər hansı bir ziddiyyətin olması mümkün olmadığına görə, 6–cı ayədəki cəhənnəm axirətdəki cəhənnəm deyildir.
Beləliklə biz, ayədə bəhs edilən “cahiim”in axirətdəki cəhənnəm deyil, dünyadakı cəhənnəm olduğu qənaətindəyik. Belə ki, bu dünyəvi cəhənnəm, Təkasür ilə əylənməyin və zövq almağın nəticəsində ortaya çıxan pərişanlıqdır, iztirabdır, sıxıntıdır, bədbinlikdir, yanan atəşdir. Quranda “cahim” sözünün dünyadakı alovlu atəş üçün də işlədildiyini göstərən bir başqa nümunə də Saffat surəsinin 97–ci ayəsidir.
- 97Onlar: “Bunun üçün bir divar düzəldin – embarqo, blokada tətbiq edin ki, bunu gur yanan atəşin–hədsiz sıxıntının içinə atın!” dedilər. (Saffat/ 97)
İbrahim peyğəmbərin, əleyhdarları tərəfindən atəşə atılmasının (çətinliklərə salınmasının) söyləndiyi bu ayədə verilən və “gur yanan atəş” olaraq tərcümə etdiyimiz sözün orijinalı da “cahim”dir.
Yuxarıdakı məlumatlar və əldə etdiyimiz nəticələrə əsasən, insanlığa təqdim edilən dünyəvi ismarıc aşağıdakı şəkildə izah oluna bilər:
“Əgər çoxluq naminə yarışmağın, göstərişin, lüksün və bunlardan zövq almağın, bunlarla əylənərək baş qatmağın nə demək olduğunu, bunların hansı yollarla əldə edildiyini elmi dəlillərlə bilsəydiniz, o zaman qarşınızda cahimi–cəhənnəmi, pərişanlığı, ağrı–acıları, fəryadları, sıxıntıları görərdiniz. Bu davranışlarınızla özünüz üçün, ətrafınız üçün, ölkəniz üçün, dünya üçün bir cəhənnəm hazırladığınızı başa düşərdiniz.”
Dünyadakı cəhənnəmləri görmək və insanlara cəhənnəm sıxıntısı verən bu faciələrin meydana gəlmə səbəblərini müəyyən etmək üçün istər öz həyatımızda və istərsə də ətrafımızdakı insanların və ya kütlələrin həyatlarında görünən bir çox faciəvi hadisələri yaxşı təhlil etmək, “niyə?” deyə sualşaraq problemin əsas səbəbini doğru müəyyən etmək lazımdır:
- Təvazökar bir həyat sürən bəzi insanların zamanla borc bataqlığına düşüb, çətinliklər çəkmələrində, psixoloji vəziyyətlərinin pozularaq, həyatlarına intiharla son qoymalarında əsl səbəb görəsən nədir?
- Dünyada hər gün 25000 adamın acından ölməsi və milyardlarla insanın qıtlıq içində yaşaması, insanların bu dünyada meydana gətirdiyi cəhənnəmin ən gözəl nümunəsi deyilmi?
- Başlanğıcda yaxşı niyətlərlə qurulmuş xoşbəxt bir yuvanın, daha sonra evlənənlərə əzab çəkdirən bir cəhənnəmə çevrilməsinə yol açan əsl səbəb görəsən nədir?
- Dünyanın ağ ciyərləri olaraq adlandırılan cənnət kimi meşələrin insanlığın inkişafı naminə qətl edilərək, atmosferin tarazlığının əhəmiyyətli dərəcədə viran edilməsi məsələsinin səbəbləri, görəsən nədir?
- Yaponyada iki atom bombası ilə, Vyetnamda, Əfqanıstanda, İraqda, Suriyada və digər ölkələrdə daha başqa qorxunc ölüm maşınları ilə yaradılan cəhənnəmlər, görəsən hansı real səbəblə yaradılmışlar?
- “Bu dünya iki padşaha dar gəlir” deyərək günahsız, qüsursuz ölkələrə səfərlər nizamlayıb, on minlərlə insanı öldürən və bu qətliamları bir zəfər olaraq tarixə yazdıranlar əslində hansı düşüncə ilə hərəkət edirlər?
- Bu sualları artıraraq dünyadakı cəhənnəmlərlə əlaqədar daha bir çox nümunə göstərmək olar. Belə ki, dünyadakı bu cür cəhənnəmlərin sayca artırılması, onları ortaya çıxaran səbəblərin sayını artırmaz. Bilmək lazımdır ki, bütün bu cəhənnəmlərin tək bir səbəbi vardır: Çoxaltma yarışı və çoxluqdan zövq almaq, çoxluqla oyalanmaq, çoxluqla əylənmək, çox, daha çox edə bilmək istək və cəhdləri…
Burada Adiyat surəsini xatırlamaq da yerinə düşər:
- 1–5Nəfəs–nəfəsə qaçanlar, sonra atəş saçanlar, sonra səhərdən basqın edənlər, bu zaman orada tozu dumana qatanlar, sonra bir topluluğun ən dəyərli qaynaqlarına, varlıqlarına qədər soxulanlar sübutdur ki, 6tam əminliklə bilin ki, insan, Rəbbinə qarşı çox nankordur, 7özü də buna tam əminliklə bilin ki, şahiddir. 8Şübhəsiz o, mal sevgisinə görə də tam əminliklə bilin ki, çox sərtdir.
- 9–11Yaxşı, o möhtəkir insanlar, qəbirlərdə olanların dirildilib çölə atıldığı, kökslərdə olanların yığılıb toplandığı zaman, heç şübhəsiz o gün, Rəblərinin onlara həqiqətdən xəbər verən olduğunu bilməzlərmi? (14/100, Adiyat/1–11)
Təkasür xəstəliyinə yaxalanaraq, Təkasür atəşini yandırmış olanlar, bir tərəfdən bu atəşi söndürməmək və daha da böyütmək üçün əllərinin çatdığı hər yerdən haqlı–haqsız toplayıb sümürür və istismar edərkən, digər tərəfdən də topladıqlarını əldən verməmək üçün eyni qaynaqdan bəslənmək istəyən rəqiblərinə quyu qazarlar, yalan və iftiralar ortaya ataraq, onlarla mübarizə edərlər. Nəticədə vəziyyət elə bir hal alır ki, həm Təkasür atəşini yandırmış olanlar, həm də bunların bəsləndiyi, istismar etdiyi günahsız insanlar atəşin içində qalırlar. Qaldıqları o şey bir dünya cəhənnəmidir. Təqsirsiz və günahsız insanların cəhənnəmi əzilmək, istismar olunmaq, çarəsiz qalmaq şəklində baş verərkən, bilavasitə atəşi yandıranların cəhənnəmi isə topladıqlarının başqa Təkasür xəstələrinin əlinə keçməməsinə çalışmaq, qorumaq və daha da artırmaq üçün qayğı və nigarançılıq duyaraq narahatlıq çəkmələridir. Bu xüsusiyyətdəki fərd və kütlələr daima özlərinə düşmən yaradaraq, gecələri gözlərinə yuxu gəlməz hala gəlir və beləliklə də, içində yaşadıqları mühiti, bilavasitə öz əlləriylə cəhənnəmə çevirirlər. Öz cəhənnəmini yaradanların bir nümunəsi də Quranda, Mömin surəsində verilmışdır:
- 45,46Sonra Allah o mömini onların qurduqları tələlərin pisliklərindən qorudu. Fironun yaxınlarını isə, əzabın pisi–atəş əhatə etdi. Onlar həmişəlik olaraq atəşə ərz olunurlar. Qiyamət qopacağı gün isə: “Fironun yaxınlarını əzabın ən şiddətlisinə soxun!” (Mömin/ 45, 46)
Burada Firon ailəsinin tutulduğu Təkasür xəstəliyi, dünya səltənətidir. Ayəyə görə, səltənət xəstəliyi atəşə dönmüş, Firon ailəsi sarayında heç rahatlıq hiss edə bilməyən bir hala gəlmiş, daima qorxu içində qalaraq, sanki hər gün atəşdə yanmışdılar.
Keçmişdə Firon və Qarun kimi azğınların yaratdığı cəhənnəm, günümüzdə Təkasür xəstəliyinə yaxalanmış mərhəmətsiz və eqoist adamlar və ya təşkilatlar tərəfindən müxtəlif səhnələrlə təkrarən ortaya qoyulur. Televiziya ekranları və qəzet səhifələri müasir cəhənnəm atəşləyənlərinin xəbərləriylə doludur. Əgər insanlıq Rəbbimiz tərəfindən bu surə ilə edilən xəbərdarlıqlara qulaq asmamağa davam edərsə, gələcəkdə də hələ çox–çox cəhənnəmlər yaşanmağa davam edəcəkdir.
Diqqət edilməsi lazım olan bir məqam da, Təkasür xəstəliyinin yol açacağı nəticələrin elmi tədqiqatlar ilə də bilinə biləcəyinin Rəbbimiz tərəfindən xəbər verilməsidir. İnsanlıq sadəcə vəhyə qulaq verməklə deyil, elmlə də bu xəstəliyin pis nəticələrini görə bilər, bu xəstəliyin qarşısını almaq üçün tədbirlər həyata keçirə bilər və bu xəstəlikdən qurtara bilər.
7Bir müddət sonra, onu, gözlə görürmüş kimi, real olaraq tam əminliklə bilin ki, görəcəksiniz.
Əvvəlki ayədə bildirilən bu dünyadakı cəhənnəmin həyata keçəcəyi bu ayə ilə təkrar vurğulanır. Yəni: “Əgər elmi bir tədqiqat apararsınızsa, bu nəticəni cəhənnəm meydana çıxmadan da müəyyən edə bilərsiniz. Buna baxmayaraq Təkasür ilə əylənmək, özünü bəxtəvər sanmaq davam edərsə, elə o zaman yaratdığınız və içinə düşdüyünüz cəhənnəmi bilavasitə öz gözlərinizlə qəti olaraq görərsiniz.”
8Sonra, o gün siz, nemətdən, tam əminliklə bilin ki, sorğu–sual olunacaqsanız.
Yəni, “Dünyada yaşadığınız cəhənnəm yetməyəcək, axirətdə də bütün nemətlərdən sorğu–sual olunacaqsınız.”
Bir bütün olaraq düşünüldüyündə, surənin axirətə dair xəbərdarlığı belə xülasə oluna bilər:
Bolluqla əylənmək, bolluqla özünü bəxtəvər zənn etmək, hər cür bolluğu məqsəd halına gətirmək yanlış bir davranışdır. Təkasür ilə əylənmək sosial mühiti cəhənnəmə çevirir. Təkasür psixologiyası ilə işlənən davranışların səbəb olacağı sosial mühit elmi cəhətdən araşdırılarsa, bu mühitin cəhənnəm narahatlığına bənzər bir çətinliklər doğuracağı əvvəlcədən proqnozlaşdırıla bilər. Mövzu araşdırılmazsa və bu barədəki səhvlərdə israr edilərsə, ortaya çıxacaq cəhənnəm, inkar ediləməyəcək şəkildə, gözlə görünər, yaşanar. Məhşərdə, hesab yerində sorğu–suala çəkiləcək və sahib olduğunuz nemətlərin hesabını verəcəksiniz. Ağlınızı başınıza toplayın!
İnsanlar özbaşına buraxılmış deyildir. Bu dünyadan sonra dirildiləcəklər, məhşərdə toplanacaqlar və onlara verilən nemətlərin hesabını mütləq verəcəklər. İnsan, həyatını ona görə nizamlamalı və bu şüurla yaşamalıdır. Oyun, əyləncə və dəyərsiz şeyləri məqsəd halına gətirməməli, daha xeyirli, daha çox, daha gözəl olan cənnət və Allahın rızası üstün tutulmalıdır. (Al–i İmran/15) «Kaş ki…» deyə həsrət çəkməyin sabah fayda verməyəcəyi əsla unudulmamalı, yalnız başa gəldikdən sonra ayılmağın lüzumsuzluğu yaxşı bilinməlidir. Qəbirlər ziyarət edildikdən [ölüb qəbirlərə atıldıqdan] sonra geriyə dönüş yoxdur.
Təkasür surəsinin ismarıcını təsdiq edən ən gözəl izahlardan biri də bundan sonra qarşımıza çıxacaq olan bu ayədir:
- 20Bilin ki, fani dünya həyatı, ancaq bir oyun, ehtiraslı bir əyləncə, bir bəzək, öz aranızda bir öyünmə vasitəsi, mal və uşaqlar barəsində bir çoxaltma yarışıdır. –Bir yağış nümunəsi kimi–onun bitirdiyi əkin əkinçilərin xoşuna gəlmişdir, sonra quruyar, bir də baxırsan ki, sapsarı olub, sonra o, bir çör–çöp olmuşdur.– Axirətdə isə şiddətli bir əzab–Allahdan bir bağışlama və bir məmnunluq vardır. Dünyadakı, dünya həyatı, dünya malından, aldanma vasitəsindən başqa bir şey deyildir. (Hədid/ 20)
Ən düzünü bilən Allahdır.
İstifadə olunmuş ədəbiyyat:
[1] Lisanü’l Arab, “lhy” mad.