Qiyamət surəsi Məkkədə enən 31–ci surədir. Surə adını 1–ci ayədəki “əl–Qiyamət” sözündən alır, qırx ayədən ibarətdir.
Bundan əvvəlki Qariyə surəsində, qiyamətin birinci mərhələsi kimi, içindəki hər şeylə birlikdə, kainatın bu günkü nizamının sona çatacağı, ikinci mərhələsi kimi də, yaranacaq yeni mühitdə inanclı–inancsız bütün insanların qarşılaşacaqları hallar açıqlanmışdı.
Bu surədə Rəbbimiz, sürdükləri səfadan vaz keçərək, məsuliyyət altına girmək istəməyən inancsızların, yanlış tövrlərini öncə “xeyr” ifadəsi ilə rədd etmiş, sonra da qiyamət haqqındakı şübhələri, ola biləcək etirazlara tək–tək cavablar verərək, aradan qaldırmış və qiyamətin gerçəkləşəcəyinə dair dəlillər bildirmişdir. Ortaya qoyulan bu sağlam dəlillərlə qiyamətin qaçınılmaz olduğu isbat edilmiş, beləliklə ədalətin təcəllisi nöqteyi nəzərindən axirətin gərəkli olduğu da, açıq şəkildə ortaya qoyulmuşdur.
Surədə diqqət çəkilən bir digər məqam da, axirəti inkar edənlərin nə üçün bu inkara yönəldikləri barəsindədir. Surədə bildirildiyinə görə, bu inkarın səbəbi, inkarçıların, axirəti, məntiqlərini işlədərək rədd etmələri deyil, onların nəfslərindən qaynaqlanan ehtirasları və istəkləridir.
Elə buna görə də, bütün bu mövzuların açıqca bildirildiyi və Rəbbimizin rəhmət təcəllilərindən olan xəbərdarlıqlarının davam etdiyi Qiyamət surəsinin yaxşı anlaşılması üçün, bundan öncəki surələrə nəzərən, bu surəyə bir az daha artıq diqqət göstərilməsinə ehtiyac vardır. Çünki bu surədə diqqətlərdən qaçırılmaması lazım gələn bir çox ədəbi sənət vardır və keçmişdə bəziləri tərəfindən surənin üzərinə atılmış olan uyğunsuzluqların, iman gərəyi olaraq, təmizlənməsi lazımdır. Müəllif bunları öz tərəfindən Quran naminə ortaya çıxarmış və aşağıda görəcəyimiz kimi, gözlər önünə sərmişdir. Diləyimiz, bu məsələnin həssasiyyətinin bunları oxuyan insanlar tərəfindən də idrak edilməsidir.
TƏRCÜMƏ
Bölmə 53
- 1Xeyr, qiyamət gününə sübut göstərirəm! 2Xeyr, çox qınayan o nəfsə də sübut göstərirəm!
- 3O insan özünün sümüklərini əsla bir araya toplayamayacağımızımı sanır? 4Bəli, Bizim onun barmaq uclarını– bütün orqanlarını nizamlamağa gücümüz yetər!
- 5Əslində o insan, önünü–qalan ömrünü din–iman tanımayıb, pisliyə batmaqla keçirmək istəyir: 6Soruşur: – “Qiyamət günü nə zamanmış?”
- 7–10 Bax, budur, gözün şimşək kimi çaxdığı/qamaşdığı, ayın tutulduğu, günəşin və ayın bir araya gətirildiyi zaman, bax həmin o gün insan, “Qaçış haraya–qaçacaq yer haradır?” deyər.
- 11Əsla onun düşündüyü kimi deyil! Sığınacaq deyə bir şey yoxdur. 12O gün çatıb, dayanmaq sadəcə Rəbbinədir– o gün dayanıb durulacaq yer, sadəcə Rəbbinin hüzurudur.
- 13O gün, o insan, öncədən yolladığı şeylər və geridə buraxdığı şeylər barədə xəbərdar edilir.
- 14,15Əslində insan, bütün bəhanələrini ortaya qoysa da belə–bütün pərdələrini qoysa da belə özü öz əleyhinə yaxşı bir gözətçidir: 16“Onu tezləşdirməyin üçün dilini ona hərəkət etdirmə! 17Şübhəsiz etdiklərinin– etmədiklərinin birləşdirilməsi və toplanması yalnızca Bizim üzərimizə vəzifədir. 18O halda Biz etdiklərini–etmədiklərini topladığımız zaman sən onun toplanmasını izlə! 19Sonra, etdiklərinin–etmədiklərinin bəyanı–sübutlarıyla ortaya qoyulması da sadəcə Bizim üzərimizə vəzifədir.”
- 20,21Əsla sizin düşündüyünüz kimi deyil! İşin əslində siz, dünyanı sevirsiniz və Axirəti buraxırsınız. 22Üzlər var ki, o gün apaydınlıqdır–23Rəbblərinə nəzər salarlar–Rəbblərindən nemət gözləyərlər.
- 24Və üzlər də var ki, o gün burunları sallanar–25zənn edərlər ki, özlərinə “Bel qıran” edilir.
- 26–30Əsla onların düşündüyü kimi deyil! Körpücük sümüklərinə dayandığı, “Çarə tapan kimdir!” deyildiyi və can çəkişən adam bunun o ayrılıq anı olduğunu anladığı və ayağı ayağına dolaşdığı zaman–bax budur, o gün sürüyüb aparılmaq sadəcə Rəbbinədir.
- 31Lakin o, nə təsdiqlədi, nə dəstəklədi. 32Lakin o, yalan saydı və geri durdu. 33Sonra da gərilə–gərilə yaxınlarına getdi.
- 34,35Yıxım çox yaxındır sənə, həm də çox yaxın! Yenə, yıxım çox yaxındır sənə, həm də çox yaxın!
- 36Yoxsa o insan başıboş buraxılacağınımı sanır? 37O, nizamlanmış–diqqətlə ölçülüb biçilmiş spermadan bir nütfə deyildimi? 38Sonra da bir embriyon idi ki, sonra onu əmələ gətirmiş, sonra da düzənə qoymuşdur–39ki, ondan da iki ər–arvadı–kişi və qadını var etmişdir.
- 40Yaxşı, bütün bunları edən, ölüləri diriltməyə güc yetirən deyilmidir?
(31/75, Qiyamət/1–40)
TƏHLİL
1Xeyr, qiyamət gününə sübut göstərirəm! 2Xeyr, çox qınayan o nəfsə də sübut göstərirəm!
Hər iki ayənin də inkar etmək mənasındakı “ لا la (xeyr)” sözü ilə başlaması onu göstərir ki, daha öncəki bir mövzu bu surədə də davam edir. Davam edən bu mövzu, diqqətlərin dünya və məhşər mərhələlərinə çəkildiyi Qariyə surəsindəki qiyamət mövzusudur. Anlaşılan odur ki, Qariə surəsinin ardından mübahisələr çıxıbmış, qiyamət haqqında bir sıra etirazlar irəli sürülübmüş, Rəbbimiz də öncə bu etirazları rədd edərək, bu surəyə başlamışdır. Etirazlar şiddətlə rədd edildikdən sonra da, qiyamət 37–40–cı ayələrlə dəlil göstərilərək isbat edilmişdir.
Ayələrin başında olan və dilimizə çevrilərkən “xeyr” sözü ilə ifadə etdiyimiz “لا la” ədatları haqqında keçmişdə bir çox fərqli görüş irəli sürülmüşdür. Klassik qaynaqlarda mövcud olan bu fərqli görüşlərə yer vermədən, sadəcə bu cümlə quruluşunu və mənası üzərində duracağıq.
qiyamət gününə sübut göstərirəm!
Fikrimizcə, bir söz bir dildən başqa bir dilə çevrilərkən mütləq çevrildiyi dildəki eyni mənanı verən qarşılığı ilə çevrilməlidir, mümkün qədər orijinal halında saxlanılmamalıdır. Tərcümələrdə meydana gələ biləcək səhv anlaşılmaları önləmək üçün isə söz və anlayışların nə mənalara gəldiyinin hər iki dildə də yaxşı bilinməsi lazımdır. Lakin təəssüf ki, tətbiqatda bu qaydalara kifayət qədər diqqət edilmir və nəticədə ortaya həddən artıq xətalar çıxır. Mövzu dinimiz olduğunda isə, bu hədsiz xətalar, az qala aradan qaldırılması imkansız olan təxribatlara yol açır.
Bu ayələrdəki “and” sözləri də, işarət edilən xətaların edildiyi sözlər arasındadır.
Bu ayələr, daha öncə gördüyümüz “قسم qəsəm (and)” cümlələrindən fərqli olub, bilinən cür “and” cümlələrindən deyillər. Burada sözün “And içirəm [sübut göstərirəm]” şəklindəki mənası qəsd edilmişdir.
Ələq surəsindən bu surəyə qədər qarşımıza çıxan andların hamısında həm and cümləsinin and bölümü, həm də and cümləsinin cavab bölümü yer almışdı. Məsələn, xatırlayarıqsa:
- “Qələmə və onların yazıb durduqlarına and olsun ki,”…
- “Gecəyə and olsun ki” …
- “Fəcrə and olsun ki,” …
- “Quşluq vaxtına and olsun ki,” …
- “Əsrə and olsun ki,” …
- “Nəfəs nəfəsə qaçanlara and olsun ki,” …
- “Günəşə and olsun ki,” …
- “Bürclər sahibi səmaya and olsun ki,” …
şəklindəki ifadələrlə üzərinə and içilən əşyalar və ya əhvalatlar, andın cavab bölümündəki tezisə dəlil olur və ortaya qoyulan iddianı gücləndirirdi. Çünki and cümləsinin qaydası bunu tələb edir. Əslində elə andın məqsədi də irəli sürülən tezisin qüvvətləndirilməsidir. [And cümləsi haqqında daha geniş məlumat Qələm surəsinin təhlilində verilmişdir].
Ancaq mövzumuz olan ayələrdə “و vav”, “ب bə”, “ت tə” kimi and ədatlarından hər hansı biri işlədilməmişdir. Həmçinin surədə, anda cavab olan hər hansı bir ayə də yoxdur. Yəni “qiyamət gününə və çox qınayan nəfsə and içirəm ki” və ya “qiyamət gününü və çox qınayan nəfsi dəlil göstərirəm ki” ifadəsi ilə qiyamət gününün və çox qınayan nəfsin dəlil göstərildiyi hər hansı bir tezis ortaya qoyulmamışdır. Tam əksinə, bir çox hadisə və mənzərə anladılmış, anladılan bu hadisə və mənzərəlar qiyamət gününə və beləliklə də, ağılsız insanların o gün duyacağı peşmançılığa dəlil göstərilmişdir. Qısacası, bu iki ayə, bir and cümləsinin and bölümü deyildir. Bu halda, ayələrin “qiyamət gününə və çox qınayan nəfsə and olsun ki” və ya “qiyamət gününü və çox qınayan nəfsi dəlil göstərirəm ki”şəklində çevrilmələri yanlışdır. Əslində elə qiyamət gününün, qiyaməti inkar edən adamlara dəlil göstərilməsi də məntiqli deyildir.
And cümləsi ilə irəli sürülən tezisin müxatiblər tərəfindən ciddi qəbul edilməsi üçün göstərilən dəlillər konkret, gözlə görünən, əllə tutulan olmalıdır. Çünki insanlar bilavasitə içində yaşadıqları əhvalatları və gerçəkliyin üç ölçülü halını dərk edə bilirlər, dəlillərini də dünyadakı konkret əhvalatlardan və əşyalardan təmin edirlər.
Surədə verilən xəbərlər isə inancsızlar, cənnət, cəhənnəm kimi qiyamət və axirətə aid xəbərlərdir, yəni inancsızların inanmadıqları şeylərdir.
Əslində elə inancsız insanlara, inanmadıqları xəbərlərin dəlil göstərilməsi və bunlara inanmalarını ummaq mənasızdır. Buna görə də, mövzumuz olan iki ayədə qiyamət günü və inancsızların o gün duyacaqları peşmanlıq üzərinə and içilmiş olmasını düşünmək olmur. Bunun kimi xəbərlərə ancaq inanclılar, “Xəbər–i Rəsul” deyilən yolla inanırlar. İnananlar bilirlər ki, möcüzələrlə dəstəklənmiş, peyğəmbərliyi sabit olan adamlar, bu xəbərləri Allahdan vəhy yoluyla alır və insanlara eynilə çatdırır. Qaynağı Allah olan bu xəbərlərə heç şübhə duymadan ancaq möminlər inanar. Kəlam elmində “İstidlali Məlumat” adı verilən bu inanc, ancaq inananlar üçün keçərlidir. İnancsızlardan, inanmadıqları bir peyğəmbərin verdiyi və həyatda ikən görə bilməyəcəkləri növdən xəbərlərə inanmalarını gözləmək məntiqsizdir. Elə buna görə də, onlara Rəbbimizin Quranın başqa surələrindəki andları kimi, inkar edilməsi mümkün olmayan, konkret dəlillər göstərmək lazımdır.
Açıqladığımız səbəblərdən 1 və 2–ci ayələrin mənası:
Xeyr, qiyamət gününə dəlil göstərirəm!
Xeyr, o çox qınayan nəfsə də dəlil göstərirəm!
şəklində olmalıdır. Qiyamət gününə 31–40–cı ayələrdəki ifadələr, Nəfs–i Ləvvaməyə də 7–36–cı ayələrdəki ifadələr dəlil göstərilmişdir.
Qeyd: Ayələrdəki “ لا أقسمla uksimu” tərkibi, buradan başqa Təkvir, Bələd və Vaqeə surələrində də yer almışdır. Ancaq o surələrdə “la, uksimu” ifadəsi “and içirəm ki” mənasına gəlir. Çünki o surələrdəki cümlələr, and cümləsinin quruluşu üçün lazım olan dilçilik qaydalarına tam olaraq uyur və and içilən [dəlil göstərilən] şeylər konkret şeylərdir. Həmçinin andın cavabları olan cümlələr də yenə dilçilik qaydalarına uyğun olaraq eyni bölmədə yer almışdır.
Nəfs–i Ləvvaməh [Çox Qınayan Nəfs]
Şəms surəsinin təhlilində mənasını “can, canlı, canlı insan” olaraq verdiyimiz “النّفس nəfs” sözü, özünəməxsus davranış xüsusiyyətləri olan hər cür canlı və ya mənlik, şəxsiyyət qazanmış kimsə olaraq mənalandırıla bilir.
“لوم Ləvm [qınamaq]” sözünün mübaliğə [şişirtmə] qəlibi olan “لوّامة ləvvaməh” sözü isə “çox qınayan” mənasındadır. Bu iki sözdən əmələ gəlmiş “النّفس الّلوّامة nəfs–i ləvvaməh” ifadəsi də “çox qınayan nəfs, çox qınayan kimsə” mənasına gələn bir sifət tamamlığıdır.
Mütəaddi [keçişli] bir fel olan “qınamaq” felinin, ayədəki bu tamamlıqda məfulu [tamamlayıcısı] yoxdur. Yəni ayədə nəfsin (şəxsin mənliyinin) kimi və nəyi çox qınadığı açıqlanmamışdır. Ancaq ayənin yerləşdiyi bölmə və bu bölmənin mövzusu diqqətə alındığında anlaşılır ki, “çox ayıb sayan” bu “kimsə” qiyamət gününün hər iki mərhələsində də, imansızlığı ucbatından, içinə düşdüyü vəziyyətdən məmnun olmur və keçmişdəki həyatı üçün özünü qınayıb durur, çox peşman biri olur, beləliklə də ayıbladığı adam da özü olur.
Uca Rəbbimiz, axirətdə hiss ediləcək o çox acı peşmançılıq anlarını ağıllı insanların düşünüb, gerçəyi tapmaları üçün, sanki bir teatr səhnəsi kimi, canlandırmışdır:
- 27Və onların, atəşin üzərində durdurulduqları zaman, “Ah, nə olardı, dünyaya döndərilsəydik, Rəbbimizin ayələrini yalan saymasaydıq və Möminlərdən olsaydıq!” dediklərini bir görsəydin!
- 28Əksinə, işin əslində, daha əvvəl gizləyib durduqları aşkar oldu. Geri çevrilsəydilər yenə qadağan olunduqları şeyə tam yəqinliklə bilin ki, dönmüşdülər. Bəli onlar, həqiqətən yalançıdırlar.
- 29Və onlar, “Bu, bizim keçici dünya həyatımızdan başqa bir həyat yoxdur, biz dirildiləcək də deyilik” demişdilər.
- 30Və Rəblərinin hüzurunda durdurulduqları zaman onları bir görsən! Rəbləri: “Bu, bir gerçək deyilmiymiş?” deyər. Onlar:–“Rəbbimizə and içirik ki, gerçəkdir” deyərlər. Rəbləri: “Elə isə küfr etmiş–Allahın ilahlığını və rəbbliyini bilərək rədd etmiş olmanız səbəbi ilə əzabı dadın!” deyər. (Ənam/27–30)
- 31Allaha qovuşmağı yalan sayanlar, tam yəqinliklə bilin ki, qeybə–zərərə uğrayıb acı çəkmişdilər. Qiyamət anı anidən gəlincə, onlar, günahları kürəklərinə yüklənmiş olaraq deyəcəklər ki,“Dünyada etdiyimiz qüsurlardan dolayı yazıqlar olsun bizə!”. Diqqət edin, yüklənib durduqları–günahları nə pisdir! (Ənam/31)
- 53De ki: “Ey nəfslərinə qarşı həddi aşmış olan qullar! Allahın mərhəmətindən ümid kəsməyin. Şübhəsiz Allah, günahları bütünlüklə bağışlayar. Şübhəsiz O, çox bağışlayıcıdır, çox mərhəmət edəndir.
- 54Və sizə əzab gəlmədən öncə, Rəbbinizə yönəlin və Ona təslim olun. Sonra yardım edilməzsiniz.
- 55–58Və qəflətən əzab gəlmədən, adamın, “Allahın yanında, etdiyim ölçüsüzlüklərdən dolayı yazıq mənə! Doğrusu mən lağ edənlərdən idim” deməsindən, yaxud “Allah, mənə doğru yolu göstərsəydi, hər halda mən Allahın qoruması altına girmiş kimsələrdən olardım” deməsindən və ya əzabı gördüyü zaman, “Mənə bir geri dönüş olsaydı da, mən də o yaxşılıq–gözəllik edənlərdən olsaydım” deməsindən öncə Rəbbinizdən sizə endirilənin ən gözəlini izləyin/təqib edin.” (Zümər/53–58)
- 59Tam əksinə, sənə ayələrim gəldi və sən onları dərhal yalan saydın, böyüklük etdin və kafirlərdən–Allahın ilahlığını və rəbbliyini bilərək rədd edənlərdən oldun. (Zümər/59)
- 25–29Və kitabı solundan verilən kimsəyə gəlincə–bax budur, o:–“Kaş ki, kitabım mənə verilməsəydi, hesabımın nə olduğunu da bilməsəydim. Nə olardı o iş bitmiş olsaydı. Malımın mənə heç faydası olmadı. Gücüm/avtoritetim də məndən yox olub getdi” deyər. (Haqqa/25–29)
- 39Və sən onları, özləri məlumatsızlıq, laqeydlik içindəykən və inanmırlarkən əmrin yerinə yetiriləcəyi o böyük peşmanlıq günü ilə xəbərdar et! (Məryəm/39)
- 38–40Endirilmiş ayələr və vəhy, şahid olaraq səf–səf düzüldükləri gün, Rəhmanın [yaratdığı canlılara dünyada çoxca mərhəmət edən Allahın] izin verdikləri istisna olmaqla, heç kimsə danışa bilməz. Və o izin verilən, doğrunu söylər: –“Bax budur, bu, haqq gündür. Artıq diləyən Rəbbinə sığınar. Şübhəsiz Biz sizi yaxın bir əzab ilə xəbərdar etdık.” O gün, adam iki gücünün/mal və çevrəsinin nə təqdim etdiyinə baxar/etdikləri ilə üz–üzə gələr və kafir–Allahın ilahlığını və rəbbliyini bilərək rədd edən adam: “Ah nə olaydı, Mən bir torpaq olsaydım” deyər. (Nəbə/38– 40)
- 21–23Əsla sizin düşündüyünüz kimi deyil! Yer üst–üstə sarsıntılarla dümdüz edildiyi zaman, Rəbbinin hesaba çəkdiyi, göndərdiyi vəhylər şahid olaraq səf–səf düzüldüyü zaman, o gün cəhənnəm də gətirilmişdir–o insanın, o gün ağlı başına gələcəkdir, artıq ağlının başına gəlməsinin özünə nə xeyri var ki?!
- 24Deyər ki:–Kaş ki, mən bu Axirət Həyatım üçün hazırlıq etmiş olsaydım!” (Fəcr/21– 24)
- 64–66Qətiliklə Allah, kafirləri–Özünün ilahlığını və rəbbliyini bilərək rədd edən kimsələri kənarlaşdırıb gözdən çıxarmış və içində sonsuz olaraq qalmaları üçün, onlara çılğın bir atəş hazırlamışdır. Onlar orada, bir qoruyucu yaxın və yardımçı tapa bilməzlər. Üzləri atəş içində döndərilib çevrildiyi gün, “Ah kaş ki, Allaha itaət etsə idik, elçiyə itaət etsə idik!” deyəcəklər. (Əhzab/64–66)
- 26Bax budur, o gün gerçək hökmranlıq, Rəhmana [yaratdığı bütün canlılara dünyada çoxca mərhəmət edən Allaha] aiddir. Kafirlər–Allahın ilahlığını və rəbbliyini bilərək rədd edən kimsələr üçün isə o, çox çətin bir gün olmuşdur.
- 27–29Və o gün, Şərik qoşmaqla yanlış–öz zərərinə iş edən o kimsə əllərini dişləyərək–“Eyvah, kaş ki, elçi ilə bərabər bir yol tutsaydım! Eyvah, kaş ki, flankəsi başçı edib, izi ilə getməsəydim. Heç şübhəsiz mənə gəldikdən sonra, məni öyüddən–Kitabdan o azdırdı. Və şeytan, insan üçün bir rəzil edən imiş!” deyər.
- 30Elçi də:–“Ey Rəbbim! Heç şübhəsiz Mənim Cəmiyyətim bu Quranı məhcur–tərk edilmiş bir şey etdilər” dedi. (Furqan/26–30)
Peşman olan və özünü qınayan nəfsin bu surədə anladılan halı isə 24–30–cu ayələrdə görünəcəkdir.
Yuxarıdakı ayələrdə anladılan bədbəxtlərin vəziyyətləri qarşısında bir də Allahı tanımış, Onun zikri ilə qəlbləri təmin olmuş kimsələr vardır ki, Rəbbimiz bu kimsələrə “mütmain nəfs [təmin olmuş adam]” deyə xitab edir:
- 27–30Ey zehnindəki bütün sorğu–sual işarələrini həll edərək, rahatlığa qovuşmuş adam! Dön Rəbbinə, sən Rəbbindən, O da səndən məmnun olaraq! Dərhal gir qullarımın içinə! və gir cənnətimə! (Fəcr/27–30)
“ النّفس اللّوّامة Nəfs–i ləvvaməh” ifadəsi, təsəvvüf və təriqətçilər tərəfindən əsl mənasından uzaqlaşdırılmışdır. Bu zümrələr öz dini anlayışlarında bu ifadəyə qarşılıq olmaq üçün bir sıra xəyali anlayış və məqamlar icad etmişlər.
Müsəlman mütəfəkkirlər isə “nəfs” mövzusunda, bu günkü psixologiyada “id”, “eqo” və “super eqo” anlayışlarına uyğun olan bir çox açıqlama etmişlər. Məsələn, Ana Britannica, filosof olaraq xarakterizə etdiyi Məhəmməd İqbal haqqında yazmışdır:
“İqbal, təsəvvüfün eqonu inkar edən klassik ləyaqətinə, adamın ancaq təfəkkür yoluyla yetkinləşib, daxili rahatlığa qovuşacağı görüşünə şiddətlə qarşı çıxaraq, bir mənlik qaydası ortaya atdı.”[1]
Yrd. Doç. Dr. Həyati Aydın da bu mövzu ilə əlaqədar olaraq “Akademik Araşdırmalar Jurnalı”nın 18–ci sayında dərc edilmiş məqaləsində bu təsbit və görüşlərə yer vermişdir:
“İslam alimləri də Quranın bu ayələri işığında “Nəfs–i Əmmarə”ni “Bədənin təbiətinə meyl edən, ləzzət və hissi şəhvətləri [istəkləri] əmr edən, qəlbi alçaq şeylərə doğru çəkən, pisliklərin, qınanan əxlaq və fellərin qaynağıdır” şəklində tanıdır.[2]
… İslam alimləri də “nəfs–i ləvvamə”ni aşağıdakı şəkildə izah etmişlər: –“Nəfs–i ləvvamə İnsanı qəflət yuxusundan oyandıra biləcək dərəcədə qəlbin nuruyla aydınlanan və özünü islah etməyə çalışan bir nəfsdir. Bu nəfs daima ayıq olub, ilahi olanla nəfsin təbiəti arasında gedib gəlir. Nə zaman, təbiəti gərəyi, ondan bir qəflət meydana gəlsə, dərhal ilahi bir xəbərdarlıq alar və nəfsi qınamağa başlayar, Allaha tövbə edərək, bu haldan dönər” [3]
… Təsəvvüfçülər bu mərhələdəki nəfsi “qəlbin nuruyla tamamilə aydınlanan və bu sayədə də pis əxlaqdan arınan, yaxşı əxlaqla bəzənən və özünü tamamilə ilahi nurun və ilhamın məkanı olan qəlbə döndərən, Allahla rahatlıq tapan nəfsin bir mərhələsi” olaraq görürlər.[4]
… Elm adamları insanın ruhi dünyasını ifadə edən bu mənliyi id, eqo və super eqo olaraq üç növə ayırırlar. Quran isə “mən”ə qarşılıq gələn “nəfs”i “nəfs–i əmmarə”, “nəfs–i ləvvamə” və “nəfs–i mütmainə” şəklində bir təsnifatla bölür.
Ancaq Quran, mücərrəd haldakı nəfsi elmi verilənlərdən daha geniş tutduğundan, İslam fəlsəfəçiləri mücərrəd haldakı bu nəfsi “nəfs–i şəhvani [istək duyan nəfs]”, “nəfs–i dərrakə [qəbul edən nəfs]” və “nəfs–i natıqa [düşünən, mühakimə edən nəfs]” olaraq təsnif etmişlər.
Quranın mücərrəd nəfs olaraq dilə gətirdiyi ruhi quruluş, təxminən psixoloqların “eqo” dedikləri quruluşa, Quranın “nəfs–i əmmarə” dediyi quruluş psixoloqların “id” dedikləri quruluşa, “nəfs–i ləvvamə” də qismən “super eqo”ya uyğun gəlir.
3O insan özünün sümüklərini əsla bir araya toplayamayacağımızımı sanır? 4Bəli, Bizim onun barmaq uclarını– bütün orqanlarını nizamlamağa gücümüz yetər!
Qiyamətə və qiyamət günündə peşmanlıq duyacaq kimsələrə diqqət çəkildikdən sonra, bu ayələrdən başlayaraq, inancsız insanların vəziyyətlərinə diqqət çəkilmiş və ağıllarını işlədərək doğrunu tapanların qiyamətdə peşman olmayacaqları açıqlanmışdır.
Ayədə Keçən “İnsan”
Bəzi Klassik qaynaqlar, bu ayədə keçən “ الإنسان insan”ın, peyğəmbərimizin qonşusu olan Adiyy b. Əbu Rabia adında bilinən bir adam olduğunu yazır. Bu qaynaqlara görə Qiyamət surəsi, peyğəmbərimizə qiyamətin nə zaman və necə gerçəkləşəcəyini soruşan bu şəxsin, aldığı cavaba uyğun olaraq: – “O günü gözümlə görsəm belə, buna inanmaram. Allah o sümükləri necə bir araya toplayacaq?” deməsinin qarşılığında enmişdir. Təbii ki, Peyğəmbərimiz bu qonşusuna o günə qədər enmiş olan Quran ayələri istiqamətindəki məlumatları anladırmış.
İbn–i Abbas bu “ الإنسان insan”ın Əbu Cəhl olduğu görüşündədir.
Bizə görə vəziyyət bir az daha fərqlidir. Belə ki, buradakı “insan” o gün də, bu gün də var olan və qiyamət gününə qədər də həmişə var olacaq olan “inancsız insan”dır. İnancsız insanın ən təməl xüsusiyyətlərindən biri “qiyamət”i yalan saymağıdır.
“İnsanın öldükdən sonra dirildilməsi” mövzusuna aşağıdakı ayələrdə də diqqət çəkilmişdir:
- 78Və öz yaradılışını diqqətə almayaraq, Bizə bir məsəl də çəkdi, dedi ki:–“Kim dirildəcəkmiş o sümükləri? Onlar çürümüş ikən!”
- 79,80De ki: “Onları ilk dəfə yaradan, onları dirildəcəkdir. Və O, hər yaratdığını çox yaxşı biləndir. O, sizə o yamyaşıl ağacdan bir atəş–oksigen düzəldəndir. İndi də siz oksigenden yandırırsınız. (Ya Sin/78– 80)
- 49Və onlar dedilər ki: –“Biz, bir sümük yığını olduğumuz və ovalanıb toz olduğumuz zamanmı, həqiqətən biz, yeni bir yaradılışla dirildiləcəyikmi?”
- 50–52De ki: –“İstər daş olun, istər dəmir. Və yaxud könlünüzdə böyüyən başqa bir yaradılış olun.” Sonra onlar–“Bizi kim geri döndərəcək?” deyəcəklər. De ki: – “Sizi ilk dəfə yoxdan yaratmış olan.” Buna görə də sənə başlarını sallayacaqlar və “Nə zamandır bu?” deyəcəklər. De ki: –“Çox yaxın olması umulur! Sizi çağıracağı–dirildiləcəyiniz gün, Onu öyərək, Onun çağırışına uyacaqsınız və sadəcə çox az qaldığınızı zənn edəcəksiniz.” (İsra/49–52)
Verilən örnəklərdə, qiyaməti və ölümdən sonra dirilişi inkar edənlərin, çürümüş, darmadağın olmuş, küləklə, suyla uzaq yerlərə daşınmış, başqa–başqa maddələrin içinə qarışmış olan sümüklərin yenidən bir yerə toplanmasının mümkün olmadığını zənn etdikləri bildirilir.
4–cü ayə, inkarçıların bu cür tərəddüd və şübhələrinə meydan oxuyur və onlara yaradılışın ən üstün xüsusiyyətlərindən birini xatırladır:
“Əlbəttə, Biz onun barmaq uclarını nizamlamağa gücü yetənlərik.”
Barmaq Ucları
Ayədə keçən “منان mənan” sözü uzun illərdir ki, “barmaq ucları” olaraq çevrilir və bundan da “barmaq izləri” anlaşılır. Əslində isə sözün mənası sadəcə “barmaq ucları” ilə məhdud deyildir.
“Mənan” sözü, kök mənası etibariylə “gözəl qoxu” deməkdir. Ümumi halda, alma qoxusu kimi xoş qoxulara “mənneh” deyilir. Sözün bu mənası nəzərə alınarsa, ayənin tərcüməsi “Əlbəttə, Biz onun qoxularını nizamlamağa gücü yetənlərik” şəklində olur.
“Vücudun bütün orqanları” kimi daha bir çox mənası olan “mənan” sözü, “barmaq ucları” mənasında da işlədilir. Amma bu mənada işlədilmiş olan “mənan” sözündən sadəcə “barmaq izləri” deyil, “barmaq uclarının sümükləri” anlaşılmalıdır. Bu anlayışla baxıldığında ayədən insan vücudunun ən çox fəaliyyəti olan, ən incə işləri həll edə bilən, ən nazik və geniş sümüklərdən ibarət olan parçasının, yəni barmaq uclarının belə eynilə toplanıb bir araya gətiriləcəyi anlaşılır. Başqa bir ifadə ilə sözsüz olaraq belə deyilir: – “Ən həssas, ən geniş bölməni belə birləşdirməyə gücümüz vardır. Ən incə və həssas bölməni bir araya gətirə bilirsək, böyük parçaları hay–hay bir araya gətirərik!”
Yaxın zamanda məşhur olan “barmaq izindəki möcüzə”nin ortaya çıxmasından sonra “mənan” sözü “barmaq ucları” olaraq çevrilmiş və “barmaq izləri” olaraq anlaşılmağa başlamışdır. Hər insanın barmaq izinin fərqli olduğu elmi olaraq sübut edildikdən sonra, bu gerçəyin əsrlər öncə Quranda bildirilmiş olması Quranın möcüzələrindən biri olaraq görünməyə başlanmışdır.
Əslində isə, barmaq izindəki “bənzərsizlik möcüzəsi” sadəcə barmaq izinə məxsus deyildir. Günümüzdə fərdi güvənlik şifrəsi olaraq işlədilməsindən də anlaşılır ki, səs də, göz retinası da bir bənzərsizlik möcüzəsi daşıyır. Əslində bu bənzərsizlik möcüzələri insanın hər orqanında, hər toxumasında mövcuddur. Çünki bütün insanların genləri, DNA və RNT–ları bir–birindən fərqlidir.
Barmaq İzindəki Möcüzə mövzusu, DNA və RNT–lərin fərqliliyi elmi araşdırmalardan tədqiq edilə bilər.
5Əslində o insan, önünü–qalan ömrünü din–iman tanımayıb pisliyə batmaqla keçirmək istəyir, 6Soruşur: – “Qiyamət günü nə zamanmış?”
Bu ayələrdə Rəbbimiz, insanın hansı səbəblə axirət və qiyaməti yalan sayma vəziyyətinə düşdüyünü açıqlayır. Açıqlamadan anlaşıldığına görə, axirətdəki əbədi yaşamın xüsusiyyətini müəyyən etmək üçün, Rəbbimiz tərəfindən Quranla bildirilən, dünya həyatını nizamlayan qaydalar bəzi insanlar tərəfindən xoş qarşılanmır.
Çünki Quranda “din” adı altında bildirilən bu qaydalar insanın dünya həyatına məhdudiyyətlər gətirir, insanların haram–halal demədən, zövqü–səfa içində, sərf elədiyi kimi yaşamasına maneələr qoyur. Buna qarşılıq olaraq da inancsız insan, din tərəfindən qoyulan bu qaydaların öz dünyəvi yaşantısına yön verməsini istəmir. Bu insan, önünü [yaşayacağı günləri] heç bir məhdudiyyət olmadan, heç bir şeyin məhrumiyyətini çəkmədən, sərbəst, kefi istədiyi kimi və məsuliyyətsiz olaraq keçirməyi, qısaca bir facir olaraq yaşamağı istəyir.
[“فجور Fücur” sözünün “dəyanət örtüyünün yırtılması, din qaydalarını tanımamaq” mənasına gəldiyi, Əbəsə surəsi təhlil edilərkən açıqlanmışdı.]
Bəziləri bu ayələrdən belə bir məna çıxarmaq istəyirlər ki, bu xəbərdarlıq, inanclı olmasına baxmayaraq, günah işləməyi planlaşdıran adamlara ünvanlanıb. Lakin, bizə görə bu ayələr hamısı birlikdə, “İnsan günahı əvvələ, tövbəni sona almaq istər” düşüncəsi ilə yaşayan inancsızları anladır.
Maun surəsinin 1–3–cü ayələrini xatırlasaq, Rəbbimiz orada “Dini yalan sayan bu kimsəni gördünmü? Bax elə odur yetimi itələyib, elədiyini başına qaxan və yoxsulun yeyəcəyi üzərinə təşviq etməyən kimsə!” deyərək, dünya həyatındakı firon kimi doğru yoldan azmışların əsas xüsusiyyəti olaraq, onların “din”i [qiyaməti və axirəti] yalan saymalarını göstərmişdi. Eynilə Maun surəsində haqlarında bəhs edilənlər kimi, bir çox inancsızlar da ağıllarına yerləşmiş bir sıra gerçək şübhələr ucbatından deyil, sırf həyatlarını fücurla keçirmək istədikləri üçün, sümüklərin bir araya toplanmasının mümkün olmadığını irəli sürərək, qiyaməti yalan saymağı tərcih edirlər.
6–cı ayədəki “Qiyamət günü nə zamanmış?” sualı, cavabı gözlənən bir sual deyildir. Çünki inkarçılar bu sualı qiyamətin nə zaman qopacağını öyrənmək məqsədiylə vermir, eynilə Ya Sin surəsində qeyd edildiyi kimi, öz ağıllarınca, lağa qoyaraq, “Hanı o xəbər verdiyin qiyamət, hanı, harda qaldı?” demək istəyirlər:
- 48Bir də laqeyd cəmiyyət: “Əgər doğrulardansınızsa bu, söz verilən təhdid nə zaman olacaq?” deyirlər. (Ya Sin/48)
İnkarçıların eyni cür yaxınlaşmasını sərgiləyən bu sözlərini, aşağıdakı ayələrdən də görmək olar:
Yunis/48, Ənbiya/38, Nəml/71, Səba/29, Mülk/25, Möminlər/33–38, 82, Casiyə/24, Ənam/29, Nəhl/38, Təğabün/7, Vaqiə/47, Saffat/16.
7–10 Budur, gözün şimşək kimi çaxdığı, ayın tutulduğu, günəşin və ayın bir araya gətirildiyi zaman, Bax həmin o gün insan, “Qaçış haraya–qaçacaq yer haradır?” deyər.
Ümumiyyətlə “göz qamaşdığı zaman” deyə çevrilən “البصر فاذا برق fe iza bərika’l–bəsəru” ifadəsinin mənası əslində “gözlərin kənara fırlaması” deməkdir. Lakin ifadə, deyim olaraq işlədildiyində “gözdə şimşək çaxması, gözün fal daşı kimi açılması” mənalarına gəlir.
Belə ki, Rəbbimiz bu ifadəni deyim mənasından başqa mənada da işlətmişdir:
- 42,43Əsla şərik qoşaraq yanlış–öz zərərlərinə iş görənlərin etdiklərindən Allahın laqeyd/məlumatsız olduğunu sanma! Ancaq O, onları, başlarını didərək qaçacaqları, gözlərin kənara fırladacağı bir gün üçün ertələyir. Onların baxışları özlərinə dönməz və onların könülləri bomboşdur. (İbrahim/42, 43)
7–10–cu ayələr, inancsız insanın, açıqlanan əhvalatlar nəticəsində artıq çarəsizlik və ümidsizlik səbəbiylə imana gəlməsini anladır. 24–29–cu ayələrdə fərqli bir üslubla anladılmağa davam edilən bu vəziyyətə, Əqaid elmində “İman–i Ye’s və İman–i Be’s [Ümidsizlik və Bəla Səbəbiylə İman]” başlığı altında geniş olaraq yer verilmişdir. “Məcburi iman” da deyilə biləcək bu mövzunu, Quran ayələri işığında, qısaca açıqlamaq yararlı olacaqdır.
Məcburi İman
Allaha, Allahın peyğəmbərlərinə və axirət gününə iman etməyən bir kimsə, əgər ölüm anında, ölümün şiddətləri özünə gəlib çatdığı və ilahi əzabı qətiyyətlə görüb, hiss etdiyi zaman iman edərsə, bu imana “iman–i ye’s” və ya “iman–i be’s [Məcburi iman]” deyilir.
Məcburi iman:
1– Həyatda ikən qarşılaşılan fəlakətlər qarşısında,
2– Ölüm anında,
3– Qiyamətdə və qiyamət sonrası dirilişdə olmaqla, üç haldan bəhs edilir.
1– Doğruluqlarına dair möcüzələrlə dəstəklənən peyğəmbərlərin Allahın əmrlərini təbliğ etmələrinə və inanmayanların üzərinə Allahın əzabının enəcəyi barədə xəbərdarlıq etmələrinə baxmayaraq, bəzi insanlar ağıllarını işlətməz, təfəkkür etməz və inanmamaqda israr edərlər. Belə ki, özlərini təbii fəlakətlər [zəlzələ, sel və bunlara bənzər hallar] gəlib yaxalayınca, o ana qədər inkar etdiklərinə dərhal inanarlar.
Belə bir şəraitdə iman edənlərin imanları qəbul edilməz və bunların o imanları özlərinə bir fayda verməz. Çünki onlar azad iradələri ilə deyil, qarşılaşdıqları bəlaların səbəb olduğu qorxu və ümidsizliklə, yəni məcburi olaraq iman etmişlər:
- 83Nə zaman ki, elçiləri onlara açıq dəlillərlə gəldi, özlərində olan bilikdən dolayı öyünmüşdülər. Halbuki, o, lağ etdikləri şey onları bürümüşdü.
- 84Sonra da nə zaman qəzəbimizi gördülər:–“Allahın birliyinə inandıq və Ona ortaq qoşduğumuz şeyləri qəbul etmədik” dedilər.
- 85Amma qəzəbimizi gördükləri zaman ki, imanları özlərinə yararlı olacaq deyildi. –Bu Allahın, öncəki qullarına davamlı tətbiq etdiyi qaydasıdır–Bax budur, kafirlər–Allahın ilahlığını və rəbbliyini bilərək rədd edən o kimsələr burada qeyb etdilər, zərərə uğradılar. (Mömin/83–85)
- 90–92Və İsrailoğullarını bol sudan–çaydan keçirdik. Amma Firon və əsgərləri azğınlıq və düşmənliklə onları dərhal izlədi. Sonunda, boğulma ona yetişincə, “Həqiqətən, İsrailoğullarının inandığı Tanrıdan başqa tanrı olmadığına Mən də inandım, Mən də təslim olanlardanam” dedi. İndimi? Halbuki daha əvvəl üsyan etmişdin və həm də pozğunçulardan olmuşdun. Artıq Biz, səndən sonra gələcəklərə ibrət olasan deyə, bu gün səni zirehinlə birlıkdə qurtaracağıq. Və şübhəsiz, insanlardan bir çoxu tam yəqinliklə bilin ki, Bizim ayələrimizə/əlamətlərimizə/nümunələrimizə qarşı laqeyddirlər/etinasızdırlar. (Yunis/90–92)
Ancaq Yunis qövmü kimi, söylənən əzab gəlmədən öncə iman edənlərin imanı səhih [doğru] olub özlərinə fayda verir:
- 98Nə olardı, iman edib və imanları özlərinə fayda vermiş bir şəhər olaydı? Ancaq Yunisin Cəmiyyəti ayrıdır. Onlar iman etdikləri vaxt, bəsit dünya həytında o rəzillik əzabını üzərlərindən qaldırdıq və onları bir müddətə qədər faydalandırdıq. (Yunis/98)
2– hər cür xəbərdarlıqlara rəğmən, iman etməmiş olan kafirlər, üzərlərində ölümün işarələri bilindiyi, ölümün şiddətləri özlərini sardığı zaman iman edərlər.
Belə iman edənlərin imanları da Məcburi imandır və bunun artıq özlərinə bir faydası yoxdur. Çünki önlərində imanlı keçirəcəkləri bir həyatları və gözəl işlər edəcəkləri zamanları qalmamışdır.
Beləliklə də, can boğaza gəldikdə, ye’s halında küfrdən tövbə edərək iman etmək faydasızdır:
- 18Və tövbə, pislikləri edərək, onlardan birinə ölüm çatınca: –“Mən, indi gerçəkdən tövbə etdim” deyənlər və həmçinin, kafirlər–Allahın ilahlığını və rəbbliyini bilərək rədd edən biriləri olaraq ölənlər üçün deyildir. Bax budur, bunlar, Bizim, özləri üçün acı bir əzab hazırladıqlarımızdır. (Nisa/18)
Bir insan, يأس ye’s [ümidsizlik] və بأس be’s [əzab] halının gerçəkləşməsindən sonra, yəni ölümün şiddəti özünü sardığında, ilahi əzabı gördüyündə, Allahın əmrlərini ağlı və iradi olaraq yerinə yetirə bilməz.
O andakı iman, ağrını sakitləşdirmək, əzabdan qurtarmaq üçündür:
- 28Əksinə, işin əslində, daha əvvəl gizləyib durduqları aşkar oldu. Geri çevrilsəydilər yenə qadağan olunduqları şeyə tam yəqinliklə bilin ki, dönmüşdülər. Bəli onlar həqiqətən yalançıdırlar. (Ənam/28)
İman, ölüm şiddəti bilinmədən və can boğaza gəlmədən öncə, yəni ye’s [ümidsizlik] və be’s [əzab] təhəqqüq etmədən, hələ iş edə bilmə gücü varkən və istəyərək [azad iradə ilə] edildiyində məqbuldur və fayda verir.
Kafirlərin ölüm anında iman etmələri, öz azad iradələri ilə deyil, ilahi əzabı görüb canı alan mələklərin verdiyi şiddətli ağrını daddıqları üçündür, Məcburidir:
- 50,51Və sən, vəzifəli güclərin, kafirlərin üzlərinə və kürəklərinə vuraraq, “Dadın baxaq qızğın atəşin əzabını! Bax budur, bu, sizin öz əllərinizlə meydana gətirdiyiniz şeylər səbəbindəndir. Və şübhəsiz Allah, qullara heç bir şəkildə haqsızlıq edən deyildir” deyə onları keçmişdə etdiklərini və etmələri gərəkirkən etmədiklərini bir–bir xatırlatdırarkən bir görsəydin. (Ənfal/50,51)
- 27Yaxşı, vəzifəli güclər onların üzlərinə və arxalarına vuraraq onlara keçmişdə etdiklərini və etməsi gərəkirkən etmədiklərini bir–bir xatırlatdırarkən necə olacaq! (Məhəmməd/27)
- 93Və Allaha qarşı yalan uydurandan, yaxud özünə heç bir şey vəhy olunmadığı halda “Mənə vəhy olundu” deyəndən və “Allahın endirdiyi kimi mən də endirəcəyəm” deyəndən daha yanlış–öz zərərlərinə iş görən kim ola bilər? Şərik qoşaraq yanlış–öz zərərlərinə iş görən o kimsələri ölümün şiddətləri içində ikən, vəzifəli güclər də onlara əllərini uzatmış, “Canlarınızı çıxarın. Bu gün, Allaha qarşı gerçək olmayan şeylər söylədiyinizdən və Onun ayələrinə qarşı təkəbbürlənməyinizdən dolayı alçaldıcı bir əzabla cəzalandırılacaqsanız” deyərlərkən bir görsəydin! (Ənam/93)
- 81Yaxşı, indi siz bu Sözü–Quranımı kiçik sayırsınız?
- 82Və dolanışığınızı yalan sayaraqmı təmin edirsiniz, verilən ruzilərə yalan sayaraqmı qarşılıq verırsiniz?
- 83–85Ancaq can boğaza gəlib, dayandığı zaman, siz də o zaman, onun qarşısında gözləyirsiniz, Biz isə ona sizdən daha yaxınıq. Və lakin siz görməzsiniz.
- 86,87Yaxşı, madam ki, cəzalandırılmayacaqmışsınız, əgər doğrulardansanızsa boğaza gəlmiş, çıxmaqda olan canı geri çevirməniz gərəkməzmi? (Vaqeə/81–87)
Yuxarıdakı bütün ayələr, kafirlərin ölüm anında ilahi əzabı görüb, hiss etdiklərində iman etməyə yönəldiklərini göstərir. Ancaq, içində olduğu o şəraitdə Allahın varlığına səmimiyyətlə inanmaq üçün hər hansı bir dəlil düşünüb tapmaq imkanı olmadığından, adamın “inandım” deməsi, elm və bilikdən meydana gələn, istək və çalışılaraq çatılan bir inanc olmur. Belə bir inanma sadəcə qorxu və əzabı aradan qaldırmağı güdən bir inanmadır.
İstifadə olunmuş ədəbiyyat:
[1] Qaynaq: Mücahid.
[2] Qaynaq: Ali b. Urve.
[3] Qaynaq: İmam Malik; Muvatta.
[4] Qaynaq: Tirmizi, İbn–i Cerir, Bu mövzu bütün digər qaynaqlarda da yer alır.
[5] Razi; el Mefatihu’l Gayb.
[6] İbn Menzur; Lisanü’l–Arab Cilt.8, S.523, Darülhədis Kahire–2003.
[7] İBNİKESİR.