İNFİTAR SURƏSİNİN TƏBYİNİ

İnfitar surəsi Məkkədə enən 82-ci surədir, adını birinci ayədəki “انفطرت infatarat [çatladı]” felindən almışdır. Ancaq surənin adı bu felin məsdəri olan “الإنفطار əl-İnfitar” şəklində olub, “çatlamaq”  mənasındadır.

Surədə əsasən insanın sorğu-sual olunacağına vurğu edilir, sonra da Allahın insanlara verdiyi ən əhəmiyyətli nemətlərə [fiziki mükəmməlliyinə] diqqət çəkilir. Həmçinin insanların axirətdə “yaxşılar” və “pislər” deyə ikiyə ayrılacağı bildirilir, nankorlar qınanır və verilən nemətlərin hesabının onlardan soruşulacağı barədə xəbərdarlıq edilir.

Bunlardan başqa, qiyamət gününün böyüklüyünə, dəhşətinə, insanların o gün heç bir güc və qüvvətlərinin olmayacağına, o gün hegemonluğun sadəcə Allaha aid olacağına toxunularaq axirətə imanın vacibliyi yaxşı-yaxşı gücləndirilir.

Surədəki mövzu bütünlüyü, surənin bir dəfədə, bütün olaraq endiyini göstərir.

TƏRCÜMƏ

RƏHMAN, RƏHİM ALLAH ADINDAN

1–5Göy çatladığı zaman, ulduzlar tökülüb dağıldığı zaman, dənizlər yarılıb axıdıldığı zaman, qəbirlər alt-üst edildiyi zaman, insan öncədən göndərdiyi və geridə qoyduğu şeyləri öyrənmişdir.

 (82/82, İnfitar/1–5)

Bölmə 374

6–8Ey insan! Üstün kərəm sahibi olan, səni yaradan, sonra da sənə bir nizam içində forma verən, sonra da səni müvazinətdə saxlayan, dilədiyi surətdə səni tərtib edən Rəbbinə qarşı səni aldadan şey nədir?

9–12Qətiyyən sizin düşündüyünüz kimi deyil! Əslində siz, şübhəsiz ki, üzərinizdə etdi­kləri­nizi əzbərləyən hörmətli yazıçılar olmasına baxmayaraq, Dini yalan sayırsınız.

13Şübhəsiz ki, “özü, sözü doğru olanlar/yaxşı insanlar”, əlbəttə, bol nemət, xoşbəxtlik cənnətinin içindədirlər.

14–16Din-iman tanımayıb pisliyə batmış olanlar isə qətiliklə cəhənnəmdədirlər. Din Günü ordan ayrılmayaraq, oraya söykənəcəklər.

17Din Gününün nə olduğunu sənə nə bildirdi? 18Sonra yenə, Din Gününün nə olduğu­nu sənə nə bildirdi? 19Din Günü kimsə kimsəyə yekəxanalıq edə bilməz. Və o gün 19buyuruq  Allaha aiddir.

TƏHLİL

1–5Göy çatladığı zaman, ulduzlar tökülüb dağıldığı zaman, dənizlər yarılıb axıdıldığı zaman, qəbirlər alt-üst edildiyi zaman, insan öncədən göndərdiyi və geridə qoyduğu şeyləri öyrənmişdir.

Bu ayə qrupunda bildirilir ki, insan qiyamətdən sonra dünyada etdiklərinin, etməli ikən etmədiklərinin və sonradan öz adından edilənlərin hamısını öyrənir.

Bölmədə kainatın qiyaməti ilə əlaqədar dörd quruluş ortaya qoyulmuşdur: Bunlardan ikisi göy üzünə, ikisi isə yer üzünə aiddir.

Bütün kainatın dəyişdiriləcəyi və insanın mükəlləfiyyətinin sona çatacağı bu mərhələlərdən sonra artıq iman etmək heç bir işə yaramayacaqdır:

  • 158Mələklərin gəlməsindən, yaxud Rəbbinin gəlməsindən, ya da Rəbbinin bəzi əlamətlərinin/nümunələrinin gəlməsindən başqa bir şeymi gözləyirlər? Rəbbinin əlamətlərindən/nümunələrindən bəzisi gəldiyi gün, daha əvvəl iman etməmiş, yaxud imanında bir xeyir qazanmamış olan insana, artıq inanması heç bir fayda verməz. De ki: “Gözləyin – şübhəsiz, biz də gözləyənlərik”.  (Ənam/158)

Bu mövzuya aid incəliklər daha əvvəl “İman-i Yeis” başlığı altında verilmişdi.

Qiyamət səhnələri açıqlanarkən daha əvvəl Təkvir surəsində “dənizlər qaynadıldığı zaman” ifadəsi kecmişdi. Burada isə dənizlərin qiyamət günündəki halı “dənizlər yarılıb axıdıldığı zaman” deyə açıqlanır. İki açıqlamanı bərabər dəyərləndirəriksə, qiyamət anında meydana çıxan zəlzələlər nəticəsində yer qabığı altındakı maqmanın dənizləri qaynadacağı, dənizlərin yarılıb yataqlarından daşaraq quruları bürüyəcəyi və həyat deyə bir şey buraxmayacağı anlaşılır.

Bu ayələrdə ifadə edilən hadisələr aşağıdakı ayələrdə də vardır:

  • 25Və o gün göy üzü buludlarla yarılar və mələklər [şüa, radiasiya və meteoritlər] ard–arda endirilər.
  • 26Bax budur, o gün əsl hökmranlıq Rəhmana aiddir. Kafirlər üçün isə o, çox çətin bir gün olmuşdur.
  • 27–29Və o gün, şərik qoşaraq, səhv/öz zərərinə iş edən o insan əllərini dişləyərək: “Eyvah, kaş ki, elçi ilə bərabər bir yol tutsaydım! Eyvah, kaş ki, flankəsi başçı edib, izi ilə getməsəydim. Heç şübhəsiz, mənə gəldikdən sonra məni öyüddən/Kitabdan o azdırdı. Və şeytan… O insanı rüsvay edən imiş!” – deyər. (Furqan/25–29)
  • 13–17Sura bir tək üfləmə üfləndiyi, yer üzü və dağlar yerlərindən qaldırılıb, bir çırpılışla bir-birinə çırpılaraq, darmadağın edildiyi zaman, bax budur, o gün, “o hadisə” baş vermişdir. Və göy yarılmışdır, artıq o, o gün dayanaqsızdır. Bütün güclər, səmanın ətrafındadırlar. O gün Rəbbinin böyük taxtını/varlığını, birliyini, ucalığını, ən yüksək məqamın sahibi olduğunu yox edilən keçmiş varlıqların yerinə yaradılan, daha yaxşı, daha mükəmməl yeni varlıqlar əks etdirirlər. (Haqqa/13–17)

Və Rəhman/37, Nəbə/19, Müzzəmmil/18, Təkvir/6.

Ayələrdəki qiyamət səhnələrini anladan fellər “mutavaat” qəlibiylə verilmişdir. Buradan anlaşılan odur ki, bu hadisələr öz-özünə olmur, Allahın plan və proqramı çərçivəsində həyata keçir. Kainat tamamilə Uca Allahın etdiyi bu proqrama uyğundur.

İnsanoğlu qiyamət günü dirildildiyində dünyada ikən etdiklərini və etməli ikən etmədiklərini öyrəndiyi kimi, ölərkən də bunlarla xəbərdar edilirdi. Biz bunu Ənam surəsinin sonunda “Vəfat” adı ilə məxsusi olaraq araşdırma təqdim etmişdik.

  • 13O gün, o insan, öncədən yolladığı şeylər və geridə qoyduğu şeylər barədə xəbərdar edilir.
  • 14,15Əslində insan, bütün bəhanələrini ortaya qoysa belə/bütün pərdələrini qoysa belə öz əleyhinə yaxşı bir gözətçidir. 16“Onu tezləşdirməyin üçün dilini ona hərəkət etdirmə! 17Şübhəsiz, etdiklərinin/etmədiklərinin birləşdirilməsi və toplanması yalnız və yalnız Bizim öhdəmizə götürdüyümüz vəzifədir. 18O halda Biz etdiklərini/etmədiklərini topladığımız zaman sən onun toplanmasını izlə! 19Sonra, etdiklərinin/etmədiklərinin bəyanı/sübutları ilə ortaya qoyulması da ancaq Bizim öhdəmizə götürdüyümüz vəzifədir”. (Qiyamət/13–19)

Mövzumuz olan ayələrdəki “qəbirlər alt-üst edildiyi zaman” ifadəsi, “qəbirlər alt-üst edilib, içindəkilər canlı olaraq çıxarılacağı zaman” deməkdir. İçlərindəki ölülər diri olaraq çıxardılaraq qəbirlərin altı-üstünə gətirilir.

  • 9–11Məgər o mənfəətpərəstlər bilmirlərmi ki, qəbirlərdə olanların dirildilib çölə atılacağı, qəlblərdə olanların yığılıb toplanacağı gün, heç şübhəsiz, o gün, Rəbbi onlara gerçəkdən xəbər verəcəkdir? (Adiyat/9–11)

Göy üzünün quruluşu və nizamı pozulduğunda, ulduzlar da istər istəməz yer üzünə (doğru) düşəcəkdir.

  • 48–51O gün, Allahın hər nəfsi qazandığı ilə qarşılıqlandırması üçün yer üzü bir başqa yer üzünə çevriləcək, göylər də… Və onlar tək və gücünə qarşı durulmaz olan Allah üçün ortaya çıxacaqlar. O gün günahkarları zəncirə vurulmuş olaraq, görərsən. Onların köynəkləri qətrandandır, üzlərini də atəş bürüyəcəkdir. Şübhəsiz ki, Allah hesabı çox tez görəndir. (İbrahim/48–51)
  • 105–107Səndən dağlar haqqında soruşurlar. De ki: “Rəbbim onları sovurduqca sovuracaq­dır. Beləliklə, onları dümdüz boş bir halda buraxacaq. Orada bir çuxur və bir təpə görməyəcəksən”. (Ta Ha/105–107)
  • 1–3yer üzü öz sarsıntısıyla sarsıldığı, yer üzü ağırlıqlarını çıxardığı və insanın: “Bu yer üzünə nə olur?” – dediyi zaman, (Zilzal/1–3)

6–8Ey insan! Üstün kərəm sahibi olan, səni yaradan, sonra da sənə bir nizam içində forma verən, sonra da səni müvazinətdə saxlayan, dilədiyi surətdə səni tərtib edən Rəbbinə qarşı səni aldadan şey nədir?

Qiyamətdə/ölərkən insanın mütləq ağlını başına toplayacağı; etdiklərini və etməli olduğu halda etmədiklərini yaxşı-yaxşı bildiyi açıqlandıqdan sonra, bu ayələrdə də insanoğluna nankorluğunun, biganəliyinin, bilə-bilə qəbul etməyib, rədd etməsinin səbəbi soruşulur: “Ey insan! Üstün kərəm sahibi olan, səni yaradan, sonra da sənə bir nizam içində forma verən, sonra da səni müvazinətdə saxlayan, dilədiyi surətdə səni tərtib edən Rəbbinə qarşı səni aldadan şey nədir?

İnsana yönəldilən bu sual ondan açıqlayıcı bir cavab almağı deyil, əslində elə açıqlanan bir sürü nemətə rəğmən niyə nankorluq etdiyini göstərməyə yönəlikdir.

Ayələrdəki ifadələrdən anlaşılacağı kimi, ayədə “Ey insan!” deyə səslənilənlər, “ölümdən sonra diriliş” həqiqətini inkar edənlərdir.

“İbn Abbas dedi ki: Burada “insan” Vəlid b. Muğirədir. İkrimə isə “Ubey b. Haləfdir” – demişdir. Buyuruğun Əbu’1-Əsəd b. Kelede əl-cumahi haqqında endiyi də söylənmişdir.” [1]

Atanın rəvayətinə görə İbn Abbas: “Bu ayə Vəlid b. Muğirə haqqında nazil olmuşdur” – deyərkən, Kəlbi və Mukatil, bu ayənin İbnu’l-Əsəd b. Kelde b. Useyd haqqında nazil olduğunu söyləmişdilər. Çünki bu kimsə Hz. Peyğəmbəri (s.ə.s) vurmuş, Cənab-i Haqq da bu kimsənin cəzasını dərhal verməmiş və bu ayəsini endirmişdir. [2]

Ayədəki “Rəbbinə qarşı səni aldadan şey nədir?” sualının tək cavabı vardır. O da, bu cür insanların axmaqlığı, cahilliyi və səfehliyidir. Çünki axirətin əbədi həyatı qarşısında bu dünyadaki keçici zövqləri seçmək, yanlış bir həyat yaşamağın məqbul heç bir bəhanəsi yoxdur.

  • 5Ey insanlar! Heç şübhəsiz, Allahın verdiyi söz doğrudur. Onun üçün bu adi dünya həyatı sizi aldatmasın. Və qətiyyən o aldadıcı, sizi, Allah ilə aldatmasın. 6Şübhəsiz, o şeytan, sizin üçün düşməndir. Onun üçün siz də onu düşmən qəbul edin. Şübhəsiz, şeytan öz tərəfdarlarını alovlu atəşin əhlindən olmaları üçün çağırır. (Fatir/5)
  • 3Və O, göylərdəki və yerdəki Allahdır. O, gizlininizi də, aşkarınızı da bilir. O, sizin nə qazandığınızı da bilir. (Ənam/3)
  • 7,8Və həmçinin Allah sizə iki dəstədən birinin qətiliklə sizin olacağını vəd edirdi. Siz isə şanı və şərəfi olmayan/talandan əldə olunmuş şeylərin özünüzün olmasını istəyirdiniz. Allah da kəlmələri ilə haqqı yerinə oturtmaq və günahkarların xoşuna getməsə də, doğrunu or­taya çıxarmaq və batili yox etmək üçün kafirlərin kökünü kəsmək, haqq dini bərqərar etdirmək istəyirdi. (Ənfal/7, 8)

Və Nəhl/29, 62; Ənkəbud/38.

Qurana baxdığımızda görürük ki, Allahın rəhmətinə uyğun olaraq möhlət verməsini dəyərləndirməyən, əksinə buna aldananlar vardır. Halbuki Rəbbimiz möhlət verməsinə rəğmən, aşağıda Əraf surəsindən edilən sitatda görünəcəyi kimi, tədricən əzabı yaxınlaşdırır.

  • 59Və Bizi əlamətləri/nümunələri göndərməkdən ancaq öncəkilərin onları yalan saymış olmaları saxladı. Və Səmuda, açıq, gözlə görünə bilən şəkildə dəvəni/sosial dəstək qurumları təşkil etmək vəzifəsini vermişdik və onunla haqsız davranmışdılar. Və Biz o əlamətləri/nümunələri ancaq qorxutmaq üçün göndəririk. (İsra/59)
  • 94Və insanlara yol göstərən – Quran gəlincə, özlərinin iman etmələrinə, sadəcə: “Allah bir bəşərimi elçi göndərdi?” – demələri mane olur. (İsra/94)
  • 55Və özlərinə doğru yol [kitab, elçi] gəldiyi zaman, insanların iman etmələrinə və Rəbbindən günahlarının bağışlanmasını istəmələrinə sadəcə “əvvəlkilərlə əlaqədar tətbiqatın onlara gəlməsi, ya da önlərinə əzabın gəlməsi” mövzusu əngəl oldu. (Kəhf/55)
  • 44O halda bu sözü – Quranı yalan sayanları Mənə həvalə et! Biz onları bilmədikləri yerdən yaxalayacağıq. 45Və Mən onlara möhlət/vaxt verərəm, çünki Mənim planım güclüdür, sağlamdır. (Qələm/44, 45)

Bəzi insanlar Allahın, rəhmətinə uyğun olaraq möhlət verməsini dəyərləndirə bilməmiş, dünya həyatının nemət və ehtişamına aldanıb korlanmışlar və fürsəti əldən vermişlər. Əraf surəsindəki bu ayələr Rəbbimizin insana möhlət verməsinin səbəbini açıqlayır:

  • 182Və ayələrimizi yalan sayanları gözləmədikləri yöndən dərəcə-dərəcə, yavaş-yavaş dəyişikliyə/dağıntıya yaxınlaşdıracağıq.
  • 183Mən onlara müddət də verərəm. Tam əmin olun ki, Mənim planım çox çətindir. (Əraf/182, 183)

Bu ayələrdə də göründüyü kimi, Allahın ayələrini yalan sayanlar, özləri fərqinə vara bilməyəcək şəkildə yavaş-yavaş həlaka sürüklənirlər. Bu yalan sayanlar günah işlədikləri zaman dərhal cəzalandırılmazlar; çünki Allah onlara möhlət vermişdir. Buna qarşılıq, dərhal cəzalandırılmamalarına görə də korlanırlar və içində olduqları halın əslində özləri için bir tələ olduğunu fərq etməzlər. Elə bir tələ ki, dərhal cəzalandırılmadıqlarını gördükləri üçün istəklərinin ardınca qaçmağa başlayırlar, Allahı heç düşünmürlər, hesab verəcəklərini unudurlar və olduqları şəraiti tərk edə bilmirlər. Bu hallarına görə də, heç fərqinə varmadan etdikləri işlərin dustağı olaraq öz pis sonlarını hazırlamış olurlar. Budur, Allahın planı, tələsi budur. Üstəlik bu plan, içinə düşən adamın həlaka sürükləndiyini anlaya bilmədiyinə görə, çox da çətindir.

Yalan sayanlara hazırlanmış olan bu plan, Ənam surəsində də dilə gətirilmişdir:

  • 44Sonra özlərinə xatırladılanı tərk etdiklərində, onların üzərlərinə hər şeyin qapılarını açdıq. Elə ki, özlərinə verilən şeylərlə “sevincə qapılıb, lovğalandıqda”, onları qəfildən yaxaladıq. Artıq onlar ümidləri puça çıxanlar oldular.
  • 45Beləliklə, şərik qoşaraq, küfr edərək səhv/öz zərərlərinə iş edən kütlələrin kökü kəsildi. Və bütün təriflər, aləmlərin Rəbbi Allahadır. Başqası öyülə bilməz.
  • 46De ki: “Heç düşündünüzmü, əgər Allah sizin eşitməyinizi və görməyinizi alarsa və qəlblərinizi möhürləyərsə, onları sizə Allahdan başqa gətirə biləcək tanrı kimdir?” Bax, Biz ayələri necə açıqlayırıq. Sonra da onlar arxa çevirib, mane olurlar?
  • 47De ki: “Özünüzü heç düşündünüzmü, Allahın əzabı sizə anidən və ya açıq–aşkar gələrsə, şərik qoşaraq, səhv edənlər/öz zərərlərinə iş edənlər qövmündən başqasımı dəyişikliyə/dağıntıya uğradılmış olar?”
  • 48Və Biz göndərilən elçiləri, ancaq müjdəçilər və xəbərdar edənlər olaraq göndəririk. Artıq kim iman edər və düzəldərsə, artıq onlara qorxu yoxdur. Onlar qəmgin də olmayacaqlar.
  • 49Ayələrimizi yalan sayanlara da, etməkdə olduqlarına görə/haqq yoldan çıxdıqlarına görə əzab toxunacaqdır.(Ənam/44–49) 

Mövzumuz olan ayələrdəki “səni yaradan, sonra da sənə bir nizam içində forma verən, sonra da səni tarazlayan, dilədiyi bir surətdə səni tərtib edən” ifadəsi, “sənin hər şeyini yerli yerində yaradan” deməkdir.

  • 1–10Quran və onun ictimai maariflənməsini, Qurana tabe olan Rəsul və möminləri, Quranın nuru ilə nurlanan cəmiyyətləri, Quran nurundan məhrum olan cəmiyyətləri, bilikliləri və bilikliləri ucaldan bilikləri, qatı cahilləri və onları bu hala salan qayda və anlayışları, mənliyini tapmış insanları və mənliklərini tapmağa vadar edən amilləri ki, Allah ona qəzəblənmək və özünümüdafiə instinktlərini/günah etmək və “Allahın himayəsi altında olmaq” qabiliyyətlərini ilham etdi, sübut göstərirəm ki, nəfsini pak edən/təmizləyən həqiqətən nicat tapmışdır. Onu bilərək rədd edən isə, əmin olun ki, zərərə uğramışdır”. (Şəms/1–10)
  • 1–5Yaradıb qaydaya qoyan, formalaşdırıb, yol göstərən, otlağı çıxarıb sonra da onu qapqara bir sel tullantısı halına gətirən Rəbbinin uca adını təmizə çıxar. (Əla/1–5)
  • 37–41Yoldaşı ona dedi: “Səni torpaqdan, sonra bir damla sudan yaradan, daha sonra da səni yetkin insan halına gətirənəmi inanmırsan? Lakin, mən… O, mənim Rəbbim Allahdır. Və Mən Rəbbimə kimsəni ortaq qoşmaram. Öz bağına girdiyin zaman: “Maşallah, Allah nə istərsə o olur. Allahdan başqa heç bir güc yoxdur” deməli idin! Sən hər nə qədər məni malca və övladca özündən aşağı görürsənsə də, bəlkə, Rəbbim mənə sənin bağından daha xeyirlisini verir. Səninkinin üstünə də göydən fəlakətlər göndərər və sənin bağın sürüşkən bir torpaq halına gələr. Yaxud bağının suyu yerin dibinə çəkilər və bir daha onu tapmağa güc yetirə bilməzsən” – dedi.  (Kəhf/37–41)

Mərhum Seyyid Kutub insanın anatomik və fizioloji quruluşundakı möcüzəvi tarazlığı çox gözəl açıqlamışdır. Bu açıqlamanın bir qismini təqdim edirik:

Budur, insanın sonsuz kərəm sahibi olan Rəbbi ona belə gözəl gileylənərək xəbərdarlıq edir. Bu gözəlliklə ona xatırladır. Lakin buna rəğmən insan yanlış şeylərə dalır. Özünü yaradan, belini dikəldən və tarazlıqda tutan Rəbbinə qarşı ədəbsizlik edir.

İnsanın bu qədər gözəl, düzgün, tarazlıqlı, forma və öhdəlik nöqteyi nəzərindən mükəmməl şəkildə yaradılması həqiqətən uzun-uzun düşünməyi, çox-çox şükür etməyi, son dərəcə ədəbli, tərbiyəli davranmağı və lütfünün, xeyirxahlığının və himayəsinin tələbi olaraq ona bu gözəl yaradılışı bəxş edən sonsuz kərəm sahibi Rəbbinə dərindən sevgi bəsləməlidir. Çünki uca Allah diləsəydi, insanı başqa bir şəkildə də yarada bilərdi. Lakin O, hər şeyə rəğmən insan üçün bu gözəl, düzgün və mütənasib şəkli seçmişdir.

Şübhəsiz insan, quruluşu həqiqətən gözəl və düzgün, özü itibariylə mütənasib bir yaradılışdır. İnsanın bünövrəsindəki yaradılışın heyrət verici gözəllikləri onun dərk etmə səviyyəsindən çox üstündür. İnsanın ətrafında gördüyü hər şeydən daha heyrət vericidir.

Bu gözəllik, düzgünlük və tarazlıq insanın həm fiziki quruluşunda, həm əqli quruluşunda, həm də ruhi quruluşunda müşahidə edilə bilir. Və bütün bunlar insanın bünövrəsində şahanə bir gözəllik və düzgünlük içində nizamlanmışdır, uyğunluq halındadır.

İnsanın orqanik quruluşunun mükəmməlliyini, incəliyini və sağlamlığını ortaya qoymaq məqsədi ilə yazılıb dərc olunmuş kitablar vardır. Bu yaradılışın bünövrəsindəki valehedici gözəllikləri burada geniş şəkildə vermək imkanımız yoxdur. Biz burada yalnız bəzilərinə toxunmaqla kifayətlənəcəyik.

İnsanın fiziki quruluşunı meydana gətirən ən ümumi sistemlərin hər biri valehedici gözəllikdədir. İnsanların qarşılarında durub, dəhşətə düşdüyü insan quruluşu ilə sənət və sənaye gözəlliklərinin bütün valehedici məhsulları qətiyyən müqayisə oluna bilməz. Bunlar: Skelet sistemi, əzələ sistemi, dəri sistemi, həzm sistemi, qan dövranı sistemi, tənəffüs sistemi, törəmə sistemi, vəzlər sistemi, sinir sistemi, ifrazat sistemi, dad bilmə sistemi, qoxlama, eşitmə və görmə sistemləridir. İnsanlar süni sənətlərə üz tuturlar, lakin incəliyi, dərinliyi və ölçüsü heç cür təqdir olunmayacaq dərəcədə olan bu sistemləri unudurlar! “İngilis dilində nəşr olunan Elmi Jurnalda deyilir ki: İnsan əli tayı bərabəri olmayan, valehedici təbii gözəlliklərin başında yer alır. Sadəliyi, gücü və sürətli uyuşması yönündən insan əlinin fəaliyyətini edə biləcək bir maşını düzəltmək həqiqətən çox çətindir, hətta mümkün deyil. Məsələn, bir kitab oxumaq istədiyində onu əlinlə rahatlıqla götürürsən. Sonra onu oxumağa ən uygun şəkildə endirirsən. Budur onu doğru şəkildə və avtomatik olaraq yerləşdirən bu əldir. Kitabın bir səhifəsini çevirmək istədiyində barmaqlarını vərəqin altına qoyur və üzərinə basır. Həm də kağızı çevirərək lazımi dərəcədən nə az, nə də çox bir şəkildə. Sonra vərəqin çevrilməsiylə sıxmağa son verir. Qələmi tutan və onunla yazı yazan da əldir. Gündəlik həyatda qaşıqdan bıçağa, yazı makinasına qədər bütün adət və avadanlıqlardan istifadə edən insan. Pəncərələri açıb bağlayan və insanın hər istədiyini götürüb daşıyan da əldir. Hər iki əl iyirmi yeddi sümükdən və on yeddi əzələ sistemindən ibarətdir”.

“İnsan qulağının [orta qulaq] kiçik bir kəsiyi təxminən dörd minə qədər incə və qarışıq qıvrımdan meydana gələn, forma və həcm baxımından heyrətamiz nizam kompleksindən ibarətdir. Bu qıvrımların bir musiqi alətini andırdığını söyləmək mümkündür. Belə anlaşılır ki, bunlar göy gurultusundan ağac xışıltısına qədər meydana gələn hər səsi və gurultunu hər hansı bir şəkildə alıb, beyinə ötürəcək şəkildə hazırlanmışdır. Həmçinin orkestrdən və ya hər bir musiqi alətinin çıxardığı bütün səsləri öz nizamlı bütövlüyündə mükəmməl şəkildə tənzimləyəcək quruluşa malikdir”.

“Gözdəki görmə duyğusunun mərkəzi, işığı qarşılayan yüz otuz milyon sinir uclarından meydana gəlmişdir. Kirpiklərlə bərabər göz qapaqları onu gecə-gündüz qoruyur. Göz qapağının hərəkəti refleks halındadır və gözü torpaqdan, mikroblardan və yad maddələrdən qoruyur. Kirpiklər meydana gətirdikləri kölgə ilə günəş şüalarının kəskinliyini azaldırlar. Göz qapaqlarının hərəkəti, bu qoruma ilə yanaşı gözün qurumasını da əngəlləyir. Gözü əhatə edən və göz yaşı adı verilən ifrazata gəlincə, bu göz üçün ən güclü ən təsirli təmizləyicidir”.

“İnsandakı dad alma cihazı dildir. Dilin bu hərəkəti içində epitelyum hüceyrələri yerləşən dad alma hüceyrələrinin dilin üzərində əmələ gətirdiyi sürüşkən toxumalarla baş verir. Bu toxumaların müxtəlif şəkilləri vardır. Bunların bir qismi saplı, bir qismi göbələkvari, bir qismi isə mərciməkvaridir. Bu toxumalar, dad alma sinirlərini və dilin damarlarını bəsləyir. Yemək əsnasında dad alma sinirləri təsirlənir və bu təsiri beyinə ötürür. Bu cihaz ağzın girişindədir. Beləliklə, insanın zərərli olduğunu hiss etdiyi bir şeyi dərhal çölə atması mümkün olur. İnsan bu cihazla acı və şirini, soyuq və istini, duzlu və duzsuzu, zəhərli və bu kimi şeyləri hiss edir. Dildə kiçik, incə dad alma hüceyrələrindən doqquz mini iştirak edir və bu hüceyrələrin hər biri bir neçə sinirlə beyinə bağlıdır. Buna görə sinirlərin sayı neçədir, həcmləri nədir, tək olaraq necə işləyirlər, beyində duyğunu necə toplayıb əmələ gətirirlər, bilmirik.”

Vücudun hər tərəfini bütünlüklə əhatə edən sinir sistemi, vücudun hər tərəfındən kecən incə və özündən daha çox başqalarına bağlı olan zərif, kiçik duyğu hüceyrələrindən ibarətdir. Bunlar da mərkəzi sinir sisteminə bağlıdırlar. Vücudun hər hansı bir tərəfı təsirləndiyində, istərsə bu təsirlənmə insanı əhatə edən havanın temperaturundakı kiçicik bir dəyişiklik olsun, bu halda sinir hüceyrələri bu duyğunu vücuda yayılmış olan mərkəzlərə çatdırırlar. Bunlar da duyğunu beyinə çatdırırlar. Beləliklə, beyinin gərəkli əks təsir göstərməsi təmin edilir. Sinirlərdəki işarələrin və siqnalların sürəti saniyədə yüz metrəyə çatır”.

“Sinir sisteminə baxdığımızda onun bir kimya laboratoriyasındakı bir fəaliyyəti xatırlatdığını görürük. Yediyimiz yeməklərə baxdığımızda, onların heyrət verici maddələrə çevrildiyini fərq edər və orada meydana gələn fəaliyyətin həqiqətən də valehedici olduğunu qətiliklə anlayarıq. Çünki burada mədənin özündən başqa, demək olar ki, hər şey yeyilir.

Əvvəlcə bu kimya laboratoriyasına bir neçə növ sadə yemək maddələrini qoyaq və bu mövzuda laboratoriyanın özünə aid nizamını heç nəzərimizdə tutmayaq. Həzm kimyasının onları necə ayırd etdiyini düşünməyək. Biz bir neçə ət parçası, lobya, buğda və qızardılmış balıq yeyirik. Sonra da bir qədər su içirik. Mədə bu qarışığın arasındakı yararlı maddələri seçib alır. Yeməyin hər növünü əzir və onları kimyəvi hissələrinə ayırır. Geri qalanını yeni proteinlərə çevirir. Bunlar müxtəlif hüceyrələrdə qidalar halına gəlir. Həzm sistemi bu sırada kalsium, kükürd, yod, dəmir və digər bütün zəruri maddələri seçir. Və bu sırada öz maddələrinin tələf olmamasına diqqət göstərir, hormonların törədilməsinə imkan yaradır və həyat üçün lazım olan bütün ehtiyacların nizamlı ölçülər həddində və hər zəruri ehtiyacın hazır hala gəlməsinə diqqət edir. Aclıq kimi hər hansı bir keçici halı qarşılamaq məqsədilə yağ və digər ehtiyat maddələr yığıb toplayır. Bütün bunları insan düşüncəsindən və onun izahından xəbərsiz edir. Biz sayılamayacaq dərəcədə çox olan bu maddələri bu kimya laboratoriyasına tökürük və təxminən hamısı ilə etdiyimiz işlərdən sərf-nəzər edir, sonrasına qarışmırıq. Beləliklə, həyatımızın davamı üçün lazım olan avtomatik bir fəaliyyət saydığımız bu fəaliyyətə əsaslanmış oluruq. Bu qidalar sindirilir və yenidən hazırlanıb davamlı olaraq milyonlarla hüceyrəyə paylanır. Bu hüceyrələrin sayı yer üzündəki bütün insanların sayından artıqdır. Hər hüceyrəyə çaşdırılmalı olan bu konkret maddələr daimi və tək–tək hər hüceyrəyə çatdırılmalıdır. Və bu müəyyən nizamın ehtiyac duyduğu maddələrdən başqa heç bir şeylərin ona götürülməməsi lazımdır. Bu konkret maddələrin də sümük, dırnaq, ət, saç, göz və diş düzəldəcək olan hər hüceyrəyə özünə xas qidaların çatdırılması lazımdır.

Deməli, burada insan zəkasinin icad etdiyi ən mükəmməl laboratoriyadan daha çox maddələrin əldə edildiyi bir kimya laboratoriyası vardır. Yenə burada bu ana qədər dünyanın tanıdığı nəqletmə və paylama sistemlərindən daha üstün bir paylaşdırma sistemi vardır. Burada hər şey son dərəcə nizamlı bir şəkildə baş verir”.

İnsanın digər bütün cihazları haqqında da çox şey söyləmək olar. Lakin bu cihazlar açıq–aydın olsalar da, hər hansı bir şəkildə heyvanların da sahib olduğu cihazlardır. İnsanın özünə xas xüsusiyyətləri isə tayı bərabəri olmayan əqli və ruhi özünəməxsusluqlarıdır. Budur, bu surədə xüsusilə üzərində durulan mövzu budur. Belə ki, “Ey insan! çağırışından sonra, “O, səni yaradan, belini dikəldən və səni mütənasib qılan deyilir.

Budur, bu mahiyyətini bilmədiyimiz, qavramadığımız xüsusi əqli qavrama. Çünki ağıl anladığımız şeyləri anlamağımızı təmin edən vasitədir. Lakin ağıl özünü qavraya bilməz. Necə qavradığını da idrak edə bilməz.

Bütün bu qəbul edilən təsvirlərin incə və dəqiq bir şəkildə düzülmiş olan sinir sistemi yolu ilə beyinə çatdığını fərz edirik. Lakin bunlar harada saxlanılır? Əgər bu beyin düz bir lent zolağı ilə müqayisə edilsəydi, insan ortalama ömrü olan altmış ildə o qədər tabloları, kəlmələri, faktları, duyğuları, yığınlarla məlumatı qeyd etmək üçün milyarlardlarla metrə şəridə ehtiyac duyacaqdı. Ancaq bu halda onları bir müddət sonra xatırlaya bilərdi. Belə ki, insan bu hadisələri niyə onlarla illər keçdikdən sonra rahatlıqla xatırlaya bilir! Sonra ağıl tək-tək kəlmələrdən, tək-tək faktlardan, tək-tək hadisələrdən və tək-tək tablolardan bütün bir kültürü əmələ gətirmək üçün necə onları bir bütünlük içinə sığışdırır? Sonra onları məlumat yığınından sistemli biliyə necə döndərir? Anlaşıla biləcək şeylərdən anlayışa, təcrübələrdən konkret biliyə necə çatır?

Bu, insanın ən müəyyən xüsusiyyətlərindən biridir. Lakin bununla bərabər bu xüsusiyyət insanın ən böyük xüsusiyyəti deyildir. Ən üstün ayırıcı vəsfi olmadığı kimi. İnsanda Allahın ruhundan gələn, heyrətamiz bir atəş parçası da vardır. Bu insanın özünə xas olan ruhudur. Bu ruh insanı varlığın gözəlliyinə və varlığı yaradanın gözəlliyinə götürür. Və ona heç bir həddi olmayan mütləq varlıq ilə təmasa kecməsindən qaynaqlanan gözəl və xoşbəxt anlar bağışlayır. Təbii ki, bu, kainatdakı gözəlliyin qaynaqları ilə təmasa kecdikdən sonra reallaşa bilir.

Bu, insanın mahiyyətini anlaya bilmədiyi ruhdur. İnsan qavraya biləcəyi konkret həqiqətləri daha kifayət qədər qavraya bilmədiyi halda, bunu necə qavraya bilir, necə tanıya bilir? İnsan bu ruh sayəsində yer üzündə yaşadığı halda sevincin və üstün səadətin qaynağına çata bilir. Bu ruh onu ucalar aləmi ilə təmasa kecirir. Onu cənnətlərdəki sonsuz həyata, onun üçün müəyyən edilən gözəl həyata hazırlayır. Bu xoşbəxt dünyada ilahi gözəlliyə baxmağa hazırlayır.

Budur, bu ruh… Uca Allahın insana ən böyük hədiyyəsidir, bəxşişidir. İnsanı insan edən də budur. Allahın adı ilə özünə xitab etdiyi də budur. “Ey insan! Utandırıcı şəkildə özünü qınaması da bu xüsusiyyətindən qaynaqlanır. “Sonsuz kərəm sahibi Rəbbinə qarşı səni aldadan nədir? Budur bu, Uca Allahdan insana birbaşa yönəldilmiş bir məzəmmətdir. Çünki Uca Allah ona səslənir, o isə Allahın önündə günahkar, qüsurlu və qürurlu bir şəkildə durur. Allahın ucalığını təqdir etmir və Onun hüzurunda ədəbini ortaya qoymur. Sonra Allah ona böyük nemətini xatırladır, sonra da bu mövzudakı əskiklərini, ədəbsizliyini və qürurunu dilə gətirir.

Bu, həqiqətən, qarşısında əzilməli olan bir məzəmmətdir. İnsan öz reallığını, həqiqi bilik qaynağını və Rəbbinin hüzurundakı real mövqeyini düşündüyündə, bu Bu, həqiqətən, əzilməli olan bir məzəmmətin dəhşətini qavrayacaqdır. Rəbbi ona bu şəkildə səslənir, ardından bu şəkildə onu danlayır:

Ey insan! Səni sonsuz kərəm sahibi Rəbbinə qarşı aldadan nədir? O, səni yaradan, belini dikəldən və səni mütənasib qılan, dilədiyi şəkildə sənə şəkil verən Rəbbinə…

Ardından bu qürurun və qüsurların səbəbi ortaya qoyulur. Bu isə hesab gününü yalan saymaqdır. Uca Allah hesabın əsl mahiyyətini bildirir və hər işin qarşılığının fərqli olacağını, aydın və yığcam bir şəkildə ortaya qoyur. [3]

9–12Qətiyyən sizin düşündüyünüz kimi deyil! Əslində siz, şübhəsiz ki, üzərinizdə etdi­kləri­nizi əzbərləyən hörmətli yazıçılar olmasına baxmayaraq, Dini yalan sayırsınız.

Bu ayələrdə əvvəlcə müşriklərin kor qəbullardan meydana çıxan inancları rədd edilir, sonra da “Əslində siz, şübhəsiz ki, üzərinizdə etdi­kləri­nizi əzbərləyən hörmətli yazıçılar olmasına baxmayaraq, Dini yalan sayırsınız” deyilərək etdiklərinin bir-bir qeyd olunduğu, bunun idrakında olmadıqları üçün də Dini düşünmədən yalan saydıqları xəbərdarlığı edilir. İnsanın quruluşunda saysız yazıçı [hafizə, yaddaş] hüceyrəsi olmasına və işlədiyi hər davranışın qeyd edilməsinə rəğmən, “din”i yalan sayması insanın yaradılış üzərində kifayət qədər düşünməməsindən qaynaqlanır. Allah insanı yaradaraq sahibsiz dəvə kimi buraxmamışdır. Bunun tərsini düşünmək yaradılış barəsində idrak etməmək deməkdir. Mövzumuz olan ayələrdə bir baxıma inkarçılara “İstər qəbul edin, istər etməyin, həqiqət belədir. Hər insan üzərində qeydiyyat aparan hüceyrələr vardır; onlar yaxşı, ya da pis nə edirsinizsə, hər şeyi qeyd edirlər. Onlardan əsla qaça bilməz və gizlənə bilməzsiniz. Gizli, aşkar hər şey önünüzə qoyulacaqdır” ismarıcı verilir.

  • 36Yoxsa o insan özbaşına buraxılacağınımı sanır? 37O, nizamlanmış/diqqətlə ölçülüb biçilmiş spermadan bir nütfə deyildimi?
  • 38Sonra da bir embriyon idi ki, sonra onu əmələ gətirmiş, sonra da nizama salmışdır 39ki, ondan da iki həmtayı – erkək və dişini var etmişdir.
  • 40Yaxşı, bütün bunları edən, ölüləri diriltməyə gücü yetən deyilmidir? (Qiyamət/36-40)
  • 1–4Biliklilər və Tariq/dəlib keçən Quran ayələri qrupu şahiddir ki, əmin olun ki, hər mənliyini tamamlamış varlığın üzərində bir sıra qoruyucular vardır.
  • 5Onun üçün insan nədən əmələ gətirilmiş olduğuna bir baxsın (Tariq/1-5)
  • 16Və and olsun insanı Biz yaratdıq/əmələ gətirdik. Nəfsinin özünə nələr pıçıldadığını da bilirik. Və Biz ona şah damarından daha yaxınıq.
  • 17,18Onun sağında və solunda (hər yanında) yerləşmiş iki təsbitedici onun hər işini təsbit edib durarkən, insan elə bir söz söyləməz ki, yanında hazır nəzarət edən olmasın. (Qaf/16–18)

Ayədə kecən “Din” Maun surəsində bəhs edilən “Din” olub, bununla Fatihə surəsində də kecən “Yevmi’d-Din [Din günü, hesabplaşma günü]” qəsd edilmişdir.

“Din’i yalan saymaq” mövzusu Maun surəsinin təhlilində açıqlandığından, detalın oradan oxunmasını məsləhət görürük.

Daha əvvəl də toxunduğumuz kimi, ayədəki “… şübhəsiz üzərinizdə, etdiyiniz şeyləri əzbərləyən, sayğılı yazıçılar …” ifadəsiylə insanın yaradılışdan öz bünövrəsində hafizə hüceyrələrinin var olduğu və hər şeyi qeydiyyat altına aldığı bildirilir.

  • 25–29Və kitabı solundan verilən adama gəlincə, bax budur, o: “Kaş ki, kitabım mənə verilməsəydi, hesabımın nə olduğunu isə bilməsəydim. Nə olardı, o iş bitmiş olsaydı. Malımın mənə heç bir faydası olmadı. Gücüm/nüfuzum da məndən yox olub getdi” – deyər. (Haqqa/25–29)
  • 10–14Kitabı özünə arxasından verilənə gəlincə isə o, ölümü çağıracaq və alovlu atəşə girəcəkdir. Şübhəsiz ki, o, yaxınları içində sevincli idi. Şübhəsiz ki, o, qətiyyən dönmə­yə­cə­yinə qane idi. (İnşiqaq/10–14)
  • 13,14Və hər insanın öz etdiklərinin qarşılıqlarını ayrılmayacaq şəkildə boynuna doladıq. Və Biz qiyamət günü açılmış gördüyü kitabı onun üçün çıxararıq: “Oxu öz kitabını! Bu gün öz zatın, özünə qarşı hesab soruşan olaraq, sənə yetər!” (İsra/13, 14)
  • 48Və onlar səflər halında Rəbbinin hüzurunda düzülmüşdülər: “Şübhəsiz, sizi ilk öncə yaratdığımız kimi, Bizə gəldiniz. Əslində siz, sizin üçün görüşmə zamanı gerçəkləş­dir­mə­yəcəyimizə batilcə inanırdınız”.
  • 49Və kitab/əməl dəftəri qoyulmuşdur. Günahkarların ondan qorxduğunu görəcəksən. Və: “Vay bizim halımıza! Bu necə kitab imiş ki, böyük–kiçik heç bir şey buraxmadan hamısını saymışdır/yazmışdır” – deyərlər. Və onlar etdiklərini hazır görərlər. Və sənin Rəbbin heç kimsəyə haqsızlıq etməz.  (Kəhf/48, 49)
  • 59Görünməzin, eşidilməzin, keçmişin, gələcəyin açarları da yalnız və yalnız Onun qatında­dır. Ondan başqa heç kimsə onları bilməz. O quruda və dənizdə olanları da bilir. O bil­mədən, bir yarpaq belə düşməz. Yerin qaranlıqlarındakı bir dənə, yaş və quru heç bir şey yoxdur ki, açıq–aşkar bir kitabda olmasın.
  • 60Və O, sizi gecə vaxtı vəfat etdirən/keçmişdə etdiklərinizi, etməli olduğunuz halda etmədiklərinizi bir-bir xatırlatdıran, gündüzlər əldə etdiyiniz şeyləri bilən, sonra adı qoyulmuş müddət sonunun gerçəkləşməsi üçün sizi qaldırandır. Sonra dönüşünüz yalnız və yalnız Onadır. Sonra O, etdiklərinizi sizə xəbər verəcəkdir.
  • 61Və Allah, qulları üzərində hökmranlığı davam etdirir və O, sizin üzərinizə qoruyucular göndərir. Sonra da sizdən birinizə ölüm gəldiyi vaxt elçiləri, heç artıq–əskik etmədən, onu vəfat etdirirlər. Onlara keçmişdə etdiklərini, etməli olduğu halda etmədiklərini bir-bir xatırladırlar. 62Sonra öz gerçək Mövlalarına – Allaha döndərilir­lər. Diqqətli olun, hökm ancaq Onundur və O, hesab görənlərin ən sürətlisidir”. (Ənam/59– 62)

13Şübhəsiz ki, “özü, sözü doğru olanlar/yaxşı insanlar”, əlbəttə, bol nemət, xoşbəxtlik cənnətinin içindədirlər.

14–16Din-iman tanımayıb pisliyə batmış olanlar isə qətiliklə cəhənnəmdədirlər. Din Günü ordan ayrılmayaraq, oraya söykənəcəklər.

17Din Gününün nə olduğunu sənə nə bildirdi? 18Sonra yenə, Din Gününün nə olduğu­nu sənə nə bildirdi? 19Din Günü kimsə kimsəyə yekəxanalıq edə bilməz. Və o gün 19buyuruq, Allaha aiddir.

Əməllərin qeydiyyat altına alınmasının nəticələri bu ayələrdə də yenə əkslik metodu ilə açıqlanır. “Əbrar”dan olanlar “Naim” cənnətlərinə, “Füccar”dan olanlar isə cəhənnəmə gedəcəkdir.

Əbrar və Füccar terminləri ilə əlaqədar Əbəsə surəsində etdiyimiz açıqlamaları burada da nəql edirik:

Birr Və Əbrar Qavramları. “Təqva” sözünün öz mənasından başqa bir mənada işləndiyi “برّ birr” sözü “hər cür xeyir və yaxşılıq işlərində genişlik, ehsan, itaət, doğruluq, bol-bol yaxşılıq” deməkdir. Söz, bu geniş məna çərçivəsində hər cür yaxşılığı, ehsanı və xeyirli davranışı əhatə edir. “Birr” Quranda belə təyin olunur:

  • 177Üzlərinizi Şərqə və Qərbə çevirməyiniz “yaxşı insan olmaq” deyildir! Amma “yaxşı insanlar” Allaha, Axirət Gününə/Son Günə, mələklərə, Kitaba, peyğəmbər­lə­rə inanan – malını əqrəbalara, yetimlərə, acizlərə, yolçuya və dilənənlərə, azadlığı olmayanlara, Allaha/mala/verməyə sevgisi olmağına baxmayaraq, verən və salaatı iqamə edən, zəkatı/vergini verən insanlardır. Həmçinin sözləşdiklərində sözlərini tamamilə yerinə yetirən, sıxıntı, xəstəlik və döyüş zamanlarında səbr edənlərdir. Bax budur, onlar özü–sözü doğru olanlardır. Və bax budur, onlar Allahın qoruması altına girənlərin, məhz özləridir.  (Bəqərə/177)

“Birr” sözü isim olaraq işlədildiyi kimi, “ismi fail” olaraq da işlədilir və bu təqdirdə “çox-çox yaxşılıq edən” mənasına gəlir. Məsələn, möminlər çox-çox yaxşılıq edərək “birr”in bilavasitə özü halına gəlirlər.

Quran belə adamları “bərr” sözünün cəmi olan “əbrar” sözü ilə təqdim etmiş və bu sözü “müttəqin [yaxşılar, Allaha hörmət bəsləyən insanlar]” mənasında işlədərək “müttəqin”ə təqdim olunan nemətlərin “əbrar”a da təqdim olunacağını bildirmişdir:

  • 198Amma Rəbbinin qoruması altına girənlərə gəlincə… Onlar üçün Allah qatından bir yolçu ikramı olaraq, altlarından çaylar axan, içində təməlli qalacaqları cənnətlər vardır. Və Allah qatındakı “yaxşı insanlar” üçün daha yaxşıdır. (Al-i İmran/198)
  • 18–21Qətiliklə, onların düşündüyü kimi deyil! “Əbrar”ın/yaxşı insanların qeydi, qətiliklə İlliyyundadır. İlliyyunun nə olduğunu sənə nə bildirdi? Yaxınlaşdırıl­mış­la­rın şahid olduğu rəqəmlənmiş/yazılmış bir qeyddir!
  • 22–28Şübhəsiz ki, “Əbrar/yaxşı insanlar”, əlbəttə, Nəimin içindədirlər, taxtlar üzərin­də gözləməkdədirlər. Üzlərində nemətin aydınlığını görərsən. Onlar möhürlü, saf bir içkidən içirlər ki, onun möhürü/nəticəsi müşkdür. Qarışımı Təsnimdəndir. Yaxınlaşdırılmışların içkiləri bir bulaqdandır. Artıq yarışanlar, bax budur, bunda yarışmalıdırlar. (Mutaffifin/18–28)

İctimai həyatın qurulması və sağlam fəaliyyəti nöqteyi nəzərindən çox vacib olan və sanki, insanlar arasındakı qarşılıqlı birliyin əsası olan “birr”, Təqva sahibi möminlərin ən vacib olan bir xüsusiyyətidir. Bu xüsusiyyətə bilavasitə “Təqva” deyilməsə də, “Təqvalı olma halı” deyilə bilər

Əslində elə Rəbbimiz də bizə tövsiyə edir ki, bu xüsusiyyətə sahib insanlarla, yəni “əbrar [yaxşılar, köməksevərlər]” ilə bərabər ölməyi istəyək:

  • 193Rəbbimiz! Şübhəsiz ki, biz: “Rəbbinizə inanın!” – deyə çağıran bir nidaçını eşitdik və dərhal inandıq. Rəbbimiz! Artıq bizim günahlarımızı bağışla, pisliklərimizi ört və bizi “yaxşı insanlar”la birlikdə, keçmişdə etdiklərimizi və etməli olduğumuz halda etmədiklərimizi bir-bir xatırlatdır/öldür. (Al-i İmran/193)

Fücur Və Füccar Qavramları. “Fücur” sözü lüğətdə “yarmaq, bir şeyi geniş şəkildə yarıb açmaq” olaraq tərif edilmişdir. Quran, bu hərəkətin müsbəti üçün “fəcr”, mənfisi üçün “fücur” sözlərini işlətmişdir.

Quranın mənfi mənada işlətdiyi “fücur” sözü, istər dilçilər və istərsə də din alimləri tərəfindən “Şakku sətri’d-diyanət [dəyanət örtüyünün yırtılması, çatlaması]” olaraq ifadə edilmişdir. Bu şəkildə din-iman örtüyünü yırtıb atanlara “facir” deyilir.

Bu sözün cəmi isə “füccar” və ya “fəcərə” şəklində ifadə edilir:

  • 5Əslində o insan, önünü/qalan ömrünü din-iman tanımayıb, pisliyə batmaqla keçirmək istəyir. 6Soruşur: “Qiyamət günü nə zamanmış ki?” (Qiyamət/5, 6)
  • 26–28Və Nuh dedi ki: “Bu yerdə dolaşan kafirlərdən bir tək insan buraxma. Şübhəsiz ki, sən onları buraxsan, qullarını yoldan çıxararlar və sadəcə, din-iman tanımayıb pisliyə batan və kafir övladlar doğub törədəcəklər. Rəbbim! Mənim üçün, anam–atam üçün, mömin olaraq evimə girən insanlar üçün, mömin kişilər və mömin qadınlar üçün mağfirət et/bağışla hamımızı! Şərik qoşaraq səhv/öz zərərlərinə iş edənlərə də yox olmağı artır”. (Nuh/26–28)

İmanın zahirə inikası necə ki “təqva”, ya da “əməl-i saleh” isə, küfrün zahirə inikası da “fücur”dur. Yəni fücur işləmək, doğru imana sahib olmayanların bir xüsusiyyətidir. Çünki Allaha inam insanın haram-halal, xeyir-şər, cənnət-cəhənnəm kimi kateqoriyalar haqqında şüurlu olmasını təmin edər. Beləliklə də, bu şüur insanın fücur işləməsinə əngəl olur. Zaman-zaman xətaya düşən insan üçün daima “tövbə etmə” imkanı vardır. Ancaq insan eyni xətanı təkrarlamamaq şərti ilə Allahın əfv ediciliyinə sığınmalıdır. Tövbədən sonra sözündə durmamaq, yalan söyləmək tam mənasıyla fücur işləməkdir.

Sərhədləri dinlə müəyyən olunmuş davranışlara qarşı çıxmaq, din adından qayda tanımamaq, dinlə gətirilən məhdudiyyətləri qəbul etməmək, beləliklə də, hər cür kiçikli-böyüklü günahı işləmək facirlərin ən müəyyən xüsusiyyətlərindəndir. Bu insanlar dünyada etdiklərinin hesabını verəcəklərinə inanmadıqlarından, ya da Allaha dönəcəklərini düşünmədiklərindən, hər cür fücuru işləməkdən çəkinməzlər.

Quran, fücuru işləyənlərin kafir və cəhənnəmlik olduqlarını bildirmişdir:

  • 14–16Din-iman tanımayıb pisliyə batmış olanlar isə qətiliklə cəhənnəmdədirlər. Din Günü ordan ayrılmayaraq, oraya söykənəcəklər. (İnfitar/14)
  • 7–13Qətiliklə, onların düşündüyü kimi deyil! Şübhəsiz ki, “din-iman tanımayıb pisliyə batanlar”ın qeydi, qətiliklə, Siccindədir. Və “Siccin”in nə olduğunu sənə nə bildirdi? O, rəqəmlənmiş/yazılmış bir qeyddir! O gün, yalan sayanların/qarşılıq gününü yalan sayanların vay halına! Və qarşılıq gününü, özünə ayələrimiz oxunduğu zaman: “Keçmişdəkilərin məsəlləri” –deyən, bütün hədləri aşan günahkarlardan başqası yalan saymaz. (Muttaffifin/7-13)
  • 28Yoxsa Biz iman edən və həmçinin saleh əməl işləyənləri yer üzündəki o pozğunçular kimimi edərik? Yoxsa o, Allahın qoruması altına girən kəsləri din-iman tanımayıb, pisliyə batanlar kimimi edərik? (Sad/28)

İslama uymadan yaşayan, Allaha təslim olmayan, din-iman tanımayan kimsələr olan fücur əhli, təqvaya zidd olan davranışları nəticəsində, özlərini oradan heç kimsənin xilas edə bilməyəcəyi cəhənnəmə girəcək, qətiliklə möminlər [müttəqilər] ilə bir tutulmayacaq, onlarla eyni səviyyəyə qoyulmayacaqlar:

  • 7Bax budur, beləcə, Biz şəhərlərin anasını və onun hüdudlarından kənardakıları xəbərdar edəsən və özündə heç şübhə olmayan toplanma günü ilə xəbərdar edəsən deyə, sənə Ərəbcə bir Quran vəhy etdik. (Şura/7)
  • 14Və Saatın dikildiyi gündə də, bax budur, o gün onlar ayrılırlar.
  • 15İndi iman etmiş və düzəltmək yönündə işlər edənlərə gəlincə, artıq onlar bir bağça içində nəşələndirilirlər. (Rum/14–15)
  • 16O görüşmə günü onlar meydana çıxarlar. Onların heç bir şeyi Allahdan gizli qalmaz. “Bu gün mülk kimindir?”, “Sadəcə tək və qəhredici olan Allahındır!”
  • 17Bu gün hər insan qazandığının qarşılığını alacaqdır. Bu gün haqsızlıq deyə bir şey yoxdur. Şübhəsiz ki, Allah hesabı çox tez görəndir. (Mömin/16, 17)

Son ayədəki “… O gün [Din günü], kimsə kimsəyə ağalıq edə bilməz. Və o gün buyuruq Allaha aiddir” ifadəsində asilər üçün böyük bir təhdid vardır:

  • 214Və ən yaxın qəbiləni xəbərdar et. (Şüəra/214)
  • 26Bax budur, o gün əsl hökmranlıq Rəhmana aiddir. Kafirlər üçün isə o, çox çətin bir gün olmuşdur. (Furqan/26)
  • 1–7“Yaratdığı bütün canlılara nemət verən, yaratdıqlarına çox mərhəmətli olan Allah adından: “Bütün təriflər, aləmlərin Rəbbi, yaratdığı bütün canlılara nemət verən, yaratdıqlarına çox mərhəmətli olan, hər kəsin yaxşı, ya da pis etdiyi bütün fel və hərəkətlərinin qarşılığını görəcəyi Axirət gününün sahibi, idarəçisi Allahadır; Allahdan başqa kimsə tərifə layiq deyildir. Yalnız Sənə qulluq edirik və yalnız Səndən kömək diləyirik. Bizə, qəzəbinə duçar olmuşların və çaşqınlığa uğramışların yolunu yox, özlərinə nemət verdiklərinin yolu olan ən doğru yolu göstər, bildir (Fatihə/1-7)

Və Ənam/94; Qasas/74, 75; Bəqərə/48, 254.

 Allah, doğrusunu ən yaxşı biləndir.

[1] Kurtubi; el Camiu li Ahkami’l Kuran.

[2] Razi; el Mefatihu’l Gayb.

[3] Seyyid Kutup; Fizılali’l Kuran.