MƏKKƏ DÖVRÜ
Nəcm: 17
1Əbu Ləhəbin[1] iki gücü yox oldu[2]. 2Özü də yox oldu. Malı və qazandığı şeylərin ona faydası olmadı. 3–5Yaxında o və boynunda lifdən bir ip, odun daşıyıcısı olaraq zövcəsi, alovlu atəşə atılacaqlar.
(6/111, Təbbət/1–5)
[1]Surədə, Əbu Ləhəb olaraq, zikr edilən şəxsin Qüreyş əşrafından Abduluzza b. Abdulmuttalib b. Haşim, arvadının da Ümmü Cəmil [Avra] olduğu hər kəs tərəfindən mübahisəsiz olaraq, qəbul edilmişdir. Tarixi qeydlər Əbu Ləhəbin son dərəcə zəngin, iri cüssəli, qırmızı sifətli, tez hirslənən birisi olduğunu bildirir. Həyatının sonuna qədər həmişə, İslama qarşı mübarizə aparmış, hər zaman müşriklərin başında və ya yanında yer almışdır. Bədir döyüşündə şəxsən iştirak etməmiş olsa da, özünün yerinə muzdlu bir əsgər göndərmişdir. Peyğəmbərimiz Allahdan gələn ismarıcları insanlara çatdırmağa başladıqda, ilk qarşı çıxan Əbu Ləhəb olmuşdur. Fatihənin cəmiyyət qarşısında oxunması əsnasında: “Həlak olası, bizi buraya bunun üçünmü topladın?” – deyərək onu daşlamış və ayağından yaralamışdır. Daha sonralar da Peyğəmbərimiz, vəzifə borcu olaraq, bazar və sərgi salonlarında dolaşıb, haqqı təbliğ edərkən, Əbu Ləhəb də onu bir kölgə kimi təqib edir, onu təsirsiz hala gətirə bilmək üçün, hər yolu sınayırdı. Toplantılarında təxribat edir: “Bu, mənim qardaşım oğlu məcnundur, ona qulaq asmayın” – deyərək, hər kəsə təsir etməyə çalışırdı. Bu, sözlü təzyiqlərini, bəzən feli hücuma qədər götürürdü. Etdikləri bunlarla da bitmirdi. Bəzi yerlərdə də: “Əgər qardaşım oğlunun dedikləri doğru isə, oğul-uşağımı və malımı fidyə olaraq, verib, özümü əzabdan qurtararam” – deyə Peyğəmbərimizə lağ edirdi.
Əbu Ləhəb, Peyğəmbərimizə olan düşmənçiliyini sözlü və feli təzyiqlərlə hər səviyyədə sürdürərkən, arvadı da boş durmur, Peyğəmbərimizin oturduğu küçəyə və evinin ətrafına tikanlar səpərək və əleyhində dedi-qodular yayaraq, ərinə dəstək verirdi. Bu dəstəyi o qədər cani-dildən verirdi ki, çox sevdiyi və daima boynunda daşıdığı gərdənliyini belə, bu yolda, Peyğəmbərimizə ediləcək pisliklərin ödənişi olaraq, xərclədi. Bir çox müfəssir, 6-cı ayədə keçən “boynunda lifdən bir ip” ifadəsinin bu məşhur gərdənliyi təmsil etdiyini düşünür.
Belə bir maneçiliyin ən yaxın əqrabaları tərəfindən edilməsi, Peyğəmbərimizi çox narahat edirdi. Çünki onların mane olmaları və mənfi təbliğatlarılarına görə, istədiyi səyi göstərə bilmirdi. Əmisinin verdiyi zərər, başqalarının verdiyindən qat–qat artıq idi. Bəzi insanlar: “Öz əmisinin belə inanmadığına, biz nə üçün inanaq?” – deyirdi.
“Ləhəb surəsi” olaraq bilinən bu ayələr, belə bir vəziyyətdə Peyğəmbərimizi təsəlli etmək, dəstəkləmək, ona əhvali-ruhiyyə və güc vermək üçün enmişdir.
Daha öncə enmiş olan ayələrdə, hər hansı bir ad verilmədən, mal, mülk, ətraf və güc sahibi olduqlarına görə həddini aşan (özlərinə göstərilən sevgi və sayğıdan və ya verilən dəyərdən ürəklənərək, yersiz və aşırı hərəkətlər etmək), yolunu azan insanlardan bəhs edilmiş, axirət gününü də yalan sayan bu adamların Allaha həvalə edilməli olduğu, onların cəzalarının Allah tərəfindən veriləcəyi bildirilmişdi. O surələrdə sifətləri və xarakterləri ilə zikr edilənlər, bu surədə Əbu Ləhəbin şəxsində konkretləşmişdir.
Quran zaman və məkanlardan üstün, dünya səviyyəsində bir ismarıc olduğu üçün, bu ismarıcın sadəcə müəyyən bir tarixi dövrə və müəyyən bir coğrafiyaya aid olduğunu düşünmək səhv olar. Allah, Quranda bir mövzu haqqında nümunə verərkən, tarix, yer və ad bildirmir. Misal göstərdiyi insanları, o insanların davranışları, sifətləri və xarakterləri əsasında tanıdır. Belə edərək, verdiyi nümunənin, hər zaman və hər yerdə keçərli olmasını təmin edir.
Surənin digər bir ismarıcı da, Peyğəmbərimizin öz əmisi üçün belə, hər hansı bir iltimasının mümkün olmadığına görə, krallıq, köləlik, zənginlik və yoxsulluq kimi sosial mövqelərin, ya da seyidlik və şəriflik kimi soy özəlliklərinin də insana axirətdə heç bir fərqlilik qazandırmayacağı vurğulanır.
Bu ayələr, gələcəklə əlaqədar verdiyi bir xəbərlə də, ayrı bir möcüzə nümayiş etdirir. Surədə Əbu Ləhəb və arvadının iman etməyəcəkləri və cəhənnəmlik olduqları bildirilmişdir. Surənin enməsindən sonra 15 il daha yaşayan Əbu Ləhəb, həqiqətən də ölənə qədər iman etməmişdir. Quranın enməyə davam etdiyi illərdə hər kəs tərəfindən görünən bu möcüzə, Muhəmmədin peyğəmbərliyinin də açıqca dəlillərindən biridir.
[2]Təbbət kəlməsinin söz mənası, “qurudu, yox oldu, həlak oldu” deməkdir. Ayədə keçən iki əl ifadəsinin, “cüziyyət məcaz-i mürsəl”i olaraq anlaşılması, yəni iki əlin zikri ilə, şəxsən əllərin sahibinin qəsd edilməsi ikinci plandadır.
İki əl ifadəsi, Əbu Ləhəbin iki gücünü təmsil edir. Belə ki, nəcmin 3–cü cümləsi bu gücləri “onun malı və qazandığı şeylər” olaraq açıqlayır. Əbu Ləhəbin varlı bir adam olduğu nəzərə alındığında, “qazandığı şeylər” ilə qəsd edilənin də ətrafı, qurduğu təşkilat, oğulları, uşaqları və yetişdirdiyi hərbi xidmətçilər (güc tətbiq edərək və qanundan kənar yollarla mübarizə edən tərəfdarlar) olduğu məntiqi nəticə olaraq çıxarıla bilir. Biz, tərcümədə məcazi mənasına üstünlük verdik.